Bəhanəsiz get I Nüsrət Kəsəmənli

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.


Yollar tək döşənib ayaqlarına,
Sənə yalvarımmı? Bu mümkün deyil
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil...
Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm,qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən, nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin, deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə



4 şərh

bahar
Elə şeirlər var ki,onları emosiyasız oxumaq olmur.Bu şeir,o şeirlərdəndi
soni_memmedzade
Çox duyğulandım.:(
Senan_Deniz
Bu sheirler var olduqca, cetin ki yasadigimiz sevgimiz unudula!  Amma eslinde bu seirler behanedir nelerise xatirlamaq ucun.