Dərsə gedən bir uşaq

Şəhid Elnur Məhərrəmovun əziz xatirəsinə

Dərsə gedən bir uşaq
Ali məktəbə girdi.
O, gələcək quracaq: 
Evdəkilər sevindi.
 
Dərsə gedən bir uşaq
Oxuyur ödənişli.
Kirə, təhsil, ac qalmaq -
Evə necə deməli?
 
Dərsə gedən bir uşaq
Dözməyib bu təzyiqə.
Təhsili donduraraq,
Geri qayıtdı evə.
 
Dərsə gedən bir uşaq
Getdi səngərə sarı.
Düşməndən qoruyacaq
Evində yatanları.
 
Bapbalaca bir əsgər
Bir vaxt dərsə gedərdi.
Kredit ödənməsə,
Oxumaq da hədərdi.
 
Bapbalaca bir əsgər
Odlu silah əlində.
Təhsili oldu hədər - 
«Belə yaxşı, bəlkə də» - 
 
Deyir özünə tez-tez.
Gələcəyə ümidli.
Əsgərin dostu — giliz,
Dərdi — ev həsrətidir.
 
Bəlkə istədiyi var? - 
Hələ gizlədir evdən?
Bəlkə qurur xəyallar?...
Güllə dəydi gəfildən.
 
Və son… o, öldü belə.
Yenə yağır gözyaşı.
Azaldı bir tələbə:
Çoxaldı bir baş daşı.
 
Görən hansı haləttə
Bu ölümlə barışaq?
Dərsə gedir Cənnətdə,
Dərsə gedən bir uşaq.

Cavidan Hacıyev
 

0 şərh