SSRİ Böyük Vətən müharibəsi illərində

Başlanğıc mərhələ, (iyun 1941-noyabr 1942).Böyük Vətən müharibəsinin birinci dövrü 1941-ci il iyunun 22-dən 1942-ci il noyabrın 18-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumundan müdafiə döyüşlərinin bitməsinə — Stalinqrad (Volqaqrad) altında döyüşə kimi olan hadisələri əhatə edir.

Müharibənin ikinci dövrü 1942-ci il noyabrın 19-dan 1943-cü ilin axırına kimi olan dövrü əhatə edir və Stalinqrad altındakı hücumu, Kursku döyüşünü, Dneprin döyüşə-döyüşə keçilməsini əhatə edir. Bu dövr müharibənin gedişində əsaslı dönüş adlanır.

Müharibənin üçüncü dövrü 1944-cü ilin əvvəllərindən 1945-ci il mayın 9-na kimi olan hadisələri, yəni SSRİ ərazisinin və Şərqi Avropanın işğalçılardan azad edilməsi, Hitler Almaniyası üzərində tam qələbə çalınmasını əhatə edir.

Yaponiyanın darmadağın edilməsi Böyük Vətən Müharibəsinə aid edilmir və İkinci dünya müharibəsinin beşinci dövrü hesab olunur. 1939-cu il sentyabrın 1-dən 1941-ci il iyunun 21-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumuna kimi olan dövr İkinci Dünya müharibəsinin birinci mərhələsi hesab edilir.

Fransa üzərində qələbədən sonra Hitler komandanlığı İngiltərə ilə müharibəni davam etdirərək hazırladığı “Dəniz şiri” planına əsasən Britaniya adasına daxil olmağı nəzərdə tuturdu. Lakin İngiltərəyə qarşı təşkil olunan desant əməliyyatının çətinliyini və Britaniyanın məğlub olacağı təqdirdə onun müstəmləkələrinin Almaniyaya deyil ABŞ və Rusiyaya çatacağını düşünən Hitler bu plandan imtina etdi. O belə hesab edirdi ki, əgər Rusiya üzərində qələbə çalsa onda ABŞ bütün gücünü Yaponiya ilə müharibəyə yönəltməyə məcbur olacaq, İngiltərə isə Almaniya ilə təkbaşına qaldığı üçün təslim olacaq. Odur ki, Hitler qərara aldı ki, Qərbdə müharibəni başa çatdırmadan SSRİ-yə hücum etsin.

SSRİ-yə qarşı “Barbarossa” adlanan müharibə planına əsasən üç ay müddətində ildırım sürətli müharibə, yəni blistkriq nəticəsində Sovet İttifaqı darmadağın edilməli idi. Bu vaxt ərzində alman qoşunları Arxangelsk-Volqa-Həştərxan xəttinə çıxmalı və bu əməliyyat gedişində sovet ordu hissələri sərhəd yaxınlığında mühasirəyə alınıb məhv edilməli idi. “Barbarossa” planının həyata keçirilməsi üç ordu qrupuna həvalə edilmişdir. Əsas zərbəni general-feldmarşal fon Bokun komandanlıq etdiyi “Mərkəz” qrupu vurmalı idi. Onlar sovet birliklərini Belarusiyada məhv edərək mexanikləşdirilmiş qüvvələrin köməyi ilə Moskvanı almağı nəzərdə tuturdular. General-feldmarşal F.Leebin komandanlıq etdiyi “Şimal” qrupu Finlandiya ordusu ilə birlikdə Baltikyanı respublikalar və Leninqrad istiqamətində sovet diviziyalarını məğlub etməli idi. General-feldmarşal Q.Rundştedtin komandanlığı ilə “Cənub” qrupu Rumın ordusunun köməyi ilə Ukraynada sovet hissələrini əzərək Kiyevi tutmalı idilər.

1940- cı il dekabrın 18-də Hitlerin təsdiq etdiyi “Barbarossa” planına görə SSRİ-yə 1941-ci ilin may ayında hücum etmək nəzərdə tutulurdu. Ancaq Almaniya və onun müttəfiqlərinin Yuqoslaviya və Yunanıstana qarşı 1941-ci ilin martında hərbi əməliyyatlara başlaması SSRİ-yə qarşı müharibənin vaxtını dəyişdirərək iyunun 22-nə təyin olunmasına səbəb oldu.

Almaniyanın Sovet İttifaqına qarşı planlaşdırdığı müharibənin siyasi məqsədləri sovet sosialist dövlət quruluşunu dağıtmaq, slavyan və ölkədə yaşayan başqa xalqları “ali irq nəzəriyyəsinə” əsasən fiziki cəhətdən məhv etmək və ya qul halına salmaqdan ibarət idi. 1940-cı ilin mayında Alman hökumətinin qəbul etdiyi “Ost” (“Şərq”) planına görə işğal edilərək əyalətlərə bölünən SSRİ-nin 30 milyon əhalisi, yəhudi və qaraçıların isə hamısı məhv edilməli idi. Məhv edilməkdən kənarda qalanlar qul kimi ali irq hesab edilən almanlara işləməli idi. İşğal altındakı əhali faşistlər tərəfindən təhsil, tibbi xidmət imkanlarından məhrum edilərək tədricən acından ölməyə məhkum olunurdu. 1941-ci il iyunun ortalarında Alman hökuməti Gerinq tərəfindən tərtib edilən “Yeni işğal olunmuş şərq əyalətlərində iqtisadiyyata rəhbərlik üzrə direktivlər” (“Gerinqin yaşıl qovluğu”) sənədində kampaniyanın əsas iqtisadi məqsədi Almaniyanın daha çox ərzaq və neft ələ keçirməyi göstərilirdi. İşğal edilən sovet ərazilərində inzibati hakimiyyət gestaponun başçısı Gimlerə tapşırılırdı.

 

Uzun müddət SSRİ ilə müharibəyə hazırlaşan faşist Almaniyası 1941-ci il iyunun ortalarında sərhəddə çoxlu canlı və texniki qüvvə yığmışdır. Alman ordusunda 5,5 mln adam, 4,3 min tank və hücum topu, 5 minə yaxın təyyarə, 47,2 min top və minaatan var idi. Almanların hərbi dəniz donanmasında 193 hərbi gəmi və kateri var idi. Sovet ordusunun qərb hərbi dairələrində 2,9 mln adam, 13,6 min tank (o cümlədən 1,5 min KV və T-34), 7,2 min təyyarə (o cümlədən, 1,5 min yeni konstruksiyalı maşın), 53 minə yaxın top və minaatan var idi. Ümumiyyətlə, düşmən sovet ordusundan canlı qüvvə cəhətdən 1,8 dəfə, orta və ağır tanklara görə 1,5 dəfə, yeni döyüş təyyarələri ilə müqayisədə 3,2 dəfə, top və minaatanlara nisbətən 1,25 dəfə üstün idi. Keyfiyyət baxımından köhnə sovet təyyarələri almanlarınkından geri qaldığı halda yeniləri onlardan üstün idi. Köhnə sovet tankı almanlarınkı ilə təqribən bərabər olduğu halda yeni maşınlar düşmən texnikasından çox irəlidə idi. Almanların şəxsi heyətinin say cəhətdən üstün olması onunla izah edilir ki, Almaniyada tam səfərbər edilmiş ordu olduğu halda, SSRİ yalnız müharibə başladıqdan sonra səfərbərlik elan edərək 1941-ci il iyulun 1-də orduya 5,8 mln adam çağrılmışdır.

1941- ci il iyunun 22-də saat 3:15dəqiqədə alman ordusu ölkənin Qara dənizindən Baltik dənizinə kimi olan sərhəddi boyu hücuma keçdi. Səhər saat 4-də Berlindəki sovet səfiri V.Dekanozova müharibənin başlanması haqqında Alman hökumətinin memorandumu təqdim olundu. Düşmən aviasiyası sərhəd ərazilərinə 400 km dərinliyə qədər bomba yağdırdı, elə müharibənin birinci günü sovet aviasiyası 1800 təyyarəsini itirdi ki, onların da 1489-u havaya qalxmadan elə yerdə məhv edilmişdir.

Müharibənin birinci günü Pribaltika, Qərb və Kiyev xüsusi hərbi dairəsi general F.Kuznetsovun komandanlığı altında Şimal-Qərb, general D.Pavlovun komandanlığı altında Qərb və general M.Kirponosun komandanlığı altında Cənub-Qərb cəbhələri kimi yenidən quruldu, iyunun 24-də Leninqrad hərbi dairəsi general M.Popovun komandanlığı ilə Şimal, 9-cu və 18-ci ordular general İ.Tyulenevin komandanlığı altında Cənub cəbhələrinə çevrildilər. İyunun 23-də Xalq Müdafiə komissarı marşal S.Timoşenkonun sədrliyi altında SSRİ Silahlı Qüvvələri Komandanlığının Baş Qərargahı yaradıldı ki, bu da avqustun 8-də İ.Stalinin rəhbərlik etdiyi Ali Baş Komandanlıq Qərargahına çevrildi. İyunun 22-si saat 7:15-də Baş Hərbi Şura sovet qoşunlarına fəal hərbi əməliyyatlara başlamaq haqqında direktiv verdi. Cəbhədəki qərargahlar bu direktivi aldıqda artıq sovet diviziyalarının ön hissəsləri müdafiə döyüşlərinə başlamışdılar, tank və mexanikləşdirlmiş birliklər cəbhə xəttindən uzaqda mövqe tutduqları üçün düşmənə təcili zərbə vurmaq imkanları yox idi. Düşmənin ilk zərbəsini yüngül silahlar və pulemyotlarla silahlanmış sərhədçilər öz üzərinə götürmüşdür.

Müasir yerli və xarici tarixçilərin böyük əksəriyyəti belə hesab edir ki, Almaniyanın 1941-ci il iyunun 22-də SSRİ-yə hücumu faşist Almaniyasının avantyurist və işğalçılıq siyasətinin nəticəsində baş vermişdir. Bununla yanaşı, bir çox publisistlər əsassız olaraq təsdiq edirlər ki, SSRİ 1941-ci ilin yayında Almaniyaya hücum etməyi planlaşdırdığına görə A.Hitler qabaqlayıcı zərbə vurmağa məcbur olmuşdur. Bunu xüsusilə İngiltərəyə qaçan sabiq sovet rezidenti Vladimir Boqdanoviç Rezun (ləq. Viktor Suvorov) 1968-1981-ci illərdə çap etdirdiyi “Buzqıran”(“Ledokol”) adlı əsərləri silsiləsində iddia edir. Müəllif tarixi həqiqəti görməzdən gələrək belə iddia edir ki, Sovet İttifaqı 1939-cu ilin birinci günündən İkinci dünya müharibəsinin iştirakçısı, səbəbkarı və günahkarıdır. Tarixi fakt olan “Böyük Vətən müharibəsi” haqqında əfsanəni isə sovet kommunistləri uydurmuşlar. Əslində müəllifin bu iddiası yalan üzərində qurulmuşdur, belə ki, 1941-ci ilin yazından başlayaraq Qızıl Ordunun güclü düşmənlə hərbi münaqişəyə girmək üçün hazır olmadığına görə Sovet rəhbərliyi özünü son dərəcə ehtiyyatla aparırdı. Hitler Almaniyasının siyasi və hərbi rəhbərliyi isə Şərq cəbhəsində qələbə çalacaqlarına taməmin olaraq belə hesab edirdilər ki, SSRİ-ni darmadağın etməklə Britaniya imperiyasına öldürücü zərbə vurmağa və bununla dünya ağalığına yol açmağa müvəffəq ola bilərlər.

Bütün çətinliklərə baxmayaraq sovet qoşunları adətən düşmənə ciddi müqavimət göstərirdilər. İyunun 29-da Alman quru qoşunları baş qərargahının rəisi F.Qalder öz gündəliyində yazırdı: “Cəbhədən gələn məlumatlar təsdiq edir ki, ruslar hər yerdə axırıncı adama kimi döyüşürlər”. Sovet ordusu əsgərlərinin müqavimətinə baxmayaraq Almanların “Şimal” ordu qrupu iyulun 10-da Baltikyanı dövlətlərin böyük bir hissəsini işğal edərək Leninqradın uzaq girişinə yaxınlaşdılar. “Mərkəz” qrupu iyulun 10-da iki ay dava edən Smolensk döyüşünə başladı. “Cənub” ordu qrupu iyulun 11-nə doğru Kiyevin 15-20 km-də olan İrpen çayına çıxdılar, sentyabrın axırlarına kimi davam edən Kiyevin müdafiə döyüşləri başladı.

Düşmənin saysız-hesabsız hücumları nəticəsində Belostok-Minsk rayonunda sovet ordusunun Qərb cəbhəsi və Minsk hərbi donanması 418 min nəfər əsgərini itirdi, 323 min nəfər isə almanlara əsir düşdü. Belarusiya strateji müdafiə əməliyyatının məğlubiyyətinin səbəbkarları cəbhə komandanı D.Pavlov, qərargah rəisi V.Klimovski, rabitə rəisi A.Qriqoryev və 4-cü ordunun komandanı A.Korobkov hesab edildi. Onların hamısı 1941-ci il iyulun 22-də SSRİ Ali məhkəməsinin hərbi Kollegiyasının hökmü ilə güllələndi. 1942-ci ilin aprelinə kimi eyni ittihamlarla 30 general güllələnmişdir.

Müharibənin üç həftəsi ərzində Latviya, Litva, Belarusiya, Ukrayna və Moldoviyanın böyük hissəsi düşmənin əlinə keçdi. Alman qoşunları bu vaxt müddətində ölkənin içərilərinə doğru şimal-qərb istiqamətində 450-500, qərb istiqamətində 450-600, cənub-qərb istiqamətində 300-350 kilometr irəliləyə bilmişdir. Düşmənin hücumu yalnız Smolensk rayonunda dayandırıldı, burada sovet qoşunları iyulun 16-dan avqustun 15 qədər müdafiə döyüşləri təşkil etdilər ki, onun sayəsində komandanlıq Moskva istiqamətində müdafiəni gücləndirmək məqsədilə ölkənin içərilərindən qoşunları çəkib gətirməyə müvəffəq oldu. Mərkəz istiqamətində vəziyyətin bu şəkildə dəyişməsinin bir səbəbi də Hitlerin bütün qüvvələri sovet paytaxtı üzərinə yeritməmək qərarı idi. Avqustun 23-də fyurer öz ordusundan tələb etdi ki, təkcə Moskvanı almaq deyil, Ukrayna və Qafqazın iqtisadi ehtiyatlarına da sahib olmaq lazımdır.

Bu gün nəşr edilən əsərlərin böyük əksəriyyətində 60-cı illərdə A.Nekriçin yzadığı “Güllələnən Qızıl Ordu” əsərində səslənən belə bir fikirlə razıdırlar ki, 1941-ci ildə SSRİ-nin müharibədə hərbi məğlubiyyətinin əsas məsuliyyəti partiya rəhbərliyinin, birinci növbədə isə İ.Stalinin üzərinə düşür. İ.Stalin belə hesab edirdi ki, Sovet İttifaqı heç vaxt öz ərazisində döyüş əməliyyatları aparmayacağına görə hücum müharibəsinə hazırlaşmaq vacibdir. Belə ki, həm də SSRİ-yə qarşı hər hansı bir təcavüz qərb ölkələri proletariatının ümumi üsyanı ilə dayandırılacaq. Odur ki, hücum müharibəsi taktikasına uyğun olaraq 1939-cu ildəki köhnə “Stalin xətti” adlanan sərhəd ləğv edilərək ölkənin içərilərinə doğru ordunun çəkilməsinə səbəb oldu. Bu isə alman qoşunlarını çox sürətlə ölkənin içərilərinə irəliləməsinə şərait yaratmış oldu. İ.Stalinin müharibənin başlaması ilə bağlı yanlış hesablarından biri də ondan ibarət idi ki, 1941-ci ilin əvvəllərindən faşist Almaniyasının SSRİ-yə hücum edəcəyi haqqında çoxsaylı məlumatları ciddi qəbul etməmişdir. Misal üçün iyunun 6-da Baş Qərargah 120 alman diviziyasının qərb sərhədlərində yerləşdirilməsi barədə, yanvardan iyuna qədər SSRİ hava məkanının Alman təyyarələri tərəfindən 150 dəfədən çox pozulmasına dair məlumatlar Stalinə çatdırılmışdır. Gizli kəşfiyyatçı R.Zorge mayın 15-də Tokiodan müharibənin iyunun 22-də başlamasına dair sovet rəhbərliyinə məlumat ötürmüşdür. Aprelin 13-də Çörçill diplomatik kanal vasitəsilə Almaniyanın hücumu haqqında Stalinə xəbərdarlıq etdi. Bütün bunlara baxmayaraq, Stalin bu məlumatları ingilislərin “təxribatı” hesab edərək düşünürdü ki, onlar bununla ikinci cəbhənin açılmasını təmin edərək müharibədə İngiltərənin vəziyyətini yüngülləşdirməyə səy göstərirlər. Hətta ali hərbi rəhbərliyin təkid etməsinə baxmayaraq son ana kimi Stalin qoşunların hərbi döyüş vəziyyətinə gətirilməsi və səfərbərlik elan edilməsi haqqında əmr verməkdən imtina etdi. Həmçinin cəbhəyanı körpülər belə minalanmamış olaraq qalırdı. Almanlar hücuma başladıqdan bir neçə saat ərzində cəbhəyanı hərbi hissələr öz müraciətlərinə cavab ala bilmirdilər. Yalnız təcavüzün başlanmasından 4 saat sonra Xalq Müdafiə Komissarlığı tələb olunan əmri verdi.

Alman faşist qoşunlarının qəflətən hücum etməsi, sovet dövlət və partiya rəhbərliyinin başda İ.Stalin olmaqla Ordunun döyüş hazırlığı vəziyyətinə gətirməməsi düşmənin sürətlə ölkənin içərilərinə doğru irəliləməsinin başlıca səbəblərindən biridir. Üç cəbhə — Qərb, Şimali-Qərb və Cənub-Qərb ordularının əsas qüvvələrinin faciəvi məğlubiyyəti göstərdi ki, sovet ordusu Qərargahdan tutmuş sıravi əsgərinə kimi müharibəyə hazır deyildir. Say tərkibinin artmasına baxmayaraq sovet ordusu keyfiyyət hazırlığına görə düşməndən geri qalırdı, piyadaların hərbi hazırlığına əsas diqqət yetirildiyi üçün zirehli tank qoşunlarının və aviasiyanın hazırlığına lazımi diqqət ayrılmamışdır ki, bu da ordunun zərbə gücünü azaldırdı. Hərbi sənaye 1941-ci ilin sonuna qədər köhnəlmiş silahların kütləvi istehsalı ilə məşğul olurdu ki, bütün bu “dünənki günün” silah növləri isə müharibənin ilk vaxtlarından alman silahlarına uduzduqları üçün sovet ordusu uğursuzluğa düçar olurdu. Düzdür, gec də olsa, sovet ordu hissələri müasir Yak-1, Laqq-3, Miq-3 qırıcı təyyarələri, orta T-34 və ağır KV tankları ilə təmin edilməyə başlandı. Sovet ordu hissələrinin yalnız 15 faizi müasir təyyarələrlə, 25 faizi isə müasir tanklarla təmin edilmişdir ki, bu da düşmən qüvvələri ilə müqayisədə çox az idi.

1941-ci ildə sovet qoşunlarının hərbi uğursuzluqlarının səbəblərindən biri də 1937-1938-ci illərdə ordunun komanda heyəti içərisində aparılan təmizləmə və repressiyalar idi. Repressiyalar nəticəsində fiziki cəhətdən məhv edilən hərbi komandirlərin yerinə təcrübəsi olmayan və ya həbs düşərgələrindən azad edilmiş mənəvi sarsıntı keçirən komandirlər təyin edilmişdir ki, onlar da ilk döyüşlərdə məğlubiyyətlərə səbəb olurdular. Müharibənin əvvəllərində yalnız 10 faiz komandirin ali təhsili var idi, onlardan 75 faizi bir ildən də az bir müddətə öz vəzifələrinə təyin edilmişdilər.

Bütün bunların müqabilində alman qoşunlarının Avropada iki illik müharibə təcrübəsi, zabitlərin isə müasir müharibə aparmaq səviyyəsi yüksək idi ki, bu da onların qələbəsini təmin edən amillər hesab oluna bilər. Eyni zamanda Almaniya SSRİ ilə müqayisədə mühüm iqtisadi və hərbi-strateji üstünlük əldə etmişdir. Sovet İttifaqına zərbə vurmaq məqsədilə Alman dövləti təkcə özünün deyil müttəfiqlərinin, Avropanın asılı və işğal edilmiş ölkələrinin də ehtiyyatlarını səfərbər etmişdir.

Müharibənin ilk vaxtlarındakı hərbi uğursuzluqlara baxmayaraq ölkə əhalisinin faşist təcavüzünü dəf etmək məqsədilə səfərbər olunması başlandı. 1941-ci il iyunun 30-da qərar və göstərişləri qanun gücündə olan fövqəladə hakimiyyət orqanı Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK-nin tərkibinə İ.V.Stalin, V.M.Molotov, K.Y.Voroşilov, G.M.Malen-kov, L.P.Beriya daxil oldular. DMK-nın sədri İ.V.Stalin 1941-ci il iyulun 3-də radio ilə xalqa müraciət edərək başlanmış müharibəni ümumxalq, Vətən müharibəsi kimi qiymətləndirdi. DMK bütün sosial-iqtisadi və hərbi ehtiyatları səfərbər etməklə ölkənin müdafiəsini təşkil etmək məqsədilə bir sıra tədbirlər gördü. Hərbi əməliyyatların davam etdiyi rayonlarda və cəbhəyanı ərazilərdə hərbi vəziyyət tətbiq olundu. Düşmən işğalı təhlükəsi olan ərazilərdəki adamlar və sənaye avadanlığı ölkənin şərq rayonlarına köçürülməyə başlandı. İyunun 24-də yaradılan Köçürmə Şurasına əvvəlcə L.Kaqanoviç sonra isə N.Şvemik başçılıq etməyə başladı. L.P.Beriyanın başçılıq etdiyi Xalq Daxili İşlər Komissarlığına kömək məqsədilə ölkənin strateji obyektlərini qorumaq və diversantlarla mübarizə üçün xüsusi qırıcı batalyonlar yaradıldı. 1941-ci ilin iyulunda hərbi komissarlar institutu bərpa edildi.

Ölkəni vətənpərvərlik hərəkatının yüksəlişi bürüdü. Hücum edən düşmənə xalqın qəhrəmancasına müqaviməti kütləvi xarakter aldı. 1941-ci il iyunun 26-da kapitan N.F.Qas-tellonun heyəti alov bürümüş bombardmançı təyyarəni düşmənin maşın karvanı üzərinə yönəldərək onları məhv etdi. Təqribən 73 gün döyüşkən Odessa düşmən hücumunu dəf etdi.

1941-ci ilin dekabr ayının əvvəlinə kimi Finlandiyada Xanko burnundakı sovet hərbi-dəniz bazası müdafiəni qoruyub saxladı. Brest qalasının mərd müdafiəçiləri bir aydan çox düşmən qüvvələrinə müqavimət göstərərək bütün ölkədə qəhrəmanlıq simvoluna çevrildilər.

Adamlar könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə hərbi komissarlıqlara tələsirdilər. 1941-ci il iyulun 4-də DMK xalq yığma qoşununun yaradılması haqqında qərar qəbul etdi. Tez bir zamanda yaşına və ya səhhətinə görə orduya çağrılmayan bir milyon nəfərə kimi insan xalq yığma qoşunu sıralarına yazıldı. 40-a yaxın xalq yığma qoşunu diviziyaları hərbi əməliyyatlarda iştirak etmişdir.

Bütün bu tədbirlərə baxmayaraq, alman ordusu Leninqrad, Smolensk-Moskva və Kiyev olmaqla üç istiqamətdə dayanmadan irəliləyirdilər. Buna baxmayaraq, sovet əsgərlərinin misilsiz gücü və itkisi hesabına üçüncü həftənin sonunda düşməni ləngitmək mümkün oldu. İyul ayında marşal S.Timoşenkonun komandanlığı altında Qərargahın ehtiyat qüvvələrindən yaradılan Qərb cəbhəsi Smolensk istiqamətində düşmənin qarşısını kəsdi və 1941-ci il iyulun 10-dan sentyabrın 10-na kimi Smolensk döyüşü başladı. Müdafiə və hücum əməliyyatlarından ibarət olan Smolensk döyüşünün məqsədi alman qoşunlarını Moskvaya buraxmamaq idi. Düşmən canlı qüvvə, top, minaatan, təyyarə cəhətdən Qızıl Ordudan üstün, tanklara görə isə nisbətən geri qalırdı. Smolensk altında ağır döyüşlər gedirdi. Bu döyüşlər gedişində Qızıl ordu hissələri iki dəfə iyulda Roqaçov, avqust-sentyabrda Yeln altında əks hücuma keçib düşmən əsgərlərinə zərbə vurdu. Smolensk döyüşündə Orş altında ilk dəfə yeni reaktiv minaatan (“katyuşa”) tətbiq edildi. 1941-ci il sentyabrın əvvəllərində G.K.Jukovun komandanlıq etdiyi ordu Yeln şəhəri çıxıntısında düşməni ağır məğlubiyyətə uğratdı. Bu qələbənin çox böyük mənəvi-psixoloji təsiri var idi. Böyük Vətən müharibəsi gedişində ilk dəfə olaraq Qızıl Ordu vermaxtı ağır məğlubiyyətə düçar etmiş oldu.

Sovet İttifaqı marşalı Jukov Georgi Konstantinoviç (1896-1974) Kaluqa quberniyasında anadan olmuş, Birinci Dünya müharibəsində kiçik zabit kimi iki dəfə Georgiyev xaçı ilə təltif edilmişdir. Vətəndaş müharibəsində eskadron komandiri olub. Böyük Vətən müharibəsinin ən parlaq və istedadlı sərkərdələrindən biri olan G.K.Jukov haqqında əsgərlər belə deyirdilər: “Jukov olan yerdə qələbə vardır”. Strateji düşüncə qabiliyyəti, görkəmli təşkilatçılıq bacarığı, polad kimi möhkəm iradəsi və iti zəkası onun səciyyəvi xüsusiyyətləri idi. Böyük Vətən müharibəsində ali hərbi vəzifələr tutan sovet marşalı 1945-1946-cı illərdə Almaniyadakı sovet ordu qrupuna başçılıq etmiş, ölkənin quru qoşunlarının, hərbi dairələrin baş komandanı olmuşdur. 1955-1957-ci illərdə SSRİ-nin Müdafiə Naziri kimi vətənə xidmət göstərmişdir. G.K.Jukovun komandanlığı ilə Yeln çıxıntısında ilk böyük məğlubiyyətini alan düşmənin Smolensk döyüşü sayəsində strateji blistkriq hücum planı pozuldu. Moskva istiqamətində hücumu dayandırmağa məcbur olan almanlar avqustun 25-30-da Dneprə çıxaraq sağsahil Ukraynanı işğal etdi.

Kiyevi müdaifə edən sovet ordu hissələrinin mühasiriyə düşmək təhlükəsi yarandı. G.K.Jukovun başçılıq etdiyi Baş Qərargah təklif etdi ki, sovet qoşunları Kiyevi tərk edib Dneprin arxa tərəfinə çəkilsinlər. Lakin siyasi məqsədlərlə İ.V.Stalin bu təkliflə razılaşmadı və G.Jukov vəzifədən uzaqlaşdırıldı və o Ehtiyat cəbhənin komandanı təyin edildi. Marşal B.M.Şapoşnikov onun yerinə Baş Qərargah rəisi oldu. Ancaq sentyabrın 17-də İ.Stalin vəziyyətin çıxılmaz olduğunu görərək Cənub-Qərb cəbhəsinə Kiyevi tərk etməyə icazə verdi. Bu gecikmiş qərar idi. Sentyabrın 15-də almanların tank diviziyaları qarşı-qarşıya gələrək sovet qoşunlarını mühasirəyə aldılar. 450 mindən çox əsgər, o cümlədən, 60 min zabit mühasirəyə düşdü. Çoxsaylı sovet dəstələri ayrı-ayrılıqda mühasirəni yarmağa cəhd göstərdilər. Bu əməliyyatların gedişində cəbhə komandanı M.Kirponos, qərargah rəisi V.Tupikov, Hərbi şuranın üzvü M.Burmistenko həlak oldular. Çoxlu silah və hərbi texnika düşmənin əlinə keçdi. Beləliklə, sentyabrın 20-də Kiyev düşmən tərəfindən işğal olundu. 1941-ci il sentyabrın axırlarında almanlar bütün Baltikyanı respublikalar və Belarusiyanı, Ukraynanın böyük hissəsini, RSFSR-in Pskov və Leninqrad vilayətlərini, Novqorod, Kalinin, Smolensk, Bryansk vilayətlərinin bir hissəsini işğal etmişdir.

Avqust ayında faşist işğalçıları Leninqradın girəcəyinə çıxdılar. Avqustun 30-da onun ölkə ilə dəmir yol əlaqəsi kəsildi. Sentyabrın 6-da Leninqrad şəhəri bombalanmağa başlandı. Sentyabrın 8-də almanlar Şlisselburqu tutaraq şəhəri qurudan mühasirəyə aldılar. Leninqradın ətrafındakı Pulkovo və Kolpino altında ciddi müqavimətlə üzləşən düşmən mühasirəyə keçdi. Bu zaman şəhərdə 2,5 milyon əhali var idi. Düşmən hücumu nəticəsində Leninqrad Svir, Volxov, Rauxial elektrik stansiyalarından, bombardman və yanğın sahəsində bir neçə min ton un və qənd saxlanan qədim Badayev anbarlarından məhrum oldu. Fəhlələr sutkada 250, qulluqçu, uşaq və himayədarlar 125, Leninqrad cəbhəsinin əsgərləri 500 qr çörək norması alırdılar. Yanacaq çatışmazlığı üzündən şəhər nəqliyyatı, su, kanalizasiya, istilik sistemi işləmir, evlərə elektrik enerjisi verilmirdi. Bütün bu ağır məhrumiyyətlərə baxmayaraq, şəhər döyüşməkdə davam edir, hərbi məhsul istehsal edərək Leninqrad cəbhəsini təmin edirdi. Düşmən mühasirəsində olan Leninqrada ərzaq Ladoqa dənizi vasitəsilə, qışda isə buz üzərində salınmış “həyat yolu” ilə çatdırılırdı. Buz yolu 1942-ci ilin aprelinə qədər mövcud olmuşdur və bu yolla 262 419 ton ərzaq daşınmışdır. 1942-ci ilin yanvar-aprel aylarında bu yolla 554186 nəfər adam təxliyə edilmişdir. Leninqradın qəhrəman müdafiəsi sovet adamlarının mərdlik simvoluna çevrildi. 1943-cü il yanvarın 18-də sovet qoşunlarının hücumu sayəsində Şlisselburq düşmən işğalından azad olundu, Ladoqa gölünün sağ sahili işğalçılardan təmizləndi, 900 gün davam edən mühasirədən sonra ölkə arasında 8-11 km enində cığır açıldı. Leninqradın mühasirəsinə tamamilə 1944-cü il yanvarın 27-də son qoyuldu. Tarixçilərin son hesablamalarına görə aclıq, xəstəlik, bombardman və başqa müasirənin ağırlığından Leninqradın bir milyona yaxın əhalisi ölmüşdür.

1941-ci ilin avqustunda Qərargah 225 №-li əmri imzaladı, tələb olundu ki, “döyüş vaxtı fərqlənmə nişanlarını çıxaran və əsir düşənlər ən qatı fərarilər hesab olunsun, onların ailələri andı pozub və vətəni satanlar kimi həbsə məhkum edilsin.” Fərarilər yerindəcə güllələnməli idi. Onların bilavasitə cəbhəyanı ərazilərdə ləğv edilməsi 1941-ci ilin iyulunda yaradılmış Xalq Daxili İşlər Komissarlığının xüsusi şöbəsinə həvalə edilmişdir. 1943-cü ilin aprelində DİK-nın Xüsusi Şöbə İdarəsi ləğv olunaraq onun yerində V.Abakumovun başçılığı ilə “Smerş” (“casuslara ölüm”) Baş Əks-kəşfiyyat idarəsi yaradıldı.

Moskva döyüşü

1941-ci il sentyabrın 6-da A.Hitler əsasən tank birləşmələri və aviasiyanın gücü ilə Moskva üzərinə hücum haqqında yeni direktiv verdi. Hücum ərəfəsində almanların “Mərkəz” ordu qrupunda bir milyon nəfər adamı birləşdirən 77 diviziya, 14 mindən çox top və minaatan, 1700 tank, 950 təyyarə cəmləşmişdir. Qərb istiqamətindəki sovet qoşunlarının sərəncamında 770 tank, 364 təyyarə, 9150 top və minatan var idi. Rəsmi məlumatlara əsasən düşmən canlı qüvvə cəhətdən 1,4, aviasiyada 2, tanklarda 1,7, artilleriyada 1,8 dəfə sovet ordusu ilə müqayisədə üstün idi. Bəzi müasir tədqiqatçılar belə hesab edir ki, bu göstəricilər bir qədər şişirdilmişdir. Almanların “Mərkəz” ordu qrupuna qarşı İ.S.Konev, S.M.Budyonnı və A.İ.Yeremenkonun komandanlığı altında Qərb, Ehtiyat və Bryansk cəbhələri dayanmışdır.

1941-ci il sentyabrın 30-da almanlar “Tayfun” adı altında Moskvanı tutmaq əməliyyatına başlayaraq müdafiəni yardılar, Vyazma və Bryansk rayonunda Qərb və Bryansk cəbhəsinin əsgərlərini mühasirəyə alıb məhv etdilər. Yüz minlərlə adam düşmənə əsir düşdü. Qərb və Ehtiyat cəbhələrinin sırada qalan hissələrindən, o cümlədən Qərargahın ehtiyyat qüvvələrindən G.K.Jukovun komandanlığı ilə yeni Qərb, İ.S.Konevin komandanlığı ilə isə Kalinin cəbhələri təşkil olundu. Oktyabrın ortalarında cəbhə xətti Kalinin-Volokolam-Naro-Fomin-Serpuxov istiqamətindən keçirdi. Bu mövqeyin möhkəmləndirilməsi məqsədilə çoxu qadınlardan ibarət olan 450 min nəfər moskvalı səfərbər edildi. Oktyabrın 15-də DMK “SSRİ-nin mərkəzi Moskva şəhərinin köçürülməsi haqqında” qərar qəbul etdi ki, buna görə partiya və dövlət idarələrinin bir hissəsi, diplomatik korpusun hamısı Kuybışev (Samara) şəhərinə köçürülməli idi. İ.V.Stalin müşavirədə Moskva hərbi dairəsinin komandanı general-leytenant P.A.Artyomova əmr verdi ki, Sibirdən kömək gələnə kimi Moskvanın müdafiəsini gücləndirsin. 200 qatar, 80 min yük maşını şəhərdəki diplomatik və dövlət əmlakın Kubışevə daşıdı. Paytaxtın təhvil veriləcəyinə dair qorxulu şayələr yayıldığı üçün minlərlə şəhər əhalisi onu tərk etməyə başladı. Oktyabrın 19-da DMK Moskva və onun ətraf rayonlarında mühasirə vəziyyəti haqqında qərar qəbul etdi. Moskvanın və qərb istiqamətində 100-120 km hüdudların müdafiəsi G.K.Jukova tapşırıldı. V.Stalinin tapşırığı ilə noyabr ayının 7-si, səhər saat 8-də Moskvada Qızıl Meydanda ənənəvi hərbi parad keçirildi, burada iştirak edən ordu hissələri birbaşa cəbhəyə yola düşdü. Noyabrın 15-16-da alman qoşunları Moskva üzərinə yenidən hücuma keçdi. Düşmən şimaldan Klin və Solneçnoqorsk və cənubdan Tula, Kaşiradan Moskvadan yan keçmək istəyirdi. Qanlı döyüşlər gedirdi. Leninqrad şossesinin Dubosekovo adlanan hissəsində İ.V.Panfilovun 316-cı atıcı diviziyasının 28 döyüşçü-panfilovçusu kiçik siyasi rəhbər V.Q.Kloçkov başda olmaqla öz həyatları bahasına düşmənin tank hücumunun qarşısını kəsdilər. M. Y.Katukovun birinci qvardiya tank briqadası kimi yenidən təşkil edilmiş dəstəsi düşmənin Tula istiqamətində hücumunun qarşısını aldı. Beləliklə, şərq tərəfdən alman qoşunları Moskvanı keçməyə müvəffəq olmadılar və “Tayfun” planı pozulmuş oldu. Buna baxmayaraq, dekabrın 2-3-də düşmən qüvvələri şimal-qərb istiqamətindən Kryukovo və Krasnaya Polyananı tutaraq Moskvanın 25 km yaxınına qədər irəliləyə bildilər. Dekabrın əvvəllərində düşmən Moskvanın girəcəyində tamamilə dayandırıldı. Alman əsgərləri yorulub əldən düşmüş, onların təchizatı pisləşmişdir. Qızıl Ordu Sibir və Uzaq Şərqdən texniki cəhətdən yaxşı təchiz edilmiş 750 min nəfərlik diviziyalarla möhkəmləndirildi. Bu qərar sovet kəşfiyyatının Yaponların hələlik SSRİ-yə qarşı deyil Sakit Okeanda əməliyyatlarda iştirak etmək niyyətini Baş Qərargaha bildirdikdən sonra qəbul edilmişdir. Moskva altında əks hücuma keçməyə hazırlaşan sovet ordusu eyni zamanda Leninqradın cənub-şərqində və Krımda fəal döyüş əməliyyatları aparırdılar ki, bu da Moskva altına əlavə qoşun göndərməyə imkan vermədi. Bununla bərabər vermaxtın qüvvələri 1941-ci ilin dekbarında Xarkov sənaye rayonunu və Donbasın bir hissəsini, demək olar ki, bütün Krımı tutaraq mərdliklə müdafiə olunan Sevastopolu mühasirə etdilər.

Son illərdə nəşr edilnə bir sıra əsərlərin müəllifləri belə hesab edir ki, Moskva altında əkshücum əməliyyatı ərəfəsində Qızıl Ordu artıq canlı qüvvə və aviasiya cəhətdən düşməndən üstün idi, sovet tanklarının düşməninkindən az olması onların keyfiyyətcə düşməninkindən üstün olması hesabına önə çıxırdı. Dekabrın 5-də, gecə saat 3-də 30 dərəcə şaxtada Kalinin cəbhəsinin qoşunları İ.S.Konevin komandanlığı ilə düşmən üzərinə əks-hücuma keçərək Kalinin (Tver) şəhərini azad edib Rjevə can atırdılar. Dekabrın 6-da hücuma başlayan G.K.Jukovun komandanlıq etdiyi Qərb cəbhəsinin əsgərləri düşmən qüvvələrini ağır məğlubiyyətə uğradaraq Ruze və Volokolamska doğru yönəldilər. S.Timoşenkonun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsinin ordu hissələri Kaluqaya doğru irəliləyirdi. Dekabr ayının ortalarına doğru hər üç cəbhənin əsgərlərinin birgə döyüş əməliyyatları nəticəsində düşmən qüvvələri Moskvanın şimalından 60 km, cənubdan isə 120 km uzağa qovuldu. Dekabrın 15-də Klin, 16-da Kalinin, 20-də Volokolamsk, 30 da Kaluqa alındı. Sovet əsgərlərinin qəhrəmanlığı bu döyüş əməliyyatlarında mühüm rol oynadı. Dəfələrlə onlar öz bədənləri ilə düşmən atəş nöqtələrinə sipər çəkdilər. Qırmızı dənizçilər A.İ.Vaqanov və S.Sanin, serjant V.V.Vasilkovski, sıravilər Y.N.Padem və A.S.Şeşkov, kiçik leytenantlar A.E.Xalin və N.S.Şevlyakov belə qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlər idi. Hitlerin hücumu dayandırmaq haqqında qəti əmri olmasına baxmayaraq vermaxtın ordu hissələri işğal etdikləri hüdudlarda möhkəmlənə bilmədilər. Dekabrın sonuna doğru sovet qoşunları cəbhədə 100-250 km irəliləyə bilmişdir. 1942-ci ilin əvəllərində Leninqraddan başlayaraq Krıma qədər on sovet cəbhəsi hücuma qoşuldu. Aprelin axırlarına kimi əkshücum əməliyyatlarının gedişində Qızıl ordu hissələri 150-400 km məsafə qət edərək 60-dan çox şəhəri vəli min başqa yaşayış məntəqəsini azad etdi.

Moskva altında qələbə alman ordusunun İkinci Dünya müharibəsində birinci böyük məğlubiyyəti idi. Alman ordusunun məğlubedilməzliyi haqqındakı əfsanə puç oldu, vermaxtın mənəvi gücü sarsıldı. Moskva məğlubiyyətindən sonra generallara bərk qəzəblənən Adolf Hitler dekabr-yanvar aylarında onlardan 35 nəfərini, o cümlədən, Rundşted və Quderianı vəzifəsindən azad etdi. Moskva altındakı məğlubiyyətdən sonra Almaniya öz ordusunun döyüş qabiliyyətini bir daha tam olaraq bərpa edə bilmədi. Eyni zamnada sovet adamları inandı ki, Qızıl Ordu hitlerçiləri darmadağın etmək gücünə malikdir və bu müharibənin qələbə ilə başa çatmasına onlarda inam hissini qəti olaraq möhkəmləndirdi. Moskva altında almanların məğlubiyyətinin çox böyük beynəlxalq əhəmiyyəti var idi. Sovet ordusu 1939-1940-cı illərdə bir çox Avropa dövlətləri koalisiya qüvvələrinin, o cümlədən, Fransa və İngiltərənin alman ordusuna qarşı edə bilmədiklərini etdi və onlara qarşı sipər oldu. Bundan sonra, bütün dünya sovet İttifaqına İkinci dünya müharibəsində almanlara qarşı həlledici qüvvə kimi baxmağa başladı. Moskva döyüşü Almaniya və onun müttəfiqlərinin işğal etdiyi ölkələrdə azadlıq və antifaşist hərəkatını artmasına səbəb oldu. “Barbarossa” planı tam uğursuzluğa düçar oldu. Yaponiya SSRİ-yə qarşı hazırladığı müharibə planını “Kantokuen”i 1942-ci ilin yazına qədər təxirə salmağa məcbur oldu.

Antihitler koalisiyasının yaranması

Alman qoşunları SSRİ ərazisinə daxil olan kimi Böyük Britaniya və ABŞ-ın rəhbərləri işğalçılara qarşı mübarizədə Sovet İttifaqını müdafiə edəcəklərini elan etdilər. 1941-ci il iyulun 12-də Moskvada SSRİ və Böyük Britaniya Almaniyaya qarşı birgə hərəkət etmək haqqında saziş imzaladı. Tərəflər bir-birinə kömək etməyi və qarşı tərəflə seperat saziş bağlamamağı öz üzərlərinə götürdülər. Avqustun 31-də Böyük Brtaniyadan göndərilən ilk ittifaq hərbi yük karvanı Murmanska çatdı.

Hitlerçilərin Sovet İttifaqına hücum etməsinin üçüncü günü ABŞ prezidenti F.Ruzvelt SSRİ-yə kömək etmək niyyətində olduğunu elan etdi. Müharibənin ilk həftələrində ABŞ-da belə hesab edirdilər ki, Qızıl Ordu Almanlar qarşısında uzun müddət davam gətirə bilməz, odur ki, SSRİ-yə kömək etməyin heç bir mənası yoxdur. Lakin 1941-ci ilin iyulunda ABŞ prezidentinin şəxsi nümayəndəsi Q.Qopkins Moskvaya səfər etdikdən sonra Qızıl Ordunun və sovet xalqının yüksək mənəvi əhval-ruhiyyədə olduğunu təsbit edərək prezidentə bildirdi.

1941-ci ilin sentyabrında SSRİ Böyük Britaniya və ABŞ-ın avqust ayında qəbul etdikləri Atlantika xartiyasını müdafiə etdiyini bildirdi. Xartiya zorla ərazi dəyişikliyindən imtina edilməsini, xalqların müstəqillik və idarəetmə formasının seçilməsi hüququna hörmət göstərilməsini elan edirdi. 1941-ci il sentyabrın 29-dan oktyabrın 1-nə kimi Moskvada SSRİ, ABŞ və Böyük Britaniya nümayəndələrinin konfransı oldu. ABŞ və İngiltərə 1941-ci il oktyabrın 1-dən 1942-ci il iyunun 30-na kimi hər ay SSRİ-yə 400 təyyarə, 500 tank, 200 tank əleyhinə silah, hərbi material göndərməyi öz öhdələrinə götürdülər. Sovet tərəfi hərbi məhsul istehsalı üçün xammal verməyi vəd etdi. İlk dəfə olaraq Sovet dövlətinə bir milyard həcmində faizsiz kredit təqdim olundu. 1941-ci il noyabrın 7-də ABŞ SSRİ-ni lend-liz üzrə kömək alan ölkələr sırasına daxil etdi. İngilis-amerikan yükü Murmans və Arxangelsk, o cümlədən Vladivastok və İran ərazisi vasitəsi ilə daşınırdı.

1941- ci il dekabrın 7-də Yaponiya müharibə elan etmədən Havay adalarında yerləşən amerikanın Perl-Xarbor hərbi-dəniz bazasına hücum etdi. Dekabrın 8-də ABŞ Yaponiyaya müharibə elan etdi. İngiltərə də Yaponiyaya müharibə elan etdi. Dekabrın 11-də Almaniya və İtaliya ABŞ-a müharibə elan etdi. Beləliklə, İkinci dünya müharibəsinin miqyası kəskin şəkildə genişləndi. 1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 dövlətin antifaşist koalisiyası, o cümlədən, SSRİ, ABŞ, İngiltərə və Çin bəyannamə imzalayaraq hərbi və iqtisadi ehtiyatlarını faşist blokuna qarşı mübarizədə istifadə etməyi öz üzərlərinə götürdülər. Bu dövlətlər və sonradan onlara qoşulanlar “Birləşmiş Millətlər” adlandırılmağa başlandı. 1942-ci il mayın 26-da müharibədə müttəfiqlik, müharibədən sonra əməkdaşlıq haqqında ingilis-sovet müqaviləsi, 1942-ci ilin iyununda SSRİ-yə lend-liz üzrə köməyi təsdiq edən sovet-amerikan sazişi imzalandı. SSRİ ilə onun qərb müttəfiqləri olan İngiltərə və ABŞ-ın 1942-ci ildə Avropada ikinci cəbhəni açmaq istəməməsi müttəfiqlər arasında əsas problem olaraq qalırdı. U.Çörçill və F.Ruzveltin mövqeyi bundan ibarət idi ki, iki nəhəng güc — SSRİ və Almaniya bir-biri ilə nüharibədə öz güclərini tükətsinlər. İngiltərə və ABŞ isə dünya miqyasında aparıcı yer tutaraq onlara öz iradələrini qəbul etdirmək imkanı qazansınlar.

Böyük Vətən müharibəsinin gedişində əsaslı dönüş

Stalinqrad döyüşü.Böyük Vətən müharibəsinin ikinci dövrü Stalinqrad, Kursk döyüşlərini, Dneprin keçilməsini əhatə etməklə 1942-ci il noyabrın 19-dan 1943-cü ilin sonuna kimi olan vaxtı əks etdirir. Bu dövr müharibədə əsaslı dönüşün başlanması və başa çatmasıdır.

1942-ci ilin yazında İ.Stalin cəbhədə yaranmış vəziyyətə düzgün qiymət vermiyərək aprelin 8-də bir sıra cəbhə komandirlərinə hücuma keçmək haqqında göstəriş verərək belə hesab edirdi ki, bununla vermaxtı öz ehtiyatlarından istifadə edərək onu tükətməyə məcbur edib, 1942-ci ildə Almaniya üzərində qələbəni təmin edə bilər. Lakin alman ordularının gücünün tükənməsi hesabı əsassız idi və Baş Qərargahın eyni zamanda müdafiə və hücum taktikası ağır nəticələrə səbəb oldu. 1942-ci ilin aprelindən oktyabrına qədər Qızıl Ordu bir sıra acı məğlubiyyətlərə düçar oldu. 1942-ci il mayın 8-də düşmən Krım cəbhəsindəki ordu hissələrinə ilk zərbəni vurdu. Nəticədə D.Kozlovun komandanlıq etdiyi, Hərbi Şuranın üzvü F.Samanin, Qərargah nümayəndəsi L.Mexlis olduğu Krım cəbhəsi darmadağın edildi. Mayın 15-də Kerç təslim oldu, çox sayda əsir və hərbi texnika düşmənin əlinə keçdi. 175 min nəfər əsgər və zabiti əsir düşən sovet ordusunun qalıqları Taman yarımadasına çəkildi. Bundan istifadə edən alman-rumın qoşunları fon Manşteynin komandanlığı altında Sevastopol üzərinə hücuma keçdi və iyulun 4-də 250 gün qəhrəmanlıqla müdafiə olunan şəhəri tutaraq Krıma tam hakim oldular. Səkkiz ay ərzində düşmənə mərdliklə müqavimət göstərən Sevastopol işğalçılarının Qafqaza irəliləməsini ləngitdi.

1942- ci ilin mayında Şimal-Qərb və Volxov cəbhələrinin ordu hissələrinin hücum cəhdi uğursuz oldu. Volxov cəbhəsinin ikinci zərbə ordusu mühasirəyə düşdü, ordu komandiri A.A.Vlasov əsir düşərək almanların tərəfinə keçdi. General-leytenant A.A.Vlasov Vinnitsk hərbi düşərgəsində olarkən rus “antistalin hərəkatı”na başçılıq etməyə razılıq verdi. 1945-ci ilin mayın 12-də əsir düşərək sonradan edam edilmişdir. Cənub-Qərb istiqamətində sovet ordusu baş komandan S.Timoşenko, Hərbi Şuranın üzvü N.Xruşşov, qərargah rəsis İ.Baqramyanın başçılığı ilə İ.Stalinin razılığı əsasında Xarkov rayonunda qismən hücum əməliyyatına başladı, ancaq onlar düşmənin cənub cinahdan əks-hücuma keçə biləcəyi imkanını nəzərə almamışdılar. Eyni zamanda Baş Qərargah rəisi B.Şapoşnikov da bu hücumun əleyhinə idi. Mayın 12-də hücuma keçən Cənub-Qərb cəbhəsinin qoşunları bir neçə gün ərzində 25-40 km irəliləyə bildilər. Lakin 1942-ci il mayın 17-də Kleystin qrupu gözlənilmədən hücuma keçərək müdafiəni yardı və gün ərzində 20 km irəliləyə bildi. Mayın 18-də Qərargahın ehtiyat qüvvələri ilə düşmənə əks zərbə vurmaq cəhdi uğursuz oldu. Mayın 23-də hücum edən 6-cı alman ordusu bir neçə sovet ordusunu mühasirəyə aldı. Qızıl Ordu 267 min nəfər, o cümlədən, 200 min nəfər əsgər və zabit əsir düşməklə canlı qüvvə, 143 min tüfəng, 9 min avtomat, 652 tank və 1,5 min top, 3,2 min minaatan, 58 min at itirdi. İyulun axırlarına doğru almanlar Donbas və Rostovu tutdular. Beləliklə, bir neçə həftə içində alman ordusu 400 km yaxın irəliləməyə nail oldular ki, bu da sovet əsgərləri içərisində nizam-intizamın pozulmasına və çaxnaşmaya səbəb oldu. 1942-ci il iyulun 28-də İ.Stalin Müdafiə Komissarı kimi məşhur 227 saylı əmri imzaladı, əmrdə ordudan “Bir addım da geri çəkilməmək!” tələb olunurdu. Bu əmrə əsasən orta və böyük zabit və siyasi işçilər qorxaqlıq və s. səbəblərlə intizamı pozduqda cərimə batalyonlarına, sıravi döyüşçülər və kiçik zabitlər cərimə rotalarına göndərilirdi. Hər bir orduda mübarizə dəstələri təşkil edərək səbatsız ordu hissələrinin arxalarında yerləşdirildi ki, təşvişə düşüb geri çəkilən qorxaq və hayküyçüləri yerindəcə güllələsinlər. Bu əmr bir tərəfdən orduda dəmir intizamı təmin etdi, ancaq başqa bir tərəfdən bəraəti olmayan itkilərə səbəb oldu, belə ki, hər cür geriçəkilmə qadağan edildiyi üçün hətta daha əlverişli mövqey tutmaq üçün də geri çəkilmək mümkün olmadığına görə bir çox ordu hissələri bu üzdən mühasirəyə düşüb məhv oldu.

Eyni zamanda qələbələrdən məst olan A.Hitler Moskva üzərinə hücum zamanı yol verdiyi səhvləri iyulun 12-də verdiyi 45 saylı direktivi ilə təkrarlayaraq öz ordusunun iki hücum istiqamətini, bir tərəfdən Xəzər və Qafqaza, başqa bir tərəfdən isə Stalinqrada doğru hücumu müəyyən etdi. Alman komandanlığı belə hesab edirdi ki, Stalinqradı asanlıqla ələ keçirib Volqa ilə Həştərxana kimi irəliləyə bilərdilər. Avqust ayında Kuban vasitəsilə Qafqaz istiqamətində hücuma keçən almanlar heç bir müqavimətə rast gəlmədən avqustun 5-də Stavropolu, 11-də Krasnodarı, 14-də Novorossiyskini tutdular. Hücumu davam etdirən hitlerçilər Böyük Qafqaz sıra dağlarına çataraq öz sivastikalı bayraqlarını Elbrusun zirvəsinə yerləşdirdilər. Onları yalnız Tuapsedən Qara dənizlə ələ keçirə bilmədikləri Orjonikidze və Qrozniya kimi olan xətdə dayandırmaq mümkün oldu. Ordu arxasında yerləşdirilən və hər biri 200 nəfərdən ibarət olan dəstələr 1944-ci ilin oktyabrın 29 -da ləğv edildi. Müharibə vaxtı hərbiçilərin 1,24 %-i cərimə batalyonlarından keçmişdir.

Hitler Almaniyasının “Cənub” ordu birləşməsinin “A” qrupuna Qara dəniz sahili boyu Qafqaz istiqamətində hücum edib Bakının neft rayonların ələ keçirilməsi tapşırılmışdır. “B” ordu qrupu isə Stalinqradı tutaraq Don hüdudlarında müdafiə yaradaraq sovet qoşunlarının əkshücumunun qarşısını almaq vəzifəsini yerinə yetirməli idi. 1942-ci il avqustun 25-də 6-cı alman ordusu F.Paulyusun komandanlığı altında Stalinqradın qərb sərhədinə çıxaraq şəhəri həm də şimaldan mühasirəyə aldılar. Eyni zamanda 4-cü tank ordusu rumın ordu hissələri ilə birlikdə Stalinqrada cənub-qərbdən yaxınlaşdılar. 1942-ci il iyulun 12-də Cənub-Qərb cəbhəsinin əsasında Stalinqrad (komandanı A.Yeremenko), sentyabrın 28-də Don (komandanı K.Rokossovski) cəbhələri yaradıldı. Stalinqrad əhalisi Volqadan o biri tərəfə köçürülməyə başlandı. Şəhərdə əlavə müdafiə xətləri quruldu. İyulun 17-də Stalinqrad döyüşü başladı və noyabrın 18-nə kimi davam etdi ki, bu da müdafiə mərhələsini təşkil edir. Sentyabrın 3-də düşmən Stalinqraddan şimalda Volqaya çıxdı. Sentyabrın 13-də döyüşlər artıq şəhərdə gedirdi. Oktyabrın əvvəllərində düşmən qüvvələri şəhərin böyük hissəsini ələ keçirmişdi. Düşmənin Mamayev kurqanın tutub şimalda traktor zavodunun ərazisinə daxil olmasına baxmayaraq şəhərdə hər ev, hər mərtəbə uğrunda qanlı döyüşlər, o cümlədən, əlbəyaxa döyüşlər gedirdi. Sentyabr-noyabr aylarındakı amansız küçə döyüşləri faşist işğalçılarının hücum gücünü demək olar ki, tükətdi. Odur ki, alman komandanlığı öz qoşunlarını yeni kömək gələnə qədər müdafiəyə keçməyi əmr etdi. Stalinqrad (Volqoqrad) səhərin V.İ.Çuykov, M.S.Şumilov, A.İ.Lopatinin orduları, A.İ.Rodimtsev, İ.İ.Lyudnikovun diviziyaları müdafiə edirdi.Müdafıə döyüşlərində 324 min nəfər sovet əsgər və zabiti həyatını itirmişdir.

1942-ci il avqust-sentyabr aylarında sovet qoşunları Şimali Qafqaz istiqamətində də fəal müdafiə döyüşləri aparırdılar. Avqustun 8-də Maykopu, 25-də isə Mozdoku tutan hitlerçilər bundan o tərəfə irəliləyə bilmədilər. “A” ordu qrupunun dağlı atıcı düşmən əsgərləri Tuap-senin yoxuşlarında dayandırıldı. Şimali Qafqazda ümumi döyüş mənzərəsi Stalinqrad döyüşünün başa çatmasına qədər dəyişmədi. 1942-ci ilin noyabrına doğru vermaxtın qüvvələri yorulub əldən düşdükdə Qızıl Ordu əlavə yeni qüvvələrlə möhkəmləndirildi. Tank, təyyarə və artilleriya ilə müqayisədə sovet ordusu 1,3-1,5 dəfə üstün duruma gəldi. Sovet qoşunlarının tank parkı KV vəT-34 tanklarından ibarət idi ki, bu da keyfiyyətinə görə düşmən tanklarından üstün idi. Döyüşlərin gedişində Ali Baş Komandanlıq Qərargahı bilavasitə G.K.Jukov və A.M.Vasilevskinin rəhbərliyi ilə alman-faşist ordularını Stalinqrad altında mühasirəyə alıb məhv etmək planını hazırladı. Şərti adı “Uran” olan bu plana əsasən bir milyon nəfər canlı qüvvəsi, 13 min top və minaatanı, 1000 tankı, 1500 təyyarəsi olan Cənub-Qərb (komandiri N.F.Vatutin, Don (Komandiri K.K.Rokossovski) və Stalinqrad (komandiri A.İ.Yeremenko) cəbhələrinin ordu hissələri əks hücuma keçərək düşmənin əsas qüvvələrini mühasirəyə alıb məhv etməli idilər.

“Kiçik Saturun” (“Malıy Saturun”) adlanan Kotelnikov və Orta Don əməliyyatları ilə isə Stalinqrad altında mühasirəyə alınmış düşməni xilas etməyə cəhd göstərən ordu hissələrinin qabağı kəsilməli idi. Cənub-Qərb və Don cəbhəsinin sağ qanadının qoşunları 1942-ci il noyabrın 19-u saat 7:30 dəqiqədə düşmən üzərinə əks-hücuma keçdilər. Noyabrın 20-də Stalinqrad cəbhəsinin qoşunları hücuma atıldılar. Noyabrın 23-də Cənub-Qərb və Stalinqrad cəbhəsinin qoşunları Kalaç və Sovetski rayonlarında mühasirəni qapatdılar. Düşmənin 330 min nəfərdən ibarət olan 6-cı döyüş və 4-cü tank orduları mühasirəyə alındı. Dekabrın 12-dən 19-na qədər Qotun ordu birləşmələri Kotelnikov rayonunda müasirəni yarıb F.Paulyusun əsgərlərin və zabitlərin xilas etməyə çalışsa da buna müvəffəq olmadı. Sovet qoşunları hücuma keçərək dekabrn sonunda cəbhədə 200 km dərinlik məsafəsində yeni hüdudlarda möhkəmləndilər. Mühasirəyə düşənlərə havadan yardım etməkdə bir nəticə vermədiyi üçün onların vəziyyəti ümidsiz idi. Stalinqrad döyüşünün yekun mərhələsi “Mühasirə” (“Koltso”) əməliyyatı oldu. Mühasirədə olan 22 diviziyanın əsgər və zabitləri aclıq, soyuq və sursat çatışmazlığı üzündən əziyyət çəkirdilər. Lakin buna baxmayaraq, A.Hitler onlara təslim olmaq icazəsi vermədi. Təslim olmaq haqqında sovet təklifini qəbul etmədikdən sonra 1943-cü il yanvarın 10-da Don cəbhəsinin qoşunları hücuma keçərək ayın 26-da Volqa sahili boyu mühasirəni saxlayan V.Çuykovun 62-ci ordusu ilə Mamayev kurqanı rayonunda birləşdilər. F.Paulyusun ordusu iki qrupa bölündü, yanvarın 31-də cənub, fevralın 2-də şimal qrupu təslim oldu. 1943-cü il yanvarın 10-dan fevralın 2-nə kimi hitlerçilər 147 min nəfər itirdilər, 91 min adam, o cümlədən, 2,5 min zabit, başda feldmarşal Paulyus olmaqla 24 general əsir düşdü.

Ümumən 1942-ci il noyabrın 19-dan 1943-cü il fevralın 2-dək düşmən 800 min nəfər canlı qüvvə, iki min tank və döyüş topu, 10 mindən çox top və minaatan, üç minə yaxın döyüş və nəqliyyat təyyarəsi itirdi. İki alman, iki rumın və bir italyan ordusu məhv edildi. 1942-ci il iyulun 17-dən 1943-cü il fevralın 2-nə kimi Qızıl Ordu 478 min nəfər canlı qüvvə, 0,5 milyon atıcı silah, dörd mindən çox tank, 15 min top və minaatan, üç min döyüş təyyarəsi itirdi.

Stalinqrad altında qələbənin çox böyük tarixi əhəmiyyəti var idi. Qızıl Ordunun Volqadan qərbə doğru hücumu alman komandanlığını məcbur etdi ki, öz qoşunlarını Şimali Qafqazdan çəkib aparsın. Almanların Stalinqrad ətrafında məğlub edilməsi faşist koalisiyası arasında ciddi hərbi-siyasi böhrana səbəb oldu. İtalya, Rumıniya, Macarıstan cəbhədəki uğursuzzluq və xalq kütlələrinin narazılığı ilə bağlı böyük çətinliklərlə üzləşdilər. Rumıniya və Macarıstan müharibdən çıxmaq haqqında Qərb dövlətləri ilə seperat danışıqlara başladılar. Bu qələbə sahəsində Avropanın hitlerçilər tərəfindən işğal edilmiş ölkələrində müqavimət hərəkatı daha geniş vüsət aldı. SSRİ-nin işğal olunmuş ərazilərində isə partizan hərəkatı yeni yüksəlişə keçdi. Stalinqrad altında qələbə Böyük Vətən müharibəsində əsaslı dönüşün başlanğıcı oldu. Qızıl Ordu düşmənin əlindən strateji təşəbbüsü alaraq onu müharibənin sonuna kimi davam etdirdi.

Stalinqrad döyüşündəki xidmətlərinə görə 1943-cu ilin yanvarın 18-də G.K.Jukov, fevralın 16-da A.M.Vasilyevski marşal rütbəsi aldılar. Martın 6-da İ.V.Stalin marşal rütbəsi aldı. Bu müharibə başlanandan verilən ilk ali hərbi rütbələr idi.

Partizan hərəkatı.Artıq Moskva altında döyüşlər vaxtı SSRİ-də iki min partizan və gizli qruplar fəaliyyət göstərirdi. Faşistlər tərəfndən işğal edilən ərazilərdə partizanlar kommunikasiya xətlərini xarab edir, alman ordusunun və hərbi idarəsinin arxa obyektlərinə hücum edir, satqınları cəzalandırır, adamların Almaniyaya göndərilməsinə mane olur, təxribatlar hazırlayırdılar. 1942-ci il mayın 30-da Ali Baş Komandanlıq Qərargahı nəzdində Belarusiya KP MK-nın katibi P.Ponomarenko başda olmaqla partizan hərəkatının Mərkəzi Qərargahı təşkil edildi. Cəbhə hərbi şuralarının nəzdində də partizan qərargahları yaradıldı.

1942-ci ilin yayı və payızında partizan hərəkatına 13 min, müharibə müddətində isə 60 min mütəxəssis qoşulmuşdur. Bunlar kəşfiyyatçılar, rabitəçilər, partizan müharibəsi təşkilatçıları və s. ibarət idi. 1942-ci ildə partizan hərəkatı xüsusilə Bryanskin meşə rayonlarını, Smolensk, Oryol, Belarusiya, Ukraynanın meşə hissəsini və Krımı bürümüşdür. 1943-cü ilin payızında 200 min km çox ərazi partizanların tam nəzarəti altında idi. Belarusiyada sayı 50 min nəfərdən ibarət olan 400 partizan dəstəsi fəaliyyət göstərirdi. Orş ətrafında K.S.Zaslonovun komandası altında partizan briqadası döyüşürdü.

1942-ci ilin payızında S.A.Kovpakın və A.N.Saburovun komandası altında üç min nəfər süvari partizan dəstəsinin reydləri şöhrət qazanmışdır. D.N.Medvedevin komandanlığı altında Oryol, Smolensk, Mogilyov, Rovensk, Lvov vilayətlərində, P.M.Maşerovun komandanlığı ilə Belarusiyada partizan dəstələri düşmənə ağır zərbə vuraraq öz adlarını tarixin səhifələrinə həkk etdirdilər. Kursk döyüşü dövründə partizanlar “Rels müharibəsi” əməliyyatı təşkil edərək düşmənin 800-dən çox eşalonunu məhv etdilər. Ancaq 1943-cü ildə partizanlar 11 min qatarı qəzaya uğratmış, 900 dəmir yol, 5,5 min başqa körpülər partlatmışdır. 1941-ci ilin noyabr ayında işğalçılar əlehinə gizli fəaliyyət göstərən Liza Çaykina, partizan qız Zoya Kosmodemyanskaya, gənc partizan Marat Kazeyin və d. igidlik əməlləri partizan hərəkatının parlaq səhifələridir. Partizan hərəkatının xüsusi formalarından biri şəhərlərdəki gizli təşkilatlar idi. Onlar kəşfiyyat məlumatları toplayır, vərəqə və qəzetlər buraxır, təxribatlar törədirdilər. Belə qruplar Odessa, Sevastopol və digər işğal olunmuş şəhərlərdə fəaliyyət göstərirdilər. Krasnodonda 1943-cu ilin fevralında Oleq Koşevoyun “Gənc qvardiya” (“Molodaya qvardiya”) gizli komsomol təşkilatının şöhrəti bütün ölkədə yayılmışdır. Vermaxt getdikcə daha çox hərbi qüvvələrini partizanlarla mübarizəyə ayırmağa məcbur olurdu. Bu isə onların partizanlarla daha amansız rəftar etməsinə gətirib çıxardı. Təkcə 1942-ci ilin mayında “Mərkəz” ordu qrupunun arxasında partizan hərəkatı ilə əlaqə şübhəsi sayəsində 80 min adam almanlar tərəfindən güllələnmişdir. Partizanlarla əlaqə saxlamaq üstündə alman faşistləri bütöv kənd əhalisini belə qurşuna düzmüşlər. 1943-cü ildə partizan hərəkatı özünün ən yüksək nöqtəsinə çatmışdır. 1944-cü ildə partizanlar Belarusiyanın və sağsahil Ukraynasının azad edilməsinə önəmli töhfə verdilər. Sovet İttifaqının işğal olunmuş əraziləri düşməndən azad edildikcə partizan dəstələri döyüşən ordu ilə birləşirdi. Sovet adamlarının düşmən arxasındakı mərd mübarizəsi Sovet İttifaqının Böyük Vətən müharibəsində qələbəsinin mühüm faktorlarından biridir.

Kursk döyüşü

1943-cü ilin fevralında sovet ordusunun hücumu dayandırıldı. Təşəbbüsü ələ alan almanlar Donbas, Xarkov və Belqorodu tutdular. 1943-cü ilin aprelinə doğru sovet-alman cəbhəsinin mərkəzində Kursk çıxıntısı əmələ gəldi, düşmənin Oryol və Belqorod qruplaşması Sovet ordusu birliklərinin müdafiə cəbhəsini yarmaq təhlükəsi yaradırdılar. Əks-hücum müvəffəqiyyətlərindən ruhlanan alman baş qərargahı Orlov-Kursk çıxıntısına güclü zərbə endirməyi nəzərdə tutan “Sitadel” əməliyyat planın işləyib hazırladılar. Alman ordusuna çoxlu yeni “tiqr” və “pantera” tankları, özüyeriyən “ferdinand” topları, “Fokke-Vulf-190” qırıcı təyyarələri göndərildi. 1943-cü il iyulun əvvəlində Oryol-Kursk istiqamətində hitler Almaniyasının 900 min nəfər canlı qoşunu, 2733 tank və özüyeriyən qurğusu, 10 min top və minaatanı, 2050 təyyarəsi cəmləşmişdir. Qızıl Ordu sıralarında 1336 min əsgər və zabit, 3444 tank və özüyeriyən qurğu, 19100 top və minaatan, 2172 təyyarə var idi. Kursk döyüşü İkinci Dünya müharibəsinin ən böyük döyüşlərindən biridir. 1942-ci ildən fərqli olaraq sovet komandanlığı düşmənin niyyətini başa düşərək vaxtında dərin eşelonlaşdırılmış müdafiə yarada bilmişdir. Kursk əməliyyatına görkəmli sovet sərkərdələri marşallar G.K.Jukov və A.M.Va-silevski, generallar N.F.Vatutin və K.K.Rokossovski komandanlıq edirdi. Müdafiədən hücuma keçməyi nəzərdə tutan sovet komandanlığı general İ.S.Konevin başçılığı ilə strateji ehtiyat qüvvələri yaratmışdır. Kursk çıxıntısının şimal tərəfini general K.Rokossovskinin komandanlıq etdiyi Mərkəzi cəbhə müdafiə edirdi.

Konstantin Konstantinoviç Rokossovski (1896-1968) Varşavada anadan olmuş, Birinci Dünya müharibəsinin və Vətəndaş müharibəsinin iştirakçısıdır. Şərq cəbhəsində ağçerxlərə, Kolçaka və baron Ungernin dəstəsinə qarşı vuruşaraq iki dəfə yaralanmış və üç dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur. 1937-ci ilin avqustundan 1940-cı ilin martına kimi DİXK-nın istintaqı altında olmuş, işin dayandırılması ilə azad edilmişdir. Böyük Vətən müharibəsində onun komandanlığı altında ordu hissələri Smolensk, Stalinqrad, Kursk döyüşlərində, Belarusiya, Şərqi Prussiya, Şərqi-Pomeran və Berlin əməliyyatlarında uğurla iştirak etmişdir. Məhz K.Rokossovskinin təklifi ilə “Baqration” əməliyyatının gedişində eyni zamanda iki əsas qüvvə zərbəsi ilə çıxış edən sovet ordu hissələri düşməni əzmişdir ki, bu da sovet-alman cəbhəsində qüvvələr nisbətinin əsaslı surətdə dəyişilməsinə səbəb olmuşdur. O, 1944-cü ildə Sovet İttifaqı marşalı, 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildən 1956-cı ilə kimi Polşanın milli Müdafiə naziri olub. 1956-cı ildən SSRİ Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışıb. 1968-ci ildə “Əsgər vəzifəsi” xatirələr kitabını çap etdirib, 1997-ci ildə təkrar nəşri olub.

1943-cü il iyulun 5-i səhər saat 5:30-da 9-cu alman ordusunun zərbə qrupu, 6-cı və 4-cü tank orduları, “Kempf’ əməliyyat qrupu hücuma keçdi. Nəzərdə tutulmuş hücuma bir saat qalmış sovet artilleriyası və təyyarələri düşməni yaylım atəşinə tutdu. Mərkəz cəbhəsi istiqamətində 6 gün müddətində hitlerçilər yalnız 6-12 km irəliləyə bildilər, iyulun 11-də çoxlu itki verən almanlar hücumu dayandırmağa məcbur oldular. N.Vatutinin komandanlıq etdiyi Voronej cəbhəsinin belqorod-kursk istiqamətində iyulun 5-də almanlar E.Manşteynin komandanlığı ilə 700 tankla hücuma keçdi. Oboyan və Koroç istiqamətindəki bu hücumda almanlar böyük çətinliklə 10-18 km irəlilədilər. İyulun 12-də Proxorovko rayonunda hər iki tərəfdən 1200 tank və özüyeriyən qurğunun iştirak etdiyi ən böyük tank vuruşması oldu. Hər iki tərəf ağır itki verdi. İyulun 17-də sovet ordusunun cinahlardan əks-zərbə vura biləcəyini və iyulun 9-da Siciliyada ingilis-amerikan ordusunun hərbi əməliyyatlara başlamasını nəzərə alaraq A.Hitler “Sitadel” əməliyyatının dayandırılmasına dair əmr imzaladı. 1943-cü il iyulun 12-dən avqustun 23-nə qədər Kursk döyüşünün ikinci mərhələsinin əkshücum əməliyyatı keçirildi. “Kutuzov” hücum əməliyyatını M.Popovun komandanlığı altında Bryansk, K.Rokossovskinin komandanlığı altında Mərkəz və V.Sokolovskinin komandanlığı ilə Qərb cəbhəsi qüvvələrinin bir hissəsi iyulun 12-dən qərb istiqamətində düşməni darmadağın edərək 150 km irəlilədilər və avqustun 5-də Oryolu azad etdilər. Avqustun 20-də hücuma keçən sovet ordu hissələri ayın 23-də Xarkovu azad etdilər və bununla Kursk döyüşü başa çatdı. 50 gün davam edən Kursk döyüşündə hər iki tərəfdən çox böyük canlı və texniki qüvvə iştirak edirdi. Belə ki, 4 milyon nəfər adamı birləşdirən 300 diviziyanın iştirak etdiyi bu əməliyyatda düşmən 30 seçmə diviziyasını, o cümlədən, 7 tank diviziyasını itirdi. Almanlar 1300 tankından və min təyyarəsindən məhrum oldu. Qızıl Ordu 254,4 min nəfər əsgər və zabit, 6 min tank, 1600 təyyarə itirdi. Faktlardan aydın olur ki, Kursk döyüşündə Qızıl Ordunun itkiləri düşməndən qat-qat çox idi. Hitlerçilərin Kursk çıxıntısına hücumunun boşa çıxması o demək idi ki, müharibədə strateji təşəbbüs tamamilə Qızıl Ordunun əlinə keçmişdir. Böyük Vətən müharibəsində Stalinqrad döyüşü ilə başlayan əsaslı dönüş Kursk döyüşündəki qələbə ilə başa çatmış oldu. Kursk döyüşü ilə əlaqədar olaraq Hitler komandanlığı Aralıq dənizi müharibə teatrından, Fransa və Hollandiyadan çoxlu cani qüvvə və hərbi texnika çıxarmağa məcbur oldu ki, bunun da nəticəsində müttəfiqlər İtaliyada əməliyyatları genişləndirə bildilər. Kursk altında məğlubiyyət faşist bloku ölkələrinə müharibədə qüvvələr nisbətinin Sovet İttifaqının xeyrinə əsaslı dönüş etdiyini göstərdi. Macarıstanın Qərblə separat sülh bağlamaq səyləri gücləndi. Almaniya ilə Finlandiya arasındakı münasibətlərdə böhran yarandı. Bütün dünya başa düşdü ki, SSRİ-nin müharibədə qələbəsi yalnız zaman məsələsidir.

Dneprin keçilməsi.1943-cü ilin avqust-sentyabr aylarında Qızıl Ordu solsahil Ukraynasına hücumu genişləndirərək Dnepr çayına çıxdı. Donbas və Krivoy Roqun kömür-metal mənbələrini, Ukraynanın məhsuldar torpaqlarını öz əlində saxlamağa çalışan alman komandanlığı bütün Şərq cəbhəsi boyu müdafiyə keçərək avqustun 11-də “Şərq səddi” strateji müdafiə hüdudunun qurulmasına dair əmr verdi. Narva-Pskov-Vitebsk-Orş-Soj çayı-Dneprin orta axını-Moloçnı çayını əhatə edən bu müdafiə xəttində əsas diqqət keçilməz təbii sərhədlərə malik olan Dnepr çayına yönəlmişdir. Almanlar Qızıl Ordunu “Şərq səddi”ndə dayandırmağı nəzərdə tutaraq belə hesab edirdilər ki, sovet ordusu nəhəng çay səddi olan Dnepri keçə bilməzlər. Ali Baş komandanlıq Qərargahı Donbası, solsahil Ukraynasını, Krımı azad edib Dneprin keçilməsini planlaşdırdı. Sentyabrda hücuma keçən sovet qoşunları “Cənub” cəbhəsinin hissələrinə ağır zərbə vuraraq, düşmən müdafiəsini yardılar, Dneprin sağsahilində qoşunlar Kiyev və Kremençuq-Dneprovsk döyüş meydanlarında möhkəmləndilər. Artıq sentyabrın axırlarında sovet ordu birlikləri Dneprin sağsahilində 23 əməliyyat meydanı tutaraq onları genişləndirməyə başladılar. Dnepri birbaşa əldəqayırma vasitələrlə keçən sovet qoşunları böyük itki verdi. Bu isə almanlara möhkəmlənmək imkanı verməmək və İ.Stalinin Kiyevi noyabrın 7-də tutmaq tələbi ilə bağlı idi. Hitlerçilərin Moloçnı çayında və Dneprin aşağı axarlarında darmadağın edilməsi Tamanın azad edilməsinə, Kerçdə desant əməliyyatının keçirilməsinə şərait yaratdı. 1943-cü il avqust ayından dekabra qədər sovet ordusu “Cənub” ordu qrupu qüvvələrini məğlub edərək qərbə doğru 200-400 km irəlilədilər. N.F.Vatutinin komandanlığı altında Birinci Ukrayna cəbhəsinin döuyüşçüləri noyabrın 6-da Kiyevi azad etdilər ki, A.Hitler bunu bütün Ukraynanın itirilməsi kimi qiymətləndirdi. Yaz-yay kompaniyası zamanı 40 mindən çox yaşayış məntəqəsi, o cümlədən, 162 şəhər düşmən işğalından təmizləndi. Kiyev, Xarkov, Bryansk, Smolensk, Novorossiysk, Donbas, Çerniqov, Poltava, Qomel, Dnepropetrovsk, Dneprodzerjinsk, Zaporojye, Taqanroq və s. yerlər buna misaldır. Düşmən tərəfindən işğal edilmiş ərazilərin yarıdan çoxu təmizlənmiş oldu.

1942-ci lin payızında qərb müttəfiqləri Şimali Afrikada fəallaşdılar. İngilislər feld-marşal B.Montqomerinin komandanlığı altında Əl-Ələmeyn altında döyüşdə qələbə çalaraq E.Rommelin komandanlığı altındakı alman-italyan qoşunlarının Misirdən qovulmasına səbəb oldu. Amerikan qoşunları D.Eyzanhauerin komandanlığı altında Əlcəzairə çıxaraq şərqə doğru hücum edib 1943-cü ilin mayında alman və italyan ordu hissələrini Tunisdə müasirəyə alıb təslim olmağa məcbur etdilər. 1943-cü ilin iyul-avqust aylarında ingilis-amerikan birlikləri Siciliya adasını tutdular. Bu B.Mussolininin devrilməsi və İtaliyanın müharibədən çıxması demək idi. Sentyabm 3-də marşal P.Badolo başda olmaqla yeni italiyan hökuməti danışıqsız təslim olmaq aktını imzalayaraq müharibədən çıxdı və oktyabrın 13-də Almaniyaya müharibə elan etdi. İtaliyanın şimal və mərkəzi yerlərini tutan almanlar burada oyuncaq hakimiyyət quraraq onun başına A.Hitlerin əmri ilə desantçılar tərəfindən oğurlanaraq azad olunan Mus-solinini gətirdilər. Sakit okeanda 1942-ci ildə ABŞ Midueydəki və Quadalkanal adasındakı dəniz döyüşlərini udaraq Sakit okeanın cənub və mərkəz hissəsində qəti əkshücuma keçdi. Bütün bunlarla bərabər İkinci Dünya müharibəsinin əsas ağırlığı Qızıl Ordunun üzərinə düşməkdə davam edirdi. Sovet Ordusunun qələbələrindən onun daha da güclənəcəyindən ehtiyat edən F.Ruzvelt və U.Çörçill 1943-cü ildə Kvebekdəki konfransda belə qərara gəldilər ki, ikinci cəbhəni adı “Overlord” olan əməliyyat planını La-manşı keçməklə 1944-cü il mayın 1-də həyata keçirsinlər. 1943-cü il noyabrın 28-dən dekabrın 1-nə kimi Tehran konfransında İ.Stalin, F.Ruzvelt və U.Çörçill ilk dəfə görüşdülər. Konfransın əsas məsələsi ikinci cəbhənin açılması problemi idi ki, yekun sənədində “Overlord” əməliyyatının 1944-cü ilin may ayında baş tutacağı nəzərdə tutulurdu. Müttəfiqlər həmçinin Polşa məsələsini müzakirə edərək belə qərara gəldilər ki, Polşanın qərb sərhədləri Oder çayı boyunca müəyyən edilsin. Şərq sərhədləri isə Qərbi Ukrayna və Qərbi Belarusiyanın SSRİ-nin tərkibində qalması şərti daxilində həll edilsin. Konfransda Almaniyanın müharibədən sonrakı quruluşu məsələsi də müzakirə edildi. Müttəfiqlər Almaniyanın danışıqsız təslim olması haqqında yekdil qərar qəbul etdilər. Üç dövlətin elan etdiyi müharibədə faşist Almaniyasına qarşı birgə fəaliyyət və müharibədən sonrakı əməkdaşlıq haqqında Bəyannamə mühüm siyasi əhəmiyyət kəsb edirdi. Müttəfiqlər eyni zamanda Baltik dənizində donmayan Köniqsberq (Kalininqrad) və Memel (Klaypeda) limanlarının SSRİ-yə verilməsi haqqında razılığa gəldilər.

Əsaslı dönüşün səbəbləri.Müharibənin gedişində əsaslı dönüşü təmin edən başlıca səbəblərdən biri 1942-ci ilə doğru ölkənin iqtisadiyyatını tamamilə hərbi relslər üzərinə keçirərək dinc dövr üçün nəzərdə tutulan məhsul istehsalının hesabına daha çox hərbi texnika və silahlar hazırlamaq oldu. Ölkənin sənaye ehtiyyatının 1942-ci ilin yayında şərq rayonlarına köçürülməsinin ikinci mərhələsinin başa çatması ilə iqtisadi göstəricilər yüksəldi. Qızıl Ordu sıralarında 11 milyon nəfər adamın olması şəraitində Sovet hökuməti 1942-ci ilin fevral ayında şəhər, noyabrda isə kənd əhalisin səfərbərliyə alaraq məcburi surətdə sənaye və tikintiyə göndərirdi. Bunun nəticəsində yalnız 1942-ci ildə üç milyon nəfər adam, o cümlədən, 830 min nəfər məktəbləri yenicə bitirmiş oğlan və qız əmək cəbhələrinə göndərildi. Eyni zamanda cəbhəyə gedən ixtisaslı fəhlələri əvəz etmək məqsədilə 1 milyon 800 min nəfər adam fabrik-zavod məktəblilərinin (FZU) tezləşdirilmiş kurslarında təhsilə cəlb olundu. Məhz fabrik-zavod məktəbləri və başqa peşə-texniki tədris müəssisələrinin fəaliyyəti sahəsində orduya səfərbər edilən ixtisaslı işçilərin yerini doldurmaq mümkün oldu. Müharibənin dörd ili ərzində işçi qüvvələrinin əməyi nəticəsində sənayedə əmək məhsuldarlığı 40 faiz artdı. 1942-ci ilin sonundan başlayaraq SSRİ həm hərbi texnika buraxılışının miqdarına görə, həm də keyfiyyətinə nisbətən Almaniyanı xeyli üstələyirdi. Sovet hərbi sənaye müəssisələri ayda 2100 təyyarə, 2000 tank istehsal edir, hazırladıqları T-34 tankları, İL-2 qırıcı təyyarələri keyfiyyətinə görə alman maşınlarını xeyli qabaqlayırdılar. Təkcə 1943-cü ildə aviasiya sənayesi cəbhəyə 35 min təyyarə verdi ki, bu da 1942-ci ildəkindən üç dəfə artıq idi. Ölkənin şərqindəki üç iri zavod, yəni Uralmaş, Çelyabinskdə Kirov və 183 saylı zavod istehsal olunan tankların 2/3 hissəsini verirdi.

1943-cü ilin əvvəllərində cəbhəyə özüyeriyən yeni artilleriya qurğusu SAU-122-nin ilk partiyası göndərildi. 1942-ci ilin sonuna nisbətən 1943-cü ilin yayına doğru atıcı qoşunlarda tankvuran silahların miqdarı 85 mindən artaraq 145 min ədədə çatdırıldı.

Qızıl Ordu silahlarının modernləşdirilməsi ilə yanaşı, onun strukturu da təkmilləşdi. Hücum döyüşlərində fəal iştirak etmək üçün atıcı qoşunlarda korpusların sayı artdı. Ali Baş Komandanlığın Ehtiyatının tank əleyhinə məhvedici silahlarının miqdarı artdı, onun yarıb keçmə və zent artdiviziyaları yaradıldı. Hər bir cəbhənin tərkibində hava ordusu var idi. Mühəndis qoşunlarında, avtomobil, yol və hərbi-tibbi qulluq sahəsində keyfiyyət dəyişikliyi baş verdi. Komanda kadrları və döyüşçülərin şəxsi heyətinə tələbkarlıq artırıldı. 1942-ci ilin oktyabrında hərbi komissarlar qaydası ləğv edildi və Qızıl Orduda vahid rəislik bərqərar oldu. Beləliklə, iqtisadiyyatın sürətlə hərbi relslər üzərinə keçməsi, yeni hərbi texnikanın kütləvi istehsalının vermaxta nisbətən daha üstün vəziyyəti, ordu strukturunun təkmilləşməsi sovet silahının hərbi qüdrətini artıraraq onun hücum qabiliyyətini yüksəltdi ki, bu da əsaslı dönüşün təmin edilməsində mühüm rol oynadı.

Müttəfiqlərin lend-liz üzrə SSRİ-yə hərbi və iqtisadi köməyi də müharibədə əsaslı dönüşün təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Rəsmi sovet məlumatlarına əsasən müttəfiqlərin köməyi sovet hərbi istehsalının dörd faizini təşkil edirdi. Lakin Amerikan rəsmi məlumatları bu köməyin 11-12 milyard dollar miqdarında olduğunu iddia edirdi. Əsil həqiqət ondan ibarətdir ki, müttəfiqlər Sovet İttifaqına çoxlu miqdarda barıt, sursat, yanacaq, əlvan metal və polad lövhələr, dəzgah, ərzaq və s. göndərmişdir ki, bu yardım əsaslı dönüşün təmin edilməsinə və faşizm üzərində qələbədə əhəmiyyətli tövhə olmuşdur.

Hitlerçilər işğal etdikləri ərazilərdə “Şərq” (“Ost”) planına uyğun olaraq “yeni qaydalar” müəyyən etdilər. Hakimiyyət alman hərbi komendaturalarına keçdi. Eyni zamanda yerli satqınlardan ibarət “özünüidarələr” təşkil olundu. Şəhərlərdə burqomistr və starostalar təyin edildi. 18-45 arasındakı yaşlı əhali əmək mükəlləfiyyətli hesab edilirdi. İş saatı 14-16-ya çatırdı. Şəhərlərdə aclıq hökm sürürdü. Hətta fəhlələrə belə həftədə 800 qram çörək norması, yerdə qalan sakinlərə isə 200 qram çörək verilirdi. Bu isə Leninqrad mühasirəsində olan normadan da az idi.

1941-ci il iyulun 17-də A.Rozenberq Şərq işləri üzrə nazirliyə başçı təyin edildi ki, o da işğal zonaların təcrübə meydanına çevirdi. Onun “Şərq siyasəti” nəzəriyyəsinə görə sovet hakimiyyətin xalqdan ayırıb, siyasi və sosial cəhətdən narazı vətəndaşları, ilk növbədə, kəndliləri rejimə qarşı qaldırmaq lazımdır. “Şərq siyasətində” xüsusilə yəhudi və kommunistlərin kütləvi surətdə məhv edilməsi nəzərdə tutulurdu. Xüsusilə Belarusiyanın və Ukraynanın bəzi rayonlarının çoxsaylı yəhudi əhalisi mütəmadi olaraq məhv edilirdi. Kiyev altında Babi-Yarda 50 min meyidin qalıqlarının aşkar edilməsi və ümumən 1050 min sovet yəhudisinin məhvi bu siyasətin birbaşa nəticəsidir. Qızıl Ordunun əsir düşən siyasi komissarları və kommunistlər yerindəcə güllələnirdi. Müharibənin ilk üç həftəsi ərzində əsir düşən 70 mindən, 1941-ci ilin sonunda iki milyon nəfərdən çox sovet hərbiçisi ən ağır işgəncəyə məruz qalmışdır. Ümumən müharibədə əsir düşən 5,7milyon nəfər sovet əsgər və zabitinin 3,7 milyon nəfəri ya öldürülmüş, ya da dözülməz həyat və əmək şəraitinin qurbanı olmuşdur.

1941-ci ilin payızında almanlar ucuz işçi qüvvəsindən istifadə etmək məqsədilə işğal edilmiş ərazilərin əhalisin məcburi surətdə Almaniyaya göndərməyə başladılar. Ümumən SSRİ-dən 4,9 milyon nəfər adam işləmək üçün zorla Almaniyaya göndərilmişdir. “Ostarbay-terlər” adlanan bu adamlar gündə 10 saat olmaqla ən ağır işlərdə yarımaç vəziyyətdə çalışırdılar. Onların heç bir hüququ yox idi, döyüylür və ələ salınırdı. Almaniyaya getməmək üçün yerli əhalinin çoxu partizanlara qoşulurdu.

A.Rozenberqin “şərq siyasətində” əsas yerlərdən birini də SSRİ əhalisinin etnik cəhətdən parçalanması tuturdu. Belə ki, Baltikyanı xalqlar alman mədəniyyətinə yaxın olduğu üçün alman yaşam tərzinə qovuşmalı idilər. Onlar müharibə vaxtı imtiyazlı vəziyyətdə olaraq hətta alman yönümlü milli hökumətləri belə yaratmışdılar. Qafqazda isə almanları müstəmləkəçilik məsələləri deyil, yalnız neft ehtiyyatları maraqlandırırdı. Onlar Qafqaza İrak və İranın neft rayonlarını ələ keçirmək üçün məsafələrarası dayanacaq meydanı kimi baxırdılar. Qızıl Ordu çəkildikdən sonra üç dağlı müsəlman xalqı qaraçaylılar, kabardin və balkarlar antisovet üsyanına qalxdıqları üçün alman komandanlığı onlara dini, siyasi və iqtisadi muxtariyyəti əhatə edən yerli komitələr yaratmağa icazə verdi. Almanların müdafiəsinə sığınan Krım tatarları 1942-ci ildə Simferopolda Mərkəzi Müsəlman Komitəsini yaratdılar. Ancaq almanlar pantürkizm hərəkatının dirçəlişindən ehtiyat edərək Krım tatarlarına muxtariyət vermədilər.

A.Hitlerə görə SSRİ-yə hücum etmək yalnız hərbi əməliyyat demək deyildir. Məqsəd həm də şərqdə almanlar üçün vacib olan müstəmləkələr ələ keçirmək idi. Məhz buna görə A.Hitler bolşevizmin yəhudi təbiətinə və ümumən bütün slavyan xalqlarına dərin nifrət bəsləyirdi. Hitlerə görə tarixən Almaniya ilə Rusiya arasında olan münaqişələr Rusiyanı almanlar üçün daimi təhlükə mənbəyinə çevirir. Başqa bir tərəfdən fürer belə hesab edirdi ki, slavyan irqinin mükəmməl olmaması Rusiyanın hər hansı bir siyasi xarakterli quruluşunu məhv etməyi zəruri edir, çünki qulların dövləti olmur. Ukraynanı isə Almaniyanın iqtisadi maraqlarına cavab verən əsas yerlərdən biri hesab edən A.Hitler burada milli oyunlara aludə olmaq fikrindən uzaq idi. Gələcəkdə bu əraziləri almanlaşdırmağı planlaşdıran vermaxt yerli slavyanlara qarşı, xüsusilə milliyyətçilik təbliğatı aparan ziyalılara qarşı sərt tədbirlər görürdü. Bütün bunlar isə işğal altında olan ərazilərdə artıq 1942- ci ilə doğru almanların öz etibarlarını itirməsinə səbəb oldu. Təbii olaraq faşistlərin SSRİ xalqlarını, xüsusilə slavyanları parçalayıb qula çevirmək siyasəti işğalçılara qarşı müqaviməti artıraraq əsaslı dönüşün təmin edilməsinə xeyli yardım etdi və hitlerçilərin “Şərq siyasəti” iflasa uğradı.

Böyük Vətən müharibəsinin başa çatması

1944-cü ilin əvvəlində sovet-alman cəbhəsində vəziyyət.Böyük Vətən müharibəsinin üçüncü dövrü SSRİ və Şərqi Avropanın almanlar tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi, Hitler Almaniyası üzərində qəti qələbəni əhatə etməklə 1944-cü ilin əvvəlindən

1945-ci il mayın 9-na kimi davam etmişdir. Şərq cəbhəsini möhkəmlətmək məqsədilə alman komandanlığı Qərb cəbhəsindən 1943-cü ilin sonlarında 75 diviziyanı, çoxlu sayda hərbi texnika və maddi-texniki vasitələri Şərq cəbhəsinə göndərdi. Beləliklə, sovet-alman cəbhəsində düşmənin 4906 min canlı qüvvəsi, 54570 top və minaatanı, 5400 tank və hücum topu, 3073 təyyarəsi cəmləşmiş oldu. 1944-cü ilin əvvəllində Qızıl Ordunun 6736 min canlı qüvvəsi, 97690 top və minaatanı, 5628 tank və özüyeriyən artilleriya qurğusu, 8818 döyüş təyyarəsi var idi. Faktlar təsdiq edir ki, Qızıl Ordu canlı qüvvə və texnika cəhətdən düşməndən çox üstün vəziyyətdə olmaqla bərabər, strateji təşəbbüs də ona məxsus idi. 1944-cü ildə işğalçı alman ordularına qarşı hücuma keçən Qızıl Ordunun hərbi əməliyyatları iki, qış-yaz və yay-payız mərhələlərindən ibarətdir. L.Qovorovun komandanlığı altında Leninqrad, K.Meret-skovun komandanlığı altında Volxov və M.Popovun komandanlığı altında 2-ci Pribaltika cəbhələri 1944-cü ilin yanvar-fevral aylarında hücum edərək Leninqrad, Novqorod, Kalinin vilayətlərini tamamilə, Pskovun isə bir hissəsini işğalçılardan təmizlədilər. Yanvarın 27-də 900 gün davam edən Leninqradın mühasirəsi tam başa çatmış oldu. Yalnız 550 min nəfər əhalisi qalan Leninqradın bir milyon əhalisi mühasirə zamanı tələf olmuşdur ki, bunların da üçdəikisi aclıqdan və s. səbəblərdən tükənərək ölənlər idi. N.Vatutinin komandanlığı ilə 1-ci Ukrayna cəbhələrinin qoşunları hücuma keçərək Korsun-Şevçenko altında 6 alman diviziyasını mühasirəyə alıb məhv etdilər. Bu Stalinqraddan sonra alman işğalçılarının mühasirəyə alınıb məhv edildiyi ikinci böyük əməliyyat idi ki, bunun da sayəsində fevral ayında Kiyevdən cənuba sağsahil Ukraynası düşməndən azad edildi. Dnestr və cənubi Buq çayına gedən yol açılmış oldu.

1944-cü ilin aprel-mayında general F.İ.Tolbuxinin komandanlığı altında 4-cü Ukrayna cəbhəsinin qoşunları hücum edib Odessa, Sevastopol və bütün Krımı azad etdilər. İyun-avqust aylarında sovet ordu hissələri Kareliyanı azad edərək Finlandiyanın sərhədlərinə çıxdılar. Finlandiya hərbi əməliyyatı dayandıraraq sentyabrın 4-də müharibədən çıxdı, sentyabrın 19-da isə Almaniyaya müharibə elan etdi. 1944-cü il iyun-avqust aylarında Belarusiyada kod adı “Baqration” olan döyüş əməliyyatların komandanları K.Rokossovski, G.Zaxarov, İ.Çernya-xovski olan 1-ci, 2-ci və 3-cü Belarusiya cəbhələrinin, 1-ci Pribaltika, Dnepr hərbi flotu, 1-ci Polşa Ordusu qüvvələri almanların “Mərkəz” və “Cənub” ordularına qarşı keçirdilər. Məhz Ali Baş Qərargah, G.Jukov və İ.Stalinin etirazına baxmayaraq K.K.Rokossovskinin təklifi ilə eyni zamanda iki baş zərbə ilə düşməni əsas zərbədən yayındıran sovet qoşunları “Mərkəz” cəbhəsinin əsas qüvvələrini əzərək Minskinin şərqində 100 mindən çox alman əsgər və zabitin mühasirəyə aldı ki, ondan da yalnız bir neçə yüz nəfər xilas ola bildi. “Baqration” əməliyyatı nəticəsində Qızıl Ordu Belarusiyanı, Litvanın bir hissəsini, Polşanın şərq rayonlarını azad etdi və Vislaya çatdı. Sovet qoşunlarının düşmənə qarşı keçirdiyi hücum əməliyyatları sayəsində almanlara vurduğu güclü zərbələrin sayı artırdı. 1944-cü ilin iyul- avqustunda İ.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhəsinin əsgərləri, S.A.Kovpakın, P.P.Verşiqorun partizan dəstələri Lvov-Sandomir əməliyyatında düşməni darmadağın edərək Qərbi Ukrayna və Polşanın cənub-şərq rayonların almanlardan azad etdilər. Avqustda R.Y.Malinovski və F.İ.Tolbuxinin komadanlığı ilə 2-ci və 3-cü Ukrayna cəbhələrinin orduları Moldaviyadakı düşmən müdafiəsini yararaq Kişinyov və Yssı rayonunda 22 alman-rumın diviziyasını məhv edərək Rumıniyanın mərkəzi rayonlarına çıxdılar. Bu əməliyyat nəticəsində Moldovanın cənub rayonları, Ukraynanın İzmailov (hazırda Odessanın tərkibində) vilayəti, Rumıniyanın böyük hissəsi azad olundu. Rumıniya və Bolqarıstan təslim oldu. 2-ci Ukrayna cəbhəsinin qoşunları Rumıniya torpaqlarının azad edilməsində əsas rol oynamışlar. Azərbaycan oğulları hərbi əməliyyatların uğurla başa çatmasında yaxından iştirak etmişdir. Belə ki, Rumıniyanın Markit şəhəri uğrunda gedən döyüşlədə 27-ci ordunun qvardiya serjantı Gəray Lətif oğlu Əsədov öz bədəni ilə düşmənin atəş nöqtəsini susduraraq döyüşün qələbə ilə başa çatmasına səbəb olmuşdur. Öz həyatı bahasına uzaq Şərqi Avropa torpaqlarının faşist işğalçılarından təmizlənməsində misilsiz qəhrəmanlıq göstərən Gəray Əsədova 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

1944-cü il iyul-sentyabr aylarında İ.X.Baqramyan, A.İ.Yeremenko və İ.İ.Maslen-nikovun komandanlığı ilə 1-ci, 2-ci və 3-cü Pribaltika cəbhələrinin, marşal L.A.Qovorovun komandanlığı altında Leninqrad cəbhəsinin orduları hücum edərək Pskov vilayətini, Estoniyanı, Litvanı tamamilə, Latviyanın böyük bir hissəsini işğalçılardan azad etdilər və Şərqi Prussiyanın sərhədlərinə daxil oldular. Hərbi döyüşlərin gedişində düşmənin “Şimal” ordusunun 26 birləşməsi darmadağın edildi, 38 diviziya Kurlyandiyada Tukumla Libava arasında sıxışdırıldı. Baltik flotu Baltik dənizində azad hərəkət etmək imkanı qazandı. Ordu generalı İ.Y.Petrovun komandanlığı ilə 4-cü Ukrayna cəbhəsinin orduları oktyabrda Tissa ilə Dunay arasında hücuma keçərək Debretsen əməliyyatı ilə Macarıstanın şərq rayonlarını hitlerçilərdən azad etdilər, Almaniya özünün son müttəfiqi Macarıstanın köməyindən məhrum oldu. 1944-cü ilin oktyabrında K.Meretskovun komandanlığı altında Kareliya cəbhəsi və Şimal flotu (vitse admiral A.Q.Qolovko) Petsamo-Kirkeness əməliyyatı nəticəsində hitlerçiləri qütb arxasındakı sovet ərazisindən və Norveçin şimal rayonlarından qovub çıxardı. Petsamo və Norveçin Kirkeness limanları azad oldu. Bu sayədə Almaniya Barents dənizinin limanlarından və metal mədənlərindən məhrum oldu. Beləliklə, 1944-cü ildəki hərbi əməliyyatları nəticəsində SSRİ-nin hitler Almaniyası tərəfindən 1941-ci ilin iyununda pozulan dövlət sərhədi Barentsdən tutmuş Qara dənizə kimi bərpa edildi və faşist işğalçıları ölkə ərazisidən qovuldu.

İşğaldan azad edilmiş ərazilərdə dövlət siyasəti.SSRİ-nin bir çox xalqları dövlət siyasətinin qurbanı olaraq deportasiyaya, yəni zorla öz yaşayış yerlərindən köçürülməyə məruz qaldılar. 40-ci illərdə “dövlət planına” əsasən məcburən köçürülənlərin sayı 3011108 nəfər təşkil edirdi ki, bunlar arasında da inquş, çeçen, alman, kalmık, balkar kimi bütöv xalqlar var idi. Əlavə olaraq 215242 nəfər müxtəlif xalqların nümayəndələri müstəqil olaraq köçürmə yerlərinə xüsusi eşalonlar olmadan gəlmişdilər. Beləliklə, köçürülənlərin sayı 3226340 nəfər idi. Məcburi köçürmənin əsas bəhanəverici səbəbləri işğal vaxtı bu xalqlara məxsus ayrı-ayrı adamların və ya qrupların satqınlığını cəzalandırmaq, mümkün olan satqınlığın qarşısını almaq üçün önləyici tədbir kimi müharibə aparan və aparması mümkün olan xaricdə yaşayan soydaşları ilə iş birliyinin qarşısını almaqdan ibarət idi. İ.Stalinin subyektiv fikirlərinin məhsulu olan bütöv xalqları cəzalandırmaq təcrübəsi repressiyalarla müşayiət olunurdu. Hələ müharibə ərəfəsində koreyalılar və polyaklar deportatsiyaya məruz qaldılar. 1941-ci ilin avqustunda Volqaboyunda yaşayan almanlar guya Almaniyanın bir işarəsi ilə Volqaboyu rayonlarda təxribat və partlayış törətməyə hazırdılar damğası ilə yeni yaşayış yerlərinə köçürüldülər ki, onların da sayı 446480 nəfərə çatırdı. Beləliklə, 1941-ci ilin payızında almanların Volqaboyu muxtar respublikası ləğv edildi. Leninqrad, Moskva, Qafqaz, Krım ərazisində yaşayan sovet almanları da köçürüməyə məruz qaldılar. Ümumən 1941-ci ilin sonu — 1942-ci ilin əvvəllərində 1084828 alman deportasiyaya uğramışdır. Almanlar və ailə üzvlərinə tətbiq edilən məhdudiyyətlər 1955-ci il dekabrn 13-də onların üzərindən götürülsə də onlara yalnız 1974-cü ildə doğma yerlərə qayıtmaq icazəsi verildi. Almanlardan başqa Volqaboyundan polyaklar da köçürüldü, belə ki, 1942-ci ikin noyabrında Saratov vilayətindən Qazaxıstana 2014 nəfər, o cümlədən 318 uşaq köçürülmüşdür. 1944-cü il mayın 11-də Krım azad edildikdən sonra Dövlət Müdafiə Komitəsi hitlerçilərlə işbirliyi görən hərbi caniləri cəzalandırmaq yerinə bütün Krım tatarlarının Krımdan köçürülməsi haqqında qərar qəbul etdi. Krım Respublikasından 191088 krım tatarı zorla köçürüldü ki, bunun da sayəsində Krımın əhalisi 379 min nəfərə qədər azalmış oldu. 1944-cü ildə Krımın boşaldılmış rayonlarına Ukrayna, RSFSR-in Voronej, Bryansk, Tambov, Kursk və Rostov vilayətlərindən əhali yerləşdirildi. 1945-ci ilin iyunun 30-da Krım MSSR RSFSR-in tərkibində Krım vilayətinə çevrildi, 1954-cü ilin fevralın 19-da Ukrayna SSR-nin tərkibinə daxil oldu. 2014-cü ilin martın 18-də Krım Republikası Rusiya Federasiyasının tərkibinə daxil edildi.

1943-cü il dekabrn 27-də Kalmık MSSR ləğv edildi və 91919 kalmık Qazaxıstana deportasiya edildi. 1957-ci il yanvarın 9-da kalmık xalqının dövlətçiliyi bərpa olundu. 1958-ci ilin iyulun 29-dək Kalmık muxtar vilayəti, sonra Kalmık MSSR yarandı. Elburusu müdafiə edə bilməyərək hitlerçilərə verməkdə təqsirli bilinən balkarlar 1944-cü il martın 8-də iki saat ərzində deportasiya edildilər. 32887 nəfər, o cümlədən 16695 uşaq və qoca Qazaxıstana və Qırğızıstana sürgün edildi. Bundan əlavə Böyük Vətən müharibəsi cəbhələrində döyüşən 15 min bu xalqın nümayəndəsi cəbhədən geri çağırılaraq sürgün yerlərinə göndərildi. 1944-cü il mayın 29-da Kabardin -Balkar MSSR Kabardin MSSR-ə çevrildi, balkarların yaşadığı torpaqlar isə Kabardin və Gürcüstan respublikalarının istifadəsinə verildi. 1943-cü il noyabrın 6-da balkarların qonşuları olan qaraçaylılar ayrı-ayrı adam və qrupların faşistlərlə əməkdaşlıq etdiyinə, cinayət və satqınlıq təqsiri üzündən bütöv xalq, o cümlədən 62842 nəfər əhali Qırğızıstan, Qazaxıstan, Tacikistan, İrkutsk vilayəti və uzaq Şimala sürgün edildilər. 1957-ci ilin yazı və yayında qaraçaylıların 90 faizi müvafiq qərardan sonra öz yurdlarına Qaraçay-Çərkəzə döndülər.

1944- cü ildə Çeçen-İnquş MSSR ləğv edildi, fevralın 23-də 500 min nəfər əhalinin yaşadığı muxtar respublikadan 310630 çeçen və 81100 inquş deportasiya edildi. Əməliyyata bilavasitə Şimali Qafqazda olan Xalq Komissarı L.P.Beriya başçılıq edirdi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistana köçürülənlərin sıralarına 1944-cü ilin fevralında Qızıl Ordu hissələrindən azad edilən bir neçə min nəfər çeçen və inquş əsgər və zabiti daxil oldu. Dağıstan MSSR-in şimal-qərb hissəsinin Auxov rayonunda yaşayan 30 min çeçen də sürgündən yaxa qurtara bilmədi. Çeçen və İnquş xalqının dövlətçiliyi yalnız 1957-ci ildə bərpa edildi. 1944-cü il iyunun 2-də DMK-nin qərarı ilə Krımda yaşayan 15040 yunan, 12422 bolqar, 9621 erməni, 1119 xarici vətəndaş, o ümlədən alman, italyan, rumın, yunan, türk və iranlı iki gün içərisində deportasiyaya məruz qaldı. 1944-cü il avqustun 31-də DMK 6279 saylı qərarı ilə Gürcüstandan Qazaxıstan, Qırğızıstan və Özbəkistana türk, kürd və həm-şidlərin zorla köçürülməsini təmin etdi ki, bununla da 46516 türk, 8694 kürd, 1385 həmşid və 29505 nəfər başqa millətin nümayəndəsi deportasiya olundu. Ermənistanın Türkiyə ilə sərhəddində yaşayan kürdlərin bir hissəsi də Orta Asiyaya köçürüldü.

Cənubi Qafqazdan 100 min nəfərə yaxın türk və başqa xalqların nümayəndəsi öz ata-baba torpaqlarından didərgin salındı ki, onlar da 220 Məshəti kəndlərində yaşayanlar idi. Onlar cənubi Qazaxıstana, Orta Asiyanın Şimal rayonlarına, Kabarda MSSR-ə və Azərbaycana sürgün olundular.

1945- ci ilin sonuna olan məlumata əsasən xüsusi köçürülmə yerlərində (spetsposeleniy) 2342,5 min insanı əhatə edən 967 085 ailə var idi. Onların arasında “cəzalandırılan xalqların” ordudan geri çağrılan nümayəndələri 157 min nəfər (6,7%) təşkil edirdi. Bilavasitə İ.Stalinin və onun ətrafının təşəbbüsü ilə həyata keçirilən deportasiya siyasəti SSRİ-də yaşayan xalqların dostluğuna böyük ziyan vurmaqla yanaşı bu rayonların təsərrüfatlarının tənəzzülünə də səbəb oldu. Böyük insani, mənəvi və siyasi itkilərə səbəb olan məcburi köçürmə və yaxud həqiqi adı sürgün olan sovet dövlətinin bu siyasəti uzun illər SSRİ-də yaşayan xalqların taleyində acı izlər qoymuşdur. Bu ağrı-acıya məruz qalan xalqların böyük çoxluğu isə SSRİ-nin turk xalqları olmuşdur.

Avropada hərbi əməliyyatlar

1944-cü ilin yayında beynəlxalq və hərbi vəziyyət göstərdi ki, ikinci cəbhə açılmadan da Qızıl Ordu Avropanı işğalçılardan təmizləmək gücünə malikdir. Bu ABŞ və Böyük Britaniyanı hərəkətə keçirdi və onlar ikinci cəbhəni açmaq haqqında Tehran konfransının qərarını yerinə yetirdilər. Amerikan general D.Eyzenhauerin komandası altında İngiltərə və ABŞ öz ordusun Britaniya adalarından La-Manş vasitəsilə “Overlord” əməliyyatı əsasında Şimali Fransaya çıxardı. Müttəfiq qoşunları onlara qarşı duran düşməndən canlı qüvvə cəhətdən üstün olmaqla bərabər (1 mln nəfər), tank və özü-yeriyən qurğularla müqayisədə 3, top və minaatanlardan 2,2, hərbi təyyarələrlə müqayisədə 6,1 dəfə üstün idilər. Bu vaxt vermaxtın 179 döyüş diviziyası və 5 briqadası sovet-alman cəbhəsində idi. Fransa, Belçika və Hollandiyada isə 58 alman diviziyası var idi ki, onların da yalnız 38-i sahili müdafiə edirdi. Müttəfiq qoşunların daxil olduğu Sena körfəzi rayonunu cəmi 3-4 alman diviziyası qoruyurdu. Avqustun 19-da fransız vətənpərvərləri Parisdə antifaşist silahlı üsyanına başladılar.

Avqustun 25-də amerikan-ingilis orduları Parisi azad edərək, sentyabrda Almaniyanın qərb sərhədlərinə çıxdılar. Şərq və Qərb cəbhələri arasında sıxışıb qalan alman komandanlığı Almaniyanın qərbində “Ziqfrid xətti” boyu müdafiəyə keçməyə məcbur oldu. Dekabrın ortalarında Ardenn dağlarında əks hücuma keçən hitlerçilər ingilis-amerikan ordularına ağır zərbə vuraraq onları seperat sülh bağlamağa məcbur edib əsas qüvvələri Şərq cəbhəsinə yönəltmək niyyətində idilər. Müttəfiqlər tanklar üçün əlverişsiz olan bu yerdə almanların əks-hücumunu gözləmirdilər. Odur ki, ilk vaxtlar alman qoşunları xeyli uğur qazana bildilər. Lakin canlı qüvvə və texnika cəhətdən düşməndən xeyli üstün olan müttəfiqlər düşmənin hücumunun qarşısını aldılar və 1945-ci ilin əvvəllərində hücuma keçdilər. Ancaq onlar ağır itkilər hesabına ləng irəliləyə bilirdilər. Belə bir şəraitdə U.Çörçill İ.Stalinə müraciət edərək Şərq cəbhəsində sovet qoşunlarının hücumunu tezləşdirməyi xahiş etdi. Qızıl Ordu 1945-ci il yanvarın 20-də nəzərdə tutduğu hücum əməliyyatını 8 gün əvvəl, yəni yanvarın 12-də Visla-Oder əməliyyatı ilə başladı. Yanvarın 12-də marşal İ.S.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhəsinin qoşunları güclü top atəşindən sonra ağır şəraitdə Sandomir döyüş əməliyyat meydanına hücuma keçdi. Nəzərdə tutulan hücum əməliyyatı İ.Stalinin şəxsi göstərişi ilə 8 gün əvvəl başladığı üçün sovet qoşunları döyüşə tam hazır vəziyyətdə deyildilər və havadan təyyarələrlə pis təchiz olunurdular ki, bununda nəticəsində hücum əməliyyatı çoxsaylı ölü və yaralının olmasına gətirib çıxardı. 1945-ci ilin yanvarın ortalarında G.K.Jukovun komandanlığı ilə 1-ci Belarusiya cəbhəsinin və 1-ci Ukrayna cəbhəsinin döyüşçüləri Vislanun qərb sahilindəki döyüş əməliyyat meydanından hücuma keçdilər.

Şərqi Prussiyadan Karpat dağlarına qədər 1200 kilometrlik cəbhə boyu Qızıl Ordunun iri miqyaslı qış hücumu başlamış oldu. Bu hücumun əsas məqsədi Polşa ərazisindəki düşmən qruplaşmaları əzərək Oderə çıxmaq və burada döyüş əməliyyat meydanı yaradaraq Berlinə həlledici zərbə vurmağa hazırlaşmaq idi. Yanvarın 14-də Hitler Ardenndəki əsas qüvvəsi olan 6-cı tank SS ordusunu sovet-alman cəbhəsinə göndərmək haqqında əmr verdi. Bunun ardınca general Manteyfelin 5-ci tank ordusu da şərq cəbhəsinə göndərildi. Yanvar ayının 15-dən 31-nə kimi Şərq cəbhəsinə tərkibində 800 tank və özüyeriyən top olan 8 alman, (o cümlədən 4-ü tank və motorlaşdırılmış olmaqla) diviziyası göndərildi. Bu müttəfiq qoşunların Ardenndə vəziyyətini yüngülləşdirdi və onların hücuma keçməsinə şərait yaratdı.

1945-ci il yanvarın 17-də sovet qoşunları 1-ci Polşa ordusunun fədakarlıqla döyüşən əsgərləri ilə birlikdə Varşavanı azad etdilər. Fevralın 3-də 1-ci Belarusiya və 1-ci Ukrayna cəbhələrinin ordu hissələri Oderə çataraq çayın sağsahilini düşmən qoşunlarından təmizləyərək solsahildə döyüş əməliyyat meydanı yaratdılar.

Qızıl Ordu dəstələri 1-ci Polşa ordusu və partizanlarla birlikdə Polşa ərazisinin böyük bir hissəsin işğalçılardan təmizləyərək Almaniyanın ərazisinə daxil oldular. Qızıl Ordunun Berlin istiqamətində hücumunun qarşısını almaq məqsədiə vermaxt Şərqi Pomeraniya və Sileziyada cinah zərbələri ilə sovet ordusunu məğlub etmək niyyətində idi. Bu şəraitdə Ali Baş Komandanlıq Qərargahı Berlin və Drezden istiqamətində hücuma hazırlığı zəiflətmədən 2-ci və 1-ci Belarusiya cəbhələrinin iştirakı ilə düşmənin şərqi Pomeraniya qruplaşmasını əzərək Oder çayının aşağı axarına çıxmaq göstərişi verdi. 1-ci Polşa ordusunun da iştirak etdiyi əməliyyat sayəsində hitlerçilərin Dantsiq-Qdınsk möhkəmləndirilmiş müdafiə xətti yarıldı, onlarca mühüm yaşayış məntəqəsi azad edildi.

1945-ci ilin fevral-martında 1-ci Ukrayna cəbhəsinin döyüşçüləri Aşağı Sileziya və Yuxarı Sileziya hücum əməliyyatını uğurla başa çatdıraraq düşmənin “Mərkəz” ordusuna ağır zərbə vurdular. Fevral-mart hücumu nəticəsində faşist Almaniyası mühüm hərbi sənaye və kənd təsərrüfatı rayonlarını itirməklə yanaşı, silahlı qüvvələri də ağır zərbə aldı. Qərb cəbhəsində ingilis-amerikan orduları Reyn hüdudlarında qruplaşaraq Rur sənaye rayonunu ələ keçirməyə hazırlaşırdılar.

Həm Şərq, həm də Qərb cəbhəsində həlledici hücum ərəfəsində bir sıra siyasi məsələləri həll etmək məqsədilə SSRİ Xalq Komissarları Sovetinin sədri İ.V.Stalin, ABŞ-ın prezidenti F.Ruzvelt və Böyük Britaniyanın Baş Naziri U.Çörçill 1945-ci il fevralın 4-dən 11-dək Krımdakı konfransda bir araya gəldilər. Müttəfiqlər Almaniyanın qəti olaraq darmadağın edilməsinin hərbi planını razılaşdırdılar. Almaniya müharibədən sonra sülhsevər, demokratik dövlət olmalı, faşist partiyası, vermaxt, baş qərargah, hərbi sənaye ləğv olunmalı idi. Konfrans qərara aldı ki, müharibənin səbəbkarı kimi Almaniya 20 milyard dollar təzminat ödəməlidir ki, bunun da 10 milyard dolları SSRİ-yə çatmalı idi. Müttəfiqlər Birləşmiş Millətlər Təşkilatının yaradılamsı haqqında razılığa gəldilər və Azad edilmiş Avropa haqqında bəyannamə qəbul etdilər. SSRİ Tehran konfransında verdiyi sözü təsdiq edərək bildirdi ki, müharibə başa çatdıqdan iki-üç ay sonra Yaponiyaya qarşı müharibəyə başlayacaq. Beləliklə, Krım konfransı ümumi düşmənə qarşı mübarizədə antihitler koalisiyasının möhkəmləndirilməsində yeni mərhələ oldu.

1945-ci ilin fevral-martında Qızıl Ordu hissələri Şərqi Prussiyadakı düşmənlərin məhv edilməsini əsasən başa çatdıraraq bütün Polşanı, Macarıstanın böyük hissəsini azad etdi və Almaniyanın içərilərinə doğru daxil oldu. Aprelin 6-da 3-cü Belarusiya cəbhəsinin qoşunları Köniqsberqə hücum edib, 9-unda onu ələ keçirdilər. Aprelin 4-də sovet qoşunları partizanlarla birlikdə Slovakiyanın paytaxtı Bratislavanı azad etdilər. Həmin gün hitlerçilər bütün Macarıstan ərazisindən qovuldular. Aprelin 6-da 2-ci və 3-cü Ukrayna cəbhələrinin döyüşçüləri şimal və cənubdan Venanın ətrafına yaxınlaşdılar. Yeddi gün müddətində Avstryanın paytaxtı tamamilə işğalçılardan təmizləndi, Çexoslovakiyanın mərkəzi rayonlarına və onun paytaxtı Praqaya yol açılmış oldu. Sovet ordu birlikləri Berlinin 60 km-nə gəlib çıxdı. Faşist reyxi mühüm neft yataqlarından və hərbi məhsul verən müəssisələrdən məhrum oldu.

Arxa cəbhədə həyat və əmək

1941-ci ildə SSRİ müharibəyə qədərki ərazisində yaşayan əhalisinin 46, istehsal etdiyi kömür və metalın yarısını, taxılın 40, şəkərin 80 faizini itirmişdir. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında çalışan ölkənin iqtisadiyyatı hərbi istehsalın yenidən qurulmasına cəlb olunmuşdur ki, burada da adamların möhkəm iradəsi əsas rol oynayırdı. 1941-ci ilin iyunun 24-də yaradılan Köçürmə Şurası təkcə 1941-ci ildə ölkənin şərqinə 2,5 min müəssisə, çoxlu sayda mal-qara və başqa kolxoz əmlakı, elmi idarə və təhsil müəssisələri köçürdü. Cəbhəyanı rayonlardan 10 milyon nəfər əhali çıxarıldı, 1,5 milyon vaqondan bu işlərdə istifadə edilmişdir. Köçürülən müəssisələr Volqaboyu, Qərbi Sibir, Qazaxıstan, Orta Asiya və əsasən Urala göndərildi. Yeni yerlərdə üç ayda quraşdırılan müəssisələr məhsul verməyə başladı, artıq 1942-ci ilin yazında hərbi məhsul istehsalı artmağa başladı. Çelyabinsk traktor zavodunda yeni köçürülmüş müəssisə əsasında tank sənayesinin mərkəzi yaradıldı.

Müharibəyə getmiş kişiləri istehsalatda qadınlar, yeniyetmələr və təqaüdçülər əvəz etdi. Arxa cəbhədə fəhlələr 10-12 saat çalışır, hərbi dövrün qaydalarına uyğun olaraq yaşayırdılar. “Yalnız özün üçün deyil, cəbhəyə gedən yoldaşının yerinə də işlə!” şüarı bütün təsərrüfat sahələrini əhatə etdi. Arxa cəbhədə mərdliklə çalışan işçilər son dərəcə ağır şərtlər altında yaşayır və qidalanırdılar. Rəsmi məlumatlara görə kartofdan başqa bütün ərzaq növlərinin istehlakı l,3-2,5 dəfə azalmışdır. Şəhərlərdə ərzaq kartoçka sistemi ilə paylanırdı ki, bundan da yalnız əhali çörəklə mütamadi təmin olunurdu, yağ, qənd, yarma böyük fasilələrlə verilirdi. 1943-cü ildə fəhlələr gün ərzində 500-700 qr, qulluqçular 400 qr, uşaq və himayədarlar 300 qram çörək norması alırdılar. Kommersiya mağazalarında və bazarlarda normadan kənar ərzaq mallarının qiyməti 10-30 dəfə artıq idi. Özlərinin ağır məişət vəziyyətinə baxmayaraq arxa cəbhənin əmək adamları cəbhəyə kömək etməyə çalışırdılar. Cəbhəyə ərzaq və isti paltar sovqatları göndərilirdi. Müdafiə fonduna milyard manatlarla pul vəsaiti daxil olurdu. Kiçik teatrın artistlərinin vəsaiti ilə döyüş təyyarələri eskadriliyası, Tambov və Çelyabinsk kolxozçularının vəsaiti ilə tank kolonnaları təşkil olunmuşdu. Saratovlu kolxozçu F.Qolovati təyyarəquraşdırmaya 100 min manat pul keçirmişdir. Donorluq kütləvi hal almışdır.

Müharibə kənd təsərrüfatına ağır zərbə vurdu. Əkin sahələrinin və mal-qaranın yarısı işğalçıların əlinə keçdi. Demək olar ki, kəndin bütün əmək qabiliyyətli kişiləri, o cümlədən mexanizatorların çoxu müharibəyə səfərbər oldu. Traktorlar, avtomobillər, atlar cəbhənin ehtiyacları məqsədilə müsadirə edilmişdir. 1942-ci ildə taxıl yığımı müharibədən əvvəlki illə müqayisədə yalnız 31 faiz təşkil edirdi. Kartof, ət, süd, pambıq istehsalı azalmışdır. Kənd təsərrüfatı işlərinin bütün ağırlığı qadınların, yeniyetmələrin və qocaların çiyinlərinə düşmüşdür. Müharibə illərində minimum əmək günü norması artırıldı. Kolxoz və savxozların məhsulu praktik olaraq əvəzi ödənilmədən dövlətə təhvil verilirdi. Məcburi ödəmə həyətyanı sahələrə də tətbiq olunurdu. Kolxozçular kartoçka almırdılar. Kəndlilərin gərgin əməyi sayəsində ordunu ərzaq, hərbi sənayeni xammalla təmin etmək mümkün oldu. Ölkə ərazisinin faşistlərdən təmizlənməsi ilə bura məhdud texnika və toxum göndərilməyə başlandı. 1945-ci ildə işğaldan azad olmuş ərazilərin əkin sahəsi müharibədən əvvəlkinin 72 faizinə, istehsal edilmiş məhsul isə yarısına çatdı.

1943-1945-ci illərdə iqtisadiyyatın inkişafı, xüsusilə hərbi məhsul buraxılışına görə SSRİ Almaniyanı ötüb keçdi. Sənaye istehsalının inkişafını təmin edən 7500 iri müəssisə işə salındı. 1943-cü ildə 30 min təyyarə, 24 min tank, 130 min artilleriya topu buraxıldı. Döyüş texnikası, atıcı pistolet-pulemyotlar, yeni qırıcı La-5, Jak-9 təyyarələri, ANT-42 cəbhə adı TB-7 olan ağır bombardmançı döyüş təyyarələri durmadan təkmilləşdirildi. Bu strateji bombardmançı təyyarələr dayanmadan Berlinə zərbə endirib geri qayıtmaq üstünlüyünə malik idi.

Müharibə illərində ideologiya sahəsində vətənpərvərliyi və SSRİ-də yaşayan xalqlar arasında birliyi təbliğ etmək ön plana çıxdı. Slavyan və başqa xalqların qəhrəman keçmişinin təcəssümü başlandı. Sinfi, sosializm dəyərləri “vətən” və “vətənpərvərlik” anlayışları ilə əvəz olundu. Müharibə Sovet hakimiyyəti ilə Rus pravoslov kilsəsini barışdırdı, 1941-ci il iyunun 22-də kilsə “Vətənin müqəddəs hüdudlarını qorumaqda” xalqa xeyir-dua verdi. 1943-cü ildə İ.Stalinin icazəsi ilə yerli mitropolit Sergey bütün Rusun Patriarxı seçildi.

Sovet xalqının faşizmlə ölüm-dirim mübarizəsi aparıcı mədəniyyət xadimlərinin yaradıcılığında dərin iz buraxdı. Rəssam İ.M.Toidzenin “Ana Vətən çağırır!” plakatı çox böyük emosional işıq şüası təsiri bağışladı. Adamlar nəfəslərini tutaraq Ümumittifaq radiosu vasitəsilə Y.B.Levitanın xüsusi bir ahənglə oxuduğu cəbhə məlumatlarını dinləyirdilər. Müharibə dövründə İ.Q.Erenburq “Qızıl Ulduz” (“Krasnaya zvezda”) və cəbhə qəzetlərində iki minə yaxın məqalə çap etdirmişdir. Bir çox ədəbiyyatçı hərbi müxbir kimi fəaliyyət göstərirdi. A.T.Tvardovskinin “Döyüşçü haqqında kitab” (“Kniqa pro boytsa”) əsərindəki cəsur Vasili Terkin surəti Böyük Vətən müharibəsi sıravi əsgərinin cəbhədəki qəhrəmanlığının bədii təcəssümünün ən yaxşı nümunəsi idi. Yazıçı V.S.Qrossmanın “Qırmızı Ulduz” (“Krasnaya zvezda”) qəzetinin müxbiri kimi yazdığı “Stalinqrad oçerkləri” şəhərin qəhrəman müdafiəçilərinin həyatını tarix səhifələrinə həkk etdirdi. K.M.Simonovun lirikası görünməmiş şöhrət qazanmışdır. A.A.Surkov, A.A.Axmatova, O.F.Berqqolts, M.V.İsakovski və başqaları xalqa öz poetik sözləri ilə müraciət etdilər. V.İ.Lebedev-Kumaçın sözləri əsasında A.V.Alek-sandrovun musiqisini bəslədiyi “Müqəddəs müharibə” (“Svyaşşennaya voyna”) mahnısı bütün ölkədə şöhrət qazandı. Yüksək vətənpərvərlik pafosu ilə süslənən rejissor F.M.Ermlerin “O Vətəni müdafiə edir” (“Ona zaşişşaet Rodinu”), rejissor İ.A.Pıryevin “Raykom katibi” (“Sekretar raykoma”) və d. kino filmləri çox məşhur idi.

Hərbi dövrün çətinliklərinə və çoxlu elmi müəssisələrin ölkənin içərilərinə köçürülməsinə baxmayaraq sovet alimləri düşmən üzərində qələbədə öz töhfələrini əsirgəmədilər. Onlar tank sənayesi üçün vacib olan yeni metal növləri hazırlayır, radiodalğaları sahəsində tədqiqatlar apararaq vətən radiolakatorların daha da təkmilləşdirdilər. L.D.Landau sonradan Nobel mükafatına layiq görülən kvant mayesinin hərəkəti nəzəriyyəsini işləyib hazırladı. Aerodinamika sahəsində S.Çaplıqin, B.Yuryev, S.Xristianoviç, M.Keldışın tədqiqatları yeni qırıcı, hücumçu və bombardmançı təyyarə nümunələrinin yaranmasına səbəb oldu. İ.Bardinin rəhbərliyi ilə yeni növ metalın alınması və tank sənayesində tətbiqi ilə bağlı tədqiqatlar geniş miqyas almışdı. A.Aleksandrovun laboratoriyasında gəmilərin maqnit minalarından qorunması işi son dərəcə əhəmiyyətli idi. Bir qrup alim S.Vavilovun başçılığı ilə hərbi texnika üçün zəruri optik cihazları yaratdı. N.Semyonov, N.Javoronkov, Y.Zeldoviç, Y.Xariton partlayış nəzəriyyəsi, barıtın kimya və texnologiyası sahəsində mühüm nəticələr əldə etdilər. Professorlar P.Gertsen, A.Savitski odlu silah yarasının müalicəsi metodikasın işləyib hazırlayırdılar. N.Burdenkonun rəhbərliyi ilə bir qrup alim kəllənin sulfamid preparatları ilə müalicə olunması metodun, A.Boqomolets sınmış sümüyün müalicəsi üçün dərmanların hazırlanması, V.Filatov öz kollektivi ilə kontuziya olmuş əsgərlərin görmə qabiliyyətinin bərpa edilməsi problemini həll etmişdir.

Berlin əməliyyatı

Almaniyanın təslim olması.1945-ci ilin aprelində Sovet silahlı qüvvələrinin qarşısında duran əsas vəzifə alman işğalçılarına həlledici zərbə vuraraq Qələbə Bayrağını Berlin üzərinə sancmaq idi. Bu vəzifəni yerinə yetirmək marşal K.K.Rokossovskinin komandanlığı altında 2-ci Belarusiya, marşal G.K.Jukovun komandanlığı ilə 1-ci Belarusiya, marşal İ.S.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhələrinə, Uzaq hərəkət aviasiyasına, Baltik flotuna, Dnepr hərbi flotiliyasına və iki Polşa Ordularına həvalə olunmuşdur. Sovet komandanlığı Berlin istiqamətinə 2,5 milyon əsgər və zabit, 41600 top və minaatan, 6250 tank və özüyeriyən qurğu, 7500 döyüş təyyarəsi toplamışdır. Berlini müdafiə edən faşist ordularının sırasında bir milyon əsgər və zabit, 10400 top və minaatan, 1500 tank və özüyeriyən qurğu, 3300 döyüş təyyarəsi var idi. Faktlar göstərir ki, Qızıl Ordu artilleriya cəhətdən düşməndən 4 dəfə, tank və özüyeriyən qurğularda 4,1, hərbi təyyarələrdə 2,3 dəfə üstünlük təşkil edirdi.

Berlin üzərinə hücum əməliyyatı 1945-ci il aprelin 16-da başladı və mayın 8-nə kimi davam etdi. Düşmən xüsusilə 1-ci Belarusiya cəbhəsi əsgərlərinin hücum etdiyi Zellov hündürlüyü rayonunda ciddi müqavimət göstərərək hücumun qarşısını almağa səy göstərdi. Hitlerçilərin müqavimətini qırmaq məqsədilə G.Jukov general V.İ.Çuykovun 8-ci qvardiya ordusu ilə birlikdə generallar M.E.Katukov və S.İ.Boqdanovun qvardiyaçı tank ordularını hücuma göndərdi. Aprelin 17-də günün sonunda düşmən sovet qoşunlarının təzyiqinə tab gətirməyərək Zellov müdafiə xəttinin yarılmasına mane ola bilmədilər. Hücumu davam etdirən Qızıl Ordu aprelin 25-də Berlin qruplaşmasının mühasirəsini başa çatdırdı. 300 min hitlerçi əsgər və zabit, 3 min top və minaatan, 250 tank və hücum topu mühasirədə qaldı. Həmin gün 1-ci Ukrayna cəbhəsinin 5-ci qvardiya ordusunun qoşunları Elbanı keçərək Torqau şəhəri rayonunda 2-ci amerika ordusunun hissələri ilə görüşdü. Faşist Almaniyası iki hissəyə bölündü. Təslim olmaqdan imtina edən komandanlıq döyüşçüləri Berlinin küçələrində və evlərdə gedən qanlı döyüşlərə göndərirdilər. Artilleriya general-polkovniki Veydlinq Berlin qarnizonunun komandanı təyin edildi. Berlin qarnizonu təslim olmaqdan imtina etdikdən sonra 10 gün ərzində şəhərin yanan və dağılmış binaları yerləşən küçələrində, toz-duman, atəş altında qanlı döyüşlər gedirdi. Aprelin 29-da reyxstaq uğrunda döyüşlər başlamış, rəsmi məlumata görə aprelin 30-u saat 21:50 dəqiqədə kəşfiyyatçılar M.A.Yeqorov və M.V.Kantariya Qələbə bayrağın reyxstaqın binasının Şərqində kayzer Vilhelimin heykəlinə asaraq dalğalandırmışlar. 1946-cı il mayın 8-də hər iki kəşfiyyatçı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

1945-ci il aprelin 30-da bunkerində A.Hitler və həyat yoldaşı Yeva Braun özünü öldürdü. Bir gün sonra Y.Gebbels və ailəsi də eyni aqibəti yaşadı. Mayın 2-si saat 15-ə doğru Berlin qarnizonu təslim oldu. Gün ərzində 135 mni düşmən əsgər və zabiti əsir düşdü. Berlin uğrunda döyüşlərdə 360 min sovet döyüşçüsü həlak oldu. A.Hitlerin ölümündən sonra təşkil edilən qrossadmiral K.Dyonitsin hökuməti ABŞ və İngiltərə ilə təslim olmaq aktını imzalasa da sovet tərəfi bunu qəbul etmədi. Alman silahlı qüvvələrinin danışıqsız təslim olması aktı Berlinin ətrafı olan Karlsxorstda mayın 8-də imzalandı. Təslim olma aktını Alman Baş komandanlığı tərəfindən general-feldmarşal V.Keytel, admiral X.Frideburq və aviasiya general-polkovniki Q.Ştumpf, qalib mütəffıq dövlətlər adından Sovet İttifaqı marşalı G.K.Jukov, Böyük Britaniyanın Baş aviasiya marşalı A.Tedder və şahidlər ABŞ nümayəndəsi general K.Spaats, fransız nümayəndəsi general J.M.deLatr de Tassini imzaladılar. Buna baxmayaraq cənubda, Çexoslovakiyada feldmarşal Şernerin komandanlığı ilə alman-faşist ordu hissələri müqavimət göstərməkdə davam edirdilər. Çexoslovakiyanın paytaxtı Praqa əhalisi hitlerçilərə qarşı üsyan qaldırdılar, lakin qüvvələr qeyri-bərabər idi. Sovet ordusu 1-ci çexoslovak ordusu, 1-ci və 4-cü rumın orduları ilə birlikdə Praqa əməliyyatına başlayaraq mayın 9-da Praqanın divarlarına çatdılar. Mayın 11-də düşmən silahı yerə qoydu. 860 min nəfər düşmən əsgəri və zabiti əsir düşdü, 1,8 min tank və hücum topu, mindən çox təyyarə döyüş qəniməti kimi ələ keçirildi. Beləliklə, Qızıl Ordu Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa orduları, Yuqoslaviya, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Albaniya və d. ölkələrin vətənpərvər qüvvələri ilə birlikdə faşist Almaniyasını darmadağın etdi.

Potsdam konfransı

İkinci Dünya müharibəsinin başa çatması.Avropada müharibə başa çatdıqdan sonra 1945-ci il iyulun 17-dən avqustun 2-nə kimi Berlin ətrafında yerləşən Potsdamda SSRİ, ABŞ və İngiltərə dövlət başçıları İ.Stalin, H.Trumen, U.Çörçill sonra K.Ettlinin iştirakı ilə konfrans keçirildi. Əsas məsələ müharibədən sonra Avropanın, xüsusi ilə Almaniyanın gələcəyi ilə bağlı idi. Fikir ayrılığına baxmayaraq konfrans iştirakçıları əsas məsələlərdə razılığa gələ bildilər. Almaniyaya ümumi prinsip əsasında siyasət tətbiq edilirdi ki, buna görə onun silahlı qüvvələri ləğv edilməli, silah istehsal edən sənaye birlikləri buraxılmalı, nasizmin qalıqları ləğv edilməli, siyasi həyat demokratikləşdirilməli idi. Avropadakı sərhədlər məsələsi qəti olaraq razılaşdırıldı. Sileziya və Pomeraniya, Şərqi Prussiyanın bir hissəsi Polşaya verildi və qərara alındı ki, bu yerlərin alman əhalisinə Almaniyaya köçmək hüququ verilsin. Qərb rəsmi surətdə Latviya, Litva və Estoniyanın SSRİ-yə birləşdirilməsin tanımasa da Baltikyanı respublikalar, Qərbi Ukrayna və Qərbi Belarusiya, Moldaviya SSRİ-nin tərkibində qaldı. Sovet İttifaqı Şərqi Prussiyanın bir hissəsin (hazırki Kalininqrad vilayətin) və Zakarpat Ukraynasını da aldı. 1938-ci ildəki Münhen sövdələşməsi ləğv olundu, Sü-det vilayəti Çexoslovakiyaya qaytarıldı, ölkənin müstəqilliyi təmin olundu. Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan və Albaniyanın əvəliki sərhədləri bərpa edildi. Avstriya yenidən müstəqil dövlət oldu. İtaliya özünün bütün müstəmləkələrindən məhrum edildi. 1945-ci ilin axırları, 1946-cı ilin əvvəllərində keçmiş müttəfiqlər arasında kəskin fikir ayrılığı yarandığına görə Potsdam konfransının qərarların tam həyata keçirmək mümkün olmadı. 1946-cı ildən başlayaraq iki müxtəlif ictimai-siyasi sistemin qarşıdurması nəticəsində soyuq müharibə dövrü başladı.

Tehran və Krım konfranslarının qərarlarına uyğun olaraq SSRİ 1945-ci il avqustun 8-də Yaponiyaya müharibə elan etdi. Amerika siyasi məqsədlərlə heç bir hərbi zərurət olmadan Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası ataraq 100 min nəfərdən çox adamı öldürdü, yarım milyona yaxın dinc əhali zərər çəkdi. Buna baxmayaraq Yaponiya hələ Mancuriya, Şimali-Şərqi Çin, Saxalin və Kuril adalarında xeyli hərbi qüvvəyə malik idi. R.Malinovskinin komandanlıq etdiyi Zabaykal ordusu, K.Meretskov və M.Purkaevin 1 -ci və 2-ci Uzaq Şərq cəbhələri, İ.Yumaşevin Sakit okean flotu, N.Antonovun Amur hərbi flotiliyası Monqolustan xalq-inqilabi ordusu hissələri ilə birlikdə hücum əməliyyatına başladılar.

Sovet Ordu birliklərində 1669500 nəfər canlı qüvvə, 29 min top və minaatan, 5,5 min tank və özüyeriyən artilleriya qurğusu, 3,8 mindən çox döyüş təyyarəsi var idi. A.Vasilev-skinin başçılıq etdiyi Uzaq Şərq komandnalığı sovet ordu birliklərinə ümumi rəhbərlik edirdi. Bir milyon nəfər əsgər və zabiti olan Yapon kvantun ordusu Qızıl orduya qarşı dayanmışdır. Avqustun 9-da hücuma keçən Zabaykal cəbhəsinin əsgərləri Xinqan-Şenyan istiqamətində tanklarla gün ərzində 120-150 km irəlilədilər. Çaylarda suyun səviyyəsinin 2-4 m yüksəlməsinə baxmayaraq A.Kravçenkonun 6-cı tank ordusu üçüncü gün Böyük Xinqan dağlarını aşıb, Mancuriya düzənliyinə çıxıb Lubey şəhərin tutdular. 2-ci Uzaq Şərq cəbhəsi qoşunları şimaldan və şərqdən hücumu davam etdirərək avqustun 14-də Mancuriyanın içərilərinə doğru 50-200 km irəlilədilər. Yaponların Sunqariysk istiqamətində sovet qoşunlarını dayandırmaq cəhdləri boşa çıxdı. Bu vaxt müddətində 1 -ci Uzaq Şərq cəbhəsi orduları Linkona, Xarbinə və Qirinə zərbələr vurdular. Xüsusilə Mudantszyan şəhəri uğrunda amansız döyüşlər nəticəsində şəhər təslim oldu. Avqustun 19-dan başlayaraq yapon ordu hissələri təslim olmağa başladı. 148 nəfər yapon generalı, 594 min nəfər əsgər və zabit əsir götürüldü. Sovet Ordusu 36456 nəfər itki verdi. 1945-ci il sentyabrın 2-də Tokio körfəzindəki amerikan linkoru “Missuri” hərbi gəmisinin göyərtəsində Yaponiyanın nümayəndələri Xarici İşlər Naziri İ.Siqemitsu, imperiya Baş gərargah generalı Y.Umedzu, müttəfiq orduların Baş kamandanı general D.Makartur, SSRİ təfəfindən general-leytenant K.N.Derevyanko danışıqsız təslim olmaq haqqında Aktı imzaladılar. 1905-ci ildə Rusiyanın itirdiyi Saxalinin cənub hissəsi və Kuril adaları SSRİ-nin tərkibinə daxil edildi. 6 il davam edən İkinci Dünya müharibəsi başa çatdı.

İkinci Dünya müharibəsinin və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi, qəhrəmanı və qalibi SSRİ-nin və Avropanın çoxmillətli xalqları idi. Müharibənin alovları içərisində 27 milyondan çox sovet vətəndaşı həyatını itirdi. Yalnız Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazisində gedən döyüşlərdə bir milyondan çox sovet əsgəri həlak oldu, onların 600 min nəfəri Polşa torpaqlarında, 280 min nəfəri Macarıstan və Çexoslovakiyanın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak oldular. Ən dağıdıcı və qanlı müharibə olan İkinci Dünya müharibəsində Avropada ölənlərin sayı 50 milyon nəfərdən çox idi. “Xolokost”, yəni 7 milyon yəhudinin məhv edilməsi faşizmin dünya miqyasında məlum cinayətlərindən biri idi. Faşist cəza düşərgələrinə düşən 18 milyon nəfər adamın 11 milyonu məhv edilmişdir. Bu amansız müharibədə Çin 35milyon, SSRİ 27 milyona yaxın, Polşa 6 milyona yaxın, Yuqoslaviya 1,8 milyon nəfər, ABŞ 405 min, Böyük Britaniya 350 min, Fransa 635 min adam itirmişdir. Yeni hesablamalara görə müharibə illərində Qızıl Ordunun itkiləri 12 milyona yaxın idi. İşğal olunmuş ərazilərdə bombardmandan, repressiyalardan, aclıq və xəstəliklərdən 13 milyon sovet adamı məhv olmuşdur. 5,3 milyon nəfər adam işləmək üçün zorla Almaniyaya aparılmışdır ki, onların da 2,2 milyon nəfəri pis qidalanmaq və amansız rəftar nəticəsində ölmüşdür. SSRİ-də 1710 şəhər və qəsəbə tamamilə dağıdılmışdır. 25 milyon adam öz evindən məhrum olmuşdur. 32 min iri və orta sənaye müəssisəsi sıradan çıxmış, 65 min km dəmir yolu, 1870 körpü, 427 muzey, 1670 kilsə dağıdılmış və ya talan edilmişdir. 1941-1945-ci illərdə SSRİ-yə dəyən zərər müharibədən əvvəlki qiymətlərlə 2,6 trillion manat təşkil edirdi.

İkinci Dünya müharibəsində faşist Almaniyası 13,4 milyon nəfər adam, o cümlədən, Şərq cəbhəsində 7,2 milyon adam itirmişdir. Almaniyadakı hərbi əməliyyatlar nəticəsində bombardmanlardan 3,3 milyon nəfər adam ölmüş və ya itkin düşmüşdür. Müttəfiqlər İtaliya, Macarıstan, Rumıniya, Finlyandiya, Bolqarıstan sovet-alman cəbhəsində 1,5 milyon adam itirmişdir. Müharibə illərində təqribi hesablamalara görə SSRİ-də 4-dən 6 milyona kimi hərbi əsir olmuşdur ki, onların da çoxu soyuq, aclıq, xəstəlikdən məhv olmuşdur. Sovet-Alman cəbhəsində vermaxt 73 faizdən çox canlı qüvvə, 75 faizə yaxın tank, top və minaatan, 75 faizdən çox aviasiyasın itirmişdir. Faktlardan göründüyü kimi SSRİ İkinci Dünya müharibəsində qələbəyə əvəzsiz töhvə vermişdir. Qızıl Ordunun çox böyük itkiləri, xalqın kütləvi qəhrəmanlığı, sıravi müharibə və arxa cəbhə iştirakçılarının şücaəti siyasətçi və hərbi rəislərin yanlış hesablarının qarşısını alaraq Böyük Qələbəni təmin etdilər. Qələbənin təmin olunmasının mühüm amillərindən biri iqtisadiyyatın sürətlə səfərbər edilərək müharibənin tələbələrinə uyğun qurulması idi. Qələbənin mühüm şərtlərindən biri də SSRİ, Böyük Britaniya, ABŞ-ın alman-faşist təcavüzünə qarşı birgə mübarizə aparması idi. Lend-liz xətti ilə SSRİ-yə göndərilən hərbi texnika, avtomobil, avadanlıq və ərzaq qələbədə əhəmiyyətli rol oynamışdır. Bunlar sovet ordusundakı təyyarələrin 10, tankların 12, avtomobillərin 70 faizini təşkil edirdi. Düşmən üzərində qələbədə görkəmli hərbi xadimlər və sərkərdələr G.K.Jukov, K.K.Rokossovski, N.F.Vatutin, İ.S.Konev, A.M.Vasilevski, F.İ.Tolbuxin, R.Y.Malinovski, K.A.Meretskov, S.K.Timoşenko, L.A.Qovorov və başqaları misilsiz dərəcədə mühüm rol oynadılar.

İkinci Dünya müharibəsi nəticəsində Baltikyanı respublikalar, Qərbi Ukrayna, Qərbi Belarusiya, Bessarabiya, Şimali Bukovina, Keniqsberq, Klaypeda, Petsamo, Podkarpat Rusu, Vladimir-Volın, Cənubi Saxalin,Kuril adaları, Tuva SSRİ-nin tərkibinə daxil edilmişdir.

Müharibənin gedişində müttəfiqlər belə qərara gəldilər ki, İkinci Dünya müharibəsinin başlanmasının səbəbkarları olan faşist Almaniyasının rəhbərləri cəzalandırılmalıdır. Bu məqsədlə 1945-ci il dekabrından 1946-cı ilin oktyabrına kimi Nyumberqdə Üçüncü peyxin rəhbərlərinə qarşı beynəlxalq hərbi məhkəmə prosesi təşkil olundu. Faşist Almaniyasının siyasi və hərbi rəhbərləri Gerinq, Gess, Ribbentrop, Kaltenbrunner, Keytel, əsas sənayeçilər Şaxt, Şpeer, Q.Krupp Qalib dövlətlərin hərbi tribunalı qarşısında cavab verməli oldular. Onların hamısı dünya və insanlığa qarşı ağır hərbi cinayətlər törətməkdə təqsirkar bilinirdilər.

1946-cı il oktyabrın 16-da Beynəlxalq tribunal faşist imperiyasının ali rəhbərliklərinə ölüm hökmü çıxardı. Onlar milyonlarla insanın ölümünə səbəb olan əmrlərin yerinə yetirilməsində, bir çox xalqların məhv edilməsi planının hazırlanması və həyat keçirilməsində təqsirkar bilindilər. İşğalçı hakimiyyətlə əməkdaşlıq edənlər də məsuliyyətə cəlb edildi. İkinci Dünya müharibəsi Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti ilə başa çatdıqdan sonra qalib dövlətlər, SSRİ və onun dünənki müttəfiqlərinin koalisiyası dağıldı və onlar arasındakı dərin ziddiyyətlər dünya sosializm sistemi dağılana kimi davam etdi.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh