Anamgildədir/Qasım Qasımzadə

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
"Aləm bir yanadır, o bir yanadır".
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.
 

5 şərh

umud600
Bir gün peyğəmbərimizin (s.ə. v. ) yanına birisi gələrək dedi:
— Ya Rəsulallah! İzin versəniz Sizinlə bərabər cihada çıxaram.
— Anan — atan varmı?
— Bəli, var.
— Onların yanında qal. Sənin cihadın onlara xidmət etməkdir.
cahandar
Allah hər birimizin Valideyinlərinə can sağlığı versin.Olmayanlarınınkına Allah rəhmət etsin!!!!Valideyin istər bu dünyada olsun istər o düntada hər zaman balasının qayğısına qalır.Öz anamın timsalında baş əyirəm bütün Anaların qarşısında.Xanım Anaların qarşısında!!!
bahar

Amin.Allah onların xeyir duaların bizim üzərimizdən əksik eləməsin!


Bu şeir Könül Xasıyevanın ifasında daha gözəldi.

Arzt
Təşəkkürlər. Allah bizə valideynlərimizə layiqli övlad olmağı qismət etsin.Amin.
kentavr
Ata-analarimizin eziyyeti itmesin Isaallah!Qedirleri bilinsin!
Evden kenarda olduqca valideynlere zeng edin,savabiniz artsin!