"Ç" hərfi ilə başlayan tarix terminləri

Çaldıran — Maku şəhəri yaxınlığında düzənlik. 1514-cü il avqustun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında döyüş olmuşdur. Qızılbaş qoşunları sayca osmanlılardan az idilər. Qızılbaşlardan fərqli olaraq osmanlıların topları və tüfəngləri var idi. Döyüş ərəfəsində I Şah İsmayılın yaxın adamları məsləhət gördülər ki, osmanlıların artilleriya sahəsindəki üstünlüklərini heçə endirmək məqsədi ilə gecə ikən düşmən üzərinə hücum etsinlər, lakin İsmayıl bundan imtina etdi. Çaldıran vuruşması amansız və böyük itkili oldu.
Fədakarlıqla vuruşan qızılbaşların süvarisi osmanlıların piyadalarını sıxışdırsa da, özləri düşmənin güclü top atəşinə məruz qalıb məğlub edildilər. Qızılbaşlardan 5000 nəfər öldürüldü, osmanlıların da itkisi ağır idi. Savaşda yaralanan I Şah İsmayıl mühasirəyə düşsə də, onu yarıb Təbrizə qaça bilmişdir. Sultan Səlim onu təqib etmək əmri verdi, lakin onun hərbi hiylədən qorxuya düşən qoşunları geriyə qayıtdılar. Sultan Səlim əmr etdi ki, Çaldıran düzündə öldürülmüş qızılbaşların başından piramida ucaldılsın. Səfəvilərin Çaldıran savaşında məğlubiyyəti nəticəsində Kürdüstanın xeyli hissəsi itirildi və osmanlılar Təbrizə daxil oldular.

Çan Kayşi — 1927-ci ildən Çində qomindan rejiminin başçısı. 1949-cu il inqilabı nəticəsində devrilmişdir. Tayvan adasına qaçmış, ABŞ-ın dəstəyinə arxalanan yerli hökumətə 1973-cü ilə qədər başçılıq etmişdir.

Çandraqupta — e.ə. IV — III əsrlərdə Hindistanda Mauryalar sülaləsi və dövlətinin banisi.

çar (lat. «sezar») — 1547 — 1721-ci illərdə Rusiyada dövlət başçısının rəsmi titulu. İlk çar IV İvan Qroznı olmuşdur. I Pyotrun dövründə imperator titulu ilə əvəz edilmişdir, amma bununla yanaşı, 1917-ci ilin fevralında mütləqiyyətin devrilməsinədək qeyri-rəsmi şəkildə işlədilmişdir.

çartizm (ing. «charter» — «xartiya») — İngiltərədə XIX əsrin 30 — 40-cı illərində baş vermiş ilk kütləvi, siyasi cəhətdən formalaşmış fəhlə hərəkatı. 1838-ci ildə London fəhlələri «Xalq xartiyası — proqram sənədi hazırladılar. Sənəddə aşağıdakılar nəzərdə tutulurdu: ümumi seçki hüququ; parlamentə illik seçkilər tətbiq edilməsi; parlamentin deputatları üçün əmlak senzinin ləğv edilməsi; gizli səsvermə; bərabər seçki dairələri və s. tətbiq edilməsi.

çay — kol şəklində subtropik bitki. „Çay“ sözü Çin mənşəlidir (Çinin ingiliscə adı ilə müqayisə et — China). Qədim Çində çay yarpağından hazırlanmış cövhərdən dərman kimi istifadə olunurmuş. Sonralar çaydan adi, susuzluğu yatıran içki kimi istifadə etməyə başlamışlar.

»çəpərləmə" — kəndlilərin feodallar tərəfindən zorla torpaqdan qovulması. Kəndlilər qovulduqdan sonra feodallar öz sahələri ətrafında çəpərlər çəkmək, arxlar açmaq və s. ilə onu qoruyurdular, ona görə də belə qovulma "çəpərləmələr" adını almışdır. “Çəpərləmə” özünün klassik ifadəsini XV əsrin sonları — XX əsrin əvvəllərində İngiltərədə tapmışdır. “Çəpərləmə” ilkin ilkin kapital yığımının əsasını təşkil etmişdir. "Çəpərləmə" nəticəsində torpağını itirən kəndlilər dilənçi və səfillərə çevrilirdilər. Tezliklə İngiltərədə, demək olar ki, kəndlilər yox oldular. "Çəpərləmə" həm də yaranmaqda olan sənaye müəssisələri üçün ucuz işçi qüvvəsi mənbəyi idi.

Çiçen-İtsa — Yukatan yarımadasında (müasir Meksika) VIII — XII əsrlərdə mövcud olmuş mayya hindilərinin şəhəri. XI -XII əsrlərdə Çiçen-İtsada rəsədxana olmuşdur. Mayya kahinləri buradan soma cisimlərini müşahidə etmişlər. XII — XIII əsrlərdə pilləli piramida formalı mayya məbədi inşa edilmişdir. Məbədə gedən dörd pilləkəndə pillələrin sayı yuxarıdakı pillə ilə birlikdə ildəki günlərin sayına -365-ə bərabərdir. Tərəflərin hər birinin yanlarındakı 18 tin mayya təqvimindəki ayların sayına müvafiqdir.

çiçəyə qarşı peyvənd — onun ixtirası orta əsrlər Çin təbabətinin böyük nailiyyəti idi. Avropada isə ilk dəfə olaraq yalnız XVIII əsrdə ingilis həkimi E.Cenner tərəfindən çiçəyə qarşı peyvənd aşkar olunmuşdur. Çiçəyə qarşı peyvənd milyonlarla insanın həyatını xilas etmişdir.

Çingiz xan (Temuçin; 1155 — 1227) — böyük monqol fatehi. Anadan olduğu zaman atası tərəfindən məğlub edilmiş əzəmətli tatar döyüşçüsü Temuçinin (Dəmirçi) adı ilə adlandırılmışdı. Monqolların inamına görə, həmin döyüşçünün gücü və qüvvəsi yeni doğulan uşağa keçməli idi. Temuçin 9 yaşı çatanda düşmənlər onun atasını öldürdülər ailəsi isə qaçqın düşdü. Sonra düşmənlər Temuçini əsir götürdülər, amma o qaça bildi və öz qəbiləsində cəsur döyüşçü kimi ad çıxardı. Təxminən 20 yaşlarında Temuçin qüdrətli qonşulardan birinin qızı ilə evləndi və monqol qəbilə və tayfalarının birləşdirilməsi siyasətinə başladı. Hələ müttəfiqləri az olduğu vaxtlarda Temuçinə düşmən olan tayfa onun düşərgəsinə hücum edərək arvadını qaçırmışdı. Temuçin yeni müttəfiqlər taparaq bir ildən sonra düşmən tayfaya qalib gəlib arvadını azad etmişdi.     
1206-cı ildə Temuçin monqol tayfalarını öz hakimiyyəti altında birləşdirdi və "Çingiz xan" (tərcüməsi əzəmətlilik bildirən «dəniz xan» və ya "ümman xan") titulunu aldı. Çingiz xan onun ittifaqına daxil olan tayfa başçılarından tələb etdi ki, öz ərazilərini qorumaq üçün daimi ordu saxlasınlar. Çingiz xan orduda onluq sistemi — onluq, yüzlük, minlik və «tümən» — onminlik sistemi tətbiq etdi. Xanın oğlanlarından və kübar ailələrdən təyin edilən komandirlər orduda təlim və nizam-intizama cavab verməli idilər. Çingiz xanın ordusunun, demək olar ki, yarısını qılınc və nizələrlə silahlanmış, dəri dəbilqə və zirchli önlüklə sinəsi qorunan ağır silahlı süvarilər təşkil edirdi. Onun ordusunun qalan hissəsini isə dəri dəbilqə, ox və kamanla silahlanmış yüngül oxçu-süvarilər təşkil edirdi. Monqollar uzunmüddətli yürüşlər üçün lazım olan sursat və ehtiyatlarla yüklənmiş atları arxalarınca aparırdılar. Bundan əlavə, Çingiz xan geniş kəşfiyyatçı və casus şəbəkəsi yaratmışdı və onların vasitəsilə düşmənin qoşunlarının mövqeyi və sayı haqqında məlumat əldə edirdi. Monqolların özlərində olmayan həkim və ya sənətkarlara ehtiyac olduqda isə Çingiz xan onları başqa ölkələrdən dəvət edir və ya əsir götürürdü; bunlar o dövrün bütün qoşunlarından Asiyanı tutdu, bundan sonra isə monqollar İrana və Azərbaycana kəşfiyyat məqsədi ilə qarətçi yürüşlər etdilər, buradan isə Dərbənd keçidi vasitəsilə şimala yollandılar və 1223-cü ildə Kalka çayı yaxınlığında qıpçaqların və rusların qoşunlarını məğlub etdilər. Çində üsyanı yatırmağa yollanan yetmiş yaşlı Çingiz xan yolda öldü. Bir qədər bundan əvvəl isə o, oğlanlarından birini orduya başçı təyin etmişdi. Çingiz xanın imperiyası 150 ilədək mövcud olmuşdur. Müasir Monqolustanda Çingiz xan milli qəhrəman sayılır. Onun sərhədlərindən kənarda isə Çingiz xanın adı hərbi qüdrət və cahangirlik rəmzi kimi qiymətləndirilir.

Çissantaxma — Çissantaxmanın başçılığı ilə Asaqarta vilayətində Əhəmənilərə qarşı baş vermiş və Cənubi Azərbaycan ərazilərini əhatə etmiş üsyan. Fravartiş üsyanı ilə bağlı idi. Çissantaxma da Fravartiş kimi özünü Midiya hökmdarı Kiaksarın nəslindən olan Asaqarta şahı elan etmişdi. I Dara İran və Midiya qoşunlarını Taxmaspadanın başçılığı ilə ona qarşı göndərmişdi. Taxmaspada üsyanı yatıra bildi. Əsir götürülmüş Çissantaxma I Daranın yanına gətirilmiş, o isə üsyançının burnunu, qulaqlarını kəsmiş, bir gözünü çıxarmışdır. Bundan sonra Çissantaxma Asaqarta vilayətinin mərkəzi Arbeldə payaya keçirilmişdir.

çobanbəyi — orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda elatlardan malın satışından alınan vergi; natural şəkildə və ya pulla ödənilirdi. Səfəvilər dövlətində geniş yayılmışdı.

çölpulu — orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda elatlardan malın otarılmasına görə alınan vergi.

çöpbaşı — Azərbaycanda xanlıqlar dövründə otlaqların sahiblərinin xeyrinə maldarlardan malın otarılmasına görə alınan vergi. Əsasən pulla ödənilirdi; verginin həcmi otlağın ölçüsündən asılı olurdu. Quba, Bakı və Şamaxı xanlıqlarında yayılmışdı.

Çörçill — Uinston Leonard Spenser (1874 — 1965) — 1940 — 45 və 1951 — 55-ci illərdə Böyük Britaniyanın baş naziri. Çörçillin atası mənşəcə kübar Malbərə hersoqları nəslindən idi, anası isə amerikalıydı. İkinci Dünya müharibəsi illərində Çörçill hökuməti SSRİ ilə antihitler koalisiyası çərçivəsində ittifaqa girdi (1941-ci il sazişi, ittifaq haqqında 1942-ci il müqaviləsi). İkinci cəbhənin Qərbi Avropada açılması əleyhinə çıxan Çörçill təklif edirdi ki, Balkanlara desant çıxarılsın. Çörçillin müharibə qurtardıqdan sonra Qərb demokratiyalarını qorumaq üçün SSRİ-yə qarşı ABŞ və Böyük Britaniyanın qüvvələrini birləşdirməklə müqavimət göstərilməsi təklifi ilə 1946-cı il martın 5-də Fultonda (ABŞ) etdiyi çıxışı «soyuq müharibə»nin başlanmasına səbəb oldu. Bir sıra tarixi tədqiqatlar, memuarlar və romanlar Çörçillin qələmindən çıxmışdır. 1953-cü ildə Çörçill ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Çuxursəd bəylərbəyiliyi — Səfəvilər dövlətinin mərkəzi İrəvan şəhərində olan inzibati vahidi. Naxçıvan da XVIII əsrdən etibarən həmin beylərbəyiliyinə daxil idi.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh