Sən getdin - Afaq Şıxlı

Sən getdin… sənsizlik mənimlə qaldı,
Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin… könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, ötmək bilmədi...

Sən getdin… dəyişdi fəsillər bir-bir,
Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.

Sən getdin… kölgənə dönüm, istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyən dözüm istədim,
Qəmi damla-damla içə bilməyə.

Sən getdin… köksümdə bir eşq yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm taleyimdən.

Sən getdin… ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...

Sən getdin… əlimdən, söylə, nə gəlir?
Guya, bu yoxluğa alışdım mən də...
Amma ki, hər dəfə qəlbim titrəyir
Səsinə bənzəyən səs eşidəndə...

 
 
 

0 şərh