"Ə" hərfi ilə başlayan tarix terminləri

Əbu Bəkr — Ərəb xilafətinin ilk xəlifəsi (632 — 634), dörd raşidi xəlifədən birincisi. Məkkənin varlı tacirlərindən olan Əbu Bəkr kişilər arasında islamı qəbul edən ilk şəxsdir. O, Məhəmməd peyğəmbərin dostu idi, Məkkədə incidilən və Mədinəyə mühacirət edən müsəlmanlara daim maliyyə yardımı göstərmişdir. Məhəmməd peyğəmbərin hicrəti zamanı onunla birlikdə təqibçilərdən qaçaraq Məkkə yaxınlığındakı Sevr mağarasında gizlənmişdir. Əbu Bəkrin qızı Ayişə Məhəmməd peyğəmbərə ərə getmişdir. Əbu Bəkr bütün hərbi yürüşlərdə və səfərlərdə Məhəmməd peyğəmbərin yanında olmuşdur. Məhəmməd peyğəmbər xəstələnən zaman Əbu Bokri namaza imam təyin etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra isə müsəlmanların əksəriyyəti Əbu Bəkrə xəlifə kimi biət etmişlər (and içmişlər). Əbu Bəkr çox sadə həyat tərzi keçirmiş, islamçılığı dövlət siyasətinin əsasına çevirmişdir. Onun dövründə dövlətin əsas atributları formalaşmış, Suriyanın və İraqın fəthinə başlanılmışdır.

Əcəmi ibn Əbubəkr «Naxçıvani (1120-?) — görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Onun layihəsi ilə Eldənizlər atabəyləri dövlətinin paytaxtı Naxçıvanda zərif quruluşa malik naxışlı monumental tikililər — Yusif ibn Küseyir türbəsi (1162), Mömünə xatın türbəsi (1186), Qoşaminarə və Cümə məscidi, Eldənizlərin Dar ül-mülk sarayı inşa edilmişdir. Onun şedevrləri dəqiq riyazi hesablamalar əsasında tikilib və mürəkkəb arxitektura kompleksindən ibarətdir. Əcəminin nailiyyəti mürəkkəb həndəsi naxışların və „kufi“ ərəb əlifbası ilə yazılmış kitabələrin harmonik uzlaşdırılmasıdır. Əcəmi hələ öz sağlığında “memarların şeyxi” fəxri adını almışdır.

»Ədalət" — Rusiyada Fevral burjua-demokratik inqilabından sonra 1917-ci ilin martında Bakıda yaradılmış sosial-demokrat təşkilatı. "Ədalət" Cənubi Azərbaycandan gəlmiş mövsümçülər arasında inqilabi iş aparmaq, eləcə də Cənubi Azərbaycan və İran inqilabçı demokrat qüvvələri ilə əlaqə saxlamaq məqsədi ilə təsis olunmuşdu. Ə.Qafarzadə, B.Ağayev, M.Ağayev, A.Axundov, D.Hüseynzadə, S.C.Pişəvəri təşkilatın işlərində fəal iştirak edirdilər. 1917-ci ilin iyununda Əsədulla Qafarzadə-in redaktəsi ilə «Bayraği-ədalət» qəzetinin nəşrinə başlandı. "Ədalət" təşkilatının fəaliyyəti 1919-cu ildə xüsusilə gücləndi.

ədliyyə (ər. "ədalət", «qanunçuluq») — ədalət məhkəməsi; məhkəmə idarəsi, məhkəmə müəssisələri sistemi, mühakimə işlərinə baxan dövlət orqanlarının məcmusu.

əhali (məskunlar) — müəyyən ərazidə məskunlaşmış insanların cəmi; məs.: Yer kürəsi, qitə, ölkə, onun ayrı-ayrı sahələri və s. ərazilərdə yaşayan adamlar.

Əhəmənilər — İran (Əhəmənilər) dövləti şahlarının sülaləsi. Ənənəyə görə, İran şahlarının ən qədim sülaləsinin banisi Əhəmən adlı bir şəxs olmuş və buna görə də sülalə Əhəmənilər sülaləsi adlanmışdır. E.ə. 550-ci ildə Əhəmənilər nəslindən olan Böyük Kir Əhəmənilər (və ya İran) dövlətini yaratdı. Əhəmənilər sülaləsi Əhəmənilər dövlətində e.ə. 330-cu ilədək hakimiyyətdə oldu sonra isə Makedoniyalı İsgəndər tərəfindən tam məğlub edilən sonuncu Əhəməni şahı III Dara öz satrapı Bess tərəfindən öldürüldü.

Əhəmənilər dövləti — e.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı Böyük Kir tərəfindən yaradılmışdır. Kir Midiyanı və ona tabe olan ölkələri, o cümlədən bütün Cənubi Qafqazı öz şahlığına daxil etmişdi. Sonra Kir Lidiya çarlığını (e.ə. 546) və Babilistanı (e. ə. 538) işğal etdi. E.ə. 530-cu ildə Kir Tomirisin başçılıq etdiyi massaget tayfaları ilə savaşda öldürüldü. E.ə. 525-ci ildə Kirin oğlu Kambiz (e.ə. 530 — 522) Misiri tabe etdi. E.ə. 522-ci ildə Midiya maqı Qaumata özünü İran şahı elan etdi. Dara başda olmaqla İran əyanları Qaumatanı öldürdülər və başçılıq etdiyi üsyanı yatırdılar. I Daranın hakimiyyəti illərində Əhəmənilər dövlətinin, demək olar ki, hər yerində üsyanlar baş vermişdi. Bunlardan Midiyada Fravartişin və Asaqartada Çissantaxmanın üsyanlarını (Cənubi Azərbaycan ərazisində) göstərmək olar. Amma I Dara üsyanları yatıra bildi. I Daranın hakimiyyəti illərində Əhəmənilər dövləti özünün ən qüdrətli çağına çatdı. Kserksin dövründə Yunanıstanı tutmaq cəhdi Əhəməni şahlarının məğlubiyyəti ilə nəticələndi. Kserksin hökmranlığından sonra Əhəmənilər dövləti daxilində çəkişmələr getdikcə daha da kəskinləşdi. Əhəməni şahlarının taxt-tac üstündə mübarizəsi və Əhəmənilər dövləti tərəfindən istila edilmiş xalqların çoxsaylı üsyanları dövlətin zəifləməsinə səbəb oldu. E.ə. 373-cü ildən 359-cu ilədək Əhəmənilər dövlətində «satrapların möhtəşəm üsyanı» baş verdi və o, çox çətinliklə yatırıldı. III Artakserksin hakimiyyəti illərində — e.ə. IV əsrin ortalarında Əhəmənilər dövləti ən amansız tədbirlər nəticəsində sonuncu dəfə müəyyən dərəcədə bərpa edildi. Sonra taxt-tac uğrunda yenidən mübarizə başlandı və farslar makedoniyalılarla savaşa hazırlaşmağa imkan tapmadılar. E.ə. 334-cü ildə Makedoniyalı İsgəndər farslarla müharibəyə başladı və üç həlledici döyüşdə -Qranik, İss və Qavqamela yaxınlığında baş vermiş döyüşlərdə Əhəməni qoşunlarını darmadağın etdi. E.ə. 330-cu ildə sonuncu Əhəməni şahı III Dara öldürüldü; möhtəşəm Əhəmənilər dövləti «içiboş müqəvva» kimi məhv oldu.
İki yüz ildən artıq bir dövr ərzində geniş ərazilər Əhəmənilərin hakimiyyəti altında qalmış, onların xalqları vahid bir dövlət tərkibində sülh şəraitində əmin-amanlıqla yaşamışlar ki, bu da öz növbəsində ticarətin və mədəniyyətin çiçəklənməsi üçün əlverişli şərait yaratmışdı. Əhəmənilərin ağalığı dövrü ayrı-ayrı xalqların müxtəlif dillərinin, mədəniyyət və dinlərinin qovuşması prosesinin intensiv şəkildə getməsi ilə səciyyələnir. Əhəmənilər dövlətinin varlığı Azərbaycan ərazisində məskunlaşan tayfaların tarixi və mədəni inkişafında mühüm rol oynamışdır.

əfv (ər. «bağışlama», «güzəştə getmə», «günahından keçmə») — dövlət başçısının və ya ali nümayəndəli hakimiyyət orqanının qərarı ilə cinayət cəzasından azad etmə, cəzanın ləğv edilməsi və ya yüngülləşdirilməsi. Bax həmçinin: amnistiya.

əxlaq — cəmiyyətdə, ailədə hələ ibtidai icma cəmiyyəti dövründən yaranmağa başlamış davranış prinsipləri və normalarının məcmusu. Əxlaq öz ifadəsini insanların hərəkətlərində, onun cəmiyyətə, kollektivə, əməyə, ailəyə münasibətində tapır. Əxlaq ictimai rəy və təsirə, əqidəyə, ənənəyə, adətə əsaslanır.

əkərlər — Talış xanlığında öz təsərrüfatı və torpağı olmayan kəndlilər. Feodalın torpağında işləyən əkərlər illik məhsulun cüzi bir hissəsini alırdılar. Azərbaycanın digər xanlıqlarında belə kəndlilərə rəncbər deyilirdi.

"Əkinçi" — Zərdabi tərəfindən əsası qoyulan maarifçi və demokratik yönümlü ilk Azərbaycan qəzeti. 1875 — 77-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Qəzetin nəşri çar hakimiyyətinin göstərişi ilə dayandırılmışdır.

əkinçilik — torpağın qida məhsulu istehsal etmək məqsədi ilə becərilməsi, toxumun səpilməsi və məhsul yığılması ilə bağlı insanların istehsal fəaliyyəti. Əkinçilik 10 min il əvvəl Ön Asiyada meydana gəlmiş və oradan da qonşu ölkələrə yayılmışdır. Torpaq üzərində iş həmişə diqqət və qayğı tələb edirdi. Əkinçilər tarlalarda işləmək üçün daimi yaşayış məskənləri inşa etməyə başladılar, yəni oturaq həyat tərzinə keçdilər. Əkinçilik — istehsal təsərrüfatı formalarından biridir. Əkinçiliyin ilk forması toxa əkinçiliyi olmuş, sonra xış əkinçiliyi meydana gəlmişdir.

əksinqilab — irticanın yüksəlməkdə olan və ya qələbə çalmış inqilaba və bunun nəticəsində bərqərar olmuş ictimai quruluşa qarşı, onun qarşısını almaq və köhnə qaydaları bərpa etmək məqsədi ilə apardığı fəal mübarizəsi.

Əksreformasiya — Qərbi Avropada XVI — XVII əsrlərdə papalığın başçılığı ilə Reformasiyaya qarşı çevrilmiş dini-siyasi hərəkat.

əl-Əlameyn — Misirin şimalında, İsgəndəriyyə şəhərindən 104 km qərbdə olan yaşayış məntəqəsi. İkinci Dünya müharibəsi illərində əl-Əlameyn rayonunun müdafiə xəttində general Montqomerinin komandanlıq etdiyi 8-ci ingilis ordusu faşistlərin Süveyş kanalına doğru irəliləməsinin qarşısını aldı, 1942-ci il noyabrın əvvəllərində isə italyan — alman qoşunlarının cəbhəsini yardı və bu, Şimali Afrika kampaniyasının gedişində dönüş nöqtəsi oldu.

Əlhambra — Qranada (İspaniya) xəlifələrinin XIV əsrdə inşa etdirdikləri dünyada məşhur olan qala və saray. Bezi kitablarda "Əlhəmra" adı ilə verilir.

Əli ibn Əbu Talib — Ərəb xilafətinin dördüncü xəlifəsi (656 — 661), dörd raşidi xəlifədən sonuncusu, Məhəmməd peyğəmbərin əmisi oğlu və kiçik qızı Fatimənin əri. İslamda ilk parçalanmanı salan radikal müsəlman təriqətinin -xariciyyunların qüvvələrini darmadağın etmiş, sonralar isə onların göndərdiyi qatil Əbdürrəhman ibn Mülcəm tərəfindən öldürülmüşdür. Sünnilər Əlini raşidi xəlifələrdən biri kimi qəbul edirlər. Şiəliyin meydana gəlməsi də Əlinin adı ilə bağlıdır. O, şiələr tərəfindən birinci imam elan olunmuşdur. Şiələr digər üç raşidi xəlifənin hakimiyyətinin qanuniliyini tanımır, onları hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırlar.

əlifba — bir işarənin bir səs bildirdiyi yazı sistemi. Əlifba e.ə. XIII əsrə yaxın finikiyalılar tərəfindən yaradılmışdır və 22 samit işarə — hərfdən ibarət idi; yazıda sait səslər göstərilmirdi. "Əlifba" sözünün özü Finikiya əlifbasındakı ilk hərflərin adlarından — “alef” və “bet” (ərəbcə “əlif’ və “bə”) — götürülmüşdür. Finikiya əlifbası e.e. IX — VIII əsrlərdə qədim yunanlar tərəfindən qəbul olunmuş və təkmilləşdirilmişdir. 24 hərfdən ibarət olan qədim yunan əlifbasında Finikiya əlifbasından fərqli olaraq təkcə samit səsləri deyil, həm də sait səsləri bildirən işarələr var idi. E.ə. VIII — VII əsrlərdə İtaliyada Latsium vilayətində yaşayan romalılarda da əlifba meydana gəlir. Bir qrup alimin fikrincə, latın əlifbası qədim yunan əlifbası əsasında meydana gəlmişdir, digər qrup isə onun etrusk əlifbasından yarandığını iddia edir. Latın əlifbasında ilk dəfə olaraq boşluqlar vasitəsilə sözlərin bir-birindən ayrılması, habelə nöqtə və vergüllə, həmişə də olmasa, punktuasiya təkmilləşdirməsi göstərilir.
Göstərilən əlifbaların on uğurlusu latın əlifbasıdır. Müxtəlif dillərin xüsusiyyətlərinə uyğunlaşdırılmış latın əlifbası hazırda Avropanın əksər hissəsində hökmrandır. Bir neçə əlifba dəyişdirilməsindən sonra Azərbaycanda yenidən latın qrafikasına qayıdılmışdır. Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür.

Əliyev Heydər Əlirza oğlu (1923 — 2003) — görkəmli sovet və Azərbaycan dövlət xadimidir. 1965-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin (DTK — KQB) sədr müavini, 1967 — 69-cu illərdə sədri olmuşdur. 1969-cu ilin iyulundan 1982 — ci ilə kimi H.Əliyev AKP MK-nın birinci katibi olmuşdur. H.Əliyevin rəhbərliyi dövründə respublikada milyondan artıq yeni iş yeri yaradılmış, mütərəqqi texnologiyaya — elektron, radiotexnika, hesablama texnikası və s. əsaslanmış yeni istehsal sahələri yaradılıb inkişaf etdirilmişdir. 1975-ci ildə yapon mütəxəssislərinin yardımı ilə Bakı Məişət kondisionerləri zavodu inşa edilmişdir. 1980-ci illərin əvvəllərində Azərbaycanda SSRİ-də istehsal olunan neft avadanlığı hazırlanırdı. 1970 — 80-ci illərdə bir çox suvarma kanalları, sututarlar tikildi və yenidən quruldu, becərilən torpaq sahələri xeyli artırıldı. Dənli bitkilərin sahəsinin ixtisarı hesabına texniki bitkilərin, o cümlədən pambıq və üzüm plantasiyalarının sahəsi genişləndirildi. Respublikada mənzil tikintisinə geniş meydan verildi. Azərbaycanın böyük mədəniyyət xadimlərinin yubiley şənliklərinin qeyd olunmasına başlanıldı, respublikada və Moskvada Azərbaycan teatrının 100 illik yubileyi təntənəli şəkildə keçirildi. 1930-cu illərdə «xalq düşməni» elan edilmiş şair Hüseyn Cavidin cənazəsinin qalıqları İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi. 1976-cı ildə 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşrinə başlanıldı. 1981-ci ildə Cənubi Azərbaycan şairi Şəhriyarın əsərləri nəşr edildi, "Şəhriyar gecələri«nin keçirilməsi Azərbaycan xalqının birləşdirilməsində mühüm bir mərhələyə çevrildi. Azərbaycan dilinin təbliği genişləndi. Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisi sürətlə inkişaf edirdi. H.Əliyev həmişə mütəmadi olaraq DQMV-ni nəzarət altında saxlayırdı. Onun respublikadakı hakimiyyəti illərində DQMV-də bir dəfə də olsa erməni çıxışı qeydə alınmamışdır. H.Əliyev 1971-ci ildə Sov.İKP MK-nın üzvü, 1974-cü ildə SSRİ Ali Soveti İttifaqlar Soveti sədrinin müavini, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. Qorbaçov hakimiyyətə gələndən sonra o və onun Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan ennəni müşavirləri Heydər Əliyevin nüfuzunun artmasından təşvişə düşmüşdülər və onu siyasi fəaliyyətdən uzaqlaşdırmağa çalışırdılar. Erməni millətçilərinin və Azərbaycanda olan mafioz qrupların əli ilə Moskvaya şikayət axını təşkil edildi ki, bu da son nəticədə H.Əliyevin 1987-ci ildə istefası ilə nəticələndi. 1990-cı il yanvarın 20-dəki qanlı hadisələrdən sonra o vaxtlar Moskvada yaşayan H.Əliyev sovet rəhbərliyinin insanlığa və qanunçuluğa zidd olan hərəkətlərinə qarşı açıq etirazını bildirdi. Tezliklə H.Əliyev Naxçıvana gəldi və burada Naxçıvan Muxtar Respublikası AH Sovetinin sədri seçildi. 1993-cü ildə özünün səriştəsizliyi və gücsüzlüyünü başa düşən, respublikanı fəlakət həddinə gətirən Azərbaycanın „cəbhəçi“ rəhbərləri ölkənin təcrübəli və müdrik siyasətçisi Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldılar. H.Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir neçə gündən sonra Azərbaycan Respublikasının prezidenti Elçibəy qəflətən Bakını tərk edib öz doğma kəndi Kələkiyə (Naxçıvan) yollandı və dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Bakıya qayıtmaqdan imtina etdi. İyunun 24-də AR Ali Soveti Azərbaycan Respublikası prezidentinin səlahiyyətlerinin icrasını H.Əliyevə həvalə etdi. Avqustun 29-da keçirilmiş referendum iştirakçılarının böyük əksəriyyəti Elçibəyə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də H.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycan ordusunun yaradılması işində əvvəllər buraxılmış ciddi nöqsanlar nəticəsində, xüsusən də onun həddən ziyadə siyasiləşməsi ucbatından Azərbaycan qoşunları Ağdam (23 iyul), Cəbrayıl (18 avqust), Füzuli (23 avqust), Qubadlı (31 avqust) və Zəngilan (25 oktyabr) rayonlarını tərk etmək məcburiyyətində qalmışdır. Bütün bu rayonlar erməni qoşunları tərəfindən işğal edilmişdir, Azərbaycana qarşı erməni təcavüzü hələ davam edirdi. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Milli Ordunun yaradılması prosesini sürətləndirdi. 1994-cü ilin aprelində Milli Ordu Beyləqan rayonunda erməni qoşunlarına güclü əks-zərbə endirdi. Bundan sonra isə mayın 12-də Bişkekdə (Qırğızıstan) AR ilə Ermənistan arasında atəşkəs haqqında saziş imzalandı. Hərbi əməliyyatlardakı fasilə H.Əliyevə imkan verdi ki, iqtisadiyyatdakı təxirəsalınmaz problemləri həll etsin və Azərbaycan Respublikasındakı siyasi şəraiti sabitləşdirsin. Sentyabrın 20-də Xəzər dənizində neft hasilatı ilə məşğul olacaq beynəlxalq konsorsiumun yaradılması üçün „Əsrin müqaviləsi“ adlandırılan kontrakt imzalandı. S.Hüseynovun başçılıq etdiyi qiyam oktyabrın 4-də ümumxalq dəstəyi ilə yatırıldı. 1994-cü ildə H.Əliyev Brüsseldə Azərbaycan Respublikasının NATO-nun „Sülh naminə tərəfdaşlıq“ proqramında iştirak etmək haqqında sazişi imzaladı. 1995-ci il martın 13 — 17-də Bakıda R.Cavadovun başçılıq etdiyi XTPD hissələrinin qiyamı yatırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1996-cı ilin aprelində H.Əliyev Lüksemburqda Aİ ilə »Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş«i imzaladı. Azərbaycan Respublikasında iqtisadi və siyasi şərait tədricən sabitləşdi. 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə H.Əliyev ikinci müddətə (1998 — 2003) Azərbaycan Respublikasının prezidenti seçildi. Öldəki siyasi vəziyyət tamamilə sahmana düşdü və respublika iqtisadiyyatında, zəif də olsa, yüksəliş başlandı. Xalqın rifahı yaxşılaşdı. Gələcəkdə Bakı — Tbilisi — Ceyhan neft və qaz kəmərlərinin çəkilməsini nəzərdə tutan iri layihə əsasında Azərbaycan neft və qazının Türkiyəyə və dünya bazarına ötürülməsi mümkün olacaqdır.

Əliyev İlham Heydər oğlu — Azərbaycan Respublikasının dördüncü prezidenti (2003-cü ildən). 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1985-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. Tarix elmləri namizədidir. 1985 — 90-cı illərdə

yuxarıda adı çəkilən institutda müəllim kimi çalışmışdır. 1991 — 94-cü illərdə Moskvada „Oriyent“ şirkətinin baş direktoru olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilmişdir. 1995 -2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. 1999-cu ildən Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. 2001 — 2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı olmuşdur. 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının baş naziri təyin edilmişdir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

əlkimya — kimyanın III — IV əsrlərdə Misirdə meydana çıxmış sahəsi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək “fəlsəfə daşı”nın, eləcə də “əbədi həyat iksiri”nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların — qarışıq metalların — xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s.-nin alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur.

əmir — 1) ilk vaxtlar: Ərəb xilafətində xəlifənin vilayətlərdəki canişini; 2) sonralar: Şərqin müsəlman ölkələrində sərkərdə, hakim, rəis, dövlət başçısı; 3) orta əsrlərdə Azərbaycanda sərkərdə, köçəri tayfaların -elatların başçısı.

əmir ül-üməra (ər. „əmirlərin əmiri“) — Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində qoşunun ali baş komandanı. Əmir ül-üməra hakim sülalədən və ya hökmdara yaxın olan əmirlərdən təyin olunurdu. Əmir ül-üməra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ikinci şəxs sayılırdı.

əmirlik — Şərqin müsəlman ölkələrində əmir tərəfindən idarə olunan feodal mülkiyyəti, knyazlıq, dövlət.

əmtəə təsərrüfatı — məhsul istehsalının şəxsi istehlak üçün deyil, satış üçün, bazar üçün nəzərdə tutulduğu təsərrüfat.

əmək alətləri — müəyyən məhsulun istehsah üçün insan tərəfindən istifadə oluna vəsait. Ən qədim insanların ilk əmək alətləri sivri daş, yerqazan çubuq və dəyənək olmuşdur. Ən qədim insanların meymunlardan başlıca fərqi əmək alətləri düzəltməyi bacarmalarıdır.

əmək vasitələri — alətlər, cihazlar, maşınlar və s. İnsanlar onların vasitəsilə əmək cisminə təsir göstərir.

əmək cismi — insanın istehsal prosesində təsir göstərdiyi əşyalar.

əmək məhsuldarhğı — insanın müəyyən müddət ərzində istehsal etdiyi məhsulun məcmusu.

əmək məhsulu — insan əməyi sayəsində bütün istehsal olunan və əldə edilənlər.

əmək haqqı — 1) nominal əmək haqqı — işçinin əməyini satdığı pulun məbləği; 2) real əmək haqqı — maddi rifah və xidmətlərdə ifadə olunan ödəniş.

ərazi suları (ərazi dənizi, sahili) — dövlətin sahilinə və ya daxili sularına bitişik olan dəniz zolağı. Dövlətin ərazisi tərkibinə daxil olur və suverenliyində qalır. Suverenlik təkcə ərazi dənizinə deyil, həm də onun dibinə, altına, eləcə də onun üzərindəki hava məkanına aiddir. Müasir beynəlxalq qanunlara əsasən, ərazi sularının eni 12 dəniz milindən artıq olmamalıdır.

Əsədullayev Şəmsi (1841 -1914) — görkəmli Azərbaycan sahibkarı, neft sənayeçisi, gəmi sahibi. Bakının yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur. 1874-cü ildə cüzi sərmayə ilə neft hasilatı kontorunun əsasını qoymuşdur. Bu kontor 1893-cü ildə „Şəmsi Əsədullayev“ firmasına çevrildi. Əsədullayevin firması 1912-ci ildə 7,2 milyon pud neft çıxarmışdı, onun kapitalı 10 milyon rubla bərabər idi. Əsədullayevin mexaniki emalatxanası, neftayırma zavodları və neftdaşıyan gəmiləri də var idi. Əsədullayevin firması Rusiyada 400-dən artıq neft anbarı olan və əsas ticarəti neftlə aparan dörd iri firmanın sırasında idi. Əsədullayev 1914-cü ildə Bakı Ticarət Bankı İdarə Heyətinin üzvü (direktoru — Tağıyev) seçilmişdi. Ş.Əsədullayev Azərbaycan mesenatlarından biri idi. O, “Nəşri-maarif” mədəni-maarif xeyriyyə cəmiyyətinin fəxri üzvü seçilmişdi mişdi. Əsədullayev Rusiyada və xarici universitetlərdə oxuyan aztəminatlı azərbaycanlı tələbələrə maddi yardım göstərirdi.

əsnaf (ər. „siniflər“) — orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində eyni peşə sənətkarlarını birləşdirən sex təşkilatı. Təşkilatın üzvləri də əsnaf adlanırdı. Əsnaflara ağsaqqallar (Azərbaycanda — ustabaşı) başçılıq edirdilər.

əsr — təqvimarası müddət. Müasir il hesablanmasında 100 təqvim ili bir əsrə bərabərdir; məs.: XXI əsr — 2001-ci il yanvarın 1-dən 2100-cü il dekabrın 31-dək olan vaxtdır. 10 əsr bir minillikdir.

əyan — hökmdara yaxın olan daha mötəbər və varlı adam; onun məsul dövlət vəzifəsi tutan köməkçisi.

əyanlar — tayfanın varlanmış başçıları və ağsaqqalları; eləcə də kahinlər özlərini və ailə üzvlərini adi adamlar hesab etmirdilər: onlar özlərini tanınmış və seçilmiş əyan sayırdılar. Həmin adamlar — əyanlar təkcə yığdıqları var-dövlətlərini deyil, vəzifələrini və tanınmalarını — əyanlıqlarını da övladlarına irsən verməyə başladılar.

Əzimzadə Əzim (1880 — 1943) — Azərbaycan rəssamı. „Molla Nəsrəddin“ jurnalında 20 ildən artıq əməkdaşlıq etmişdir. Sabirin „Hophopnamə“ (1914) kitabına çəkdiyi illüstrasiyalar ona şöhrət gətirmişdir. Satirik qrafikanın inkişafında böyük rol oynamışdır.

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.

0 şərh