VƏTƏNDƏN SORUŞ

Məni imtahana çəkdi təbiət,
yollarda bərkiyə-bərkiyə gəldim.
Könlümdə təsəlli, gözümdə ülfət,
bu dünya sərgidir, sərgiyə gəldim.

Taleyi kimiyə adi bir çomaq,
kimiyə qiymətli firuzə verdi.
Harda ki, dinmədim, susdum heç nahaq,
ağardı saçlarım, büruzə verdi.

Gördüm həyatımda kimsəsizliyi,
yaxşılıq axtarıb dadım pisliyi.
Göydə yox, yerdəki çəkisizliyi
eşidən nə bilir, görəndən soruş.

Mən tənha bir evdə həyata gəldim,
gəldiyim yolları piyada gəldim.
O qədər susdum ki, fəryada gəldim,
sevincin qədrini sən məndən soruş

Həyat, əzizimsən, sən mənimkisən,
sən məndən ötəri, həyat, ikisən.
Qalsam - kimliyimə cavabdehəm mən,
getsəm - kimliyimi vətəndən soruş.

Müəllif: Nəriman Həsənzadə.
 

0 şərh