Sabir əzabı

Dostumuz Seymur Baycan illər öncə “Sabir dünyanın ən böyük şairidir” yazmış və əlavə etmişdi: “Çünki onun qəhrəmanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər. Rüşvətxor rektorlar, şeir yazan polis rəisləri, ədəbiyyat vurğunu olan prokurorlar, bütün ömrünü fəxri xiyabanda basdırılmağa xərcləmiş qələm adamları Sabirin şeirlərini əzbərdən deyir və onun yaradıcılığına yüksək qiymət verirlər. Halbuki, Sabir elə onlar haqqında yazırdı”.
Seymurun amansız həqiqətlə yüklənmiş bu cümlələri xeyli adamda acıq və qıcıq doğurmuşdu; dodaqaltından donquldanan kim, bağırıb-çığıran, donunu, şalvarını başına keçirən kim…
Mirzə Ələkbər Sabir
Guya soğan yeməmişdilər, ancaq içləri göynəyirdi.
Bu yaxınlarda internetdə Sabir haqqında rastıma çıxan bir yazının altında ömrü yarınmaqla, karyera, komfort davası ilə keçən bir nəfərin məqaləsi çıxdı. Böyük şair barədə heç bir informativ yükü olmayan, ümumi, təyinatsız, mücərrəd sözlərdən ibarət məqaləni oxuduqca Seymurun ölənlərinə rəhmət oxuyub, özünə də cansağlığı arzuladım.
Bir də…
Bir də Sabirə acıdım. Mirzə Ələkbər həyatı qələmin köməyilə qarın otarmaqda keçən müəllifin boşboğazlıq janrındakı məqaləsindən xəbər tutsa, şübhəsiz, qəbrində fırfıra kimi fırlanardı – bu öz yerində.
Lakin onun ruhunu ən çox incidən elə müəllifin kimliyi olardı.
Hacı İbrahim Qasımov – bu ad yəqin ki, çoxunuza heç nə demir. Elə mən də onu ilk dəfə Mirzə Ələkbər barədə xatirələrdən tanımışam. Teatr tənqidçisi və ədəbiyyatşünas olub. Üzeyir bəyin “Arşın mal alan” tamaşaçısının kəskin əleyhdarı idi. Xeyli maraqlı mövzu olduğundan bu barədə bir başqa yazıda ətraflı danışarıq.
Hacı İbrahimin adı ədəbiyyat və mədəniyyət tariximizdə xüsusilə Mirzə Ələkbərin yaxın, qayğıkeş dostu olması ilə qalıb.
Sabirin vəfatından bir neçə gün öncə o, müalicə üçün Bakıya gələn böyük şairə baş çəkir. Mirzə Ələkbər Hacı İbrahimi gülər üzlə qarşılayır. Lakin bu gülər üzün arxasında pərişanlıq, hüzn aydın hiss olunurdu. Onsuz da arıq, sısqa olan şair amansız xəstəlik nəticəsində tamam əldən düşmüş, bir dəri, bir sümük qalmışdı.
Hacı İbrahim Mirzə Ələkbərdən əhvalını soruşur, baxmayaraq ki, durumunun ağır, ümidsiz olması göz önündə idi. Lakin Sabir özünü sındırmır, “yaxşıyam, – deyir, – bədənimin əti getmişsə də, ruhum və sümüklərimlə buraya gəlib çıxmışam”. Hacı İbrahim şairə ürək-dirək verir, onu səhhətinin düzələcəyinə inandırmaq istəyir.
Bu da Sabirin möhtəşəm cavabı: “Ölməyimə sevinirəm. Çünki bu dünyanın mənasız cəfasından xilas oluram. Artıq mənəvi əzablarımdan qurtuluram. Zatən məni bu günə salan da həmin mənəvi əzablardır. Mən nə bədənimin əriməsinə, nə də ürəyimin şişməsinə acımıram. Mən nigaranlığıma acıyıram. Millətdən nigaran gedirəm“.
Sabirin bu sözləri qarşısında şair-yazıçı qiyafəsinə bürünüb həyatı boyunca özünə, övladlarına gün ağlamağa, mənsəb və imtiyaz qazanmağa, karyera və komfort əldə etməyə çalışanlar necə də miskin görünürlər. Belələri hələ utanmadan Sabir haqqında təntənəli, təmtəraqlı nitqlər irad eləyib, yazılar qaralayanda isə ikiqat miskinləşirlər.
Çünki onlar qələmi qarın davasına alət etdikləri halda Mirzə Ələkbər ölümcül xəstəliyə və ağır maddi vəziyyətinə baxmayaraq, hətta yaxın dostlarının kömək təklifini belə geri çevirmişdi.
Bir dəfə Hacı İbrahim ona təklif edir ki, naşiri olduğu “Məlumat” qəzetində şairə dəstək məqsədilə ianə kampaniyası başladılmasına icazə versin. Mirzə Ələkbər acı-acı gülümsünür və buna qəti şəkildə razı olmadığını deyir.
“Sabir heç kəsdən ianə qəbul etməzdi, – yazır Hacı İbrahim və dərhal da əlavə edir. – Yarıac, yarışılpaq dolanardı, ancaq heç kəsə əl açmazdı…”
Düzdür, sonralar böyük şairə yardım məqsədilə ianə kampaniyaları təşkil etməkdən başqa yol qalmamışdı, di gəl, onun özünə bu barədə bir kəlmə də deməmişdilər. Toplanan pulları isə müxtəlif adlarla ona çatdırırdılar. Məsələn, bir dəfə Mirzə Cəlilin adından kiçik bir məktubla təqdim edirlər. Məktubda təxminən belə yazılmışdı: “Sabir, adamın yaxın dostu olanda onu yoluxmağa gedir, özü də əliboş getmir, gücü çatan bir töhfə də aparır. Təəssüf ki, Şamaxıya gəlib səni şəxsən yoluxmağa imkanım yoxdur. Bu üç yüz amantı məndən bir töhfə kimi qəbul et”.
Əlavə sözə gərək varmı?
Ən əsası, həyatı maddiyyat qovğalarında keçənlərin bu cür xarakter, mənəviyyat sahibi olan bir şəxsiyyət haqqında yazmağa haqqı çatırmı?
Və bir də, xanımlar və cənablar, insafınız olsun: dostumuz Seymur Baycan “Sabir dünyanın ən böyük şairidir, çünki onun qəhrəmanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər” deyərkən həqiqətən də quşu düz gözündən vurmayıbmı?
 
 
Müəllif: Elnur Astanbəyli
Mənbə: azlogos.eu
 

0 şərh