Azad ruhlu tənha adam...

«Gizli müşavir”, „Talan”, “İt gəzdirən qadın”, „Tikan üstündə”, “Qeyri-qanuni”, „Yaylaqda”, “Nigarançılıq”, „İntiqam”, “Kirayənişinlər”, „Söhbət”, “Diplomat”, „Uşaqlar”, “Volodya”, „Evdə”, “Vanka”, „Reportyor”, “İvanov”, „Meşə adamı”, “Vanya dayı”, „Üç bacı”, “Qağayı”, „Albalı bağı”, “Təklif”, „Toy”, “Yubiley” və başqa əsərləri Anton Çexovu bütün dünya ədəbiyyatsevərlərinə tanıtdı. Yaradıcılığa XIX əsrin 80-ci illərindən başlayan, əsərlərində yaşadığı dövrün reallıqlarını əks etdirən bu məşhur yazıçı haqqında görkəmli yazıçı Lev Tolstoy demişdi: „Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.
Anton Çexov
Uşaqlığı olmayan uşaq
Rusiyanın cənubunda, sakinlərinin çoxunun bir-birini tanıdıqları liman şəhəri Taqanroqda 1860-cı il yanvarın 29-da dünyaya gəldi. Anton Çexov altı uşaqlı ailənin üçüncü övladıydı. Aleksandr, Nikolay, İvan, Mixail adlı qardaşları, Mariya adlı bacısı vardı.
İllər sonra, yazıçı kimi tanındığı zaman etiraf edəcəkdi: “Qabiliyyətlərimiz atamızdan, ruhumuz da anamızdan keçib”. Baqqal dükanının sahibi olan atası Pavel Yeqoroviç təhsil almasa da, skripka çalır, yağlı boya ilə şəkillər çəkirdi.
Sakit təbiətli qadın idi anası Evgeniya Yakovlevna. Danışdığı maraqlı nağıllar, əhvalatlar balaca Antonun xəyallarına qol-qanad verirdi. Atası isə onun real həyata uyğunlaşmasını istəyirdi. O, Antonun tacir olmasını, anası isə təhsil almasını arzulayırdı. Nəhayət, qərar verildi. Antonu və Nikolayı 1867-ci ildə Taqanroqdakı yunan məktəbinə göndərdilər. Amma onlar bir il ərzində yunan dilini öyrənə bilmədilər. Atası onları məktəbdən çıxardı, Taqanroq Gimnaziyasına (sonradan Çexov Gimnaziyası adlandırıldı) qoydu.
Anton Çexovun baxdığı ilk tamaşa 1873-cü ildə, Taqanroqda „Gözəl Yelena” oldu. Bundan sonra fürsət tapan kimi məktəbdən qaçıb teatra gedirdi. O vaxtlar aktyorluğa da həvəs göstərirdi. Qardaşlarıyla tamaşalar hazırlayırdı. Tamaşaçıları isə qonşuları, qohumları olurdu. Bir sevdiyi məşğuliyyət isə mütaliə etmək idi.
“Uşaqlıqda mənim uşaqlığım olmayıb”. Sonralar belə deyirdi Anton Çexov. Onun atası çox sərt adam idi, uşaqlarını baqqal dükanında satıcı kimi işlədir, çəkidə müştəriləri aldatmalarını tələb edirdi.
1876-cı ildə Pavel Yeqoroviç iflasa uğradı. O, borclu olduqlarından qurtulmaq üçün ailəsi ilə Moskvaya köçdü. On altı yaşlı Anton evdəki ağır əşyaları satıb pulunu ailəsinə göndərmək və gimnaziyanı bitirmək üçün Taqanroqda qalmalı oldu. O, çətin və kədərli günlərində təhsilini davam etdirir, özü və Moskvada sıxıntılar çəkən ailəsi üçün çörək pulu qazanırdı. Anton çox çalışır, məktəbdən qayıtdıqdan sonra ayrı-ayrı ailələrə gedir, ev dərsləri verirdi. İstirahət günləri evdə qalan əşyaları satıb pulunu atasına yollayırdı.
1879-ci ildə məktəbi bitirib Moskvaya, ailəsinin yanına köçdü. Bir il sonra Moskva Universitetinin Tibb fakültəsinə daxil oldu. Tələbəlik illərini də qayğısız keçirə bilmədi. Pul qazanmaq üçün yumor jurnallarına kiçik hekayələr yazdı. İlk yazılarını „Qardaşımın Qardaşı”, “Uelss”, daha çox isə gimnaziyada müəlliminin onu çağırdığı „Antoşa Çexonte” imzası ilə yazdı.
Öz xəstəliyini qəbul edə bilməyən həkim
Anton Çexov uşaqlıqdan özünü tərbiyələndirməyə, nizam-intizamla yaşamağa çalışdı. O, hələ Taqanroqda vodevillər yazmağa səy göstərir, ancaq onları cırıb atırdı. “Atasızlıq”, „Xoruz nahaq banlamır”, “Daş qayaya rast gəlib” kimi ilk əsərləri buna görə qalmayıb. Qalan bircə adsız pyesi isə maraq doğurmur.
1879-cu ilin sonunda o, „Alim qonşuma məktub”unu qələmə alır. 1880-ci ilin əvvəllərində “Strekoza” jurnalında dərc olunan bu hekayə Çexovun ilk mətbu əsəri olur.
1884-cü ildə hekayələrindən ibarət „Melpomena nağılları” adlı ilk kitabı çapdan çıxır. Həmin il buraxılış imtahanlarını uğurla verib həkim diplomu alır. Artıq 250-yə yaxın hekayəsi dərc edilmiş Anton Çexov bundan sonra nə yazıçılıqdan, nə də təbiblikdən uzaqlaşır.
1884-cü il dekabrın 10-da yazırdı: “Üç gündən çoxdur ki, boğazımdan tamamilə yersiz qan gəlir… Səbəbi güman ki, damarın partlamasıdır...” Əslində, bu, ağ ciyər vərəminin ilk açıq əlamətləri idi. Xəstəliyini qəbul edə bilməyən həkim Çexov həmkarları tərəfindən müayinə olunmaqdan qorxduğunu etiraf edirdi.
Dolanışıq qayğıları vardı. 1885-ci ildə o yazırdı: „Təkcə Allaha bəllidir ki, necə çətinliklə tarazlığımı saxlayıram və asanlıqla büdrəyib müvazinətimi itirə bilərəm. Əgər gələn ay 20-30 manat az qazansam, mənə elə gəlir ki, tarazlığım cəhənnəmə vasil olacaq və mən batıb qalacağam”.
1886-cı ildə nəşr edilən həcmcə daha böyük “Rəngbərəng hekayələr” adlı ikinci kitabı gənc yazıçını ədəbi mühitdə tanıtdı. O ilin mayında Sankt-Peterburqa getdi və Rusiyada çox yayılan „Novoye vremya”ya yazmaq təklifi aldı. 1887-ci ildə Çexovun “Alaqaranlıq” adlı yeni hekayələr kitabı işıq üzü gördü. Bir il sonra bu kitab Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı. Həmin ildən əsərləri „Severnı Vestnik”də dərc olunmağa başladı.
İlk dramı — “İvanov” 1887-ci ildə əvvəl Saratovda, sonra Moskvada Korş teatrında tamaşaya qoyuldu. Bundan sonra yazıçı dramaturq kimi tanınmağa başladı.
Səyahət etməyi çox sevən Çexov Azərbaycana ilk dəfə 1888-ci ilin yayında gəldi. Həmin ilin oktyabrında o, tanışına yazırdı: „Yayı əla keçirdim… Krıma, Batuma, Bakıya getdim… Təəssüratım çoxdur. Əgər Qafqazda yaşasaydım, orada nağıllar yazardım. Heyrətəşayan ölkədir!”
Azərbaycan oxucuları isə yazıçı Anton Çexovu ilk dəfə Firidun bəy Köçərlinin tərcümə etdiyi və 1904-cü ildə “Şərqi rus” qəzetində dərc olunan „At familiyası” hekayəsi ilə tanımağa başladılar.
“Ölüm dəhşətdi… heç bir vaxt ölməyəcəyini bilmək daha dəhşətdi”
Qardaşı Nikolayın 1889-cu ildə, iyirmi səkkiz yaşında vərəm xəstəliyindən vəfat etməsi ona çox ağır təsir etdi. Depressiyadan qurtulmağa çalışarkən Hüquq fakultəsində oxuyan kiçik qardaşının dərs qeydləri diqqətini çəkdi: „Qərar verilməyənədək bütün diqqətimiz qatilin üstündə toplanır, amma həbsxanaya göndəriləndən sonra bütünlüklə unuduruq onu… Bəs həbsxanada nələr olur?” 1890-cı ildə Çexov çar hökumətinin sürgün və zindan adası olan Saxalinə səfərə çıxır. Orda zavallı insanların ağır həyatı ilə tanış olur. Geri döndükdən sonra müşahidələrini “Saxalin adası” adlı kitabında qələmə alır.
1892-ci ildə Moskvanın cənubuna, Melixovoya köçür. Həmin il qıtlıq və vəba hadisələrindən zərər çəkmiş insanlara yardımla yanaşı, üç məktəb, yanğınsöndürmə məntəqəsi və klinika tikdirir.
1897-ci ilin martında Çexov Moskvaya səfər edərkən ağciyərlərindən böyük bir qanaxma başlayır. 1898-ci ildə atasının vəfatından sonra o, Yaltada torpaq sahəsi alır. 1899-cu ildə anası və bacısı ilə birlikdə Melixovo kəndindən ora köçür. Yaltada tikdirdiyi evdə yaşayır. Ancaq məşhur yazıçının vəziyyəti gündən-günə ağırlaşır.
Görkəmcə yaraşıqlı olan Çexovun əsl sevgisini bacısı ilə konservatoriyada oxuyan Lidiya Mizinovada tapdığı söylənilir. Məhəbbəti qarşılıqsız deyildi. Ancaq evlənsələr, bu gözəl qadının onun diqqətini ailəsindən və yaradıcılıqdan ayıracağını düşünüb sevgisindən imtina edir. Çexovun uşaq yazıçısı Lidiya Avilova ilə də ciddi münasibəti evliliklə bitmir.
Çexovla aktrisa Olqa Knipper 1898-ci ildə Moskva Bədii Teatrda tanış olurlar. Yazıçının Moskva mühitindən ayrılmayan, sənətini ailəyə qurban verməyən qadınla 1901-ci ildə rəsmi nikaha girməsi çoxlarını təəccübləndirir.
1904-cü ilin mayında Mixail Çexov deyirdi: „Çexovu görən hər kəs gizli şəkildə sonun çox uzaq olmadığını düşünür və Çexov sona yaxınlaşanda bunu başa düşdü”. Həmin il Çexov müalicə üçün arvadı ilə Almaniyanın Badenveyler şəhərinə gedir. İyulun 1-də gecə yuxudan oyanıb həkim çağırmağı xahiş edir. Həkim gəlir. Çexov deyir ki, oksigen dalınca adam göndərmək lazım deyil, çünki onu gətirənədək vəfat edəcək. Sonuncu cümləsi isə almanca söylədiyi “mən ölürəm” olur. „Ölüm dəhşətdi, həmişə yaşayacağını, heç bir vaxt ölməyəcəyini bilmək daha dəhşətdi” deyən yazıçı qırx dörd il ömür sürür.
Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunur. Yazıçı Aleksandr Kuprin yada salırdı: “Qəbiristanlıqdan asta-asta, dərin sükut içində qayıdırdıq. Mən Çexovun anasına yaxınlaşıb dinməzcə əlindən öpdüm. O, yorğun, zəif səslə dedi: „Gör bizə nə böyük dərd üz verdi… Antoşa yoxdur...”

Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: “Azərbaycan”


 

0 şərh