"Ş" hərfi ilə başlayan tarix terminləri

Şabran — Şirvanda orta əsr şəhəri və eyniadlı vilayətin mərkəzi. Əsası VI əsrdə qoyulmuşdur. Şirvanşahlar dövlətinin tərkibinə daxil idi. XVIII əsrin əvvəllərində osmanlılar tərəfindən   dağıdılmışdır. Şabranın xarabalıqları Quba şəhərindən 25 km cənub-şərqdə yerləşir.

şaduf — yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq — dəri vedrə bərkidərmişlər.

şah («hökmdar», «ağa») — bir sıra Yaxın Şərq və Ön Asiya ölkələrində monarxın titulu. İlk dəfə Sasanilər dövlətində istifadə olunmuşdur.

şahmat — Qədim Hindistanda yaranmış oyun. Əvvəllər «dörd qoşun növü» adlandırılan oyunda hind ordusunun tərkibi və döyüş düzümü əks etdirilirdi. Hazırda bir qədər dəyişdirilmiş formada çox populyardır. Oyunun adı isə farsca "şah öldü" deməkdir.

şahı — XVI əsrdə Azərbaycanda dövriyyədə olmuş sikkə. 50 dinara bərabər tutulurmuş.

şahənşah (far. "şahlar şahı") — Sasanilər dövründə İran şahlarının titulu.

Şamaxı (Şirvan) xanlığı — XVIII əsrin ortalarında Şimali Azərbaycan ərazisində Hacı Məhəmmədəli bəy, habelə Məhəmməd Səid və Ağası qardaşları tərəfindən yaradılmış xanlıq. İlk vaxtlar xanlıq Məhəmmədəli xan (iqamətgahı Yeni Şamaxı), Məhəmməd Səid və Ağası qardaşları (iqamətgahları Şamaxı) tərəfindən idarə edilirdi. Bu cür ikihakimiyyətlilik xanlığı zəiflədirdi. 1763-cü ildə Məhəmməd Səid Yeni Şamaxını tutdu və Məhəmmədəli xanı əsir götürdü. Şamaxı xanlığın mərkəzi oldu. Az sonra Məhəmməd Səid xanla şəkili Hüseyn xan arasında kəskin ixtilaf yarandı. Bundan istifadə edən Fətəli xan Şamaxı xanlığını tutub torpaqlarını bölüşdürmək haqqında Hüseyn xanla saziş bağladı. 1767-ci ildə Məhəmməd Səid xan və Ağası xan müttəfiq qoşunları tərəfindən məğlub edildi. Şamaxı xanlığının qərb hissəsi Şəki xanlığının tərkibinə, digər hissəsi isə Quba xanlığının tərkibinə daxil oldu. Şəkili Hüseyn xan Ağası xanın gözlərini çıxartdırdı, Fətəli xan isə Məhəmməd Səid xanı Dərbəndə sürgün etdi. Az sonra müttəfiqlər arasında başlanmış narazılıq onunla nəticələndi ki, şəkili Hüseyn xan şamaxılı Ağası xanla barışdı. 1768-ci ildə Hüseyn xan Fətəli xanla müharibəyə başladı, ancaq məğlub oldu və onun tabeliyində olan Şamaxı torpaqları da Fətəli xanın sərəncamına keçdi. Şamaxılı Ağası xan 1114-cü ildə müttəfiq qoşunları ilə birlikdə Gavduşan savaşında iştirak etdi və Fətəli xan bu döyüşdə məğlub oldu. Lakin Fətəli xan sonralar rus qoşunlarının köməkliyi ilə müttəfiqləri məğlub edə bildi. Şamaxı xanlarının hakimiyyətinin bərpası yalnız 1790-cı ildə Şəki xanının köməkliyi ilə mümkün oldu. Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Azərbaycana müdaxiləsi zamanı İran qoşunları Şamaxı xanlığına da soxuldular. Şamaxı xanı Mustafa xan Şamaxı əhalisini Fitdağdakı alınmaz qalaya köçürdü və 1796-cı ilin fevralına qədər orada qaldı. Şəki xanı ilə sazişə girən İran qoşunları Şamaxını tutdu. Ağa Məhəmməd xan Qacar tərəfindən Şamaxı hakimi təyin edilən Mustafa xan Dəvəli bir qədər sonra yerli əhali tərəfindən öldürüldü. General Zubovun başçılığı ilə 1796-cı ildə rus qoşunlarının yürüşü zamanı Zubov Şamaxı xanı Mustafa xana məktub və hədiyyələr göndərdi və cavab aldı ki, xanın özü generalı qarşılamağa çıxacaq. Lakin 1797-ci ildə rus qoşunları Azərbaycandan çıxarıldı. Rus qoşunları tərəfindən Car-Balakən camaatı, Gəncə xanlığı tutulduqdan və 1805-ci ildə Qarabağ və Şəki xanları ilə Kürəkçay müqavilələri imzalandıqdan sonra 1804 — 12-ci illər 1-ci Rusiya — İran müharibəsi şəraitində növbə Şamaxı xanlığına çatdı. Şamaxılı Mustafa xana məktub göndərən general Sisianov ona vəd verdi ki, əgər o, könüllü şəkildə Rusiya hakimiyyəti altına keçsə, xanın yerli özünüidarədəki bütün hüquqları qorunub saxlanacaq. Vaxtı uzatmağa çalışan Mustafa xan Sisianovun qarşısında bir sıra şərtlər qoymaqla yanaşı, rus qoşunlarının Kürəkçaydakı düşərgəsinə gəlməkdən imtina etdi. Belə olduqda isə Sisianov Qarabağ və Şəki xanlarına vəd etdi ki, Şamaxı xanlığı tutulandan sonra onun ərazisinin bir hissəsi Şəki xanlığına, Cavad torpaqları isə Qarabağ xanlığına veriləcək. Qarabağ xanı İbrahimxəlil xan və Şəki xanı Səlim xan öz süvari dəstələrini rus qoşunlarına köməyə göndərdilər. 1805-ci il noyabrın 30-da rus qoşunları Şirvan torpaqlarına soxuldular, dekabrın 11-də isə Ağsuya çatdılar. Fitdağ yaxınlığındakı müdafiə mövqelərini möhkəmlətməyə başlayan Mustafa xan sayca üstün olan düşmən qoşunları qarşısında tab gətirə bilməyəcəyini başa düşüb 1805-ci il dekabrın 27-də Şamaxı (Şirvan) xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında müqaviləni imzalamaq məcburiyyətində qaldı. 1813-cü il Gülüstan müqaviləsi Şamaxı xanlığının Rusiyanın hakimiyyəti altına keçməsini rəsmiləşdirdi. Şamaxı xanlığı 1820-ci ildə tamamilə ləğv edildi və Rusiya imperiyasının əyalətinə çevrildi.

Şamaş — Akkad mifologiyasında qabaqcadan xəbər verən Günəş və ədalət allahı.

Şampolyon Jan Fransua (1790-1832) — fransız alimi, misirşünaslığın banisi. 1799-cu ildə Fransa qoşunları Napoleon Bonapartın komandanlığı ilə Misirə çıxarıldı. Rozett qəsəbəsi yaxınlığında istehkamların inşası zamanı əsgərlər üzərində üç dildə mətn olan qara bazalt plitəyə rast gəldilər. Rozett adı alan həmin daş Qahirəyə göndərildi və ümumxalq tamaşasına qoyuldu. Sonralar Rozett daşı Britaniya muzeyinə verilmişdir. Yunan mətnini çətinlik çəkmədən oxumuşlar. Orada deyilirdi ki, bu, çar Ptolemeyin şərəfinə düzəldilib. Mətnin sonunda deyilirdi ki, o, Misir heroqlifləri ilə, Misir əl yazısı — demotika (yəni ümumyazı) ilə və yunanca yazılıb. Hələ uşaq vaxtlarından Qədim Misir tarixi ilə maraqlanan və onu öyrənən Şampolyon əvvəlcə qədim yunan və latın, sonra isə qədim yəhudi, ərəb və qıptı dillərini öyrəndi. 17 yaşında Şampolyon «Qədim Misirin coğrafiyası» əsərini yazdı və Qrenobl Akademiyasının həqiqi üzvü seçildi. 1821-ci ilə kimi Şampolyon ikicildlik «Misirin fironlar dövrü tarixi»ni yazdı. 1822-ci ildə üçdilli Rozett daşını tədqiq edən Şampolyon Qədim Misir heroqliflərinin oxunmasının əsas prinsiplərini işləyib hazırladı. Çar Ptolemeyin adı kartuşa — çərçivəyə salınmışdı. Şampolyon güman edirdi ki, çarın adındakı hər bir heroqlif bir hərfi bildirir. Üzərində çərçivədə Kleopatra adı yazılmış başqa bir daşın tapılması bu işdə ona kömək etdi. Qıptı və yunan dillərindəki yazıları tutuşduran Şampolyon bir çox heroqlifin mənasını düzgün müəyyənləşdirə bildi. Bir müddətdən sonra Şampolyon artıq qıptı dilində ona tanış olan sözləri sərbəst oxuya və başa düşə bilirdi. 2 ildən sonra Şampolyon «Heroqlif sisteminin oçerki» əsərini, bir qədər sonra isə Qədim Misir dilinin qrammatikasını yazdı və Qədim Misir sözlərinin lüğətini tərtib etdi.

"şanlı inqilab" — İngiltərədə 1688 — 89-cu illərdə baş vermiş dövlət cevrilişinin tarixdə qəbul olunmuş adı; çevriliş nəticəsində 1865-ci ildə parlamenti buraxmış II Yakov Stüart devrilmiş, dəvət olunmuş Hollandiya ştathalteri (hökmdarı) — kralın kürəkəni III Vilhelm Oranlı kral elan edilmişdir. 1689-cu ildə qəbul olunmuş «Hüquqlar haqqında bill»də göstərilirdi ki, kral parlamentin razılığı olmadan qanunları dayandırmaq və ya ləğv etmək, vergilər qoymaq və yığmaq, habelə daimi qoşun saxlamaq hüququna malik deyil. İngiltərədə parlamentli monarxiya quruluşu bərqərar oldu. Çevriliş burjuaziya və yeni zadəganların İngiltərə burjua inqilabındakı qələbəsini möhkəmlətdi.

şantaj — bir şey əldə etmək məqsədi ilə hər hansı bir şəxsi ləkələndirə biləcək (həqiqətə uyğun və ya uydurulmuş) gizli sirlərini ifşa etməklə hədələmə, qorxutma. Şantaj maddi və ya digər məqsədlə həyata keçirilir. ABŞ-da və digər ingilisdilli ölkələrdə şantaj reket adlanır.

şedevr — 1) orta əsrlərdə Avropada şagirdin öz peşəkar ustalığını sübut etməsi və müstəqil usta kimi tanınması üçün öz vəsaiti hesabına düzəltdiyi ən yaxşı məmulat nümunəsi; 2) bizim dövrümüzdə ən gözəl və nəfis incəsənət əsərini və ya ustalıqla düzəldilmiş bir şeyi şedevr adlandırırlar.

Şekspir Uilyam (1564 — 1616) — böyük ingilis dramaturqu və şairi. Əvvəlcə aktyor, soma isə Londonun «Qlobus» teatrının həmsahiblərindən biri olmuşdur. Müxtəlif janrlarda 37 pyes yazmışdır. Onlardan ən məşhurları "Şıltaq qızın yumşalması", «Romeo və Cülyetta», «Hamlet», «Otello», «Kral Lir» və s.-dir.

şeyx (or. "şeyx" — «ağsaqqal», «başçı») — 1) tayfanın, nəslin və ya ailənin əsasını qoyan; Ərəbistanda qəbilə başçısının titulu; 2) dini nüfuz sahiblərinin,   ticarət-sənətkarlıq birlikləri başçılarının, ustadların, müəllimlərin, öz xeyirxahlığı ilə tanınan adamların fəxri ləqəbi.

şeyxülislam (ər. "şeyx əl-islam" — «islamın ağsaqqalı») — fəxri titul kimi X əsrdən istifadə olunmuşdur, Tədricən şeyxülislam təkcə yüksək dini nüfuz sahibi deyil, həm də dövlətdə rütbəcə ikinci vəzifəli şəxsə çevrilmişdir. Səfəvilər dövlətində şeyxülislam həm də baş qazı idi. Dövrümüzdə Qafqazda şeyxülislam Qafqazın bütün müsəlmanlarının dini başçısı sayılır, İranda isə hər bir iri kənddə fəaliyyət göstərən şəriət məhkəməsinin sədridir.

şeytanlar — Allaha və insanlara düşmən olan şər ruhlar kateqoriyası. Onlar öz ağaları İblis əş-Şeytanla birlikdə Qiyamət günündən sonra cəhənnəm əzablarına düçar olacaqlar. Şeytanlar insanlara ibadət etməyə mane olur, Allahı unutdurmağa çalışır, onları cadugərliyə və sehrbazlığa öyrədir, tez-tez onların günah istəklərinə və işlərinə zahiri xeyirxahlıq görkəmi verirlər. Şeytanın felinə uyanlar cəhənnəmə vasil olurlar.

şəbəkə — ağacdan və müxtəlif rəngli şüşədən düzəldilmiş rəngarəng naxış.

Şəbüstəri Sədəddin şeyx Mahmud (1252 — 1320) — məşhur Azərbaycan filosofu. «Gülşəni-raz» («Sirlər gülşəni») və «Səadətnamə» əsərlərinin müəllifidir.

şəcərə — bir qəbilənin, tayfanın nəsillərinin mənşəyini və qohumluq dərəcələrini müəyyənləşdirən siyahısı. Şəcərə bəzən nəsil şəcərəsi formasında təsvir edilir.

Şəddadilər — Şəddadilər dövlətində hakim sülalə (971 — 1075). Sülalənin banisi Məhəmməd ibn Şəddaddır. 1075-ci ildə Şəddadilər sülaləsi və dövlətinin hakimiyyəti səlcuq türkləri tərəfindən ləğv edilmişdir.

Şəddadilər dövləti — Azərbaycanın şimal-şərqində dövlət (971 — 1075). Mənşəcə kürd olan Məhəmməd ibn Şəddad 951-ci ildən, sonra isə onun oğlanları tədricən Salarilərin Azərbaycanın şimal və şimal-qərbindəki torpaqlarını tutmağa başlamışlar. 971-ci ildə Gəncəni tutan Şəddadilər bu şəhəri özlərinə paytaxt edib Şəddadilər dövlətinin əsasını qoydular. Bir qədər keçdikdən sonra əvvəllər Salarilərin olmuş Arranın xeyli hissəsi və Ermənistanın şərqi Şəddadilərin əlinə keçdi.
Şəddadi hökmdarı I Fəzl ibn Məhəmməd 1027-ci ildə Araz üzərindən Xudafərin körpüsünü saldırmışdır. Onun dövründə Şirvanşahlar və Rəvvadilərlə də dostluq əlaqələri yaradılmışdır. Əbdüsüvar Şavurun hakimiyyəti illərində Şəddadilər Gürcüstanla və onunla müttəfiq olan Şirvanşahlar dövləti ilə müharibələr etmişdilər. Gürcü çarı 1062-ci ildə alanlara Şəddadilər dövlətinə hücum etmək üçün Gürcüstan ərazisindən keçməyə icazə verdi. Gəncənin müdafiə qabiliyyətini möhkəmlətmək məqsədi ilə Şavur onun ətrafında qala divarlarının inşasına və xəndək qazılmasına göstəriş vermişdi. 1063-cü ildə möhkəm şəhər qala qapıları qurulmuşdu. 1075-ci ildə Şəddadilər dövləti səlcuqlar tərəfindən tutulmuş və ləğv olunmuşdu.

şəhid — 1) islamda — «din uğrunda özünü qurban vermiş, əzablı ölümlə həlak olmuş adam»; 2) Azərbaycan Respublikasında Qarabağ müharibəsində qəhrəmancasına həlak olanları da şəhid adlandırırlar; 3) şahid.

Şəhrdarlar — Sasanilar dövlətində hakim sülalə nümayəndələrindən təyin olunmuş vilayət canişinləri.

şəhər-dövlət (yun. «polis») — ilk şəhər-dövlətlər Qədim Misirdə və Mesopotamiyada meydana gəlmişdir. Şəhər-dövlətin ərazisi şəhəri və ətraf kəndləri əhatə edirdi və çox da böyük deyildi; onun bir başından o biri başına hətta bir neçə saata getmək mümkün olurdu. Hər şəhər-dövlətin öz hökuməti və ya hökmdarı, qoşunu, xəzinəsi, qanunları var idi; onların hərəsi öz pulunu zərb edirdi. Şəhər-dövlətlər Qədim Yunanıstanda da var idi. Bunlardan ən iriləri Afina və Sparta idi.

şəhər islahatı (Şimali Azərbaycanda) — çar hökuməti tərəfindən 1870-ci il iyunun 16-da qəbul olunmuş "Şəhər qaydaları" əsasında keçirilmiş şəhər islahatı; guya, yerli əhali buna «hazır olmadığından» Bakıya yalnız 1878-ci ildə şamil edildi. Burada yaradılmış şəhər dumasına seçmək hüququ müəyyən əmlak və yaş senzi (25 yaş) ilə məhdudlaşdırılmışdı. Praktik olaraq Bakı şəhər Dumasına keçirilən seçkilərdə şəhər əhalisinin yalnız 2 — 3%-i iştirak etmişdi. Şəhər dumasına seçilən «qeyri-xristianlar» üçün limit qoyulmuşdu, belə ki, seçilən müsəlmanların sayı deputatların ümumi sayının yarısından artıq olmamalı idi. Şəhər dumasının fəaliyyəti sırf təsərrüfat məsələləri ilə məhdudlaşdırılırdı, amma bu məsələlərin də həllinə qubernator tərəfindən nəzarət edilirdi. Şəhər islahatı bir qədər ixtisar olunmuş halda 1897-ci ildə Yelizavetpol (Gəncə), Şuşa, Şamaxı, Lənkəran, Quba və Şimali Azərbaycanın bir sıra başqa şəhərlərində də keçirildi.

şəhər soveti (şurası) — senyorlarla mübarizə dövründə müstəqillik əldə etmiş şəhərlərdə ali seçkili özünüidarə orqanı.

Şəhərcik — möhkəmləndirilmiş qədim məskən və ya şəhər qalıqları. Mədəni təbəqə olması ilə qeydə alınır. Şəhərciklər bütün ölkələrdə məlumdur və müxtəlif dövrlərə aiddir. Şəhərciklərin arxeoloji tədqiqi tarixin bərpa edilməsi üçün son dərəcə mühümdür.

şəxsi asılılıq — şəxsi azadlığını itirən və feodaldan asılı vəziyyətə düşən kəndli. Erkən orta əsrlərdə müdafiə olunmaq üçün feodala müraciət edən kəndli onun tabeliyinə keçməli və ya torpaq payını himayədarın mülkiyyətinə verməli idi. Belə kəndlilər ağadan tamamilə asılı idilər və əmlakları ilə istədikləri kimi rəftar edə bilməzdilər. Bu kəndlilərin uşaqları və nəvələri də torpaq sahibindən şəxsi asılılıqda qalırdılar.

şəxsiyyət — özünün sosial-müqəddəm və fərdi ifadəli keyfiyyətləri olan adam.

Şəxsiyyətə pərəstiş — bir adamın (şəxsiyyətin) rolunun süni şəkildə böyüdülməsi və ucaldılması, ona fövqəltəbii keyfiyyətlər şamil edilməsi, tarixin gedişinə onun təsiredici qüvvəyə malik olmasının iddia edilməsi. SSRİ-də Stalin və Brejnevin, Çində Mao Tszedunun şəxsiyyətinə pərəstiş mövcud olmuşdur. Başqa ölkələrdə də ayrı-ayrı şəxslərə pərəstiş edilirdi.

şəkər — ilk dəfə Qədim Hindistanda şəkər qamışından istehsal edilməyə başlanılmışdı. Hindistanda o, "şakkara" adlanırdı. "Şəkər" adı ilə Şərqə, «saxar», «tsukor», "şuqa" adı ilə Avropaya daxil olmuşdur.

Şəki (Nuxa) xanlığı — Şimali Azərbaycan ərazisində 1743 — 44-cü illərdə Nadir şaha qarşı baş vermiş Şəki üsyanı zamanı Hacı Çələbi Qurban oğlu tərəfindən əsası qoyulmuş xanlıq. Hacı Çələbi 1741-ci ildə Şəkinin vəkili seçilmişdi, lakin şahın məliyi Nəcəf Nadir şaha xəbər göndərmişdir ki, Hacı Çələbi şah fərmanlarının icra olunmasına maneçilik törədir. Nadir şah Hacı Çələbini yanına çağırtdırmış və əmr vermişdir ki, onu edam eləsinlər, lakin Hacı Çələbi onu inandıra bilmişdir ki, məlik Nəcəf pis işlərlə məşğul olur. Şəkiyə qayıdan Hacı

Çələbi məlik Nəcəfin fəaliyyətinə nəzarəti daha da gücləndirmişdi. Məlik Nəcəfin Nadir şaha təkrar şikayətindən sonra şah Hacı Çələbini yenidən yanına çağırtdırmış, amma o, şahın hüzuruna getməkdən imtina etmişdi. Hacı Çələbi 1743-cü ildə məlik Nəcəfi öldürmüş, iranlıları Şəkidən qovaraq burada müstəqil Şəki xanlığı yaratmışdı. Hacı Çələbi Şəki yaxınlığında yerləşən «Gələsən-görəsən» qalasında möhkəm sığınacaq tapmışdı. 1744-cü il noyabrın 29-da Şəki üzərinə hücum edən Nadir şahın qoşunları «Gələsən-görəsən» qalasında şəkililərin ciddi müqaviməti ilə qarşılaşıb geriyə qayıtmağa məcbur olmuşdu. 1745-ci ilin yazında İran qoşunları yenidən «Gələsən-görəsən» qalasına hücum etdilər. Şəkililər ciddi müqavimət göstərdilər, Nadir şahın Şəkinin yandırılması barədə əmri də «Gələsən-görəsən» qalasının müdafiəçilərinin mövqeyini qıra bilmədi. 1746-cı ildə «Gələsən-görəsən» qalasının 5 aylıq mühasirəsi nəticəsində müdafiəçilərin ərzaq ehtiyatı tükəndiyindən Hacı Çələbi Nadir şahın ali hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Nadir şah 1747-ci ildə öldürüləndən sonra Hacı Çələbi özünü Şəki xanı (1141 — 55) elan etdi. Hacı Çələbi xan Şəki xanlığının ərazisini genişləndirməyə cəhd göstərdi: Təbriz və Qarabağ xanlıqları üzərinə bir sıra uğursuz yürüşlər etdi. Hacı Çələbi xan öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə oğlu Ağakişi bəyi qazıqumuxlu Məhəmməd Həsən xanın qızı ilə evləndirdi. Bundan sonra Hacı Çələbi xan Qəbələ və Ərəş sultanlıqlarını özündən asılı vəziyyətə saldı. Hacı Çələbi xan 1751-ci ildə Şəki xanlığı ərazisinə soxulmuş gürcü çarı II İraklinin qoşunları üzərində qələbə çaldı. 1752-ci ildə Hacı Çələbi xan Nizaminin qəbri yaxınlığındakı savaşda İrakli, gəncəli Şahverdi xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və irəvanlı Hüseynqulu xanın birləşmiş qoşunları üzərində qələbə çaldı. Bu qələbədən sonra Qazax və Borçalı gürcü qoşunlarından təmizləndi. Elə həmin ildə carlıların köməyinə gələn Hacı Çələbi xan Carda gürcü qoşunlarını daha ağır məğlubiyyətə uğratdı. Hacı Çələbi xanın 1755-ci ildə Ağsunu uğursuz mühasirəyə almaqla Şirvanı tutmaq cəhdləri boşa çıxdı. Hacı Çələbi xanın ölümündən sonra oğlu Ağakişi bəy Şəkinin xanı oldu, lakin o, qayınatası qazıqumuxlu Məhəmməd Həsən xan tərəfindən öldürüldü. Qubalı Fətəli xanın köməkliyi ilə Məhəmməd Həsən xan Şəkidən qovuldu, Hacı Çələbi xanın Quba xanının ali hakimiyyətini tanıyan nəvəsi Hüseyn xan (1755 -79) taxta çıxdı. 1767-ci ildə Şamaxı xanlığını tutan Hüseyn xanla Fətəli xanın müttəfiq qoşunları onun ərazisini Quba xanlığı ilə Şəki xanlığı arasında bölüşdürdülər. Lakin bölünmüş ərazi üstündə müttəfiqlər arasında baş qaldıran narazılıqlar onunla nəticələndi ki, Hüseyn xan avar xanı və Şamaxının keçmiş xanı Ağası xanla birlikdə Fətəli xanın qoşunları üzərinə hücuma keçdi, amma 1768-ci ilin sentyabrında məğlub oldu. Şəki xanlığının hakimiyyəti altında olan Şamaxı torpaqları da Quba xanlığına qatıldı. 1773-cü ildə müttəfiqlər Quba xanlığı üzərinə yeni hücuma keçdilər, lakin yenə də məğlubiyyətə uğradılar. Hüseyn xanın 1779-cu ildə ölümündən sonra Əbdülqədir xan Şəkinin xanı oldu (1779-81). 1781-ci ildə Məhəmməd Həsən xan yenidən Şəkidə hakimiyyəti ələ keçirdi və Şəkinin xanı oldu (1781 -95). Məhəmməd Həsən xan 1785-ci ildə qubalı Fətəli xan tərəfindən məğlub edildi. Münasibətləri yaxşılaşdırmaq məqsədi ilə Məhəmməd Həsən xan Fətəli xanın bacısı ilə evləndi, Fətəli xan da Məhəmməd Həsən xanın bacısı ilə evləndi. Lakin gürcü çarı İrakli ilə ittifaqa girən Məhəmməd Həsən xan 1788-ci ildə yenidən Fətəli xanın üzərinə hücum etdi, ancaq Şamaxı yaxınlığında məğlub oldu və Şəki xanlığı yenidən Quba xanlığından asılı vəziyyətə düşdü. Fətəli xanın ölümündən sonra Məhəmməd Həsən xan bu asılılıqdan qurtardı və 1790-cı ildə Şamaxı xanlarının hakimiyyətini bərpa etdi və onları öz təsiri altına aldı. 1795-ci ildə Məhəmməd Həsən xanın ölümündən sonra Səlim xan Şəkinin xanı oldu (1795 - 1806). Rus qoşunları Gəncəni tutduqdan sonra Səlim xan qayınatası qarabağlı İbrahimxəlil xanın məsləhəti ilə Şəki xanlığının Rusiya imperiyasının himayəsi altına keçməsi haqqında 1805-ci il Kürəkçay müqaviləsini imzaladı. Sonra Sisianovdan Şamaxı xanlığına qarşı yürüşdə iştirak etmək və ərazilərin bir hissəsini almaq təklifi alan Səlim xan Şəki dəstələrini rus qoşunlarına köməyə göndərdi. Lakin qarabağlı İbrahimxəlil xanın öldürülməsi Səlim xanı qəzəbləndirdi. O, Rusiyanın himayəsindən imtina etdi və rus qarnizonunu Şəkidən qovdu. 1806-cı il oktyabrın 22-də rus qoşunları Şəkini mühasirəyə aldılar və yerli əhalinin ciddi müqavimətinə baxmayaraq, şəhəri tutdular. Səlim xan İrana qaçmaq məcburiyyətində qaldı. Rusiyameylli xoylu Cəfərqulu xan Səlim xanın yerinə təyin edildi və o, İrandan bir çox erməni ailəsini özü ilə Şəkiyə köçürdü. 1819-cu ildə Rusiyanın Qafqazdakı hakimi general Yermolovun yaxın dostu, milliyyətcə erməni olan rus generalı Mədotovun göstərişi ilə şəkili İsmayıl xanı zəhərlədilər və Şəki xanlığı birdəfəlik ləğv edildi.

Şəki xan sarayı — 1762-ci ildə Nuxada inşa olunmuşdur. Saray ağacdan inşa edilib, amma onun tikilməsi prosesində bir dənə də olsa mismardan istifadə olunmamışdır. Sarayın fasadı boyaboy şəbəkə şəklində şüşələnmiş aynabənddən ibarətdir. Sarayın fasadı və daxili çoxlu oyma işlərlə bəzədilmişdir. Sarayın divarlarında rəssam Firuz tərəfindən Nizaminin «Yeddi gözəl», «Xosrov və Şirin» və «Leyli və Məcnun» poemalarının motivləri əsasında çəkdiyi rəsmlər vardır. Güman edilir ki, bu möhtəşəm abidənin yaradıcısı ustad Abbasquludur.

Şəkidə müstəmləkə əleyhinə 1838-ci il üsyanı — Şəki əyalətində rəncbərlərin və əvvəllər vergilərdən azad olan maafların vəziyyəti daha ağır idi. Yerli əyanlar və ruhanilər də Şəki əyalətinin rus komendantından narazı idilər. Şəkinin keçmiş xanı Səlim xanın oğlu Hacı xan tərəfindən buraya göndərilmiş Məşədi Məmməd adlı şəxs hələ 1837-ci ildə Şəkidə xırda dəstəyə başçılıq edirdi, lakin bir qədər sonra həbs edilib Şəki həbsxanasına salındı. 1838-ci ilin iyulunda həbsxanadan Dağıstana qaçan Məşədi Məmməd burada rutullu Ağaboy ilə əlaqə yaratdı. 1838-ci il avqustun axırlarında təqiblərdən Dağıstana qaçmış Qafqaz dağlıları və şəkililərin 5 minlik dəstəsi Şəki əyalətinə daxil oldu. Nuxaya (Şəki) çatan üsyançıların birləşmiş qüvvələri şəhər qalasından başqa, demək olar ki, bütün şəhəri tutdular. Az sonra başqa əyalətlərdən Nuxaya — rus qoşunlarına yardım gəldi. 1838-ci il sentyabrın 9-da üsyançılar şəhəri tərk etmək məcburiyyətində qaldılar. Məşədi Məmməd İrana qayıtdı.

şəriət — əsas mənbəyi Quran olan müsəlman hüququ. Quranı insanlara çatdıran Məhəmməd qanunverici peyğəmbər kimi qəbul edilirdi. Bu, ərəbcə "şəriə" adlandığından ona "şəriət" adı verilmişdir.

Şərq məsələsi — Osmanlı imperiyasının dağılması və Avropa dövlətlərinin onun vilayətlərini bölüşdürmək uğrunda mübarizəsi ilə bağlı diplomatiyada və tarixdə XVIII əsr — XX əsrin əvvəllərində beynəlxalq ziddiyyətləri bildirmək üçün qəbul olunmuş məfhum. Osmanlı imperiyasının XIX əsr — XX əsrin əvvəllərində Asiya və Avropada vilayətlərini itirməsi, eləcə də Atatürkün başçılığı ilə müstəqil Türkiyə Respublikasının yaradılması Şərq məsələsini dünya siyasi səhnəsindən çıxardı.

Şərqi Roma imperiyası — Roma imperiyasının 395-ci ildə iki yerə parçalanmasından sonra onun şərq hissəsinin elmdə qəbul edilmiş adı. Konstantinopol şəhəri onun paytaxtı olmuşdur. Qərbi Roma imperiyası süqut etdikdən sonra Şərqi Roma imperiyasını Bizans adlandırdılar.

Şərur — Naxçıvan yaxınlığında düzənlik. 1501-ci ilin ortalarında Şərur düzənliyində İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları ilə Ağqoyunlu dövlətlərindən birinin padşahı olan Əlvənd Mirzənin ordusu arasında döyüş baş vermişdir. Ağqoyunlu qoşunları 30 min nəfərə çatırdı, qızılbaşlar isə cəmisi 7 min nəfər idi. Lakin öz döyüşçülərinə inanmayan padşah qoşunlarının geriyə qaçmaması üçün əmr etmişdi ki, zəncirlə bir-birinə bağlanmış dəvələri qoşunun arxasına düzsünlər. Şərur döyüşü Əlvənd Mirzənin ordusunun tam darmadağın edilməsi ilə başa çatdı, yalnız az bir qisim adam qaçmaqla canını qurtara bildi. Ağqoyunlu köçəri əyanlarının çox hissəsi əsir düşdü və edam olundu. Qızılbaşlar böyük qənimətlər ələ keçirdilər: çox gözəl at ilxıları, çoxlu dəvə, qızıl və gümüş qablar, qiymətli alaçıqlar və xalılar və s. Şərur savaşından sonra İsmayıl təntənəli şəkildə Təbrizə daxil olub özünü şah elan etdi.

Şıxlinski Əliağa (1865 — 1943) — artilleriya general-leytenantı. Şıxlinski Peterburqda artilleriya məktəbini bitirmişdir. 1904 — 1905-ci illər rus — yapon müharibəsində Port-Arturun müdafiəsində şəxsən göstərdiyi rəşadətə görə qızıl xəncərlə mükafatlandırılmışdır. Şıxlinskinin artilleriya peşəsinə gətirdiyi yeniliklər hərbi məktəblərdə öyrənilirdi. Birinci Dünya müharibəsinin ilk günlərində Rusiya imperiyasının paytaxtı Peterburq şəhərinin artilleriya müdafiəsi ona həvalə olunmuşdu. Sonralar Şıxlinski Qərb cəbhəsində artilleriya rəisi, daha sonra isə 10-cu ordunun baş komandanı təyin edilmişdir. Çar ordusunda «vəhşi diviziya» adlanan tatar polku əsasında 1918-ci ilin mart — aprelində Zaqafqaziya Seymi dövründə general Şıxlinskinin komandanlığı ilə "Əlahiddə Azərbaycan korpusu" təşkil olunmuşdur. 1918-ci il dekabrın 25-də Şıxlinski Azərbaycan Demokratik Respublikası hərbi nazirinin müavini təyin edilmiş və Azərbaycan milli ordusunun yaradılmasında çox böyük rol oynamışdır.

Şiələr (ər. "əş-şiə" — «davamçı», «partiya») — şiəliyin davamçıları. Əli və onun nəslindən olanları Məhəmməd peyğəmbərin yeganə qanuni varisləri qəbul edən müxtəlif qrup və icmaların ümumi adı. Məhəmməd peyğəmbərin vəfatından az sonra onun davamçılarının bir hissəsi Əlinin varisliyi, ali hakimiyyətin peyğəmbər ailəsində saxlanılması uğrunda çıxış etdi. Bu qruplaşma müsəlmanların dini birliyini pozan hərəkatın özəyini təşkil edirdi və sonralar müsəlmanların iki əsas hissəyə — sünnilərə və şiələrə parçalanmasına səbəb oldu. İmam Əlinin öldürülməsindən sonra şiələr ali hakimiyyətin (imamətin) müstəsna olaraq Əlinin nəslindən olanları nəzərdə tutaraq peyğəmbər ailəsinə qaytarılması uğrunda mübarizə apardılar. Şiələrin hərbi-siyasi məğlubiyyətləri (Hüseynin şəhid olması, Muxtarın çıxışının darmadağın edilməsi) onların qüvvələrinin daha çox dini ideyalar sahəsinə istiqamətlənməsinə səbəb oldu. Əlinin nəslindən olan bu qruplaşmanın bazası əsasında şiə hərəkatı meydana gəldi. Xəlifələrin seçkililiyini bəyan edən sünnilərin əksinə olaraq şiələr Əlinin nəslindən olanların hakimiyyətinin irsilik prinsipini müdafiə edirdilər. Şiələr baş verən bədbəxtliklərin hamısının hakimiyyəti qəsb etmiş Əməvilərin qeyri-qanuni idarəçiliyindən irəli gəlməsi haqqında təbliğat aparır və bildirirdilər ki, ali hakimiyyətin Əlinin nəslinə qaytarılması Allahın iradəsinin yerinə yetirilməsinə və ədalətin bərqərarlaşmasına səbəb olacaq. Şiə təbliğatı Əməvilər sülaləsinin devrilməsinə səbəb oldu, amma bundan peyğəmbərin qohumlarının digər qolu Abbasilər bəhrələndilər. Ələvilər hakimiyyət uğrunda mübarizəni dayandırmamışdılar, lakin onların Abbasilərdən ayrılması şiə hərəkatının sosial bazasını xeyli məhdudlaşdırmışdı. Bundan əlavə, şiələrin özlərinin arasında, xüsusilə də imamət hüququnun Əlinin bu və ya digər nəsillərinə verilməsi məsələsində birlik yox idi. VIII əsrdə şiə hərəkatı iki əsas cərəyana — «mötədil»lərə və «ifrat»lara parçalandı. İfrat şiələrin təlimi islamdan o qədər uzaqlaşdı ki, əslində, ayrıca bir dinə çevrildi. İslamın bütün tarixi ərzində şiələr vaxtaşırı uğurla hakimiyyətin Əlinin nəslindən olanlara qaytarılması uğrunda mübarizə aparırdılar, hətta müsəlman dünyasının müxtəlif ucqarlarında (Təbəristan, Yəmən, Misir) onlar ələvi imamətləri yarada bilmişdilər. Hazırda İran əhalisinin mütləq əksəriyyəti, Azərbaycan, Bəhreyn, İraq, Yəmən, Livan və Mərkəzi Asiya müsəlmanlarının xeyli hissəsi şiədir. Şiə icmaları faktik olaraq bütün müsəlman ölkələrində var.

şiəlik — islamda (sünniliklə yanaşı) iki əsas dini cərəyandan biri.

Şikəstə Şirin — XVIII əsr Azərbaycan şairi. Şirin tarixi mövzuda şerlər yazmışdır. Ağa Məhəmməd şah Qacarın İran qoşunları tərəfindən Tiflisin dağıdılması və yandırılmasına həsr olunmuş kiçik poemanı xüsusilə qeyd etmək lazımdır. Şikəstə Şirin Cənubi Qafqaz xalqlarını dostluğa və qardaşlığa çağırırdı.

Şimali Almaniya ittifaqı — 1866 — 71-ci illərdə Mayn çayından şimalda Prussiyanın hegemonluğu ilə onun Avstriya — Prussiya müharibəsində qələbəsindən (bax: Sadova) və Almaniya ittifaqını ləğv etməsindən sonra 22 alman dövlətindən təşkil olunmuş federativ dövlət. Şimali Almaniya ittifaqına daxil olan bütün dövlətlər monarxiya üsuli-idarəsini, özlərinin sülalə və hökumətlərini, ayrı-ayrı ordularını, qanunları və məhkəmə qaydalarını qoruyub saxlamışdılar. Şimali Almaniya ittifaqı alman dövlətlərinin Prussiyanın başçılığı altında vahid Almaniya imperiyasında birləşməsinin birinci mərhələsi idi.

Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə — 1775 — 83-cü illərdə 13 ingilis koloniyasının azadlıq müharibəsi baş verdi və nəticədə müstəqil ABŞ dövləti meydana gəldi. Tamamlanmamış burjua inqilabı xarakterli idi. 1775-ci ilin aprelində Konkord və Leksinqton yaxınlığındakı döyüşlərlə başlamışdır. 1776-cı ildə ABS-ın İstiqlaliyyət bəyannaməsi qəbul edilmişdi. Amerika ordusu baş komandan Corc Vaşinqtonun başçılığı ilə Saratoqa (1777) və Yorktaun (1781) yaxınlığında ingilis qoşunları üzərində həlledici qələbələr əldə etdi. 1783-cü il Versal sülh müqaviləsinə görə, Böyük Britaniya ABŞ-ın müstəqilliyini tanıdı. Müharibə nəticəsində kapitalizmin inkişaf etməsi üçün mühüm ilkin müqəddəm şərait yarandı, ABŞ-ın cənubunda quldarlıq saxlanıldı.

"Şiraz qonaqlığı" — Fətəli xan Əfşara qarşı mübarizədə bir sıra Azərbaycan xanları İran hökmdarlığına iddia edən Kərim xan Zəndə kömək edirdilər. Fətəli xan Əfşarı əsir götürdükdən sonra Kərim xan Zənd 1763-cü ildə, guya, qələbənin şərəfinə bayram keçirilməsi adı ilə ona kömək göstərən xanları Şiraza ziyafətə dəvət etmişdir. Onun qonaqları arasında qarabağlı Pənahəli xan, xoylu Şahbaz xan və digər xanlar da olmuşdur. Kərim xan Zənd qardaşı edam olunan yerdə Fətəli xan Əfşarı edam etdirdi. Ziyafətə dəvət edilənlər isə faktik olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. "Şiraz qonaqlığı" belə başa çatmışdır.

Şirvan — Azərbaycanda tarixi vilayət və dövlət. Şirvan vilayətinin adı mənbələrdə III əsrdən çəkilir. VII — VIII əsrlərdən Şirvan ərəblərin hakimiyyəti altında olmuşdur. 761-ci ildə Şirvan dövləti şirvanşahlar tərəfindən idarə olunurdu. 1538-ci ildən Şirvan Səfəvilər dövlətində bəylərbəyilik idi. 1748-ci ildə yaranmış müstəqil Şirvan xanlığı 1805-ci ildə Rusiya tərəfindən işğal olunmuşdur.

Şirvani Hacı Zeynalabdin (1780 — 1838) — Azərbaycan coğrafiyaşünas-səyyahı, etnoqraf, tarixçi və şair. Şirvani 37 ilə yaxın Qafqaz, İran, Türkiyə, Əlcəzair, Misir, Sudan və Hindistanda səyahətdə olmuşdur. Bu səyahətlərini o, «Büstanüs-səyahə» («Səyahət bağı») və «Riyazus-səyahə» («Cənnət bağı səyahətləri»; farsca) əsərlərində təsvir etmişdir. Həmin kitablarda Şirvani olduğu ölkələrdə gördüyü xalqlar təsərrüfatı və mədəniyyəti, məişət və adətləri barədə maraqlı təsvirlər verir. Şirvaninin şerləri «Divan»ında toplanmışdır.

Şirvani Seyid Əzim (1835 — 88) — ən böyük Azərbaycan şair və maarifçilərindən biri. Şamaxıda ruhani ailəsində anadan olmuş və özü də ruhani rütbəsi almışdır. Təhsilinin davamı məqsədi ilə Misir, Suriya və Hicaza (Ərəbistan) gedən S.Ə.Şirvani qayıtdıqdan sonra ruhani rütbəsindən imtina etmişdir. S.Ə.Şirvani XIX əsrin 70-ci illərində Şamaxıda Azərbaycanda ilk dünyəvi məktəb açmışdır. S.Ə.Şirvani ilk Azərbaycan qəzeti olan "Əkinçi" ilə sıx əməkdaşlıq etmişdir. S.Ə.Şirvani Şamaxıda yaradılmış ədəbi məclisin başçısı olmuşdur. Azadfikirli baxışlarına görə rus məmurları dəfələrlə S.Ə.Şirvanini məktəbdə dərs keçməkdən uzaqlaşdırmışlar. S.Ə.Şirvaninin ədəbi irsinə minədək qəzəl, üç yüzə yaxın təmsil və hekayə daxildir. Sonunculardan ən geniş yayılmışları «Qafqaz müsəlmanlarına xitab» poetik müraciəti, «Zahidin nağılı», «Xan və dehqan», «Xəsis», "İnkir və Münkir" hekayəsi və s.-dir. S.Ə.Şirvani məsciddən çıxarkən öldürülmüşdür.

şirvanşah — Şirvan hökmdarlarının titulu. Şirvanşah sülalələri bunlardır: Məzyədilər (799 — 1027), Kəsranilər (1027 — 1382), Dərbəndilər (1382 — 1538).

Şirvanşahlar dövləti — Azərbaycanın şimal-şərqində, Şirvan vilayətində Şirvanşahlar dövləti (861 — 1538). 861-ci ildə Ərəb xilafətinin dağılması nəticəsində Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid tərəfindən yaradılmışdır. Şirvanşah Məzyədilər, Kəsranilər və Dərbəndilər sülalələri tərəfindən idarə olunurdu. 1538-ci ildə I Təhmasib tərəfindən tutulmuş və Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdi.

Şirvanşahlar sarayı — şirvanşahların Bakıdakı sarayı, orta əsrlər Azərbaycan memarlıq abidəsi (XV əsr). Üç saray ətrafında ansambl belədir: saray, divanxana, türbə, Seyid Yəhya Bakuvinin mavzoleyi, minarəli məscid, Şərq qapıları və s. Bu orta əsrlər memarlıq şedevrində isə hökm çıxarılan və saray əyanlarının yığıncağı keçirilən divanxana xüsusilə fərqlənir. Divanxananın və türbənin portal və divarları daş üzərində incə oyma ilə -yazı və naxışlarla bəzədilmişdir.

Şiva — hinduizmdə üç baş allahdan (Brahma və Vişnu ilə yanaşı) biri. Mənşəcə arilərə qədərki allah olub, bərəkət kultu ilə bağlıymış. Qəzəbli görkəmdə, çox vaxt müqəddəs rəqsi ifa edərkən və ya tərki-dünya zahid kimi təsvir olunur.

Şliman Henri (1822 — 90) — alman arxeoloqu. Homerin "İliada" poemasındakı məlumatları əsas götürən Şliman axtarışlara başlamış və son nəticədə Troyanın xarabalıqlarını aşkar etmişdir. Bu xarabalıqlar Kiçik Asiyanın Aralıq dənizi sahillərindəki Hissarlıq təpəliyi yaxınlığında (indiki Türkiyə ərazisində) yerləşir. Qazıntılar zamanı Şliman qədim şəhərin nəinki bir, hətta altı mədəni təbəqəsini aşkar etmişdir. Həmin təbəqələrin birində möhtəşəm bir sarayın uçuqlarını və yanıq izləri olan möhkəm qala divarlarını aşkar edən Şliman belə qərara gəlir ki, bura elə həmin əfsanəvi Troyadır. Qazıntıların sonrakı dövrlərində o, qızıl və gümüş bəzəklərlə dolu böyük dəfinə tapmışdır. Bunları çariça Yelenanın dəfınəsi hesab edən Şliman bununla da qazıntıları dayandırmışdır. Şlimanın ölümündən onilliklər keçdikdən sonra arxeoloqlar sübut etmişlər ki, onun tapdığı dəfinələr Homerin haqqında yazdığı Troyadan xeyli qədimdir. Amma əfsanəvi Troyanın həqiqətən də Şlimanın qazıntı apardığı həmin təpəlikdə olduğu fikri ilə razılaşan alimlər aşkar etmişlər ki, Şliman Troyanın mənsub olduğu mədəni təbəqəni qazıb keçmişdir.

şovinizm — millətçiliyin ifrat forması. Şovinizm siyasəti digər millət və xalqlara qarşı nifrət və düşmənçilik hisslərini qızışdırmağa yönəldilib. Şovinizm bir «müstəsna» («seçilmiş») millətin digər «tam dəyərli olmayan» (keyfiyyətsiz) millətlər, irqlər üzərində ağalığını təmin etmək məqsədi ilə üstünlüyə malik olduğunu təbliğ edir. Şovinizm və millətçiliyin digər forması böyük dövlət millətçiliyidir.

"şok terapiyası" — planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına qəfil, kəskin keçid.

ştat — bir sıra federativ respublikaların (ABS, Hindistan, bir sıra Latın Amerikası dövlətləri və s.) tərkibinə daxil olan və bu və ya digər dərəcədə özünüidarədən istiladə edən dövlət inzibati vahidi.

Ştreykbrexerlər — fəhlə və ya əhalinin digər təbəqələrinin tətil və çıxışlarda iştirakdan boyun qaçıran nümayəndələri və ya sahibkarlar tərəfindən müəssisələrdəki tətilçilərin yerinə məxsusən cəlb olunan adamlar.

şudr — Qədim Hindistanda nökər kastası.

Şumer — e.ə. IV minilliyin sonlarından e.ə. XXIV əsrədək Mesopotamiyanın cənubunda mövcud olmuş qədim dövlət. Şumerlərin mənşəyi indiyədək tarixçilər üçün sirr olaraq qalır. Cənubi Mesopotamiyanı tutan şumerlər artıq e.ə. IV minillikdə burada Ur, Uruk, Kiş, Laqaş, Nippur kimi Şumerdə ağalıq üstündə bir-biri ilə mübarizə aparan şəhərlər yaratmışlar. E.ə. XXVIII əsrdə Kiş şəhərinin hakimi Etana Şumerin hökmdarı oldu. E.ə. XXV əsrdə Ur şəhərinin sakinləri arasındakı ziddiyyətlərdən istifadə edən Umma onu tutdu və şəhər təxminən 250 il Şumerin mərkəzinə çevrildi. E.ə. XIV əsrdə Qədim Sarqonun istilaları Şumeri Akkadın hakimiyyəti altında birləşdirdi.

şüar — qısa formada əsas ideyanı, vəzifəni, tələbi, prinsipi bildirən çağırış.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh