Yolüstü söhbət


- Görən yenə Şuşanın bal dadırmı havası?
- Tərtərin nəğməsinə görən kim qulaq asır?
- El gedəndən Həkəri necə boğur hirsini?
- Yazılı daşlarımız kimə verir dərsini?
- Bizləri unutdumu görən Göyçə, Zəngəzur?
- Təbriz niyə danışmır, Ərdəbil niyə susur?
- Bu ehkam dağılanda qatmazlar ki aranı?
- Nə qədər vaxt gərəkdi sağaldaq bu yaranı?
…Hər sözün başı sual, hər sualın sonu qəm,
Bu qəmlərin ardından qəmsiz səhər görürəm!
Deyirsən bitəcəkmi bu ağrılar?
- Bitəcək!
Ömrümüz o günlərə yetəcəkmi?
- Yetəcək!
Ovacağıq Şuşada düşmənlərin burnunu,
Erməni kimdi türkün sındıra qürurunu?!
Bu da rusun fitvası? bu da bir sirdi olub,
Yoxsa o bizi yensin?
Hansı əsrdə olub?
Bu köç geri dönəcək, səfərdən dönən kimi,
Dağlar da dikələcək ruhumuz dinən kimi!
Qurulacaq Qarabağ əzəlkindən daha şən!
Bərdədən Göyçəyəcən!..
Sağalacaq yaralar olsa nə qədər dərin,
Belini dikəldəcək qocaman Xudafərin.
Ağdamın ağ damları,
Qızılgül hasarları,
Kəlbəcər yaylaqları,
Ala göllər üstündə
Sazın coşan çağları.
Hər bulağın üstündə uzanan məclisimiz,
İşıqlı dağınacan işıq saçan izimiz,
Türbələr, qurbangahlar,
Didərgin ruhlarımız,
Sərvətimiz, varımız...
Üç çadırlı obadan min evli kəndlərəcən,
Kağız üstə yarımçıq cızılan bəndlərəcən,
İlxıların atından sürünün itinəcən,
Həkəri balığından Murovun südünəcən
Hər şey dönəcək geri, tutacaq öz yerini,
Elimiz unudacaq bu sınıq günlərini.
Dağlara ruh gələcək - Şikəstədən, Muğamdan,
Farsın, rusun əlini üzəcəyəm yaxamdan...
Başını dikəldəcək yurdumda əlli milyon!
Bu birlik türküsünü qitələr eşidəcək.
Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə
Əngəlsiz, maniəsiz yollarım çəkiləcək...
Sümüyə dirənibsə əsarət bıçaqları,
Qapımın ağzındadır, demək, xoşbəxt çağlarım!
Tarix qatarlarını saxlamaz öz yolundan
Kiminsə doğuluşu, kiminsə öləcəyi,
Azərbaycan içində sınmazdır diqqətlə bax!
Xalqın ruhu bütövsə –bütövdür gələcəyi!

Sabir Rüstəmxanlı
 

0 şərh