Şeirlər. Cavidan Hacıyev

Dayandı

İnsan ozünə nur seçərək harda dayandı?
Şəmsin işığın görməyib, ehrarda dayandı.

Şər ilə Xeyir mücadələ etdi əzəldən.
Rəbb «Xeyir» dedi, bəndəsə qəddarda dayandı.

Haqqın səsini duymayıb, küfr ilə gedənlər,
Ləl, zər səsini tez eşidib, kar da dayandı.

«Ar ruhumuza hopup» deyib, mərdlik edənlər,
Altun görəni, ruh da getdi, ar da dayandı.

«Dost dosta gərək təndi» deyib, qardaş olanlar,
«Can, can» deyilən kəlmə də tez darda dayandı.

Ruh köklənibdir, ruh güc alıb musiqimizdən.
Vaxt oldu, onda saz da susdu, tar da dayandı.

«Hakim» deyərək tarixə çox olsa da böhtan,
Ancaq ki hökm Haqqladır — aşkarda dayandı.
_______________________________________________

Ayrılıq

Yenə də getmişdi O əczaçıya:
Yenə dərman alır yuxusuzluqdan.
Gecələr yatmayır, gündüz işləyir.
Əzaba qatlanır — bala bəsləyir.
Yuxusa hey qaçır, nazlı qızlar tək,
Tək qoyur gecələr onu sübhədək.
Artıq o unudub: çox illər əvvəl,
Bir cavan eylədi qürbətə səfər.
Gedirdi qürbətə- itib ümidlər.
Həyatdı — yaşamaq lazım birtəhər.
O, özü yeyirdi Allah verəndən.
İndiysə övlad var, işləməlisən.
Qalmışdı O, indi bir çaşqınlıqda -
Necə iş tapmalı iş qıtlığında?
Söymədi o heç vaxt bəxt ovsununa.
Sadəcə baxaraq öz diplomuna,
Övladlar ağ günə çıxsınlar deyə -
Qara fəhlə kimi getdi qürbətə.
....................
Çox illər keçmişdir o gündən bəri.
Övladlar işləyir, var vəzifəsi.
Yeganə bir dərdi yuxusuzluqdur -
Nə dərman atsa da, daim oyaqdır.
İndi daha deyil çılğın bir cavan,
Küləklə yarışıb dağları aşan.
Qırılıb qanadı, sönüb günəş də
Etiraf etmişdir O, ürəyində:
«Dərmanla, görəsən, nə aldadırıq?
Ayrılıq, ayrılıq, aman ayrılıq»
_______________________________

Последний лепесток ромашки.

Последний лепесток ромашки.
А может он тоже любит?
А может не хочет быть оторванным?
Но ведь для этого и родился он --
Последний лепесток ромашки.
Чтоб однажды ОНА радостно сказав «любит», поцеловала лепесток,
Или же в слезах и молча уронила его.
Но он должен быть оторванным.
Последний лепесток ромашки.
Оторванным от цветка, чтобы дарить или отнять надежду.
А ведь он и есть надежда -
Последний лепесток ромашки.
Надежда умирает — лепесток отрывается последним.
__________________________________________

Sürünən qartala.

Xəyalı qalsa da o ulu dağda,
Qazırdı torpağı bir qoca qartal.
Qayadan tayaya düşüb bu çağda
Nə yaman alçaldın, ay uca qartal?

 

Niyə tərk elədin ulu zirvəni?
Düşüb utandınmı qartal adından?
Daşları qoparan, çılğın, sərsəri
Külək doğulurdu qanadlarından.

Küləksiz qalıbdır neçə zirvələr.
Qalıbdır kimsəsiz qayalarıyla.
Axı çox olsa da uca zirvələr
Onlar da öyünüb qartal adıyla.

Qazırsan torpağı qarğalar kimi.
Sən hansı günahı gizlədirsən ki?*
Bir vaxt ov etdiyin, şikar bildiyin
İlanlar içində bezməmisən ki?

Sürünmə, ay qartal, tez ol, aç qanad.
Uç ulu zirvənə, uç elə indi.
İtirmə zirvəni, çünki bu həyat
Qartalı ilantək süründürəndi..
______________________________________

Təmsildəki kimi

 

Bantını saçlarına bağlayıb bu balaca
Tez-tələsik gedirdi məktəbə qaça-qaça.
Güzgününsə önündə bir balaca yubanır,
Yenə bantına baxır, saçını tumarlayır.
Fevralda alınıbdır — ad günü hədiyyəsi,
Üstündə də vurulub «balıqlar» işarəsi.
Anası gülüb dedi: " Get, dərsə gec qalmamış,
Evə də geri gəlmə dərsindən «beş» almamış."
Alaraq çantasını o qızcığaz belinə,
Qaça-qaça yollandı öz doğma məktəbinə.
Qaçaraq bərk tuturdu qızcığaz çantasını,
Ağ lentsə bəzəyirdi onun qara saçını...
...Əlində dərman ilə girərək palataya
Həmşirə söyləyirdi «oyan» kiçik Sonaya
____________________________________


Qorxu

Qorxudan ağladıq doğulan zaman,
Qorxudan bərəlir öləndə gözlər.
Qorxular bizimlə hər yerdə, hər an.
Qorxular bizimlə – bir ömür qədər.

 

“Bəs xilas olmaqçün görən edim nə?
Nə cür eyləyim ki qorxmayım daha?”
Soranda, cavabda dedilər mənə:
Onları yandırım, yazıb varağa.

Yazıb yandırırdım mən dönə-dönə
Yanğınsöndürəntək səylə, inadla.
Ancaq unutmuşdum bir şeyi bəlkə
Ən gur alovda da yanmır əlyazma .

Təzədən yazanda qorxu hissimi
Kağızda olanı görüb duruxdum:
Mənim qorxum deyil – vərəqdə indi
Qorxumu yazmağa belə qorxurdum.

Heyrətlə kağızı sıxırdım bərk-bərk,
Yeni bir qorxum var – daha da möhkəm.
Qorxular saracaq bir qədər də bərk -
Özümlə səmimi olmuramsa mən.

Anladım: özümə yalan satanda
Nə qədər güclüymüş gör mənim qorxum.
O qədər gizlənib qaçdım ki, sonda
Özümdə özümü tapanmaz oldum.

Bu nədir? Hanı ruh? Hanı cəsarət?
Hara qeyb olubdur səmimiyyətim?
Dedilər qorxuna eylə ki diqqət,
Gör hara aparır səni niyyətin?

Duyanda bunları oldum birtəhər:
Nə birləşdirir ki arzuyla onu?
Dedilər arzular gətirir bəhər,
Əgər şumlayarsa həyatı qorxu.

Qorxular ümmandır, qorxular dəniz.
Batırıq qorxunun dalğalarında.
Nə qədər zirvəyə can atsaq da biz
Qorxuruq orda da təklik halında

Təklikdir – həyatın dibi, zirvəsi.
Orada gizlərik biz qorxuları.
Nə qədər duysaq da biz gülüş səsi,
Ürəkdə çoxumuz yalquzaqlarıq.
___________________________

Şəhid qardaşıma

 

Halallıq ver bizə, şəhid qardaşım.
Halallıq ver bizə haram dünyada.
Torpağa hopsa da qanla göz yaşı,
Bu dünya ac qalıb mənəviyyatdan.
.
Halallıq ver bizə, şəhid qardaşım.
Seçə bilməsək də halal, haramlar.
Bir dəfə ölürsüz siz, uzaqbaşı.
Hər bir gün ölürlər tənha analar.
.
Havalar bir azca soyuq keçəndə
Analar söyləyər «Balam necədir?».
Diləyər xoş yuxu hər bir gecədə,
Balası ölsə də. Nə qəribədir?.
.
Süfrələr açılıb, gəlibdir bayram.
Artıq bir boşqab da vardır masada.
Süfrədə oğlunun sevdiyi ənam.
Nə olsun, cəsədi tapılmasa da?
.
Dilərik, alasan Cənnət müjdəsin.
Bu olar anana təskinlik bir dəm.
Torpaqda sənin də çoxdur əziyyətin.
Torpağa haqqını halal elə sən.
________________________________

Şəhid anası

Yenə də qar yagır, o vaxtdaki tək.
Yenə də qəm ağı söyləyir ürək.
Yenə də dərd ağır, yaşamaq gərək.
Bu həyat yamandı, şəhid anası.

 

Qar yağır, düşünmə soyuq balana.
Canından can verdi doğma Yurduna.
Can verib yüksəldi Uca məkana:
Qəyyumu Rəhmandı, şəhid anası.

O, getdi, çəkirsən indi həsrətin.
Canınla çəkmisən onun zəhmətin.
Həyat dərd versə də, biz olaq mətin-
Ağır imtahandı, şəhid anası.

Olana kor baxır dünyanın gözü.
Görəsən, deməyə yoxmudur sözü?
Dəyərin itirir «kişilik», düzü,
Qəribə zamandı, şəhid anası.

İmanlı neyləsin imansız anda?
Vicdan əzab çəkir iman sızanda.
Elə dövrandı ki, imansızın da
Əlində Qurandı, şəhid anası.

Nümuna olmusan bizə həyanla.
Səbrini sıxmısan ancaq imanla.
Dünyanın qeyrəti bütün zamanla
Həyana qurbandı, şəhid anası.

Bu dünya oynayır vaxt çalan neyə.
Deyirlər, əlac var yerdə hər şeyə.
Qəm yemə, övladın ölübdür deyə.
Qalanlar balandır, şəhid anası.
________________________________

Yerimizdə

insan nə dilər?-düz yaşasa düz yerimizdə.
qəlblər də olar şad, yaşasa söz yerimizdə.

İnsan deyərək yadlaşırıq insan halına.
Altın diləyib, biz bükürük diz yerimizdə.

 

Dost dost deyərək, qəlbə edib dostları sirdaş.
Dost darda olanda deyərik «döz» yerimizdə.

Dostdan umarıq hər zamanı cəhli-cəlalı.
Dost istəsə-yox, olsa belə yüz yerimizdə.

Guya edərik insafı biz dərdliyə sarı.
Xoşbəxtlərə ancaq qoyarıq göz yerimizdə.

Qeyb olmuşuq, biz azmışıq nəfsimiz içində.
Ləldən alarıq qəlbə belə həz yerimizdə.

Tarix nə qədər çəkdi bizi dərdi sınağa.
Babəklərimiz qoydu başın Bəz yerimizdə.

Tarix bizə öz imtahanın etsə də tez-tez,
Nəyçünsə durub, biz soyuruq tez yerimizdə.

Yadlar gəlib, ey ev yiyəsi. düşmənlər gəldi.
Həsrət çəkirik indi yaman öz yerimizdə..
___________________________________

Anladığım
Geridə qoyduğum iyirmi ilin
Yarısı şad oldu, yarısı kədər.
Dadına aldanıb hər içdiyimin
Biri şərbət imiş, o biri zəhər.

 

Uzaqdan görərək tikanlarını,
Ətrini almırdım qızıl güllərin.
Nədənsə dinləyib ala qarğanı,
Qədrini bilmədim şah bülbüllərin.

Iyirmi nədiki? – Yaşayıb, ancaq
Yıxılıb bilmişəm həyat qədrini.
Anladım, hər bir kəs çox axtaracaq
Xoşbəxtlik adında həyat sirrini.

Bir şey də anladım, sirrin özün də
Düzgün axtarmasaq sirli qalacaq.
Deyirlər, oturub daim sahildə,
Xoşbəxtlik qatarın gözlərik ancaq.

Beləcə, gözləyib sahildə hədər,
Nə qədər buraxdıq gələn qatarı.
Həyatda cüt beşi versə bizə zər,
Görmərik, axtarıb şeş qoşaları.

Həyatda çox şeyi istərik ancaq.
Axı çox şərbət də törədir zərər.
Çox deyil, lazımi qədəri alsaq,
Bir məlhəm sayılar o zaman zəhər.
___________________________________

Oyun

Gəzərkən küçədə mən axşam-səhər,
Baxıram, uşaqlar oyun oynayır.
Hər bir kəs oynayır öz ömrü qədər.
Bunuysa ömrünün sonu anlayır.

 

Deyirlər, oynayır oyunu uşaq.
Deyirlər, böyüklər, oyun oynamaz.
Həyatda çox sözlər deyirlər, ancaq
Həyatda hər bir şey deməklə olmaz.

Uşaqla böyüyün axtarsaq fərqin:
Uşaqlar acizdi həyat önündə.
Düşünsək özümüz haqqında dərin,
Görərik, uşağıq bugünkü gün də.

Biz səhər həyatın düşünsək axşam,
Deyərik, nə yaman uşaq olmuşuq.
Bugünçün biz dünən uşaqdıq tamam.
Sabahçün bugünün biz çoçuğuyuq.

Uşağıq, oynarıq biz də uşaqtək.
Uşaqlar oynayır oyuncaqlarla.
Böyüdük, oyun da böyüsün gərək,
Oyuncaq əvəzin tapır həyatla.

Uşaqtək yıxılıb, dururuq biz də,
Uşaqtək oynayıb həyat oynunu.
Əvvəldən məğllubuq, bunu bilsək də,
Yenə də oynarıq, bilib sonunu.

Həyata bal denir, var zəhər deyən:
Həyata dad verir həyat tərzimiz.
Həyat bir oyundu, ancaq ki bəzən
Heç gediş etmədən uduzuruq biz.

 

 

 

0 şərh