Tək Olanda...

Tək qalmaq istərəm,
Tək qalmaq, hərdən.
Özümə çəkiləm bayquşdan betər:
Dartmalar, didmələr,deyinmələrdən
Qulağım dolubdur,
daşıbdı, yetər...
Sanaram bir axşam düşüncəm duru,
Gör necə çırpınıb necələnmişəm.
Bir də görürəm ki, üz-üzə durub
Mən Özüm özümdə neçələnmişəm.
Ələnər başıma min sual-yağış,
Sualkeş də mənəm,
Cavabkeş də mən.
Bəzərəm Xəyyamlar cavab tapmamış
İdrak «neyçinlər»i, «niyələr»ındən.
Çiynimdə on yüngül yük olanda da
Sığmır- fikirlərim bir qəlbə, vallah...
Tək ola bilmirəm tək olanda da,
Qərib insanam,
Qəribə, vallah…
Müəllif: Məmməd Araz

1 şərh

kentavr
Əla.bəyəndim! Bəzən tək qalmaq belə (iç dünyanla) çətin və əlçatmaz olur.Naile xanıma tesekkürlər!