İki dünya müharibəsi arasında sovet xarici siyasəti

Sovet rejimi qurulduqdan sonra, 1918 — 1920-ci illərdə sovet xarici siyasətinin başlıca istiqamətini sovet hakimiyyətini yox etmək istəyən daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq və dünya kommunist inqilabi ideyasına ümid bəsləmək təşkil edirdi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə qurtardıqdan sonra Sovet dövləti öz beynəlxalq münasibətlərini qaydaya salmağa, tədricən dünya birliyinə daxil olmağa başladı. Bununla yanaşı, o dünya inqilabi hərəkatının mərkəzi olmaq ideyasından da əl çəkməmişdi. Bu ikililik xarakteri xarici siyasətdə də özünü göstərirdi. O, bir tərəfdən xarici ölkələrlə münasibətləri qaydaya salmağa, digər bir tərəfdən isə dünya inqilabının başlanması üçün kapitalizmin ziddiyyətlərindən istifadə etməyə çalışır, səy göstərirdi. O, bu sahədə dünya kommunist hərəkatından istifadə etmək niyyətində idi.
Ölkənin diplomatik, iqtisadi və ticarət blokadasını yarmaq məqsədilə nümayəndələrini Genuya konfransına göndərmiş Sovet hökuməti 1922-ci il aprelin 16-da Rapolloda Almaniya ilə müqavilə imzaladı. Bununla dünya birliyindən kənarlaşdırılmış Sovet Rusiyası və Almaniya diplomatik təcridedilmədən çıxdılar. Onların hər ikisi Versal sülhünü rədd etdilər. Bununla, Sovet Rusiyası ilə Almaniya arasında hərbi və iqtisadi əməkdaşlıq başladı. O, 1933-cü ilədək davam etmişdi.

Sovet hökuməti 1927-ci ildə İngiltərənin başladığı antisovet dalğasını dəf edərək bütün kapitalist ölkələri ilə əlaqələri genişləndirməyi davam etdirdi: 1925 — 1927-ci illərdə SSRİ Türkiyə, Almaniya, Litva, Əfqanıstan, İran və bir sıra ölkələrlə hücum etməmək və bitərəflik barədə müqavilələr imzaladı. 1927-ci ilin mayında o, Beynəlxalq iqtisadi konfransda iştirak etdi. Konfrans SSRİ ilə iqtisadi əməkdaşlıq etməyə tərəfdar çıxdı. 1928-ci ilin avqustunda SSRİ Kelloq-Brian paktına daxil oldu. Bununla o, Qərbin SSRİ-ni təkləmək siyasətinin qarşısını aldı. O, paktın təsdiq olunmasını gözləməyərək 1929-cu ilin fevralında onun vaxtından əvvəl həyata keçirilməsi barədə Latviya, Polşa, Rumıniya və Estoniya ilə Moskva protokolunu imzaladı. 1929-cu ildə Iran, Türkiyə və Litva protokola qoşuldular.

SSRİ 1929-cu ilin dekabrında Sovet-Çin münaqişəsini nizama saldı. 1929-cu ilin oktyabrında SSRİ ilə İngiltərə arasında diplomatik münasibətlər bərpa olundu. 1932-ci ildə Fransa ilə hücum etməmək barədə müqavilə imzalandı. Bu illərdə SSRİ ilə İngiltərə, İran, Latviya, Estoniya, Finlandiya, İtaliya, Türkiyə və Əfqanıstan arasında müxtəlif müqavilə və sazişlər imzalandı.
Beləliklə, SSRİ-ni təkləmək siyasəti boşa çıxdı.
Sovet dövləti və onun rəhbərliyi 30-cu illərin əvvəllərinə kimi xarici siyasətini bütün kapitalist dünyasına qarşı durmaq, kapitalist əhatəsində qalmaq və «imperialist» dövlətlərin istədiyi vaxt SSRİ-yə hücum edəcəyinin gözlənildiyi üzərində kökləmişdi.

1933-cü ilin ikinci yarısından sovet rəhbərliyi hələ 1919 1920-ci illərdə həqiqət kimi qəbul etdiyi «beynəlxalq gərginliyin hər cür güclənməsi» SSRİ-nin xeyrinədir, beynəlxalq siyasi sabitliyin hər bir addımı isə ona mənfi təsir göstərir" sovet xarici siyasət konsepsiyasından əl çəkməyə məcbur oldu. 1933-cü ilin yayında sovet-alman münasibətlərinin pisləşməsi sovet rəhbərliyinin xarici siyasət yönümünün dəyişdirilməsində ilk addım oldu. «Rapallo ruhu» dəfn olundu. 1933-cü ilin axırından sovet xarici siyasətində yeni istiqamət — geniş miqyaslı əlaqələr yaratmaq xetti götürüldü.

1933-cü ilin sonu — 1936-cı ilin başlanğıcında bu «yeni xətt» sovet xarici siyasətində müəyyən nailiyyətlər əldə edilməsinə imkan verdi. 1933-cü ilin noyabrında ABŞ SSRİ-ni tanıdı və onunla diplomatik əlaqəyə girdi. 1934-cü ilin iyununda Çexoslovakiya və Rumıniya Sovet Birliyini tanıdı. Həmin ilin sentyabrında SSRİ Millətlər Cəmiyyətinə qəbul olundu. Bununla, hələ 16 il əvvəl kənarlaşdırıldığı dünya birliyinə qaytarıldı. O, Millətlər Cəmiyyəti tribunasından öz məqsədləri üçün istifadə etməyə başladı. 1935-ci ildə Fransa və Çexoslovakiya ilə qarşılıqlı yardım barədə müqavilələr imzaladı. Sovet diplomatiyası bunu kapitalist dövlətlərinin vahid antisovet cəbhəsinin yarılması kimi qiymətləndirirdi.
SSRİ 1936 — 1938-ci illərdə İspaniyanın daxili işlərinə qarışaraq Frankonun faşist xuntasına qarşı mübarizədə respublikaçılara hərbi kadr və texnika sahəsində fəal yardım göstərdi.
1927 — 1932-ci illər Sovet birliyinin ümumi tərksilah uğrunda mübarizəsi ilə də səciyyələnir. 1928-ci ildə sovet nümayəndəliyi Cenevrədə silahlanmanın azaldılması və məhdudlaşdırılması üzrə Komissiyada silahlanmanı azaltmaq barədə layihə təqdim etdi. 1933-cü ilin fevralında tərksilah üzrə Beynəlxalq konfransa təcavüzkarı müəyyən etmək barədə bəyanat layihəsi verdi. 1933cü ilin yayında SSRİ Estoniya, Latviya, Polşa, Rumıniya, Türkiyə, İran, Əfqanıstan, Çexoslovakiya, Yuqoslaviya və Litva ilə təcavüzkarı müəyyən etmək barədə konvensiya imzaladı.
1936-cı ilin martında SSRİ ilə Çin arasında qarşılıqlı yardım haqqında müqavilə imzaladı. 1939-cu ilin aprel-avqust aylarında təcavüzkara qarşı birgə çıxış etmək barədə SSRİ, İngiltərə və Fransa danışıqları aparıldı. Lakin nəticəsiz qaldı.

30-cu illərdə sovet xarici siyasətini səciyyələndirən cəhətlərdən biri də liberal-demokratizm və faşizm qüvvələri arasında manevr etmək xətti yeritməkdən ibarət idi. O, 30-cu illərin əvvəllərinə kimi öz xarici əlaqələrində Versal buxovundan azad olmağa çalışan Almaniyaya üstünlük verirdisə, 1933 — 1939cu ilin avqustuna kimi liberal demokratizm cəbhəsinə daxil olan iri dövlətlərlə — (ABŞ, İngiltərə, Fransa) əlaqəni yaxşılaşdırmağa səy göstərmişdi. 1939-cu ilin yayı — 1941-ci ilin yayına kimi yenidən Almaniya ilə sıx əlaqələr yaratdı. Hətta, İngiltərə və Fransa ilə təhlükəsizlik barədə beş aya kimi davam edən danışıqların nəticə vermədiyini görərək Hitlerin təklifi əsasında 1939-cu il avqustun 23-də on il müddətinə bir-birinə hücum etməmək haqqında Almaniya ilə müqavilə imzaladı. Bu, Molotov — Ribbentrop paktı da adlandırılırdı.
SSRİ və Almaniya arasında bu pakta əlavə olaraq gizli protokol da imzalanmışdı, Bu protokola görə Şərqi Avropa və Baltikyanı ölkələr Almaniya və SSRİ arasında nüfuz dairəsinə bölünürdü. Almaniya, əvvəllər Rusiya imperiyasına daxil olmuş Finlandiya, Latviya, Estoniya, Bessarbiya üzərində SSRİ-nin maraq dairəsini tanıyırdı. Tərəflər Polşanı bölüşdürmək barədə də razılığa gəlmişdilər, Beləliklə, SSRİ Şərqi Avropanın xəritəsini yenidən dəyişdirilməsinin iştirakçısı olmuşdu. 1939-cu il avqustun 23-nə kimi münsif kimi çıxış edən SSRİ artıq bundan sonra Almaniyanın müttəfiqlərindən birinə çevrilmişdi.

Protokolda nəzərdə tutulanları yerinə yetirən SSRİ 1939-cu ilin sentyabrında ümumi ərazisi 200 min km2 olan Qərbi Ukrayna və Qərbi Belarusiyanı özünə birləşdirdi. Sentyabrın 28-də Almaniya ilə «Dostluq və sərhədlər» barədə müqavilə imzaladı. Bundan sonra üzünü Baltikyanı ölkələrə tutdu. Müəyyən priyomlarla onları öz tərkibinə daxil etdi. 1939-cu ilin 29 noyabrında Finlandiya ilə hücum etməmək müqaviləsini ləğv etdi. Sovet-fin müharibəsi başlandı. Buna görə SSRİ Millətlər Cəmiyyətindən xaric edildi. Müharibədə Finlandiya məğlub oldu. 1940-cı ilin martın 12-də sülh bağlandı. Müharibə nəticəsində Kareliya bərzəxi SSRİ-yə keçdi.
1940-cı ildə SSRİ Rumıniyadan Bukovinanı və Bessarabiyanı alıb özünə birləşdirdi.
Alman-sovet müqaviləsindən keçən bir il ərzində SSRİ-də əhali 23 milyon nəfər artdı. Sovet rəhbərliyi bunu sovet-alman sazişinin nəticəsi kimi qiymətləndirmişdi.

0 şərh