Qara paltarlı qadın I Ramiz Rövşən

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

UPD. YAvər Hüseynbəylinin ifasında Ramiz Rövşənin Qara Paltarlı qadın şeirinin videosu

5 şərh

ayxansevda
düşündürücü şeirdi. həm ölümü yada salır, həm də əzizlərimizi vaxtında sevdiyimizi söyləməyi
2ral
Bu şeiri Azərbaycanda bir nəfərdən yaxşı heç kim deyə bilməz. Onun adı İlhamdır. Avazlı səsiylə Ramiz Rövşənin bu şeirniə qulaq asanda insan bütün qadınlara hörmət etmək istəyir.
bahar
Nədənsə bəzi kişilər,həmçinin qadınlar yaşlandıqdan sonra bir-birlərinin qədrini bilirlər.
«Oturanda da deyirlər ki, Allah məni ondan qabaq öldürsün.»
Responsible
Şeiri birinci özüm oxudum sonra ifadəli oxunuşuna qulaq asdım. Fərq var idi :). Həqiqətən xoşuma gəldi. Ən çox isə sondakı «Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...» bu ifadə ilə gözəl sonluq olub. Təşəkkür.
rustam_aLiyev
ümumiyətlə gözzəl...mənə cox təsir elir bu yazılar ((