"D" hərfi ilə başlayan tarix terminləri

Dahau — faşist Almaniyasında 1933-cü ildə Münhen yaxınlığında təşkil olunmuş ilk həbs düşərgəsi (konslager). Dahauda 250 min nəfər məhbus var idi; onlardan 70 min nəfərə qədəri öldürülmüşdür. 1945-ci il aprelin 28-də Dahauda düşərgənin beynəlmiləl komitəsinin rəhbərliyi ilə üsyan baş vermişdir.

daxma — zərdüştilərin dəfn mərasiminin şərtlərinə görə, ölənlərin cəsədlərinin yırtıcı quşlar və ya heyvanlar tərəfindən yeyilməsi üçün qoyulan təpə və ya xüsusi tikili. Sonra sümükləri ossuariyə yığırdılar. Hazırda daxma parslarda qalmaqdadır.

«daxmalı qullar» — Qədim Romada quldarların xırda torpaq sahəsi, əmək alətləri verdikləri və daxma tikib, ailə qurmalarına icazə verdikləri qullar. «Daxmalı qul» öz sahibinə müəyyən pul və ya əməyinin məhsulunun bir hissəsini verməli, sahədən əldə etdiyi qalan məhsulu isə özünə saxlamalı idi. Beləliklə, quldarlar qulları öz əməklərinin nəticəsi üçün maraqlandırmağa çalışırdılar.

dalay-lama — XVI əsrdən Tibetdə buddist kilsənin baş din xadimi.

damba — doğranmış qamışla qarışıq gildən aşırım şəklində tökülmüş torpaq bənd. Adətən damba çay kənarlarında dağıdıcı daşqınlardan qorunmaq məqsədi ilə tökülür.

Dante Aligyeri (1265 -1321) — görkəmli italyan şairi, italyan ədəbi dilinin yaradıcısı. Onun əsərləri arasında Beatriçeni vəsf edən sonetlər, «Yeni dünya» avtobioqrafik povesti, «Xalq nitqi haqqında» və «Ziyafət fəlsəfi traktatları vardır. Dante yaradıcılığının zirvəsi üç hissədən — “Cəhənnəm”, “Məhşər” və “Cənnət” dən ibarət olan „İlahı komediya“ əsəridir. Dantenin yaradıcılığı Avropa ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir.

Danton Jorj Jak (1759 — 94) — Böyük Fransa burjua inqilabı xadimi, yakobinlərin rəhbərlərindən biri. Monarxiyanın devrilməsi ilə nəticələnən 1792-ci il 10 avqust üsyanının hazırlanmasında, həmin ilin avqust — sentyabrında inqilabi Fransanın müdaxilədən müdafiəsinin təşkilində iştirak etmişdir. 1793-cü ildən jirondistlərlə yaxınlaşmağa başlamış və terrorun yumşaldılmasını, qiymətlərin maksimum həddinin ləğv edilməsini və s. tələb etməyə başlamışdır. Davamçıları olan dantonçular onun ətrafında cəmlənmişdilər. 1794-cü ilin aprelində Danton və dantonçuların əksəriyyəti hərbi tribunal tərəfindən mühakimə və edam olunmuşdu.

Dara I — İran şahı (e.ə. 522 — 486). Onun dövründə Əhəmənilər və ya İran dövləti ən qüdrətli çağına yetişdi; o, şərqdə Hind çayından qərbdə Egey dənizinədək, şimalda Qafqaz dağlarından cənubda Efiopiyaya qədər genişlənmişdi; 80-dən artıq xalq onun tərkibinə daxil idi. Dara Midiya maqı Qaumatanı öldürüb e.ə. 522-ci ildə hakimiyyətə gəlmişdi. Öz hakimiyyətini qanuniləşdirmək məqsədi ilə Dara Kirin qızı Atossa və Kambizin və Qaumatanın hərəmxanasında olan bütün qadınlarla evləndi, hərçənd o, artıq evli idi və üç oğlu vardı. Bundan sonra I Dara Əhəmənilər dövlətinin bir sıra əyalətlərində baş verən üsyanlarla üzləşdi. Onun üçün daha təhlükəli olanları Midiyada Fravartişin, Asaqartada (Cənubi Azərbaycanda əyalət) isə Çissantaxmanın üsyanları idi. Bu üsyanları yatırdıqdan sonra o, üsyan başçılarını şəxsən özü edam etmişdi. Bundan sonra I Dara əmr vermişdi ki, məşhur Bisütun kitabəsinin həkkinə başlanılsın. E.ə. təqribən 518-ci ildə I Dara inzibati-maliyyə islahatları keçirdi: dövləti vilayətlərə — satraplıqlara böldü. Hər bir satraplıq şah tərəfindən təyin olunmuş ayrıca məmur — satrap tərəfindən idarə olunurdu. E.ə. 517-ci ildə I Dara Hindistanın şimal-qərb hissəsini istila etdi. E.ə. 514 — 512-ci illərdə I Dara Qara dəniz ətrafı skiflərə qarşı uğursuz yürüş təşkil etdi, amma iranlılar Makedoniya və Frakiyanı tuta bildilər. E.ə. 490-cı ildə I Dara yunan şəhər-dövlətlərini zəbt etmək məqsədi ilə yürüş təşkil etdi, lakin Marafon çölündə yunanlar tərəfindən məğlub edildikdən sonra geri qayıtmağa məcbur oldu. Dara Yunanıstana yeni yürüş hazırlamağa başladı, lakin hazırlığın qızğın çağında öldü.

I Daranın hakimiyyəti illərində vahid qızıl pul — darik (8,4 q) kəsildi; vergi yığımı sahmana salındı; Əhəməni qoşunlarının sayı istila olunmuş ölkələrin xalqlarının cəlb edilməsi sayəsində artırıldı; İranın mərkəzi rayonlarını ayrı-ayrı satraplıqlarla birləşdirən yollar şəbəkəsi inşa edildi; Nildən Süveyşə qədər olan kanal bərpa edildi. I Daranın dövründə Persepolda şah sarayı, Suzda saraylar, Memfisdə məbədlər və s. inşa edildi.

Dara III — Əhəmənilər dövlətinin sonuncu şahı (e.ə. 336 — 330). III Dara Kodoman qüdrətli hərəmağası Baqoyun sayəsində taxta çıxarılmışdı. Sonralar Baqoy III Daranı zəhərləməyə cəhd göstərmiş, lakin hökmdar onun özünü zəhər dolu badəni başına çəkməyə məcbur etmişdi. III Dara hakimiyyətinin lap başlanğıcında Misirdəki üsyanı yatıra bildi. Bu zaman Əhəməni əyanları saray çəkişmələri və çevrilişləri ilə məşğul idi. Həmin dövrdə Makedoniya monarxiyası xeyli qüvvətləndi. Makedoniya ilə İranın toqquşması getdikcə daha çox labüdləşirdi. İran sərkərdələri ordularının yaxşılaşdırılması qeydinə qalmırdılar. Onlar yalnız ordunun ən döyüşkən hissəsini təşkil edən 30 minlik yunan muzdlularını ordularına əlavə etmişdilər. E.ə. 334-cü ildə makedoniyalılar Makedoniyalı İsgəndərin başçılığı ilə İrana yürüşə başladılar. Üç iri döyüş -Qranik, İss və Qavqamela yaxınlığındakı döyüşlər nəticəsində Makedoniyalı İsgəndər Əhəmənilər dövlətini darmadağın etdi və onun paytaxtlarında külli miqdarda sərvətlər ələ keçirdi. Sonuncu Əhəməni hökmdarı III Dara öz satrapı Bess tərəfindən xaincəsinə öldürüldü. Sonralar Baktriya makedoniyalılar tərəfindən tutulan zaman Makedoniyalı İsgəndərin göstərişi ilə Bess hökmdar qatili kimi əzablı və ağır işgəncə ilə edam edildi.

»Dar üş-şəfa" ("Şəfa evi") — XIV əsrdə Təbrizdə (Cənubi Azərbaycan) inşa edilmiş memarlıq kompleksi. Bu kompleksdə bir sıra tədris müəssisələri, tibbi və elmi idarələr, rəsədxana və zəngin kitabxana var idi. Burada təkcə Azərbaycan alim və müəllimləri deyil, həm də başqa ölkələrdən dəvət olunanlar çalışırdılar. «Dar üş-şəfa»da ali məktəb var idi və Şərqin müxtəlif ölkələrindən təbiəti, fəlsəfəni, tarixi, təbabəti, astronomiyanı, məntiqi, ilahiyyatı öyrənmək üçün buraya 6-7 min tələbə gəlirdi.

dastakert — Sasanilər dövlətində şərti torpaq mülkiyyəti.

dastan — şifahi xalq yaradıcılığı, nağıl, qəhrəmanlıq eposu forması.

daş dövrü (əsri) — ağac və sümük alətlərlə yanaşı, insanların əsas əmək alətlərini daşdan düzəltdikləri ən qədim tarixi dövr. Burada «dövr», "əsr" sözü şərtidir, belə ki, daş dövrü bacarıqlı insanın meydana gəlməsi ilə (iki milyon ildən çox əvvəl) başlamış və metal dövrünün (yeddi min il əvvəl) başlanmasınadək — yəni iki milyon ilədək davam etmişdir. Hələ bir neçə on il əvvəl öz inkişaflarında geri qalmış bir sıra qəbilələr daş dövrünə yaxın mərhələdə yaşayırdılar. Daş dövrü üç əsas mərhələyə (dövrə) — paleolit, mezolit və neolitə bölünür. Daş dövrü eneolitlə əvəz olunmuşdur.

daş heykəllər — qədimlərdə əhəngdaşı, qumdaşı və daha bərk daşlardan 1 -4 m hündürlüyündə yonulmuş və Monqolustan və Altaylardan tutmuş Dnestrədək çöllərdə qoyulmuş daş heykəllər. Sibirdə tunc dövrünə aid heykəllər məlumdur. Daş heykəllər haqqında ən qədim yazılı mənbələr Orxon-Yenisey qədim türk mətnləri (V — VIII əsrlər) hesab olunur. Daş heykəllərin bir qismi qadın heykəlidir. Görünür ki, daş heykəllərin qoyulması ululara etiqadla bağlıdır.

daşnak — «Daşnaksütyun » partiyasının üzvü.

«Daşnaksütyun» (erm. "İttifaq") — 1890-cı ildə Osmanlı imperiyasında yaradılmış erməni millətçi partiyası. Minimum proqramı. Avropa dövlətlərinin yardımı ilə Osmanlı imperiyası tərkibində Ermənistan üçün muxtariyyətə nail olmaq; maksimum proqramı — Aralıq dənizi ilə Qara dəniz arasında «Böyük Ermənistan» adlanan dövlət yaratmaq. XX əsrin əvvəllərində erməni yazıçısı, şovinist Artsruni Rusiya imperiyasının Cənubi Qafqaz torpaqlarında Ermənistan muxtariyyəti yaratmaq ideyasını irəli sürmüşdür. 1904-cü ildə «Böyük Ermənistan» yaradılması planına Cənubi Qafqaz ərazisi də əlavə edildi. Bu dövrdə Cənubi Qafqazın 54 qəzasından yalnız 5-də, əsasən İran və Türkiyədən köçürülmüş erməni əhalisi üstünlük təşkil edirdi. Ermənilərin kompakt yaşadığı ərazini genişləndirmək məqsədi ilə «Daşnaksütyun» partiyası hədə və milli qırğın yolu ilə azərbaycanlı əhalini öz yerlərini tərk edib getməyə vadar etməyi qarşısına məqsəd qoydu. Bu ideyanın həyata keçirilməsi üçün daşnaklar çar hökumətinin yardımına ümid bəsləyirdilər. 1905 — 1907-ci illər birinci Rusiya burjua inqilabı dövründə daşnaklar çar hökumətinin etinasızlığı, bəzən də birbaşa yardımı ilə Cənubi Qafqazın müxtəlif şəhər və kəndlərində azərbaycanlıların qırğınma başladılar. İran, Türkiyə və Gürcüstandan silahlı erməni könüllü dəstələri daşnakların yardımına gəlirdilər. Azərbaycanlı əhalinin qətliamında çar ordusunda qulluq edən erməni əsgər və zabitləri fəal iştirak edirdilər. 1905-ci il fevralın 6 — 10-da daşnaklar Bakıda, 1905-ci il mayın əvvəllərində Naxçıvanda, həmin il mayın axırlarında İrəvanda, avqustun 16 — 23-də Şuşada azərbaycanlıların qırğınını təşkil etdilər. Daşnaklar 1906-cı ilin iyununda Şuşada yerləşən rus qoşunlarının yardımı ilə oradakı azərbaycanlıları qırmağa başladılar. Daşnaklar Azərbaycan kəndlərinə də basqın edirdilər. Azərbaycanlılar hər yerdə daşnaklara layiqli müqavimət göstərirdilər. Qaçaq dəstələri də dasnaklara qarşı vuruşurdular. Birinci Dünya savaşı başla-yanda müharibənin qələbə ilə başa çatma-sından sonra «Böyük Ermənistan» yaradılmasında Rusiya və digər Antanta ölkələrindəki himayədarlarının yardımına ümid bəsləyən «Daşnaksütyun» partiyası çar ordusunun qələbəsi istəyi ilə çıxış etdi. «Daşnaksütyun' partiyası „Erməni milli şurası“ və Bakı Soveti ilə birlikdə Bakıda 1918-ci il mart qırğınında fəal iştirak etmişdir. Şəhərin azərbaycanlı məhəllələrinə basqın edən erməni döyüşçüləri dinc sakinləri vəhşiliklə öldürür, müsəlman ictimai binalarını və mədəniyyət ocaqlarını yandırırdılar. 1918-ci il aprelin əvvəllərindən sentyabradək daşnaklar Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Göyçay və Kürdəmirdə qırğınlar törətmişdilər. Baksovetdə, səmalar ingilisləri Bakıya dəvət etmiş „Sentrokaspi Diktaturası“ hökumətində „Daşnaksütyun“ partiyasının nümayəndələri çoxluq təşkil edirdilər. 1918-ci ilin mayı — 1920-ci ilin noyabrında „Daşnaksütyun“ ennənilərin Ararat Respublikasında hakim partiya olmuşdur. Erməni respublikasının hökuməti Azərbaycan Demokratik Respublikasından xahiş etmişdi ki, İrəvanı özlərinə paytaxt etmək üçün onlara versin. Azərbaycanın Müvəqqəti Milli Şurası İrəvanı ermənilərə bir şərtlə verməyə razı oldu ki, onlar Qarabağın dağlıq hissəsinə olan iddialarından birdəfəlik əl çəksinlər. Lakin İrəvanı aldıqdan sonra daşnak hökuməti Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağı tutmağı qarşısına məqsəd qoydu. 1918-ci ilin yayında silahlı quldurlara başçılıq edən Andranik Zəngəzur və Naxçıvanın dinc azərbaycanlı əhalisini kütləvi surətdə qırmağa başladı. Azərbaycan Demokratik Respublikası hökuməti buna cavab olaraq Xosrov bəy Sultanovun başçılığı ilə Qarabağ general-qubernatorluğunu yaratdı və Qarabağ, Zəngəzur və Naxçıvanda Azərbaycan Demokratik Respublikasının suverenliyini bərpa edə bildi. Daşnak hökuməti »Böyük Ermənistan"ın yaradılması haqqında ideyanı həyata keçirməyə səy göstərdi və Antanta ölkələrinin yardımı ilə diplomatik yollarla Türkiyənin bir sıra vilayətlərinə, Gürcüstanın bir hissəsinə və Azərbaycanın xeyli hissəsinə (Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağ) iddialarla çıxış etdi. 1920-ci ildə Azərbaycan SSR-in ağır vəziyyətindən istifadə edən erməni daşnak hökuməti Zəngəzura erməni ordusu göndərdi və bura talan edildikdən sonra ermənilər Naxçıvana soxuldular. Buna cavab olaraq türk ordusu Naxçıvanı öz nəzarəti altına götürdü. Yalnız bundan sonra Qırmızı Ordu 1920-ci il iyulun 6-da Gorusu tutaraq erməni ordusunun Zəngəzurun digər hissələrinə gələn yollarının qarşısını aldı. 1920-ci il iyulun sonları — avqustun əvvəllərində ermənilər Şəmkir və Qazax qəzalarının ərazilərinə soxuldular, eləcə də maneəsiz olaraq Zəngəzuru işğal etdilər. Eyni zamanda, Qarabağ qəzalarında erməni-daşnak qiyamları baş verdi. Ermənilərin zəbt etdikləri rayonlardan minlərlə qaçqın Azərbaycanın içərilərinə doğru axışdı. 1920-ci ilin sentyabrında Ermənistan Türkiyəyə müharibə elan etdi, lakin az sonra erməni ordusu türk qoşunları tərəfindən darmadağın edildi. Türkiyədə imzalanan müqaviləyə görə, Ermənistanın ərazisi 10 min km2 müəyyənləşdirilirdi. Sovet Rusiyası təcili olaraq «xalq inqilabı»nı təşkil etdi və XI Qırmızı Ordu «beynəlmiləl yardım» göstərərək Ermənistana daxil oldu. 1920-ci il noyabrın 29-da Ermənistanda Ermənistan SSR yaradıldı. «Daşnaksütyun» partiyası 1921-ci ilin fevralında Ermənistan SSR-də antisovet qiyamı təşkil etdi. Daşnak qiyamı yatırıldıqdan sonra Ermənistanda «Daşnaksütyun» partiyası gizli fəaliyyətə keçdi və bir sıra xarici ölkələrdə özünün millətçi təşkilatlarını yaratdı. «Daşnaksütyun» partiyasının 1995-ci ilin dekabrında Afinada keçirilən qurultayında SSRİ-də yaranmış "əlverişli şərait«dən bacarıqla istifadə etməyə və „Böyük Ermənistan“ uğrunda mübarizədə qüvvələri birləşdirmək üçün çağırışlar səsləndi. Uzun müddət DQMV-də gizli fəaliyyət göstərmiş „Krunk“ (»Durna") təşkilatı «Daşnaksütyun»un yardımı sayəsində açıq fəal mübarizəyə başladı. «Daşnaksütyun» Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi uğrunda çıxış edən «Miatsum» («Birlik») hərəkatını əliaçıqlıqla maliyyələşdirirdi. Erməni lobbisindən və onun kütləvi informasiya vasitələrinə təsirindən istifadə edən daşnaklar xarici mətbuatda və sovet mərkəzi mətbuatında fəal antiazərbaycan kampaniyasına başladı. Müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra «Daşnaksütyun» Ermənistanın siyasi partiyalarından biri kimi qeydə alındı.

debat — müzakirə, mübahisə, fikir mübadiləsi.

de-fakto — faktik, işdə; gerçəklikdə olan, amma hüquqi cəhətdən qeydiyyatdan keçməmiş.

Dehli sultanlığı — 1206 — 1526-cı illərdə Hindistanda paytaxtı Dehli olan müsəlman dövləti. XII əsrin sonlarında Şimali Hindistan Qurilər dövləti tərəfindən tutuldu və Məhəmməd Qurinin Hindistandakı canişini Qütbəddin Aybək özünü sultan elan etdikdən sonra burada Dehli sultanlığı yarandı. Sultanlar Hindistanın çox hissəsini özlərinə tabe etdilər. Dehli sultanlığında müsəlman feodal əyanları hakim təbəqəni təşkil edirdilər. 1526-cı ildə Dehli sultanlığı Babur tərəfindən tutuldu və burada Böyük Moğollar imperiyası yaradıldı.

dekabristlər — 1825-ci il dekabrın 14-də mütləqiyyətə qarşı üsyan qaldırmış Rusiya zadəgan inqilabçıları. Xalqa arxalanmaq istəməyən dekabristlər ordunun gücü ilə hərbi çevriliş etmək niyyətində idilər. Proqramları: unitar respublikanın və ya federativ quruluşlu konstitusiyalı monarxiyanın yaradılması idi. İmperator I Aleksandrın ölümündən sonra yeni çarın and içməsindən bir qədər keçmiş üsyan baş verdi: 1825-ci il dekabrın 14-də Peterburqda və 1825-ci il dekabrın 29-u -1826-cı il yanvarın 3-də Ukraynada Çerniqov polkunda çıxışlar oldu. Üsyanın yatırılmasından sonra onun 5 rəhbəri — P.İ.Pestel, S.İ.Muravyov-Apostol, K.F.Rıleyev, M.P.Bestujev-Ryumin və P.Q.Kaxovski — asıldı, dekabristlərin 121 nəfəri Sibirə katorqaya və sürgünə göndərildi, 3000-dən artıq əsgər repressiyaya məruz qaldı. Dekabristlər üsyanı inqilabçıların ilk silahlı çıxışı idi və sonrakı inqilabi hərəkatlara böyük təsir göstərmişdir,

dekadentlik (lat. «tənəzzül») — XIX əsrin sonları — XX əsrin əvvəllərində mədəniyyətdə təzahür edən ümidsizlik əhval-ruhiyyəsinin, həyatın dözümsüzlüyü kimi böhranlı halların ümumi adı. Dekadentliyin bir çox motivləri sonralar modernizmin bir sıra bədii cərəyanlarında istifadə olunurdu.

deklarasiya (lat. «bəyanat», «elan») — dövlətlərin və ya ictimai təşkilatların siyasət, beynəlxalq münasibətlər və hüquq sahəsində prinsiplərini müəyyənləşdirən, yaxud bu və ya digər məsələ, problem və s. üzrə öz mövqelərini bəyan edən bir və ya çoxtərəfli akt.

dekret (lat, «fərman», «qərar») — ali dövlət hakimiyyəti orqanı tərəfindən verilmiş aktların adlarından biri.

demaqogiya — 1) xəbis məqsədlərə çatmaq üçün yalançı ittihamlar, faktların təhrif edilməsi, kobud yaltaqlıq ilə insanlara təsir göstərilməsi; 2) politikanlıq, siyasətbazlıq.

demaqoq (yun. «demosun başçısı») — e.ə. V əsrdə Afinada xalqın rifahı uğrunda çalışan siyasi xadimə verilən ad. Yunan şəhər-dövlətlərində siyasi mübarizənin kəskinləşməsi ilə əlaqədar olaraq e.ə. V — IV əsrlərdə «demaqoq» anlayışı birmənalı şəkildə populyarlaşmağa və aldatma, yaltaqlıq, yalançı vədlər vermək və s. yollarla hakimiyyətə gəlməyə çalışan siyasi xadim anlayışını bildirir. Bizim günlərimizdə «demaqoq» sözü söyüş mənasında işlədilir və çoxdanışan adam mənasını bildirir.

Demetra — qədim yunan mifologiyasında məhsuldarlıq və əkinçilik ilahəsi. Roma mifologiyasında Serera ilə eyniləşdirilirdi.

Demokratiya (yun. “demosun hakimiyyəti”) — hakimiyyətin formal və ya faktik olaraq xalqa mənsub olduğu dövlət formalarından biri, habelə vətəndaşların müəyyən hüquq və azadlıqlarının məcmusu ilə xarakterizə olunan ictimai qurumdur. «Demokratiya» anlayışına ilk dəfə Herodotda rast gəlinir, müasir elmə Aristotel tərəfindən daxil edilmişdir. Demokratiya Qədim Yunanıstanın şəhər-dövlətlərində meydana gəlmişdir. Yüksək inkişaf səviyyəsinə Afinada çatmışdır. Demokratiya şəraitində hakimiyyət vətəndaş cəmiyyətinə mənsub olur və bu zaman bütün dövlət məsələləri xalq yığıncağı tərəfindən həll edilir. Qeyri-vətəndaşlar, xüsusilə də qullar dövlətin idarə olunmasından tamamilə kənar edilmişdilər. Qədim Roma aristokratik respublikasında nəsli demokratiya əlamətləri qalmaqdaydı.

Demokrit (e.ə. 460 — 370) — qədim yunan filosofu. Dünyanın kiçik zərrəciklərdən — atomlardan və boşluqdan ibarət olması haqqında təlimin yaradıcısı. İnsanlarda ölməz ruhun olmasını inkar edirdi. Dinin meydana gəlməsini isə ibtidai insanların təbiətin qorxulu hadisələri qarşısında imkansızlığı və qorxusu ilə izah edirdi. Demokrit ibtidai dövrün «qızıl əsr» kimi təsvirini rədd edirdi. Demokratiyanın dönməz tərəfdarı olan Demokrit demokratik dövlətdə kasıb olmağı monarxiyadakı varlılıqdan uca sayır. Demokritin etikasında müdrik mötədillik haqqında təlim əsas yer tutur.

demoqrafiya — əhalinin məskunlaşması haqqında elm.

demos — Qədim Yunanıstanda aristokratlara zidd olan sadə xalqı (kəndliləri, sənətkarları və tacirləri) bildirirdi. Sonralar — demos qulların və xaricilərin əksinə olaraq şəhər-dövlətlərin bərabərhüquqlu vətəndaşlarının birliyini bildirirdi. Demos quldarlıq demokratiyasının mövcudluq bazası idi.

Demosfen (e.ə. 384 — 322) -qədim yunan natiqi, siyasi xadimi, quldarlıq demokratiyasının ideoloqu. Afinada anti-makedoniya qruplaşmasının tanınmış başçısı. Onun Makedoniya hökmdarı II Filippin əleyhinə etdiyi çıxış — «Filippika» xüsusilə məşhurdur. E.ə. 341-ci ildə o, Afinanın faktik rəhbəri oldu. Yunan şəhər-dövlətlərinin antimakedoniya ittifaqının meydana gəlməsinə imkan yaratmışdır. Xeroneya yaxınlığında məğlub olduqdan sonra Afinanı tərk etmək məcburiyyə yətində qalmışdır. Makedoniyalı İsgəndərin ölümündən sonra o, təntənəli surətdə şəhərə qayıtmış və yenidən Makedoniyaya qarşı mübarizəyə çağırmışdır. E.ə. 322-ci ildə yunanların yenidən məğlub olmasından sonra makedoniyalı döyüşçü tərəfindən təqib edilən Demosfen əsir düşməmək üçün zəhər içmişdir.

denasionalizasiya — dövlətin milliləşdirilmiş əmlakı əvvəlki sahiblərinə qaytarması.

denominasiya — pul islahatı zamanı pulun nominal dəyərinin dəyişdirilməsi və yeniləşdirilməsi.

denonsasiya — bir dövlətin digərinə əvvəllər onların arasında imzalanmış müqavilənin birtərəfli qaydada fəaliyyətini dayandırması haqqında bəyanat verməsi. Bir qayda olaraq denonsasiya qaydası imzalanmış müqavilənin özündə və ya ona əlavə olunan xüsusi razılaşmada nəzərdə tutulur. deportasiya — zorakı yerdəyişmə, bir şəxsin və ya hər hansı milli azlıq təşkil edən xalqın, millətin, dini icmanın və s.-nin dövlətdən kənara qovulması.

depressiya — 1) psixikanın (əhvalın) məyus vəziyyəti; 2) həddən artıq məhsul istehsal olunması nəticəsində baş verən böhrandan sonra meydana çıxan sənaye dövrü fazası; iqlisadiyyatın durğunluq vəziyyəti və mallara tələbatın azlığı ilə seçilir.

deputat — hakimiyyət orqanlarında seçkili nümayəndə.

despotiya — istibdad hakimiyyəti, müstəbid, bütün hakimiyyətin şaxələnmiş hərbi-bürokratik aparatın köməkliyi ilə idarə edən bir hökmdara — irsi monarxa mənsub olduğu dövlət forması. Despotiya Yaxın Şərq ölkələri üçün xarakterik idi və hakimiyyətin qeyri-məhdudluğu və əhalinin hüquqsuzluğu ilə fərqlənirdi. Despotun şəxsiyyəti çox hallarda öz sağlığında və ölümündən sonra ilahiləşdirilirdi. Despotiyanın sinonimləri qeyri-məhdud monarxiya və tiraniyadır.

destabilizasiya — müvazinətin pozulması, dəyişkən vəziyyətin yaranması, sabitlikdən çıxmaq.

desyatin — Rusiyada 1,0925 hektara bərabər torpaq ölçüsü.

desyatina — xristian kilsəsi tərəfindən əhalidən ümumi məhsuldan və ya digər gəlirlərdən alınan vergi.

deşifrləmə — unudulmuş yazıların, dillərin anlamının bərpa edilməsi. Bir çox şifraçımlar üçün biri məlum və aydın olan iki, ya üç dildəki paralel yazı mətnlərindən istifadə olunur. Bir halda ki qədim mətnlərdə bir qayda olaraq hökmdarların və allahların adları yazılırdı, şifraçanlar da naməlum mətnlərdə ilkin olaraq bütün məlum adlan axtarmağa çalışırdılar. Bununla da bir sıra yazılı işarələrin və bütöv sözlərin oxunuşu müəyyənləşdirilirdi. Naməlum dildəki sözlərin mənası mətndəki bu sözlərin məlum dildəki sözlərlə tutuşdurulması ilə də müəyyənləşdirilirdi. Bəzən aydınlaşırdı ki, naməlum yazı çox yaxşı məlum olan dillərdən birində yazılmışdır. Bu cür mətnlərin oxunmasından sonra şifraçanlar məlum dilə tərcüməsi olmayan digər mətnlərin öyrənilməsinə başlayırlar.

devalvasiya — ölkənin pul sisteminin, milli pul nişanlarının qızıl dəyərinin və ya onların xarici valyutaya nisbətən məzənnəsinin aşağı salınması yolu ilə sabitləşdirilməsi üsulu.

Deyok — əfsanəvi Midiya hökmdarı. Herodota görə, Midiya tayfalarını birləşdirmişdir. Herodot bildirir ki, deyək əvvəlcə öz kəndlərində hakim, sonra isə midiyalıların hökmdarı seçilmişdir. Bundan sonra o, altı Midiya tayfasını birləşdirmiş, özünə hökmdar sarayı və paytaxt şəhəri Ekbatana tikdirməyi əmr etmiş, Midiyanı Assuriya-ağalığından qurtarmış və 53 il hökmdar eləmişdir. Bəzi tarixçilər Dcyoku Midiya vilayətlərindən birinin real irsi hökmdarı -Assuriya mətnlərindən məlum olan Manna canişini Dayaukku ilə eyniləşdirirlər. Dayaukku Manna hökmdarı Ullusunuya tabe olmaqdan imtina etmiş və Urartu çarı I Rusa ilə saziş bağlamışdır. E.ə. 715-ci ildə Mannanın müttəfiqi Assuriya hökmdarı II Sarqon qoşunlarını Dayaukkunun qiyamını yatırmaq üçün göndərmişdir. Assuriyalılar Dayaukkunu əsir tutub ailəsi ilə birlikdə Suriyaya sürgün etmişlər.

de-yure (lat. «rəsmən», «rəsmi olaraq», «hüquqi cəhətdən», «qanuna uyğun olaraq» beynəlxalq hüquqda dövlətin və ya hökumətin tam rəsmi (de-faktodan fərqli olaraq) tanınması.

Dədə Qorqud — oğuz xalq qəhrəmanlıq eposu «Kitabi-Dədə Qorqud»un baş personajı. Uzun əsrlər boyu formalaşmış epik dastanların hamısı «Kitabi-Dədə Qurqud»da xalq müdriki və ozanı Qorqudun obrazında birləşdirilir; bu dastan onun adına çıxılır.

dəfinə — gizlədilmiş, çox hallarda isə yerə basdırılmış, sahibi üçün dəyərli olan şeylər. Dəfinələr hələ neolit dövründən hər yerdə aşkar edilir və mühüm tarixi mənbə sayılrr. Dəfinə axtarılması da qədim tarixə malikdir. Bir sıra ölkələrdə aşkar edilən dəfinələrin mütləq dövlətə təhvil verilməsi haqqında qanun mövcuddur.

Dəməşq (Şam) — e.ə. XI əsrin sonlarından e.ə. 732-ci ilə kimi Dəməşq çarlı ğının mərkəzi. 661 — 750-ci illərdə Əməvilər xxilafətinin paytaxtı. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonunadək Osmanlı imperiyasının tərkibində olmuşdur. 1920 — 43-cü illərdə Fransanın mandatı altında olan Suriyanın inzibati mərkəzi. 1943-cü ildən müstəqil Suriyanın paytaxtıdır.

dəmir dövrü — əmək aləthri və silahların dəmirdən hazırlanmasına başlanılması və geniş yayılması ilə bağlı tarixi dövr. Dəmir dövrü tunc dövrünü əvəz etmişdir. Dəmiri filizdən əldə etməyi ilk dəfə olaraq Ön Asiyada məskunlaşmış hett tayfaları e.ə. II minilliyin sonlarında öyrənmişlər. Yataqları nisbətən az olan misdən, xüsusilə də qalaydan fərqli olaraq dəmir filizinə, demək olar ki, hər yerdə rast gəlinir və bu, dəmir əmək alətlərinin geniş yayılmasına imkan verdi.

«dəmirböyürlülər» — Kromvelin İngiltərədə vətəndaş müharibəsi illərində xəncər və nizələrlə silahlanmış, zirehli libas geyinmiş, yaxşı təlim görmüş süvarilərdən ibarət dəstəsi. 60 könüllü süvaridən ibarət ilk dəstə Kromvel tərəfindən 1642-ci ildə təşkil edilmişdir. Sonralar onlar «dəmirböyürlülər» in əsas nüvəsini təşkil etdilər. 1643-cü ildə bu qoşun növündə artıq ümumi sayı 1100 nəfər olan 14 eskadron var idi. Onlar kral qoşunları ilə döyüşlərdə özlərini yaxşı göstərmişdilər. «Dəmirböyürlülər» fanatik, dözümlü və intizamlı olmaları ilə fərqlənirdilər. Onlar parlament ordusunun əsasını -«yeni növ» adlandırılan ordunu təşkil etdilər.

Dərbəndilər — 1382 — 1538-ci illərdə şirvanşahlar sülaləsi. Sülalənin banisi I İbrahim olmuşdur. Dərbəndilər sülaləsi Kəsranilər sülaləsini əvəz etmişdir.

Dərviş (far. «yoxsul», «dilənçi») — müsəlman zahidi, sufizm davamçısı. Dərvişlər çox hallarda sərgərdan zahidliklə məşğul olurdular, bəzən də şeyxlərin rəhbərlik etdiyi məkanlarda yaşayırdılar.

Dəvdək — VII əsr alban şairi və alimi. Alban knyazı Cavanşirin ölümünə ağı yazmışdır.

«dəyirmibaşlılar» — İngiltərədə vətəndaş müharibəsi illərində parlamentin tərəfdarları. Onları saçlarını dəyirmi qırxdırdıqlarına görə belə adlandırırdılar.

diadoxlar (yun. “xələf”, “varis”) — Makedoniyalı İsgəndərin varisləri -böyük sərkərdələr və onun yaxın davamçıları. Makedoniyalı İsgəndərin ölümündən sonra diadoxlar öz aralarında hakimiyyət uğrunda mübarizəyə başladılar və son nəticədə onun dövlətini öz aralarında bölüşdürdülər.

dialektika — ümumi bağlılıqlar (əlaqələr) haqqında, təbiətin və cəmiyyətin inkişafının ümumi qanunauyğunluqları haqqında elm.

Diana — Qədim Roma mifologiyasında Ay ilahəsi. Qədim yunan ilahəsi Artemida ilə eyniləşdirilirdi.

diaspora (yun. «yayılma») — xalqın bir qisminin digər dövlətin ərazisinə könüllü və ya məcburi şəkildə köçməsi və orada daimi yaşaması.

Diaş, Bartolomeu Diaş di Novaiş (1450-1500) — Portuqaliya dəniz səyyahı. Hindistana gedən dəniz yolunu axtaran avropalılardan ilk adamdır ki, cənubdan Afrikanı ötüb-keçmiş (1487), Ümid burnunu kəşf etmişdir (1488). Vasko da Qamanın Hindistana gedəcək ekspedisiyasının hazırlanmasında iştirak etmişdir.

«Difai» — 1905-ci il 17 oktyabr çar manifestindən sonra Əhməd bəy Ağayev tərəfindən yaradılmış Azərbaycan milli partiyası. Azərbaycanlıların daşnaklar tərəfindən qırğını milli burjuaziyanı, bəyləri və ziyalıları vadar etdi ki, silahlı dəstələr şəklində özünümüdafiə qüvvəsi olan bir partiya yaratsınlar. «Difai» partiyasının Şəfi bəy Rüstəmbəyov, Ələkbər bəy və Xəlil bəy Xasməmmədov qardaşları, İsmayıl xan Ziyadxanov, Nəsib bəy (Yusifbəyov) Yusifbəyli, Həsən bəy Ağazadə, Mirhəsən Hacınski, Kərim bəy Mehmandarov və başqalarının da daxil olduğu Mərkəzi Komitəsi Bakıda, Gəncə, Şuşa, Ağdam, Bərdə, Qaryagin (Füzuli), Tərtər, Naxçıvan və s. yerlərdə isə şöbələri var idi. Partiyanın proqramında xalqlar arasında münasibətlər mühüm yer tuturdu; partiya həm də müsəlmanlar arasında birliyi, maarifi inkişaf etdirməyi, cəmiyyətdə qanunçuluq yaratmağı təbliğ edirdi. Lakin bir qədər sonra birinci Rusiya burjua inqilabı (1905 — 1907) yatırıldı və irtica başlandı, Əhməd bəy Ağayev mühacirət etmək məcburiyyətində qaldı, «Difai» partiyası isə öz fəaliyyətini dayandırdı.

diggerlər (ing. «qazıyanlar») — «həqiqi levellerlər»in nümayəndələri. Diggerlərin baş ideoloqları Cerald Uinstenli idi. Diggerlər şəhər və kənd yoxsullarının marağını ifadə edirdilər. Diggerlərin məqsədi xüsusi mülkiyyətin ləğv edilməsi, torpaq fondunun ümumiləşdirilməsi və torpaq mülkiyyətlərinin kəndlilərin xeyrinə kəndli icmaçıları arasında bölüşdürülməsi yolu ilə ümumi siyasi və əmlak bərabərliyi yaratmaq idi. Diggerlər London yaxınlığında boş olan torpaqları tutub, onları şumlamağa başlamışdılar, elə ona görə də onları «diggerlər» adlandırmışlar. Onlar burada təsərrüfat tikililəri inşa etmiş və 100 nəfərdən ibarət kommuna yaratmışlar. Diggerlər qoşunla qovulmuş, onların bir çoxu həbs olunmuşdur.

diktator — 1) Roma Respublikasında yüksək vəzifəli şəxs. Senatın qərarı ilə dövlət üçün həddən artıq təhlükəli vəziyyət yarandıqda 6 aylığa konsul təyin edilir və qeyri-məhdud hakimiyyətə malik olurdu; 2) təkbaşına idarəni həyata keçirən və qeyri-məhdud hakimiyyətə malik olan şəxs.

diktatura — 1) hər hansı sinif və ya ictimai qrupun (burjuaziyanın, hərbçilərin, klerikalların və s.) xalqın böyük əksəriyyətinin müqavimətinin yatırılmasına yönəlmiş siyasi ağalığı; 2) bilavasitə hərbi qüvvə tətbiq edilməsi yolu ilə dövlət hakimiyyətinin həyata keçirilməsinin xüsusi üsulu. Diktatura mütərəqqi və ya mürtəce ola bilər.

din — insanın fövqəltəbii varlıqlara (allahlara, ruhlara və s.) inamına əsaslanan dünyanı dərketmə halı, onun ətraf gerçəkliyə baxışı, müvafiq davranış və fəaliyyəti. Dinçiliyin ən ilk təzahürləri magiya, totemizm, fetişizm və s. formasında ibtidai icma cəmiyyəti dövrünə aiddir. Hazırda buddizm, islam, xristianlıq kimi dünyəvi dinlərlə yanaşı, ən müxtəlif növ primitiv dini inanclar mövcuddur.

dinar — orta əsrlərdə Şərqin müsəlman ölkələrində qızıl pul.

Diokletian Qay Avreli Valeri (245 — 316) — 284-cü ildən 305-ci ilədək Roma imperatoru. Atası azad edilmiş qul idi. Sıravi döyüşçü kimi xidmətə başlayan Diokletian imperator qvardiyasının komandiri rütbəsinədək yüksəlmişdi. 284-cü ildə Roma imperiyasının süqutu dövründə öz döyüşçüləri tərəfindən imperator (əsgər imperatoru) elan edilmişdir. Rütbələrə bölünmüş və tamamilə imperatordan asılı olan çox böyük məmur aparatının yaranması da Diokletianın adı ilə bağlıdır. İmperiyanı möhkəmlətmək məqsədi ilə o, bir sıra islahatlar keçirdi. Ordu 1/3 dəfə artırıldı, hərbi intizam gücləndirildi, sərhəd müdafiə tikililəri sistemi yaradıldı. İnzibati islahat nəticəsində əyalətlər xırdalandı və mülki hakimiyyətlə hərbi hakimiyyət bir-birindən ayırd edildi. Diokletian «korlanmış» pulları düzçəkili sikkələrlə əvəz etdirdi, möhtəkirliklə mübarizə apardı, mallara maksimum qiymət qoydu. Diokletian bütün qüvvəsini baqaudların və s. üsyanlarının yatırılmasına yönəltdi, imperiyadan ayrılmış əyalətlər geriyə qaytarıldı. Romalılar iki həmləyə Ermənistanda və İberiyada öz mövqelərini möhkəmlədib, Mesopotamiyanı tutdular. Diokletianın dövründə xristianlara qarşı çox güclü təqiblər aparıldı. 305-ci ildə Diokletian taxtdan əl çəkdi və ölənədək Romadan aralı yerləşən dəbdəbəli sarayında yaşadı.

Donis — qədim yunan mifologiyasında bitki aləminin allahı, üzümçülüyün və şərabçılığın himayədarı. Qədim Romada Vakx ilə eyniləşdirilirdi.

Dionisilər — Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən bayramlar. Pisistratın əmri ilə e.ə. 534-cü ildən dionisilər rəsmi Ümumafina bayramları oldu.

diplomatiya — dövlətin beynəlxalq münasibətlərin həyata keçirilməsində istifadə etdiyi vasitə, üsul, metod və hüquqi normalar kompleksi.

Direktoriya (İcraedici Direktoriya) — Fransa Respublikasının 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək fəaliyyət göstərmiş hökuməti; 5 direktordan ibarət idi.

Direktoriya iri burjuaziyanın marağının ifadə edirdi. Napoleon Bonapartın 18 brümer dövlət çevrilişi Direktoriyanın varlığına son qoymuşdur.

dirhəm — Şərq ölkələrində çəkisi 2,5 qrama bərabər olan gümüş pul.

diskreditasiya — kiməsə etimadın itirilməsi; onun qüruru, nüfuzu və hörmətinin itirilməsi.

diskriminasiya — hər hansı irqi, etnik, dini, linqvistik əhali qrupu nümayəndələrinin hüquqlarının bilərəkdən azaldılması.

dissident (lat. «dissidens» — «razılaşmayan») — 1) hakim kilsənin mənsub olduğu dinə (məzhəbə) əməl etməyən şəxs; 2) SSRİ-də — Kommunist Partiyası və sovet hökümətinin siyasəti ilə razılaşmayan və ya onu ittiham edən şəxs.

divani (və ya divan) — müsəlman ölkələrində dövlət (xəlifə və sultan) sülalə torpaqları.

diversiya — 1) rəqibin iqtisadi və hərbi qüdrətini sarsıtmaq məqsədi ilə dinc və ya hərbi dövrdə yad ərazilərdə xüsusi hazırlanmış agentlər və ya qruplar tərəfindən həyata keçirilmiş təxribat fəaliyyəti (yanğınlar, partlayışlar və s.); 2) ideoloji diversiya radio, televiziya, mətbuatda əhalinin mənəvi vəziyyətinə təsir göstərmək məqsədi ilə aparılmış təxribat təbliğatı.

dividend — səhmdarlar cəmiyyəti tərəfindən mənfəətin bir hissəsinin səhm sahibləri — payçılar arasında bölüşdürülmək üçün ayrılması.

doktrina — təlim; dünyagörüşü və ya prinsiplər sistemi. doqmatizm (ehkamçılıq) — birtərəfli, sxematik, donmuş təfəkkür. Ehkamçılar konkret şəraiti nəzərə almadan dəyişməz müddəalardan çıxış edirlər. Nüfuzlu şəxsiyyətlərə kor-koranə inam, köhnəlmiş müddəaların qorunub saxlanılması, onların mütləqləşdirilməsi ehkamçılığın əsasında durur.

dolmen — tava daşlarından tikilmiş qədim sərdabə. Dolmenlər dik qoyulmuş bir neçə çox böyük ölçülü qaya və daş parçasından və üzəri bir və ya bir neçə iri daşla örtülmüş tikilidir. Adətən dolmenlərdə bir neçə ölünün cəsədi olur. Bəzən dolmenlər onilliklər və hətta yüzüliklər

ərzində istifadə olunarmış. Dolmenlər e.ə. III -I minilliklərdə Avropanın və Asiyanın sahil rayonlarında yayılmışdır.

domen 1) orta əsrlərdə Avropada feodalın öz təsərrüfatını apardığı mülkiyyət hissəsi; 2) kralın irsi torpaq mülkiyyəti.

dominikçilər — əsası 1215-ci ildə ispan rahibi Dominik tərəfindən qoyulmuş dilənçilər ordeninin üzvləri. 1232-ci ildə papalıq inkvizisiyanı dominikçilərin sərəncamına verdi. Yezuitlər ordeni yaradıldıqdan sonra dominikçilərin rolu azalmışdır.

dominion — Böyük Britaniya müstəmlakə imperiyası çərçivəsində özünüidarəetmə hüququ almış müstəmləkə.

dorilər — əsas qədim yunan tayfalarından biri. İlk vaxtlar Şimali Yunanıstan vilayətlərində məskunlaşmışddar. E.Ə. təxminən 1100-cü ildə Peloponnessda Mikena mədəniyyəti axey şəhər-dövlətlərini tutdular. Sonra dorilər Kriti və Egey dənizindəki digər adaları, habelə KiçikAsiya sahillərinin bir hissəsini koloniyaya çevirdilər. Dorilərin saldığı şəhər-dövlətlərdən ən irisi Sparta idi.

Dördlər ittifaqı — Birinci Dünya müharibəsi illərində Antanta və onun müttəfiqlərinə qarşı çıxan Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstan blokunun adı.

Dördüncü respublika — 1944 — 58-ci illərdə Fransada mövcud olmuş respublikanın adı.

divlər (dövlər) — Hind-İran tayfalarının dinində xüsusi hakimiyyətə malik olmayan antropomorf allahlar. İran xalqlarında və başqa xalqlarda zərdüştiliyin yayılması ilə əlaqədar olaraq divlər Anqra Manyunun tərəfində Ahura Mazdaya qarşı mübarizə aparan iblis, şeytan dərəcəsinə çatdırılmışlar.

dövlət — nəsli icmanın dağılması və siniflərin meydana gəlməsi ilə yaranır. Dövlət siyasi hakimiyyət orqanıdır, məcburiyyət aparatıdır (məhkəmə, qoşun, keşikçilər, məmurlar və s.), onun köməkliyi ilə istismarçılar istismar olunanlar üzərində öz ağalıqlarını saxlayırlar. İctimaiyyətdə ali hakimiyyət məhz dövlətə məxsusdur. İlk dövlətlər e.ə. IV — III minilliklərdə Misirdə və Mesopotamiyada meydana gəlmişdir.

«Dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun» (1900) — çar hökuməti tərəfindən 1900-cü il mayın 1-də qəbul olunan qanun Cənubi Qafqaz kəndlilərinə icma torpaqlarından xəzinəyə ağır ödənclərı ödədikdən sonra daimi istifadə etmək hüququ verirdi. Vergilər xeyli artırıldı, belə ki, yararsız torpaqlar da kəndli pay torpaqlarına əlavə edilirdi. Ona görə də dövlət kəndlilərinin vəziyyəti nəinki yaxşılaşmadı, əksinə, daha da pisləşdi. Bu qanunun həyata keçirilməsi nəticəsində varlı kəndlilər bir çox pay torpaqlarını öz əllərində cəmləşdirə bildilər. Kəndlilərin istifadəsində olan bütün pay torpaqlan dövlətin mülkiyyəti olaraq qalırdı. prakont — e.ə. 621-ci ildə Afınanın ağ-saqqallar şurası məhkəmə sistemini təkmil-ləşdirmək məqsədi ilə Drakontu doqquz ha-kimdən biri seçmişdir. Bir çox cəzalar Dra-k0rit tərəfındən daha da ağırlaşdırılmışdı: oğurluq (hətta xırda və ucuz əşyalara görə də) və yüngülvarı qəbahəto görə, eləcə də avaraçılıq üstündə ölüm cəzası tətbiq edil-mişdi. Bu qanunlar haqqında deyilirdi ki, «onlar mürəkkəblə yox, qanla yazdıb». «Sərt», «qəddar» mənası verən «Drakont qanunları» ifadəsi də buradan meydana gəlmişdir. Drakont ilk dəfə olaraq bütün Afina qanunlarını yazıya aldırmışdır. Adamların ədalət məhkəməsinin nəticələrini görmələri üçün Drakont açıq məhkəmə tərəfdarı idi.

draqunlar — XVI — XX əsrlərdə Avropa ordularında həm atlı, həm də piyada dəstədə vuruşmaq üçün nəzərdə tutulan süvari qoşun növü.

Dreyk Frensis — ingilis qulduru, sonralar admiral olmuşdur. 1577-ci ildə o, Magellandan sonra ikinci dövr-aləm səyahətinə çıxmış və 1880-ci ildə onu başa çatdırmışdır. 1588-ci ildə vitse-admiral rütbəsində «Məğlubedilməz armada»ya qarşı vuruşmuşdur. 1595-ci ildə Karib dənizində üzərkən həlak olmuşdur.

drujina — tayfanın hərbi başçısının, sonralar isə knyazın, kralın yanında daimi silahlı dəstə. Drujina hərbi demokratiya dövrü üçün xarakterikdir.

Du Fu (712 — 770) — görkəmli Çin şairi, Çinin “qızıl əsr” poeziyasının nümayəndəsi. Feodal ara müharibələrinə qarşı çıxış edirdi.

Dua — insanların allahlara müraciətlə icra olunan arzu və istəkləri, ibadətləri.

Dur-Şərrukin — şəhər, e.ə. VIII əsrdə Asuriya hökmdarı II Sarqon tikdirmişdir. E.ə. VII əsrin sonlarında Midiya qoşunları tərəfindən dağıdılmışdır.

dünya ticarəti — əsasında beynəlxalq əmək bölgüsünün olduğu geniş beynəlxalq mal mübadiləsi. Dünya ticarəti Böyük coğrafi kəşflərdən sonra meydana çıxmışdır.

"dünyanın yeddi möcüzəsi" — qədim insanlar möhtəşəm, əzəmətli və yaraşıqlı tikililəri və heykəlləri «dünyanın möcüzələri» adlandırırdılar. Qədimlərdə «dünyanın möcüzələri»nin adı çəkilirdi. Bəs niyə «dünyanın möcüzələri»nin sayı məhz yeddidir? Hələ qədim zamanlardan «7» rəqəmi müqəddəs sayılırmış. Qədim yunanlar bu rəqəmlə gələn hər şeyi tamamlanmış, bitkin sayırdılar. Ona görə də ən gözəl yaradılmışlar içərisindən yeddi ən gözəli «dünyanın möcüzələri» sırasına salınmışdır. «Dünyanın yeddi möcüzəsi» haqqında məlumat e.ə. III əsrdə antik müəlliflər tərəfindən qeyd olunur. «Möcüzə»lər tədricən bir-birini əvəz etməyə başlamışlar. Ona görə də antik müəlliflərdə bu barədə fikir müxtəlifliyi daha çoxdur. Qədim müəlliflər «dünyanın yeddi möcüzəsi» sırasına ən çox Misir piramidalarını; Semiramidanın asma bağlarını; Artemisionu (Efesli Artemida məbədini); Olimpliyalı Zevsin heykəlini; Rodos Kolossunu; Halikarnas mavzoleyini və İsgəndəriyyə mayakını daxil edirlər. Qədim memar və heykəltəraşların məhz bu abidələrini «dünyanın yeddi möcüzəsi» hesab edirlər.

Dünyanın üzünü su alması haqqında əsatir — dünyanın üzünü suyun alması haqqında mif Mesopotamiyada meydana gəlmişdir. Dəclə və Forat çaylarının yazda daşması bu çayların arasında yerləşən Mesopotamiyadakı daxmaları uçurur, heyvanların suda batıb məhv olmasına səbəb olurdu. Bəzən Dəclə və Fərat qovuşaraq gur axan bir selə çevrilirdilər və o zaman adamlara elə gəlirdi ki, bütün dünyanın üzünü su alır. Çayların suyunun qalxması və daşqınlar Mesopotamiya sakinlərinin dəhşətli və qorxulu düşməni idi. Lakin camaat buradan çıxıb getmirdi, çünki çayların daşması ilə münbitləşən torpaq həddən çox məhsuldar olurdu. Ona görə də dünyanın üzünü su alması haqqında əsatir məhz burada — Mesopotamiyada meydana gəlmişdi.
Əsatirdə rəvayət olunur ki, insanlar allahlara inamlarını itirəndə allahlar onların bütün torpaqlarını suda batırmaq qərarına gəldilər ki, insanlar qırılsınlar. Amma müdriklik allahı hazırlanan daşqın haqqında daxmaların tikildiyi qamışlara söyləmiş, onlar da bunu sahiblərinə pıçıldamışlar. Sahib gəmi inşa etmiş, ailəsini, bacarıqlı sənətkarları, eləcə də vəhşi və ev heyvanlarını həmin gəmiyə mindirmişdir. Allahların yaratdığı daşqından Yer üzərindəki bütün canlılar məhv olmuşdur. Altı gündən sonra su çəkilməyə başlamışdır. Gəmidən buraxılmış qarğa suyun çəkildiyi boş yeri tapmış və sonra insanlar və heyvanlar oraya çıxmışlar. Dünyanın üzünü su alması haqqında əsatir Mesopotamiyadan başqa ölkələrə yayılmış və Bibliyada öz əksini tapmışdır.

Düperron Anketil — fransız alimi, 1775-ci ildə parsların qədim kitablarını tapmaq məqsədi ilə sıravi əsgər kimi muzdla Hindistana gəlmişdir. Üç ilə yaxın Hindistanda parsların arasında yaşamış və onların kahini Darab Kumanın köməyi ilə müqəddəs Avestanı öyrənmişdir. Fransaya qayıtdıqdan sonra o, 1771-ci ildə Avropada ilk dəfə olaraq Avestanın fransızca tərcüməsini (parsların adət və ənənələrinin təsviri ilə birlikdə) nəşr etdirmişdir. Məhz Anketil Düperron Avropa mədəniyyətində onun Avesta tərcüməsində təsvir etdirdiyi zərdüstilik haqqında təsəvvür yaratmışdır.

dyavol (“İblis”, “şeytan”) — xristianlıqda allaha qarşı çıxan şər qüvvə və ya şər qüvvələrin başçısı; cəhənnəmin ağası.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh