Gözlərinə | Əliağa Vahid

İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.

0 şərh