Olacaq | Əliağa Vahid

Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götürt məscidi zahid, bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?

Hələ Vahid, meyə meyl eyləmə, qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

0 şərh