Cinas bayatılar

Əzizim, sərin ayaz,
Göy bulud, sərin ayaz.
Dosta gələn qadanı
Düşmənin sərinə yaz

Əzizim, kasad olmaz
Mərd əli kasad olmaz
Yüz namərdin çörəyin,
Doğrasan, kasa dolmaz.

Mən aşiqəm, yad üzə,
Ya çəmənə, ya düzə.
Sənsən ömrüm qönçəsi,
Qoyarammı yad üzə.

Mən aşiq incə belə,
Ay belə, incə belə
Qulpun sınsın,ay səhəng,
Minibsən incə belə.

Eləmi, yara dəydi,
Dəymədim,yara dəydi
Dilim-ağzım qurusun,
Nə dedim,yara dəydi?

Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi.
Nəyə desən, and içim:
Bu qəlb o qəlbiləndi.

Əzizinəm, yad əli,
Ya divanə, ya dəli.
Məşhərim o gün qopar,
Yara dəysə yad əli.

Eləmi, üzəsən can,
Zülfünü üzə sancan.
Biləsən dost vəfasın,
Yolunda üzəsən can.

Pərvanə oda yansın,
Od tutsun oda yansın,
Mən yandım yar ucundan,
Eşitsin, o da yansın.

Əzizim, gördü günü,
Ay doğdu, gördü günü.
Namərddə sirr əylənməz,
Mərd deməz gördüyünü.

Donum geydim bir üzdür,
Bir astardır, bir üzdür.
Üz qoydum üzün üsdə:
Görən desin bir üzdür.

Əziziyəm, yasa bax
Qara geymiş yasa bax.
Əzrayıla borclu can,
Ya bu gündü, ya sabah.

Əzizim, oda damı,
O bağı, o da damı.
Elə ki sən yandırdın,
Yandırmaz od adamı.

Əzizim, qız adamı,
Od yana qıza damı
Hər dərddən çox saraldar,
Bivəfa qız adamı.

Eləmi, yaxşı ata,
Pulun ver yaxşı ata.
Oğul bədəsil olsa,
Dərd çəkər yaxşı ata.

3 şərh

Ferbara
Nə qəşəng bayatılardı.
Sətirlərin arasını düzəldin. Elə bil gözlərini bərəldiblər. :)
_BUMERANQ_
Mən nəşr edəndə yaxşı idi, amma sonra belə oldu. bir də cəhd edirəm. İnşallah düzəldə bilərəm:)
kocharli
Təşəkkür edirəm.Maraqli bayatilardi.