Faşizmin meydana gəlməsi

XX əsrin ümumdünya faciəli hadisələrindən biri də faşizmin meydana gəlməsidir. O, birinci dünya müharibəsindən sonrakı inqilabi dəyişikliklərin alternativi, bir sıra ölkələrdə burjua demokratiyasından siyasi irticaya keçməyin təzahürü və mühafızəkar ekstremizmin ən sağ variantı idi. Onun ideologiyasını irqçilik, millətçilik, sosial bərabərlik kimi populist prinsiplər təşkil edirdi. Faşistlər milli marağı siniflərin və fərdlərin marağından üstün tuturdular. Köhnə millətçilikdən və mühafizəkarlıqdan onları fərqləndirən əsas cəhət təkcə güclü dövlət ideyası deyil, cəmiyyətə tam yiyələnmiş totalitar dövlət yaratmaq idi. Faşizmin ilk təşkilatları Almaniya və İtaliyada yaranmışdı. Almaniyada o, nasist, İtaliyada isə faşist adlandırılırdı.

İtaliya və Almaniyada liberalizmin çox zəif olması, onların hər ikisinin I Dünya müharibəsinin yekunlarından narazı qalmaları faşist tipli təşkilatların meydana gəlməsi üçün əlverişli şərait yaratmışdı. Almaniya müharibədə məğlub olmuş ölkə idisə, İtaliya qalib dövlətlər sırasında məğlub ölkə idi. O, müharibədən öz niyyətlərini həyata keçirmək, keçmiş arzusuna — İtaliya imperiyasının nüfuzunu bərpa etmək kimi məqsədlərinə çatmaq üçün istifadə edə bilməmişdi. Deməli, onların müharibədən sonrakı strateji niyyətləri üst-üstə düşmüşdü.

Almaniyada ilk faşist təşkilatı 1919-cu il yanvarın əvvəllərində «Alman fəhlə partiyası» (DAP) adı ilə Anton Dreksler tərəfindən yaradılmışdı. 1919-cu il yanvarın ortalarında o, «Alman nasional-sosialist fəhlə ittifaqı», 1920-ci ildə isə «Alman nasional sosialist fəhlə partiyası» adlandırılmışdı. 1920-ci ildən onun sədri Adolf Hitler seçilmişdi. 1923-cü ilin noyabrında nasistlər Veymar respublikasına qarşı «milli inqilab», «pivəxana qiyamı» təşkil etməyə cəhd göstərmişdilər. Qiyam baş tutmamışdı. «Pivəxana qiyamı»nın təşkilatçılarından biri kimi Hitler tutularaq 5 il həbsə məhkum edilmişdi. Hitlerin həbsindən sonra alman faşist hərəkatında səngimə baş verdi. Partiya daxilində ikitirəlik yarandı. Hitlerin razılığı olmadan 1924-cü ilin avqustunda (16-17) keçirilən qurultayda NSDAP və DAP «Azad nasional-sosialist partiyası» adı altında birləşdilər. Lyudendorf, Grefe və Qriqori Ştrasserlər partiyanın rəhbərliyinə seçildilər. Həbsxanadan çıxan Hitler 1924-cü ilin dekabrında NSDAP-ın bərpa olunduğunu elan etdi. Hitlerin təşəbbüsü ilə hələ 1921-ci ildə yaradılmış «Hücumçu dəstələri (SA)» və 1923-cü ildə təşkil olunan «Müdafiə dəstələri (SS)» genişləndirildi. 1927-ci ildə isə H.Himmler SS-in reyxsfüreri təyin olundu.

 

Hitler Adolf (Şiklqruber) (1889-1945)- Almaniya nasist partiyasının və dövlətinin başçısı. Avstriyanın Braunau şəhərində anadan olmuşdu. 1913-cü ildə Münxenə köçmüşdü. O, 1918-ci ildə Bavar Sovet Qırmızı ordusunun tərkibində olan ikinci korpusda yefreytor olmuşdur. Millətçi və antisemit «nəzəriyyə»lərin qatı tərəfdarı olması ilə fərqlənmişdi. 1919-cu ilin payızında o, A.Drekslerin təşkil etdiyi «Alman fəhlə partiyasına» (sonradan «Alman nasional-sosialist fəhlə ittifaqı») daxil olmuşdu. 1920-ci ildən «Alman nasional-sosialist fəhlə partiyası»nın lideri (füreri) olmuşdu. 1923-cü ildə «pivəxana qiyamı» adlandırılan dövlət çevrilişi cəhdinə görə həbs olunmuşdur, Həbsdə olarkən tanış olduğu Rudolf Gessle birlikdə «Mayn kampf (»Mənim mübarizəm") kitabını yazmışdı. 1933-cü ildə Hitler Almaniyada Üçüncü reyxin, 1934-cü ildə isə totalitar nasist diktaturasının reyx kansleri olmuşdu. Ikinci dünya müharibəsinin təşkilatçılarından biri olmuşdu. 1945-ci ildə intihar etmişdi.

O, həbsxanada «Mayn kampf (»Mənim mübarizəm") kitabını yazır. Kitab tarixə faşist təcavüzkarlığının proqram sənədi kimi daxil olmuşdur. Bu kitabın nəşrindən sonra A. Hitler Almaniyanın ən populyar və varlı adamlarından birinə çevrilmişdi.

İtaliyada faşist təşkilatı 1919-cu ilin martında meydana gəlmişdir. Onu, vaxtilə İtaliya sosialist partiyasının üzvü və 1914cü ildə həmin partiyadan qovulan Benito Mussolini yaratmışdı. Təşkilat əvvəllər «Faşio di Kombatimento» («mübarizə ittifaqı») adlanmış, 1919-cu ilin martından etibarən isə faşist mübarizə dəstələrinin ittifaqı" adlandırılmışdı. 1921-ci ilin noyabrından o, «Milli faşist partiyası» adlanmış, B. Mussolini onun ali rəhbəri (duçe) elan olunmuşdu.

fascism-Hitler and Mussolini

Mussolini Benito (1883.-1945). Italiya faşizminin lideri, 1903-cü ildən Sosialist  partiyasının  üzvü  olmuşdur.  1914-cü  ildə  onun  sıralarından çıxarılmışdı, 1915-1917-ci illərdə orduda xidmət etmişdi. 1919-cu ilin martında «Faşio di kombatimento» («mübarizə ittifaqı») təşkilatını yaratmışdı. 1922-ci ildə hakimiyyətə gəlmiş, 1926-cı ildə İtaliyada totalitar faşist diktaturası yaratmışdır. İkinci dünya müharibəsi illərində Hitlerin ən yaxın müttəfiqi olmuşdu. 1945-ci ilin aprelində İtalyan partizanları tərəfindən edam edilmişdir.

 

Beləliklə, XX əsrin 20-ci illərinin əvvəli üçün Avropada müxtəlif adda eyni ideyalı və məramlı faşist partiyaları meydana gəlmişdi. Faşizm adı italyan «faşio» sözündən götürülmüşdür. Bu da, mənaca bağlama, dəst deməkdir. Bəziləri isə bu adın İtaliyada bitən elastik, sınmayan «fatsis» çubuğunun adından götürüldüyünü güman edirlər. Faşizm adının hələ XIX əsrin sonlarında Siciliyada yayılmış, embleması bitki gövdəsi dəsti olan «de-faşio» antifeodal kəndli hərəkatının adından götürüldüyü də ehtimal olunur. Birinci mülahizə daha həqiqətə uyğundur.

20-ci illərin əvvəllərindən etibarən faşizm hərəkatı sürətlə inkişaf etməyə başladı. O, İtaliyada və Almaniyada daha güclü idi. 1920-ci ilin payızından İtaliyada faşizm sürətlə artdı. Artıq 1921-ci ilin axırı üçün onun sıralarında 320 min adamı birləşdirən 2200 bölməsi var idi. Onlar geniş terrorçuluqla məşğul olurdular. 1920ci ilin sonu-1921-ci ilin birinci yarısında zəhmətkeşlərin 726 təşkilatı faşist təşkilatlarının terroruna məruz qalmışdı. Hakim dairələr də faşistləri açıq və gizli şirnikləndirirdilər. 1921-ci ilin mayında keçirilən parlament seçkiləri zamanı faşistlər hökumətin seçki siyahısına — «Milli bloka» daxil edilmişdilər. Hətta onlar parlamentdə 35 yer də almışdılar.

Faşistlərin antidemokratik, terrorçu hərəkətlərinə qarşı 1921ci ilin yayında İtaliyanın bir çox şəhərlərində Xalq cəsurları («Arditi deli popolo») təşkilatı yarandı. Siyasi bitərəflik mövqeyində duran həmin təşkilat faşist quldur dəstələrinə qarşı çıxır, zəhmətkeşlərin nümayiş və tətillərini onlardan mühafizə edirdilər. Təşkilatın başında leytenant Arqo Sekondari dururdu. O, keçmiş cəbhəçiləri, habelə sosialistləri, anarxistləri, kommunistləri, respublikaçıları və hətta Xalq partiyasının üzvlərini özündə birləşdirirdi.

1921-ci ilin noyabrında İtaliya faşistlərinin qurultayı toplandı. Qurultay faşist hərəkatını siyasi partiyaya çevirmək barədə qərar qəbul etdi. O, «Milli faşist partiyası» adlandırıldı, Mussolini onun ali rəhbəri («duçe») elan olundu.

Kəskin qarşıdurmalar, hakim dairələrdə hökm sürən çaşqınlıqlar, liberal-burjua dövlət quruluşunda böhran faşizmin çiçəklənməsinə, açıq çıxışına şərait yaradırdı. Nəhayət, 1922-cı ilin sentyabrında duçe çıxışlarının birində öz gizli arzularını bəyan etdi. «Biz öz nəzərimizi Romaya yönəltmişik. Bizim proqramımız çox sadədir. Biz İtaliyanı idarə etmək istəyirik».

Artıq, 1922-ci il oktyabrın ortalarından faşistlər dövlət çevrilişi etməyə hazırlaşırdılar. Oktyabrın 16-da dövlət çevrilişinə rəhbərlik etmək üçün «kvadrumvirı», dördlük yaradıldı (onun tərkibinə Balbo, Byanki, De Bono və De Venni daxil idi). Oktyabrın 24-də Neapolda faşistlərin 40 minlik toplanışı keçirildi. Toplanışın iştirakçıları Romaya tərəf hərəkət etməyə başladılar, Mussolini özü oktyabrın 25-də Roma ilə danışıqlar aparmaq üçün Milana getdi. Kral Viktor Emmanuil hökumətin paytaxtı müdafiə etmək təklifmi qəbul etmədi. O, oktyabrın 28-də Salandre faşistlərin iştirakı ilə yeni kabinet təşkil etməyi tapşırdı. Lakin bununla razılaşmayan Mussolini hökumətin ona verilməsini tələb etdi. Bir gün sonra Mussolini hökumətə başçılıq etmək üçün Romaya dəvət olundu. Oktyabrın 29-da Mussolini qatarla Romaya gəldi. Beləcə, «faşist inqilabı» sona yetdi. Xalq arasında onu rişxəndlə" «yataq vaqonunda inqilab» adlandırırdılar. Oktyabrın 30-da Mussolini faşist formasında kral sarayına gəldi. Oktyabrın 31-də kral III Emmanuil ilə birlikdə faşist dəstələrinin rəsmi keçidinə baxdılar.

Beləliklə, dövlət çevrilişi nəticəsində faşistlər hakimiyyətə gəldilər. Avropada ilk faşist hökuməti yarandı. Faşistlərin embleması (çubuq dəsti) dövlət gerbi elan olundu. Konstitusiya azadlıqları ləğv edilməyə başladı. 1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla «Böyük faşist Şurası (BFŞ)» yaradıldı. O, İtaliya faşist iyerarxiyasının ali hakimiyyət orqanı idi. BFŞ həm qanunvericilik, həm də icraedicilik səlahiyyətlərini öz üzərinə götürmüşdü.

Mussolini gəncləri faşist partiyası ətrafında toplamaq üçün bütün gənclər və uşaq təşkilatlarını yarım hərbi gənclər təşkilatında-İtaliya fəxri keşikçisi təşkilatında (CİL) birləşdirdi. Təşkilatın başlıca şüarı — "İnanmaq, tabe olmaq, döyüşmək!" idi.

1924-cü ildə saxtakarlıq və terror şəraitində parlament seçkiləri keçirildi. Seçkilərdə əksəriyyət səsi faşistlər aldılar. Faşist diktaturası yaratmaq yolunda mühüm addım atıldı. 1925-ci ildə verilən bir sıra qanunlar faşist diktaturasının formalaşmasına kömək etdi. 1926-cı ildə verilmiş qanunla Mussolini diktatorluq səlahiyyətləri aldı. O, parlament qarşısında məsuliyyət daşımayan diktatora çevrildi. Müxalifətə divan tutmaq üçün «Xüsusi tribunal» təsis etdi. Bir il ondan sonra ölkədə korporativ dövlət yaratmağı elan edən "Əmək Xartiyası" qəbul etdi. Həmin Xartiyanın xüsusi maddəsi ilə ölkədə tətillər və zəhmətkeşlərin digər mübarizə tədbirləri qadağan olunurdu. Onlar cinayət kimi qiymətləndirilirdi. 1929-cu ildə Mussolini Roma papası ilə demokratik qüvvələrə qarşı birgə mübarizə barədə saziş imzaladı.

Bu illərdə Macarıstanda (1919-1921) və Bolqarıstanda (1923) da faşizm rejimi yaranmışdı. Macarıstanda faşistsayağı rejimə Mikloş Xorti, Bolqanstanda Aleksandr Sankov başçılıq edirdi.

1923-cü ildə İspaniyada Prema de Riverin hərbi-monorxist diktaturası, 1924-cü ildə Albaniyada Əhməd Zoqunun, 1925-ci ildə Yunanıstanda general Panqolosun hərbi diktaturası bərqərar oldu. Qeyd edək ki, həmin avtoritar rejimlərdə dövlət idarəçiliyində az-çox parlamentarizm formasından istifadə olunmuşdu.

 

0 şərh