Soyuq hava, soyuq otaq...


Soyuq hava, soyuq otaq, soyuq insan. qalaq qalaq
Köhnə varaq, bir az əzik. Bir az bezik
həyatından, bir az yorğun, bir az solğun
vazadakı güllər kimi, durğun suda başı uca
olmur durmaq — Çiçək açmaq? — nəyə görə?
Atacaqlar üç-beş günə çiçəkləri dolçalardan.
Gülalan kəs, heç bilirsən o baxdığın çiçək hardan? dolça hardan?
Heç bilirsən bağban gülə veribdir bütün sevgisin?
O gülləri sevgisiylə böyüdüb ki — bir gün kəssin, gülü satsın
Gülalansa üç-beş günə vazadakı gülü atsın.

Soyuq hava, isti otaq, soyuq insan ...vərəqsizdir.
Otaq isti — vərəq tüstü. Yandırdı o vərəqləri,
Yandırdı o çəkdiyi gül rəsimlərin.
Yandırmasa, satacaqdır rəsmləri, olacaqdır bağban kimi
Sevgisiylə yaratdığın, satacaq dəyər-dəyməzə.
Deyirlər ki, dünya belə. Dünya böyük bir hərracdır -
Hərə alır — hərə acdır. Qovhaqovdur, qaçhaqaçdır isti yerlər ucbatından.
Bezikərək həyatından, qaçhaqaçdan geri qalan bəziləri şairləşir,
bəziləri rəssamlaşır — guya ki, həyat saflaşır.

Soyuq hava, isti otaq, soyuq insan rəssamlaşır, şairləşir.
Nəsə yazır gül olmamış vərəqlərə — kül olmamış vərəqlərə.
Nəsə yazıb, cırıb atır pəncərədən, külək qaçır daha iti tez tutaraq bu vərəqi
O qədər vərəq içindən xilas oldu cəmi biri
Bu şeirdə yoxdu sonluq, nə xoşbəxti, nə bədbəxti.
Görən neçə bucür yarım şeirlər var?
Onlarınsa sonluqları sobadakı vərəqlərdə otaqları qızdırırlar.

Darıxmayaq, bir az keçər yer də qızar, içməyə çox qətran olar.
Hələ isə soyuq olaq, qoy buz belə buz bağlasın qəlbimizdə, soyuq qalaq.
Soyuq hava, soyuq otaq, soyuq insan.
Soyuq hava, soyuq otaq...


Cavidan Hacıyev

0 şərh