Bütün tənha adamlar

Tanrıdan yoluxmuşuq bu çarəsiz təkliyə.
Bir adam gözləyəsən, o da gəlmək bilməyə…
Bu xain gecələrin qırıq yelkəni ki var,
orda bir-bir boğulur bütün tənha adamlar.
İçki sinə yandırır, tütün boğaz göynədir.
Bir adamın içində bu boyda səs-küy nədir?
Lap adama yük olur saqqal ülgüc qıranda.
Siqaret islananda, pivə də qıcqıranda.

Bir sığala göz dikən saçların darxmağı
soruşar, hardan tapdın bu dəli tənhalığı?
Pişiklərə atırsan yemədiyin ətləri.
Sənə hirslənib hürür məhəllənin itləri.
Dərmanlar kəsə bilmir içindəki ağrını.
Bütün tənha adamlar bağışlasın tanrını.

Orxan Bahadırsoy

0 şərh