Nədir? (Əliağa Vahid)

Naz edir bülbülə gül bir belə-mənası nədir?
Bülbülün bəs gülü sevməkdə təmənnası nədir?

Aşiq hər cövrə dözər, bəlkə də bir hikməti var?!
Bu işin fikr elə gör əsl müəmması nədir?

Öldürür, gündə dirildir məni öz cananım,
Keçmişin indi mənə möcüzi- İsası nədir?

Bülbülün ki, bu qədər naləsi dünyanı tutur,
Kimsə bilmir hələ qəlbindəki sövdası nədir?

Mən olan yerdə mənim tək ola bilməz Məcnun,
Sən olan yerdə onun sevdiyi Leylası nədir?

Qoyma incitsin ipək köynək o nazik bədənin,
Hanı güldə bu lətafət? Onun əzası nədir?

Sən də, Vahid, vətənin güllərin aşiqisən,
Sən ki , varsan, çəmənin bülbülü-şeydası nədir?

 

 

0 şərh