Anar Rzayev | Yaşamaq haqqını haqq edən yazıçı

 Dünyaya gələn hər kəsin yaşamaq haqqı var — adi qarışqadan, kəpənəkdən tutmuş, insana qədər. İndi o başqa məsələ ki, kimi verilən bu haqdan mənalı və səmərəli istifadə edərək savab əməllər və xeyirxah işlər görür, kimi də onu zamanın küləyinə verir.
O haqqa heç kəs girə bilməz! Yaşamaq haqqı hər kəsin müstəsna hüququdur!
yazıçı Anar
Xalq yazıçısı Anarın «Yaşamaq haqqı» kitabını oxuduqca düşünürdüm ki, görəsən, ömrünün səkkiz onilliyini arxada qoyan görkəmli yazıçını belə bir kitabı yazmağa vadar edən səbəblər hansılardı? Əlbəttə ki, yazıçının yerinə fikir yürüdüb, hansısa səbəbləri sadalamağa ehtiyac yoxdur. Amma nə yaxşı ki, o, bunu yazıb. Bu əsər milli və milli olduğu qədər də bəşəri olan, doğulduğu yurdu, torpağı, mənsub olduğu milləti və yaşadığı dövləti sevən vətənpərvər bir yazıçının göstərdiyi böyük bir hünərdir. O, bəlkə də, 1120 səhifəlik bu publisistik kitabın yerinə neçə-neçə hekayə, povest və ya böyük bir roman yaza bilərdi. Lakin öz vaxtını bədii yaradıcılıq məhsulları yazmağa yox, çox sanballı, millətinin tarixinə və bu gününə işıq tutan dəyərli bir əsər qələmə almağa sərf edib.
Bəzən yazıçı ömrünü qızmar günəş altında yer şumlayan əkinçi ömrünə bənzədirlər. İlkin təəssürata görə onların hər ikisi toxum səpəndi, bitib-bitməməsindən asılı olmayaraq. Amma Anarın əkdiyi toxumlar bitib, özü də dən-dən. Şüurlarda, düşüncələrdə, fikirlərdə bitib və bütün zamanlarda öz saflığını, təravətini qoruyaraq yaşayacaq.
Çoxları kimi mən də onu əsərlərindən tanıyıram. Dəfələrlə iştirak etdiyi tədbirlərdə heç kimin çıxışına bənzəməyən özünəməxsus və vətəndaş mövqeyi ilə seçilən çıxışlarına qulaq kəsilmişəm. Açığını deyim ki, onunla həmsöhbət olmaq, üzbəüz oturmaq, əlini sıxmaq xoşbəxtliyi mənə nəsib olmayıb. «Yaşamaq haqqı»nı oxuyandan sonra indiyədək buna nail olmadığım üçün bir daha təəssüfləndim...
 
İndiyə qədər yazıçının xeyli əsərini mütaliə etmişəm. «Yaşamaq haqqı»nı oxuduqca aydın hiss olunur ki, Anar təkcə yazmır, həm də oxuyur. Bu yerdə məşhur türk yazıçısı Əziz Nesin vaxtilə Bakıda görkəmli yazıçılarımızdan birinin qonağı olarkən dediyi sözlər yada düşür. Əziz Nesin yazıçının cild-cild əsərlərini və qalaqlanmış əlyazmalarını gördükdən sonra deyib ki, əfəndim, elə siz yazıyorsuz-yazıyorsuz, heç oxumıyorsuz. Hərdən düşünürdüm ki, görəsən, ədəbiyyatımızı Anar kimi dərindən bilən varmı? Lakin yazıçı qələmə aldığı bu əsərdə nəinki ədəbiyyatı, xalqımızın mədəni tarixini də çox gözəl bildiyini nümayiş etdirir.
Kitaba yazıçı-alim Pərvinin yazdığı "Ön söz" fərqli tərzdə başlayır: "...Anarın «Yaşamaq haqqı» traktatını oxuyub bitirdikdən sonra özümü — yəni aid olduğum milləti, danışdığım doğma dili, yaşadığım coğrafiyanı, yediyim yeməkləri və içdiyim suyu, aldığım havanı, keçmişimi, bu günümü, niyə belə olduğumu daha yaxşı, əslində, tamam yeni cəhətdən, təzə dərinlikdə anladım. Və hər şeydən öncə onu bir daha dərk etdim ki, bütün sevgilərin kökündə vətən-yurd sevgisi dayanır. İnsanın sahibkarlıq duyğusu torpaqdan başlanıb, ona görə ürəklə, həm də vicdanla «bu mənimdir» — deyə bilirsənsə və sənin olana sahib çıxmağa gücün, cəsarətin çatırsa, yaşamağa haqqın var...".
«Yaşamaq haqqı» necə-neçə kitab, arxiv sənədləri, rəsmi mənbələr, jurnal, qəzet materialları, yazıçının illərlə davam edən müşahidələri, oxuduqları, eşitdikləri, gördükləri, çıxartdığı nəticələrə əsaslanaraq qələmə alınıb. Anar özündən əvvəl yazılmış, demək olar ki, bütün sanballı əsərlərdə əksini tapan məsələlərin məğzini, cövhərini, şirəsini sıxıb çıxardaraq rəvan və oxunaqlı təhkiyə ilə oxuculara çatdırır. Kitabı təkcə müəllifin yox, həm də onun mənsub olduğu millətin alın yazısı, taleyi, qisməti də hesab etmək olar. Yazıçının «Yaşamaq haqqı» traktatı soykökümüzü tanımaq, millətimizin haradan gəlib hara getdiyini bilmək, milli təfəkkürü mənimsəmək, əsl azərbaycanlı olmağın xoşbəxtliyini, həzzini və ləzzətini yaşamaq üçün daş yaddaşı təsiri bağışlayır.
Yazıçı xalqımızın bir millət kimi yaşamaq haqqının olduğunu tutarlı dəlillərlə sübut etməklə yanaşı, ona qənim kəsilənlərə, qəsdinə duranlara, inkişafına əngəl törədənlərə, azadlığına buxov olanlara, torpağına təcavüz edənlərə, milli-mədəni sərvətlərini talayanlara qarşı mövqeyini ortaya qoyur. O, xalqımızın mədəni tarixində az-çox xidməti olan hər kəsi anmağa, heç kəsi diqqətdən kənarda qoymamağa çalışır. Müəllif xalqımızın mənəvi xəzinəsinə varislik edir, onun yaratdığı dəyərli nə varsa, hamısını ardıcıllıqla, böyük sevgi və ehtiramla yada salır, xatırlayır, birləşdirir və onun keçmişini, bu gününü və gələcəyini vəhdətdə görür. «Yaşamaq haqqı»nın ən qabarıq cəhətlərindən biri onun millətə, dövlətə, mənəvi dəyərlərə böyük sevgi ilə yazılmasındadır.
Ömür payı tanrı qismətidir. Az və ya çox yaşamaq da Allahın yazısıdır. Anarın bu yaşda bunları yazması bəlkə də, onun bu qədər yaşamasını şərtləndirən əsas amillərdəndir. Həm də axı yazıçı Heydər Əliyev Mükafatına layiq görüləndə deyib ki, "Şuşa alınmayınca ölməyəcəm", bu bir arzu, istək deyil, bəlkə də Tanrıdan istənilən ömür möhləti, «Yaşamaq haqqı»dı...
Müəllif kitaba səkkiz il (2011-2019) ərzində yazdığı «Yaşamaq haqqı» traktatından başqa, müxtəlif vaxtlarda qələmə aldığı bir neçə yazısını da əlavə edib. Kitab xeyli dərəcədə avtobioqrafik xarakterlidir. Buna baxmayaraq, burda təkcə Anarın həyatının yox, bütövlükdə Azərbaycan taleyinin və bu taleyi yaşayanların ömür səhifələri vərəqlənir.

Kitab xalqımızın iki böyük şairinin — Səməd Vurğun və Şəhriyarın «Azərbaycan şeirlər»i ilə başlayır və müəllifin qələmə aldığı XX əsrin son bədbin və XXI əsrin ilk nikbin şeirləri ilə tamamlanır.

Kitabda olanların hamısını əlbəttə ki, əhatə etmək imkan xaricindədi. «Yaşamaq haqqı»nı oxuduqca yazıçının Azərbaycan haqqında düşüncələrinə dalıb, "İpək yolu«ndan keçib, „Qobustan“lı illərdən adlayıb, Meydana üz tutduğu göz önünə gəlir. Kitabda çox zəngin mənəvi dünyası olan bir yazıçının yaşadığı duyğuları, keçirdiyi hissləri, apardığı mübarizəni izləmək mümkündür. Onun Qarabağ uğrunda müxtəlif tribunalardan çıxışları, milli şüurun oyanması sahəsində apardığı mücadilə, milli-mənəvi dəyərlərin qorunması üçün nümayiş etdirdiyi ziyalı mövqeyi yenidən göz önündə canlanır. Dilimizin saflığı və qorunması sahəsində yazıçının gördüyü işlər xüsusilə diqqətəlayiqdir. Kitabı oxuduqca uzun illər yazıçının milli şüur və oyanışın dirçəlişi yolunda apardığı mübarizə, sanki yenidən açılır, dərk edilir və bu yaşantılar oxucunu yazıçının canıyanan mövqeyinə biganə və laqeyd qalmamağa çağırır.
Kitabın „Ön söz“ündə, çox yerində deyilir: „70 yaşında professor mühazirə deyir. Son dərəcə maraqlı mühazirədən sonra tələbələrdən biri əlini qaldırır. Təcrübəli professor gülümsəyir: “Bilirəm nə soruşacaqsız… Həyatım boyu ən çox rastlaşdığım sualdı — bu dediklərinizi haradan oxumaq olar?! Heç haradan, bütün bu danışdıqlarım oxuduğum yüzlərlə kitabdan və yaşadığım zəngin həyatdan gəldiyim qənaətlərdir!».
Odur ki, Anarın «Yaşamaq haqqı»nı oxuyan hər kəs xalqımızın başına gətirilənlərdən, repressiya illərinin ağrı-acısından, qırılan talelərdən, nakam ömürlərdən ibrət götürməklə yanaşı, öz xalqının sevinci ilə yaşayıb, dərd-səri ilə nəfəs alan yazıçının yaşamaq haqqının nədən ibarət olduğunu bir daha anlayacaq, duyub dərk edəcək.

Bu haqqı anlamağa, duymağa və dərk etməyə dəyər!
 
 
 
Müəllif: Abdulla Suvar — AZƏRTAC-ın müxbiri
Mənbə: edebiyyatqazeti.az

0 şərh