Şaxta Baba

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü həyat bu yerdə.
Səssizcə yataqda qısılıb küncə
Nəsə pıçıldayır Fidan gizlində.

Böyük bir qız olub, var altı yaşı.
Ancaq, nağıllara inanır hələ.
Bayram gecəsində səssiz danışır,
O, Şaxta Babadan umur hədiyyə.

Bir Şaxta Babaya inanır Fidan -
Bir Şaxta Baba ki yanıltmır heç vaxt.
Keçən il söylədi — «Gələn qışacan».
Deyibsə, deməli O qayıdacaq.

Deyəsən, bu işin sirrini bilir. 
Bir Şaxta Babaya inanır Fidan.
Libası geyəndə «baba» deyilir -
Qalan günlər isə söyləyir — «ata»

Atası dedi ki, məskəni dağlar.
Gedir, qarlı dağda qurmaqçün dəyə.
İlahi, hamının gözləyəni var.
Şaxta Babaları özün hifz elə.........

Nə yaman sərt keçdi otuzu gecə,
Soyuqdan üşüdü qış da — titrədi.
Fidançün bir nağıl bitdi indicə -
Üç alma yerinə — ata həsrəti.

Kimin ahı tutub, kim edib qarğış?
Çaylarda su donur, damarda qanlar.
Nə yaman sərt keçir gecələr bu qış.
Atasız üşüyür neçə fidanlar.

Atan nağıllara oldu qəhrəman.
Atan bir həsrəti sona yetirdi.
Uçulmaz bir dəyə qurubdur — dağdan
Canıyla bizlərə Vətən gətirdi.

Cavidan Hacıyev

0 şərh