Olmasa da | Əliağa Vahid

Yanında dilbərimin etibarım olmasa da,
Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

Bədəndə yarı canım qalmayıb, gedib yarım,
Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.

Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.

Üzün xəyali bəsimdir behişti – kuyində,
Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

Ləbinlə məst gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır, xumarım olmasa da.

Mənim bir ahim ilə şəmlər yanır gecələr,
Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.

Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.

0 şərh