Rəssam

Bir vaxt sorardılar mənə uşaqkən:
«Nə olmaq istərsən böyük olanda?»
Bəlkə olduğundan sual çox erkən -
Mən cavab verərdim nə gəldi onda.

Bir gün bənna idim, bir gün kosmonavt.
Mühəndis olurdum bəzi günləri.
Artıq bu suala şərh verib həyat-
Ay sual soranlar, hardasız indi?

Hara getmisiniz, sual soranlar?
Yenə də soruşun sualı məndən.
Bizlərə dərs verir həyat zamanla.
İndi soruşsanız — «rəssam» deyərəm.

Bir pozan istərəm, bir də ki fırça.
Kətansa — həyatın elə özüdür.
Elə hey çəkərdim, bəlkə, doyunca.
«Doyunca»? — Həyatdan doymaq olur ki?

Bir çörək çəkərdim uşaq əlində -
Gecələr küçədə ac dilənməsin.
Al kəmər çəkərdim bir qız belində - 
Cəbhədən ər gəlsin, şəhid gəlməsin.

Ay ata, ay ana, zəm-zəm dadında
Bizə su verdiniz — dərd içə-içə.
Bizi yaşadarkən ağ gün çağında,
Olub saçınızda ağ dən iç-içə.

Saçınız ağarıb sizə sormadan.
Bəlkə də artacaq yenə qırışlar.
Bir nəhəng buludu çəkim səmada - 
Saçdan ağı yuyan yağsın yağışlar.

Bir pozan tapardım, pozsun qırışı.
Alında qalmasın kədər izləri.
Pozum Xocalıda güllə yağışın,
Pozum hər mərmini, hər gilizləri.

Bir nəvə çəkərdim nənə dizində.
Bir nağıl çəkərdim heç vaxt bitməsin.
İnadla pozardım — Gəncə düzündə
Zülmətlər gətirən payız gecəsin.

Çox çətin bir işdir dərdləri pozmaq:
Dərdi unutmadan çayı keçərdim.
Məzarla qartopu oynayan uşaq,
Sənə gülləkeçməz ata çəkərdim.

Ay sual soranlar, soruşun yenə.
Çətin ki, kiməsə əlac yazardım.
Bəlkə də gizlincə gedib Göylərə,
Təkcə alma bitən ağac pozardım.


Cavidan Hacıyev

2 şərh

pascal
Əla. Xoşuma gəldi.
Mənalı, eyni zamanda maraqlı — sanki hekayə oxudum. 
Təşəkkür.
CavidanNIK
Təşəkkür edirəm xoş sözləriniz üçün