Dekadans labirintində gəzişmələr

Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə — çevrədən kənarda)
A.Rembo şair üçün birinci vacib şərti öz dövrünün moderni olmaqda görürdü. Bu formal şərti günümüzün modernizm fotoapartları ilə görüntülədikdə də pikselinin azalmadığını, modernizm bərzəxi olan meta aralığına keçidetmədə daha da yüksəldiyini görmək asandır.
Hiss və duyğuların ifadəsindən yaranan mənzərənin modern çərçivələməyə poetik genişliyindən deyil, mənşə və görüntü eyniliyindən sığışmaması üsulun köhnəldiyinin göstəricisinə çevrilir. Üstəlik emosional qarışıqlığa daxil olan, pessimist qayğılar da öz qara pərdəsini çəkməyə başlayır ki, poetik səhnə genişliyinin yalnız yarısını örtə bilən bu pərdə çəkilərkən pessimistliyin sərgisi halını alır. Kölgə simmetriyasını düzgün işləməmək mütləq ki bəzi poetik ünsürlərin həm görmə, həm də görünmə bucağını örtür.

Sentimental konsepsiyalara müəllifin əsas tərəf kimi müdaxilələri quruluşun ifrat sentimentləşməsinə gətirib çıxarır. Mənliyin — şüurun müşahidəsi yerinə, mətn üzərində duyğulara edilən poetik müdaxilələr əvvəlcə şüurda baş verdiyindən, ilkin düşüncədə konseptuallıq paradoksla yekunlaşır. Lakin vizual da olsa, mülahizənin məntiq sonluğunun görüntüsünü də məhz bu paradoks gətirir.
Əlbəttə ki, ezoterik duyğu idarə edilməsindən söhbət getmir. Sadəcə bu amillər belə mətnlərə (körpü məqsədi ilə) bir qədər psixoloji prizmadan baxmağın da zəruriliyini yaradır. Psixi fəallığın zəifləməsi səbəbindən yaranan ruhi qarışıqlığı — depressiyanı, duyğu qarmaşasını birbaşa mətn təhlili ilə əlaqələndirmək doğru olmasa da, bunları oxşar ədəbi müstəviyə — dekadentizmə keçirtmək, dekadans üzərindən təhlil etmək daha məqsədəuyğundur.
Dekadans ruhun çöküşüdür. Dekadentizm isə XIX əsrin ortalarında Fransada yaranmış istiqamətdir. Rus tənqidçisi V.V.Stasov "Şeir aləminin sərgisindən” adlı məqaləsində dekadentlərin fransız səmiyyətinin müasir durumuna müxalif olmalarını, onların poeziyasının xarakterik xüsusiyyətinin – aydın olmamaq, qeyri-müəyyənlik, yalnız ürəyin hərəkətinə və həssaslığına aid olan sirli suallara can atma nəticəsində yaranan mistisizm olduğunu qeyd edir. Doğrusu, dekadentizmin bəzi xüsusiyyətləri sentimentalizmlə müqayisədə yazının mahiyyətinə sözün hər iki mənasında fransız qalır. Lakin ənənəvi sentimentalizm prizmasındansa, dekadentizmin dekandansı təhlil üçün daha səmərəlidir. Çünki birbaşa duyğunu əhatə edən sentimentalizmin rasionallığa qarşı olan inkarlığı əksər hallarda yalnız iki yolun ayrıldığı kimi təzahür edir:
«Ya olum, ya ölüm» — hökmü verilir, çəkic vurulur. Və izahlar, şərhlər, interpretasiyalar məhkumdur. Səbəb?!
Səbəb sadədir, «fərqli baxış»ın ancaq təxəyyül qırıntılarından oluşması, maksimal minimalistliklə bəsit lakonikliyin (eləcə də bəsit maksimallığın) qarışdırılması — dörd ayaqlı və üç ayaqlı masa təmsili. Üç ayaqlı masanın üçbucaq qrafikli ayaqları sayəsində yırğalanmaması...

Labirintdə birinci tərəf — Cəlil Cavanşir poeziyası. (Duyğu və hiss arasında.)
Cəlil Cavanşirin şeirlərinin əksəriyyətinin ilkin, səthi qatı duyğu və hiss arasında gediş-gəlişin yaratdığı problematik pərakəndəliyin təzahürüdür. Sentimentallıq və həssaslıq (qarışdırmayaq) arakəsmələrində bir ayağı orda, bir ayağı burda olan poeziyanın əsasən sentimentallıq fonunda görünməsi, daha doğru desək, poeziyadan daha çox fərdi insan kimliyinin ön planda olması, qara pərdənin poetik səhnə göstərisinin önünə çəkilməsi, «sentiment» kölgəsində qalan poeziyanın gün işığına həsrət qalmasından yaranır. Ceymsonluq etsək, belə də deyə bilərik:
Bir ayaqları ilə yeniyə can atır, o biri ilə isə keçmişdən yapışıb qalır. Aid olduğu məkanı axtarır.
Cəlil Cavanşirin hadisələrdən hisslərə, hisslərdən duyğulara, duyğulardan xatirələrə, xatirələrdən poeziyaya çevirmək istədiyi mətnlərin əksər hallarda xatirələrdən «xatirə dəftəri»nə çevrilməsi də bu arada qalmanın nəticəsidir.
«Xatirə dəftər»i qroteks, tənqidi səslənsə də, işin tənqidi tərəfi ilə bərabər bu ifadə seçiminin kiçik bir səbəbi də şeirlərin həssaslıqla əhatələnən səmimilikdir. Lakin nə qədər səmimilik olsa belə, sentimentalizm üzərindən baxış zamanı rasionallıq dərhal çəkici qaldırmağa hazırlaşır...

Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə
— çevrədən kənarda)
Masanın yırğalanmamasının səbəbi dekadansın ruh çöküşündən istiqamət götürərək ideoloji altqata — üç ayağa çevrilməsidir. Sentimental mənzərəyə içəridən deyil də, kənardan baxa bilmək. Duyğu və hissin, sentimentallıq və həssaslığın ipləri barmaqlara bağlanır. Xaos üzərində rejissora dönüşüm baş verir. Əks halda duyğuların birbaşa təqlidi tədricən səmimilik sferasından kənara çıxır...

Labirintdə ikinci tərəf — Cəlil Cavanşir poeziyası (realizm və pessimizm arasında)
Pessimizm və realizm arasında olan incə xətt Cəlil Cavanşirin şeirlərində qırıq-qırıq xətt halını alır. Bu qırıq boşluqlar səbəbindən realistik görmələr pessimist duyğuların arxa planında qalır. Problem təkcə bu arxa planda qalmaqla bitməyib təkrarlaşan estetik və poetik görkəmlər yaradır ki, bu görkəmlər poeziyanın üzərinə belə geyindirildikdə mahiyyətini formaya təhvil verir.
Sərhədlərin qeyri-müəyyənliyi səbəbindən realizm və pessimizm sərhədlərinin üzərində qara günəş, üfüqündə yoxa çıxan isə müəllif olur...

Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə — çevrədən kənarda)
Sferadan kənara çıxan nüanslar olsa da, hadisələrin görünməyən bir tərəfi də var ki, bu da xaosların arxasında boylanmağa çalışan poeziyanın varlığıdır. Sadəcə şüur müşahidəsinin, dekandetizmlə desək, ruh müşahidəsinin müəlliflikdən kənar və ya «kölgəli» yerinə yetirilməsi ilkin baxışı öz tərəfinə, poeziyanın varlığı isə ikinci müşahidəni öz arxasınca çəkməyə çalışır...

Labirintdə birinci tərəf — Cəlil Cavanşir poeziyası. (Duyğu və hiss arasında.)
Səmimiliyin dəyişilmədən mətnə çevrilməsi — dağınıqlar, ixtiyarı və qeyri — ixtiyari pastişlə insan duyğularının xətlərsiz təsviri. Bu xətsizlik fotoqrafiyadakı neytrallaşdırma zamanı əsas göstəricilərdən sayılan «xətt inkarı» deyil. Əksinə qayğılardan və həssaslıqdan götürülən xətsizlikdir -  göy üzüdür. Bəzən tutqun, bəzən açılmağa çalışan göy üzü.

Labirintdə ikinci tərəf — Cəlil Cavanşir poeziyası (realizm və pessimizm arasında)
Müəllif üfüqdə yoxa çıxaraq öz həqiqətlərini görünəndə saxlamağa çalışır. Bu həqiqətlər artıq pessimizm olsa belə, şairin realizminə çevrilir. Və realizmdən götürülən — yaşanan hadisələrdən çıxarılan nəticələr  oxucuya poetik cəhdlə, «məsləhət» verirmişcəsinə çatdırılır.
Və izahlar, şərhlər, interpretasiyalar azaddır!
Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə — çevrədən kənarda)

«Elə bilirsən ki, bir-iki damcı göz yaşı məni üzəcək?
Dostum, hər sehrbaz ürəyində praqmatikdir;
Öz sərhədləri ilə üzləşməyənlər mahiyyəti anlaya bilməz...»
                                                                                                                                               (Luiza Qlük)


Müəllif: Rauf Ra
Mənbə: yarpaq.az

0 şərh