Sevir | Əliağa Vahid

Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünu öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəf`ə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.

Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!

Əsri-hazırkı gözəllikləri görmür zahid,
İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Pir könlüm gəlir ilhamə görərkən, hərdən,
Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.

Vahidin ovçuluğu olsa da, insafı da var,
Öz kəməndinə duçar etdiyi ceyranı sevir.

0 şərh