Bitkilərin generativ orqanları

Çiçəyin quruluşu. Bütün zoğlar kimi çiçək də tumurcuqdan inkişaf edir. O, çiçək saplağı (1), çiçək yatağı (2), kasa yarpaqları (3), ləçəklər (4), erkəkcik (5) və dişicikdən (6) təşkil olunmuşdur.
Çiçək saplağı çiçəyi gövdəyə birləşdirir. Çiçək yatağı öz üzərində çiçəyin digər elementlərini daşıyır və bəzən onları qoruyur. Çiçəkdə olan yaşıl yarpaqcıqlar kasa yarpaqları adlanır. Kasa yarpaqları çiçək açılmazdan qabaq onu mühitin xarici təsirlərindən qoruyur. çiçəyin quruluşuÇiçəkdə müxtəlifrəngli yarpaqcıqlar olur. Bunlar ləçəklər adlanır. Çiçəkli bitkilərdə olan bütün kasa yarpaqları kasacığı, ləçəklər isə çiçək tacını əmələ gətirir. Çiçək tacı həşəratları cəlb etməklə bərabər, həm də erkəkcik və dişiciyi qoruyur. Kasacıq və tac birlikdə çiçəkyanlığını əmələ gətirir.
Çiçəyin əsas hissələri. Çiçəyin daxilində erkəkcik və dişicik yerləşir. Hər bir erkəkcik – erkəkcik sapı (7) və tozluqdan (8) ibarətdir.
Tozluqda tozcuqlar yetişir. Dişicik – yumurtalıq (9), sütuncuq (10) və ağızcıqdan (11) ibarətdir. Ağızcıq dişicik sütuncuğunun üzərində yerləşir və tozcuqların tutulmasında iştirak edir. Dişiciyin aşağı hissəsində yumurtalıq yerləşir. Onun içərisində, adətən, bir və ya bir neçə yumurtacıq olur (12).
Tam və qeyri-tam çiçəklər. Söyüd, göyrüş, qoz, qovaq, fındıq və bəzi başqa bitkilərdə çiçəkyanlığı olmur. Belə çiçəklər qeyri-tam çiçəklər adlanır. Çiçəkyanlığı olan çiçəklərə tam çiçəklər deyilir.
Alma, gilas, kələm, qızılgül və s. bitkilərdə çiçəkyanlığı həm ləçək, həm də kasa yarpaqlarından təşkil olunmuşdur. Belə çiçəkyanlığı – ikiqat çiçəkyanlığı adlanır.
Lakin bəzi bitkilərdə (dağlaləsi,süsən, nərgizgülü, inciçiçəyi) çiçəkyanlığı eyni cür yarpaqcıqlardan təşkil olunur. Belə çiçəkyanlığı sadə çiçəkyanlığı adlanır.
Bircinsli və ikicinsli çiçəklər. Çiçəklər erkəkcik və dişiciyin olmasına görə bircinsli və ikicinsli çiçəklərə bölünür. Әgər bir çiçək daxilində həm erkəkcik, həm dişiciklər olarsa, bu, ikicinsli çiçəklər adlanır. Almada, qızılgüldə, noxudda ikicinsli çiçəklər olur.
Bir çiçək daxilində ya erkəkcik, ya da dişiciyə rast gəlinirsə, bu, bircinsli çiçəklər adlanır. Bircinsli çiçəklər bitki üzərində yerləşməsinə görə birevli və ya ikievli bitkilərə ayırd olunur.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh