Con Kennedinin qətlinin yeni versiyaları

Birləşmiş Ştatların 35-ci Prezidenti Con Fitscerald Kennedinin öldürülməsi keçən əsrin ən hay-küylü və ən müəmmalı cinayətidir. Bəs əslində nə baş vermişdir? Bax, bu suala hələ də qəti cavab yoxdur.
Xatırladaq ki, 1963-cü il noyabrın 22-də Kennedi və xanımı Jaklin açıq limuzində təntənə ilə Dallasın mərkəzinə daxil olmuşdular. Texasa səfər onun 1964-cü ildə yenidən prezident seçilməsi uğrunda mübarizəyə hazırlıq xarakteri daşıyırdı. Yerli vaxtla saat 12.30-da snayper atəş açır. Boynundan və başından iki güllə yarası alan Prezident hospitala çatdırılarkən ölür. Con Kennedi noyabrın 25-də Vaşinqtonun Arlinqton milli qəbiristanında torpağa tapşırılır.
Noyabrın 29-da yeni Prezident Lindon Conson qətlin təhqiqi üçün komissiya yaradılması haqqında sərəncam verir. ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin başçılıq etdiyi komissiyaya (sonralar o, qeyri-rəsmi olaraq Uorren komissiyası adlandırıldı) altı senator və konqresmen, o cümlədən gələcək prezident Cerald Ford və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq başçısı Allen Dalles və daha 34 adam daxil idi. Federal Təhqiqat Bürosunun 80 agenti komissiyanın sərəncamına verilmişdi. On aydan sonra, 1964-cü il sentyabrın 24-də komissiya 470 səhifəlik ilk raportunu Prezident Consona təqdim etdi. Raporta ifadələrdən, sənəd və fotoşəkillərdən ibarət 26 cild əlavə olunmuşdu. İstintaqın qəti rəyi sadə idi: yeganə qatil bir neçə il Belorusiyanın paytaxtı Minskdə yaşamış sabiq desantçı Li Harvi Osvald olmuşdur. Sənəddə sui-qəsd olduğuna dair dəlil-sübutlar yoxdur.
Prezidentin qətlindən tezliklə sonra Osvaldın özü sui-qəsdin qurbanı oldu. Osvald polis məntəqəsindən həbsxanaya aparılarkən yerli gecə klubunun sahibi Cek Rubi kütlənin arasından çıxaraq, onu güllələmişdi. Milyonlarla amerikalı Osvaldın öldürülməsini birbaşa translyasiyada gördü.
Ötən illər ərzində Dallas faciəsinin ən müxtəlif versiyaları, o cümlədən bu cinayətdə “Moskvanın əli” olduğu barədə versiya irəli sürüldü. Bunun təsdiqi üçün belə bir fakt gətirilmişdi — Osvald 32 ay Sovet İttifaqında yaşamışdır. Lakin sonralar qətlin səbəbləri çox diqqətlə və dərindən araşdırıldıqda paradoksal bir fikir ağla gəldi: Kennedinin öldürülməsi çoxlarına sərfəli idi.
Bəzilərinin fikrincə, ABŞ-ın xəzinə biletlərinin buraxılmasına başlamaqla Con Kennedi Federal Ehtiyat Fondunun “mənafeyinə toxunmuşdu”. Gözəgörünməz hökmdarların əlində alətə çevrilən bu fond təkcə ölkədə deyil, dünyada da maliyyə vəziyyətini ancaq onların nəzarətində olan banknotlar buraxılması ilə idarə etməyə imkan verirdi. Bu versiyanın xeyrinə olaraq belə bir dəlil irəli sürülür: Kennedinin ölümündən sonra vitse-prezident Lindon Conson ictimaiyyətdən xəbərsiz, Federal Ehtiyat Fondunun banknotlarına yenidən qayıtmışdır. Başqalarının fikrincə, Kennedini mütəşəkkil cinayətkarlığa müharibə elan etdiyinə görə aradan götürdülər. Üçüncülər qəti əmindirlər ki, Kennedi Vyetnamla bağlı problemlərin zor gücünə həllinin fəal əleyhdarı idi (qətldən üç gün sonra Lindon Conson ABŞ qoşunlarının Vyetnamdan çıxarılması haqqında Kennedinin direktivini ləğv etdi, 1964-cü ildə Prezident olduqda isə orada Amerika hərbi qüvvələrinin sayını xeyli artırdı). Kimlərsə hesab edirlər ki, Kennedini hər şeyə qadir Mərkəzi Kəşfiyyat İdarəsini zəiflətmək cəhdlərinə görə qətlə yetirdilər. O, MKİ-ni “darmadağın etməklə” hədələyirdi. Prezident təkcə hədələrlə kifayətlənməmiş, MKİ-nin direktoru Allen Dallesi də, onun ən yaxın adamlarını də vəzifələrindən kənarlaşdırmışdı.
İlk baxışdan fantastik görünən daha bir versiya mövcuddur. Onun müəllifi — xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Milton Kuper qətlin sadalanmış səbəblərinin mümkünlüyünü inkar etməsə də, bu qənaətdədir ki, ən başlıca səbəb belədir: Kennedi ABŞ-ın hakim elitasının yadplanetlilərlə əlaqəyə girdiyini öyrənmişdi və bu faktı açıqlamaq niyyətində idi.
Faciənin “alternativ” versiyalarına görə, prezidentə iki və ya daha çox adam atəş açmışdır. Snayperin inanılmaz bacarığı da şübhə doğururdu. Odur ki, sual doğurdu: o, Prezidentin maşın karvanı hərəkətdə olduğu halda dalbadal iki dəqiq atəş açmaq üçün tüfəngi yenidən doldurmağa necə macal tapmışdı? Müstəqil ekspertlərin topladıqları məlumatlar göstərir ki, Uorren komissiyasının rəyində deyildiyi kimi, cəmi üç yox, altı güllə atılmışdır. Özü də bir yerdən deyil, müxtəlif nöqtələrdən atəş açılmışdır.
(Material “RİA Novosti” agentliyinin informasiyaları əsasında hazırlanmışdır).
Maraqlı bir video. Cangüdənlər nəyə görəsə onu qorumanı saxladılar:

0 şərh