Payiz Ömrüm I Aynurə Həsənova

Qəlbimdə həsrətin çiçək açacaq
Gözümdə surətin göyərəcəkdi.
Budağı qırılmış bir ağac kimi
Pöhrəsi yenidən cücərəcəkdi.


Qəlbimdə saralmış bir xəzan yeri
Ömrün bahar payı, bir qış payı var.
Kiminin ömründə bir sevinc fəsli.
Kiminin ömürlük qarğış payı var.

Ünvanı səhv saldıq bəzən ikimiz
Bəzən bilə-bilə biz bunu etdik.
Ürəkdə bir həsrət, bir hicran yeri
Bir nifrət heykəli ucalda bildik

Yolunu dəyişdin sən bilə-bilə
Mən də başqalaşıb başqası oldum.
Sən payız ömrümdə bir xəzan yeli
Mən xəzan ömrünün laylası oldum

Yazda çox budaqlar qol-budaq açır,
Qəlbin ağac boyda sevgi həvəsi.
Torpağa kök atmış gövdələr kimi
Qəlbin boy atmamış nərilti səsi.

Ömrümə xəzan da yarpaqlar tökdü.
Həsrət tikə-tikə doğradı məni.
Nifrət bir dağ oldu yolumun üstə
Sənə qovuşmağa qoymadı məni.

Kövrək xatirələr yada düşəndə,
Ürək də bulud tək dola bilərmiş.
Bir ilıq nəfəsdən cücərən çiçək
Ömrün payızında sola bilərmiş.

Bir payız fəslində bir yarpaq kimi,
Düşüb budağından qurumaq olur.
Payız yarpaq - yarpaq saraltdı məni
Sarala - sarala yaşamaq olur..
 

1 şərh

magamedshafiq

Eladir, xoshuma geldi!Uqurlar!