Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Sonda olmur kəlmələr

Şeir yazımmı görən?
Şeir yazım bu gecə?
Görən vərəq neyləyər
Yenə məni görüncə?
 
Yazmıram nə zamandır:
Toz basıb vərəqləri.
Söz yox olur, amandır,
Kimsəsiz məzar kimi.
 
Məzartək söz yox olur.
Yollarda çıxır alaq.
Qəlblər kinlə doludur:
Şeir yox qalaq-qalaq.
 
Görən vərəq neyləyər?
Küsüb, ya da unudub.
Son dəfə mən gedəndən,
Sarılığa tutulub.
 
Şeir yazım görəsən? 
Şeir yazımmı incə?
Tənha sarı vərəqlə,
Dərdlərim, bir də gecə.
 
Bəlkə kimsə gülüncə,
Gülərsə təmənnasız,
Şeir doğar bu gecə.
Ammasız, intəhasız.
 
Gecə günəştək şeir?
Şəms ki doğmur gecələr.
Bəlkə hiss sona gedir? - 
Sonda olmur kəlmələr.


Cavidan Hacıyev

Davamı →

Mopassanın novellası: Boyunbağı

O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.
Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi.
Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.

Davamı →

Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı 10 maraqlı faktı

1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü”.

Davamı →

Rəssam

Bir vaxt sorardılar mənə uşaqkən:
«Nə olmaq istərsən böyük olanda?»
Bəlkə olduğundan sual çox erkən -
Mən cavab verərdim nə gəldi onda.

Bir gün bənna idim, bir gün kosmonavt.
Mühəndis olurdum bəzi günləri.
Artıq bu suala şərh verib həyat-
Ay sual soranlar, hardasız indi?

Hara getmisiniz, sual soranlar?
Yenə də soruşun sualı məndən.
Bizlərə dərs verir həyat zamanla.
İndi soruşsanız — «rəssam» deyərəm.

Bir pozan istərəm, bir də ki fırça.
Kətansa — həyatın elə özüdür.
Elə hey çəkərdim, bəlkə, doyunca.
«Doyunca»? — Həyatdan doymaq olur ki?

Bir çörək çəkərdim uşaq əlində -
Gecələr küçədə ac dilənməsin.
Al kəmər çəkərdim bir qız belində - 
Cəbhədən ər gəlsin, şəhid gəlməsin.

Ay ata, ay ana, zəm-zəm dadında
Bizə su verdiniz — dərd içə-içə.
Bizi yaşadarkən ağ gün çağında,
Olub saçınızda ağ dən iç-içə.

Saçınız ağarıb sizə sormadan.
Bəlkə də artacaq yenə qırışlar.
Bir nəhəng buludu çəkim səmada - 
Saçdan ağı yuyan yağsın yağışlar.

Bir pozan tapardım, pozsun qırışı.
Alında qalmasın kədər izləri.
Pozum Xocalıda güllə yağışın,
Pozum hər mərmini, hər gilizləri.

Bir nəvə çəkərdim nənə dizində.
Bir nağıl çəkərdim heç vaxt bitməsin.
İnadla pozardım — Gəncə düzündə
Zülmətlər gətirən payız gecəsin.

Çox çətin bir işdir dərdləri pozmaq:
Dərdi unutmadan çayı keçərdim.
Məzarla qartopu oynayan uşaq,
Sənə gülləkeçməz ata çəkərdim.

Ay sual soranlar, soruşun yenə.
Çətin ki, kiməsə əlac yazardım.
Bəlkə də gizlincə gedib Göylərə,
Təkcə alma bitən ağac pozardım.


Cavidan Hacıyev
Davamı →

Akutaqava Rünoske - Cəhənnəm iztirabları

Akutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.

Davamı →

Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →

Hər şeyə rəğmən yaşamaq – Südabə Ağabalayeva yazır

«Demək, mənim qismətimə Ayın qaranlıq tərəfi olmaq düşüb. Canımda işıqlı tərəfin həsrəti, mən qaranlığı yazıram, qaranlığı ağlayıram, qaranlıqdan çəkib çıxardıram dərdlərimi – misra-misra, bənd-bənd.İşıqlı tərəfi hamı görür, qaranlıq tərəfi görməyə can atanların isə, hələ zamanı gəlməyib.”
(F. Məmmədli)

Davamı →

Akif Abbasov– Əsirlərin dindirilməsi

“Samsundan başlanan yol” romanından
…General Fevzi Çakmak paşa qərargahın qarşısında dayanmışdı. Çətinliklərə baxmayaraq əsgərlərin fədakarlıq göstərmələri onu riqqətə gətirirdi. O, tabur komandiri olan bir leytenanta aralıdakı xəndəyi göstərib dedi:
– Görürsən, düşmən əsgəri orada ağacın arxasına yatıb bizimkiləri pulemyot atəşinə tutub. Çox təhlükəli nöqtədir. Atəş ara vermir. Gülləyə heyfi gəlmir. O atəş nöqtəsini susdurmaq lazımdır.

Davamı →

Mən bir termos şüşəsiyəm

Təsadüfən köhnə kitabların birində rast gəldiyim avtoqraf məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmışam… Amma sənə layiq söz tapa bilmirəm...”
Bu sözlər İsa İsmayılzadənin idi.
Bu sözlər də eləcə:
“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Davamı →

Geoloq ömrünün nəğmələri

Azərbaycan Respublikası Dövlət  Elm və Texnika Sənədləri Arxivində zəngin şəxsi fondu olan alimlərimizdən biri də geologiya-mineralogiya elmləri doktoru, professor, şair-publisist Hikmət Mahmudovdur. Şərəfli ömür yolunu, zəngin elmi axtarışlarını, bənzərsiz bədii yaradıcılığını əks etdirən sənədlər bunu deməyə əsas verir. Bu sənədlərlə tanışlıq Hikmət Mahmudovu daha yaxından və dərindən tanımağa imkan verir və mənəvi zənginliyindən, insani keyfiyyətlərindən zövq alırsan.

Davamı →