Bir şeirin tarixçəsi

Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin müsahibəsindən:
«Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap, ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.

Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu, nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da, özü hər şeyi etiraf etmişdi...»

Bir sevda ağlayır...
Bir sevda ağlayır içimdə mənim....
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.

Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.

Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.

Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.

Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim…

0 şərh