Murad Köhnəqalanın şeirləri

Menyu

Döyməkabab, söyməkabab
Əyməkabab, uymakabab
Ciyərkabab, xiyarkabab
Cigərkabab, digərkabab
Şairkabab, anarkabab
Nazirkabab, nəzirkabab
Deputatkabab, debilkabab
Laçınkabab, Şuşakabab
Rəiskabab, rəzilkabab
Cəbhəkabab, Müsavatkabab
AMİPkabab, YAPkabab
MTNkabab, BABkabab
Demokratkabab, liberalkabab
Vətənkabab, gödənkabab
Bir də… arnamuskabab.

Zoolama

Yenə çıxdım şəhərə bir zoohəvəslə.
İnsanlar axışır zooehtirasla
bir-birinin arxasıyla baxışır
zooetirazla, zooehtirasla.
Ax, pulum olsaydı
borcunu qaytarardım o zookafenin
o zooküçədən rahat keçərdim.
Ax, heç çaypulum da yoxdu,
zoocibim boşdu
Bir zoodost çıxsaydı
cibində də pul
gedib çay içərdik zooçayxanada
oturub söyərdik bu zoohökuməti
Ax, zootəhqir olunuram mən hər gün
Ax oğraş olmadan yaşadım bu qədər
Ax, zooməzələndilər mənimlə
yetər yəqin ki,
Ax necə qaçmaq olar bu zooməmləkətdən
Allah insaf versin bu zooğallara!

zoofiliya-heyvan sevgisi

yanvar 2004

Milli Məclis

Azəri xalqını əmmamələməlimi
yoxsa əmmamələməməlimi…?
Bəlkə əllaməliyək
Bəlkə əllatliyək
Bəlkə əllabələyək
Bəlkə əmmaşəlləyək
Bəlkə əmmahelləyək
Doxsan faiz lehinə,
buleyli,
On faiz əleyhinə
Buleyli
Ay buleyli, buleyli, buleyli…!

Metro

Eskalatorda enərkən
uşaqların əlindən tutun
uşaqlar da sizin əlinizdən tutsun.
Hara getdiyinizi bilirsinizmi?
Evdən niyə çıxdınız
yadınızdamı?
İşsizlik yağır təbəssümünüzdən
Metro kömür mədəni deyil
siz də şaxtaçı deyilsiniz
Yer altında nə işiniz var?
Eskalatordan enərkən
lampalara əl vurmayın.
Çörəkpulu varmı cibinizdə?
Eskalatordan enərkən
burnunuzun içərsində iməcilik qurmayın
keçən qızlara göz vurmayın
baxmayın qafiyəli də olsa…
Eskalatorda qalxarkən
mitinq keçirməyin könlünüzdə
polislər baxır
Sağında dayanın eskalatorun.
Axşam evə kartof almalısan
Pulun varmı?
Ağır şeylər düşünməyin
kövrəkdi eskalatorun rezin kəməri…

Təsbeh ilə

Əlbir olub bir ayı bir şir ilə
bezdirdilər bir sevən orğlanı
tənbeh ilə tənbeh ilə tənbeh ilə

Əlbir olub həmin ayı o şir ilə
tutdurdular o gözəl oğlanı
təşbeh ilə təşbeh ilə təşbeh ilə

Əlbir olub yenə o ayı o şir ilə
öldürdülər həmin o lazımlı oğlanı
təsbeh ilə təsbeh ilə təsbeh ilə
tənbeh ilə təşbeh ilə təsbeh ilə

hamı xorla oxusun:
tənbeh ilə tənbeh ilə tənbeh ilə
təşbeh ilə təşbeh ilə təşbeh ilə
təsbeh ilə təsbeh ilə təsbeh ilə

bir də xorla oxuyaq:
tənbeh ilə təşbeh ilə təsbeh ilə

P.S. də unutmayaq:
Əlbir olub həmin o ayı o şir ilə
yaşayırlar hələ də… təsbeh ilə

Hər şey

Sürətnən qocalır hər şey
divarın dibində qəlyan çəkən
bayatı haqqı!
And olsun tramvayın məftilinə
and olsun muftasına
and olsun şiələrin mollasına
sünnilərin müftisinə
köhnəlir hər şey
yeyilir
geyilir
dəyişir hər şey
deşilir hər şey
keçən əsrin poçt qutusunun əziz canıyçün
köhnəlir dəyişir hər şey
and olsun köhnə məktublara
ali məktəblərə
and olsun kəsr əməllərinə
Nyutonun qanunları haqqı
sinif rəhbərimizin canıyçün
köhnəlir hər şey
and olsun kommunist atamın
parlaq əqidəsinə
and olsun pioner qalstukuma
and olsun orta məktəbə
sovxoz üçün yığdığımız üzümlərə
özüm ölüm
İmam Hüseyn haqqı
hər şey elektron sürətilə qocalır
partiyamızın tək başıyçün
Mendeleyev cədvəlinin cəddi haqqı
and olsun Füzulinin şah beytinə
köhnəlir qocalır hər şey…

Nə deyəsi idim, yadımdan çıxdı.

Ziyarət

Məkkəyə gedirsən ziyarətə
Cəhənnəmə,
gedirsən ziyarətə
Ziyarət ziyafət deyil
Ayağı aç
qarnı yalın
cocuq var nə qədər
zarafat deyil

Məkkəyə getmirsən
Sən məzhəkəyə gedirsən

Mənim ağzım əyilməz
Sənin ağlın əyilib

Səccadəyə qul olunca
Get bir yetimin saçını öp
Ərəbin daşını öpüncə
Xəritədə Laçını öp!

Həmçinin bax:

3 şərh

burla xatun
Mendeleyev cədvəlinin cəddi haqqı-super!
Ferbara
:)) Maraqlı inancınız var.
Responsible
Sinif rəhbərimizin canıyçün :)