Faşizmin iflası

Faşizmin müharibə təhlükəsi törətməsi nəhayət ikinci dünya müharibəsinə gətirib çıxardı. 1939-cu il sentyabrın 1-dən ikinci dünya müharibəsi başlandı. Faşizmin zərbə qüvvələri olan Almaniya və İtaliya 1939-1941-ci illərdə bir neçə ölkə istisna olmaqla bütün Avropanı və Aralıq dənizi hövzəsini özlərinə tabe etdilər. 1941-ci il iyunun 22-də dünya ağalığı iddiasında olan nasist Almaniyası 10 il müddətində bir-birinə hücum etməmək barədə 1939-cu il 23 avqust sovet-alman müqaviləsini xaincəsinə pozaraq SSRİ üzərinə hücum etdi. Çünki o, kommunizm ideyalarının daşıyıcısı olan SSRİ-ni faşizmin dünya ağalığı niyyətlərinin gerçəkləşməsinə mane olan başlıca qüvvələrdən biri hesab edirdi. Qərbdə fəal ikinci cəbhənin olmamasından istifadə edən faşist qüvvələri müharibənin ilk dövründə sovet-alman cəbhəsində böyük hərbi nailiyyətlər qazandılar. Onlar çox qısa müddətdə SSRİ-nin qərb vilayətlərini zəbt edərək Moskva ətrafına gəlib çıxdılar.
Nasist Almaniyasının SSRİ-yə hücumu liberal-demokratizm və sosializm qüvvələrinin faşizm əleyhinə koalisiya yaratmalarını təxirəsahnmaz vəzifəyə çevirdi. 1942-ci ilin sonu üçün ABŞ, SSRİ və İngiltərə başda olmaqla 26 dövlətin antihitler koalisiyası yaradıldı. Faşizmin işğal etdiyi ərazilərdə də müqavimət və partizan hərəkatı geniş miqyas aldı. Müttəfiq qüvvələrin faşizmə qarşı ardıcıl mübarizəsi öz bəhrələrini verməyə başladı. 1941-ci ilin dekabrında məğlubedilməz sayılan faşist qoşunları ilk dəfə Moskva altında məğlub edildilər. 1942-ci ilin yayı — 1943-cü ilin əvvəllərindən etibarən faşist blokuna qarşı müharibədə əsaslı dönüş başlandı. Sakit Okeanda, Aralıq dənizi hövzəsində, Şimali Afrikada və sovet-alman cəbhəsində təşəbbüs müttəfiqlərin əlinə keçdi. Şimali Afrikada El-Alemey, sovet-alman cəbhəsində Stalinqrad və Oryol-Kursk hərbi əməliyyatları faşizm blokuna qarşı müharibənin mühüm mərhələləri oldular.
Müharibədə əsaslı dönüş faşist bloku ölkələrini böhran qarşısında qoydu. 1943-cü ilin yayında faşizmin vətəni olan İtaliyada faşist rejimi iflasa uğradı. Mussolini hakimiyyətdən kənarlaşdırıldı və həbs olundu, Faşist partiyası qanundankənar elan edildi. İtaliyada yaradılmış yeni hökumət 1943-cü ilin oktyabrında keçmiş müttəfiqi Almaniyaya müharibə elan etdi. Bununla, faşist «Berlin-Roma oxu» iflasa uğradı. 1944-cü ilin iyununda Qərbi Avropada Almaniyaya qarşı ikinci cəbhənin açılması faşizm blokunun böhranını daha da dərinləşdirdi. 1944-cü ilin sentyabrında Rumıniya, Bolqarıstan, Finlandiya, 1945-ci ilin yanvarında Macarıstan faşist blokundan çıxdılar və Almaniyaya müharibə elan etdilər. Beləliklə, faşist bloku süquta uğradı. Almaniya Avropadakı müttəfiqlərindən məhrum oldu.
Faşizmin zəbt etdiyi ölkələrdə, hətta Almaniyada genişlənən antifaşist müqavimət hərəkatı da faşizmin iflasa doğru getməsindən xəbər verirdi. Müharibə vaxtı Almaniyada Şults Boyzenin, Robert Urixin, Anton Zevkovun, Şumanın başçılığı ilə antifaşist təşkilatları, «Azad Almaniya Milli Komitəsi», «Alman antifaşist cəbhəsi» və s. birliklər fəaliyyət göstərirdi. Hətta 1944¬cü ilin iyulunda Hitlerə qarşı uğursuz da olsa sui-qəsd təşkil edilmişdi.
1945-ci ilin əvvəllərində nasist Almaniyası qərbdən və şərqdən məngənə arasına salındı. 1945-ci ilin aprelində Berlin uğrunda döyüşlər başlandı. Aprelin 30-da nasizmin füreri Hitler imperiya dəftərxanasının bunkerində intihar etdi. Nasist başçılarından biri olan Görinq də ailəsi ilə birlikdə özünü yandırdı. Mayın 2-də Berlin təslim oldu. Mayın 8-də Praqa şəhərində müqavimət göstərən faşist qoşunları darmadağın edildikdən sonra Almaniya danışıqsız təslim aktını imzaladı. Beləliklə, Almaniyada nasist hakimiyyəti süqut etdi.
1945-ci ilin aprelində həbsdən qaçırılmış Mussolininin almanların işğalında olan Şimali İtaliyada yaratdığı faşist «Solo Respublikası» da dağıdıldı. Mussolini isə tutulub edam edildi.
Faşizmin məhv edilməsində üç dövlət başçılarının (Stalin. Ruzvelt, Çerçil) Tehran və Krım (Yalta) Konfransının mühüm əhəmiyyəti olmuşdu, Krım konfransı Almaniya məğlub edildikdən sonra ona münasibət və faşizmin dirçəlməsinə yol verməmək məsələləri üzrə mühüm qərarlar qəbul etmişdi. O, «Avropanın azad edilməsi haqqında Bəyannamə»ni də bəyənmişdi.
Faşizmin məhv edilməsində üç dövlət başçılarının (Stalin, Trümen və Çerçil, sonra onu K.Ettli əvəz etmişdi) Berlin şəhərinin 60 km-də yerləşən Potsdamda 1945-ci il iyulun 17-dən avqustun 2dək keçirilən konfransının çox müstəsna əhəmiyyət olmuşdu. Konfrans bütün nasist (faşist) təşkilatlarının buraxılması, əvvəllər qadağan edilmiş siyasi partiyaların, vətəndaş azadlıqlarının bərpası qərarını verdi. O, ələ keçmiş faşist rəhbərlərinin Beynəlxalq tribunala verilməsi barədə qərar qəbul etdi.
neofashism is aliveBeynəlxalq hərbi Tribunalda 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək nasist caniləri üzərində məhkəmə prosesi keçirildi. Faşist Almaniyasının ali dövlət və hərbi xadimləri — G.Gerinq (özünü öldürmüşdü), R.Hess, İ.fon Ribbentrop, V.Keytel, E.Kaltenbrunner, A.Rozenberq, Q.Frank, V.Frik, K.Dyonits, Y.Ştriyxer, V.Funk, E.Reder, B. fon Şirax, F.Zaukel, A.Yodl, A.Zeys-İnkkart, A.Şpeyer, K. fon Neyrat, Q.Friçe, Q.Şaxt, R.Ley (proses başlanmamış özünü asmışdı, Q.Krupp (sağalmaz xəstə olduğundan onun barəsində məhkəmə işi dayandırılmışdı), M. Borman (qiyabi olaraq) və F.fon Papen mühakimə olundular. Onlar sülhə və insaniyyətə qarşı sui-qəsd hazırlamaq və həyata keçirməkdə, ən ağır hərbi cinayətlər törətməkdə ittiham olunurdular. Proses zamanı 403 açıq məhkəmə iclası keçirilmişdi. Müttəhimlərin hamısı (Şaxt, Friç və fon Papendən başqa) müqəssir hesab olunmuşdu. Onlardan 12 nəfəri (Borman qiyabi olaraq) asılmaqla ölüm cəzasına, 3 nəfəri ömürlük həbsə, qalanları 10 ildən 20 ilədək həbs cəzasına məhkum olunmuşdular. Tribunal, həmçinin SS-i, gestaponu, SD-ni və nasist partiyasını cinayətkar təşkilat hesab etmişdi. Məhkəmənin hökmü 1946-cı il oktyabrın 15-dən 16-a keçən gecə həyata keçirilmişdi.
Beləliklə, XX əsrin yetirməsi olan faşizm və onun yaratdığı totalitar-avtoritar sistem iflas etdi.
İtaliyada və Almaniyada faşizmin iflasından sonra 1974-cü ildə Portuqaliyada, 1975-ci ildə İspaniyada faşist rejimləri çökdülər. Bunlara baxmayaarq müharibədən sonra, xüsusən XX əsrin 60-90-cı illərində və hətta XXI əsrin əvvəllərində bir sıra ölkələrdə (AFR-də, ABŞ-da, İtaliyada, Rusiyada və s.) gənclər arasında neofaşist qrup və təşkilatlar zühur etdi. Bunlardan «Kiss», «Ay Si Du Si», «Ten Si Si» qruplarını, Rusiyada «Avraziya» hərəkatını və b. göstərmək olar.

0 şərh