Bayatılar

El yatıb, gecə yarı,
gözlərəm gecə yarı.
Yar yarından kam alar
görüşsə gecəyarı.

Məst olandan səsindən,
uçuram həvəsimdən.
Kaş bir yol qızınaydım
yarın gül nəfəsindən.

Ay ömrümün bəzəyi,
ay könlümün istəyi.
Mənim gözümdə sənsən
yer üzünün mələyi.

Güldüm mərdi-məzara,
düşdüm dərdə, azara.
Odur ki,inanıram
daha gözə,nəzərə.

Dolmuşam yaşa sənsiz,
olmadım, haşa, sənsiz.
Mən ömrü yaşamadım,
yetirdim başa sənsiz.

Yol qırağı daş gərək,
daş-daşa yoldaş gərək.
Yaman gündə, xoş gündə
insana qardaş gərək.

Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008

0 şərh