"U" hərfi ilə başlayan tarix terminləri

udinlər — Azərbaycan Respublikasının şimal-şərqində (5 min nəfərə yaxın) və Gürcüstan Respublikasında (6 min nəfərə yaxın) yaşayan xalq. Tarixçilərin çoxu belə hesab edir ki, udinlər qədim uti tayfasının nəslindəndir. Azərbaycan ərazisindəki udinlər helə XVIII əsrin əvvəllərində də «aqvan (yəni alban) və milliyyətcə uti» olmaları haqqında ənənəni saxlamışlar. Azərbaycan Respublikası ərazisindəki müasir udinlər qədim Qafqaz Albaniyasının müvafiq şimal rayonlarında (Qəbələ, Oğuz) məskunlaşmışlar. Müasir udin dili Qafqaz dilləri qrupuna aiddir.

Ulanlar — 1) mizraqlı monqol-tatar süvari döyüşçüsü; 2) XVI — XX əsrlərdə Avropada yüngül süvari növü.

ultimatum — bir tərəfin (dövlətin, qoşunların və s.) digər tərəfə öz şərtlərini yerinə yetirmək haqqında qəti tələbi (qalanı təslim etmək, əsirləri azad etmək və s.).

uluclar — Azərbaycanda ərəb ağalığı dövründən asılı kəndli kateqoriyası.

ulus — Mərkəzi Asiya və Sibir xalqlarında başçının və ya xanın tabeliyində olan müəyyən əraziyə malik nəsil-tayfa birliyi.

Unitar dövlət — dövlət quruluşu forması; burada dövlətin ərazisi federasiyadan fərqli olaraq federativ vahidlərə (ştat, respublika, torpaq, muxtariyyət və s.) deyil, inzibati-ərazi vahidlərinə (rayon, vilayət və s.) bölünür.

universitet — əsas elmi fənlərin öyrənildiyi ali elmi-təhsil müəssisəsi. Avropada universitetlər ilk dəfə Bizans imperiyasında meydana gəlib. XII — XIII əsrlərdə belə universitetlər İspaniyada, İtaliyada, Fransada və İngiltərədə yaranmışdır.

uniya — monarxiya dövlətlərinin birliyi və ya ittifaqı forması.

Uot Tayler — İngiltərədə 1381-ci il anti-feodal kəndli üsyanının rəhbərlərindən biri (digəri — Con Boll). Üsyan İngiltərə qraflıqlarının əksəriyyətini bürümüşdü. İyulda üsyançılar şəhər yoxsullarının yardımı ilə Londona daxil oldular. Kralın yaxın adamlarından bir çoxu edam edildi. Kralla ilk görüş zamanı üsyançılar tələb etdilər ki, bir nəfər də təhkimli olmamalı, torpaq üçünsə yalnız cüzi haqq ödənilməlidir, kral ölkə daxilində ticarətə qoyulan bütün rüsumları ləğv etməli və üsyançılara amnistiya verməlidir. Kral bu tələbləri yerinə yetirəcəyinə vəd verdi. Kəndlilər Londonu tərk etməyə başladılar, amma Uot Taylerin dəstəsi şəhərdə qaldı. Kralla aparılan ikinci danışıqlar zamanı üsyançılar tələb etdilər ki, təhkimçilik hüququ və feodalların bütün hüquqları ləğv olunsun, vahid kilsə hakimiyyəti yaradılsın, icma torpaqları qaytarılsın və silklər bərabərləşdirilsin. Danışıqlar zamanı Uot Tayler ölümcül yaralandı. Üsyan yatırılsa da (hərçənd ayrı-ayrı qraflıqlarda çıxışlar bir neçə il davam etdi), İngiltərədə təhkimçilik hüququnun və biyarın ləğvinə yardım etdi.

«Uotergeyt məsələsi» — ABŞ-da 1972-ci il seçki kampaniyası zamanı Vaşinqtonun «Uotergeyt» hotelində Demokratlar partiyasının mənzil-qərargahında dinləyici qurğunun quraşdınlmasına cəhdlə bağlı hadisələrin təhqiqi. Ağ Evin vəzifəli şəxsləri tərəfindən pulla ələ alma, hədələmə, yalan şahidlik və digər qanun pozuntuları da aşkar edilmişdir. «Uotergeyt məsələsi»ndə təqsirləndirilən ABŞ prezidenti R.Nikson impiçment təhlükəsi altında 1974-cü ilin avqustunda istefa vermişdir.

Ur — e.ə. IV minillikdə Mesopotamiyanın İran körfəzi yaxınlığında salınmış ən qədim şəhəri.

Uran — qədim yunan mifologiyasında səma allahı, Geyanın əri, titanların, siklopların (təpəgözlərin) və yüzəlli nəhənglərin atası; oğlu — allah Kronos tərəfindən devrilmişdir.

Urartu — e.ə. IX — VI əsrlərdə Anadolu yaylasında, Van və Urmiya gölləri arasında (müasir Türkiyə ərazisi) mövcud olmuş qədim dövlət. Urartu dövlətinin faktik yaradıcısı bir sıra dövlət islahatları keçirmiş çar Menua (e.ə. 810 — 786) olmuşdur. Menuanın oğlu və varisi I Argişti (e.ə. 786 — 764) atasının siyasətini davam etdirmişdir. Bundan başqa, onun işğalçılıq siyasəti nəticəsində Assuriya, Manna və Cənubi Qafqaza çoxsaylı yürüşlər təşkil olunmuşdur. E.ə. VIII əsrin ortalarına yaxın Urartunun əraziləri xeyli böyüdü və o, Qədim Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi. Urartu çarı II Sardur (e.ə. 760 — 730) Manna dövlətinin bir hissəsini Urartuya tabe etdi. Manna hökmdarı İranzu Urartu tərəfindən tutulmuş Manna torpaqlarını müharibə edərək geri qaytardı. Lakin Urartu çarı I Rusa (e.ə. 730 — 714) Mannanın Zikirtu vilayətinin canişini Metattini İranzuya qarşı üsyan qaldırmağa sövq edə bildi. E.ə. 716-cı ildə də Manna hökmdarı Azaya qarşı baş vermiş üsyanda yenə Urartu çarı I Rusanın adı çəkilir. E.ə. 714-cü ildə əvvəlcə Metattiyə, sonra isə Urartu çarı I Rusaya zərbə endirən Assuriya hökmdarı II Sarqon Urartunun cənub-şərq vilayətlərini darmadağın etdi. I Rusa özünü öldürdü. Bundan sonra Urartu əvvəlki qüdrətini bərpa edə bilmədi və e.ə. VI əsrdə Midiya tərəfindən işğal edildi.

usta (sexdə) — orta əsrlərdə xırda, iqtisadi cəhətdən müstəqil istehsalçı-sənətkar. Öz şəxsi emalatxanasında işləyən, tabeliyində köməkçiləri və şagirdləri olan tamhüquqlu sex üzvü. Kəndlilərdən fərqli olaraq usta düzəltdiklərini sifarişlə və ya satış üçün hazırlayırdı. Şah əsər (şedevr) yaratmaqla imtahan verən usta köməkçiləri usta ola bilərdilər.

uşr, uşur (ər. «ondabir») — müsəlman ölkələrində natural vergi və ya rüsum; 1) fəth hüququ, xəlifə hədiyyəsi və ya becərilməsinə görə xərac alınmayan torpaqlardan müsəlmanların kənd təsərrüfatı məhsulundan ödədikləri vergi; 2) malın qiymətinin v10-i dəyərində ticarət rüsumu; 3) müsəlmanlardan qanuni zəkatdan əlavə alınan bər cür ticarət yığımları.

utilər — Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalar. Bir sıra tarixçilər utiləri e.ə. III — II minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kuti tayfaları ilə əlaqələndirirlər. Lullubi tayfaları tərəfindən öz yurdlarından sıxışdırılıb çıxanları kutilər tədricən şimala doğru hərəkət edərək Göycə (Sevan) gölünün ətraf ərazilərində məskunlaşmışlar. Urartu mənbələrinin verdiyi məlumatlara görə, onlar burada etiunilər adı ilə tanınmışlar. E.ə. VIII əsrdə urartulular Etiuni vilayətini tuturlar və etiunilər Kür-Araz vadisinə köçürlər. Burada utilər antik mənbələrdə Otena və ya Vitiya adlandırılan vilayətlərini yaradırlar. Herodot bu barədə bildirir ki, utilərin tayfası Əhəmənilər dövlətinin XIV dairəsinə daxil idi. Herodot onu da bildirir ki, utilər Əhəməni hökmdarı Kserksin qoşunları tərkibində e.ə. 480-ci ildə Yunanıstana qarşı yürüşdə iştirak etmişlər. Utilər də kaspilər kimi qamışdan düzəldilmiş oxlarla silahlanmışdılar, həm də onlardan fərqli olaraq xəncərləri var idi. Utilər keçi dərisindən paltar geyirdilər. Uti vilayəti Qafqaz Albaniyasının tərkibinə daxil ediləndən sonra utilərin bir hissəsi də Kürün sol sahilinə köçür. Alban tarixçisi Moisey Kalankatlı özünün «Alban tarixi»ndə yazır ki, uti tayfaları albanların Aran adlı ulu babaları və hökmdarlarından törəmişlər. Bəzi tarixçilərin fikrincə, erkən orta əsrlərdə ola bilər ki, utilər hansısa gəlmə tayfa ilə qarışmışlar və bunu tayfanın «uti-dorslar» («uti aorslan» — «aorslar» sarmat tayfasıdır) və «utiqurlar» (hun tayfalarının adı ilə müqayisə et — onoğurlar, saraqurlar və s.) adı da sübut edir. Qədim utilərin övladları sayılan udinlər hələ XVIII əsrin əvvəllərində özlərinin «aqvan (yəni alban) və millətcə uti» olmaları ənənəsini saxlayırdılar. Müasir udinlər qədim Qafqaz Albaniyasının müvafiq ərazilərinə uyğun rayonlarda (Qəbələ, Oğuz) məskunlaşıblar.

utopiya (yun. «mövcud olmayan yer») — 1) T.Morun "Ən yaxşı dövlət quruluşu və ya Utopiya adlı yeni ada haqqında qızıl kitab"ında xüsusi mülkiyyətsiz adanın adı; 2) qeyri-real planlı ictimai dəyişiklikləri özündə əks etdirən bürün əsərlər, nəzəriyyələr, proqramlar və düşüncələr.

Utrext uniyası — 1579-cu ildə Niderland hurjua inqilabı zamanı Utrext şəhərində Niderlandın yeddi şimal əyaləti İspaniyaya və daxili feodal-katolik irticasına qarşı mübarizə aparmaq məqsədi ilə ittifaq bağladı. Utrext uniyası Niderland Birləşmiş Əyalətlər (Hollandiya) Respublikasının əsasını qoymuşdur.

«Uzun divarlar» — e.ə. 461-ci ildən sonra afinalılar tərəfindən tikilmiş müdafiə divarları. Həmin divarlar Afinanı əhatə etməklə yanaşı, həm də onu Afinanın 6 km-liyində olan liman şəhəri Pireylə birləşdirirdi. Bununla elə bir möhkəmləndirilmiş rayon yaradılmışdı ki, burada bütün Afina vətəndaşları sığınacaq tapa bilərdilər, eyni zamanda, mühasirə vaxtı divarlar Afinanın dənizlə əlaqəsini təmin edirdi. Peloponnes müharibəsində spartalılar tərəfindən e.ə. 404-cü ildə afinalıların məğlub edilməsi nəticəsində «Uzun divarlar» uçuruldu, lakin e.ə. 393-cü ildə yenidən bərpa olundu.

Uzun Həsən — böyük oğuz sərkərdəsi, Ağqoyunlu dövlətinin banisi və ilk padşahı (1467 — 78). 1467-ci il noyabrın 11-də Uzun Həsənin başçılığı ilə ağqoyunlu tayfalarının qoşunları Muş düzənliyindəki savaşda Cahanşahın qaraqoyunlu qoşunlarını darmadağın edərək öz dövlətinin əsasını qoydu. 1468-ci ildə Teymuri Əbu Səid Ağqoyunlu ərazisinə yürüş etdi, lakin şirvanşah Fərrux Yassarla və Ərdəbil şeyxi Heydərlə saziş bağlayan Uzun Həsən Əbu Səidin qoşunlarını tam məğlubiyyətə uğratdı. Uzun Həsənin dövründə əhalinin yerinə yetirdiyi mükəlləfiyyətləri və ödədiyi vergiləri tənzimləyən «Qanunnamə» tərtib edilmişdi. Mərkəzləşdirilmiş hakimiyyəti möhkəmləndirməyə cəhd göstərən Uzun Həsən köçəri əmirlərin özbaşınalıqlarına qarşı mübarizə aparırdı. Ağqoyunlu dövlətinin Kiçik Asiyadakı müttəfiqi olan Trapezund imperiyasını tutan Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün Uzun Həsən Avropada Polşa, Macarıstan, Avstriya, Venesiya, Kipr və Rodos krallıqları və Vatikanla; Asiyada Qaraman bəyliyi ilə diplomatik danışıqlara başladı. 1472-ci ilin payızında ağqoyunluların azsaylı süvari dəstəsi Kiçik Asiyada Bəyşehir yaxınlığında osmanlılar tərəfindən məğlub edildi. 1473-cü il avqustun 1-də sultan II Mehmetin başçılığı ilə Osmanlı qoşunları Fərat sahilindəki Malatya şəhəri yaxınlığındakı savaşda ağqoyunlu süvarilərinə məğlub oldu. Malatya savaşından sonra sultan II Mehmet Uzun Həsənə danışıqlara başlamağı təklif etdi, amma padşah rədd cavabı verdi. Lakin 1473-cü il avqustun 11-də ağqoyunlu süvariləri Otluqbeli savaşında məğlub oldular. Otluqbeli məğlubiyyəti Ağqoyunlu dövləti daxilində köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsinin güclənməsinə səbəb oldu. Uzun Həsən sultan II Mehmetin dəstəklədiyi qiyamları yatıra bildi. 1474 — 77-ci illərdə padşah Uzun Həsən Gürcüstana bir neçə yürüş etdi və Tiflis şəhəri ilə birlikdə Şərqi Gürcüstanı tutdu. 1478-ci ilin yanvarında Uzun Həsən vəfat etdi. Onun ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı və oğlu Yaqub Mirzənin xeyrinə başa çatdı.

«Uzunmüddətli parlament» — İngiltərə kralı I Karl tərəfindən 1640-cı ildə çağırılmışdır. Faktik olaraq «Uzunmüddətli parlament» İngiltərə burjua inqilabının qanunverici orqanı olmuşdur. Xalqa arxalanan «Uzunmüddətli parlament» kral hakimiyyətini məhdudlaşdıran bir sıra qanunlar qəbul etdi. Parlament «Böyük remonstrasiya»nın — mütləqiyyəti ittiham edən bəyannamənin və sonrakı fəaliyyət proqramının müzakirəsinə başladı. Müzakirələr zamanı parlamentdə presviterianlara (mötədillərə) və independentlərə (radikallara) parçalanma baş verdi. Kral hakimiyyəti ilə kompromisə gəlmək istəyən presviterianlar parlamentdə çoxluq təşkil edirdilər. İndependentlər isə daha radikal islahatların tərəfdarı idilər.

Parlamentdəki ziddiyyətdən bəhrələnməyə çalışan kral independentlərin həbsinə uğursuz cəhd göstərdi və bu, İngiltərədə vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Müharibə parlament üçün uğursuz başlansa da, Kromvelin başçılığı ilə parlamentin «yeni tipli» ordusu yaradıldıqdan sonra o, kral qoşunları üzərində qələbə çaldı. Presviterianlar inqilabı bitmiş hesab edirdilər, independentlər, levellerlər və xalq isə onun davamını və dərinləşdirilməsini istəyirdilər. Presviterianlar ordunu buraxmağa səy göstərdilər və independentləri parlamentdən uzaqlaşdırdılar. Buna cavab olaraq 1647-ci ilin avqustunda ordu Londona daxil oldu və presviterianların liderlərini parlamentdən qovdu. Qərarların natamamlığından və yarımçıqlığından narazı qalan levellerlər independentlərlə sazişi pozdular, amma onların çıxışları amansızlıqla yatırıldı. İkinci vətəndaş müharibəsi (1648 — 49) başlayanda isə independentlər yenidən levellerlərlə ittifaq bağladılar, Presviterianlar kralla danışıqlara daha bir cəhd göstərdilər, lakin ordu rəhbərliyi tərəfindən 1648-ci il dekabrın 6-da «Prayd təmizləməsi» deyilən tədbir nəticəsində presviterianlar parlamentdən qovuldular. Tezliklə kral məhkəməyə verildi və edam olundu. İngiltərə respublika elan edildi. «Uzunmüddətli parlament»in sonrakı siyasəti burjuaziyanın və yeni zadəganların varlanmasına yönəldilmişdi, bu isə var-yoxdan çıxan xalqın narazılığına səbəb oldu və o hər an açıq çıxış etməyə hazır idi. Onun qarşısını almaq üçün Kromvel 1653 -cü il aprelin 20-də hərbi zor işlətməklə «Uzunmüddətli parlamenti» qovdu və hakimiyyəti öz əlinə alaraq protektorluğunu qurdu.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh