1920-30-cu illərdə SSRİ-də totalitar dövlət modelinin bərqərar olması

Sovet cəmiyyəti 20-30-cu illərdə.Xalq təsərrüfatının bütün sahələrində, sosialist sisteminin qələbəsi nəticəsində sovet cəmiyyətinin sinfi strukturu dəyişdi və cəmiyyət təbəqələşdi. Sovet cəmiyyətinin sosial-sinfi strukturunun dəyişilməsi 1917- 1937-ci illəri əhatə etməklə üç mərhələyə bölünür:

  1. İstehsal vasitələrinin milliləşdirilməsi və torpağın xalq mülkiyyətinə çevrilməsi nəticəsində mülkədarlar və iri burjuaziyanın ləğv edilməsi mərhələsi — yəni vətəndaş müharibəsi illəri.
  2. Şəhər burjuaziyasının yeni iqtisadi siyasət illərində artan təbəqələrinin və kənd təsərrüfatının kolletivləşdirilməsi gedişində qolçomaqların ləğv edilməsi mərhələsi — yəni birinci beşillik illəri.
  3. İstismarçı siniflərin və onları doğuran səbəblərin aradan qaldırılması mərhələsi — yəni ikinci beşillik illəri.

Bu əslində kapitalizmin qalıqlarının ləğv edilməsi demək idi, kapitalizmin qalıqlarının ləğv edilməsi isə ölkənin geriliyi, tərəqqinin və inkişafın ləngiməsinə şərait yaradırdı. 1917-1937-ci illərdə cəmiyyətin sosial-sinfi strukturunun dəyişilməsi nəticəsində fəhlə sinfi, kolxozçu kəndlilər, qulluqçu və ziyalılardan ibarət olan sosial təbəqə formalaşmışdır. Sinfi strukturun dəyişməsi, əslində cəmiyyətin bütünlüklə irəliyə doğru inkişafını təmin edən siniflərin heç də yaranması demək deyildir. Bu, əslində ictimai qruplarda birləşmiş insanların birliyi idi.

Bu dövrdə, cəmiyyətin hegemon-aparıcı sinfi fəhlə sinfi hesab edilirdi. Ona görə ki, Leninin söylədiyi “müasir cəmiyyətdə axıradək inqilabçı olan və buna görə də hər bir inqilabda qabqcıl olan yeganə sinif proletariatdır” kimi müddəası əldə bayraq edilərək iddia edilirdi ki, fəhlə sinfi cəmiyyətin başlıca məhsuldar qüvvəsi, əsas maddi sərvətlərin yaradıcısı, elmi-texniki və sosial tərəqqinin göstəricisi, qabaqcıl ideologiyanın ifadəçisidir. Əslində cəmiyyətdə fəhlə sinfinin yeri və rolu təhrif edilmişdir. O dövrdə fəhlə sinfi olduqca az məhsuldar əməyə, geri qalmış təhsil səviyyəsinə malik bir sinif idi. Əsas maddi sərvətlərin yaradıcısı təkcə fəhlə sinfıdirmi? Bu fikir əslində əhalinin digər qrup və təbəqələrinin əməyinin heçə endirilməsi demək idi. Belə ki, elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi məhz fəhlə sinfinin deyil, ziyalıların, ilk növbədə, texniki ziyalıların xidmətidir.

Sosializm quruculuğu illərində kəndlilərin siması da köklü şəkildə dəyişdi. Kəndlilər yekcins sinfə çevrildilər. Təbəqələşmə aradan qaldırıldığı üçün muzdur, yoxsul, ortabab və qolçomaq kimi kəndli kateqoriyaları da silinib getdi. Kənddə əslində rəqabət, inkişaf aradan qalxdı. Bu da kənd təsərrüfatının geri qalması üçün obyektiv şərait yaranmasına gətirib çıxartdı.

Ziyalılara gəldikdə onların tərkibində də müəyyən dərəcədə dəyişiklik baş vermişdir. Fəhlə sinfi və kəndlilər içərisindən yeni ziyalılar — yəni sovet ziyalıları formalaşdı. Köhnə ziyalıların bir hissəsi Oktyabr silahlı üsyanından sonra sovet hökumətinə xidmət etməkdən imtina edərək xaricə mühacirətə getdilər, bir hissəsi isə sovet hakimiyyəti tərəfinə keçərək ona xidmət etməyə başladılar. Sovet ziyalısının əsil ziyalı kimi formalaşma mərhələsi çox qısa olmuşdur ki, bunun da obyektiv səbəbləri var idi. Hər yerdə savadlı adamlara ehtiyac olduğundan bu proses çox sürətlə gedirdi və bu da onların hazırlıq səviyyəsinin aşağı olmasına gətirib çıxarırdı. Alim, filosof D.A.Volkoqonovun qeyd etdiyi kimi, əslində “mütəxəssis ziyalını əvəz etdi.”

1913-cü illə müqayisədə 1939-cu il əhalinin siyahıyaalınmasının nəticələri cəmiyyətin sosial tərkibinin əsaslı surətdə dəyişdiyini nümayiş etdirir. 1913-cü ildə fəhlə və qulluqçular bütün əhalinin 17%-ni təşkil edirdisə, 1939-cu ildə bu 50,2%-ə (33%-i fəhlələr idi) yüksəlmişdi. Təktəsərrüfatçı kəndlilər və kooperativləşməmiş kustarlar ölkənin bütün əhalisinin 2,6 %-ni, kolxozçular isə 47,2 %-ni təşkil edirdi. 1913-cü ildə isə təktəsərrüfatlı kəndlilər ölkə əhalisinin 66,7 %-ni təşkil edirdi.

Beləliklə, təkcə 1929-1937-ci illər arasında əsasən kənddən çıxanlar hesabına fəhlə sinfi təqribən üç dəfə artaraq ailə üzvlərilə birlikdə 33,7 faizə çatmışdır. Ziyalı və qulluqçuları birləşdirən sosial qrup isə cəmiyyətin 16,5 faizini təşkil edirdi. Müasir tarixçilərin bir çoxu belə hesab edir ki, qulluqçu və ziyalılar arasında müxtəlif səviyyədə partiya -dövlət aparatını və kütləvi ictimai təşkilatları təmsil edən nomenklatura kimi bir təbəqə də yaranmışdır.

1939-cu il yanvarın 17-də Ümumittifaq miqyasında əhalinin siyahıyaalınması ölkənin ümumi mənzərəsini xarakterizə etmək baxımından da mühüm əhəmiyyətə malikdir. Siyahıyaalma nəticəsində məlum oldu ki, 1926-cı ildə SSRİ-də 147 milyon nəfər əhali yaşayırdısa, 1939-cu ildə ölkənin əhalisi 170,6 milyon nəfərə çatmış və ya 12 il ərzində əhalinin orta illik artımı 1,23% olmuşdu ki, bu da ABŞ, Fransa, Almaniya və İngiltərədə olduğundan yüksək idi. SSRİ-nin aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsi şəhər əhalisinin xeyli artmasına gətirib çıxardı. 1926-cı ildə şəhərlərdə 26,3 milyon nəfər, yəni bütün əhalinin 17,9%-i yaşayırdısa, 1939-cu ildə 56,1 milyon nəfər, yən bütün əhalinin 32,9%-i yaşayırdı. 12 il ərzində şəhər əhalisi 2 dəfədən çox artmışdı.

Fəhlələrin milli tərkibinə gəldikdə görürük ki, Oktyabrdan əvvəl Rusiyanın fəhlə sinfinin milli tərkibində üstünlüyü ruslar təşkil edirdi, beşilliklər ərzində respublikalarda milli kadrlar da yetişmişdi. 1934-cü ildə yerli millətlərə mənsub fəhlələrin sayı Ukraynanın iri sənayesində 60%-ə yaxın, Belarusiyada 66%-dən çox idi. Şəhər əhalisinin sürətlə artması kənd əhalisinin mütəşəkkil surətdə şəhərlərə cəlb edilməsinin nəticəsi idi. Bu ən çox 1932-1933-cü illərdə baş vermiş aclıqla əlaqədar idi. Bu illərdə kənd əhalisinin şəhərlərə və tikintilərə çıxıb getməsi kütləvi xarakter almışdı. 12 il ərzində kənddən şəhərə 18,5 milyon nəfər gəlmişdi. Ölkənin xəritəsində olmayan yeni şəhərlər və şəhər qəsəbələri meydana gəldi.

1926-cı ildə SSRİ-də 709 şəhər və 125 şəhərtipli qəsəbə var idisə, 1939-cu ildə 922 şəhər və 1148 şəhər qəsəbəsi var idi. Bu illərdə Maqnitoqorsk, Komsomolsk-Amur, Krasnouralsk, Elekrtostal, Balxaş, Mednoqorsk, Maqadan və başqa şəhərlər meydana gəldi. Bu şəhərlər əslində yeni sənaye mərkəzləri idi.

Səhiyyə sisteminin inkişaf etdirilməsi, mənzil tikintisi, əhalinin həyat səviyyəsinin qismən yüksəldilməsi sahəsində də müəyyən irəliləyişlər əldə edilmişdir, iki beşillik ərzində milli gəlir 46 milyard manatdan 96 milyard manata çatmışdı ki, bu da əmək haqqının artırılmasına imkan verdi. Ümumi əmək haqqı fondu 33 milyard manatdan 82 milyard manata çatmışdı. 1935-ci ildə ölkədə kartoçka sistemi ləğv edilmişdi. İctimai istehlak fondlarının bir hisəsi səhiyyə işinə və mənzil tikikntisinə sərf edilirdi.

Ümumiyyətlə, 1917-1937-ci illərdə ölkənin sosial-sinfi strukturunda, sinfi və milli tərkibdə, əhalinin təhsil səviyyəsində, milli münasibətlərdəki əsaslı dəyişikliklər SSRİ- də sosializmin Sovet modelinin qurulmasını göstərən başlıca şərtlər idi.

SSRİ-nin 1936-cı il Konstitusiyası.SSRİ-də sosializmin iqtisadi təməlinin qurulması, iqtisadiyyatda çoxukladlılığın aradan qaldırılması, kapitaliast siniflərinin və qolçomaqların ləğv edilməsi ölkədə sosializmin əsaslarının qurulmasının qanunvericilik yolu ilə təsbit edilməsini, başqa sözlə 1924-cü il konstitusiyasının dəyişdirilməsini tələb edirdi. Konstitusiya latın sözü olub bərqərar olmaq, quruluş deməkdir. Konstitusiya — Əsas Qanun ölkənin bütün qanunverici aktlarının əsası olub, ictimai və dövlət quruluşunu, nümayəndəli hakimiyyət orqanlarının təşkilinin qayda və prinsiplərini, seçki sistemini, vətəndaşların hüquq və vəzifələrini, cəmiyyətin həyatının önəmli məqamlarını müəyyən edir. Konstitusiya adətən humanist, hüquqi və siyasi funksiya daşıyır. Əgər bunlar həyata keçmirsə, saxta xarakterə malikdir.

1930-cu illərin birinci yarısında ölkə daxilində siyasi vəziyyətin, beynəlxalq münasibətlərin kəskinləşməsi, cəmiyyətin həyatında baş verən əsaslı dəyişikliklər, sənaye və kənd təsərrüfatında radikal tədbirlərə tələbat, dövlətin prestij və nüfuzunun möhkəmləndirilməsi, xalqın gələcək firavan həyat xəyallarının gerçəkləşməsinə inam ifadə etmək məqsədilə yeni konstitusiyanın qəbuluna ehtiyac var idi. Başqa bir tərəfdən yeni konstitusiyanın qəbul edilməsi sovet demokratiyasını bütün dünyaya nümayiş etdirərək sovet cəmiyyətinin kapitalizm cəmiyyətindən üstün olduğunu göstərmək məqsədi daşıyırdı.

Belə bir şəraitdə, 1935-ci il fevralın 6-da SSRİ VII Sovetlər qurultayı SSRİ MİK-nə yeni konstitusiya layihəsi hazırlamağı tapşırdı. Fevralın 7-də SSRİMİK-i İ.V.Stalinin sədrliyi ilə 31 nəfərdən ibarət konstitusiya komissiyası yaratdı. Konstitusiya layihəsinin hazırlanmasına partiya, dövlət, həmkarlar ittifaqları, respublikaların nümayəndələri, elmi işçilər və b. səfərbər edilmişdi.

1936-cı il iyun ayında konstitusiya layihəsinin hazırlanması işi başa çatdı və MK plenumunda İ.V.Stalin konstitusiya layihəsi haqqında məruzə etdi. Plenum konstitusiya layihəsini əsasən bəyəndi. Konstitusiya layihəsi 1936-cı il iyunun 11-də SSRİ MİK Rəyasət Heyətində müzakirə edilərək bəyənildi və onun ümumxalq müzakirəsi üçün mətbuatda dərc edilməsi qərara alındı. 1936-cı il iyunun 12-də konstitusiya layihəsi qəzetlərdə dərc edildi. Eyni zamanda layihə SSRİ xalqlarının 100 dilində kitabça halında çap olundu. 1936-cı ilin yayında və payızında yeni konstitusiya layihəsi müzakirə olundu. Müzakirə zamanı layihəyə çoxlu əlavələr, düzəlişlər, təkliflər irəli sürüldü. Təkliflər və əlavələr iki formada-açıq və gizli formada irəli sürülürdü.

Fəaliyyəti dayandırılmış bir sıra burjua və xırda burjua partiyalarının nümayəndələri ölkədə çoxpartiyalı sistemin yaradılması təklifi ilə çıxış edirdilər. Donda, Ryazanda və başqa yerlərdə fəaliyyət göstərən gizli qruplar “Partiyalar azadlığı” şüarını irəli sürürdülər.

1936-cı il noyabrın 25-dən dekabrın 5-dək SSRİ fövqəladə VIII Sovetlər qurultayı keçirildi. Qurultay dekabrın 5-də konstitusiyanın qəti mətnini təsdiq etdi. Yeni Konstitusiya SSRİ-də sosializmin qələbəsi faktını qanunvericilik yolu ilə təsbit etdi. Konstitusiya 11 fəsil və 146 maddədən ibarət idi. Birinci maddədə deyilirdi ki, “SSRİ fəhlə və kəndlilərin sosialist dövlətidir.” Birinci fəsildə ölkənin siyasi əsasından danışılır və qeyd edilirdi ki, SSRİ-nin siyasi əsasını zəhmətkeş deputatları Sovetləri təşkil edir. Konstitusiyaya görə ölkənin iqtisadi əsasını istehsal alət və vasitələri üzərində sosialist mülkiyyəti təşkil edir ki, bu da iki formada - dövlət və kolxoz-kooperativ mülkiyyəti formasında olur. Xüsusi mülkiyyət forması ləğv edildi, yalnız kustar və xüsusi həyatyanı təsərrüfatların saxlanılmasına yol verirdi ki, burada da muzdlu əməyin tətbiqinə icazə verilmirdi.

Konstitusiyanın ikinci fəslində SSRİ-nin dövlət quruluşundan bəhs edilirdi. 1936-cı ildə SSRİ İttifaqının tərkibinə 11 müttəfiq respublika — RSFSR, Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Ermənistan daxil idi. ZSFSR 1936-cı il dekabrın 5-də ləğv edildi.

Xarici siyasət, müdafiənin təşkili, xarici ticarət, dövlət təhlükəsizliyinin qorunması məsələləri, xalq təsərrüfatı planlarının qəbul edilməsi və başqa məsələlər SSRİ İttifaqının səlahiyyətinə daxil edilmişdi. Bu məsələlər istisna olmaqla yerdə qalan bütün dövlət məsələlərini müttəfiq respublikalar müstəqil surətdə həll edə bilərdilər. Formal da olsa hər bir sovet respublikasının SSR İttifaqından sərbəst çıxmaq hüququ saxlanılırdı və onun coğrafi ərazisi özünün razılığı olmadan dəyişdirilə bilməzdi. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq bütün SSRİ ərazisində vahid vətəndaşlıq müəyyən edilmişdir.

İttifaq respublikasının qanunları ümumittifaq qanunlarına uyğun gəlmədikdə 20-ci maddəyə müvafiq olaraq ümumittifaq qanunları əsas götürülürdü. Bu isə ümumittifaq orqanlarının nüfuz və siyasi üstünlüyünü göstərirdi. Bu bir tərəfdən mərkəzləşmiş plan təsərrüfatının rolunun artmasına, başqa bir tərəfdən mərkəzin özbaşınalığına və demokratik prinsiplərdən totalitarizmə keçməsinə şərait yaratmışdır.

Konstitusiyanın onuncu fəsli “Vətəndaşların əsas hüquq və vəzifələri”nə həsr edilmişdir. Sovet vətəndaşlarına əmək, istirahət, təhsil, qocalıqda və əmək qabiliyyətini itirdikdə maddi təminat almaq hüququ və başqa hüquqlar verilirdi.

Konstitusiyada xalqa vicdan, söz, mətbuat, yığıncaq və mitinqlər azaldığı, ictimai təşkilatlarda — həmkarlar ittifaqlarında, kooperativ birliklərində, gənclər təşkilatlarında, yaradıcılıq təşkilatlarında və s. birləşmək hüququ üçün təminat verilirdi. Konstitusiyanın bu fəslini N.İ.Buxarin yazmışdı və bu ən yaxşı fəsil hesab olunurdu. V.İ.Lenin “Yeni fabrik qanunu” əsərində yazırdı ki, “Rusiyanın imperator hökuməti qanunlarda yaxşı sözlər yazmağı, sonra isə onları təlimatlarla əvəz etməyi çox sevir.” Leninin bu sözlərini 1936-cı il Konstitusiyasına aid etmək olar. Vətəndaşların konsitutsiya ilə təmin olunmuş hüquqları nəinki müdafiə olunmur, onların hüquq və vəzifələri çox kobud şəkildə pozulurdu.

Konstitusiyanın on birinci fəsli seçki sistemini müəyyənləşdirdi. 1924-cü il konsitusiya ilə müqayisədə seçki sistemi prinsiplərinə yeni cəhətlər daxil edildi. Seçki hüququndakı məhdudlaşdırmalar (istismarçıların seçki hüququndan məhrum edilməsi) mənasını itirib köhnəldiyi üçün ləğv olundu. 1936-cı il Konstitusiyası hakimiyyət orqanlarının orta və ali pillələrinə çoxdərəcəli seçki sistemini və açıq səsverməni rədd etdi. Ümumi, bərabər, birbaşa və gizli seçki hüququna keçildi. Gizli səsverməyə keçilməsi dövlət aparatına xalq kütlələrinin nəzarətinin gücləndirilməsinə kömək etməli idi.

Beləliklə, SSRİ-də sosializmin Sovet modelinin bərqərar olması 1936-cı il Konstitusiyasında qanunvericilik yolu ilə təsbit olundu. Yeni Konstitusiyaya müvafiq olaraq, 1937-ci ilin dekabrındabirinci SSRİ Ali Soveti seçildi.

Lakin yeni Konstitusiya ilə elan edilmiş olan geniş ümumxalq demokratiyası prinsiplərinin ardıcıl surətdə həyata keçirilməsinə Stalinin şəxsiyyətinə pərəstişlə əlaqədar olan özbaşınalıq, təqib və repressiyalar mane oldu. Tarix göstərdi ki, 1936-cı il Stalin Konstitusiyası əsl demokratiya aləti ola bilməmişdir. Onun qabaqcıl prinsipləri cəmiyyət tərəfindən tam qəbul edilmədi, burada da sadə vətəndaşları ittiham etmək mümkün deyildir. Belə ki, Əsas qanun qəbul edilən vaxt ölkə hələ də inqilabi şəraiti unutmamışdır. Sovet cəmiyyətini idarə edənlər sıravi vətəndaşlara qorxu və etimadsızlıq prizmasından baxırdılar. “Bürokra-tikləşməyə” davam edən Sovetlər məmur özbaşınalığın dayandırmaq yerinə onu daha da şiddətləndirmişdir. Beləliklə, Stalin Konstitusiyası cəmiyyətin sosial dəyişikliklər mexanizmi yerinə qeyri-müəyyənlik şəraiti yaratmışdır.

Siyasi rejim və kütləvi repressiyalar

Partiya daxilində gedən mübarizə ölkənin ictimai-siyasi həyatına olduqca mənfi təsir göstərirdi. Ölkənin idarə edilməsinin inzibati-amirlik metodlarla inkişaf edərək inzibati-amirlik sisteminə çevrilməsi ilə nəticələnirdi. 20-ci illərdə möhkəmlənmiş inzibati-amirlik sisteminin kökləri “hərbi kommunizm” dövrünə gedib çıxır ki, bu dövrdə də bütün məsələlərin həll edilməsinin əsas vasitəsi əmr və sərəncamlar idi. Yeni iqtisadi siyasət illərində bir qədər yumşaldılmış bu sistem sənayeləşdirmə dövründə və ən çox isə kollektivləşdirmə dövründə daha da inkişaf etdirildi. 30-cu illərin sonlarında isə bu özünün kuliminasiya nöqtəsinə çatdı. Bu sistem iqtisadiyyatda bərqərar olduqdan sonra üstquruma da yayılmışdı ki, bu da sosialist demokratiyasını daha da məhdudlaşdırdı. İnzibati-amirlik sisteminə keçilməsi əslində aşkarlıq və plyuralizmin inkar edilməsi demək idi.

Hələ XVIII əsrdə görkəmli fransız maarifçisi və filosofu Monteskye göstərmişdir ki, “düzgün qaydalarla təşkil edilmiş dövlətdə tək hakimiyyət ola bilməz, bir-birindən asılı olmayan üç hakimiyyət — qanunverici, icraedici və məhkəmə hakimiyyəti mövcud olmalıdır. Hansı formada olursa-olsun onların bir orqanın və şəxsin əlində cəmləşməsi ümumi mənafeyin itirilməsinə, sui-istifadə hallarına və şəxsiyyətin siyasi azadlığının boğulmasına gətirib çıxarır.”

Ölkədə bərqərar edilmiş hakimiyyət partiya aparatının siyasi hökmranlığına çevrilmişdi. Hələ 1918-ci ilin martında V.İ.Lenin Paris kommunasının təcrübəsinə əsaslanaraq Sovet hakimiyyəti haqqında belə bir tezis irəli sürmüşdü: “Qanunverici və icraedici dövlət işlərinin birləşdirilməsi”. XKS timsalında belə birləşmə həyata keçirilmişdi. Vətəndaş müharibəsi illərində məhkəmə hakimiyyəti Ümumrusiya Fövqəladə Komissiyasının, digər fövqəladə və qeyri-məhkəmə orqanlarının, yerli icra orqanlarının əlində cəmləşmişdir ki, onlar da XKS-ə tabe idilər.

YİS illərində məhkəmə orqanları ilə idarəçilik orqanları arasında funksiyalar bölünmüşdü. Lakin 30-cu illərdə bu ayrılmalar yenidən ləğv edilir. Dövlət, partiya orqanları müntəzəm şəkildə məhkəmə hüquq orqanlarının işlərinə qarışırdılar. Hökmlərin, xüsusilə siyasi işlərə dair hökmlərin məzmunu əvvəlcədən müəyyənləşdirilirdi. 30-cu illərdə sovet cəmiyyəti mülki cəmiyyət olmadığı kimi, sovet dövləti də hüquqi dövlət deyildir və bu haqda söhbət də gedə bilməzdi. 1929-cu ildə siyasi xadimlərdən biri L.M.Koqanoviç deyirdi: “Biz hüquqi dövlət anlayışını rədd edirik.”

1936-cı il Konstitusiyasında bir sıra demokratik prinsiplər elan edilmişdi və göstərilirdi ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir, hakim müstəqildir və yalnız qanuna tabedir. Əslində 30-cu illərdə ölkədə konstitusiyaya zidd olaraq qeyri-məhkəmə orqanları sistemi fəaliyyət göstərirdi. Siyasi işlərə dair məhkəmələr müxtəlif illərdə Baş Siyasi İdarə (1934-cü ildən Daxili işlər nazirliyi) nəzdindəki Xüsusi müşavirə tərəfindən, çox hallarda isə “üçlük”, “ikilik” tərəfindən həyata keçirilirdi. Bir sözlə, ölkədə vətəndaşların hüquqi müdafiəsi üçün heç bir təminat yox idi. Müxtəlif adlar altında fəaliyyət göstərən dövlət təhlükəsizlik orqanları özlərinin başlıca vəzifəsini qorxu, xof və ümumi şübhəlilik yaratmaqda görürdülər. Dövlət orqanlarında işləyən çoxsaylı xəbərçilər ordusu adamların hər addımını izləyirdi. Açıq və gizli xəbərçilik şirnikləndirilirdi. Hər hansı bir adamın hakimiyyətə qeyri -loyal münasibətdə olması şübhə doğururdusa, həmin şəxs çoxsaylı ölüm düşərgələrindən birinə göndərilirdi. Ölkədə açıq məhkəmələrin olmasına, bunlarda məhkumun hüquqlarının vəkil tərəfindən müdafiə edilməsinə baxmayaraq, antisovet fəaliyyətdə şübhəli bilinən adamlar haqqında məhkəməsiz sərt hökmlər çıxaran “Xüsusi müşavirələr” deyilən müşavirələr də fəaliyyət göstərirdi. Dövlətdə belə vəziyyət yeni sovet elitasını tamamilə qane edirdi, çünki onun cəmiyyətdə imtiyazlı vəziyyətini təmin edirdi. Odur ki, həmin elita başlanğıcdan dövlətdə birinci adamın rolunun şişirdilməsinə çalışaraq, həm də bu işdə Rusiya əhalisinin dövlətlə onun başında duran şəxsiyyəti eyniləşdirən, tarixən yaranmış kütləvi şüurundan istifadə edirdi. Bu meyl özünü mitinqlərdə, iclaslarda, qurultaylarda bolşevik partiyasının ali rəhbərlərinin ünvanına deyilən saysız-hesabsız sağlıqlarda, şəhərlərin adlarının onların şərəfinə dəyişdirilməsində, fabriklərə, zavodlara, küçələrə onların adının verilməsində özünü göstərirdi.

20-ci illərdə partiyadaxili mübarizədə qalib gələn Stalin çox böyük, sözün əsl mənasında qeyri-məhdud hakimiyyətə sahib oldu. Onun partiya rəhbəri kimi, qanun çərçivəsi ilə məhdudlaşdırılmayan səlahiyyətləri nəinki xarici, həm də partiyadaxili müxalifətin olmadığı şəraitdə şəxsi hakimiyyət rejiminin möhkəmləndirilməsi imkanlarını genişləndirirdi. Stalin yaranmaqda olan totolitar sistemi öz şəxsi hakimiyyət rejiminin daha da möhkəmləndirilməsinə tabe etdi.

Bu yolda Stalin kütləvi represiyaların genişləndirilməsinə mühüm əhəmiyyət verirdi. Hələ 1928-ci ildə o, belə bir tezis irəli sürmüşdü ki, sosializmə doğru irəlilədikcə Sovet hakimiyyətinin gizli düşmənlərinin qızğın müqavimət göstərməsi ilə əlaqədar sinfi mübarizə kəskinləşir. Bu mülahizə daxili və xarici “düşmən obrazı” yaratmaq, kütləvi repressiyalar təşkil etmək üçün əsas oldu. Bir qayda olaraq kütləvi repressiyalar ideoloji kampaniyalarla müşayiət olunurdu. Bu isə geniş kütlələrin gözündə toplu həbs və edamlara haqq qazandırmaq məqsədi daşıyırdı. “Düşmən obrazı” ilə öz mövqeyini və fəaliyyətini möhkəmləndirməyə ehtiyac duyan sistem 1928-1941-ci illərdə amansız repressiya kampaniyaları keçirmişdir. Onların təşkilinin öz daxili məntiqi və məqsədi olmuşdur. Belə ki, 1920-ci illərin sonu-30-cu illərin əvvəllərində köhnə ziyalılara, 30-cu illərin əvvəllərində “qolçomaqlara”, 30-cu illərin birinci yarısında sabiq müxalifətçilərə, 30-cu illərin ikinci yarısında partiya, təsərrüfat və hərbi kadrlara qarşı kütləvi repressiyalar təşkil edilmişdir. Artıq 20-ci illərin sonu — 30-cu ilərin əvvəllərində “Şaxta işi”, “Sənaye partiyasının işi”, “RSDFP İttifaq bürosunun işi” deyilən açıq məhkəmə prosesləri keçirilmiş, sənayenin ayrı-ayrı sahələrinin mütəxəssisləri guya mühacir, antisovet təşkilatlarının tapşırığı ilə pozuculuq fəaliyyətində ittiham edilmişdi. Müttəhimlərin günahını sübut edən heç bir əsaslı dəlil yox idi. Başlıca dəlillər istintaqın təzyiqi nəticəsində müttəhimlərin özlərinin verməyə məcbur olduğu “etiraflar” idi. Artıq o zaman açıq məhkəmə prosesləri məhkəməsiz kütləvi cəzaları ört-basdır etməyə və onlara bəraət qazandırmağa xidmət edirdi.

1928-1930-cu illərdə çox sayda görkəmli alim, mühəndis və idarəçilər repressiyanın qurbanı oldular. Onlar arasında vətən elminin təmsilçiləri H.D.Kondratyev, A.V.Çayanov, S.F.Platonov, E.V.Tarle, L.K.Ramzin, aviakonsistruktorlar D.P.Qriqoroviç, N.N.Polikarpov və b. var idi. 1930-1931-ci illərdə 3 min nəfərdən çox sabiq çar ordusu zabiti repressiyaya uğramışdır.

Stalin partiyanın ona danışıqsız tabe olması məsələsinə böyük diqqət yetirirdi. 1929-cu ildə Trotski ölkədən sürgün edilmişdi. 30-cu illərin əvvəllərində Stalinin siyasəti ilə razı olmadıqlarını bu və ya digər şəkildə bildirən bir sıra görkəmli partiya xadimləri təqiblərə məruz qalmışdı. Onlardan bəziləri partiya sıralarından xaric edilmiş və həbs olunmuşdu.

1932-ci ildə yaradılan və Moskva rayon partiya təşkilatlarından birinin keçmiş rəhbəri M.N.Ryutinin başçılıq etdiyi qeyri-leqal “Marksist-leninçilər İttifaqı«nm üzvləri ən ağır cəzaya məruz qalmışdılar. Bu təşkilat “Stalin və proletar diktaturasının böhranı” adlı xüsusi bir sənəd tərtib edərək, həmin sənəddə Stalinin rejimini məsləkindən dönüb inqilab işinə xəyanət etməkdə ittiham etmişdi. Terror və hədə-qorxu metodları bolşevik partiyasında partiyadaxili demokratiyanın qalıqlarına son qoydu. Lakin Stalin hesab edirdi ki, onun şəxsi hakimiyyət rejiminə müxalif olan qüvvələrin potensialı hələ sona çatmamışdır. Cəmiyyətdə və partiyada müxalifətin kökünün kəsilməsini o xüsusi geniş miqyaslı kampaniyanın keçirilməsi ilə əlaqələndirirdi.

Bəşəriyyat tarixində görülməmiş kütləvi repressiyalar 1934-cü il dekabrın 1-də Leninqradda kommunist partiyasının rəhbərlərindən biri olan Sergey Kirovun Nikolayev adlı bir şəxs tərəfindən öldürülməsi ilə başladı. Sergey Mironoviç Kirov (Kostrikov) (1886-1934) 1904-cu ildən bolşeviklər partiyasının üzvü kimi Qərbi və Şərqi Sibirdə fəaliyyət göstərərək Oktyabr silahlı üsyanının və Vətəndaş müharibəsinin fəal iştirakçısı olub. 1921-1926-cı illərdə Azərbaycan KP MK-nın. 1926-1934-cü illərdə Leninqrad partiya təşkilatının birinci katibi vəzifəsini tutub. 1930-1934-cü illərdə Siyasi Büronun üzvü, 1934-cü ildən eyni zamanda MK-nın katibi olmuşdur.

Belə bir rəsmən təsdiq olunmamış tarixi iddia mövcuddur ki, guya S.M.Kirovun öldürülməsi tapşırığını şəxsən İ.V.Stalin XDİK-nm rəhbəri G.Yaqodaya vermişdir. Başqa bir iddiaya görə isə bu qətl hadisəsinin səbəbkarı şəxsi qısqanclıq zəmnində hərəkət edən L.Nikolayev adlı şəxsdir. Lakin bu bir həqiqətdir ki, özünün siyasi rəqiblərin məhv etmək və terror kampaniyasını gücləndirmək məqsədilə İ.V.Stalin bu hadisədən maksimum dərəcədə istifadə etdi. Bu qətl böyük bir kampaniyanın başlanması üçün bəhanə oldu. Fransa inqilabı dövründə geniş yayılmış “xalq düşməni” termini gündəmə gətirildi. “Xalq düşməni” termini rəsmi olaraq ilk dəfə 1932-ci il avqustun 7-də “Dövlət müəssisələri və kolxozların əmlakının qorunmasına dair” Qanunda yer almışdır. Artıq Kirovun öldürüldüyü gün SSRİ MİK-nin terrorçular haqqında qəbul etdiyi qanun terror haqqında düşünməyi belə terror aktını həyata keçirməyə bərabər tuturdu. Terrorçular haqqında istintaq işləri ittiham və müdafiə tərəflərinin nümayəndələrinin iştirakı olmadan, hökmən ölüm hökmü çıxarmaq şərti ilə iki həftə ərzində başa çatdırılırdı. Təkcə birinci iki ay ərzində ancaq Leninqradda Kirovun qətlinin təşkilində ittiham üzrə 843 nəfər həbs edilmiş və edam edilmişdi.

Kütləvi həbslər və edamlar bütün ölkəni bürümüşdü. “Xalq düşmənləri” sırasına ilk vaxtlar nə vaxtsa müxalifət fəaliyyətində iştirak edənlər aid edilirdi. 1935-1936-cı illərin təmizləməsi alovlarında məhv edilənlər içərisində keçmiş partiya rəhbərləri Q.Zinovyev və L.Kamenev də var idi.

1936- cı ilin avqustun 19-da Stalinə sui-qəsd təşkil edərək hakimiyyəti ələ keçirməyə cəhd edən terrorçu trotskiçi-zinovyevçi mərkəzin işi üzrə məhkəmə prosesi başladı. Əsas ittihamçı SSRİ-nin Baş prokuroru A.Y.Vışınski 16 nəfər, o cümlədən Q.Zinovyev və L.Kamenev, Q.Y.Yevdokimov, İ.N.Smirnov üçün əsas təşkilatçılar kimi ölüm hökmü tələb etdi. “Günahkarlar” üçün avqustun 24-də ölüm hökmü çıxarıldı və dərhal yerinə yetirildi. “Sağların”rəhbərlərindən hesab edilən M.P.Tomski bu prosessdən sonra avqustun 26-da intihar etdi.

1937- ci ilin yanvarında sabiq müxalifıətçilər G.L.Pyatakov, K.B.Padek, Q.Y.Sokol-nikov, N.İ.Muralov, L.P.Srebryakov başda olmaqla 17 nəfər üzərində məhkəmə işi başladı. Mühakimə olunanlara qarşı standart günah əməlləri, o cümlədən terrorizm, ziyankarlıq, SSRİ-nin müdafiə qabiliyyətini zəiflədən casusluq fəaliyyəti və s. irəli sürüldü. Yanvarın 23-də başlayan bu ikinci Moskva prosessi “trotskiçi-zinovyevçi mərkəzin” işinin davamçıları kimi kütləvi təxribatlar törətməkdə ittiham edilirdilər. Əvvəlkilər kimi bu məhkəmə tamaşası da cəmi bir həftə çəkdi, ittiham olunanlar öz günahların “tam etiraf’ etdilər. 13 nəfər ölüm hökmünə, 4 nəfər isə uzunmüddətli həbs cəzasına məhkum edildilər. İkinci məhkəmə prosessi xalq təsərrüfatı və partiya kadrları üzərində qurma məhkəmə işlərinə yol açdı. 1937-ci ilin əvvəllərində Stalinin ÜİK (b) P MK-nın fevral-mart plenumunda “Trotskiçilər və digər ikiüzlülər” adlı məruzə ilə çıxış etməsindən sonra ölkəni yeni repressiyalar dalğası bürüdü. Həmin məruzədə Stalin partiyada və cəmiyyətdə kütləvi təmizləmələr aparmağa çağırdı. Milyonlarla insan partiya, sovet, təsərrüfat rəhbərləri, hərbi rəhbərlər, elm və mədəniyyət xadimləri, fəhlələr və kəndlilər, hətta dövlət təhlükəsizlik orqanlarının işçiləri bu təmizləmələrin qurbanı oldu. Günahın yeganə sübutu vəhşicəsinə işgəncələr, şantaj və yalan yolu ilə müttəhimlərdən qoparılan şəxsi etiraflar idi. Repressiyaya məruz qalanların böyük əksəriyyəti edam edilmiş və məhkəməsiz uzun illər məhkum edilmişdi. Düz iki il repressiyaların şiddəti zəifləmədi.

1938- ci ilin martında sağtrotskiçi antisovet bloku haqqında 21 nəfəri əhatə edən Moskva prosesi başladı. N.İ.Buxarin, A.İ.Pıkov sağ təmayülün rəhbərləri kimi, sabiq Daxili İşlər Komissarı Q.Q. Yaqodanı, Kremlin həkimlərin, S.M.Kirov, V.V.Kuybışev, A.M.Qorkinin ölmündə, Stalinə qarşı sui-qəsddə təqsirli hesab edərək edam etdilər. Hətta N.İ.Buxarini 1918-ci ildə F.Kaplanın V.İ.Leninə qarşı törətdiyi sui-qəsdin iştirakçısı kimi belə damğaladılar. Şəxsi ağır fiziki işgəncələrə məruz qalan mühakimə edilənlər öz həyatlarını və yaxınlarını qorumaq üçün özləri haqqında yalan ifadələr verərək törətdikləri əməllər üçün xaricdə olan L.D.Trotskidən və alman faşistlərindən tapşırıq aldıqlarını etiraf edirdilər. Mart ayının 2-dən 13-ə kimi davam edən bu üçüncü Moskva prosessində V.İ.Leninin vaxtında Siyasi Büronun üzvü olmuş N.İ.Buxarin, A.İ.Rıkov, trotckiçi N.N.Krestinski, Avropa inqilabı hərəkatının görkəmli xadimi X.Q.Rakovski və b. mühakimə olunanlar sırasında idi. Rəsmi “tamaşanın” hakimi 21 nəfərdən 18 nəfəri ölüm hökmünə, 3 nəfəri isə uzunmüddətli həbs cəzasına məhkum etdi. “Bütün partiyanın sevimlisi”, Leninin ifadəsilə “bizim Buxarçik” Nikolay Buxarinin 1918-ci ilin avqustunda sol eserlərlə əlbir olaraq V.İ.Leninə sui-qəsddə iştirakı fərziyyəsi onun “ata qatili” kimi damğalanmasına, İ.V.Stalinin tarixdə Leninin işinin yeganə davamçısı kimi yer tutmasına xidmət edirdi.

Ordunun özündə də narazılıq artırdı. M.N.Tuxaçevski, İ.E.Yakir. İ.P.Uboreviç və başqaları ordu quruculuğunun köhnə metodlarına qarşı çıxış edirdilər. Marşal M.N.Tuxaçevski və onun tərəfdarları bildirdilər ki, yeni şəraitdə ordu mexanikləşdirilməlidir və süvari orduya çəkilən xərclər azaldılmalıdır ki, bununla da onlar ordunun veteranları hesab olunan vətəndaş müharibəsi qəhrəmanları K.Y.Voroşilov və S.M.Budyonının köhnə psixologiyasına qarşı çıxırdılar. Bu şəraitdə XDİK gestapo ilə birlikdə 1937-ci ildə hərbi sovet xadimlərinin İ.Stalinə qarşı sui-qəsd təşkil edilməsinə dair uydurma “iş” qurdular. Qızıl ordunun komandirləri marşal M.N. Tuxaçevski, İ.P.Uboreviç, İ.E.Yakir və başqaları həbs edilərək edam cəzasına məhkum edildilər. Edam cəzası çıxaran tribunalın üzvləri marşallar S.M.Budyonnı, V.K.Blyuxer, A.İ.Yeqorov və başqalarının çoxu 1938-1939-cu illərdə repressiyaya məruz qalaraq güllələndilər. Repressiyalar bütün zabit heyətini bürüdü. 1937-1938-ci illərdə “Tuxaçevskinin işi” üzrə repressiyaya həm də hərbi sahədə qabaqcıl alim və mühəndislər A.N.Tunolev, S.P.Ko-rolyov və başqaları da məruz qaldılar. Demək olar ki, xarici kəşfiyyat kadrları tamamilə məhv edildi. Hərbi əməliyyat təcrübəsi olan, hazırlıqlı hərbi birləşmələrin komandirlərindən tutmuş polk komandirlərinə kimi Qızıl ordunun komanda heyətinin 90%-i həbs düşərgələrinə salındı. Bir çox zabit tutduğu vəzifədən azad edilərək partiya sıralarından xaric edildi. 8 nəfərin güllələndiyi, 980 nəfər komandir və siyasi işçinin məhkum edildiyi hərbiçilər əsasən 1923-1925-ci illərdə Hərbi Akademiyada təhsil alarkən partiya yığıncağında Trotskinin təfərdarlarının qətnaməsinə səs verənlər idi. Repressiyalar bütün regionları və respublikaları əhatə etdi. Azərbaycanda 200 minə yaxın və ya yaşlı əhalinin 15%-i repressiyaya məruz qalmışdı. Qanlı repressiya dalğası Ukraynanı, Belarusiyanı, Orta Asiyanı, Rusiyanın vilayətlərini bürüdü. Yalnız 1938-ci ilin sonu 1939-cu ilin əvvəllərində repressiyaların miqyası azaldı. Buna baxmayaraq, onlar insanların şüurunda sistem qarşısında qorxu və onun önündə gücsüzlük hissinin dərindən kök salmasında böyük rol oynayırdılar.

Ümumiyyətlə, bu dövrdə on minlərlə günahsız adam donosçular sayəsində “əksinqilabçı” damğası ilə həbs olunaraq cəza çəkmək üçün Baş Düşərgə İdarəsi (QULAQ) sistemindəki həbsxanalara göndərildilər. Belə məhbusların əməyindən meşə ağac emalında, yeni zavod və dəmir yollarının tikintisində istifadə olunurdu. 1930-cu illərin sonlarında Baş Düşərgə İdarəsi sistemində 50-dən çox həbsxana, 420-dən çox islahetmə məntəqəsi, yetkinlik yaşına çatmayanlar üçün 50 məntəqə fəaliyyət göstərirdi. Rəsmi məlumatlara əsasən 1930-cu ildə burada 179 min, 1935-ci ildə 839,4 min, 1937-ci ilin sonunda isə 996,4 min nəfər məhbus var idi. 1938-ci il iyulun 1-nə olan məlumata əsasən SSRİ XDİK Baş Düşərgə İdarəsi əmək məskun məntəqəsi növbəsinin qeydiyyatında 997329 nəfər əmək köçməni var idi ki, onlar da 1741 əmək məskun məntəqəsində yaşayırdılar. Lakin həqiqətdə məhbusların sayı daha çox idi. Bunu bilavasitə olaraq SSRİ-də əhalinin sayının artım dinamikası təsdiq edir. Belə ki,

1929-cu il yanvarın 1-dən 1933-cü il yanvarın 1-nə kimi ölkə əhalisi 11 milyon nəfər artdığı halda, 1933-cü il yanvarın 1-dən 1937-ci il dekabra kimi təqribən 2 milyon nəfər azalmışdır.

Düşərgə və koloniyalar SSRİ-də çıxarılan qızıl və xrom-nikel filizinin təqribən yarısını, platin və ağacın üçdə birinə qədərini verirdi. Məhbuslar əsaslı işlərin ümumi həcminin təqribən beşdə birini istehsal edirdilər. Sovet repressiya siyasətinin simvoluna çevrilən Düşərgə idarəsi (QULAQ) 1930-cu ilin aprelində BDSİ-nin nəzdində yaradılmış, oktyabrdan Baş idarə olmuşdur.

Repressiyanın dəqiq miqyası bu günə kimi müəyyən edilməmişdir. Təqribi hesablamalara görə 1930-cu ildən 1953-cü ilə qədər 800 min nəfərə yaxın adam ölüm hökmünə məruz qalmışdır. 18 milyon nəfər adam həbs düşərgələrindən keçmişdir ki, onların da beşdə bir hissəsi siyasi maddə ilə məhkum edilənlər idi.

Mənəvi inkişafın ziddiyyətləri.İctimai şüur üzərində nəzarətin təmin edilməsində qorxu mühüm, lakin yeganə vasitə deyildi. Belə təminatın digər mühüm vasitəsi əhali içərisində total ideoloji təbliğat idi. Bu məqsədlə, dövlət Kommunist partiyasının nəzəri prinsiplərini ideologiyanın əsasına çevirmək xətti götürdü. Bu prinsiplər əsasən Marksın, Leninin əsərlərindən götürülmüşdü. Odur ki, partiyanın ideologiyası marksizm-leninizm adlandırılmışdı. Bununla bərabər, Marksın və Engelsin fikirləri Stalin tərəfindən müəyyən edilən rəsmi siyasətə uyğun olaraq şərh edilir, bu isə çox zaman onların fikirlərinin ilkin məzmununun sadələşdirilməsinə və təhrif olunmasına gətirib çıxarırdı.

Buna baxmayaraq, sovet adamlarının ən azı bir neçə nəsli mükəmməl, məntiqi cəhətdən dügün, yeganə doğru olan marksizm-leninizm nəzəriyyəsi kimi təqdim olunan bütün bu təlimlərin tamamilə qəbul edilməsi ruhunda tərbiyə edilmişdi. RSDF (b) P- PK (b) P- UİK (b) P-Sov.İKP-nin müxtəlif inkişaf mərhələlərindəki siyasəti isə “fəaliyyətdə olan marksizm-leninizm” kimi təqdim olunurdu. Stalinin şəxsiyyəti isə marksizm-leninizmi düzgün şərh edən və təcrübədə həyata keçirən yeganə tarixi şəxsiyyət kimi ön plana çəkilirdi. İnsanları Stalinin yazdığı və dediyi hər bir sözün ədalətli olmasına dərin inam ruhunda tərbiyə etməyə çalışırdılar. Stalin tərəfindən marksizm-leninizmin izahı, nəticə etibarilə onun yaratdığı siyasi və iqtisadi sistemin modelini, onun yeritdiyi siyasəti əsaslandırmağa yönəlmişdi. Partiyada və cəmiyyətdə başqa cür düşünənlər ciddi təqib olunur və xaric edilirdilər. İnsanlar “xalqın düşmənləri” kateqoriyasına aid edilmək və bundan irəli gələn bütün nəticələrin qorxusu altında tam biganəlik göstərməyə, ümumi qəbul olunmuş mülahizələrlə razılaşmağa və öz növbəsində ictimai həyatın müxtəlif sahələrində onları təkrarlamağa məcbur idilər. Partiya, sovet, komsomol və həmkarlar təşkilatlarının işçiləri, ziyalıların peşəkar dəstələrinin nümayəndələri, əhalinin bütün yaş təbəqələrinin şüuruna dünyada birinci sosialist dövlətinin yeganə düzgün inkişaf yolunda olması, partiya və dövlətin tarixində Stalinin xüsusi rol oynaması ideyasını fəal surətdə yeritmək işinə istiqamətləndirilmişdilər. Təhsil və elmi müəssisələrin, ədəbiyyatın və incəsənətin, kütləvi informasiya vasitələrinin, partiya, sovet, komsomol və digər ictimai təşkilatların fəaliyyətinin əsasında kütlələrin şüuruna eyni cür təsir göstərmək dururdu.

Qeyd edilməlidir ki, adətən Stalin özü ideoloji işə istiqamət verirdi. O marksizm nəzəriyyəsinə və tarixinə dair “Leninizmin əsasları”, “Leninizm məsələləri”, “Oktyabr inqilabı və rus kommunistlərinin taktikası”, “Dialektik və tarixi materializm haqqında” adlı bir sıra böyük tarixi əsərlərin, çoxsaylı məqalələrin müəllifi idi. O, bütün humanitar sahənin inkişafının xarakterini və məzmununu tənzimləyən partiya sənədlərinin tərtibində fəal iştirak edirdi. Başqa sözlə, dövrün ideoloji həyatı tədricən onun tərəfindən formalşdırılan totalitar və avtoritar sistem haqqında onun öz təsəvvürlərinə və maraqlarına tamailə uyğunlaşdırılırdı.

Stalinin ideoloji konsepsiyasının təsdiqinin ən yüksək həddi 1938-ci ildə “UİK (b) P tarixinin qısa kursu”nun nəşri oldu. Əsər stalinizmin əsil ensiklopediyası, onun nəzəri-ideoloji ifadəsi oldu. Bu əsərin əhəmiyyəti onda idi ki, onun ictimai həyat məsələlərinin geniş dairəsini əhatə edən əsas müddəaları uzun illər üçün rəsmi ideoloji konsepsiyanı müəyyənləşdirdi. Stalin kitabın təşəbbüsçüsü, baş redaktoru və ayrı-ayrı bölmələrinin müəllifi idi. Stalinin ölümündən sonra “Qısa kurs”, bir qayda olaraq, bəzi çatışmazlıqlarına görə tənqidə məruz qalırdı, lakin onun əsas müddəaları 80-cı illərin ortalarına qədər rəsmi sovet ideologiyasının əsasını təşkil edirdi.

Partiyada və xalqda vahid düşüncə yaratmaq 20-30-cu illərdə Kommunist partiyasının bütün ideoloji siyasətinin məqsədi idi. Zahirən bu məqsəd əldə edilmişdi. 30-cu illərin sonu üçün əhalinin əsas hissəsi rəsmi Stalin ideologiyasının göstərişlərinə uyğun olaraq öz fikirlərini açıq ifadə etməyi öyrənmişdi. İnsanların çoxu yazılanların, yüksək tribunalardan deyilənlərin, kitablarda və qəzetlərdə qeyd edilənlərin doğruluğuna həqiqətən inanırdılar. Lakin, bütün amansız diktaturalar və repressiyalar, güclü ideoloji təzyiqlər dövrlərində olduğu kimi, başqa cür düşünən, rəsmi təbliğatın bir çox ehkamlarına və stereotiplərinə şübhə ilə yanaşan insanlar da az deyildi. Gizli müxalifətçilik potensialı qalmaqda idi. 30-cu illərin sonundakı Stalin repressiyaları buna həmişəlik son qoymaq məqsədi güdürdü. Lakin həyat göstərdi ki, müxalifətçiliyin tamamilə kökünü kəsmək mümkün deyil.

Cəmiyyətin mənəvi həyatında bir ideologiyanın inhisarını yaratmaq cəhdi yaradıcılığın, azad inkişafın, insan şüurunda olan ideyalar potensialından istifadənin mümkünlüyü üçün böyük təhlükə törədir, insanın təşəbbüskarlığının qarşısını alır. Bu isə, sovet dövlətinin və cəmiyyətinin inkişafına öz mənfi təsirini göstərmişdi.

Sovet dövləti və din

Dinin dünyagörüşü olduğunu qəbul etməyən ateizm 1920-30-cu illərdə Sovet partiya və dövlət orqanları tərəfindən fəal müdafiə olunurdu.V.İ.Leninin söylədiyi “Biz dinlə mübarizə aparmalıyıq” fikrinə əsasən ateizmin, yəni elmi-materialist dünyagörüşünün təbliği ilə bərabər hakimiyyət orqanları din xadimlərini və dini yayanları kütləvi həbs cəzasına və təqibə məruz qoymuşdur.

Bolşevik hakimiyyəti 1918-ci il yanvarın 20-də “Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında” dekret qəbul etmişdir. Bu sənədə əsasən din vətəndaşların şəxsi işi elan olundu. Eyni zamanda kilsənin dövlət müəssisəsi kimi fəaliyyətinə son qoyuldu.

1922-ci ilin yazından başlayaraq Sovet hakimiyyəti xarici təhlükəni dəf etdikdən sonra daxili “əksinqilab” yuvası hesab etdiyi dini mərkəzlər, xüsusilə pravoslav kilsəsi ilə fəal mübarizəyə başladı. 1922-ci il fevralın 23-də ÜRMİK dindarların sərəncamında olan qiymətli kilsə əmlakının müsadirə edilməsinə dair dekret verdi. Siyasi Büronun üzvlərinə ünvanlandığı 1922-ci il 19 mart tarixli məktubunda V.İ Lenin kilsə və monastrların qiymətli əşyalarını müsadirə edərək bir neçə milyon qızıl manat həcmində fond yaradılmasını, irticaçı din xadimlərinin və burjuaziyanın güllənməsini tələb edirdi ki, onlar bir neçə onillik ərzində müqavimət göstərmək haqqında belə düşünməyə cəhd etməsinlər. Hakimiyyət tərəfindən süni parçalanma və başqa cəza tədbirləri ilə küncə sıxışdırılan kilsə patriarxlığının strukturlarına Dövlət Siyasi İdarəsinin gizli din əleyhinə 6-cı şöbəsi tam nəzarət edirdi.Yevgeni Tuçkovun rəhbərlik etdiyi 6-cı şöbə vasitəsi ilə Sovet hakimiyyəti ölkədə “kilsə siyasətini” həyata keçirirdi.

Dinə qarşı mübarizədə Sovet dövləti ateizm təbliğatından geniş istifadə edirdi. 1925-ci ildə Yemelyan Yaroslavskinin başçılığı altında kütləvi ictimai təşkilat olan, 1929-cu ilin iyununa kimi “Allahsızlar ittiqafı” və ya bundan sonrakı adı ilə “Mübariz allahsızlar ittifaqı” yarandı. 1947-ci ilə qədər fəaliyyət göstərən təşkilat ateist təbliğatının mərkəzi olmaqla yanaşı özünün “Allahsız” nəşriyyatında çoxsaylı qəzet və jurnallar çap etdirirdi. Din əleyhinə çap edilən nəşrlərin sayı durmadan artırdı. 1931-ci ilin noyabrında “Mübariz allahsızlar ittifa-qı”nın üzvlərinin sayı 5 milyon nəfərdən çox idi. Ateist işini sinfi mübarizənin mühüm tərkib hissəsi elan edən təşkilat hətta dini SSRİ-də 1937-ci ilə kimi tamamilə ləğv etməyi belə planlaşdırırdı.

1920-ci illərin sonları-30-cu illərin əvvəllərində Sovet hakimiyyəti ölkədəki dini birliklərin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul etdi. 1929-cu il aprelin 8-də RSFSR MİK və XKS “Dini birliklər haqqında” qətnamə qəbul etdi. Sənədə əsasən dini birliklərə xeyriyyə işləri ilə məşğul olmaq qadağan olundu, dindarların müqəddəs yerlərdə toplu şəkildə dini ayinlərin icrası, dini dərslərin tədrisi ləğv edildi. 1930-cu il fevralın 15-də XKS “Dini birliklərin rəhbər orqanlarında əksinqilabçı elementlərlə mübarizə haqqında” qərar qəbul etdi. Qərarda yerli hakimiyyət orqanlarına dini icmaların rəhbərləri üzərində nəzarəti gücləndirməsi tapşırıldı. Sənədə əsasən sovet quruluşuna “düşmən” münasibət bəsləyən adamlar dini birliklərdəki fəaliyyətdən azad edilir, din xadimlərinə qarşı repressiyalar nəzərdə tutulurdu.

1930-1931-ci illərdə Sovet hökumətinin verdiyi bir sıra gizli göstərişlərdə kilsədə xidmət edən din adamlarının üzərinə qoyulan vergilər artırıldı, vergini ödəməyənlərin əmlakı müsadilə olunur, özləri isə digər rayonlara sürgün edilirdi.

Din adamlarına qarşı dövlətin tətbiq etdiyi repressiyaların kuliminasiya nöqtəsini 1937-1938-ci illərdəki Böyük terror dövrü təşkil edirdi. Belə ki, 1937-ci ildə XDİK-nın 00447 saylı gizli əmri ilə “kilsə və təriqət” fəalları “antisovet elementləri” elan edilərək onlara qarşı repressiya tətbiq olunması irəli sürülürdü. Dindarların repressiyası və təqib edilməsi İ.V.Stalinin şəxsi nəzarət altında həyata keçirilirdi. Yalnız 1937-ci ilin avqustundan noyabrına kimi 31.359 “kilsə və təriqətçi” fəalı həbs edilərək mühakimə olunmuş, onlardan 13.671 nəfəri güllələnmə cəzası almışdır. SSRİ Xalq Daxili İşlər Komissarı N.İ.Yejovun İ.V.Stalinə təqdim etdiyi arayışda bu faktlar qeyd olunmuşdur. Tarixçi Dimitri Pospelovskinin təqribi hesablamalarına əsasən 1931-1941-ci illərdə keşişlərin 80-85 faizi məhv və yaxud həbs edilmişdir ki, bu da 45 min nəfərdən çoxdur. Ölkədəki ibadət məbədlərinin sayı inqilaba kimi mövcud olanlardan 58% az idi. İbadət yerlərinin azalmasından istifadə edən hakimiyyət 1938-ci ilin aprelində ÜRMİK Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən ibadət işləri üzrə Mərkəzi komissiyanı ləğv etdi, bütün dini məsələlər Xalq Daxili İşlər Komissarlığının sərəncamına verildi.

1930-cu illərdə SSRİ-də inzibati-amirlik sisteminin formalaşması başa çatdı. İqtisadiyyatın idarə edilməsinin mərkəzləşmiş sistemi, siyasi və iqtisadi idarəçiliyin bir mərkəzdə birləşməsi, ictimai-siyasi həyatda avtoritar rəhbərliyin bərqarar olması bunun səciyyəvi xüsusiyyətləridir. Vətəndaşların və ictimai institutların hüquq və azadlıqlarının məhdudlaşdırılması totalitar siyasi rejimin simvolu olan İ.V.Stalinin şəxsiyyətinə pərəstişin artması və möhkəmlənməsi ilə müşayiət olunurdu. Tarixçilərin böyük əksəriyyəti belə hesab edir ki, 1920-30-cu illərdə SSRİ-də totalitar cəmiyyət meydana gəlib formalaşmışdır.

Totalitarizm latınca totalis sözündən olub tam, bütün deməkdir, dövlətin cəmiyyətin, siyasi həyatın bütün sahələrinə (total) nəzarət etdiyi siyasi rejimlərə deyilir ki, burada da insan tamamilə siyasi hakimiyyətə və hakim ideologiyaya tabedir. Totalitarizmin mahiyyətini aşağıdakı səciyyəvi xüsusiyyətlər əks etdirir. Təkpartiyalılıq, cəmiyyətin bütün həyatının ideo-logiyalaşdırılması, iqtisadiyyat, mədəniyyət, kütləvi informasiya vasitələri üzərində inhisarçı nəzarət, terrorçu polis özbaşınalığı. Bütün bunlar SSRİ-də mövcud olduğu üçün Sovet dövləti totalitar siyasi rejim kimi səciyyələndirilir. RSFSR və SSRİ-də totalitar rejimin əsası 1918-1922-ci illərdə qoyulmuşdur. Belə ki, proletariatın diktaturası, vətəndaş müharibəsi gedişində bolşeviklərə qarşı olan bütün siyasi müxalifətin ləğv edilməsi, siyasi, iqtisadi, hərbi cəhətdən cəmiyyətin dövlətə tabe olmasını səciyyələndirən “hərbi kommunizm” siyasəti bunu təstiq edir.

1920-ci illərin birinci yarısı ölkədə meydana gələn totalitarizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, bolşeviklərin dövlət və cəmiyyət üzərində tam hakimiyyəti bərqərar olsa da, hakim partiyanın daxilində nisbi demokratiyanı göstərən mübahisə, müzakirə, münasibətlərdə bərabərlik və s. qalırdı. 1920-ci illərin ikinci yarısı-30-cu illər SSRİ-də totalitar siyasi rejimin ikinci mərhələsini təşkil edir ki, bu dövrdə qalib bolşevik partiyasi içərisində demokratiyanın bütün əlamətləri ləğv edilərək partiya bir şəxsə — İ.V.Stalinə tabe oldu və ölkədə Stalinin diktaturası, stalinizm yarandı. Müəyyən bir zaman kəsiyində İ.V.Stalin köhnə Lenin qvardiyasını rəhbər partiya, sovet, təsərrüfat aparatından kənarlaşdırılaraq onları aşağı sosial təbəqədən olan adamlarla əvəz etdi. Yeni rəhbər vəzifələrə təyin edilən şəxslər sədaqətlə SSRİ-də totalitar siyasi rejimin simvoluna çevrilən İ.V.Stalinə və stalinizmə xidmət göstərməyə başladılar. Beləliklə, tədricən müstəqil düşünmə qabiliyyəti olmayan, rəhbərə sədaqəti ilə fərqlənən yeni sovet nomenklaturası formalaşdı ki, onlar da dəridən-qabıqdan çıxaraq ölkədə totalitar Stalin siyasi rejiminin meydana gəlib möhkəmlənməsinə, tarixin bir mərhələsini təşkil edən stalinizmin tüğyan etməsinə şərait yaratdılar. 1934-cü ilin yanvarından 1939-cu ilin martına kimi 500 min nəfərdən çox yeni işçi rəhbər partiya və dövlət vəzifəsinə irəli çəkilmişdir. 1939-cu ildə 333 nəfər vilayət, ölkə və milli kommunist partiyaları MK-nın katibinin 293 nəfəri ÜİK(b)P XVIII qurultayının irəli çəkdikləri idi. Faktlar təsdiq edir ki, məqsədyönlü siyasət nəticəsində partiya hakimiyyəti “köhnə bolşevik qvardiyasından” Stalinin irəli çəkdiyi kadrlara keçmişdir.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh