Karib böhranı

1962-ci ilin oktyabr günlərində planetimiz nüvə müharibəsinin bir addımlığında idi. Keçmiş SSRİ-də «Karib böhranı», ABŞ-da «Raket böhranı», Kubada isə «Oktyabr böhranı» kimi yadda qalan bu hadisələrə səbəb Karib dənizi hövzəsində yerləşən Kubada nüvə başlıqlı sovet raketlərinin yerləşdirilməsi olub.
Raketlər Kubaya necə aparılmışdı?
1959-cu ilin yanvarında inqilab yolu ilə hakimiyyətə gələn Fidel Kastro Kubada sosializm quruculuğuna başlamışdı. Lakin ABŞ, necə deyərlər, qulağının dibində belə bir rejimin bərqərar olması faktı ilə heç cür barışmaq istəmirdi. Ona görə də 1961-ci ilin yazında Fidel Kastronu devirmək qərara alınır, amma bu plan baş tutmur.
Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Kubaya qarşı yeni plan üzərində işləyir. F.Kastro kömək üçün sovet rəhbərliyinə müraciət edir. 1962-ci ilin iyulunda sovet dövlətinin başçısı Nikita Xruşşovla danışıqlar və «Kubanı təcavüzdən müdafiə etmək barədə» saziş hazırlamaq üçün F.Kastronun qardaşı Raul Kastro Moskvaya gəlir. Avqust ayında saziş layihəsi Fidel Kastroya təqdim edilir. Layihədə söhbət təkcə «Kuba ərazisini müdafiə etmək»dən yox, həm də «hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə sisteminin yaradılması»ndan gedirdi. F.Kastronun xırda qeyd və düzəlişləri də nəzərə alınmaqla sənəd Havanada imzalanır. Müqaviləyə görə, sovet hərbi kontingenti Kuba qoşunları ilə birlikdə bu ölkənin ərazisini xarici təcavüzdən müdafiə etməyi öhdəsinə götürürdü. Müqavilə 5 illiyə bağlanmışdı. Bu barədə rəsmi məlumat verilməsi isə həmin ilin noyabrında N.Xruşşovun Kubaya səfəri günlərinə planlaşdırılırdı. Lakin məlum səbəblər ucbatından səfər baş tutmur. Elə həmin yay günlərində N.Xruşşovun şəxsi göstərişi və F.Kastronun razılığı ilə son dərəcə məxfi şəraitdə sovet raket qurğuları Kubaya daşınır. Əməliyyat o dərəcədə məxfi keçirilir ki, hətta SSRİ-nin ABŞ-dakı səfiri A.Dobrınin və BMT-dəki sovet nümayəndəsi V.Zorin də raketlərdən xəbərsiz olur.
Amerikanların Kuba ərazisindəki sovet raketlərindən xəbər tutduğu gün — oktyabrın 16-da adada artıq general İ.Pliyevin başçılığı ilə 40 mindən çox sovet hərbçisi və 42 nüvə başlıqlı raket var idi. Həmin günlərdə SSRİ-nin 85 gəmisi Kubaya 183 reys etməli olmuşdu.
Görünür, N.Xruşşov «Amerikaya çatmaq və onu ötmək» barədə avantürist ideyasını raket məsələsində də reallaşdırmaq niyyəti güdürdü. Məqsəd ABŞ üzərində həm say, həm də taktiki cəhətdən nüvə üstünlüyünə nail olmaq idi. Həmin dövrdə Amerika raketləri SSRİ sərhədinin lap yaxınlığında — Türkiyə ərazisində yerləşdirilmişdi. Kubada raket bazası yaratmaqla Xruşşov bir növ Amerikanın bu addımına cavab verirdi.
Bazanın şəkli prezidentə təqdim olunur
1962-ci ilin oktyabrında Amerika hərbi təyyarələri Kuba üzərində kəşfiyyat uçuşları keçirərkən adada müəmmalı obyektləri qeydə alır. Maksimum aşağı səviyyədə uçuşlar vasitəsilə raket bazalarının şəklini çəkmək mümkün olur və oktyabrın 16-da həmin şəkillər prezident Con Kennedinin stolunun üstünə qoyulur. Mütəxəssislər prezidentə izah edirlər ki, həmin raketlərin Kubadan Vaşinqtona çatması üçün cəmi 10 dəqiqə kifayətdir...
Prezident Kennedi Amerikanın məşhur siyasi və hərbi xadimlərindən ibarət «böhran qrupu» yaradır və Ağ evdə qapalı müzakirələr keçirib problemin həlli yolları axtarılır. BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-a gələn SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu oktyabrın 18-də C.Kennedi qəbul edir. Kuba ilə bağlı məsələlər müzakirə olunsa da, tərəflər raketlər barədə söhbət açmırlar. Ona görə də Moskva hesab edir ki, Ağ Ev raketlərdən xəbərsizdir (doğrudur, Qromıkonun həmin görüşdə raketlərin üstünü vurmaması uzun illər Qərb mətbuatında ciddi tənqidlə xatırlanıb. 1988-ci ildə çapdan çıxan ikicildlik xatirələr kitabında A.Qromıko həmin tarixi görüşü ötəri yada salıb. O, raketlərlə bağlı sual verilmədiyi üçün bu mövzuya toxunmadığını söyləməklə özünə haqq qazandırıb). Qromıkonun raketlər barədə susduğu həmin günlərdə Pentaqon generalları, dövlət katibi və MKİ-nin direktoru dərhal Kubanı bombalamaq barədə Kennedinin əmr verməsini tələb edirdilər. Müharibə təhlükəsi o qədər yaxın idi ki, hətta hökumət üzvləri üçün nəzərdə tutulan bomba sığınacaqlarına buraxılacaq adamların siyahısı Ağ evdə müzakirə edilirdi...
Kennedi xalqa müraciət edir
Bir neçə günlük müzakirə və məşvərətdən sonra oktyabrın 22-də Kennedi televiziya ilə Amerika ictimaiyyətinə müraciət edərək ölkəsinin təhlükə ilə üzləşdiyini bildirir. Prezident Kubanın ABŞ hərbi-dəniz gəmiləri ilə blokadaya alındığını elan edir. SSRİ və Kuba rəhbərlərinə müraciətlə qoşunların və raketlərin adadan dərhal çıxarılması tələbini qoyur. Bu bəyanat SSRİ rəhbərliyini çıxılmaz vəziyyətdə qoyur. Xruşşov Kennediyə göndərdiyi məktubda Kubanın blokadasını «görünməmiş təcavüz hərəkəti» kimi dəyərləndirir.
Oktyabrın 23-də sovet hökuməti ABŞ-ın Kubanı blokadaya almasını təcavüz kimi pisləyən bəyanat verir.
SSRİ, Kuba və ABŞ-ın müraciətlərinə əsasən BMT-nin Təhlükəsizlik Şurasında müzakirələr başlanır.
Həm SSRİ-də, həm də ABŞ-da ancaq hücum variantı müzakirə edilir. Lakin Kennedi hərbçilərin rəyini nəzərə almadan birbaşa N.Xruşşovla yazışmalara üstünlük verir. Moskva ilə Vaşinqton arasında sərt məktub mübadiləsi başlanır. Hər iki tərəf özünün haqlı olduğunu əsaslandırır. Kubadakı raket meydançalarının və digər sovet-Kuba obyektlərinin Amerika tərəfindən bombalanacağı barədə dezinformasiya da həmin günlərdə yayılır və vəziyyəti daha da gərginləşdirir.
Böhranın taleyi… restoranda həll olunur?
Oktyabrın 21-də Fomin familiyası ilə ABŞ-dakı SSRİ səfirliyində müşavir «vəzifəsində» işləyən Dövlət Təhlükəsizlik Komitəsinin rezidenti, polkovnik A.Feklisov Kennedi hökumətinin fövqəladə iclasları barədə Moskvaya şifrələnmiş teleqram göndərir. Bundan bir qədər sonra «Ey-Bi-Si» teleşirkətinin şərhçisi Con Skali gözlənilmədən Fomini səhər yeməyinə dəvət edir. Skali ilə dostluq edən Fomin onun Kennedinin ailəsinə yaxın olduğunu bildiyi üçün görüşün vacibliyini dərhal anlayır. Onlar Vaşinqtonun mərkəzindəki «Oksidental» restoranında görüşürlər və Skali sözə başlayan kimi Xruşşovu günahlandırır:
— O, Kennedini cavan və təcrübəsiz siyasətçi sayır? — deyə fikrini izah edir. — Yanılırsınız! Pentaqon prezidenti əmin edib ki, 48 saat ərzində sovet raketləri ilə də, Fidel Kastro rejimi ilə də məsələni həll etməyə hazırdır.
— Nə danışırsınız?! Bizim rəhbərlik Kennedini qabiliyyətli və uzaqgörən siyasətçi hesab edir, — deyə Fomin cavab verir. — O, ağıllı adamdır və generalları müharibə ideyasından çəkindirə biləcək… Qan tökülə bilər, ABŞ da itkilər verər… Söhbət təxminən bu ruhda başa çatır.
Fomin söhbətin məğzini səfirə çatdırır, Skali isə Ağ Evə tələsir… Fomin söhbət barədə məlumat verərkən Skali zəng vurub yeni görüş istəyir. 10 dəqiqədən sonra onlar «Statler» kafesində əyləşirlər və Skali «ali hakimiyyət»in tapşırığı ilə Karib böhranının həlli şərtlərini çatdırır: SSRİ raketlərini söküb Kubadan aparır, ABŞ blokadanı ləğv edir və Kubaya hücum etməmək barədə öhdəlik götürür.
Söhbətin sonunda Skali «ali hakimiyyət» dedikdə prezident Kennedini nəzərdə tutduğunu xüsusi vurğulayır…
Fomin səfirliyə qayıdıb söhbətin məzmununu kağıza köçürür, onu Dobrınin oxumasına üç saat vaxt gedir, Moskvaya teleqram hazırlanır və s. Sovet bürokratiyası belə ciddi məsələdə də öz «sözünü deyir». Vaxt isə ildırım sürətilə uçur.

Robert Kennedinin sərt bəyanatı
Ağ Evdə «böhran qrupu»nun növbəti iclasının getdiyi vaxt C.Kennediyə məlumat verilir ki, Kuba üzərində ABŞ-ın «U-2» təyyarəsi vurulub və mayor rütbəli pilot həlak olub. İclas iştirakçıları səhər tezdən Amerika aviasiyasının Kubadakı sovet raket qurğularını bombalamasını təklif edirlər. Lakin prezident qərar qəbul etməyə tələsmir, görünür, Skali vasitəsilə Moskvaya ünvanladığı təklifə Xruşşovun cavabını gözləyir. Həmin günlər sovet hökuməti də narahatlıq içində idi. Bütün Siyasi Büro üzvləri «kazarma şəraitində» işləyir, heç kim Kremli tərk etmirdi.
Oktyabrın 27-də ABŞ-ın ədliyyə naziri, prezidentin qardaşı Robert Kennedi sovet səfiri A.Dobrıninlə iki dəfə görüşür. Şənbə günü axşam olan ikinci görüşdə R.Kennedi qəti şəkildə bəyan edir:
— Biz raket bazalarının sabahdan gec olmayaraq söküləcəyini təsdiq edən zəmanət almalıyıq. Moskva başa düşməlidir ki, əgər bazaları sökməsə, onda onları biz sökəcəyik.
Oktyabrın 28-i gününə artıq SSRİ-ABŞ münasibətləri son həddə qədər gərginləşir. Və nəhayət, axşamtərəfi Xruşşovun Kennediyə göndərdiyi məktubun mətni sovet səfirliyində Robert Kennediyə təqdim olunur. Xruşşov «amerikan xalqını sakitləşdirmək üçün» bildirir ki, raket bazaları sökülür… R.Kennedi buna cavab olaraq A.Dobrınini inandırır ki, cavab addımı kimi Türkiyədə və İtaliyada SSRİ əleyhinə quraşdırılan raketlər 6 ay ərzində söküləcək. Oktyabrın 16-dan 28-nə qədər 13 gün davam edən gərgin danışıqlar müsbət nəticə verir. Hadisələrin belə inkişafından əsəbiləşən F.Kastro bu danışıqları «natəmiz oyun» adlandıraraq münaqişənin həllinə dair özünün 5 bəndlik təkliflərini yazır. O, ABŞ-ın Kubaya qarşı dağıdıcı fəaliyyətinə tamamilə son qoyulmasını, Quantanamo hərbi-dəniz bazasının qaytarılmasını və üçtərəfli sovet-Amerika-Kuba danışıqlarının başlanmasını təklif edir. Təklif amerikanlar tərəfindən qəti şəkildə rədd olunur. ABŞ Kubaya sayğısızlıq göstərərək bütün məsələləri SSRİ ilə həll etməyə üstünlük verir. Təbii ki, burada N.Xruşşovla F.Kastro arasında münasibətlərin korlanmasına da ümid edilirdi.
SSRİ kompromis varianta üstünlük verərək həm ABŞ-a, həm də Kubaya danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərir. Bütün güzəştlərə baxmayaraq danışıqlar ağır gedir və sovet raketlərinin çıxarılması barədə razılıq əldə olunur. Noyabrın 20-də C.Kennedi xüsusi mətbuat konfransında Kubanın blokadasının ləğv olunduğunu elan edir. Bundan altı ay sonra isə ABŞ öz raketlərini Türkiyədən və İtaliyadan çıxarır. Beləcə nüvə müharibəsi təhlükəsi sovuşur...

«Oksidental»da xatirə lövhəsi
ABŞ prezidenti C.Kennedinin xatirələrindən: «Həmin günlərdə belə bir hiss yaranmışdı ki, hamımızın ətrafında, amerikalıların ətrafında, bütün bəşəriyyətin ətrafında ilgək getdikcə daralır, bundan azad olmaq isə günü-gündən çətinləşir». Vaşinqtondakı «Oksidental» restoranının vitrinindəki xatirə lövhəsindən: «1962-ci ilin gərgin „Karib böhranı“ zamanı bu stol arxasında müəmmalı rus mister İks sovet raketlərinin Kubadan çıxarılması barədə „Ey-Bi-Si“ teleşirkətinin müxbiri Con Skaliyə təklif verib. Bu görüş nəticəsində nüvə müharibəsi təhlükəsi aradan qalxıb».
Müəmmalı «mister İks»in DTK kəşfiyyatının rezidenti Fomin ləqəbli polkovnik Aleksandr Feklisov olduğu isə çox sonralar aşkarlanıb...
 

0 şərh