Sevgi nəğmələri

Qəndabın «Səni elə sevdim ki!..” şeirlər kitabını əlimə alarkən, indiyədək bu imzaya rast gəlməməyim özümə də qəribə gəldi. Çünki bu imza mənə o qədər də tanış deyildi; adətən şairlər ədəbi prosesdə tanındıqdan sonra kitab çıxarmağı üstün tuturlar. Hər halda müəllifin mətbuatda, saytlarda, ədəbi orqanlarda şeirlərinə rast gəlməmişdim. Kitabında isə özü haqqında əlavə heç bir məlumatın olmaması onun ədəbi prosesdəki fəaliyyətindən məlumat almağa imkan vermirdi. Lakin düşündüm ki, indi ədəbi orqanlar, qəzetlər bolluğunda onun imzasını qaçırmış olaram.
Doğrudan da, bu gün mətbuat bumunda hər gün onlarla şairin şeirləri ilə qarşılaşır, onları oxuyub dərhal da unuduruq. Lakin belə də olur ki, cəmi bir neçə şeirindən onun poetik yolunun orijinallığını görür və onu yeni bədii nümunə kimi qəbul edirsən.  Qəndabın kitabını oxuyub başa çatdıqda onun poetik nümunələrinin orijinallığı, təravəti, canlılığı məni özünə çəkdi. Şair Musa Yaqubun kitaba yazdığı fikirləri də mənim qənaətimdə tamamilə doğru olduğumu təsdiq etdi. Kitabdakı şeirlər indiyədək tanış olmayan, yaxud hər hansı bir şair tərəfindən qələmə alınmayan hisslər, duyğulardır. Hətta bir qədər obrazlı desək, bu misralar təndirdən yeni çıxmış çörəyi xatırladır. Qaynar çörəyi ələ almaq, saxlamaq çətin olsa da, o səni özünə çəkir, sən onun dadına baxmaq, ətrini içinə çəkmək istəyirsən. Zatən, müəllif bu şeirləri »...oxuyan kimi tanıyan-bu şeirlər mənə yazılıb, mənə aiddir deyən adama ithaf edirəm”, – qeydində hər bir oxucunun bu duyğulara yaşadığı anlamını verən fikir söyləyir. Bu qeyd «Səni elə sevdim ki!..” kitabındakı şeirlərin məzmununu bütünlüklə özündə ehtiva edir.
Qəndabın kitabda toplanan şeirlərinin orijinallığı orasındadır ki, fərqli bir ritmi, ahəngi var; onlar indiyədək bizə tanış olmayan poetik ritm üzərində qurulub. Və bu ritmdə demək istədiyi poetik fikri olduqca orijinal şəkildə ifadə edir. Bəlkə bu şeirlərdə söz sırası, yaxud vəzn pozula da bilər (necə ki pozulur!), ancaq müəllif demək istədiyi fikrini son dərəcə poetik şəkildə çatdırmağı bacarır, ideyanı formaya qurban vermir:

       Külək əsdi, yağış kəsdi,
       Gün çıxacaq, gün çıxacaq!
       Həsrət bitdi, kədər bitdi,
       Eşq olacaq, eşq olacaq!

Şeirdəki daxili qafiyələnmələr və ahəngin ümumi ab-havaya uyğun olması ona yeni bir çalar verir. Bu cür şeirlərdə sanki müəllif özü də duyğu selinin necə qurtaracağını bilmir. Başında „dəli sevda” olan “lirik mən” ən böyük sevgini günəşdə görür və „Günəş harada, mən orada, Sevgi harada, mən orada”, deyir.  
Qəndabın poetik məkanının obrazları mahiyyəti, düşüncələri, xarakteri və görünüşü, obrazlılığı ilə yenidir. “Qurban”, „Vətən məndədir”, “Qadan alım”, „Müşfiqanə” və s. şeirləri ənənəvi formada yazılmasına rəğmən, poetik strukturuna görə orijinallığı ilə seçilir. “Müşfiqanədir” şeirində şair „Müşfiqinə”, “tar”, „haqqın divanı” epitetlərindən istifadə etməklə, əslində yalnız şairin nakam obrazını yaratmır, dövrlərarası körpü qurur, yeni sevgi münasibətlərini qələmə alır:

       Düzdüyüm misralar Müşfiqanədir,
       Oynayır sözlərim tar havasına.
       Ürəyim çırpınıb yerindən çıxır,
       Elə havalanır Yar havasına.
 
       Ayağın altına gülləri alma,
       Amandır düşərsən gül sevdasına.
       Bir gün qurularsa HAQQIN divanı,
       Hər kəs yenik düşər öz davasına.  
    
Qəndabın şeirlərinin strukturu sadəlik üzərində qurulub; bu şeirlərdə yad ünsürlər olmadığı kimi, həcmi də çox deyil və bir-birini təkrarlamır.  Təsvir etdiyi hadisəyə uyğun olaraq şeirin məzmunu sadə dillə izah edilir. Xüsusilə sevgi şeirlərində bunu aydın görmək olur. Bu şeirlər başladığı kimi də bitir, sanki söylənilən sevginin bir anınının stenoqramıdır. Yəni bu şeirlər sevginin (sevgililərin!) yeni münasibətlərinin bir tarixçəsi olaraq göstərilir. Stenoqram sözü  Qəndabın sevgi şeirlərinin məzmun və xarakterini, düşünürəm ki, çox yaxşı ifadə edir:

       İşıq istədim Səndən,
       Xoşbəxtliyin rənglərini görmək üçün!
       Dünya istədim Səndən!
       Sevincimi bu dünyayla bölmək üçün!
       Sevgi istədim Səndən!
       Bu sevgi ilə yaşayıb ölmək üçün!
       ...Səndən istəklərim heç bitməz ki, Sevgilim!
 
Şair burada sevginin istəklərini daha da çoxalda bilərdi, ancaq buna lüzum görmür və qəflətən bu istəklərin bitməyəcəyini elan edir. “Cəza”, „Bu gecə”, “Sən mənə düşmənmisən?!”, „İncitmərəm ki”, “Çarəsizəm” və s. şeirləri də sevgi stenoqramlarının bir parçasıdır. Bu şeirlərdə hissin, duyğunun dili daha fəaldır, oxucunu öz təsiri altına alır, sevgi etirafları sadəcə deyilmir, həm də yaşanır. Bu şeirlər bəzən daşa dəymiş bir sevginin qəlb çırpıntıları təsiri bağışlayır. Lirik qəhrəman sevdiyi adama öz hisslərini deyə bilmədiyini oxucuya deyir və oxucunu da öz sevgisinə şahid edir. Bəzən isə lirik qəhrəman öz sevgisindən utanır və bunu deməkdən belə çəkinmir:

       Nə gecəm var, nə gündüzüm,
       Nə üzünə çıxan üzüm,
       Öz-özümə keçmir sözüm,
       Utanıram bu sevgimdən!
 
       Sənin üçün yox dəyəri,
       Gözlərindir tək gərəyi,
       Lənətləyib mən fələyi,
       Usanıram bu sevgimdən!

Qəndabın şeirlərində həm də bir doğmalıq, səmimiyyət var, sanki eyni poetik düşüncəni oxucu ilə paylaşır və bununla da oxucu ilə arasında bir səmimi körpü qurur. Çağdaş zamanda şair üçün əsas məsələlərdən biri oxucu ilə arasındakı rəsmiyyəti götürməsi, səmimi ortam yaratmasıdır. Bu mənada müəllif özünün ruh durumunu, poetik ovqatını oxucuya ən yaxşı şəkildə ötürə bilir. Bu səmimiyyət, eləcə də mövzudan irəli gələn duruluq, saflıq, təmizlik şeirlərin semantikasını zənginləşdirir. Şair Musa Yaqub bu şeirləri „Sevgi pıçıltıları” adlandırmaqda tamamilə haqlıdır. Doğrudan da, Qəndabın şeirləri dönüb-dolaşır sevgini anladır. “Cəzası var bu sevginin”, „Gəl qoynuma sevgilim”, “Sözünə bax, bu sevginin”, „Yetim sevgi”, “Sevgi hara, mən hara”, „Sevgi nəğməsi”, “İçimdə bu sevgi varkən”, „Sevgiylə var olan dünya”, “Bitən sevgim” şeirləri sevginin özü qədər saflıq, təmizlik təsiri bağışlayır. Bu şeirlərdə sevginin gücü, gücsüzlüyü, alnıaçıqlığı, insafsızlığı, bir sözlə, hər şeyi-bütün ziqzaqları ilə yeni poetik detallarla ifadə edilir. „Gözlərin gecələr gözümdə mənim”, “Yalnız bu sevgimdir mənim olanım”, „Mən sevgimi itirsəm, peşman sən olarsan”, “Qəzası var bu sevginin”, „Gücünə bax bu sevginin”, “Aramızda bir sevgi var, boynu bükük, gözü qara” və s. misralarında sevgi anatomiyasının yeni çalarları təsvir edilir:

       İçimdə bu sevgi varkən,
       Mən yalnızam desəm günah,
       Məni didən yalnızlığı,
       Söysəm günah, sevsəm günah!
       Əllərimdən tutub məni,
       Cəhənnəmə atanda Sən,
       Son nəfəsdə anladım ki,
       Bu sevgiylə ölsəm günah!  

Qəndabın şeirləri oxunaqlıdır, sadə olsa da, cazibədardır, bu da poetik mətnin ekspressivliyi, emosionallığı ilə əlaqədardır. Məhz bu amillərdən uğurlu istifadə şeirin semantikasını zənginləşdirir, yeni çalarlar əlavə edir. Onun poeziyası özünəməxsus fonetik səs quruluşuna malik olur.
Qəndab şeirlərində xalq ədəbiyyatından da bəhrələnib, bu bəhrələnmə poeziyanın xeyrinə olub. İndi şairlər çox az hallarda xalq poetik xəzinəsinə üz tutur. Qəndab isə sübut edir ki, xalq ədəbiyyatı poeziyamız üçün həmişə qaynaq mənbəyi ola bilər. „Sən bilməyincə”, “Yara yalvara-yalvara”, „Kimsə deməz yarım, can-can”, “Oynayırsan”, „Çarəsizəm” və s. şeirləriində xalq poetik formasından istifadə etməklə yeni poetik mətnlər yaratmışdır. Onun bu şeirlərdəki poetik ifadə imkanları daha da genişlənir və zənginləşir. Demək olar ki, cinas qafiyələrin az yarandığı bir vaxtda Qəndab bundan istifadə etməklə poeziyanın poetik məkanını bir qədər də genişləndirir:

       Mən yaralı, mən yarımcan,
       Yarım Yara olsa qurban,
       Nəfəsimi kəssə hicran,
       Kimsə deməz yarımcan, can.
 
       Axşam düşər, qaş qaralar,
       Yarın dərdi yarı alar,
       Mən ağlarsam yaram ağlar,
       Kimsə deməz yara, can-can.     

Göründüyü kimi, gəraylıda Qəndab cinas qafiyələrdən və “yar” sözündən istifadə edərək həm alliterasiya yaratmış, həm də şeirin assosiativliyini qoruyub saxlamışdır. Sonrakı bəndlərin sonuncu sətirlərindəki „Əgər desəm yarım, can-can”, “Hər kəs desə yarım, can-can” cinas qafiyələri ilə müxtəlif məzmun ifadə edə bilmişdir.
Qəndabın „Səni elə sevdim ki!..” kitabında mənsur şeirləri da yer alıb; deyim ki, bunlar da kitabdakı şeirlərin ümumi ruhu ilə uyğundur. Bunları da elə “Sevgi nəğmələri...” adlandırmaq məncə, daha doğru olardı. Onlar nəğmə qədər musiqili, layla qədər həzin, sevginin özü qədər saf və təmizdir: „Məni dirildib arzularımın arzusunu öldürdün… Qoy o gün gəlsin sirrimi Sənə açacam… İçimdəki boşluğumsan...Toxuna bilmədiyim ürəyim qədər yaxın, gözlərimdən göy üzündəki boşluğa düşüb, gözdən itən ulduz kimi uzağımsan… Sən ən zəif, ən zərif, ən vəhşi duyğularımsan...”
“Səni elə sevdim ki!..” şeirlər kitabı ilə ədəbi mühitin qapısını açmağı bacaran Qəndabın poetik uğurlarıdır. İndi qalır bu poetik uğurları ümumi poeziyamızın bir səsinə çevirmək… Düşünürəm ki, Qəndabın bədii uğurları bununla məhdudlaşmayacaq, uzunömürlü olacaq, poetik məkanımızı yeni obrazlar, ifadə vasitələri və bədii tapıntıları ilə bundan sonra da zənginləşdirəcək...
 
Müəllif: Bədirxan Əhmədli
Mənbə: artkaspi.az

0 şərh