Qara dastan I Almas İldırım

Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını.
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozkır çayları,

Saxlar içdən gizli ümid, güman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda dügün-dəmək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey...
Qoca Türkün düşdüyü dərd yaman hey...
Dağda-dağa çarpıb getmiş doğanlar,
Qayalara iz buraxmış al qanlar,
Ordulara buyruq verməz ilanlar,
Harda qalmış sədlər yıxan fərman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Qazan, Başqurd batmış, Kırım sürülmüş,
Mənim babam, gözlü yarım sürülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Türk elləri bir-birinə yadlanır,
Qazax, Qırğız, Türkmən,Özbək adlanır,
Azəri Türk yanır, içdən odlanır,
Ana yurdun içdən halı duman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Orxon çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amudərya, duyulmaz
Bu dəryada qalmamışdır dərman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Xəzər coşar, xəbər salar Kürünə,
Axar gedər, Kür sürünə-sürünə,
İdil ağlar, Altun Ordu yerinə,
Aral kəndi varlığından peşman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?!
Nərdə böyük Vətən, nərdə Turan hey?!

0 şərh