Nüsrət Kəsəmənli ׀ Sən demə təzədən sevmək olarmış..

Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.

Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?

Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova..
Ya da sən qovasan
O səndən qaça...

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
 
Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan?!
Sən demə hər zaman sevmək olarmış...
 

4 şərh

soni_memmedzade
İnsanın təkrar sevməsi.....Rəna maraqlıdır.Əladır.təşəkkürlər paylaşdığınçün.
Rene

Şəxsi təcrübəmdən keçirməsəm də təzədən sevməyin mümkünlüyünə inanıram, düzgün insana rastlayandan sonra niyə də olmasın ki..

soni_memmedzade
Əgər sevibsə heç də onunçün səhv seçim olduğunu düşünürəm.düzgün seçim deyəndə də sevgisini unutmaqçün əvəz edə bilər.Amma o hisslər nə qədər də istəsə saxtalığını bildirəcək.
rezerv

Sevənlər hər zaman yesir düşübdür.
İradən könlümə əsir düşübdür,
Axı aramıza nə sirr düşübdür?
Neyləyim küsülü qala bilmirəm.
                             Nürsrət Kəsəmənli.

Əvvəlki kimi də olmasa yenidən sevmək olar, məncə.