Tarix terminləri lüğəti

A

Abbası — XVII-XVIII əsrlərdə İran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə. Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuş və onun adı ilə adlandırılmışdır.

Abbasilər — Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti adlandırılmışdır.

Abbat — katolik kilsəsində monastır rahibi.

Abdallar — Laçın şəhərinin keçmiş adı (1923-cü ilədək)

Abeskun — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri. Bu şəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su altındadır.

Abidə — 1) sənət və tarixi dəyəri olan tikili; 2) şəxsiyyət və hadisələrin şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsəri.

Abituriyent (latınca) «getməyə hazırlaşan». Bir çox ölkələrdə orta məktəbi bitirən şəxs və ya ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən şəxs.

Abolisionist (ingiliscə) — quldarlığın ləğv edilməsi tərəfdarı. Bu ad ABŞ-da quldarlığın ləğv edilməsi tərəfdarlarına verilmişdi.

Abordaj (fransızca) — «gəmi bortu». Avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxarla işləyən gəmilərin meydana çıxması ilə XIX əsrdən abordaj üsulu öz əhəmiyyətini itirmişdi.

Aborigenlər (latınca, əzəldən) — ölkənin qədim, yerli sakinləri.

Açıq qapı — 1899-cu ildə ABŞ dövlət katibi hey verdiyi notada «açıq qapı» doktrinasını elan etdi. Burada tələb edilirdi ki, Çindəki dövlətlərin bütün «nüfuz dairələri» Şimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. Bununla ABŞ rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi.

Aeropaq (yunanca) — Attikanı idarə edən ağsaqqallar şurası.

Ağbil türbələri — Quba rayonunun Ağbil kəndində XVI əsrə aid memarlıq abidələri.

Ağməscid — indiki Simferopol şəhəri.

Axill — qədim yunan mifologiyasında Troya müharibəsi dövründə ən güclü qəhrəmanlardan biri.

Axill dabanı — "ən zəif yer" mənasında işlənir. Əfsanəyə görə Axillin anası dəniz ilahəsi Fetida oğlunu ölməz və yenilməz etmək üçün onu Yeraltı Stiks çayının müqəddəs suyuna salmışdır. Anası onun dabanından tutduğuna görə ora müqəddəs su dəyməmiş və dabanı Axillin yeganə zəif yeri olmuşdur. Parisin atdığı zəhərli ox dabanına dəyərək onu öldürmüşdür.

Aid — qədim yunanlarda yeraltı səltənətə hökmranlıq edən allah. Guya bu səltənətə ölən insanların ruhlan köçürmüş. Aidin ayaqları altında oturmuş üçbaşlı köpək hamını yeraltı səltənətə buraxır, lakin heç kimi oradan qayıtmağa qoymurmuş.

Akademiya — qədim yunan əsatirinin qəhrəmanı Akademikin adındandır. Alim Platonun məktəbinə verilən ad. Sonradan bu ad yüksək elmi təşkilata verilmişdir.

Akın — Qazaxıstanda və Mərkəzi Asiyada xalq nəğməkarı.

Akropol (yunanca) — «yuxarı şəhər» təpənin üzərində yerləşir, şah sarayı və adlı- sanlı adamların evləri burada ucalırdı.

Aqora — Afinanın ən izdihamlı və səs-küylü yeri, bazar meydanı.

Aqrar — 1) torpaq sahibliyinə, torpaqdan istifadəyə aidiyyəti bildirir; 2) kənd təsərrüfatı istehsalının sənayedən üstün olmasını səciyyələndirir.

Aqrar çevriliş — təsərrüfatında muzdlu əməyin kütləvi şəkildə tətbiqi nəticəsində kapitalist münasibətlərinin bərqərar olması.

Alanlar — Kuban ətrafında yaşayan tayfalar.

Alagöz yaylaqları — oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı dağları «Alagöz yaylaqları» adlandırırdılar. Hazırda Ermənistan ərazisində olan bu ərazinin adını erməni daşnakları dəyişərək «Vardenis» adlandırmışlar.

Ali baş komandan — müharibə zamanı, bəzən isə dinc şəraitdə ən yüksək hərbi vəzifə. İlk dəfə 1914-cü ildə Rusiyada təsis edilmişdir. Bir sıra ölkədə konstitusiyaya uyğun olaraq Ali baş komandan prezident (ABŞ, Fransa, Azərbaycan), kansler (AFR) və b. icra edir.

Alkald — Latın Amerikasındakı müstəmləkələrdə şəhər şurasının sədri.

Alternativ (latınca) — «ikisindən biri», iki imkandan birini seçmək zərurəti.

Amfiteatr — 1) Qədim Romada qladiator döyüşləri üçün tikilən müasir sirklərə oxşar tikililər; 2) müasir teatrın tamaşa zalında parterdən müəyyən hündürlükdə yerləşən və pillə-pillə qalxan oturacaq yerləri.

Amfora (yunanca) — Attikada zeytun yağı və şərab saxlamaq üçün istifadə olunan ikiqulplu dar boğazlı qab.

Amil — ərəblər dövründə mülki işlərə baxan şəxs.

Amildar — Moğol imperatorluğu dövründə hərbi xidmət müqabilində şərti torpaq sahibliyinə malik olan sərkərdə.

Anadolu — hərfi mənası şərq. Kiçik Asiyanın qədim adı. Hazırda Türkiyənin Asiya hissəsi Anadolu adlanır.

Anayasa (türkcə) — əsas qanun, konstitusiya deməkdir. Türkiyə Cümhuriyyətinin konstitusiyası belə adlanır.

Antanta (fransızca) — razılıq, saziş deməkdir. İngiltərə, Fransa və Rusiyanın yaratdıqları blok ("Üçlər sazişi"). Bu blok "Üçlər ittifaqına" (bax: Üçlər ittifaqı) qarşı yaradılmışdı. Birinci Dünya müharibəsi "Üçlər ittifaqı" ilə «Antanta» bloku və onun müttəfiqləri arasında baş vermişdir.

Antik (latınca) — «qədim» deməkdir.

Antik mədəniyyət — qədim yunanların və romalıların mədəniyyəti.

Antisemitizm — Almaniya nasistlərinin yəhudilərə qarşı tətbiq etdikləri milli və dini ayrı-seçkiliyin ifrat forması.

Antropologiya — insan haqqında elm. «Antropos» — insan, «loqos» öyrənirəm — sözündəndir.

Anşlaq (almanca) — afişa, elan. Teatr, kino, sirk tamaşalarına, konsertə və s. biletlərin satılıb qurtardığını bildirən elan.

Anşlyüs (almanca) — almanlar yaşayan ərazilərin dinc yolla Almaniyaya birləşdirilməsi siyasəti.

Anubis — qədim Misirdə ölüm allahı.

Aparteid (ayrı yaşamaq) CAR (Cənubi Afrika Respublikası) hakim dairələrinin yerli Afrika əhalisinə, «rənglilərə» və Asiyadan köçüb gələnlərə qarşı apardıqları sərt irqi ayrı-seçkilik siyasəti.

Apolloı — qədim yunan və Roma dinlərində işıq və incəsənət allahı.

Arabesk — kəsişən xətlərdən yaranmış mürəkkəb və yaraşıqlı naxışlar. İslam memarlığında geniş istifadə olunmuşdur.

Arbalet — qundaqlı yay, ox. Orta əsrlərdə istifadə edilmişdir.

Arena — Amfiteatrın mərkəzində qum tökülmüş meydança.

Ares — qədim yunanlarda müharibə allahı.

Arxeologiya (yunanca) — insanların həyatını maddi mənbələr əsasında öyrənən elm, «arxaos» — qədim, «loqos» — elm deməkdir.

Arxeoloq — arxeologiya ilə məşğul olan, qazıntı işləri aparıb maddi mənbəni öyrənən alim.

Arxont (yunanca) — Afinanı idarə etmək üçün ağsaqqallar şurası tərəfindən seçilmiş vəzifəli şəxs.

Aristokrat (yunanca) — qədim Attikada adlı-sanlı adam.

Aristokratiya (yunanca) — «yaxşıların hakimiyyəti» deməkdir. Qədim zamanlarda adlı-sanlı yunanlar öz idarə üsullarını bu cür adlandırırdılar.

Armada (ispanca) — böyük donanma deməkdir. İspanlar öz donanmalarını belə adlandırırdılar.

Arşın (türkcə) — metrik ölçü sistemi qəbul olunanadək Rusiya, Əfqanıstan, İran, Türkiyə, Bolqarıstan və s. ölkələrdə işlədilən uzunluq ölçüsü. Azərbaycanda təxminən 75 sm götürülürdü.

«Aslanlar yuvası» və «qan şəhəri» — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar.

Atanarix sədləri — indiki Moldova ərazisində hunların hücumlarının qarşısını almaq üçün tikilən sədlər.

Ateizm (yunanca) — inkar şəkilçisi, teos-allah, hərfi mənası allahsızlıq. Hər cür dini və dini təsəvvürləri inkar edən baxışlar sistemi.

Atlantida — rəvayətə görə Atlantik okeanında Cəbəlüttariq boğazından qərbdə atlantlar tayfasının yaşadığı böyük ada. Güman edilir ki, Atlantidanın torpaqları məhsuldar, əhalisi qüdrətli və mədəni olmuşdur. Atlantida güclü zəlzələ nəticəsində okean sulan altında qalmışdır. Atlantidanın həqiqətən mövcud olub- olmaması məsələsi indiyədək həll edilməmişdir.

Atlas (coğrafi) — müəyyən sistemdə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafiya xəritələri məcmusu. Müasir atlasların banisi II əsrdə yaşamış qədim yunan alimi Klavdi Ptolomey hesab edilir.

Atlaz (ərəbcə) — hamar deməkdir. Hamar, parlaq səthli, sıx toxunmuş ipək və ya yarımipək parça.

Aul — Qazax köçərilərinin birliyi.

Autodafe — İspaniyada bidətçilikdə təqsirləndirilənlərin tonqalda yandırılması.

Avanqard (fransızca) — qabaqda, mühafizə, öndə gedən, qabaqcıl.

Avans — iş görülməzdən, əmlak verilməzdən, xidmət göstərilməzdən qabaq verilən ödəmə. Behdən fərqli olaraq müqavilə yerinə yetirilmədikdə alınan avans qaytarılmalıdır.

Avarlar — Dağıstanda və Azərbaycanın Zaqatala və Balakən rayonlarında yaşayan türk soylu xalq.

Aventin — Qədim Roma şəhərinin salındığı 7 təpədən biri. Patrisilərlə mübarizə zamanı plebeylərin sığınacaq yeri.

Aventin bloku — İtaliyada Mussolininin faşist diktaturasına qarşı müxalifətdə olmuş parlament bloku.

«Avesta» — Zərdüştlüyün müqəddəs kitablar külliyyatı.

Avgi tövlələri — qədim yunan mifologiyasına görə Herakl Elida padşahı Avginin çox çirkli və nəhəng tövlələrini çayların suyunu tövlədən axıtmaqla bir gündə təmizləmişdir. Sonralar bu ifadə həddən artıq bərbadlıq, səliqəsizlik rəmzinə çevrilmişdir.

Aviasiya (latınca) — «quş» deməkdir. Havadan ağır aparatlarla yerətrafı hava fəzasında uçuş.

Avisenna (Avetisina) — görkəmli türk alimi İbn Sinanın latınlaşdırılmış adı.

Avrora Qədim Roma mifologiyasına görə dan şəfəqi ilahəsi.

Avtorgiya — (özünə firavanlıq yaratmaq) təcavüzkar və işğalçı müharibələrə hazırlaşan dövlətlərin öz ölkələrini dünya bazarından asılı olmayacaq bir hala gətirmək üçün yeritdikləri iqtisadi siyasət.

Avtoqraf — 1) imza, xatirə qeydi; 2) əsərin müəllif əlyazması.

Avtoritarizm (latınca) — hakimiyyət, nüfuz, siyasi hökmdarlığın antidemokratik sistemi.

Avtoritar (latınca) — kor-koranə şəkildə tabeçiliyə əsaslanan tam hakimiyyət.

Avtoritet — nüfuz.

Azadlar — Sasanilər imperiyasında və Qafqaz Albaniyası dövlətində xırda və orta mülkədarlar təbəqəsi.

Aznaur — Gürcüstanda iri feodallar.

Azıxantrop — «Azıx adamı» mənasını verir. Azıx mağarasının ən qədim sakinini elmdə belə adlandırmışlar.

B

Babil — Bab-ili «Allahın qapısı». İkiçayarasında salınmış Babil şəhəri.

Bac — sənətkar və tacirlərin ödədiyi vergi.

Bağbaşı — məhsulun onda birinə bərabər olan vergi növü. Bağ məhsullarından alınırdı.

Balaxan küçəsi — Bakı şəhərində indiki Füzuli küçəsi.

Ballada (fransızca) — «rəqs edirəm» sözündəndir. Ədəbiyyatda lirik əhvali-ruhiyyə ifadə edən epik şer forması.

Bank (italyanca) — «banka» sözündəndir, bu da «skamya», «idarə stolu» deməkdir. Orta əsrlərdə Qərbi Avropa şəhərlərində sərrafların oturduğu skamya belə adlanırdı.

Barbarlar (yunanca) — «barbaros» sözündən olub "əcnəbi", anlaşılmaz dildə danışan deməkdir. Romalılar və yunanlar Avropanın alman tayfalarını belə adlandırmışdılar. Sonralar kobud, vəhşi mənasında işlədilmişdir.

Barbarossa — bu ad Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyasının SSRİ-yə qarşı qısamüddətli hərbi əməliyyat planı idi.

Barıtma — qazaxlarda batırın şücaət göstəricisi, düşmən tayfanın malını sürüb aparmaq hüququ.

Barokko — «təmtəraqlı» deməkdir. XVII-XVIH əsrlərdə Avropada memarlıq üslubu.

Baron Avropada feodal titulu, hersoq və qrafların vassalı

Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.

Baş ştatlar — XVI-XVIII əsrlərdə Fransada silki nümayəndəliyin ali orqanı.

Başlıq — bir sıra türk xalqlarında gəlin üçün evlənən ailədən alınan məbləğ.

Batır — qazaxlarda igid və şücaətli adamlara verilən ad.

Bayat qapısı — oğuzlar Dərbənd səddindəki qapılardan birini bayat tayfasının şərəfinə «Bayat qapısı» adlandırmışdılar.

Bayrat torpaqlar — Hülakülərin dövründə istifadəsiz qalmış boş torpaqlar.

Bazarın bağlanması — İranda, o cümlədən, Cənubi Azərbaycanda tətilə, yaxud inqilaba çağırış.

Bədəvi (ərəbcə) — səhra adamı deməkdir. Ərəbistandakı səhralarda köçəri həyat keçirən adam.

Bəhrə — Yaxın Şərq ölkələrində, o cümlədən, Azərbaycanda torpaq və sudan istifadəyə görə kəndlilərdən məhsulla alınan vergi.

Bəngüdaşlar — göytürklərin öz xaqanlarının şərəfinə qoyduqları üzərində yazılar olan daş sütunlar.

Bəril (ərəbcə) — ərəb xilafətinin müxtəlif əraziləri ilə paytaxt arasında əlaqə yaratmaq məqsədilə yaradılmış rabitə mərkəzi.

Bərzəx (ərəbcə) — əsasən, iki geniş sahəni birləşdirən ensiz quru zolağı.

Bəstə oturma — İranda, o cümlədən, Cənubi Azərbaycanda geniş yayılmış etiraz forması. Etiraz edən qüvvələr toxunulmaz hesab edilən yerlərdə (nüfuzlu ruhanilərin evlərində, müqəddəs yerlərdə və xarici ölkələrin səfirliklərində) toplaşaraq öz etirazlarını bildirirdilər.

Beşyüzlər şurası — Püşkatma yolu ilə 30 yaşına çatmış Afina vətəndaşlarından seçilmiş icra hakimiyyəti (Qədim Yunanıstanda).

Bidətçi (ərəbcə) — «yenilik gətirmək». Küfr deməkdir. Bütün dinlərdə olduğu kimi xristian dinində də əsas dini ehkamları qəbul etməyən «yeni təlim tərəfdarları»na verilən ad.

Bill (ingiliscə) — qanun deməkdir. Parlament üzvünün irəli sürdüyü qanun layihəsi. Parlament tərəfindən qəbul edildikdən və dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra qanun qüvvəsi almış olur.

Bisti (farsca) — «iyirmi» sözündəndir. Səfəvi şahı I Təhmasibin dövründə buraxılmış 20 dinara bərabər xırda gümüş sikkə. XVII əsrin axırlarınadək dövriyyədə olmuşdur.

Biy — qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun başçısı.

Biyar (farsca) — müftə, muzdsuz deməkdir. Kəndlilərin feodal təsərrüfatında əvəzi ödənilmədən məcburi gördüyü bütün işlər.

Blokada (ingiliscə) — mühasirə, təcrid. 1) ərazi, şəhər, qala və s.-nin xarici aləmlə əlaqəsini kəsmək məqsədilə mühasirəyə alınması; 2) hər hansı dövlətə təzyiq göstərmək üçün onun siyasi və ya iqtisadi cəhətdən təcrid olunmasına yönəldilmiş tədbirlər sistemi.

Boqdıxan — Mancur imperatorlarına verilən titul.

“Boniç sistemi” — Bu sistemə, əsasən, İranda hər bir kəndli təsərrüfatı orduya bir əsgər verməli və onu təmin etməli idi.

Borc daşı — Afinada kəndlilər aristokratlardan borc taxıl alanda kəndlinin sahəsində qoyulan daş. Bu daşın üzərində kəndlinin kimdən, nə qədər borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılırdı. Kəndli borcunu vaxtında qaytara bilmədikdə, ailəsi və özü qula çevrilirdi.

Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan.

Boykot (ingiliscə) — bu tədbiri ilk dəfə 1880-ci ildə İrlandiya icarədarları onlarla sərt rəftar edən malikanə müdiri Boykota qarşı tətbiq etmişlər. «Boykot» termini də onun adından götürülmüşdür. Beynəlxalq hüquqda boykot bir dövlətin başqa dövlətlə və ya bir qrup dövlətlə ticarət, maliyyə əlaqələri yaratmaqdan və ya saxlamaqdan imtina etməsidir. Boykot iqtisadi və siyasi mübarizə üsuludur.

Brahma — Hinduizm tərəfdarlarının sitayiş etdiyi allahlardan biri.

Brahmanlar — Hind kahinləri. Onlar Hindistanda yüksək kasta (bax: kasta) qrupunu təşkil edirdilər.

Budda — «həqiqətlə işıqlanmış», nurlu" deməkdir. Buddizm dinində ən müqəddəs varlıq.

Buddizmdünyada ən geniş yayılmış dinlərdən biri. E.ə. VI-V əsrlərdə Hindistanda yaranmışdır. Banisi Budda adı ilə məşhur olan Siddhartha Qautama hesab edilir.

Bulqar (türkcə) — «qarışmaq» mənasındadır. Oğuz türk toplusuna daxil olan onoquzlar, sarıqurlar, utriqurlar, kutriqurların Hun türkləri ilə qaynayıb- qarışmasından törəmişdir.

Bulqar-türk dövləti — VII əsrdə Cənub-Şərqi Avropa ərazisində yaranmış müstəqil dövlət.

Buzovlar ölkəsi” (yunanca) — İtaliya sözünün hərfi mənası. Bu adı burada çoxlu mal-qaranın və otlaqların olmasını görüb heyrətə gələn yunanlar vermişdilər.

Büdcə defisiti — dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması.

Bürokratiya — süründürməçilik, rəsmiyyətçilik.

C

Camaat (ərəbcə) — ayrıca bir icma, bəzən isə müəyyən sosial-siyasi vahid mənasında icmalar ittifaqı.

Canlı ölülər — Qədim Misirdə qulları bu cür adlandırırdılar.

Cecim — ipəkdən toxunulan və ya xovsuz xalça növü. Cecim geyimlər, döşəküzü, pərdə, örtük, çanta tikmək üçün, eləcə də döşənəcək və divar xalçaları kimi istifadə edilmişdir.

Cermux — Qarabağ xanlığında Çiləbörd mahalının qısaldılmış adı.

Cəbbəxana — silah, döyüş sursatı, hərbi texnika və s. hazırlanan və saxlanan yer.

Cəngavər şərəfi — Qərbi Avropada cəngavərlər üçün işlənib hazırlanmış xüsusi qaydalar. Bu qaydalara görə cəngavər xristian dininin düşmənlərinə qarşı mübarizə aparmalı, zəifləri müdafiə etməli idi.

Cəngavər — Qərbi Avropada xırda feodal.

Cəngəl (farsca) — «meşə» deməkdir.

Cəngəlilər — 1914-1922-ci illərdə İranın Gilan və Mazandaran bölgələrində baş vermiş partizan hərəkatının iştirakçıları.

Cəng arabaları — Qədim Misirdə və Ön Asiya ölkələrində bir cüt at qoşulmuş sürətlə hərəkət edən döyüş arabaları.

Cəzirət-əl-ərəb — "Əl cəzirə", Asiya, Afrika və Aralıq dənizinin qovuşduğu ərazini ərəblər belə adlandırmışlar.

Cihad — İslam dininə əsasən, vətənin istiqlaliyyətini qorumaq üçün aparılan müqəddəs müharibə.

Cizyə — Xilafət dövründə islam dinini qəbul etməyən əhalinin ödədiyi can vergisi.

Cüftbaşı — cüftpulu. Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən, Azərbaycanda vergi. Mövsüm ərzində bir cüt öküzlə şumlanmış əkin sahəsinin məhsuluna görə alınırdı. II Şah Abbasın fərmanı ilə soyurqal torpaqlarından alınırdı.

Ç

Çartizm (ingiliscə) — "çarter" sözündəndir, fərman, xartiya deməkdir. İngiltərədə siyasi hüquqlar uğrunda hərəkata verilən ad.

Çarvaklar — bu anlayış iki hind sözündən "Çar" (dörd) və «vaka»dan (söz) əmələ gəlmiş və «dörd söz» deməkdir. Bu sözün mənası belə izah olunur ki, dünya dörd ünsürdən — torpaqdan, sudan, havadan və oddan ibarətdir.

Çati — Misirdə fironun ən yaxın köməkçisi, ali məmur.

Çervon — Rusiyada qızıl pul vahidi, 3,14 manata bərabər idi.

Çəkil plantasiyaları — İpəkqurdunu yemləmək məqsədilə salınmış tut bağları.

Çətvər — Bir çətvər 9-10 puda bərabər idi (Bax: pud). təxminən 150-160 kq təşkil edir.

Çiçi — xalça kompozisiyası, Qubanın Çiçi kəndinin adı ilə bağlıdır. Bu xalça Londonda Albert muzeyində saxlanılır.

Çin — rütbə, vəzifə.

Çjurçjen tayfaları — Çindən şimal-şərqdə yaşamış döyüşkən tayfalar.

Çobanbəyi, çöl pulu — XVIII əsrdə örüşdə heyvanların otarılmasına görə köçərilərdən alınan vergi.

D

Dabbaqlıq — gön-dəri emalı, yəni aşılanması ilə məşğul olan sənət sahəsi.

Damba — Misirdə doğranmış qamış qatılmış gildən düzəldilən bənd.

Danışan alət — Romada qullara verilmiş ad.

Darğa — Atabəylər dövlətində vergi və rüsumları toplayan şəxs.

Darik Əhəməni padşahı I Daranın dövründə kəsilmiş qızıl pul vahidi.

Darüssəltənə (farsca) — səltənət evi. İran vəliəhdlərinin rəsmi yaşayış yeri.

Dastakert — Sasanilərdə əsas feodal torpaq mülkiyyət forması.

Daxmalı qullar — Qədim Romada qulların öz əməklərinə marağını artırmaq üçün bəzi quldarlar onlara kiçik torpaq sahələri becərməyə, əmək alətlərinə malik olmağa, daxma tikməyə və ailə qurmağa icazə verirdilər. Onları daxmalı qullar adlandırırdılar.

De-fakto (latınca) — əslində, faktiki olaraq. Beynəlxalq hüquqda dövləti və yaxud hökuməti tanıma formalarından biri. Rəsmi, lakin tam olmayan tanıma deməkdir.

Dekadent (fransızca) — tənəzzül, pozulma deməkdir.

Dekorasiya — (latınca) bəzək deməkdir.

Demetra — qədim yunanlarda münbitlik allahı. Baharda təbiətin canlanmasını, payızda bitkilərin solmasını onunla bağlayırdılar.

Demidov mükafatı — Rusiyada ən yaxşı bədii əsərlərə verilən mükafat.

Demoqrafiya (yunanca) — demos — xalq, qrafiya — elm sözlərindəndir. Əhalinin yerləşməsini, yerini dəyişməsini, sosial-iqtisadi vəziyyətini tədqiq edən elm sahəsi.

Demos — Qədim Yunanıstanda nəsli zadəganlardan fərqli olaraq, Attikanın qalan azad əhalisi (sənətkarlar, günəmuzdçular, dənizçilər, kəndlilər) belə adlanırdı.

Denonsasiya — dövlətin bağladığı beynəlxalq müqavilədən qanuniləşdirilmiş qaydada imtina etməsi.

Departament (fransızca) — 1) Fransada əsas inzibati-ərazi vahidi; 2) bir sıra dövlətlərdə idarə və nazirliklərin adı.

Deportasiya — azlıqda qalan əhalinin zorla, kütləvi surətdə dövlət səviyyəsində öz doğma yurdlarından köçürülməsi.

Despotizm — istibdad, zülmkarlıq, qəddarlıq.

Desyatin — torpaq ölçü vahidi. 1,036 hektara bərabərdir.

Devalvasiya — pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi.

Deviz — gerbin mənasını aydınlaşdıran söz, ifadə və ya yığcam cümlə.

De-yure — beynəlxalq hüquqda dövləti və yaxud hökuməti tam, rəsmi tanıma.

Dəniz şiri” — İkinci Dünya müharibəsində nasist Almaniyasının Böyük Britaniyaya qarşı hərbi əməliyyat planının adı.

Dəniz xalqları — qədim misirlilər strukturları, ligiləri və axeyləri belə adlandırmışdılar.

Dəhyek — (farsca) onda bir. Orta əsrlərdə Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda natura şəklində alınan vergi.

Dəmyə əkinçiliyi — dağlıq və dağətəyi ərazilərdə yalnız yağış suyu ilə suvarılan əkinçilik növü.

Dərviş — gəzərgi həyat sürən müsəlman rahibi.

Dərviş ordeni — dərvişlərin ittifaqı və qardaşlığı. Onların öz nizamnamələri, ruhani başçıları, xanəgahları vardı. Dərviş ordeninin üzvləri zahidlərə və müqəddəs hamilərə sitayiş edirdilər.

Dəyirmibaşlar — İngiltərə burjua inqilabı dövründə parlamentin tərəfdarlarına verilən ad. Onlar saçlarını dəyirmi vurdurur və gur saç saxlayırdılar.

Dəzgahbaşı — Azərbaycanda sənətkarlardan toplanan vergi. Xalça, kilim və s. toxuyan sənətkarlardan dəzgahlarının sayına görə ildə bir dəfə alınırdı.

Didebuli (gürcücə) — iri feodallara verilən ad.

Digger (ingiliscə) — yerqazan deməkdir. İngiltərə burjua inqilabı dövründə siyasi cərəyan. Diggerlər öz tələblərində levellərdən daha irəli getdikləri üçün özlərini «həqiqi bərabərçilər» adlandırırdılar.

Diktatura (latınca) — Qeyri-məhdud hakimiyyət. Hakim qrupun siyasi hakimiyyətini təmin etmək forması.

Dinar (ərəbcə) — ərəb dinarı keçmişdə müsəlman Şərqində ən çox yayılmış qızıl sikkə idi, ilk dəfə VII əsrdə tərkibində təqribən 2,4 q qızıl olmaqla kəsilmişdi. Dinar indi də bir çox ölkələrdə fərqli qızıl tərkibi ilə pul vahidi kimi işlənir. Məsələn: İordaniya, İraq, Tunis, Küveyt və s.

Dionis — qədim yunanlarda şərabçılıq allahı. Yunanların etiqadına görə insanlara üzüm yetişdirməyi və şərab hazırlamağı öyrətmişdir. Onun şərəfinə yaz fəslində üzümlüklərdə iş başlananda və dekabrda — təzə şərab hazır olanda bayramlar təşkil edirdilər.

Disput (latınca) — bilik yarışı. Yəni qabaqcadan irəli sürülmüş suallar barədə mübahisələr.

Divan — Bir çox Şərq, o cümlədən, Azərbaycan hökmdarlarının hökmdarın yanında məsləhət şurasına bənzər fəaliyyət göstərən qurum.

Doab — Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayəti.

Dominion (ingiliscə) — özünüidarə hüququ alan ölkə.

Dorilər — e.ə. II minilliyin sonlarında Yunanıstanın şimalından gələn yunan tayfaları.

Dorik sütunlar — Qədim yunan memarlarının ucaltdıqları ictimai binaların tikintisində istifadə olunan sütunlar. Bu sütunlar sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla tamamlanan sütunlar idi.

Dövlət arbitrajı — indiki halda həmkarlar ittifaqları və sahibkarlar arasında mübahisəli məsələlərin buna vəkil edilmiş şəxs, hökumət nümayəndəsi tərəfindən həll edilməsi.

Dövlət borcu — hökumətin bankirlərdən, xüsusi adamlardan, yaxud xarici kreditorlardan aldığı istiqrazlar üzrə ödənilməmiş ümumi dövlət borcu məbləği.

Dövlət şurası — Rusiya imperatoru I Aleksandrın dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi islahatlara əsasən yaradılmış ali idarəetmə orqanı.

Draqun (fransızca) — "əjdaha" deməkdir. İlk vaxtlar onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulan qoşun. XVIII-XX əsrlərdə əksər Avropa ölkələrində qoşunun 1/3-ni təşkil edirdi.

Drakon qanunları — «qanla yazılmış qanunlar» da adlanır. E.ə. VII əsrdə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmış sərt qanunlar.

Dukat (italyanca) — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir.

Duçe (italyanca) — «rəhbər» deməkdir. İtalyan faşistləri öz liderləri Mussolinini belə adlandırmışdılar.

Dulusçuluq — gildən saxsı qablar hazırlanan sənət sahəsi.

E

Edelveys — çoxillik çiçək növü.

«Evelveys» planı — Nasist Almaniyasının Qafqaza hücum planı. Bu plana görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.

Ehkamçılıq — yeniliyi nəzərə almayan, dəyişməz, donuq müddəalardan istifadə edən təfəkkür metodu.

Ehram — düzgün piramida şəkilli monumental qurğu; əsasən, qədim dünya memarlığı üçün səciyyəvi olmuşdur. Hökmdarların əzəmətini təcəssüm etdirmək üçün tikilən Qədim Misir fironlarının sərdabələri nəzərdə tutulur.

Eksterritoriallıq — toxunulmazlıq hüququ, beynəlxalq hüquqda dövlətin xarici ölkə başçılarına, diplomatik nümayəndələrə və digər vəzifəli şəxslərə verdiyi imtiyazların məcmusu.

Ekstremizm — əsasən, siyasətdə ifrat görüşlərə və tədbirlərə olan meyl.

Elat — 1) tayfa, tayfa ittifaqı və ya etnik birlik; 2) elat geniş mənada «rəiyyətdən (bax: rəiyyət), yəni oturaq əkinçi əhalidən fərqli olaraq köçəri maldarları bildirir. Elxan — Elxanilər dövləti hökmdarlarının titulu.

Elxanilər imperatorluğu — (1256-1357) Yaxın və Orta Şərqdə mövcud olmuş türk- monqol imperatorluğu. Əsası Böyük Monqol xaqanı Çingizin nəvəsi Hülakü xan (1256-1265) tərəfindən qoyulduğundan, çox vaxt Hülakülər imperatorluğu da adlanır.

Ellada — qədim yunanların öz vətənlərinə verdikləri ad.

Ellinizm — Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin hərbi səfərlərindən tutmuş həmin ölkələrin Roma tərəfindən işğallarına qədər olan dövrü əhatə edir. „Ellinizm“ termini tarixşünaslığa alman tarixçisi Droyzen tərəfindən gətirilmişdir.

Ellinlər — yunanların özlərinə verdikləri ad. Hələ qədimdən Şərqi Aralıq dənizyanı ərazilərdə yaşayan və yunan dilində danışan əhali belə adlanırdı.

Emissiya (latınca) — tədavülə pul və ya qiymətli kağızların buraxılması.

Eneolit — Mis-daş dövrü. Neolitdən tunc dövrünə keçid mərhələsi. Mis ilk əldə edilən metal idi. Lakin bu metal yumşaq keyfiyyətli və kövrək olduğundan tez xarab olur, ona görə də insanlar mis alətlərlə bərabər daş alətlərdən geniş istifadə edirdilər.

Ensiklopediya (latınca) — biliklər, bacarıqlar dairəsinin öyrənilməsi. Ensiklopediya müxtəlif fənlərə dair məqalələr lüğəti, bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr deməkdir.

Eskimoslar — Qrenlandiyada, Kanadanın şimal ucqarlarında, Alyaskada, Rusiyada (Çukot yarımadasının şərqində) yaşayan xalq.

Eşafot (fransızca) — taxta meydança deməkdir. Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança.

Etatizm (fransızca) — —dövlət” deməkdir. Dövlətin iqtisadi, sosial, mədəni sahələrdə rolunun artırılması mənasında işlədilir.

Etnoqrafiya (latınca) müxtəlif xalqların həyatını öyrənən elm.

Etrusklar — e.ə. I minillikdə Appenin yarımadasının şimal-qərbində yaşamış tayfa. Etrusklar romalılardan əvvəl inkişaf etmiş mədəniyyət yaratmışdılar.

Ə

Əbu-Bəkr — ilk ərəb xəlifəsi. Dörd „Raşidi xəlifə“dən biri (632-634). Məkkə taciri idi, İslam dinini ilk qəbul edənlərdən və Məhəmmədin ən yaxın silahdaşlarından olmuşdur. Məhəmməd onun qızı ilə evləndikdən sonra Əbu-Bəkrin nüfuzu daha da artmışdı.

Ədliyyə (ərəbcə) — ədalət, qanunçuluq, bütün məhkəmə və hüquq idarələri sistemi və onların fəaliyyətinin məcmusu.

Əfşarlar — türksoylu tayfa. Qızılbaş tayfa birliyinin tərkibində Səfəvi imperatorluğu yaranmasında iştirak etmişlər. Səfəvi imperatorluğunun varlığına son qoymuş Nadir şah Əfşarlardan idi.

Əxbar — Azərbaycanda ilk həftəlik rayon qəzeti (Quba rayonunda).

Əxilik — orta əsrlərdə Azərbaycanda və Yaxın Şərqdə yayılmış mütərəqqi ictimai- siyasi təşkilat. Əxilərə əməksevərlik, səxavət, qonaqpərvərlik, humanizm, ədalət kimi keyfiyyətlər xas idi.

»Əkinçi" — Azərbaycanda ilk milli qəzet. 1875-1877-ci illərdə Bakıda nəşr edilmişdir. Cəmi 56 nömrəsi buraxılmışdır. Redaktoru H.B.Zərdabi olmuşdur.

Əmək məhsuldarlığı — müəyyən zaman müddətində insanın görmüş olduğu işin həcmi.

Əmir-əl-üməra (ərəbcə) — əmirlər əmiri. Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən, ölkəmizdə mövcud olmuş ən yüksək hərbi vəzifə, baş komandan.

Əmlak senzi — seçki hüquqlarını almaq üçün müəyyən edilmiş gəlirin və ya əmlakın məbləği

Əmtə — satış üçün, bazar üçün istehsal olunan mal.

Əncümən (farsca) — şura deməkdir. 1905-1911-ci illər İran inqilabı dövründə Cənubi Azərbaycanın şəhər və əyalətlərində yaranmış demokratik hakimiyyət orqanı.

Əndəlus — İspaniyanın cənubunda tarixi vilayət. Ərəblər bütün müsəlman İspaniyasını belə adlandırırdılar.

Əsnaf (ərəbcə) — təbəqə. Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, həmçinin Azərbaycanda sənətkarların birləşdikləri sex təşkilatı; təşkilatın üzvləri də əsnaf adlanırdı. Əsnafa ağsaqqal və ya ustabaşı başçılıq edirdi.

Əvariz (ərəbcə) — təsadüfi hadisə deməkdir. Orta əsrlərdə Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində daimi olmayan, fövqəladə vergi. Natura və ya mükəlləfiyyət şəklində ödənilirdi.

Ərzaq sapalağı — bolşevik Rusiyasının ilk dövrlərində tətbiq edilmiş zorakı ərzaq toplanması. Kəndli öz yeməyi və toxumdan başqa qalan taxılı məcburi şəkildə dövlətə satmalı idi.

F

Falanqa (yunanca) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8-16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi.

Faşizm (italyanca) — dəstə, birlik. Mürtəce siyasi-ideoloji cərəyan. Qədim Roma imperiyasında yüksək rütbəli şəxslərin daşıdıqları baltalar «fasçi» adlanırdı. Bu baltalar hakimiyyətin və dövlətlə xalqın sıx birliyinin rəmzi hesab edilirdi. İlk faşist dəstələri 1919-cu ildə İtaliyada keçmiş cəbhəçilərin millətçi yarımhərbi dəstələri şəklində meydana gəlmişdir. Faşistlər insanların azadlığının düşməni idi. Onlar ölkədə insanların əməyini, yaşayışını, həyatını hərbi qaydada idarə edirdilər. Faşistlər bütün dünyaya ağalıq etmək istəyirdilər.

Federasiya (latınca) — ittifaq, birlik mənasındadır. Müstəqil ərazilərin könüllü olaraq bir dövlətdə birləşməsi.

Fermer — kapitalist kənd təsərrüfatında muzdlu əmək tətbiq edən sahibkar.

Fədai (farsca) — özünü inamı yolunda qurban verən deməkdir. İran inqilabı dövründə (1905-1911) şəhər yoxsullarının, xırda burjuaziyanın, fəhlə kəndlilərin könüllü silahlı dəstələri bu adı daşıyırdı.

Fələstin — Qərbi Asiyada tarixi vilayət.

Fələstindəki müqəddəs yerlər məsələsi — Fələstindəki Vifleym məbədinin açarları Fransa katoliklərində idi. Rusiya açarların pravoslav kilsəsinə verilməsini tələb edirdi.

Fəllah (ərəbcə) — kəndli, əkinçi. Ərəb ölkələrində, o cümlədən, Misirdə əkinçiliklə məşğul olan əhali.

Fəlsəfə (yunanca) — müdrikliyi sevmək. İctimai şüur formalarından biri. İnsanla aləmin qarşılıqlı münasibəti, təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi qanunauyğunluqları haqqında elm.

Fərsəx — qədim uzunluq ölçü vahidi, atın bir saatda gedə bildiyi məsafə nəzərdə tutulur, təqribən 6-8 km-ə bərabərdir.

Fəs — 1) Mərakeşdə şəhər; 2) kişi baş geyimi. Osmanlı imperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu (Fəs şəhərində istehsalı geniş yayılmışdı).

Fleyta — nəfəslə çalınan musiqi aləti.

Firon — (böyük ev) Qədim Misir dövlətinin başında duran şəxs, padşah.

Forum — Qədim Roma şəhərində təpələr arasındakı çökəkliyi qurudaraq orada bazar meydanı düzəltmişdilər və buranı forum adlandırmışdılar.

Freska — divarda yaş mala, yəni yaş suvaq üzərində çəkilmiş şəkil.

Funt — çəki vahidi (1 funt 400 qrama bərabərdir).

Fürer (almanca) — «rəhbər» deməkdir. Almaniya nasistləri öz liderləri A.Hitleri belə adlandırmışdılar.

G

Genosid — hər hansı milli, etnik, irqi və dini qrupu tam qırmaq qəsdi ilə edilən hərəkət.

Gerb — 1) bir feodal nəslini başqasından ayıran nişan; 2) dövlətin rəmzlərindən biri.

Gerusiya (yunanca) — Spartada ağsaqqallar şurası.

Gezit — can vergisi. Sasanilərin hakimiyyəti dövründə 20 yaşından 50 yaşına qədər bütün əhali bu vergini ödəyirdi.

Gestapo (almanca) — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi.

Getto — 1) Almaniya nasistlərinin yəhudilərin yaşaması üçün yaratdıqları həbs düşərgəsi; 2) ABŞ-da əvvəllər qaradərili əhalinin yaşaması üçün xüsusi məhəllə.

Gəngərli tayfası — türksoylu tayfa. Naxçıvanda V əsrdə məskunlaşıblar. Bu tayfanın nümayəndələri Naxçıvan xanlığının əsasını qoymuşlar.

Gildiya (almanca) — Qərbi Avropada tacirlərin birliyi.

Giləklər — oğuzların şimal qonşuları.

Gilyotin — başı bədəndən ayıran edam maşını. 1792-ci ildə Fransada həkim J.Gilyotinin təklifi əsasında yaradılmışdı.

Gövhər ağa — Qarabağ xanı İbrahimxəlil xanın qızı (təqr. XIX əsr) İbrahimxəlil xanın 1769-cu ildə Şuşada tikdirdiyi Cümə məscidini 1865/66-cı ildə təmir etdirmişdi. Əmlakını həmin məscidə vəqf etmiş, vəqf gəliri hesabına Şuşada dar üş-şəfa və mədrəsə açdırmışdı.

Göz (ispanca) — «dilənçi» mənasındadır. İspanlar Niderlandın yerli əhalisini həqarətlə belə adlandırırdılar. Niderland partizanları inqilab illərində bu adı fəxrlə daşıyırdılar.

Gürgan (türkcə) — gözəl deməkdir. Əmir Teymur çox vaxt adının sonuna bu sözü əlavə edirdi.

Güclü ailə — Çində iri xüsusi torpaq sahibliyi.

Güləbətin — 1) tel halına salınmış qızılı, gümüşü sap; 2) eyniadlı sap ilə ağır parça üzərində tikiş növü. Geyim və əşyaların bəzədilməsində istifadə olunur.

Gülərgin — oğuz dövlətində yabqunun (bax: yabqu) naibi və ya vəkili, yüksək vəzifəli məmur.

Gümrü — Qərbi Azərbaycanda mövcud olan Azərbaycan şəhəri. Rusiya işğalı və Sovet rejimi dövründə əhalisi soyqırımı və repressiyalara məruz qalaraq erməniləşdirilmişdir.

Günəmuzdçular — torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq alan adamlar.

«Günəş oğlu» — Qədim Misirdə fironu (bax: firon) müqəddəsləşdirib bu cür adlandırırdılar.

H

Hammurapi (e.ə. 1792-1750). Babil hökmdarı. Mərkəzi hakimiyyəti möhkəmləndirmiş, qanunlar vermişdi. Bu qanunlarda xüsusi mülkiyyətin, insanların hüquqlarının möhkəmləndirilməsi və təbiətin qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdi.

Hampa — İş heyvanı, istehsal alətləri və toxumu olan, feodaldan aldığı torpağı özü becərən kəndli.

Hanza (almanca) — ittifaq, yoldaşlıq. XIV-XVII əsrlərdə Lübek şəhəri başda olmaqla Şimali alman şəhərlərinin ticarət və siyasi ittifaqı.

Hefest — qədim yunanlarda dəmirçiliyin himayəçisi olan allah. Qədim yunanlar alov və tüstü püskürən vulkanları onun yeraltı dəmirçixanasının çıxış yolları hesab edirdilər.

Heraldika — ən qədim dövrdən mövcud olmuş möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq.

Hermes — qədim yunanlarda ticarəti himayə edən allah.

Herodot — qədim yunan tarixçisi. «Tarix» adlandırılmış əsəri Yunan-İran müharibələrinə həsr olunmuşdur. Herodotu «tarixin atası» adlandırmışdılar. E.ə. V əsrdə yaşamışdır.

Heroqlif (yunanca) — «Müqəddəs yazılar» deməkdir. Qədim Misir yazı işarələri, habelə bir sıra xalqların yazı (Çin, yapon, mayya və b.) işarələri də heroqlif adlanır.

Həftəbazar — Əmtəə-pul münasibətlərinin zəif inkişaf etdiyi bölgələrdə əhalinin əsas etibarilə həftədə bir dəfə toplaşdığı bazarlar.

Hərbi demokratiya — ibtidai icma quruluşunun son dövründə öz həmtayfalarının hesabına yaşayan yuxarı hərbi dairələrin tayfa işlərinə rəhbərlik etməsi.

Hicrət (ərəbcə) — başqa yerə getmək, köçmək. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi. Xəlifə Ömərin dövründə (634-644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi.

Hicri təqvim — Hicrətdən başlanan müsəlman təqvimi. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş) Hicri-qəməri təqvimin ayları bunlardır: 1. Məhərrəm; 2. Səfər; 3. Rəbiüləvvəl; 4. Rəbiülaxır; 5. Cəmadiyüləvvəl; 6. Cəmadiyülaxır; 7. Rəcəb; 8. Şəban; 9. Ramazan; 10. Şəvval; 11. Zilqədə; 12. Zilhiccə.

Hippokrat — (e.ə.460-e.ə.377) qədim yunan həkimi. Onun təliminə görə həkim xəstəliyə üstün gəlməkdə orqanizmə kömək etməlidir. Hippokratı «Təbabətin atası» adlandırırlar.

«Hippokrat andı» — Həkimin mənəvi davranış normaları və andı

Hollivud — ABŞ-ın Los-Ancelos şəhəri kənarında salınmış kino mərkəzi. «Qraf Monto Kristo» filmi ilk dəfə burada çəkilmişdir.

Homer — qədim yunan şairi. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. XII-VII əsrlər arasındakı dövrdə yaşadığı ehtimal olunur. Onun yaratdığı "İliada" və «Odisseya» poemaları Qədim Yunanıstanın sosial-siyasi, iqtisadi münasibətlərini və mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Homindan (çincə) — «milli partiya» deməkdir. 1912-ci ildə Çində «Birləşmiş ittifaq» ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi.

Homstedlər (ingiliscə) — boş ev, yer deməkdir.

Homstedlər haqqında qanun — ABŞ-da vətəndaş müharibəsi zamanı (1861-1865) 1862-ci ilin mayında verilmiş qanun. Bu qanuna əsasən 21 yaşına çatmış hər bir ABŞ vətəndaşı pulsuz olaraq 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi.

Hoplitlər (yunanca) — Afina ordusunun ağır silahla silahlandırılmış döyüşçüləri.

Humanist (latınca) — insani, insana xas olan deməkdir.

Humanizm — tarixən dəyişən baxışlar sistemi. Humanizm bərabərlik və ədalət prinsiplərini insan münasibətlərinin norması sayır.

Hücrə — məbəd, məscid və s. dini binalarda otaq. Mədrəsədə tədrislə məşğul olmaq üçün hücrələr tikilirdi.

Hüquqi dövlət — vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyi və müdafiə olunduğu dövlət.

X

Xalça — müxtəlif rəng çalarlı naxış elementləri və təsvirlərlə bəzədilən bədii toxuculuq məmulatı. Dəyə, çadır, alaçıq və yaşayış evlərinin divar bəzəklərində, döşəməsində istifadə edilir. Xalça estetik əhəmiyyət kəsb etməklə yanaşı, otağın daxilində istiliyi saxlayır, ətraf mühitin səs-küyünün qarşısını alır.

Xalq — 1) bir ölkənin bütün əhalisi; 2) insan birliyinin tarixi formalarından biri. Etnik inkişaf vaxtından qəbilə və tayfa birliyinin davamı. Xalqı vahid ərazi, dil, din, adət-ənənə və mədəniyyət birləşdirir.

Xalq təsərrüfatı — müəyyən ölkənin tarixən yaranmış istehsal sahələri məcmusu.

Xalq tribunu — Qədim Romada plebeylərdən seçilən vəzifəli şəxs. Xalq tribunu plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunları həyata keçirirdi. Xalq tribununun öldürülməsi Qədim Romada ən ağır cinayət hesab edilirdi.

"Xalqların böyük köçü" — Böyük Hun imperatorluğunun dağıdılmasından sonra hun tayfalarının, alanların, qotların və s. xalqların Mərkəzi və Qərbi Avropaya köç etməsi. «Xalqların böyük köçü» eramızın VI əsrinə qədər davam etmişdir. VI əsrdə slavyanların Bizans imperiyası ərazisində məskunlaşması ilə başa çatmışdır. «Xalqların böyük köçü»ndə türklər böyük rol oynamışlar.

Xaraq — Sasanilər dövründə məhsulun 1/3-dən yarısına qədərini təşkil edən torpaq vergisi.

Xarəzm — «Günəş ölkəsi» deməkdir. Özbəkistanda tarixi vilayət

Xarəzmşahlar dövləti — Eftalitlər dövlətinin süqutundan sonra Mərkəzi Asiyada yaranmış dövlət (VI əsr). Bu dövlətin ərazisi Aral qolunun cənubundan başlayaraq Amudəryanın şimal sahillərinədək geniş bir sahəni əhatə edirdi. Varlığına monqollar son qoymuşlar.

Xartiya (ingiliscə) — bəzən çox mühüm məsələləri özündə əks etdirən sənədləri, eləcə də konstitusiyanı belə adlandırırdılar.

Xartal — Hindistanda Britaniya müstəmləkə əsarətinə qarşı itaətsizlik kampaniyası.

Xədiv — Misirdə canişindən yüksəkdə duran vəzifə.

Xəlfə — mollaxanada nizam-intizamı qorumaq üçün mollanın təyin etdiyi sinif başçısı.

Xəlifə (ərəbcə) — müavin, varis, xələf. Məhəmməd peyğəmbərin ölümündən sonra (632) dövləti idarə edən şəxs belə adlanırdı.

Xəmsə (ərəbcə) — beşlik. Şərq, o cümlədən, Azərbaycan ədəbiyyatında bir müəllifin beş böyük poemasının məcmusu. İlk «Xəmsə»ni Nizami Gəncəvi yaratmışdır. («Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», "İsgəndərnamə").

Xərac (ərəbcə) — orta əsrlərdə İslam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi. «Mal», «malcəhət», «bəhrə» terminlərinin sinonimidir.

Xəttatlıq — aydın və yaraşıqlı yazmaq sənəti.

Xırman — taxılın döyülüb təmizləndiyi yer.

Xilafət — əsasını VII əsrin əvvəlində Məhəmməd peyğəmbərin yaratdığı dövlət təşkil edən feodal ərəb-müsəlman dövlətinin tarix ədəbiyyatında adı.

Xostak — Albaniyada xidmət müqabilində müvəqqəti istifadə üçün verilən torpaq sahibliyi.

Xolokost — Nasist Almaniyasında yəhudilərin tamamilə məhv edilməsinə yönəldilmiş dövlət siyasəti.

Xronologiya (yunanca) — qədim təqvimlərdən istifadə etmək, onları müasir təqvimə çevirib, tarixi hadisələrin ardıcıllığını müəyyənləşdirməklə məşğul olan elm sahəsi.

Xüms — Xilafətdə daşına bilən əmlakdan alınan vergi.

Xürrəmi (qədim pəhləvi dilində) — əbədi od və günəş deməkdir.

Xürrəmilər hərəkatı — Azərbaycanda və bəzi qonşu ölkələrdə Xilafətə qarşı geniş xalq azadlıq hərəkatı (VIII-IX əsrlər). Xürrəmilər cəmiyyətdəki ədalətsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər, onlar maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək istəyirdilər. Xürrəmilərə 816-cı ildən Babək başçılıq etməyə başladı. Babəkə qədər xürrəmilər 778 və 808-ci illərdə üsyan qaldırmışdılar. 808-ci ildə baş vermiş üsyana Cavidan başçılıq edirdi. Xürrəmilər hərəkatı 837-ci ildə yatırıldı və 838-ci ildə Babək edam edildi. Hərəkat məğlub olsa da, onun təsiri nəticəsində Xilafət əsaslı şəkildə sarsıldı, əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi.

İ

İcarə — əmlak kirayəsi. Bir tərəf hər hansı əmlakı müəyyən haqq ödənilməklə digər tərəfə (kirayəçiyə) müvəqqəti istifadə üçün verməyi öhdəsinə götürür.

İctimai əmək bölgüsü — yalnız müəyyən bir peşə ilə məşğul olmaq. Qədim və orta əsrlər dövründə əkinçiliyin maldarlıqdan, sənətkarlığın kənd təsərrüfatından ayrılaraq müstəqil təsərrüfat sahəsinə çevrilməsi mənasında işlədilir.

İdxalat — daxili bazarda satmaq üçün başqa ölkələrdən əmtəə gətirilməsi. İxracatın əksi.

İxracat — 1) əmtəələrin xarici bazarda satılması üçün ölkədən xaricə aparılması. İdxalatın əksi; 2) ümumi və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənən söz (XVII əsrdə Azərbaycanda).

İkona (yunanca) — təsvir, obraz, dini sitayiş obyekti. Pravoslav və katolik dinlərində yayılmışdır. Geniş mənada xristianlıqda müqəddəslərin təsviri. Erkən xristianlıqda ikona ayini yox idi. O, II əsrdə yaranmışdır. İkonlara sitayiş qədim bütpərəstliyin qalığıdır.

İqta (ərəbcə) — «kəsik» deməkdir. Xidmət əvəzində verilən torpaqlar. Yaxın və Orta Şərq ölkələrində hərbi xidmət müqabilində feoadallara verilmiş şərti torpaq mülkiyyəti olan iqta VII əsrin sonlarından XIX əsrin I yarısınadək mövcud olmuşdur.

İlati — elat (bax: elat). Cənubi Azərbaycanda torpaq mülkiyyəti forması. Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə oturaq və yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara verilirdi.

İliada — qədim yunan şairi Homer (bax: Homer) tərəfindən yaradılmış dastan. "İliada" İlion şəhərinin (Kiçik Asiyada) adından əmələ gəlmişdir. Yunanlar Troyanı belə adlandırırdılar. Əsərdə yunanların Troya üzərinə yürüşlərindən bəhs olunur.

İlot (yunanca) — Qədim Spartada qullara verilmiş ad.

İltizam (müqatiə) — icarəyə verilmə. Dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-ayrı şəxslərə verilən vergi toplama hüququ. İltizam sistemi Azərbaycanda XIX əsrin II yarısınadək mövcud olmuşdur.

İmperator (latınca) — hakimiyyətə malik olan deməkdir. Dövlətin başında duran qeyri-məhdud hökmdar.

İmperiya (latınca) — hakimiyyət, dövlət başçısı monarx, imperatoru olan dövlət. Bir qayda olaraq, müstəmləkə torpaqlarına malik olur. Məsələn: Osmanlı imperatorluğu, Britaniya imperiyası, Rusiya imperiyası və s.

İmpressionizm (fransızca) — «təəssürat» deməkdir. XIX əsrin II yarısında Avropa rəssamlığında yaranmış cərəyan. İmpressionistlər dəbdəbəli akademik rəngkarlığa qarşı qətiyyətlə çıxış edirdilər. Onların başlıca novatorluğu yaratdıqları obyektə yanaşmaları idi. Çox vaxt impressionistləri məzmunu formaya qurban verməkdə günahlandırırdılar.

İmtiyaz — hüquqi üstünlük.

İndulgensiya (latınca) — «Cənnət qəbzləri» deməkdir. Orta əsrlərdə Qərbi Avropada günahların bağışlanması haqqında kilsə fərmanı belə adlanırdı.

İnflyasiya — pulun qiymətdən düşməsi. Özünü malların qiymətinin və xidmət haqqının ümumi və qeyri-bərabər artmasında göstərir.

İnhisar (ərəbcə) — məhdudlaşdırma. Fəaliyyətin hər hansı bir sahəsində müstəsna vəziyyət, dövlətin, təşkilatların, firmaların və sairənin müstəsna hüququ.

İnqumasiya — insanın olduğu kimi dəfn olunması. Azərbaycanda Eneolit dövründə geniş yayılmış kremasiya (ölüyandırma) ilə yanaşı inqumasiya da mövcud olmuş və indiyədək davam edir.

İnkvizisiya (latınca) — təhqiqat deməkdir. Kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratmış olduğu kilsə məhkəməsi. Bu məhkəmə XII­XIX əsrlərdə fəaliyyət göstərmişdir. İnkvizisiyanın bir idarə kimi fəaliyyəti papa III İnnokentinin adı ilə bağlıdır.

"İnsanayaqlılar" — Yunanıstanda qullara verilən ad.

İnzibati amirlik — hakimiyyətin vahid bir partiyanın əlində cəmlənməsi və idarə olunması.

İonik sütunlar — qədim yunan memarlarının ucaltdıqları ictimai binaların tikintisində istifadə olunan sütunlar. Bu sütunların yuxarısı qıvrım qoyun buynuzlarına bənzəyirdi.

İrsi hakimiyyət — hakimiyyətin atadan oğula, yaxud yaxın qohuma keçməsi.

İrqlər — müəyyən ərazidə tarixən əmələ gəlmiş, ümumi mənşəyə malik bioloji insan qrupları. İrqlər, əsasən, xarici görünüşə aid irsi əlamətlərin kompleksi ilə fərqlənir. Ən mühüm irqi əlamətlərə — bədəndə tük örtüyünün inkişaf dərəcəsi, dəri, saç və bəbəyin rəngi, başın, üzün və onun hissələrinin (burun, dodaq, göz qapağı və s.) forması aiddir. Antopoloqlar dünya əhalisini xarici görünüşünə görə 3 böyük irqə ayırırlar: 1. avropoid; 2. monqoloid; 3. ekvatorial. Böyük coğrafi kəşflərə qədər avropoid irqinə mənsub olan xalqlar Avropada, Şimali Afrikada, Yaxın və Orta Şərqdə və Hindistanda yaşayırdılar. İndi isə onlar bütün Yer kürəsinə yayılmışlar. Monqoloid irqinə mənsub olanlar isə əsasən, Şərqi və Cənub- Şərqi Asiyada yaşayır. Amerikanın yerli əhalisi olan hindular da monqoloid irqinə aiddir. Ekvatorial irqə aid olan insanların böyük hissəsi Afrikada yaşayır. Bəzi alimlər dördüncü — avstraloid irqi də ayırırlar. Avstraliya və Okeaniyanın yerli əhalisi, Cənub-Şərqi Asiyada məskunlaşanların bir qismi bu irqə aid edilirlər.

İrqçilik — irqlərin və xalqların bərabərsizliyi haqqında müddəalara əsaslanan elmə zidd konsepsiyaların məcmusu.

İrriqasiya (latınca) — suvarma. İrriqasiya dedikdə, əsasən, süni suvarma başa düşülür.

İstehsal təsərrüfatı — insanların təbiətin yaratdığını təkrar istehsal etməsi.

İşləyib ödəmə — mülkədarların kəndlilərin aztorpaqlı olmasından istifadə edərək torpağın bir hissəsini onlara icarəyə verməsi və əvəzində kəndlinin öz avadanlığı ilə ağa torpaqlarında işləməsi.

J

«Jakeriya» («Jaklar» üsyanı) — 1358-ci ildə Fransanın şimal-şərqində baş vermiş kəndli üsyanı. Fransada zadəganlar kəndliləri həqarətlə «Jak» adlandırırdılar. Ona görə də bu üsyan «Jaklar» üsyanı adlanırdı. Üsyana Gilyom Kal başçılıq edirdi. Üsyan məğlub olsa da, qorxuya düşən feodallar mükəlləfiyyətləri artırmağa cürət etmədilər və kəndlilərin şəxsi asılılıqdan azad edilməsi sürətləndirildi.

Jırau (qazaxca) — peşəkar nəğmə oxuyan.

Jonqlyorlar — feodalizm dövründə Qərbi Avropada feodal qəsrlərində, kəndlərdə, karvansaralarda çıxış edən gəzərgi, köçəri həyat sürən artistlər.

Juz (qazaxca) — hissə, tərəf deməkdir. Qazax xanlığına daxil olan tayfa birliklərinin ərazisi.

K

Kalita (rusca) — pul kisəsi. Olduqca xəsis və dövlətli rus knyazı II İvana verilən ləqəb.

Kalqa — Həştərxan xanlığında silahlı qüvvələrin baş komandanı.

“Kanossaya getmək” — XI əsrin sonunda Papa VII Qriqori ilə Almaniya imperatoru IX Henrix arasında Almaniyada yepiskop təyin etmək hüququ üstündə şiddətli mübarizə baş verdi. Məğlub olan IV Henrix Kanossa qəsrinə gedərək, orada gizlənmiş papadan üzr istəmək məcburiyyətində qaldı. “Kanossaya getmək” ifadəsi hazırda “məcburiyyət qarşısında alçaldıcı güzəştə getmək” mənasını daşıyır.

Kapitulyasiya (latınca) — fəsil deməkdir. 1535-ci ildə Osmanlı dövləti ilə Fransa arasında imzalanmış müqavilə fəsillərə bölündüyü üçün belə adlandırılmışdır. Sonradan, kapitulyasiya bu və ya digər dövlətin ərazisində məskən salan xaricilərə həmin dövlətin vətəndaşları ilə müqayisədə üstünlük verən qeyri-bərabər (təslimçi) müqavilələrin xüsusi növünə deyilirdi.

Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Buraya daxil olan müəssisələr satış və təsərrüfat müstəqilliklərini saxlayırdılar.

Karvansara — bir çox Şərq ölkələrində, o cümlədən, Azərbaycanda ticarət yolları üzərində və şəhərlərdə karvanların dayanacaq yeri, mehmanxana tipli tikili.

Kasik — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal.

Kastalar (yunanca) — Hindistanda qəti müəyyənləşdirilmiş hüquq və vəzifələri olan insan qrupları.

Kaşlık — indiki Tobolda şəhəri.

Kaştan — Rusiya işğalı dövründə Tatarıstanda və Başqırdıstanda quberniya və qəza idarələri ilə rus dilini bilməyən yerli əhali arasında vasitəçi.

Katakomba (yunanca) — qədim qəbir abidələrinin bir növü. Quyu qazılır, onun divarındakı qəbir oyuqlarına ölü və əşyalar qoyulur, oyuğun ağzı hörülürdü.

Katolik kilsəsi — 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə parçalandı. Həmin vaxtdan qərb kilsəsi katolik kilsəsi (yəni "ümumdünya" kilsəsi) adlanmağa başladı.

Kavaler (ingiliscə) — «cəngavər» deməkdir. İngiltərədə vətəndaş müharibəsi dövründə kral tərafdarlarına verilən ad.

Kəfə (Kafa) — Krımda indiki Feodosiya şəhəri.

Kəhriz — aralarında suyun axması üçün yol açılmış quyular vasitəsilə yeraltı suyun yer üzərinə çıxarılması.

Kəndxuda — feodalizmdə hakim sülalə üzvlərinə məxsus təsərrüfatı idarə edən kənd, yaxud məhəllə başçısı.

Kəsbkarlıq — 1. Muzdla işləməyə gedən təhkimli kəndlilər; 2. Cənubi Azərbaycanda əhalinin böyük bir hissəsinin çörək pulu qazanmaq üçün kənarda iş axtarmağa getməsi

Kiçiklər — icmanın üzvü olan xırda əkinçilər (Qədim Misirdə).

Kir (yunanca) — Spartada icma üzvləri üçün ayrılmış torpaq sahəsi.

Kirkirə — əl dəyirmanı, dən üyütmək üçün əl ilə işlədilən alət. Yastı və dairəvi formada düzəldilən alt və üst daşdan ibarətdir. Azərbaycanda e.ə. II minillikdən məlumdur.

Klassisizm (latınca) — ən nümunəvi deməkdir, ədəbiyyatda bədii üslub bildirir.

Kobız (qopuz) — türk xalqlarında kamana bənzər simli musiqi aləti

Kolizey (latınca) — «kolesseus» sözündən olub, böyük, iri deməkdir. Qədim Romanın ən əzəmətli və gözəl binalarından biri Kolizey adlandırılan amfiteatr idi.

Kolon (latınca) — «kolonus» sözündəndir, əkinçi deməkdir. Romada iri malikanə sahibləri öz torpaqlarını kiçik sahələrə bölərək, azad kəndlilərə icarəyə verirdilər. Belə icarədarları kolonlar adlandırırdılar.

Koloniya (latınca) — məskən deməkdir: 1) qədim yunan və romalıların başqa torpaqlarda saldığı məskən; 2) bir dövlətin vətəndaşlarının digər ölkədə birgə yaşayış məskəni

Kolxoz (rusca) — kollektiv təsərrüfat deməkdir. Sovetlər İttifaqında kənddə sosialist təsərrüfatı forması

Komediya (yunanca) — "şən sakinlərin" mahnısı deməkdir. Şən və məzəli pyeslər

Kommuna — orta əsrlərdə Qərbi Avropada: 1. şəhərlərin senyora qarşı müdafiə ittifaqı; 2. Özünümüdafiə hüququ qazanmış şəhər icması.

Komprador burjuaziya — daxili bazarla xarici şirkətlər arasında vasitəçi rolunu oynayan yerli burjuaziya.

Kondisiya — müqavilə və saziş şərtləri.

Konfrontasiya — beynəlxalq aləmdə qarşıdurma.

Konkordat (latınca) — müqavilə, saziş. Roma papası ilə ayrı-ayrı dövlətlərin hökumətləri arasında bağlanmış müqavilə.

Konqres (latınca) — görüş, yığıncaq deməkdir. ABŞ-da ali qanunverici orqan.

Konsern — müxtəlif təsərrüfat sahələrinin bir sıra müəssisələrinin birliyi.

Konservatizm (mühafizəkarlıq) — yeni və qabaqcıl nə varsa, hamısına qarşı düşmən münasibət bəsləyən, köhnə və vaxtı keçmiş hər bir şeyi mühafizə edən ictimai təfəkkür cərəyanı və siyasi praktika.

Konsessiya — ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, müəyyən şərtlərlə, ayrı-ayrı şəxslərin və ya şirkətlərin müvafiq dövlətlə bağladıqları müqavilə.

Konstitusiya (latınca) — quruluş, təsisat deməkdir. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi.

Kontinent (latınca) — materik deməkdir.

Korrexidor — Latın Amerikasındakı müstəmləkələrdə kral məmuru.

Kortes (ispanca) — kral sarayı deməkdir. İspaniyada ali qanunverici orqan, parlament.

Kosmopolitizm (yunanca) — dünya vətəndaşı deməkdir. Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması.

Kovxa — Azərbaycanda kəndliləri idarə edən vəzifəli şəxs.

Kremasiya — insanın yandırılaraq külünün qəbrə qoyulması.

Kreollar — Latın Amerikasına İspaniyadan daha əvvəl köçüb gələnlərin nəsilləri.

Ku-kluks-klan — ABŞ-da keçmiş quldarların — cənubda irqçilərdən yaratdığı terrorçu təşkilat. Onlar qaradərili əhalini və öz əleyhdarlarını linçləyirdilər (bax: linçləmə).

Kulak (rusca) — qolçomaq, varlı kəndli.

Kurqan — torpaq təpə. Tayfa başçıları və varlı adamların qəbri üzərində qurulurdu.

Kustak — Sasani dövlətində inzibati idarə vahidi, canişinlik.

Kümdar — barama yetişdirməklə məşğul olan şəxs.

Künəlgə — Azərbaycanda əyanların kəndlinin evində qalmaq hüququ.

Küzdək (və ya küz) — ağac çubuqlarından, qamışdan hörülərək düzəldilən yer.

Q

Qaçaqmalçılıq — gömrük orqanlarından yayınmaqla ölkəyə malların gizli gətirilməsi.

Qarluq (türkcə) — «qarlıq», «qar yığını» deməkdir. Türk tayfalarından birinin adı.

Qarluqlar — IX əsrdə Şərqi Türküstan Yeddisu və Tyan-Şan dağlarının şimal ətəklərində yaşamış Aşina türksoyuna mənsub idilər.

Qazax tayfası — türksoylu tayfa. XI-XII əsrlərdə Azərbaycanın Şimal-Qərb torpaqlarında məskunlaşmışdılar. XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdü.

Qazı (ərəbcə) — icra edən. Müsəlman ölkələrində şəriət əsasında məhkəmə işlərini həyata keçirən hakim. Azərbaycanda məhkəmə işlərinin qazılar tərəfindən aparılması Xilafət dövründən başlayaraq XIX əsrin ortalarınadək davam etmişdir. Q\

azıbəyi — Şirvanşah Sultan Məhəmməd Qazinin dövründə kəsilən və onun şərəfinə adlandırılan mis pul vahidi.

Qazilər — Qəznəvi dövlətində Sultan Mahmudun ordusunun yürüşlərində könüllü iştirak edən döyüşçülər.

Qazlar Romanı xilas etdi — Qall tayfalarının Romada hücumu zamanı qazların səs salıb romalı döyüşçüləri xəbərdar etməsi hadisəsindən yaranmış məsəl.

Qəbalə (ərəbcə) — xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icarə kağızı.

«Qədr» partiyası — 1913-cü ildə Pəncablı mühacirlər tərəfindən ABŞ-da yaradılmışdı.

Qıpçaqlar — Oğuzların bir qolu olan qədim türk xalqı. İlk vətənləri Altayın şimal qərbindəki Çjeylen vadisi hesab edilir. IX-X əsrlərdə qıpçaqlar Tyan-Şan dağlarının ətəklərindən Dunay və Volqaya qədər ərazidə yaşamışlar. Bu ərazi «Dəşt-i-Qıpçaq» adlanırdı.

Qırmız böcəyi — Azərbaycanda mövcud olmuş xüsusi böcək növü. Ondan qırmızı rəngli nadir boya hasil olunurdu. Boya da həmin böcəyin adı ilə «qırmız» adlanırdı.

Qızılboya — boyaqotu; kökündən qırmızı boya alınan bitki, orta əsrlər boyu Azərbaycan xalçalarının, toxuma və tikmə parçalarının dünya şöhrətini təmin edən keyfiyyətli boya. 1869-cu ildə süni boya olan alizarinin kəşfi ilə qızılboya istehsalı tənəzzülə uğradı.

Qızılqaya xəyanəti — Gürcü çarı II İraklinin bir sıra Azərbaycan xanlarını aldadaraq Şəki xanlığı üzərinə yürüş etmək bəhanəsi ilə Qızılqaya adlı yerdə həbs etməsi. Şəki xanı Hacı Çələbi xanın onları azad etməsi hadisəsindən yaranmışdır (1752).

Qiyam — bir qrup qəsdçinin dövlət çevrilişi etmək cəhdi.

Qladiator (latınca) — «qılınc» sözündəndir. Qədim Romada xüsusi həbsxana — məktəblərdə silah işlətmək öyrədilən və bir-birilə vuruşmağa məcbur edilən qullar.

Qopçur (monqolca) — otlaq deməkdir. Monqol istilasına məruz qalan ölkələrdə, o cümlədən, Azərbaycanda vergi növü. Əvvəllər otlaqlardan istifadə üçün köçərilərdən toplanılan qopçur, Elxanilər dövründə can vergisi ilə əvəz olundu. Yalnız köçərilərdən deyil, oturaq əhalidən və bəzən şəhərlərdən də toplanılırdı.

Qopuz — orta əsrlərdə Azərbaycanda geniş yayılmış saza oxşar musiqi aləti.

Qrifon — şir bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan. Qrifon təsvirləri qədim Şərqdə və antik incəsənətdə geniş yayılmışdı. Naxçıvan MR-nın Zoğallı kəndində təqribən VI—VII əsrlərə aid orijinal tunc qrifon fiquru tapılmışdır.

Qrossbauer (almanca) — varlı kəndli, qolçomaq.

Quba meydanı — Bakı şəhərində indiki Füzuli meydanı.

Qulamalar (ərəbcə) — «oğlan», «oğlan uşağı», «qul» deməkdir. Orta əsrlərdə bir sıra Şərq ölkələrində başlıca olaraq türk əsilli gənc qullardan ibarət daimi süvari qvardiya.

Quran (ərəbcə) — «mütaliə», «oxu» deməkdir. İslam dininin müqəddəs kitabı. İslamın ehkamlarına görə «Quranı» Allah, Cəbrayıl vasitəsilə Məhəmməd peyğəmbərə göndərmiş, o da xalqa çatdırmışdır. Quran 610-632-ci illərdə Məkkə və Mədinədə Məhəmməd peyğəmbərin «peyğəmbərin vəhyi» formasında söylədiyi moizə, ayin və hüquq qanunlarının, and və duaların, ibrətli hekayələrin toplusudur. Quran qafiyəli nəsrlə yazılmış 114 surə və 6200-dən çox ayədən ibarətdir.

Qurultay (türkcə) — 1. Hakim nəsildən olan monqol və türk əsilzadələrinin ali yığıncağı deməkdir. Adi döyüşçüləri buraya buraxmırdılar; 2. Hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı.

L

Labirint — bir-birilə yeraltı keçidlər və dəhlizlər vasitəsilə birləşdirilən otaqlardan ibarət olan mürəkkəb və dolaşıq planlı tikililər.

Lakonik — fikrin az sözlə, yığcam, aydın ifadə edilməsi. «Lakonik» sözü belə danışıq tərzinin dəb olduğu Qədim Yunanıstanın Lakonika vilayətinin adı ilə bağlıdır.

Lakonika — Qədim Yunanıstanda, Peloponnesin cənub-şərqində vilayət.

Landqat (almanca) — Almaniyada nümayəndəli orqan.

Latifundiya — Latın Amerikası ölkələrində iri torpaq sahibliyi.

Legion — 1. Qədim Romada 4500 nəfər döyüşçüdən ibarət ordu, legionun əsas gücü ağır silahlı piyadalardan ibarət idi; 2. XVI-XIX əsrlərdə Fransada, İngiltərədə, Almaniyada, Polşa və Rusiyada müxtəlif qeyri-daimi heyətli əsgəri birləşmələr.

Lend-liz (ingiliscə) — «icarəyə vermək» mənasını daşıyır. İkinci Dünya müharibəsi dövründə ABŞ Konqresinin irticadan müdafiəsi mühüm olan ölkələrə silah və hərbi materialların nisyə satılmasına və ya kirayə edilməsinə icazə verən qanun.

Levellerlər (ingiliscə) — bərabərçilər deməkdir. İngiltərə burjua inqilabı dövründə radikal xırda burjua-demokratik partiyası olan Levellerlər birpalatalı demokratik respublika yaradılması, vətəndaşların qanun qarşısında bərabərliyi, azad ticarət, vergilərin azaldılması və s. tələblər irəli sürürdülər.

Liktorlar — Qədim Romada padşahı müşayiət edən 12 nəfərdən ibarət xüsusi mühafizəçi.

Linç məhkəməsi — ABŞ-da zəncilərə və mütərəqqi adamlara məhkəməsiz və istintaqsız divan tutma. XVIII əsrdən işlədilən bu termin ABŞ polkovniki irqçi Linçin adı ilə bağlıdır.

Linçləmə — ABŞ-da bir qism insanlar haqqında məhkəməsiz, bəraət nitqini dinləmədən ölüm hökmünün çıxarılaraq dərhal yerinə yetirilməsi.

Livoniya konfederasiyası — bu ittifaqa Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər.

Livoniya müharibəsi — 1558-1583-cü illərdə Rusiyanın Baltikyanı əraziləri işğal etmək və Baltik dənizinə çıxmaq uğrunda Livoniya ordeni, həmçinin İsveç, Polşa və Böyük Litva knyazlığına qarşı müharibəsi. Müharibə Rusiyanın məğlubiyyəti ilə başa çatdı.

Livoniya ordeni — Alman cəngavərlərinin 1237-ci ildə yaratdıqları katolik və hərbi-siyasi təşkilatı.

Livr (fransızca) — Fransada 1799-cu ilə kimi pul vahidi.

Lobbi (ingiliscə) — «qeyri-rəsmi» mənasını verir. Xarici ölkələrdə dövlət məmurlarına təzyiq göstərən, qanun layihələrinin qəbul olunmasına və ya pozulmasına çalışan agentliklər sistemi.

Loyalistlər — Fransada kral tərəfdarları.

Luqol (Şumercə) — «böyük adam» mənasını verir. Şumer şəhər-dövlətlərində əvvəlcə hərbi rəislər, sonralar isə hökmdarlar belə adlanırdı.

M

Maaf (ərəbcə) — «azad olunmuş» deməkdir, bir sıra Yaxın Şərq ölkələrində və Azərbaycanda mövcud olmuş kəndli kateqoriyası. Hər cür vergi və mükəlləfiyyətlərdən azad olan maaflar xanlıqlar dövründə siyasi həyatda mühüm rol oynayırdılar. Maaflar xanın hərbi dəstələrində xidmət etməli və xanlığın sərhəd rayonlarını basqınlardan qorumalı idilər.

Maharaç — Hindistanda Dehli sultanlığının yaranmasından əvvəl böyük knyaza verilmiş ad.

Maq Zərdüştilik dinində kahin

Maqnat (latınca) — Polşada iri feodal, varlı və əsilli şəxs. Əvvəllər Qərbi Roma imperiyasında iri torpaq sahibi mənasında işlədilmişdir.

Mandat sistemi — keçmiş alman müstəmləkələri və osmanlı mülklərinin qəyyumluğa götürülmüş formada bölüşdürülməsi. Birinci Dünya müharibəsinin yekunlarına həsr edilmiş Versal konfransında müəyyən edilmişdir.

Manufaktura (latınca) — «manus»-əl, «faktura»-hazırlama. "Əl ilə düzəldilən" deməkdir. Burada əl əməyindən istifadə edilən ilk kapitalist müəssisəsi nəzərdə tutulur. Əmək bölgüsünə əsaslanan manufaktura tarixən mütərəqqi səciyyə daşımış, ictimai əmək bölgüsünü daha da dərinləşdirmiş, iri maşınlı sənaye üçün zəmin yaratmış, kapitalist istehsalının maşınlı mərhələsinə keçilməsi üçün bacarıqlı fəhlə kadrları hazırlamışdır. İlk manufakturalar İtaliyada yaransa da, İngiltərədə manufaktura klassik formada inkişaf prosesi keçmişdir. Azərbaycanda ilk kapitalist manufakturası 1829-cu ildə açılmış Xanabad ipəksarıyan manufakturası idi. Manufakturada muzdlu əməkdən istifadə edilirdi.

Markqraflıq (almanca) — Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyu yaradılmış vilayətlər.

Marselyoza — Marsel batalyonunun üzvlərinin ifa etdikləri inqilabi mahnı. Hazırda Fransanın dövlət himnidir.

Maşmaş — Aratta ölkəsində dini idarələrə başçılıq edən kahin.

Mavəraənnəhr — «dənizin arxası» deməkdir. Orta əsrlərdə Mərkəzi Asiyada qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan əraziyə deyilirdi.

Mavrlar (yunanca) — Priney yarımadasında və Şimali Afrikanın şimal-qərb hissəsində ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisi.

Mayorat (latınca) — «mayor» sözündən olub böyük övlada çatmış mülkiyyətin bölünməzliyini bildirir.

Mehrab (ərəbcə) — «ibadətgah» deməkdir, məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətdə) divarda düzəldilən və önündə namaz qılınan oyuq, taxça.

Mehran — Mehranilər sülaləsinin banisi.

Mehranilər — Qafqaz Albaniyası hökmdarları sülaləsi. Banisi Mehrandır. Görkəmli nümayəndələri Varaz Qriqor və Cavanşirdir (VII əsr).

«Mehriban qonşu» siyasəti — ABŞ prezidenti F. Ruzveltin Latın Amerikası ölkələrinə münasibətdə yeritdiyi siyasət. Bu siyasətdə əsas məqsəd həmin ölkələri ABŞ-a tabe etmək, İngiltərə və Almaniya kapitalını oradan sıxışdırıb çıxarmaq, maliyyə-iqtisadi və ticarət sahələrində təzyiq etmək mexanizmini işə salmaq yolu ilə Amerika kapitalının həmin ölkələrə nüfuz etməsinə nail olmaq.

Memorandum (latınca) — yadda saxlanmalı şey. Diplomatik yarışma forması, sənəd. Xatırlatma notasına oxşayır.

Metropoliya — müstəmləkəsi olan ölkə.

Mezolit (yunanca) — «Mezos»- orta, «Litos»- daş deməkdir. Orta Daş dövrü.

Mədrəsə (ərəbcə) — məktəb, öyrənmək deməkdir. Yaxın və Orta Şərq ölkələrində dövlət aparatı xidmətçiləri, din xadimləri və ibtidai məktəblər üçün müəllim hazırlayırdı.

Məhsuldar qüvvələr — əmək alətləri, torpaq, yeraltı sərvətlər, insanlar və s.

Məlik və ya xaqanbəyi — Xəzər xaqanlığında xaqanın baş məsləhətçisi.

Məliküttüccar — Cənubi Azərbaycan şəhərlərində tacir ittifaqının başında duran tacirbaşı.

Məmlüklər (ərəbcə) — Əyyubilər dövründə türk və Qafqaz xalqlarından ibarət döyüşçü qullar olmuşdular. 1250-ci ildə hakimiyyəti ələ alaraq Misiri 1517-ci ilədək idarə etmişdilər.

Mərzban (farsca) — «sərhəd qoruyucusu» deməkdir. Sasanilər dövlətində vilayətə başçılıq edən canişin.

Mərzləşdirmə — torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi.

Məşrutə (farsca) — konstitusiya deməkdir. 1905-1911-ci illər İran inqilabı məşrutə hərəkatı adlanır.

Mixi yazılar — Mesopotamiyada şumerlərin e.ə. I minilliyin əvvəllərində yaratmış olduqları işarələrdən ibarət yazı növü. Bu işarələr mıx formalı olduğu üçün mixi yazılar adlanır. Mixi yazılar gil lövhələr üzərində cızılırdı.

Mikrolit (yunanca) — «mikro» — kiçik, «litos» — daş deməkdir. Mezolit dövründə insanların işlətdikləri çox kiçikölçülü alətlər nəzərdə tutulur.

Milad (latınca) — rəvayətə görə İsa peyğəmbər eramızın birinci ili dekabrın 24-də anadan olmuşdur. Bu hadisə xristian aləmində «milad» — anadanolma adlanır. Xristian il hesablanması da Miladi təqvimi adlanır.

Millət — müəyyən psixologiya və şüura malik olan insanların tarixən yaranmış sosial-iqtisadi və mənəvi birliyi. Dövləti təşkil edən vətəndaşların sosial cəmiyyəti.

Millətçilik — bir millətin digər millətdən üstün tutulması siyasəti, millət nümayəndələri tərəfindən onun rolunun həddindən artıq şişirdilməsi.

Miniatür (latınca) — «minium» sözündəndir. Bu isə baş hərfləri yazmaq üçün istifadə edilən qırmızı boyaq mənasını verirdi. Həcminin kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəri.

Moratorium (latınca) — bərkidici, təxirəsalıcı. Dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi.

Monarx (yunanca) — monarxiya dövlətində irsi dövlət başçısı (şah, sultan, çar, imperator, kral və s.) Monarx bəzən seçilə də bilər. Məsələn, Monqolustanda XIII əsrdə Çingiz xanın seçilməsi.

Monarxiya (yunanca) — təkhakimiyyətlilik deməkdir. Burada ali dövlət hakimiyyəti monarxın əlində cəmləşir. Aristotel monarxın, yəni bir nəfərin idarə etdiyi və hakimiyyətin atadan oğula keçdiyi dövləti monarxiya adlandırmışdır. Feodalizm dövründə monarxiya müxtəlif inkişaf mərhələləri keçmişdir: 1. İlkin feodal monarxiyası; 2. Feodal pərakəndəliyi dövrü monarxiyası; 3. Silki nümayəndəli monarxiya; 4.Mütləq monarxiya.
Müasir dövrdə bir çox dövlətlər üçün məhdud, konstitusiyalı monarxiya səciyyəvidir. Konstitusiyalı monarxiyanın iki növü var:
1. Qeyri-məhdud monarxiya. Bu zaman monarx icra hakimiyyətini öz əlində cəmləşdirir. Hökuməti təşkil etmək, veto hüququna, parlamenti buraxmaq və s. hüquqlara malikdir;
2. Parlamentli monarxiya. Burada monarxın hakimiyyəti əslində formal səciyyə daşıyır (məsələn, müasir Böyük Britaniyada).

Mozaika — müxtəlif rəngli xırda-xırda daşlar və şəffaf olmayan rəngli şüşə qırıntılarından ibarət təsvir, naxış.

Möhrə — palçıq və saman qarışığı.

Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması.

Mövlalar (ərəbcə) — İslam dinini könüllü qəbul etmiş yerli əhali.

Muxtariyyət — ümumi dövlət konstitusiyası çərçivəsində dövlətin hər hansı bir hissəsinin dövlət məsələlərini müstəqil həll etməsi, daxili özünüidarə hüququ.

Mukat — pay. Orta əsrlərdə Misirdə iltizam sistemi ilə paylanan torpaq mülkiyyət forması.

Multam — Azərbaycanda məskən salmış hind tacirləri.

Mumiya — 1) qurudulmuş insan cəsədi. Meyitlərin və müqəddəs heyvan cəsədlərinin mumiyalanması. Qədim Misirdə geniş yayılmışdı; 2) tərkibində 20­70% Fe203 oian qırmızı rəngli təbii piqment də elmi ədəbiyyatda mumiya adlanır.

Musey — qədim yunan ilahələri, muzaların məbədi.

Muşkenum — Mesopotamiya padşahı Hammurapinin öz mülklərini idarə etmək üçün göndərdiyi səlahiyyətli məmur.

Muza — yunan əsatirində elm və incəsənətə himayədarlıq edən ilahələr.

Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.

Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili.

Müşir (türkcə) — hərbi rütbə, marşal deməkdir.

Müctəhid — ən istedadlı tələbələrlə məşğul olan baş ruhani.

Müdərris (ərəbcə) — dərs verən müəllim. Şərq ölkələrində, o cümlədən, Azərbaycanda ali ruhani mədrəsəsini bitirmiş mədrəsə müəllimi.

Müdaxilə — bir və ya bir neçə dövlətin digər dövlətin işlərinə qarışması. Müdaxilə hərbi, iqtisadi, siyasi və ideoloji vasitələrlə ola bilər. Beynəlxalq hüquqda müdaxilənin bütün formaları qadağan olunmuşdur.

Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis.

Müxəmməs — beşlik. Şer janrıdır, lirik növdədir. Hər bənd beş misradan ibarətdir.

Müqatiə (ərəbcə) — kəsik. Dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində şəxslərə verilən vergi toplama hüququ, iltizam.

Mülki (ərəbcə) — mülkiyyət, malikanə, əmlak: 1) Xilafətin yarandığı dövrdə Yaxın və Orta Şərq ölkələri, Mərkəzi Asiya, Cənubi Qafqaz, o cümlədən, Azərbaycanda torpaq mülkiyyəti formalarından biri, feodal torpaq mülkiyyətinin şərtsiz, irsi forması; 2) Hərbçilərə paylanan torpaq mülkiyyət forması.

Mülkədar — iri torpaq sahibi.

Mülkədar tabelisi — 1846-cı ildə ali müsəlman silkinə mənsub olan müxtəlif feodal-asılı kəndlilərə verilmiş ümumi ad. «Sahibkar kəndlisi» anlayışına uyğundur.

Mültəzim — Misirdə orta əsrlərdə torpağı icarəyə götürən, icarədar.

Münəccim — ulduzların vəziyyətinə görə insanların, dövlətlərin taleyindən qabaqcadan xəbər verən şəxs.

Müstəmləkə — müstəqilliyini itirib işğalçılardan asılı vəziyyətə düşmüş ölkə.

Müstəmləkə iqtisadiyyatı — istehsal prosesini axıra qədər davam etdirmək imkanından məhrum edilmiş iqtisadiyyat.

Mütrüb — İranda xalq içərisində məşhurlaşmış xanəndə və rəqqaslar.

N

Natural təsərrüfat — yaşayış üçün lazım olan məhsulun və hazır şeylərin satış üçün deyil, şəxsi tələbatı ödəmək üçün hazırlandığı təsərrüfat.

Neft maqnatları — neftin çıxarılması, emalı və satışı işini öz əllərində saxlayan nəhəng neft şirkətlərinin sahibləri.

Neftxuda — XIX əsrin sonu-XX əsrin əvvəllərində, Azərbaycanda neft hasilatı, emalı və satışı ilə məşğul olan iş adamları.

Neolit — Yeni Daş dövrü, daş dövrünün son mərhələsi.

Neofaşizm — İkinci Dünya müharibəsindən sonra ləğv edilmiş faşist təşkilatlarının yeni varislərinin daxil olduqları cərəyan.

Nəccarlıq (ərəbcə) — «dülgər» («xarrat») sözündəndir. Nəccarlar, adətən, palıd, fıstıq və s. ağac növlərindən müxtəlif məişət əşyaları düzəldirdilər.

Nəsil (soy) icması — ümumi əraziyə və adət-ənənələrə malik olan, eyni dildə danışan, ağsaqqallar tərəfindən idarə olunan qohum nəsillərin (soyların) birliyi.

Nəvvab — Səfəvilərdə şahın müavini — ölkənin baş ruhanisi.

NKVD (rusca) — «Narodnıy Komissariat Vnutrennıx Del» sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Azərbaycan dilində XDİK (Xalq Daxili İşlər Komissarlığı) adlanır. Keçmiş SSRİ-də təhlükəsizlik idarələrindən biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir.

Nom (yunanca) — vilayət. 1) Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi allahları vardı; 2) Müasir Yunanıstanda inzibati ərazi vahidi.

Nomarx — nomu idarə edən hakim.

Normanlar — erkən orta əsrlərdə Skandinaviya xalqları Qərbi Avropada bu ad ilə tanınırdılar. Bu sözün mənası "şimal adamı" demək idi. Rusiyada varyaqlar adı ilə tanınmışdılar (bax: vikinqlər).

Numizmatika — Qədim sikkə və pulların tədqiqi ilə məşğul olan elm. Numizmatika elm kimi XVI əsrdə, kolleksiya toplama isə (qədim sikkələr) daha əvvəllər meydana gəlmişdir.

Nüvə silahı (atom silahı) — nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılaraq nüvədaxili enerjidə baş verən partlayış, təsirli silahların ümumi adı. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.

Nüvə silahı saxlanmayan zona — nüvə silahı sınaqdan keçirilməyən, istehsal olunmayan, saxlanmayan və daşınmayan, habelə hüdudlarında və ona qarşı nüvə silahının tətbiqi istisna edilən ərazi.

O

Oğuz — «boy», «nəsil», «tayfa» mənasını verən «ox» sözü ilə cəm şəkilçisi «uz»un birləşməsindən ibarətdir, boylar (nəsillər) deməkdir. Böyük Hun imperatoru Metenin hakimiyyəti zamanı birləşən bütün türk boylarının ümumi adı oğuzlar olmuşdur. «Oğuz» adına ilk dəfə Orxon-Yenisey abidələrində rast gəlinmişdir,

Oğuz dövləti X əsrin ortalarında Seyhun çayı və Xəzər dənizi arasında yerləşən türk boylarının birləşməsi nəticəsində yaranan və tarixi mənbələrdə Oğuz dövləti, yaxud Yabqu dövləti kimi xatırlanan dövlət. Dövlətin mərkəzi Yenikənd şəhəri idi. Güman edilir ki, bu dövlətin varlığına təqribən 1000-ci ildə qıpçaqlar tərəfindən son qoyulmuşdur.

Opriçnina (rusca) — «opriç» sözündəndir: kəsib götürmək mənasını verir. Rus çarı IV İvan yeni qaydalar tətbiq etdiyi əraziləri opriçnina adlandırırdı. 1565-1572-ci illərdə hökmdar mülklərinin adı. Həmin illərdə amansız terror, edamlar və sürgünlər baş verdi. Opriçnina siyasətini yeritməkdə çarın əsas məqsədi öz düşmənlərinin müqavimətini qırmaq idi. Opriçnina kobudluq, zorakılıq və terrorçuluq vasitələri ilə mərkəzi hakimiyyət əleyhinə olan boyar müxalifətini ləğv etmək məqsədilə yaradılmışdır.

Orden (almanca) — sıra, dərəcə. 1) orta əsrlərdə rahib təşkilatlan belə adlanırdılar; 2) fərqlənmə nişanı, xüsusi xidmətlərə görə dövlətin fəxri mükafatı.

Orxestra — qədim yunan teatrlarında səhnə qarşısındakı meydança.

Orkestr (yunanca) — «orxestra» sözündən yaranmışdır. Müxtəlif musiqi alətlərində çalan və müəyyən heyət üçün nəzərdə tutulmuş əsəri birgə ifa edən musiqiçilərdən ibarət kollektiv.

Orxon-Yenisey abidələri — türk xalqlarına məxsus qədim yazılı abidələr. Şimali Monqolustanda Orxon çayı sahilində tapılan abidələrin sayı 13-dür və onların 725- 735-ci illərdə tikildiyi aydınlaşdırılıb. Onların ən məşhur Göytürk xaqanı Bilgə xaqan, onun qardaşı Gültigin və baş vəzir Tonyukuk üçün qoyulmuş abidələrdir. Orxon abidəsində sətirlər yuxarıdan aşağıya da yazılmış, sağdan-sola doğru yerləşdirilmişdir.

Ornament (latınca) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır.

Osiris — Qədim Misir mifologiyasında ən çox ehtiram olunan allahlardan biri. Osiris ölən və dirilən təbiəti təcəssüm etdirirdi. Təbiətdə qış və yaz fəsillərinin gəlməsi onun adı ilə bağlı idi.

Oykumen (yunanca) — «məskən salıram, yaşayıram» deməkdir. Yer kürəsinin insan tərəfindən məskunlaşmış ərazisi.

Ozan — oğuzların el şairi, nəğməkarı və musiqiçisi.

Otuziki — Qarabağın qədim və güclü tayfalarından biri. Bu tayfa Qarabağda otuz iki oymaqdakı tayfaların birləşməsindən yaranmışdı. Həmin tayfa birləşməsində nüfuzlu Cavanşir tayfasının nümayəndələri də vardı. Onlar çox vaxt otuzikilərə başçılıq edirdilər.

Ö

Ölkəşünaslıq — yerli əhalinin qüvvəsi ilə ölkənin müəyyən ərazisinin, şəhərin, kəndin və s. yaşayış məskəninin hərtərəfli öyrənilməsi.

Ölkəşünaslıq muzeyləri — müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi. Azərbaycanda ilk ölkəşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılmışdır. Bu indiki Azərbaycan Tarixi Muzeyidir.

Ölü dəniz — İordaniya və İsraildə axarsız duzlu göl.

Ön Asiya (Qərbi Asiya) — Asiyanın cənub-qərb hissəsində, Kiçik Asiya və Ərəbistan yarımadaları, Qafqaz bərzəxi, İran yaylası, Mesopotamiya ovalığı və Aralıq dənizinin şərq sahilboyundan ibarət ərazi.

Ön Qafqaz — Böyük Qafqazdan şimalda yerləşən ərazi. Şimalda Kuma-Manıç çökəkliyi, qərbdə Azov dənizi və Kerç boğazı, şərqdə Xəzər dənizi ilə əhatələnir.

Örənqala — Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında arxeoloji abidə. Örənqalanın Beyləqan şəhərinin qalıqların olduğu müəyyən edilmişdir.

Örtülü bazar — dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən memarlıq-ticarət kompleksi. Orta əsrlərdə meydana gəlmişdir. Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində örtülü bazar nümunələri qalmışdır. Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı «Qapalı çarşı»dır.

Ölü dəniz əlyazmaları — 1947-ci ildən Ölü dənizin qərb sahillərində mağaralarda tapılmış qədim yunan, latın, yəhudi, arami, nəbati, Suriya, Fələstin və ərəb dillərində əlyazmalar. Dəri, papirus, həmçinin saxsı, mis, ağac üzərində yazılmış bu əlyazmaları məzmununa və tarixinə görə bir-birindən fərqlənir.

Ölü dillər — canlı danışıq dili kimi işlənməyən, adətən, yazılı abidələrdə qorunub saxlanan dillər. Başqa dillərin sıxışdırıb aradan çıxardığı bir çox ölü dillər (hett dili, Şumer dili, qıpçaq dili, peçeneq dili, Hürri dili, etrusk dili, Elam dili və s.) elmi-tədqiqat baxımından əhəmiyyətlidir. Ölü dillərin bəzilərindən elmi ədəbiyyatda və dini mərasimlərin icrasında (məsələn, latın dili) istifadə edilir.

Ömər Xəyyam (təqribən 1048-1122) fars və tacik şairi, riyaziyyatçı, filosof. Ömər Xəyyam Səlcuq sultanı I Məlikşahın tapşırığı ilə 1079-cu ildə təqvim tərtib etmiş, bir çox Şərq alimlərinin, o cümlədən, Nəsirəddin Tusinin yaradıcılığına təsir göstərmişdir.

P

Paqoda (çincə) — «bao-ta», mənası «dəfinələr qülləsi» deməkdir. Paqoda Budda dini əşyalarını saxlamaq üçün tikilirdi. «Müqəddəs yer» mənasını ifadə edir.

Paleontroplaı — ibtidai insanlar.

Paleoqrafiya (yunanca) — dövrümüzə qədər gəlib çatmış qədim yazıları öyrənən elm. «Palaya» — qədim, «qrafo» — yazmaq sözlərindəndir.

Paleolit (yunanca) — qədim Daş dövrü.

Paniranizm — farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsi, ayrı-seçkiliyin ideoloji əsası.

Pannoniya — indiki Macarıstan ərazisinin qərb hissəsi.

Panteon — Qədim Romada bütün allahların məbədi. Romanın ən diqqətəlayiq memarlıq abidələrindən biri Panteon adlanır və indiyə qədər də qalır.

Pantomima — mimika və hərəkətlərlə ifadə olunan teatr tamaşası

Papirus — 1) bataqlıqlarda bitən hündür qamış; 2) papirusun gövdəsindən parça ayaqqabı və s. hazırlayırdılar. Yazı materialı kimi papirus e.ə. III minilliyin əvvəllərində Qədim Misirdə ixtira olunmuşdu.

Parlament (fransızca) — danışmaq deməkdir. İlk dəfə XIII əsrdə İngiltərədə silki nümayəndəli orqan kimi meydana gəlmişdi.

Parlamentli monarxiya — dövlət quruluşu, burada hökumət kral qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyır.

Patriklər — Sasanilərdə geniş torpaqlara malik iri feodal təbəqəsi.

Patrisilər (latınca) — «Pater» — ata sözündən götürülmüşdü. Romanın ən qədim sakinlərinin nəslindən olanlar.

Pedaqoq (yunanca) — Qədim Yunanıstanda uşaqları məktəbə aparan və evdə davranışı, tərbiyəsi ilə məşğul olan şəxs; 2) pedaqoji işlə məşğul olan şəxs.

Passifizm (latınca) — «sülhsevər» mənasındadır. XIX əsrin sonlarında meydana çıxmış müharibə əleyhinə beynəlxalq ictimai hərəkat.

Peloponnes — Cənubi Yunanıstan.

Pentaqon — ABŞ Müdafiə nazirliyinin geniş yayılmış adı (bu sözün mənşəyi həmin nazirlik binasının beşbucaqlı şəklində olması ilə əlaqədardır).

Peon Latın Amerikası ölkələrində irsən borcluya çevrilmiş hindu.

Perqament — Kiçik Asiyada Perqam şəhərində yazı üçün hazırlanan dəri. Perqament yaxşı aşılanmış buzov və quzu dərisindən hazırlanırdı.

Perper — XIII əsrdə Gürcüstanda pul vahidi.

Petisiya — kollektiv müraciət forması

Peşvə — Hindistanda Maratx dövlətinin baş naziri.

Peyzaj — təbiət mənzərəsi.

Piktoqrafiya (latınca) — şəkillər vasitəsilə ifadə edilən qədim yazı üslubu.

Pioner (ingiliscə) — 1. ABŞ torpaqlarına birinci gələnlərə verilən ad; 2. (fransızca) — İlk yol açan, əsasını qoyan, bani.

Pirr qələbəsi — məğlubiyyətə bərabər olan qələbə deməkdir. Epir padşahı Pirrin romalılarla müharibəsi zamanı yaranmış ifadədir. Pirr qalib gəlsə də bütün qoşununu itirmişdi.

Plagiat (latınca) — «oğurlayıram» deməkdir. Müəllifin, yaxud ixtiraçının hüquqlarının pozulması. Özgəsinin elmi, ədəbi, musiqi və ya bədii əsərini, yaxud ixtirasını və ya səmərələşdirici təklifin öz adı ilə nəşr etdirmə və ya özgəsinin müəllifliyini qəsdən gizlətməklə mənimsəmədən ibarətdir.

Plantasiya (latınca) — 1. Bitki əkini, tarla; 2. Xüsusi kənd təsərrüfatı bitkiləri əkilmiş iri torpaq sahəsi. Məsələn, çay plantasiyası, pambıq plantasiyası və s.

Plantator — Latın Amerikası ölkələrində plantasiya sahibi.

Plebeylər — Qədim Romada azad əhalinin yoxsul təbəqəsi belə adlanırdı. Plebeylər varlıların torpağını icarəyə götürür, becərir, əldə etdiyi məhsulun yarı hissəsini torpaq sahibinə verirdilər. Əvvəllər siyasi cəhətdən hüquqsuz olmuşdular.

Plebissit (latınca) — Qədim Romada plebeylərin yığıncağında qəbul edilmiş qərara deyilir. Sonralar ümumxalq səsverməsinin formalarından biri kimi tətbiq edilmişdir (bax: referendum).

Polis (yunanca) — Qədim Yunanıstanda şəhər-dövlətlərə verilmiş ad.

Portal — xüsusi memarlıq tərtibatı olan giriş qapısı.

Portiklər — Qədim Yunanıstanda dirəklər üzərində dayanan kölgəliklər. Söhbət və istirahət üçün yunanlar portiklərin altına toplaşırdılar.

Posad adamları — Rusiya şəhərlərinin ticarət və sənətkarlıqla məşğul olan əhalisi.

Posession (latınca) — «posessio» — «mülk» sözündən götürülmüşdür, manufakturalarda işləyən təhkimli kəndlilərə deyilirdi.

Posessiya — müəyyən şəxslərə şərti mülkiyyət hüququnun verilməsi.

Pravoslav kilsəsi — 1054-cü ildə xristian kilsəsinin iki hissəyə parçalanması nəticəsində yaranmış kilsə. «Həqiqi» din kilsəsi deməkdir.

Prefekt (latınca) — rəis. Fransada mərkəzi hökumətin nümayəndəsi kimi departamentə başçılıq edən şəxs.

Presveterianlar — xristian dinində protestant məzhəblərindən birinin tərəfdarları.

Prolonaqsiya — beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzadılması.

Proteksionizm (latınca) — müdafiə, hamilik. Vətən sənayesini və ticarətini inkişaf etdirmək üçün xaricdən mümkün qədər az mal gətirilməsinə və yerli məhsulların xaricə aparılmasına yönəldilmiş siyasət.

Protektor (latınca) — müdafiəçi, hami deməkdir.

Protektorat — 1. İngiltərədə idarəetmə forması; 2. Müstəmləkə asılılığı forması. Bu zaman bir dövlət xüsusi beynəlxalq müqavilə ilə digər dövlətə onu xarici əlaqələrdə təmsil etmək hüququ verir.

Prosperiti (ingiliscə) — "çiçəklənmə" deməkdir. 20-ci illərdə ABŞ iqtisadiyyatının xüsusi, müstəsna vəziyyətinə dair iqtisadçıların hazırladıqları konsepsiya.

Puritan (latınca) «purus» — yəni «təmiz» deməkdir. İngiltərədə dəbdəbəli kilsə ayinləri və mərasimlərinə qarşı çıxan dini məzhəb.

Purpur — tünd-qırmızı boyaq. Finikiyalılar bu boyağı dəniz ilbizi şirəsindən və balıq molyusklarından hazırlayırdılar.

Purpur ölkəsi — qədim yunanların Finikiya ölkəsinə verdikləri adı bu cür adlandırırdılar.

R

Ra (xekri) — qədim misirlilərin Günəş allahı.

Rabadlar — Qaraxanlı dövlətində şəhərin bütün təsərrüfat həyatının cəmləşdiyi ticarət-sənətkarlıq qəsəbələri

Racə — Hindistanda ari tayfalarının başçısı. Sonralar bu ad hind knyazlarına aid edildi.

Racəput — «racələrin uşaqları» demək idi.

Racputlar — erkən orta əsrlərdə Hindistanda kastaların ali dərəcəsindən olan döyüşçülər.

Rada — Şura deməkdir. Ukraynada, Belarusiyada, Litva və Polşada nümayəndələr məclisinin və şuralarının tarixi adı.

Rahib — bu dünyanın nemətlərindən əl çəkmiş dindar.

Ratuşa — orta əsrlərdə Qərbi Avropada şəhər şurasının yerləşdiyi bina.

Ratifikasiya (paraflama) — dövlətin başçısının digər dövlətlə, yaxud beynəlxalq təşkilatla bağladığı müqavilənin ölkənin ali məclisi tərəfindən təsdiq edilməsi.

Reaya — Osmanlı imperatorluğunun vergi verən bütün əhalisi.

Rekonkista (ispanca) — Əndəlusun müsəlman əhalisinin (ərəblərin) Pireney yarımadasından zorla çıxarılması hərəkatı.

Rekrut toplanması (əsgər toplanması) Rusiyada müəyyən miqdar kəndlidən və posad həyətlərinin hər birindən orduya bir nəfər çağırılması.

Renessans (fransızca) — dirçəliş, intibah deməkdir. Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü (İtaliyada XIV-XVI əsrlər, digər ölkələrdə XV əsrin sonu XVI əsr). Renessans — intibah mədəniyyətinin mühüm xüsusiyyətləri onun dünyəvi səciyyə daşımasında, humanist dünya görüşü, antik mədəni irsə müraciət və onu sanki «dirçəltməsindədir».

Repressiya (latınca) — əzilmə, təzyiq göstərilmə.

Reskript — Qədim Roma imperiyasında təqdim olunmuş məsələ üzrə imperatorun qanun qüvvəsində olan cavabına deyilirdi. XIX əsrdə bu söz sərəncam, fərman, göstəriş mənasında işlənirdi.

Restavrasiya (latınca) — bərpa etmək deməkdir.

Respublika (latınca) — ümumxalq işi deməkdir. Respublika — müəyyən seçilmiş adamlar tərəfindən idarə olunan dövlətdir. Respublika antik dövrdə meydana gəlmişdir. Respublikaların iki əsas tipi mövcuddur: 1. Prezidentli respublika; 2. Parlamentli respublika. Prezidentli respublikada dövlət başçısı və hökumət başçısının səlahiyyəti seçki yolu ilə seçilmiş prezidentin əlində cəmləşir. Parlamentli respublikada formal olaraq parlametin üstünlüyü prinsipinə əsaslanılır. Hökumətə başçılıq edən baş nazir, adətən, hakim partiyanın lideridir.

Referendum — dövlət həyatının ən mühüm məsələlərinə dair keçirilən rəy sorğusu.

Rəhdari — ticarət yollarının qorunması üçün alınan vergi.

Rəiyyət (ərəbcə) — təbəə, vergi verən təbəə, əkinçi kəndli. Rəiyyətlər asılı kəndlilərin əksəriyyətini təşkil edirdilər. Rəiyyət dedikdə, pay torpağına və şəxsi təsərrüfata malik olub, həm feodala, həm də dövlətə vergi və mükəlləfiyyətlər ödəyən kəndlilər nəzərdə tutulur.

Rəncbər — təsərrüfatı, torpağı olmayan kəndlilər.

Rəsmi kapan — XVIII əsrdə tərəzi xərci, gömrükxanalarda alınan vergi.

Risalə — Mərkəzi Asiya və Qazaxıstanda sex sənətkarlarının hüquq və vəzifələrinin tənzimləndiyi nizamnamə.

Riton (yunanca) — «axıram» deməkdir. Aşağı nazik ucunda kiçik deşiyi olan buynuz formalı qədim içki qabı. Riton gil, metal və ya buynuzdan hazırlanaraq üzəri müxtəlif naxışlarla bəzədilirdi. Ritonun aşağı hissəsi, əsasən, heyvan başı formasında olurdu. Mingəçevirdə küp qəbirlərdən birində maral başı formasından düzəldilmiş saxsı riton tapılmışdır.

Ritorika — natiqlik məharəti.

Rükniddin (ərəbcə) — dinin təməli deməkdir. Səlcuq hökmdarı Sultan I Toğrul 1055-ci ildə Bağdada daxil oldu. Abbasi xəlifəsi onun şərəfinə təntənəli ziyafət verdi. Bu məclisdə xəlifə onu "Şərqin və Qərbin hökmdarı" elan etdi və Rükniddin titulunu verdi.

Rüsum — dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi.

S

Sabirlər — Xəzər dənizinin şimal-qərb sahillərində yaşamış türk mənşəli tayfa. Sabirlər haqqında ilk dəfə Ptolomey məlumat vermişdir.

«Sabit qiymətlər» — Fransada yakobinçilərin tətbiq etdiyi qayda. Bu qaydaya əsasən, ərzaq və digər az tapılan mallar üçün müəyyən qiymət norması qoyulurdu. Bu normalardan yuxarı qiymətə həmin malların satılması qadağan edilirdi.

Sabotaj — bir işi yerinə yetirməkdən boyun qaçırmaq və ya yalnız formal surətdə yerinə yetirmək yolu ilə qəsdən pozmaq.

Sakitləşdirmə paktı — İtaliya faşistləri ilə Sosialist partiyası arasında bağlanmış saziş (1921).

Sajen — dərinlik ölçü vahidi, 2,5 metrə bərabərdir.

Sancaq (türkcə) — bayraq deməkdir. Osmanlı imperatorluğunda inzibati vahid.

Sanasion rejim — siyasi həyatın «sağlamlaşdırılması». 20-30-cu illərdə Polşada Pilsudskinin yeritdiyi rəsmi dövlət siyasəti.

Sandıxdar ağası — xəzinədar (xanlıqlar dövründə).

Sankyülot (fransızca) — uzunşalvarlı deməkdir. Fransada zadəganların kasıblara geyimlərinə görə həqarətlə verdikləri ad. İnqilab illərində şəhər yoxsulları bu ləqəbi özlərinə götürdülər və iftixarla daşımağa başladılar.

Satrap — Satraplığın başçısı, canişin.

Satraplıq — canişinlik. Əhəməni hökmdarı I Daranın yaratdığı inzibati vergi dairələri.

Sekir — Qədim Misirdə uzun saplı döyüş baltası.

Seqreqasiya — ABŞ-da əvvəllər ictimai yerlərdə, məktəblərdə, nəqliyyatda və digər yerlərdə «rəngli» əhali ilə «ağ» əhaliyə fərq qoyulması.

Seminariya (latınca) — məktəb, orta ruhani təhsili verən xristian ruhani məktəbləri və ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi.

Senat (latınca) — 1) ağsaqqallar şurası. Qədim Romada ali dövlət orqanlarından biri; 2) demokratik ölkələrinin əksəriyyətində parlamentin yuxarı palatasının adı.

Senator — senatın üzvləri.

Sentimentalizm — ədəbi-bədii cərəyan. Sentimentalizm klassizmin əksinə olaraq şəxsi intim həyat məsələlərini, insan münasibətlərini, sadəliyi, səmimiliyi, ailə həyatı ziddiyyətlərini və s. geniş planda verir.

Separatçılıq — ayrılmağa meyl, ayrılma təşəbbüsü.

«Səhra gəmisi» — bədəvilər (bax: bədəvilər) dəvəni belə adlandırırdılar.

Sənətkar — qab-qacaq, silah, parça və digər məmulatlar hazırlayan usta.

Sələmç — yüksək faizlə borc verib mənfəət qazanan şəxs.

Səlib yüruşləri (ərəbcə) — xaç yürüşləri. Roma papası II Urban "İsanın qəbrini kafirlərin (yəni müsəlmanların) əlindən xilas etmək" bəhanəsilə xristianları Şərq ölkələrinə yürüşə çağırdı. Əslində isə bu yürüşlərdə məqsəd var-dövlət və yeni torpaqları ələ keçirmək idi. Xaç yürüşlərinin iştirakçılarını «səlibçilər», bu yürüşləri isə «səlib yürüşləri» adlandırırdılar. Bu yürüşlərdə iştirak etmək istəyənlər paltarlarına qırmızı parçadan xaç tikdiklərinə görə xaç yürüşləri adlanır. Səkkiz xaç yürüşü təşkil edildi. Lakin Qərb feodalları Şərq ölkələrini işğal etmək məqsədlərinə çatmadılar.

«Səma oğlu» — VII əsrin əvvəllərində Çində hakimiyyətə gəlmiş Tan sülaləsindən olan imperatorları bu cür adlandırırdılar.

Sərbədarilər (farsca) — dara çəkilənlər deməkdir. İran və Mərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatının iştirakçıları.

Sərdabə — qəbir abidəsi. Daxilinə mərhumun cənazəsi qoyulan memarlıq tikilisi. Sərdabə mərhumun xatirəsini əbədiləşdirir.

Sərir — Dağıstanda avarların əcdadlarının yaşadığı dağlıq ölkənin orta əsr mənbələrində adı. Bu bölgənin əhalisini isə sərirlər adlandırırdılar.

Sərkərəli — xanlıqlar dövründə maliyyə işlərinə baxan şəxs.

Sərpuş — qab və qazan ağzına qoyulan qulpsuz mis qapaq. Konusşəkilli olur. Yaxın və Şərq ölkələrində geniş yayılmışdır. Azərbaycanda son zamanlaradək işlədilən bu qablar həm də qiymətli sənət əsəridir.

Səvari — XVII əsrdə Azərbaycanda əhalinin hakim sülalənin üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə göndərilən tanınmış adamlara verdiyi hədiyyə (Novruz bayramı münasibətilə də verilirdi).

Sfinks — Misirdə qayadan yonulmuş 20 metr hündürlüyündə başı insan başı, bədəni aslan bədəni olan heykəl. Onu «Dəhşətlər atası» da adlandırırlar.

Sxolastika (yunanca) — elmi söhbət, məktəb. Burada ehkamçılıq, formal məntiqə əsaslanmaq kimi başa düşülür.

Siklop tikililəri — qədim yunan əsatirlərində qeyri-adi gücə malik təpəgözlərə deyilirdi. Rəvayətə görə qədimdə böyük ölçülü tava daşlardan hörülmüş qalaçaları həmin «sikloplar», yəni «təpəgözlər» tikmişlər. Buna görə də belə qalalar «siklop tikililəri» adlanır.

Sindikat (latınca) — eyni növ məhsul istehsal edən müəssisələr birliyidir. Sindikatın iştirakçıları istehsal müstəqilliyini saxlayır, ticarət müstəqilliklərini itirirlər.

Sinoykizm (yunanca) — Attika şəhərlərinin Afinanın hakimiyyəti altında birləşməsi.

Sionizm — İsrailin rəsmi ideologiyasına və siyasətinə çevrilmiş millətçilik ideologiyası və siyasəti. Qüdsdə Sion dağının adından götürülmüşdür.

Sipahi — bəzi hind dillərində «sipahi» döyüşçü deməkdir, Hindistanın müstəmləkə olduğu dövrdə Avropa müstəmləkəçilərinin yerli əhalidən təşkil olunmuş ordularında xidmət edən muzdlu əsgər.

Sivilizasiya (latınca) — mülki, sosial deməkdir. Sivilizasiya dedikdə, bu və ya digər ölkələr və xalqlar qrupuna xas olan maddi, mənəvi və sosial həyatın müəyyən inkişaf mərhələsi başa düşülür.

Skif (ingiliscə) — akademik avarçəkmə yarışlarında istifadə edilən idman qayığı.

Skif — yunanlar sakları (iskitləri) belə çağırmışlar, bu ad mixi qaynaqlarda işquz, aşquz şəklində verilir.

Skiflər (saklar, iskitlər) — Qara dənizin şimal sahillərində, Qərbi Türküstanda, Dunay-Dnestr-Don çayları hövzələrində yaşamış qədim türk tayfaları; e.ə. VIII əsrin sonlarından Dərbənd keçidi vasitəsilə Azərbaycana gəlmiş iskitlər e.ə. VII əsrin ortalarında Kür-Araz ovalığında İskit çarlığı yaratmışlar. Qədim yazılı mənbələr, Mingəçevirdən tapılmış iskit maddi mədəniyyət nümunələri, xüsusilə Azərbaycandakı iskit toponimiyası iskitlərin Azərbaycan xalqının entogenezində müəyyən dərəcədə iştirakını göstərir.

Sloboda (rusca) — vergi və mükəlləfiyyətdən azad yaşayış məntəqəsi.

Smalta — şəffaf olmayan rəngli şüşə qırıntıları. Smaltanı təzə vurulmuş suvağın üstünə müxtəlif mailliklə düzürlər. Tamaşaçı binanın içində hərəkət etdikdə, onlar rəngdən-rəngə düşür və sanki rəngbərəng parlaq işıqlar saçır.

Sobor — Qərbi Avropada şəhərin baş kilsəsi.

Sovxoz (rusca) — Sovet təsərrüfatı deməkdir.

Standartlaşdırma — məlumatların bir çox növünün az miqdarda birtipli növə çevrilməsidir ki, bu da istehsalı daha səmərəli təşkil etməyə imkan verir.

Status (latınca) — vəziyyət. Vətəndaşların və ya hüquqi şəxslərin hüquqi vəziyyəti.

Stil (yunanca) — Qədim Yunanıstanda yazı yazmaq üçün bir ucu iti, bir ucu küt olan metal çubuq. Mum çəkilmiş lövhə üzərində iti ucu ilə yazır, küt ucu ilə pozurdular.

Strateqlər (yunanca) — «hərbi başçı» deməkdir. E.ə. VI əsrin sonlarından başlayaraq Afina ordusuna və donanmasına başçılıq edən şəxslər. Strateqlər xalq yığıncağı tərəfindən seçilirdilər.

Streles — XVI əsr-XVIII əsrin əvvəlində Rusiya ordusunun daimi əsgəri. Bu əsgərlər odlu silahla silahlanırdılar. Streleslər, əsasən, piyada qoşunu hesab olunur, cüzi hissəsi isə süvari qoşunu təşkil edirdi.

Struktur — quruluş (dövlətin təşkili formaları).

Subaşı — türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı, sülh vaxtı şəhər və qalalarda asayişə nəzarət edən rəis.

Sudan kondomimu — İngiltərə və Misir tərəfindən birgə idarə olunan ölkə

Sultan — 1) müsəlman ölkələrində ali hökmdarın titulu. Azərbaycanda xandan aşağıda duran və kiçik hakimliklərə başçılıq edən feodallara da sultan deyilirdi; 2) qazaxlarda bir neçə min alaçıqdan ibarət aulun başçısı.

Suverenlik — ölkənin daxili həyatının bütün məsələlərinin həllində və digər dövlətlərlə münasibətlərdə hakimiyyətin sərbəstliyi, dövlətin istiqlaliyyəti və müstəqilliyi. Suverenliyə hörmət müasir beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas prinsiplərindəndir.

Sürrealizm (fransızca) — "üstün", «yuxarı» mənasındadır. XX əsrin 20-ci illərinin rəssamlığında cərəyan.

Syoqun (yaponca) — «vəhşiləri itaətə gətirən Böyük sərkərdə» deməkdir. İrsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu.

Ş

Şaduf — Qədim Misirdə hündürdə yerləşən tarlalara və bağlara suyun çıxarılmasını asanlaşdıran qurğu.

Şaman — qədim türklərdə ruhlara sitayişlə əlaqədar fəaliyyət göstərən din xadimi.

Şamxal — Dağıstanda qumuq, lak, dargin və başqa hakimlərə verilən titul.

Şenşi — Çində «adlı-sanlı adamlar» silki. Şenşilər məmur vəzifələrini tutur, kəndin hakim təbəqəsini təşkil edirdilər.

Şeyx əl-bələd (ərəbcə) — şəhər rəhbəri.

Şeyxülislam (ərəbcə) — İslamın başçısı. XI əsrdən görkəmli şəriət hüququ ilahiyyatçılarının, sonralar ali ruhani xadimlərinin fəxri titulu. Səfəvi dövlətində baş qazı.

Şəhrdar — Sasanilər sülaləsinə mənsub olanlar. Onlara mərzbanlıq tapşırılırdı. (bax: mərzban). Onlar şəhrdar — canişin adlanırdılar.

Şərbaflıq — İpək məmulatları hazırlayan sənət sahəsi.

Şərti torpaq mülkiyyəti — feodalizm dövründə müəyyən dövr üçün xidmət müqabilində verilmiş torpaq sahibliyi.

Şinfeyn (irlandca) — mənası «biz hamımız sizinləyik» deməkdir. İrlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan partiya.

Şiraz qonaqları — Kərim xan Zəndin bir sıra Azərbaycan xanlarını qonaqlıq adı ilə Şiraza apararaq ömürlük «könüllü dustaqlar»a çevirməsi hadisəsindən yaranmışdır.

Şimal əraziləri — Yaponiyada dörd adaya verilən ümumi ad. Yaponlar bu adaları Yapon arxipelaqının davamı hesab edirlər.

Şlyaxta (polyakca) — Polşada hakim feodal zümrəsi, zadəgan.

Şovinizm — milli müstəsnalığın təbliği, bir millətin mənafeyinin başqa millətin mənafeyinə qarşı qoyulması və nifrətin qızışdırılması.

Şudra — Hindistanda dördüncü kasta (bax: kasta), nökərlər.

Şumerlər — Mesopotamiyanın cənubunda yaşamış türk mənşəli xalq.

T

Tağ — Roma memarları bir-birinə sıx birləşdirilmiş daşlardan qövsşəkilli örtüklər tikməyi öyrəndilər. Bu örtüklər tağ adlanırdı.

Tandem — siyasi cütlük.

Tanhu — Hun tayfa ittifaqının başında duran şəxs. «Tanhu» sözü sonralar türk xalqlarında «yabqu», «kağan», «xaqan» şəklində işlənmişdir.

Tanxo — Mərkəzi Asiya dövlətlərində kiçik torpaq mülkiyyəti forması, yalnız hərbi xidmət müqabilində verilirdi.

Taliban — tələbə sözünün cəm şəkli. Əfqanıstanda 90-cı illərdə mövcud olmuş dini-siyasi cərəyan, hərəkat.

Tarixi mənzumə — Şer şəklində yazılan süjetli əsər. Tarixi hadisələri göstərir.

Tayfa — Eyni ərazidə yaşayan, eyni dildə danışan, eyni adət-ənənələrə malik olan bir neçə qohum qəbilənin (soyun) birliyi.

Taypin — Tyanqo (çincə) — "İlahinin böyük səadət dövləti" deməkdir. Bu ideyanın ardıcıllarını taypinlər adlandırırdılar.

Temirxan-Şura — Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında indiki Buynaks şəhəri.

Termidor — Fransada yakobinçilərin tətbiq etdikləri inqilabi təqvimə əsasən «isti ay» deməkdir (iyul, avqust). Yakobinçilərin bu islahatına əsasən, yeni təqvimin başlanğıc günü 1792-ci il 22 sentyabrından, yəni respublika elan olunduğu gündən başlanırdı.

Termlər (yunanca) — «Termos» sözündən olub, isti deməkdir. Romada imperatorun əmri ilə tikilən, isti və soyuq hovuzları olan hamamlar. Termlərin qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada keçirirdilər.

Terror — qorxuya salma, sui-qəsd.

Terror aktı — dövlət xadimlərinin, yaxud ictimai xadimlərin həyatına qəsd.

«Təcridolunma» — Çində və Yaponiyada xarici ölkələrlə, xüsusən Qərb ölkələri ilə əməkdaşlığa məhdudiyyət qoyulması.

Təfsir — izah, şərh etmə.

Təhsildar — Oğuz dövlətində şəhərlərdən vergiyığan məmur.

Təkəlduzçuluq — Azərbaycanda yayılan tikmə sənət növü. Bu cür tikişlər mavi, qırmızı, qara rəngli parça üzərində tikilir. İstehsal şəhərləri Şəki və Təbriz şəhəridir.

Təkfir (ərəbcə) — kafir adlandırma, dinsizlikdə təqsirləndirmə.

Təqdir etmək — bəyənmək, qiymətləndirmək.

Təngə — Mərkəzi Asiyada pul vahidi, gümüş sikkə.

Tənzimat (türkcə) — islahat deməkdir.

Tərh — dövlətə və ya feodala lazım olan malın bazar qiymətindən aşağı qiymətə alınması.

Təriqətçilər — Rusiyada rəsmi xristian kilsəsinə tabe olmayan, köhnə ayin və mərasimlərə əməl edən dindarlar.

Təsnifat — elmi biliklərin ayrı-ayrı sahələr üzrə bölünməsi.

Təzminat (reparasiya) — Beynəlxalq hüquqda dəymiş ziyanı ödəmək, (adətən, pulla) nəzərdə tutulur. Sülh müqaviləsi və başqa beynəlxalq aktlar vasitəsilə həyata keçilir (bax: reparasiya).

Tigin — Göytürk imperatorluğunda Xaqan ailəsinə daxil olan şahzadələr bu titulu daşıyırdı.

Timar (türkcə) — Osmanlı imperatorluğunda şərti irsi torpaq sahibliyi. Hərbi xidmətə görə dövlət torpaq fondundan verilirdi.

Tiran (yunanca) — «bütün hakimiyyəti əlində cəmləşdirmiş hökmdar mənasını verir. Qədim yunan şəhər-dövlətlərində və klassik feodalizm dövründə İtaliya şəhər-dövlətlərində hökmdar.

Tiryək — çox təhlükəli, zəhərli narkotik maddədir. Onun çəkilməsi insan orqanizmini məhv edir.

Toxa — sümükdən, buynuzdan və daşdan ucluq bərkidilmiş, torpağı yumşaldan əkinçilik aləti.

Toxar yazısı — hind əlifbasının variantlarından biri.

Toxmacar — meşə və ya meşə şitilliyinin səpin bölməsində toxumlardan alınmış bitkilər.

Toxunulmazlar — Hindistanda heç bir əsas kastaya daxil olmayan, murdar hesab edilən adamlar.

Totalitarizm (latınca) — „totalis“ — »bütün, tam" demək olub, avtoritar dövlət forması mənasını daşıyır. Dövlətin cəmiyyətin üzərində tam nəzarəti.

Toyon — Yakutlarda tayfa başçısı, knyaz.

Töycü — kəndlilərin öz təsərrüfatlarından əldə etdikləri ərzaq və digər məhsullardan feodala verdikləri ödənişlər.

Tragediya (yunanca) — «keçilər mahnısı». Faciə. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, şücaəti, çox vaxt isə ölümü təsvir olunurdu.

Traybalizm — Afrikada özünü tayfalararası düşmənçilikdə göstərən tayfaarası ədavət.

Tred-yunion (ingiliscə) — peşə və ittifaq sözlərindəndir. Peşələrə görə ittifaq deməkdir (həmkarlar ittifaqı).

Triumf — Qədim Romada qalib sərkərdənin öz qoşunu, ələ keçirdiyi qənimət və əsirlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması.

Triyera — qədim yunanların döyüş gəmisi. Hər bir hərbi gəminin sağ və sol tərəflərində üç sıra avar olduğundan, onları triyera adlandırırdılar. Hər gəmidə 180 nəfər avarçəkən, 20-30 döyüşçü olurdu.

Troya atı — qədim yunan əfsanəsinə görə, yunanlar taxtadan düzəltdikləri nəhəng atın içərisində seçmə döyüşçüləri gizlədərək onu Troya şəhərinin divarı qarşısına gətirib qoymuşlar. Troyalılar atı şəhərə gətirmişlər. Gizlincə atın içindən çıxan yunan döyüşçüləri şəhərin qapılarını açmış, yunan qoşununu şəhərə buraxmışdılar, nəticədə Troya yunanların əlinə keçmişdi. Məcazi olaraq «bədbəxtlik gətirən hədiyyə» mənasında işlənir.

Tümən — İranda pul vahidi. XIX əsrdəki kursla 1,5-2 manata bərabərdir.

Türk — bu sözün iki müxtəlif mənası vardır: 1) güclü; qüvvətli; 2) doğan, törəyən, "çoxalan".

Türklər — qədim zamanlardan Mərkəzi Asiya, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Yenisey çayları boyu ərazilərdə yaşamış xalq. Müasir dövrdə türklər Asiya, Avropa və Afrikada yaşayırlar.

Uazno — Gürcüstanda orta feodallara verilən ad.

Ulafa — bir nəfərin dolanışığı üçün alınan vergi (hərbçi, canişin və başqalarının).

Unifikasiya (almanca) — vahid şəklə, formaya, yaxud sistemə salma. Almaniyada nasistlər bu ad altında bütün siyasi partiyaları və təşkilatlan darmadağın etmişdilər.

Unitar dövlət — dövlət quruluşu forması: burada dövlətin ərazisi, federasiyadan fərqli olaraq, federativ vahidlərə (ştat, torpaq və s.) deyil, inzibati ərazi vahidlərinə (vilayət, rayon və s.) bölünür. Unitar dövlətdə vahid dövlət konstitusiyası, vahid dövlət hakimiyyəti orqanların sistemi, ümumi hüquq sistemi qüvvədədir.

Uniya (latınca) — birlik mənasındadır. Monarxiya dövlətlərinin bir monarxın hakimiyyəti altında birləşməsi.

Usmi (ərəbcə) — tanınmış, məşhur. Şimali Qafqazda Qaraqaytaq hakiminin titulu.

Uşr — Səlcuqlar dövründə vergi növü. Məhsulun ondan bir hissəsini təşkil edirdi.

Uyğur (türkcə) — «müttəfiq», «uyuşan» deməkdir.

Uyğurlar — Mərkəzi Asiyanın qədim türk xalqı.

Uzun divarlar — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra «Uzun divarlar» dağıdıldı.

Ü

Üzərliktəpə — Ağdam şəhərinin şərqində Orta Tunc dövrünə aid arxeoloji abidə.

Ümid burnu — Afrikanın cənubunda burun. Ümid burnunu ilk dəfə 1488-ci ildə B. Diaş kəşf etmiş və onu «Fırtına burnu» adlandırmışdı. Portuqaliya kralı II Juan burunun adını dəyişdirərək "Ümid burnu" qoymuşdur (buradan Hindistana çatmaq ümidi ilə).

Üçlər ittifaqı — Almaniya, Avstriya-Macarıstan və İtaliyanın 1879-1882-ci illərdə yaranmış hərbi-siyasi bloku. Bu blok Birinci Dünya müharibəsinin (1914-1918) başlanmasında mühüm rol oynamışdı. Üçlər ittifaqına cavab olaraq Rusiya, Fransa və Böyük Britaniya «Antanta»nı yaratdılar (bax: Antanta).

V

Vahə (ərəbcə) — səhrada su və yaşıllıq olan sahə.

Vandallar — V əsrin sonlarında Şimali Afrikada məskən salmış alman tayfaları.

Vandalizm — mədəniyyət abidələrinin və maddi sərvətlərin vəhşicəsinə məhv edilməsi. Bu istilah qədim german tayfaları olan vandalların adından yaranıb.

Varfolomey gecəsi — 1572-ci ildə avqustun 23-də Parisdə katoliklər protestant qırğını törətdilər. Qırğın dalğası Fransanın başqa şəhərlərinə də yayıldı. İki həftə ərzində 30 mindən çox adam öldürüldü. Bu qırğın müqəddəs Varfolomey günü baş verdiyinə görə «Varfolomey gecəsi» adını aldı. İndi «Varfolomey gecəsi» düşmənə qəddarcasına, amansız divan tutmaq mənasında işlədilir.

Vassal (fransızca) — xidmətçi, nökər sözündəndir. Qərbi Avropada feodalizm dövründə iri feodallardan, yəni senyordan asılı olan xırda feodal.

Vassal dövlət — başqa, daha güclü dövlətdən asılı olan xırda feodal dövləti. Vassal dövlətin daxili işlərdə bəzi müstəqilliyi olsa da, beynəlxalq aləmdə onu asılı olduğu dövlət təmsil edirdi.

Vassallıq — orta əsrlərdə bir feodalın (vassalın) digər feodaldan (senyordan) şəxsi asılılıq münasibətləri sistemi. Vassallıq VIII-IX əsrlərdə Frank imperiyasında meydana gəlmişdir.

Vasitəçi ticarət — tacirlərin bir ölkədən aldıqları malları başqa bir ölkədə, digər bir ölkənin tacirlərinə satmaları.

Vavilon — qədim yunan müəllifləri Babil şəhərini belə adlandırırlar.

Veçe (qədim slavyanca) — Şərq slavyanlarında xalq yığıncağı. Veçe müharibə və sülh məsələlərini həll edir, knyazı seçir, yaxud hakimiyyətdən qovur, qanunları qəbul edir: digər knyazlarla müqavilələr bağlayırdı.

«Veda» — qədim hindlilərin dini etiqadları və qanunları toplanmış sənəd.

«Verden qəssabxanası» — Birinci Dünya müharibəsinin gedişində 1916-cı ilin fevralında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə «Verden qəssabxanası» adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi.

Verst uzunluq ölçü vahidi. Rusiyada işlədilmişdir. 1 verst = 1,0668 km.

Veteran (latınca) — qoca, sınanmış, təcrübəli sözündən: 1) Qədim Romada orduda xidmət müddətini bitirmiş əsgər; 2) çox təcrübəli döyüşçü, müharibə iştirakçısı; 3) məcazi mənada hər hansı sahədə uzun müddət çalışan adam.

Veto (latınca) — qadağan edirəm.

Vəqf — dini və ya xeyriyyə məqsədləri ilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin dini idarələrə, məscidlərə könüllü bağışladığı daşınan və daşınmaz əmlak. Vəqf torpaqlarını satmaq, bağışlamaq olmazdı. Vəqf VII-VIII əsrlərdə yaranmış, orta əsrlərdə Azərbaycanda da geniş yayılmışdı.

Vəliəhdneşin (farsca) — vəliəhd əyləşən yer deməkdir. Fətəli şah zamanında Cənubi Azərbaycan vəliəhdineşin hesab edilmiş, «darüssəltənə» (səltənət evi) adlandırılan Təbriz isə həmişə rəsmi vəliəhdilərin yaşayış yeri olmuşdur.

Vətəndaş — hər hansı bir ölkənin tam və bərabərhüquqlu əhalisi.

Vətəndaş cəmiyyəti — azad, müstəqil və bərabərhüquqlu adamlardan ibarət olan cəmiyyət.

Vəl — öküz və ya at qoşulmuş, üzərində kiçik itiuclu daşlar yerləşdirilmiş taxta lövhədən ibarət taxıl döymək üçün istifadə olunan alət.

Vərdənə — ağacdan hazırlanmış yumru kötük. Əvvəllər təkər əvəzində işlədilmişdir.

«Vilvet» (ingiliscə) — mənfəət.

«Vilvet» planı — İkinci Dünya müharibəsi dövründə Qərb müttəfiqlərinin Qafqaza dair planının adı.

Vitraj (fransızca) — rəngli, şəffaf şüşə parçalarından düzəldilmiş şəkillər və ya naxışlar.

Y

Yabqu — Göytürk imperatorluğunda xaqanın gələcək ailəsi bu titulu daşıyırdı.

Yakobinçilər — Böyük Fransa Burjua inqilabı vaxtı Müqəddəs Yakov monastırına toplanıb iclas keçirən burjua inqilabçıları.

Yarmarka (almanca) — ildə bir dəfə keçirilən beynəlxalq bazar.

Yaşıl inqilab — Hindistanda həyata keçirilən aqrotexniki tədbirlər kompleksi.

Yelenendorf — indiki Xanlar qəsəbəsi. XIX əsrin əvvəllərindən Şimali Azərbaycanda yaranmış alman koloniyası.

Yeni burjuaziya — Böyük Fransa Burjua inqilabı dövründə kilsənin, mürtəce zadəganların torpaqlarının alınması, yenidən satılması, ərzaq alveri və ordunu məhsulla təmin etmək sahəsində varlanmış sosial qrup.

Yeni zadəganlar — təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə təşkil edən İngiltərə zadəganları.

Yeniçəri (türkcə) — yeni əsgər, qoşun deməkdir. Dövlət xəzinəsi hesabına saxlanılan nizami türk piyadası.

Yengiloylar və muğallar — türksoylu tayfalar. XVII əsrin əvvəllərində I Şah Abbasın köməyi ilə Car, Muxax, Tala, Çardaqlı, Katex, Qaşqaçay və Suvagil kəndlərində məskən salmışdılar.

Yepiskop (yunanca) — nəzarətçi deməkdir. Pravoslav, katolik və anqlikan kilsələrində ali ruhani rütbəsi.

Yevangeliya — I əsrin sonu — II əsrdə Qədim Romadan İusus haqqında əfsanələr yazıya alındı. Bunlar yunanca «Yevangeliya» yəni, şad xəbərlər adlandırıldı. Azərbaycan dilində ona "İncil" deyilir.

Yezuit (latınca) — «Yezus», yəni «Yisus», İsa sözündəndir

Yezuitlər ordeni — 1540-cı ildə yaranmış dini təşkilat. Papanın təşəbbüsü ilə yaranmış bu ordenin (bax: orden) məqsədi reformasiyaya qarşı mübarizə aparmaq idi.

Yınal — Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri

Yuan — Çində gümüş pul vahidi

YUNESKO — Birləşmiş Millətlər təşkilatının maarif, elm və mədəniyyət işlərinə baxan ixtisaslaşdırılmış hökumətlərarası təşkilat

Yunq planı — Birinci Dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı. ABŞ nümayəndəsi O.Yunq tərəfindən hazırlanmışdır. 1929-cu ildə hazırlanmış bu planın məqsədi Amerika kapitalının Avropaya güclü nüfuz etməsinə və gələcəkdə Almaniyanın hərbi-sənaye potensialının dirçəldilməsinə təsir göstərmək idi.

Zaqatala dairəsi — Şimali Azərbaycanda 1860-cı ilin mayında yaradılmış inzibati ərazi vahidi. Tərkibinə Əliabad, Qax, Car, Muxax və Balakən yaşayış məntəqələri daxil idi. Dairəni hərbi, mülki və inzibati hakimiyyəti öz əlində cəmləşdirmiş hərbi rəis idarə edirdi.

Zəmindar — Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan şərti torpaq sahibi.

Zəmindarlıq — torpaq üzərində şərti nəsli sahiblik sistemi.

Zikkurat — Mesopotamiyada şumer memarlığına xas olan 3,5,7 mərtəbəli pilləli məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi. Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər.

Zimmilər (ərəbcə) — ərəb ordusunda könüllü xidmət edən xristianlar.

 

Müəlliflər:

  • Əkbər Ədilxan oğlu Qocayev
  • Şəhla Muğan qızı Quliyeva
  • Sevda Abas Əli qızı Əliyeva

Mənbə: TARİXİ ANLAYIŞ VƏ TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ

0 şərh