Azərbaycan ədəbiyyatının səhnəsi - İki yaxın dostun qəvi düşməni, yaxud Paraselsin qızılgülü

Şair obrazı. Şeir yazanların hamısı bu obraza malik olmur. Ələkbər Salahzadə və İsa İsmayılzadə. İnsani, həyat tarixçəsi, nəhayət, ədəbiyyata gəlişləri baxımından bu qədər yaxın şairlərin üslubu, dəst-xətti əslində, çox fərqlidir, o qədər fərqli ki, bəlkə onlardan eyni kontekstdə söz açmaq belə düzgün olmazdı. Ona görə bu iki şair haqqında ənənəvi yozumdan vaz keçib son dərəcə fərqli rakursdan bəhs etməyə çalışacağıq. Bu acıdan onlar haqqında indiyə qədər (qoşa vərəqdə-!) deyilənləri sözə başlanğıc, mətləbə giriş kimi ala bilərik, yəni bu hekayələrin hər bir sətrini artıq bilirik, indi isə necə deyək, ağ vərəqə yazılan hərflərin üstüylə gedib onları pozur və hər bir hərfin altında dustaq olan nəfəsi görmək istəyirik.
Ələkbər Salahzadə və İsa İsmayılzadə
Şair, yazı adamı üçün «orijinal» sözünü işlətmək bir az açıq qapını döyməyə bənzəyir, yəni əslində, hər bir üslub, yazı tərzi başqaları deyil, fərqli və orijinaldır. Ancaq burda bir "əmma" var, bu da ondan ibarətdir ki, yaradıcılığa çox orijinal cizgilərlə başlayan, məhz bu cizgilərlə dünyanı tutan, diqqətləri əsir edən şair bir də gördün, o hərflərin altındakı nəfəsi itirir, sirri faş olur, o qədər adi gəlir ki, ilk misrası hər şeyi söyləyib bitirir. Buna görə də yazıda metod — necə yazmaq, içindəki, sənin adına bağlı hərflərin altındakı sirri necə qoruyub saxlamaq ilkin şərtlərdəndir. Bu səbəbdən adıkeçən metod şairi bir format və dizaynda görünmək, bu dizayn və formatdan əl çəkməmək zərurətinə bağlayır. Bu isə, öz növbəsində, yalnız yazı üçün növbədə duran çox sayda mətləblərdən vaz keçə bilmək istedadına dəlalət edir. Ələkbər Salahzadədə məhz bu cəhətlər qayım-qədim prinsiplər kimi tanınmışdı. Hamı onun bu çərçivədən əsla kənara çıxmayacağını dəqiq bilirdi və ona şeir yazdıran sirr sona qədər (dünyanın sonuna qədər-!) bilinməməliydi. Əslində, sirri unutduran, səni aldadan elə şeirin, bədii mətnin özüdür, oxucu üçün əsas şey, ən böyük mətləb orda o sirrin olmasıdır, çünki nəfəsi hiss etdikcə Tanrıya, onun hikmətinə bağlı qalırsan. Ələkbər Salahzadə bu mənada unikal şairdir, orijinallığını (ona şeir yazdıran sirri-!) qoruyub saxlayan bir ədəbi fiqur, ölməz imzadır. Bu xüsusiyyətin, poetika sisteminin milli ənənədə dərin kökləri var, məsələn, İmadəddin Nəsimi (Ərş ilə fərşü kafu-nun//Məndə bulundu cümlə çün//Kəs sözünü və əbsəm ol//şərhü bəyanə sığmazam...) Təbiət hər bir böyük şair üçün bir səhifə açır, illər gəlib keçir, imzalar dönüb dolanır, o səhifədə başqa imzalardan bircə iz və ləpir də qalmır. O səhifədə dünyanın, təbiətin hər bir əşyası, hər bir zərrəsi ayrıca görünür, birləşir, fərqli kombinasiyalar hesabına məkan ən müxtəlif səs və rənglərilə aşıb-daşırdı (Həm sədəfəm// həm inciyəm// həşrü sirat əsənciyəm// Bunca qümaşü rəxt ilə mən bu dükanə sığmazam.) Yəni zərrələrin bu şəkildə təsviri tamı göstərmək, onun necə gözəl olduğunu, necə təzadlı və mürəkkəb xislətə malik olduğunu bəlirtmək üçün idi (dünyanı zərrələrə bölüb göstərmək, bu kontekstdə məkan da zaman kimi sonsuz və nəhayətsizdir...). Ələkbər Salahzadə poeziyasında bu gerçəklik başqa formada nümayiş etdirildi: tam (səhər, şəhər, şeir, müharibə...) tək bir əşyada «gül açırdı», zərrələrin qədimlərdə, ana dilində kök atan yaddaşını başqa rakursdan oyadırdı (zaman məkanın içinə qılınc kimi batıb, pas atmayıb, əriyib gedib, məkana qarışıb, torpağın üzərində bitən ağacların yarpaqlarında hər anın dərdi, faciəsi, göz yaşı quruyub, — kiçik bir məkan zaman dəryasıyla dolub...).

İsa İsmayılzadənin şair obrazını məndə qəribədir ki, ilk əvvəl şeir yox, bir məqaləsi yaradıb, özü də gənc yaşında yazdığı məqalə. Məqalədə dostuyla şahmat oynamasını nəql edir, sonra, oyunun həlledici məqamında, daha doğrusu, oyunu aparmaq üçün fürsət yetişdiyində ortalığa bir qəzet gəlir, sonuncu səhifədə bir nekroloq… Əli Kərimin ölüm xəbəri. Hər şey donub-dayanır və mat… İsada özü-özünü yaratmaq, bədii mətni öz ölçüləriylə qurub-yaratmaq eşqi ən ciddi prinsip idi bəlkə də. Bu səbəbdən onun mətnində həm hansısa əşya, söz, arzu, istək, xiffət… ən əsas çalarları ilə rəsm edilir, həm də, yəni ikinci planda sözün necə şeirə çevrilməsi prosesini verirdi, etiraf edək ki, bu iki prinsipi bir araya sığdırmaq dünya poeziyasında ən etibar edilən yoldur. Onun səsi yadımdadı, asta, həzin, doğru, dürüst bir nəfəsin yarada biləcəyi çox alçaq tonda əyaniləşən bir səs. Yuxarıda şeirin oxucunu aldadıb dərinlərdə gizlətdiyi sirdən danışdıq, İsa İsmayılzadədə bu sirr az qala faş olurdu, nəfəsə gəlir, misraların arasındakı sahədə toxum kimi cücərir və dərhal da itib-batırdı. Bunu qorumaq naminə İsa şeirdə hər şeyi öz səsiylə əvəz etmişdi. Bunun mənası odur ki, hər bir mətnində ürəyində bir qarşısıalınmaz qovğa kimi başlanan çək-çevirləri, hiss-duyğu selini dilləndirmiş, onları öz səsi ilə danışdırmış, daha doğrusu, şeirdə hər bir texniki elementin yerinə bu qovğanın içindən nazilmiş ox kimi keçən səsini qoya bilmişdi. Bu mənada İsa İsmayılzadənin hər bir şeiri, əlinə qələm götürüb dünyaya ünvanladığı hər bir müraciəti uşaq ikən körpə ürəyinə düşən qorxu qığılcımından başlayır: "...Bircə o yadımda qalıb ki, mən başıma nə gəlsə, lap balacalıqdan anama demişəm. Anam çox yumşaq, həlim adam olub… İnsan nə vaxtsa ölür, sən də, mən də… hamımız öləcəyik. Beş-altı yaşında olarkən bu amansız sözləri eşitdiyim gün indi də yadımdadı; ilk dəfə eşitdiyim bu sözlərin ağırlığı altında ayağımı çırmalayıb, sumlanmış biçənəkdən keçə-keçə, gözlərim yaşara-yaşara evə necə qayıtdığımı bəlkə də anbaan xatırlayıram. Evə çatan kimi ilk sözüm bu oldu: «Ana, mən bir də gələcəyəmmi bu dünyaya?» İsa həmişə o sözlərdən şeir düzəldirdi, bu sirri, bu kədərli hekayəni bitirə bilmirdi. Çünki şeirdə heç nə bitmir, heç nə də başlamır, şeir — bədii mətn yaxşı mənada başlanğıcı və sonu olmayan İlahi bir nəsnədi — səsmi, sözmü, nəfəsmi — bunu bilmirik. Buna uyğun olaraq İsanın «Bir də bu dünyaya qayıtmağım var» şeirini nümunə gətirmək istəmirik, siz bu şeiri onsuz da bilirsiniz, onun poeziyasının cövhərini daha çox dialoqlu, daxili konfliktli mətnləri ən mükəmməl şəkildə əks etdirə bilirdi. Bir sevgi şeiri, məsələn...

Mən gəlmədim//yollar səni sevmədi//Açılmayan qollar səni sevmədi//Necə deyim — o yolları bağışla//Necə deyim — bu qolları bağışla//Necə deyim//necə deyim — bilmirəm //Sənsiz keçən bu illəri bağışla//Sənlə keçən bu illəri bağışla//Vurulduğum dağ çayını bağışla//Sevdiyim çiçəyi-otu bağışla//Sevdiyim ocağı-odu bağışla//Sevdiyim tanışı-yadı bağışla//Neyləyim//neyləyim//deyə bilmirəm.
İsa İsmayılzadə, sanki od-alovun içindən keçib şeir yaradırdı, yəni yazmırdı, məhz yaradırdı. Camal Yusifzadəyə həsr etdiyi şeirdə bu mənada ovqatın adi, ancaq çox işarələri bətninə yığmış dramaturgiyasını görməmək mümkünsüzdür. Vaxtilə bu cizgidən bəhs etmişdik. Qatım bir-birinə gecə-gündüzü//Axşamım-səhərim qarışıq düşsün//Yaza bilmədiyim sətirlərimdən//Alnıma təptəzə qırışıq düşsün//Desinlər//Bu nədir//bir gecəliyə//Adam da bir belə qocala bilər?..
İsa poeziyaya yeni rakurs gətirmişdi. Bu elə bir baxış bucağı idi ki, dayanmadan maşın təkərlərinə çarpan yağışın altında yanıb-sönən, əyilən, daldanacaq axtaran kölgəni, bu kölgənin işığını görə bilirdin. Bu mənada İsanın «Yarpaq odası» mətninin ayrıca bir yeri var. Payızda ağaclar fikirli olur//Fikirli-fikirli susar yarpaqlar//fikirli-fikirli göyə sovrular//başımın üstündə buludlar ağlar… Şeiri başdan-sona oxuyursan, hər misrada təsvir və düşüncə/poetik analiz qatı bir-birini qəribə ardıcıllıqla əvəz edir. Bu da həqiqətdir ki, bu «poetik analiz» layı sonradan bir balaca «qalınlaşdı», nəfəs öz yerindən oynadı, ancaq...

Payızın fikrini bilmək istəsən//gərək ağac olasan//gərək yarpaq olasan//gərək budaq olasan//Dəniz də fikirli, qağayılar da//fikirli-fikirli yağar yağışlar//Bütün illərimi, qayğılarımı//duyğumu evimə yığar yağışlar… Bu mətndə mövcud ziddiyyətlərin ovqat içində aşıb-daşması son dərəcə orijinal biçimdə təqdim olunur. Səsin, içində bir çaşqınlıq, təlaş, yaxud qorxudan bürüşüb qalmış bir səsin şeirə qatılması, ora «köçürülməsi» gözəl və bənzərsiz mənzərələr yaradırdı, ilk baxışdan bu mənzərələr hər birimizin təbiət qoynunda gördüklərimizə tən gəlsə də, digər tərəfdən dərd, kədər və qüssənin o gizli, xəfə səsdən süzülüb obrazlaşması tamam başqa mətləblərə işarə edirdi. Qəribə deyil ki, onun şeirlərində bütün əllər danışır, bunun özü də təsadüfi deyildi, — hansısa kövrək xatirəyə ilişib qalmış nəsnələr, predmetlər keçmişdən qayıdıb böyüyürdü, heyrətli gözə çevrilirdi və yenə də şeirdən o uşağın təlaşdan içində batmış səsi gəlirdi ...Dənizin fikrini bilmək istəsən//gərək dalğa olasan//Yağışın fikrini bilmək istəsən//gərək bulud olasan//İlləri yenidən görmək istəsən//Gərək vaxt olasan, sükut olasan.
Ələkbərin şeirində qafiyənin fəlsəfəsi məsələsi… İlk baxışdan, sanki qafiyələr şeiri yaradır, amma əslində, bu, nəfəslə bağlıdır. Necə? Qafiyələrin alt-alta, bir-birinin nəfəsini kəsərək gəlməsi (Şamaxı, şam axıb tökülür, bir dərə dibinə, dərədi binə...) uzaq keçmişdə unudulan şeyləri yada salmaq inadını bildirir; qafiyə həm də yaddaşla bağlıdır, şairin nəfəsi bu halda keçmişdən əsən küləyə bənzəyir.
İsa İsmayılzadə şeirində bir başqa, ilk baxışdan sakit, amma xışıltısız, lap dibdən gələn bir səs və onu gətirən nəfəs ağacın, daşın, yarpağın, küləyin, yağışın yaddaşından əsir, həmin səsi gətirən nəfəs intonasiyanın daha qabarıq nəzərə çarpmasına şərait yaradır...
Bir-birindən bu qədər fərqlənən iki orijinal şairi, iki yaxın dostu birləşdirən cəhətlər də yox deyildi: hər ikisi redaktor kimi bədii mətnin dəyərləndirilməsində amansız və güzəştsiz idilər. İsa İsmayılzadənin qardaşı belə ona kiminsə şeirlərini gətirə və çapı üçün köməklik istəyə bilməzdi. Ələkbər Salahzadə inanmadığı mətni, məqaləni çap eləməzdi. Ələkbər və İsa başqalarının min bir «fokusla» tutub saxlamaq istədikləıri təsvir, metafora məqamlarından qaçırdılar; hər ikisi ürəklərinə gələn (daman...) mətnlərin içində yaşayırdılar.

Məqsəd nə idi? Özünü orada son damlasına qədər əridib vaxt vadisində əsrlərin qızıl tozundan mənalar emal etmək...

Paraselsin qızılgülü misalı...
 
 
 
 
Müəllif: Cavanşir Yusifli
Mənbə: edebiyyatqazeti.az

0 şərh