SSRİ-nin daxili və xarici siyasəti. 1953-1964-cü illər

1953-cü il gecə fevralın 28-dən martın 1-nə keçəndə İ.V.Stalinin beyninə qan sızdı və o, komaya düşdü. Martın 2-də xəstəni müayinə edən SSRİ Səhiyyə nazirliyinin terapevti, professor P.Y.Lukomski, TEA-nın akademikləri A.L.Myasnikov, Y.M.Tareyev və d. xəstəyə beyninə qan sızması ilə insult diaqnozu qoydular. Martın 6-da SİTA xəbər yaydı ki, martın 5-i saat 21.50-də Lenin işinin dahi davamçısı, Kommunist Partiyasının və bütün sovet xalqının rəhbəri İosif Vissarionoviç Stalinin (Cuqaşvili) qəlbi dayandı. İ.Stalinin cənazəsi Kuntsevodan İttifaqlar Evinə gətirildi və on minlərlə adam cənazənin önündən keçərək onunla vidalaşdı. G.Malenkov, L.Beriya və V.Molotovun vida nitqindən sonra cənazə Leninin sarkofaqı ilə yanaşı Mavzoleyə qoyuldu.

İosif Vissarionoviç Stalin (Cuqaşvili) (1879-1953) peşəkar inqilabçı, bolşeviklər partiyasının fəal üzvü və rəhbərlərindən biri olmuşdur. Oktyabr silahlı üsyanından sonra Milli məsələlər üzrə Xalq Komissarı olmuşdur. Vətəndaş müharibəsi dövründə bir sıra hərbi-siyasi vəzifələr tutmuşdur. 1922-ci ilin aprelindən RK(b)P MK-nın Baş katibi olaraq V.İ.Leninin yazdığı kimi “öz əlində hədsiz hakimiyyət toplayaraq”, onun ölümündən sonra partiyada şəxsi mövqeyini möhkəmlətməyə yönəltmişdir. Müxalifətlə mübarizə pərdəsi altında özünün bütün potensial rəqiblərini məhv edərək partiya və dövlətin təkbaşına rəhbəri olmuşdur. İ.Stalinin adı ilə sənayeləşdirmə, kollektivləşdirmə və “böyük terror” sıx bağlıdır. Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin çoxlu qurbanlar hesabına başa gəlməsinin məsuliyyəti onun üzərinə düşməklə yanaşı, İ.Stalinin faşizmin darmadağın edilməsində təşkilatçılıq xidmətləri danılmaz bir həqiqətdir.

1953-cü il martın 6-da İ. Stalinin yaxın ətrafı rəhbər vəzifələri öz aralarında böldülər. G.M.Malenkov Nazirlər Sovetinin sədri və Sov.İKP MK-nin Birinci katibi oldu. Malenkov Georgiy Maksimilianoviç (1902-1988) Orenburqda qulluqçu ailəsində anadan olub, 1918-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq briqada komissarı kimi Orta Asiyada hərbi əməliyyatlarda iştirak edib. Moskva Ali Texniki uçilişini bitirdikdən sonra UİK (b)P MK-nın aparatında işə qəbul edilib. 1937-ci il repressiyalarında bilavasitə iştirak edərək 150 mindən çox adamın “xalq düşməni” kimi ifşa edilməsinə rəhbərlik etmişdir. 1939-1946-cı və 1948-1953-cü illərdə UİK(b)P və Sov.İKP MK-nın katibi olub. 1941-1945-ci illərdə DMK-nın üzvü kimi təyyarələrin istehsalına, sonra işğaldan azad olmuş rayonların bərpasına başçılıq edib. 1952-ci ildə Sov.İKP-nin XIX qurultayında G.M.Malenkov MK-nın hesabat məruzəsi ilə çıxış etdi. Bu isə o demək idi ki, İ.Stalin ona özünün gələcək xələfi kimi baxırdı.

L.P.Beriya DİN-nin, V.M.Molotov isə XİN-nin rəhbərləri kimi Nazirlər Soveti Sədrinin birinci müavinləri təyin oldular. N.A.Bulqanin və L.N.Koqonoviç isə Nazirlər Soveti Sədrinin müavinləri təyin edildilər. K.Y.Voroşilov formal olaraq dövlət başçısı hesab edilən Ali Sovetin Rəyasət Heyətinin Sədri seçildi. N.S.Xruşşov heç bir dövlət vəzifəsi tutmasa da, o Sov.İKP MK-nin katibi kimi partiyada ikinci adam idi. İ.Stalinin ölümünün ertəsi günü tez-tələsik bölüşdürülən bu rəhbər vəzifə bölgüsü MK-nin Rəyasət Heyətinin başqa üzvləri tərəfindən narazılıqla qarşılandı və G.Malenkov iki vəzifədən birini seçmək qarşısında hökumət başçılığını seçdi və beləliklə MK-nın katibliyini 1922-ci ildə İ.Stalin seçilən zaman olduğu kimi hamıdan az şübhə doğuran N.S.Xruşşova təhvil verilmiş oldu.

Yeni hakimiyyət birinci gündən keçmiş illərdəki sui-istifadə hallarını aradan qaldırmaq istiqamətində addımlar atdı. 1953-cü ilin martında G.M.Malenkov elan etdi ki, “şəxsiyyətə pərəstiş siyasətindən” əl çəkib kollektiv rəhbərliyi təmin etmək zəruridir. Bu isə İ.V.Stalinin ehtiyyatla tənqidi demək idi. Tədricən mətbuatda İ.Stalini tərifləyib göylərə qaldıran söz çələngi yığışdırıldı. Martın 27-də SSRİ Ali Soveti 5 ildən artıq cəzası olmayan məhbusların əfv edilməsinə dair fərman verdi. “Voroşilov” əfvinə əsasən 1 mln nəfərdən çox məhbus azad edildi. Aprelin 4-də “Pravda” qəzeti elan etdi ki, “adam zəhərləyən” həkimlər təxribatın qurbanı olduqları üçün bəraət almışdır. Bu məlumatı L.Beriya tərəfindən rəhbərlik edilən və vaxtı ilə belə işləri təşkil edən DİN-nin yayması diqqəti cəlb edir. Beləliklə, özünü “sosialist qanunçuluğunun” bərpa edilməsinin tərəfdarı kimi qələmə verən L.Beriya hələ İ.Stalinin cənazəsi başındakı vida nitqində birdən-birə “liberala” çevrilmişdir. Məhz onun təşəbbüsü ilə “həkimlərin işi”nin günahı S.D.İqnatyev və M.D.Ryuminin üzərinə atılaraq, onlar həbs edildilər. Gələcəkdə özünə dayaq hazırlamaq məqsədilə L.Beriya Gürcüstan və bir sıra respublikaların rəhbərliyinə öz yaxın adamların təyin etdirdi. Hətta o, müəyyən mənada kollektivləşdirməni yumşaltmağı və xarici siyasət sahəsində beynəlxalq gərginliyi azaltmağı belə təklif etmişdir.

Beriya Lavrentiy Pavloviç (1899-1953) Abxaziyada anadan olub, Birinci Dünya müharibəsində Rumın cəhbəsində qulluq edib. 1917-ci ildə bolşeviklər partiyasına daxil olaraq Gürcüstan və Azərbaycanın Fövqəladə Komissiyası orqanlarında işləmiş, 1938-ci ildə Xalq Daxili İşlər Komissarı olmuşdur. Müharibə illərində DMK-nin üzvü, sonra isə müavini kimi silah istehsalına rəhbərlik etmişdir. SSRİ Nazilər Soveti nəzdində nüvə silahının yaradılması ilə məşğul olan Xüsusi Komitəyə başçılıq etmişdir. 1953-cü ildə İ.V.Stalinin ölmündən sonra SSRİ Nazirlər Sovetinin birinci müavini və Daxili İşlər Naziri təyin edilmişdir. Ancaq L.Be-riyanın hədsiz canfəşanlığı və siyasi polisi qüdrətli partiya aparatından üstün tutması başqa rəhbərlərin ordunun da köməyi ilə ona qarşı birləşmələrinə səbəb oldu. 1953-cü ilin iyunun 26-da L.P.Beriya həbs edildi. N.S.Xruşşov, Müdafiə nazirinin müavini G.K.Jukov, Moskva hərbi dairəsinin komandanı K.S.Moskalenko və onun müavini P.F.Batitski həbsin təşkilində əsas rol oynamışdır. 1953-cü il iyulun 2-7-də toplanan Sov. İKP MK-nin Plenumunda qiyabi olaraq o, partiya və dövlətin əleyhinə fəaliyyət göstərməkdə təqsirkar bilindi. Plenumda çıxış edən onun dünənki həmkarları L.Beriyanı xarici kəşfiyyatla əlaqədar, DİN orqanlarını hakim partiyadan üstün tutmaqda və əksinqilabi qəsd hazırlamaqda günahlandırdılar. Eyni zamanda L.Beriya ölkədə əsassız repressiyaların təşkilində ittiham edildi,1953-cü ilin dekabrında SSRİ Ali Məhkəməsinin qapalı iclasında L.Beriya və onun əlaltıları V.N.Merkulov, V.Q.Dekanozov, B.Z.Kobulov, S.A.Qoqlidze, P.Y.Meşik və L.Y.Vlodzimirsk Vətənə xəyanət maddəsi ilə ittiham edilərək ölüm hökmü aldılar. Lakin bəzi mənbələrin, xüsusilə N.S.Xruşşovun məlumatına əsasən L.P.Beriya həbs ediləndən dərhal sonra güllələnmişdir. Əsl həqiqət isə ondan ibarətdir ki, 1953-cü ildə L.P.Beriyanın vəzifədən uzaqlaşdırılması repressiya siyasətindən imtina edilməsi idi.

L.Beriya hakimiyyət uğrunda mübarizədən məhz ordunun yaxından iştirakı və köməyi ilə uzaqlaşdırıldıqdan sonra onun rolu artdı və təhlükəsizlik orqanlarının ordu üzərindəki alçaldıcı nəzarətinə son qoyuldu. Dövlət Təhlükəsizlik orqanlarının strukturu dəyişdirildi. DİN-nin rəhbəri S.N.Kruqlov təyin edildi. Siyasi polisə məxsus “üçlük”, yəni xüsusi tribunal ləğv olundu. Eyni zamanda DİN-nin Düşərgə idarəsi (QULAQ) Ədliyyə Nazirliyinin sərəncamına verildi. 1954-cü ilin martında siyasi polis yenidən təşkil edilərək müstəqil Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) çevrildi, N.Xruşşovun adamı hesab edilən general A.İ.Serov onun rəhbəri təyin olundu. 1954-cü ilin yazından başlayaraq bəraət alanların ilk dəstələri düşərgələrdən qayıtmağa başladı. 1954-55-ci illərdə “Leninqrad işinin” qurbanları, çoxlu hərbi komandirlər, kosmopolitizm maddəsi ilə hökm alanlar azad oldular. 1930-cu illərdəki işlərə baxılmağa başlandı.

İslahat işlərinin davam etdirilməsi İ.V.Stalindən sonra SSRİ Nazirlər Sovetinə başçılıq edən G.M.Malenkova keçdi. 1953-cü ildə Sov.İKP MK-nin iyul Plenumunda İ.Stalinin şəxsiyyətinə pərəstişi tənqid edən G.Malenkov qeyd etdi ki, hakimiyyətin yuxarı dairələrində kollektiv rəhbərliyin olmaması, təkbaşına qəbul edilən qərarlar ölkə və partiyaya rəhbərlikdə səhvlərə səbəb olmuşdur. 1953-cü ilin avqustunda SSRİ Ali Sovetinin sessiyasında G.Malenkov yüngül və yeyinti sənayesinə, kənd təsərrüfatına əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirləri artırmaq məqsədi ilə beşillik plan tapşırıqlarının əsas istiqamətlərinə yenidən baxılmasını irəli sürdü. Onun çıxışında partiya və sovet hakimiyyəti aparatı bürokratizmdə ittiham olunurdu. Mahiyyət etibarı ilə söhbət sovet cəmiyyətinin inkişafının yeni proqramından gedirdi.

Yeni rəhbərliyin fəaliyyətində mərkəzi yerlərdən birini cəmiyyətinin inzibati-amirlik sisteminin eybəcər formasının, xüsusilə İ.V.Stalinin şəxsiyyətinə pərəstişin aradan qaldırılması tuturdu. Bu işdə əsas rol 1953-cü ilin sentyabrın 7-də Sov.İKP MK-nin Birinci katibi seçilən N.S.Xruşşov oynadı. Xruşşov Nikita Serqeyeviç (1894-1971) Kursk vilayətinin Kali-novka kəndində anadan olub, çoban, Donbasın zavod və hövzələrində çilingər işləyib,1918-ci ildə bolşevik partiyası sıralarına daxil olaraq Vətəndaş müharibəsində iştirak edib. Donetsk Sənaye institutunun fəhlə fakültəsini bitirdikdən sonra partiya xətti ilə irəliləyərək ilk partiya təşkilatı katibindən Ukrayna KP(b) MK-nin Birinci katibi vəzifəsinə qədər yüksəlmişdir. İ.V.Stalinin ölümündən sonra Sov.İKP MK-nın Birinci katibi seçilən N.S.Xruşşov “Stalin qvardiyası” ilə islahatçılar arasında ağılla hərəkət edərək əvvəlcə L.Beriyanı hakimiyyətdən uzaqlaşdırmış sonra isə əsas rəqibi olan G.Malenkovu ikinci plana sıxışdırmışdır. Sov.İKP -nın XX qurultayında İ.Stalinin “şəxsiyyətinə pərəstişi”ni tənqid edərək dünyaya səs salmışdır.

1957-ci ildə “Stalin qvardiyasın”ın onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi uğursuz olmuşdur. 1958-ci ildə N.S.Xruşşov partiya və hökumət rəhbərliyini öz əlində birləşdirmişdir. Bütün hakimiyyəti öz əlinə alan N.Xruşşov əslində İ.Stalinə məxsus diktatorluq stilinin ona da məxsus olduğunu nümayiş etdirmişdir. Onun impulsiv xarakteri, çox məsələlərdə qeyri-peşəkarlığı, nə vaxtsa qazandığı ideoloji ehkama fanatik bağlılığı ölkənin daxili və xarici siyasətinin formalaşmasına hər zaman yaxşı təsir göstərməmişdir. 1964-cü ildə partiya-dövlətin ali rəhbərliyi qocaman liderin Krımda istirahətdə olmasından istifadə edərək onu hakimiyyətdən kənarlaşdırmışlar. Təqaüdə çıxan və faktiki olaraq ev dustağı olan N.S.Xruşşov öz xatirələrini diktə edərək onun xaricdə çap edilməsinə nail olmuşdur.

İ.V.Stalinin ölümündən sonrakı 11 il tarixə SSRİ-nin daxili və xarici siyasətinin nisbətən liberallaşdıran “mülayimləşmə” kimi daxil olmuşdur, ancaq siyasi və iqtisadi sahədə yuxarıdan aparılan islahatlar qeyri-ardıcıl olmuşdur. Rusiyanın siyasi həyatı, xüsusi ilə “Stalinin epoxası” üçün xarakterik olan avtoritar olar ənənə Stalin hakimiyyətinin davamçılarını, xüsusi ilə partiya-dövlət aparatını öz əsirinə çevirmişdir.

L.Beriyanı hakimiyyətdən kənarlaşdırıb fiziki cəhətdən məhv edildikdən sonra N.S.Xruşşovla G.M.Malenkov arasında hakimiyyətdə birinci olmaq üstündə mübarizə qızışdı. Bu özünü ölkənin iqtisadi və ictimai inkişafına fərqli yanaşma fikrində büruzə verdi. Belə ki, G.Malenkov yüngül sənayenin inkişafı strategiyasını müdafiə etdiyi halda N.Xruşşov kənd təsərrüfatındakı vəziyyəti nəzərdə tutaraq, ilk növbədə, bu sahəyə diqqət verilməsini planlaşdırırdı. Bu məqsədlə kolxozların istehsal etdiyi məhsulların dövlət satınalma qiymətlərinin artırılması, əkin sahələrinin sürətlə genişləndirilməsi nəzərdə tutulurdu ki, bunun da sayəsində kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq labüd idi. N.Xruşşovun xam torpaqların fəth edilməsi proqramı bir tərəfdən istehsalın tez və ucuz artımı demək idi, başqa bir tərəfdən bu siyasət kənd təsərrüfatı maşın və traktor parkının artırılması, yəni ağır sənayenin inkişafı demək idi. Bu isə müharibənin sonlarından G.Malenkovun nəzarəti altında olan ağır sənayenin bir bölməsinin N.Xruşşov tərəfindən inkişafının irəli sürülməsi onun əhalinin böyük əksəriyyətinin maraqlarının müdafiəçisi kimi tanınmasına və özünün başlıca siyasi rəqibinin mövqeyinin zəifləməsinə şərait yaradırdı. 1953-cü ilin sentyabrında MK-nin Plenumunda N.S.Xruşşov kənd təsərrüfatındakı ağır vəziyyəti kəskin surətdə tənqid edərək G.Malenkovun Sov.İKP-nin XIX qurultayında “çörək problemi həll edilmişdir” sözlərinin yalan olduğunu göstərdi. N.Xruşşovun təkidi ilə dövlət tərəfindən kolxozlardan ətin satınalma qiyməti 5,5, süd və yağınkı 2 dəfə, taxılınkı isə 50 faiz artırıldı. Eyni zamanda dövlətə icbari ödənilən məhsulun miqdarı azaldıldı, həyatyanı sahələrdən və bazarlarda satılan məhsuldan alınan vergilər azaldıldı. Bütün bunların nəticəsində uzun müddət tənəzzüldə olan kolxozların gəliri artmağa başladı və bu 1957-1958-ci illərdə artmaqda davam etdi.

Şimali Qazaxıstan, Sibir, Altay və Cənubi Uralda xam torpaqların mənimsənilərək əkilməsi ideyası 1954-cü ilin fevral ayında olan Sov.İKP MK-nın Plenumunda N.S.Xruşşov tərəfindən irəli sürüldü və təsdiq olundu. Üç il ərzində 1954-cü il fevral Plenumunda təsdiq edildiyindən üç dəfə çox, yəni 37 mln hektar torpaq əkildi ki, bu da SSRİ-də işlənən torpaqların 30 faizi demək idi. Xam torpaqları fəth etmək üçün 100 minlərlə adam, çoxlu sayda komsomolçu və məhbus səfərbər edildi. 1956-cı ildə SSRİ-də rekord səviyyədə, yəni 125 milyon ton taxıl tədarük edildi ki, bunun da 50 faizi xam torpaqların payına düşürdü. Məhz bu nəticədən ruhlanan N.Xruşşov 1955-ci ilin yanvar Plenumunda kənd təsərrüfatındakı yeni problemi həll etmək məqsədilə qarğıdalı əkinçiliyinin artırlmasını irəli sürdü. İki ildə onun təşəbbüsü ilə 18 milyon hektar sahəyə qarğıdalı əkildi ki, bəzən bitki üçün yararsız olan rayonlar belə bu kampaniyadan kənarda qala bilmədi. Kənd təsərrüfatı sahəsində N.Xruşşovun islahatları sayəsində üç ildə kənd təsərrüfatı məhsulları 25 faiz artdı.

G.Malenkov və N.Xruşşov eyni zamanda sosial əlaqələrin təkmilləşdirilməsi tərəfdarı idi. Lakin G.Malenkov mövcud siyasi mexanizmləri daha da təkmilləşdirilb, ehtiyatla hakimiyyəti aşağı səviyyəli inzibati aparata verməyi, müəssisə rəhbərləri və təsərrüfat kadrlarının texniki və peşə qabiliyyətlərini nəzərə almaqla onların rolunu artırmağı nəzərdə tuturdu ki, bu sistemdə də xalq kütlələri iştirak etmirdi. Bu siyasətin əksinə olaraq N.Xruşşov xalq kütlələrinin təşəbbüskarlığını daha da artıraraq populist şüarlarla onları öz tərəfinə çəkməyə çalışırdı. 1955-ci il yanvarın 25-də Sov.İKP MK-nın Plenumunda G.Malenkov 50-ci illərin əvvəllərindəki kənd təsərrüfatı sahəsindəki səhvlərinə və “sağtəmayülçülüyə” görə kəskin tənqid olundu. MK-nın katibi və “Pravda” qəzetinin baş redaktoru D.T.Şepilov yüngül sənayenin inkişafını və istehlak malları istehsalını artırmağı nəzərdə tutanları “sağtəmayülçülükdə” ittiham edərək onları təftişçi və marksizmi vulqarlaşdıranlar adlandırdı. 1955-ci il fevralın 8-də G.Malenkov ciddi təzyiq altında SSRİ Ali Sovetində çıxış edərək öz səhvləri və səriştəsizliyi üzündən işdən azad olunmağını və bu vəzifəni dövlət işində daha təcrübəli bir yoldaşa tapşırmağı xahiş etdi. Beləliklə, SSRİ Müdafiə Naziri N.A.Bulqanin G.Malenkovun yerinə SSRİ Nazirlər Sovetinin sədri oldu, marşal G.K.Jukov isə Müdafiə Naziri təyin olundu. Bu vəzifə dəyişikliyi təbii olaraq N.S. Xruşşovun mövqeyini və hakimiyyətini möhkəmlətdi.

Sov. IKP-nın XX qurultayı.1956-cı il fevralın 14-də 1436 nümayəndənin iştirakı ilə Kremldə Sov.İKP-nın XX qurultayı toplandı. Qurultay 1956-1960-cı illərə dair altıncı beşillik plan direktivlərini qəbul etdi ki, bu direktivlərə əsasən geniş sosial tədbirlər, o cümlədən, iş gününün 8 saatdan 7 saata endirilməsi, az maaşlı fəhlə və qulluqçuların əmək haqqı və təqaüdlərinin, mənzil tikintisinin artırılması nəzərdə tutulurdu. MK-nin hesabat məruzəsi ilə çıxış edən N.S.Xruşşov partiyanın siyasi xəttinin həm daxili, sosial-iqtisadi, həm də xarici istiqamətinin dəyişdiyini nümayiş etdirdi. Partiyanın əvvəlki imperializm qaldıqca müharibələr qaçılmazdır ehkamı yerinə hazırki şəraitdə yeni dünya müharibəsi təhlükəsi mümkün deyildir ideyası irəli sürüldü. SSRİ rəsmi olaraq müxtəlif ictimai-siyasi quruluşa malik olan dövlətlərin dinc yanaşı yaşaması prinsipini elan etdi. SSRİ-nin yeni xarici siyasət xəttinin müəyyən edilməsinin mühüm səbəblərindən biri dünya müharibəsində nüvə silahını tədbiq etməklə qələbə çalmağın mümkün olmamasının dərk edilməsi oldu. Hesabat məruzəsində eyni zamanda demokratik ölkələrdə sülh, o cümlədən parlament yolu ilə sosializmə keçməyin mümkünlüyü qeyd edildi. Sovet rəhbərliyinin sosialist inqilabının sovetlərin təcrübəsində silahlı üsyan xəttindən imtina etməsi real olaraq bunun Avropa ölkələrində inandırıcı olmaması ilə bağlıdır.

N.S.Xruşşovun hesabat məruzəsinin ideya-siyasi istiqaməti çox məhdud olub əsasən L. Beriyanın cinayət əməllərinin, kollektiv rəhbərliyin Lenin prinsiplərinin, sosialist qanunçu-luğunun pozulmasının tənqidinə yönəlmişdir.

Qurultayın axırıncı günü fevralın 24-dən 25-nə keçən gecə qapalı iclasda N.S.Xruşşov dörd saat boyunca iştirakçılara “gizli məruzəsini” oxudu və son iyirmi ildə İ.V.Stalinin şəxsiyyətə pərəstişinin yaranması və möhkəmlənməsinin səbəblərini izah etdi. Sov.İKP-nın Birinci katibi seçilmiş N.S.Xruşşov xarici nümayəndələrin buraxılmadığı qapalı iclasdakı çıxışında İ.Stalin tərəfindən Leninin kollektiv rəhbərlik prinsipinin kobud şəkildə pozulduğunu, qanunsuz təmizləmə və repressiyaların onun birbaşa göstərişi ilə həyata keçirildiyini qeyd etdi. Məruzədə həm də qafqaz xalqlarının deportasiyası,1949-cu ildəki “Leninqrad işi”, 1951-ci ildəki “Minqrel işi”, 1953-cü ildəki “həkimlərin işi” və s. sahəsindəki qanunsuzluqların birbaşa cavabdehi İ.Stalin olduğu qeyd olundu. Beləliklə, N.Xruşşov öz çıxışında heç kimi eşitmək istəməyən, xalqdan ayrı düşən, gündən-günə öz şəxsiyyətini şişirtməklə məşğul olan, səriştəsiz və zalım müstəbid tiran obrazını, yəni İ.V.Stalinin obrazını təsvir etmişdir. N.Xruşşov müharibə ərəfəsində hərbi kadrların məhv edilməsini, 1941-1942-ci illərdə Qızıl Ordunun uğursuzluqlarını İ.Stalinin səriştəsiz hərbi rəhbərliyi ilə bağlı olduğunu qeyd edərək əslində onun marşal və generalissimus rütbələrinə layiq olmadığını göstərmək istəməsi ibrətamizdir. N.Xruşşovun “gizli məruzəsində” repressiyalar özünün tam əksini tapmadı, kollektivləşdirmənin qurbanlarından, sadə vətəndaşlara qarşı tətbiq edilən repressiyalardan söhbət açılmadı. İ.V. Stalinin şəxsiyyətinə pərəştişinin təhlili dərin deyildi. İ.Stalinin ünvanına deyilən tənqid onun partiyaya qarşı cinayətləri ilə əlaqələndirilirdi. Partiyanın özünün repressiyalarla bağlı məsuliyyətindən söz açılmırdı. Lakin buna baxmayaraq məruzənin öz dövrü üçün çox böyük və misilsiz əhəmiyyəti ondan ibarət idi ki, N.Xruşşovun “gizli məruzəsi” adamları İ.V.Stalinə olan demək olar ki, dini inancının əsasını dağıtdı. Qurultaydan sonra qapalı iclasdakı məruzənin mətni kitabça şəklində çap edildi, onunla tanış olmaq məqsədilə yerlərdə yığıncaqlar təşkil olundu və sovet vətəndaşları bəhs edilən qanunsuzluqlardan xəbər tutdu. Lakin hakimiyyət açıq mətbuatda məruzəni tam çap etməyərək onun məzmunu ilə xalqı tanış etmədi. Bu isə xalqın bütün həqiqəti ondan gizlədilməsi şübhəsi doğururdu. Vəziyyəti çətinləşdirən o idi ki, Qərbin aparıcı kütləvi informasiya vasitələri 1956-cı ilin martın 16-dan məruzənin mətni ilə oxucuları tanış edirdi. Məruzənin mətni iyunun 4-də ABŞ-ın dövlət departamenti tərəfindən çap edildi. SSRİ-də yalnız “yenidənqurma” dövründə açıq mətbuatda məruzə çap edilmişdir(Sov.İKP-nin Xəbərləri. 1989.№3).

1956-cı il iyunun 30-da Sov.İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılmasına dair” qərarı dərc olundu. Bu sənəddə N.Xruşşovun məruzəsində qeyd edilən məsələlərə daha mühafizəkar yanaşılırdı. Qanun pozuntuları və repressiyalar bir tərəfdən İ.Stalinin adı ilə əlaqələndirilir, başqa bir tərəfdən kapitalist əhatəsilə və daxili sinfi düşmənlə şiddətli mübarizə onların səbəblərindən biri kimi qeyd olunurdu. İ.Stalin qərarda həm də görkəmli dövlət xadimi, nəzəriyyəçi, sənayeləşdirmə, kollektivləşdirmənin və müxalifət üzərində qələbənin təşkilatçısı kimi səciyyələndirilirdi.Stalinizmin tənqidinin boğulmasına cəhd edilməsi, onun ifşası ilə şəxsiyyətinin şişirdilməsi arasındakı tərəddüdlər 1956-cı ilin ikinci yarısı ilə 1957-ci illərin əvvəlləri üçün xarakterdir. Bu onunla izah edilir ki, partiya rəhbərliyi və N.S.Xruşşov özü də cəmiyyət üzərində ideoloji nəzarəti itirməkdən qorxurdular.

Mühafizəkar əhval-ruhiyyəli dairələr və əsasən keçmiş “Stalin qvardiyası” N.S.Xruşşovun siyasətindən narazı idilər. Odur ki, N.Xruşşovun Finlandiyaya səfərindən istifadə edərək 1957-ci il iyunun 18-də Sov.İKP MK-nın Rəyasət Heyətinin 11 nəfər üzvündən 7 nəfəri, o cümlədən N.A.Bulqanin, K.Y.Voroşilov, L.M.Kaqanoviç, G.M.Malenkov, V.M.Molotov, M. Q.Pervuxin, M.Z.Saburov, üzvlüyə namizəd D.T.Şepilov onun istefasını tələb etdilər. Onlar N.Xruşşovu özünün şəxsiyyətinə pərəstişin formalaşdırmaqda, yalan vədlərlə, səhv xarici siyasətdə ittiham etdilər. N.Xruşşovu yalnız Rəyasət Heyətinin üç üzvü, A.İ.Mikoyan, A.İ.Kiriçenko, M.A.Suslov və Rəyasət Heyətinin, Katibliyin üzvlüyə namizədlərinin böyük əksəriyyəti müdafiə etdi. Onların köməyi nəticəsində demokratik partiya mərkəziyyət prinsipini əldə rəhbər tutan N.Xruşşov məsələyə Mərkəzi Komitənin Plenumunda baxılmasına nail oldu. Müdafiə Naziri marşal G.K.Jukovun hərbi təyyarələrinin köməyi ilə tez bir zamanda 130 nəfər plenum üzvündən 107 nəfəri Moskvaya toplayan N.Xruşşov iyunun 22-də onun iclasını keçirdi. Arbitr rolunda çıxış edən plenum üzvləri Birinci katibi müdafiə edərək Rəyasət Həyətinin qərarını ləğv etdilər. Sov.İKP MK-nın Plenumu “antipartiya qrupunu fraksiyaçılıq fəaliyyətində” ittiham edərək V.Molotov, L.Kaqanoviç, G.Malenkov, M.Saburovu Rəyasət Heyəti üzvlüyündən, D.Şepilovu üzvlüyə namizədlikdən azad etdi. M.Pervuxin üzvlükdən namizədliyə keçirildi. 1961-ci ildə L.Kaqanoviç, G.Malenkov, V.Molotov partiya sıralarından xaric edildilər. NA.Bulqanin 1958-ci ildə Rəyasət Heyətinin tərkibindən xaric edildi və Nazirlər Sovetinin sədri vəzifəsindən azad olundu,onu bu vəzifədə N.S.Xruşşov əvəz etdi. 1960-cı ilin mayın 7-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində K.Y.Vo-roşirovu L.İ.Brejnev əvəz etdi. Beləliklə, N.S.Xruşşov partiya və hökumətin vahid liderinə çevrildi. 1957-ci il partiya və dövlət rəhbərliyindəki böhranın mühüm nəticəsi stalinsizləşdirmə yolundakı əsas addım olaraq keçmişin siyasi təcrübəsi ilə əlaqənin kəsilməsi oldu. İyun böhranının qaydaya salınmasında böyük rol oyanayan marşal G.K.Jukov vətəndaş hakimiyyətinin və şəxsən N.S.Xruşşovun mənfi münasibətinə və ondan ehtiyat etməsinə səbəb oldu,1953-cü ildə L.Beriya hakimiyyətdən uzaqlaşdırılarkən G.K.Jukovun köməyindən istifadə edən N.S.Xruşşov onun nüfuzundan ehtiyat edərək o Albaniya və Yuqoslaviyada səfərdə olarkən Rəyasət Heyətində “G.K.Jukovun şəxsiyyətinə pərəstiş, onun bonapartizmə yol açan avantürizmə meylliliyi” maddəsi ilə məsələ qaldırdı. Mərkəzi Komitənin 19 oktyabr Plenumunda G.K.Jukov Rəyasət Heyətinin və MK-nın tərkibindən çıxarıldı. Müdafiə Naziri vəzifəsinə R.Malinovski təyin olundu, G.Jukov isə təqaüdə göndərildi.

Sov.İKP-nın XX qurultayında təntənəli surətdə partiyada kollektiv rəhbərliyin Lenin prinsiplərinə əməl ediləcəyi elan olunsa da N.S.Xruşşov 1940-1953-cü illərdə İ.V.Stalinin partiya və hökumət rəhbərliyinin birləşdirmək təcrübəsini tədbiq etməklə əslində elan etdiyi siyasi xətdən imtina etmiş oldu.

1958-1964-cü illərdə daxili həyat

“Antipartiya qrupunun” ləğvi şəxsiyyətə pərəstişin yeni ilmə qazanaraq təkcə İ.Stalinin deyil onun yaxın əhatəsi olan V.Molotov, L.Kaqanoviç, G.Malenkovun da tənqid edilməsinə səbəb oldu. Xüsusilə 1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Stalin repressiyaları ciddi tənqid atəşinə tutuldu. İ.V.Stalinin cənazəsi Mavzoleydən çıxarılaraq Kremlin divarları yanında dəfn edildi. Mətbuat hərbçilər və partiya xadimlərinə qarşı tətbiq edilən əsassız repressiyalardan ətraflı yazılar çap etdi. Bir çox görkəmli ədəbiyyat və incəsənət xadimi, o cümlədən, İ.E.Babel,V.E.Meyerxold, B.A.Pilnyak və başqaları bəraət qazandı. K.M.Simonov “Dirilər və ölülər” (“Jiviye i mertviye”) trilogiyasında 1941-ci ilin yayındakı məğlubiyyətdən açıq bəhs etdi. S.A.Yesenin, A.A.Ax-matova, M.M. Zoşşenko, M.İ.Svetayeva yenidən çap edilməyə başladı. N.S.Xruşşovun xeyir-duası ilə Stalin repressiyasının qurbanı olan insanların faciəvi həyatından bəhs edən əsərlər meydana gəldi.Qırmızı Ordunun sabiq zabiti, düşərgə həyatı yaşamış A.İ.Soljenitsinin “İvan Denisoviçin bir günü” (“Odin den İvana Denisoviça”) povestinin 1962-ci ildə “Yeni dünya” jurnalında çap edilməsi Sovet cəmiyyətində böyük hadisə oldu. A.T.Tvardovskinin 19501954 və 1958-1970-ci illərdə baş redaktoru olduğu “Yeni dünya” (“Noviy mir”) jurnalı Stalinin faciəsinin bədii təsvirində və ölkənin keçdiyi kəşməkeşli yolun dərk edilməsində misilsiz rol oynamışdır. Jurnalın səhifələrində ümumxalq şöhrəti qazanmış F.A.Abramov, Ç.T.Aytmatov, V.İ.Belov, V.V.Bıkov, S.P.Zalıgin, F.A.İskəndər,V.M.Şukşin kimi sovet yazıçılarının qiymətli əsərləri çap edilirdi. «Mülayimləşmə” musiqi və teatrdan da yan keçmədi. Sov.İKP-nın 1958-ci ilin mayındakı “Böyük Dostluq” (“Velikaya drujba”), “Boqdan Xmel-nitski” və “Bütün ürəkdən” (“Ot vseqo serdtsa”) operalarına verilən qiymətdəki səhvlərin düzəldilməsinə dair” qərarından sonra bəstəkarlar D.D.Şostakoviç, S.S.Prokofyev, V.Y.Şebalin,

N. Y.Myaskovski yeni yaradıcılıq mərhələsinə qədəm qoydular,1956-cı ildə aktyor və rejissor O. N.Yefremovun rəhbərliyi ilə “Müasir” (“Sovremennik”) teatrı açıldı ki, bu da demokra-tikliyi və yüksək əxlaqi dəyərləri ilə seçilirdi. Lakin ideoloji və mədəni həyatın stalinsizləşdirilməsi və mülayimləşməsi qeyri-ardıcıl və məhdud xarakter daşıyırdı. V.L.Pasternakın xaricdə çap etdirdiyi “Doktor Jivaqo” əsərinə görə onun Yazıçılar İttifaqının üzvlüyündən xaric edilməsi və təqibi buna əyani misaldır. 1958-ci ildə V.Pastemaka Nobel mükafatı verilməsi hakimiyyətlə onun arasında olan gərgin münasibətləri daha da kəskinləşdirdi. Yazıçı SSRİ-dən sürgün olunmaq hədə-qorxusu altında

1958- ci il noyabrın 5-də “Pravda” qəzetində müraciət çap etdirərək mükafatdan imtina etdiyini və Qərbi onun əsərini siyasi məqsədlərlə istifadə etməkdə təqsirləndirdi. V.Pasternakla bağlı məsələ göstərdi ki, hələ rus ziyalıları açıq sürətdə hakimiyyətin təzyiqinə qarşı dayanmağa hazır deyildir. 1962-ci ildə Manejdə təşkil edilmiş bədii rəsm sərgisində N.S.Xruşşov rəssamlar R.R.Falk, E.İ.Neizvestni, B.İ.Jutovskini sosialist realizminə cavab verməyən əsərlər yaratdıqları üçün kobud söyüşlə təhqir etdi. Bu bir daha nümayiş etdirdi ki, partiya və dövlət rəhbərliyi incəsənətdə səriştəsizliyinə baxmayaraq, o özünü yaradıcı adamlara sənətin üsullarını belə öyrətmək iqtidarında hesab edir. Düzdür, Stalinin dövründən fərqli olaraq partiya liderinin qəzəbinə düçar olan rəssamlar repressiyaya və işdən qovulmağa məruz qalmadılar, lakin onların əsərlərinin muzey və sərgilərə gedən yolu bağlandı.

Nikita Xruşşovun stalinizmi tənqidinin və ölkədə ab-havanın mülayimləşməsi xəttinin yarımçıqlığı və qeyri-ardıcıllığı 1950-ci illərin sonundan başlayaraq Sovet İttifaqında qeyri-rəsmi mədəniyyətin və fərqli düşünənlər hərəkatının meydana gəlməsinə səbəb oldu. “Gizli Nəşr” (“Samizdat”) adı altında 300-dən çox müəllifin senzuraya məruz qalmayan şeir, nəsr, esse və ictimai-siyasi mövzuda məqaləsi çap maşını ilə yazılaraq oxucular arasında yayılırdı.

1959- 1960-cı ildə gənc şair A.İ.Qinzburq ilk belə jurnal olan “Sintaksis” i buraxdı və jurnalın səhifələrində B.Axmadulina, Vs.Nekrasov, B.Okucava, E.Qinzburq və V.Şalamovun əvvəllər qadağan edilmiş əsərləri çap olundu. 1960-cı ildə hakimiyyət orqanları sovet sistemini dağıtmaq məqsədilə təbliğat apardığı üçün A.İ.Qinzburqu həbs edərək iki il azadlıqdan məhrum etdi. Nə həbslər, nə zorla psixi müalicəyə göndərmələr mövcud rejimi tənqid edən gəncləri dayandırmadı. “Oxuyan el şairləri” (“Bardov”) B.Ş.Okucava, Y.İ.Vizbor, A.M. Qo-rodnitski. A.A.Qaliçin, V.S.Vısotskinin əsərləri səmimiyyəti, xalqa yaxınlığı və qabarıq sosial-siyasi xüsusiyyəti ilə rəsmi incəsənət nümunələrindən əsaslı surətdə fərqlənirdi. Səhnəyə dissidentlərin, yəni fərqli düşünənlərin ilk nəslinin nümayəndələri, o cümlədən, Qalanski, Bukovski, Bakşteyn, Kuznetsov çıxdılar. Onlar müxtəlif vasitələrlə ziyalıların sistemə qarşı etirazını təcəssüm etdirirdilər. Dissident (lat. Dissidens) fərqli fikirli demək olub, siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insanlardır. 1961-ci ildə Moskvada general P.Q.Qriqorenko rayon partiya konfransında N.Xruşşovun yarımçıq xarakterli siyasətini tənqid etdi. Kurskda isə belə bir tənqidlə hakimiyyətin siyasətindən narazılığını bildirən yazıçı V.V. Oveçkin çıxış etdi. Hakimiyyəti tənqid etdikləri üçün hər ikisi partiyadan xaric edilərək işdən qovuldular. 1964-cü ildə isə general P.Q.Qriqorenko psixiatriya xəstəxanasına salındı. Bütün bunlarla bərabər şəxsiyyətə pərəstişin tənqid edilməsindən sonra stalinizmi dirçəltmək və kütləvi repressiyalar mümkün deyildir. Bunu nəzərə alan rəsmi sovet təbliğat maşını cəmiyyətdə baş verən problem və çətinlikləri görməməyə üstünlük verirdi. Belə ki, 1959-cu il yanvarın 27-də toplanmış növbədən kənar Sov.İKP-nın XXI qurultayı “SSRİ-də sosializin tam və qəti qəsəbəsini” təsbit etdi. Qurultay elan etdu ki, sosializmin tam və qəti qələbəsini təmin edən sovet cəmiyyəti “geniş kommunizm quruculuğu” yoluna qədəm qoymuşdur,1959-1965-ci illəri əhatə edən yeddiillik plan tapşırıqlarını da qəbul edən partiyanın XXI qurultayının qərarları göstərdi ki, XX qurultayın keçmişin cinayətlərini aşkar etməsindən fərqli olaraq rəhbərlik yenidən arxasını real həqiqətlərə çevirərək öz siyasətini gurultulu şüarlarla bəzəmək niyyətindədir.

1961-ci il oktyabrın 17-dən 31-ə kimi Sov.İKP-nın sayca üçüncü olan Yeni Proqramı və nizamnaməsi qəbul olundu. Yeni Proqramda ölkənin “geniş kommunizm quruculuğu” dövrünə qədəm qoyduğu qeyd edilir, bu məqsədə çatmaqda “kommunizmin maddi-texniki bazasının” yaradılmasını təmin etmək üçün on il (1961-1971-ci illər), kommunizmin mərhələsinə bilavasitə daxil olmaq üçün isə ikinci on il (1971-1981-ci illər) müddəti nəzərdə tutulurdu. N.S.Xruşşov əminliklə təstiq edirdi ki, “sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaqdır”. Yeni nizamnaməyə əsasən yerli partiya özəklərinin hüququnun artması, partiya vəzifələrinin rotasiyası, yəni təzələnməsi, ictimai əsasla partiya işinin genişlənməsi irəli sürüldü. Proqramda eyni zamanda “kommunizm qurucusunun əxlaq kodeksi” öz əksini tapdı. Proqramda yaradıcı ziyalılar qarşısında gələcək cəmiyyətin “yeni insanını” tərbiyə etmək vəzifəsi qoyulmuşdur. Partiyanın üçüncü Proqramı real həyatdan uzaq olduğu üçün qarşısına yerinə yetirilməsi mümkün olmayan vəzifələr qoymuşdur. Bu isə hər şeydən əvvəl partiyanın XX qurultayından sonra sovet cəmiyyətində meydana gələn nikbin əhval-ruhiyyə ilə bağlıdır. Eyni zamanda hakimiyyət vətəndaşları böyük vəzifələrlə hipnoz edərək gündəlik çətinliklərdən yayındırırdı. Tez bir zamanda iki onillik müddətində kommunizmin maddi-texniki bazasını yaratmağın mümkün olmadığı aşkar oldu, gülüş və lətifə doğurdu.

1960-cı ilin əvvəllərində meydana çıxan və getdikcə dərinləşən ərzaq qıtlığı şəraitində hökumət 1962-cı ildə ət-süd məhsullarının pərakəndə qiymətlərini artırdı. Bu bütün ölkədə narazılığa səbəb oldu. Xüsusilə ərzaq çətinliyinin daha çox hiss olunduğu sənaye mərkəzlərində vərəqələr, etiraz nümayişləri meydana gəldi, tətilə çağırış şüarları artdı. Qiymətlərin artması və elektrovozquraşdırma zavodunda tariflərin kəskin aşağı salınması 1962-ci il iyunun 1-də Novoçerkasskdə kütləvi nümayişin başlamasına gətirib çıxardı. Yerli rəhbərlik və milis qüvvələri nümayişçiləri dağıda bilmədi. Şəhərə Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri A.İ.Mikoyan və F.R.Kozlov gəldi, şəhərə ordu qüvvələri yeridildi. Sovet ordusu nümayişçilərə atəş açdı 23 nəfər öldü, 70 nəfər yaralandı, 49 nəfər həbs olundu, 116 nəfər cinayət məsuliyyətinə cəlb edildi. 14 nəfər adam hadisələrin təşkilatçısı hesab edildi, onlardan 7 nəfəri güllələnmə, qalanları isə 10-15 il müddətinə həbs cəzası aldı. Hakimiyyət orqanları hadisələri gizlətməyə çalışsa da bu mümkün olmadı, tezliklə nümayişçilərin güllələnməsi bütün ölkəyə məlum oldu. Novoçerkassk hadisələri Sovet hakimiyyətinin təbiətinin dəyişmədiyini nümayiş etdirdi və N.S.Xruşşovun daxili siyasətinin puç olduğunu göstərdi. Ərzaq mallarının qiymətlərinin artırılması ölkənin digər şəhərlərində, o cümlədən Murom, Aleksandrov, Biysk, Krivoy Roq, Sumqayıtda da həyəcanlara səbəb olmuşdur.

N.S.Xruşşovun hakimiyyəti illərində dövlət və partiya aparatının idarə olunması tez-tez dəyişdirildi. 1957-ci ildə N.Xruşşov sənayenin idarə edilməsi qaydasını dəyişdirərək nazirliklərin yerinə iqtisadi idarəetmənin həlledici pilləsi kimi ərazi xalq təsərrüfatları şuraları (sovnarxozı) yaratdı. Sovnarxozların yaradılması müsbət nəticə versə də partiya aparatı işçiləri Moskvanı tərk edib əyalətlərə göndərildikləri üçün narazı qaldılar. Vilayət partiya komitəsinin rəhbərlərinin sovnarxozların rəhbər heyəti tərkibinə daxil edilməməsi təsərrüfatçıların partiya orqanlarından asılı olmamasını təmin etsə də başqa tərəfdən partiya rəhbərlərinin narazılığını daha da artırdı. 1961-ci ildə qəbul olunan Sov.İKP-nın nizamnaməsinə əsasən rəhbər seçkili partiya orqanlarının mütamadi olaraq təzələnməsi partiya aparatını narahat edirdi. 1962-ci ildə rayon və vilayət partiya təşkilatları sənaye və kənd təsərrüfatı üzrə bölündü. Beləliklə, ərazidə iki vilayət partiya komitəsi fəaliyyət göstərməyə başladı. Sənaye vilayət komitələri faktiki olaraq iri sovnarxozlara tabe oldu. Müvafiq dəyişiklik Sovetlər, komsomol, həmkarlar ittifaqı və milisi də əhatə etdi. Praktiki olaraq bu dəyişikliklər yerli partiya-sovet orqanlarının işində qarma-qarışıqlığa, aparatın süni surətdə şişməsinə, partiya və dövlət qulluqçularının öz vəziyyətlərinin sürüşkən olmasına səbəb oldu ki, bu da onları N.S.Xruşşova qarşı köklədi. N.S.Xruşşovun marşal G.K.Jukovu istefaya göndərdiyi üçün, atom sualtı qayıqları ilə əlaqədar olaraq suüstü hərbi dəniz gəmilərin istifadədən çıxardığı, ordunun əhəmiyyətli dərəcədə azaldığı və bir çox zabitin yeni həyata hazırlamadan, onlara mənzil verilmədən və s. istefaya göndərildiyi üçün hərbçilər arasında öz nüfuzunu itirmişdir. Beləliklə, 60-cı illərin ortalarına doğru Nikita Xruşşov sosial dayaqlarını itirərək partiya-dövlət aparatının, ordunun, ziyalıların, fəhlə və kolxozçuların müdafiəsindən məhrum olmuşdur.

İqtisadiyyatdakı dəyişikliklər

Sənayeləşdirmə dövründə yaranan sovet iqtisadiyyatı yüksək dərəcədə mərkəzləşmişdir. Xalq təsərrüfatının idarə olunması Dövlətplan, Nazirlik və onların baş idarələri, müəssisələr sxemi üzrə olmaqla möhkəm üfıqi xətt isitqamətində qurulmuşdur. Büdcədən maliyyələşdirilən müəssisələr öz vəsaitlərinə müstəqil surətdə sahib ola bilmədiklərindən təsərrüfat təşəbbüskarlığından məhrum qalırdılar. Odur ki, onlar vəsait və materialın qənaət edilməsində maraqlı deyildir. Ağır sənayeyə, istehsal vasitələri istehsal edən “A” qrupu sahəsinə prioritet verildiyindən xalq istehlak malları istehsalı, yəni “B” qrupu sahəsi “qalıq prinsipi” ilə maliyyələşdirildi ki, bu da mütəmadi olaraq paltar, ayaqqabı başqa kütləvi ehtiyac mallarının çatışmazlığına səbəb olurdu. Kənd təsərrüfatında vəziyyət son dərəcə ağır olaraq qalırdı. Ölkədə yaşayış mənzilləri çatışmırdı, nəqliyyat şəbəkəsi bərbad vəziyyətdə idi.

İ.V.Stalinin ölümündən sonra SSRİ-də iqtisadi islahatların həyata keçirilməsi həyatın tələbatına çevrildi. Ölkədə xalq təsərrüfatı mexanizminin təkmilləşdirilməsinə aqrar bölmədən başlandı. Sov.İKP MK-nın 1953-cü ilin sentyabrındakı Plenumunda N.S. Xruşşov məruzəsində kolxozçuların maddi marağının olmamasının, şəxsi və ictimai maraq arasındakı ziddiyyətin, əməyin mexanikləşdirilməsinin aşağı səviyyəsini, kolxoz, sovxoz və MTS-lərdə ciddi rəhbərliyin çatışmazlığının kənd təsərrüfatının geri qalmasının əsas səbəbləri olduğunu qeyd etdi. Aqrar bölmənin iqtisadiyyatını sağlamlaşdırmaq məqsədilə kənd təsərrüfatı məhsullarına daha inandırıcı qiymətlərin müəyyənləşdirilməsin, aşağıdan planlaşdırmaya keçilməsini, vergi siyasətinin yenidən qurulmasını, kolxozçuların maddi marağının artırılmasını nəzərdə tutan bir sıra tədbirlər həyata keçirildi. Kolxozların pul gəlirinin artırılması kursu elan olundu.

1954-cü ildə 1952-ci illə müqayisədə kolxozçulardan tutulan vergi iki dəfə azaldıldı. Növbəti beş ildə knd təsərrüfatı məhsullarının satınalma qiyməti üç dəfə artdı, aqrar bölmənin orta illik artım sürəti isə yüksələrək 7 faizə çatdı. 1954-cü ilin fevral-mart ayındakı Mərkəzi Komitənin Plenumunda xam və istifadəsiz torpaqların əkilməsi irəli sürüldü. Altay və Krasnoyarsk əyalətləri, RSFSR-in Novosibirsk, Omsk, Çelyabinsk vilayətləri, Çazaxıstanın Akmalinsk, Pavlodar, Şimali ö^zaxıstan, Kustanay, Semipalatinsk, Şərqi-Çazaxıstan vilayətləri xam və istifadəsiz torpaqların yeni ünvanları oldu. Üç il ərzində 32 milyon hektar torpaq sahəsi əkildi ki, bu da ölkənin 20-30-cu illərdəki torpaq fonduna bərabər idi. Nəticədə, taxıl tədarükü 54 milyon tona çatdı. Ölkədə tədarük edilən taxılın hər ikinci, sonralar isə hər dördüncü tonu xam torpaqların payına düşürdü. Tezliklə yeni torpaqlar 1-1,5 milyard pud taxıl verməyə başladı. Xam torpaqların kütləvi və mövcud aqrotexniki qaydalara əməl edilmədən əkilməsi torpaqların eroziyasına səbəb oldu. Təkcə ö^zaxıstanda əkinə yararlı sahələrin 35 faizi eroziyaya uğrayaraq yararsız vəziyyətə düşdü, ekoloji vəziyyət pişləşdi.

SSRİ-ni qısa zaman kəsiyində taxılla təmin etməyi nəzərdə tutan N.S.Xruşşov ABŞ-ın təcrübəsinə əsaslanaraq ona görə yüksək məhsuldarlığı ilə fərqlənən qarğıdalı əkilməsinə alüdə oldu,1955-ci ildən ənənəvi mədəni bitkiləri, o cümlədən yemçilik bitkilərini sıxışdıran qarğıdalı əkini sürətlə genişləndi. İstilik sevən bitki olan qarğıdalı hətta şimal vilayətlərində belə əkilməyə başladı ki, bu da faktiki olaraq bu yerlərdə qarğıdalının məhsul verməməsi ilə nəticələndi. 60-cı illərin əvvəllərində SSRİ-nin dənli əkin sahələrinin dörddə bir hissəsin qarğıdalı əkinləri təşkil edirdi, qarğıdalı əkinin 80 faizindən çoxu isə mal-qara yemi üçün nəzərdə tutulurdu,1962-ci ilin quraqlığı ölkədə taxıl qıtlığına gətirib çıxardı. SSRİ çatışmayan taxılı xaricdən almağa məcbur oldu

N.S.Xruşşovun kənd təsərrüfatı sahəsində tədbiq etdiyi inzibati islahatlardan biri də MTS-i ləğv edib texnikanı kolxozların mülkiyyətinə verməsi oldu. İqtisadi cəhətdən bu kolxozların təşkilatı işlərinə müsbət təsir etsə də, texnikanın kolxoz vəsaiti hesabına qısa bir müddətdə satın alınması kolxozların maliyyə ehtiyyatlarını tükətdi. Bir çox mütəxəssis və texniklər kolxozçu statusuna düşməmək məqsədilə şəhərlərə üz tutdu, texniki park ixtisaslı mütəxəssislərdən məhrum oldu. Odur ki, 1958-1961-ci illərdə 20-ci illərin sonu ilə müqaisədə ilk dəfə olaraq kənd təsərrüfatının maşın parkında azalma qeydə alındı.

Nikita Xruşşovun aqrar siyasətində islahatlardan biri də kənd təsərrüfatının sənaye-ləşdirilməsini təmin edə bilən iri, nəhəng kolxozların yaradılmasıdır. İslahata əsasən 1955-ci ildə ölkədə mövcud olan 83 min kolxoz iri təsərrüfatların yaranmasından 1957-ci ildə 68 min, 1960-cı ildə isə 45 minə düşdü. Liderin bu layihəsi əslində kəndin “sosialist həyat tərzinə” uyğunlaşaraq aqroşəhərlərin salınmasına kömək edən sosial tədbirlərin artmasını nəzərdə tuturdu. Bunun üçün küllü miqdarda kapital qoyuluşu tələb olunurdu ki, bu da kolxozların vəsaitini sərf etdiyi MTS ilə bağlı olaraq mümkünsüz idi. 1958-ci ildən kolxozçuları daha çox ictimai təəsrrüfata cəlb etmək məqsədilə N.Xruşşov onların həyətyanı təsərrüfatlarını azaltdı, şəhər və fəhlə qəsəbələrində mal-qara saxlamağa icazə verilmədi.

1957-ci ildə N.S.Xruşşov “Əhalinin hər bur nəfərinə düşən ət, süd və yağ istehsalına görə Amerikaya çatmaq və onu ötüb keçmək” avantürist şüarını irəli sürdü. Əslində mayın 22-də kolxozçuların yığıncağında səsləndirilən bu şüar sovet tarixinin əvvəlki 30 ili üçün xarakterik olan qorxulu təcrübənin, yəni məsələnin həllinin volüntarist yolla “irəli tullanmaq” metodu isə həyata keçirmək arzusundan uzağa getmədiyi üçün real deyildi. Qısa müddətdə ət istehsalını artırmaq tələbi mal-qaranın kütləvi kəsilməsinə və sayının kəskin azalmasına təkan verdi. Təhlil edilmədən tədbiq olunan bu islahatlar əslində kənd əhalisinin şəhərlərə axınını sürətləndirdi,1960-1964-cu illərdə 7 milyon nəfər kənd əhalisi şəhərlərə axın etdi ki, bunların da 6 milyonu gənclərdən ibarətdir.

Stalinin idarəçiliyindən imtina edən (destalinizatsii) partiyanın rəhbərliyi 50-ci illərdə xalq təsərrüfatının idarə edilməsi sistemini əsaslı olaraq dəyişdirdi,1953-cü ilin martında bir sıra nazirliklər birləşdirildi, onların sayı 51-dən 25-ə düşdü. Ancaq 1954-cü ildə əvvəlki sistem bərpa edilərək onun məsuliyyəti L.Beriyanın üzərinə qoyuldu.

1957-ci ildə N.S.Xruşşovun təşəbbüsü ilə xalq təsərrüfatının idarə edilməsinin mər-kəzləşdirilməsini zəiflətməklə nazirliklərin funksiyaları ərazi xalq təsərrüfat şuralarına (sov-narxoz) verildi. Sovnarxozların yaradılması xammalın komplektləşdirilməsi və göndərilməsinə çəkilən xərcin azaldılmasına, eyni ərazidə yerləşən müəssisələr arasında kooperasiyanın güclənməsinə, yerli sənayenin möhkəmlənməsinə kömək etdi.Yerli qapalılığı aradan qaldırmaq məqsədilə 1960-cı ildə RSFSR, Ukrayna və Qazaxıstanda respublika xalq təsərrüfatı şurası təşkil olundu. 1963-cü ildə SSRİ Ali Xalq Təsərrüfat Şurası (AXTŞ) yarandı. AXTS-na birinci ilk illərdə D.F.Ustinov, 1965-ci ildən V.N.Novikov başçılıq etmişdir. Bu tədbirlər idarəçilik aparatının yenidən şişməsinə gətirib çıxardı ki, bu isə nazirliklərin ləğv edilməsi vəzifəsi ilə ziddiyyət təşkil edirdi. Başlıcası islahatın çatışmayan cəhəti ondan ibarət idi ki, üfüqi idarəçilikdən imtina edilməsi müəssisələrin hüququnu genişləndirmədi, onlar ərazi xalq təsərrüfatı şuralarının diqtəsi altına düşdülər.

Ümumiyyətlə, N.S.Xruşşovun iqtisadi islahatların 1953-1958-ci illəri əhatə edən təsirli iqtisadi və sosial mexanizmə malik olan birinci, 1959-1964-cü illəri əhatə edən iqtisadi idarəetmənin Stalin və volüntarist modelin birləşdirən ikinci dövrə bölmək həqiqətə daha yaxındır. Artıq 1958-1959-cu təsərrüfat ilindən başlayaraq tətbiq olunan iqtisadi islahatlar məhz 1940-cı illərin sonu — 1950-ci illərin əvvəllərində ölkədəki mənzərəni xatırladır. Belə ki, dövlət büdcəsi imkanlarını aşan kapital qoyuluşunun və kreditlərin artması, istehsal vasitələri istehsalının, sənayenin kəskin və nəzarətsiz artımı, kadr axıcılığına səbəb olan kənd yerlərindən kütləvi surətdə aşağı səviyyəli işçi qüvvəsinin gəlməsi, iqtisadi artımın sürətinin aşağı düşməsi nəticəsində mal qıtlığının yaranması bu dövrdə müşayiət olunur.

Düzdür, 50-ci illərdə SSRİ-də iqtisadi inkişaf əsasən ekstensiv yəni keyfiyyətcə deyil, kəmiyyətcə artan yolla inkişaf edirdi.Yeni enerji və xammal mənbəyləri ehtiyyatları mənimsənilir, genişmiqyaslı sənaye tikintisi işləri görülürdü. 1950-ci illərin ortalarından Kuybışev (Samara), Stalinqrad (Volqoqrad), Kaxovsk hidroelektrik stansiyaları işə düşdü. 1954-cü ildə dünyada ilk atom elektrik stansiyası Obninsk AES fəaliyyətə başladı. Bunun ardınca, Sibir, Novo-Voronej, Beloyarsk AES-i işə salındı. Bunların nəticəsində 1954-1965-ci illərdə elektrik enerjisi istehsalı ölkədə 3,4 dəfə artdı. Lakin yeni hidroelektrik stansiyaların salınması həm də ciddi iqtisadi və ekoloji itkilərlə müşayiət olunurdu.

Yanacaq sənayesi inkişafı sayəsində Ekibastuz, Kansko-Açinskidə açıq kömür hövzələri yaradıldı. 50-ci illərdə Sovet İttifaqında kömür çıxarılması 2 dəfə, neft istehsalı 3,9, qaz hasilatı 7,8 dəfə artdı. 60-cı illərdən başlayaraq SSRİ kömür əsrindən neft və qaz əsrinə daxil oldu. Yanacaq kompleksinin strukturunun dəyişilməsinin əsası məhz 1956-1961-ci illərdə qoyulmuşdur.

1964-cu ildə “Dostluq” (“Drujba”) beynəlxalq neft kəmərinin birinci, 1972-ci ildə ikinci, 1981-ci ildə üçüncü növbəsi çəkilmişdir. 5,2 min km uzunluğunda olan kəmər Almet-tevskdən başlayıb Samara, Bryanskdən keçməklə Mozıra kimi, Belarus, Polşa, Almaniyadan keçməklə Şimal, Ukrayna, Çexiya, Slovakiya, Macarıstandan keçməklə Cənub qolu ayrılır.

1950-1960-cı illərdə ölkədə yaşayış mənzillərinin tikintisi sahəsində nəhəng işlərin əsası qoyuldu. 1954-1957-ci illərdə qəbul edilən qərarlarla vahid tip layihələr əsasında evlərin tikilməsinin nəzərdə tutulması ev tikintisi sənayesinin misilsiz genişlənməsinə gətirib çıxardı. Standart konstruktiv sxemin tədbiqi nəticəsində inşa edilən mənzilin əmək tutumu 3-4 dəfə, tikintinin dəyəri 25 faiz, təhvil vermə müddəti l,0-l,5 ay aşağı düşdü. 1950-ci ilin sonu-60-cı illərin əvvəllərində SSRİ mənzil tikintisinin sürəti və mənzil sahələrinin istifadəyə verilməsi miqdarına görə bütün iri dövlətləri qabaqlayaraq dünyada birinci yerə çıxdı. 1956-1960-cı illərdə SSRİ əhalisinin 4-də birini əhatə edən 54 mln nəfər aham yeni mənzil almışdır.

Dəmir yol nəqliyyatının strukturu əhəmiyyətli ölçüdə dəyişdi, yeni teplovoz və elektrovozlar parovozları əvəz etdi. Yeni reaktiv TU-104 sərnişin və yük təyyarələri uçmağa başladı. 1957-ci ilin iyununda dünyada birinci Yerətrafı kosmik gəmi Sovet İttifaqında buraxıldı. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin ilk dəfə Yer kürəsi ətrafında kosmik gəminin sükanı arxasında 108 dəqiqə dövrə vurdu,1963-cü ilin iyununda birinci kosmonavt qadın V.V.Tereşkova idarə etdiyi “Vostok-6” kosmik gəmisində 71 saat kosmosda qaldı. Sovet adamının kosmosa uçuşları haqqında xəbərlər dünyanın marağına səbəb oldu.

Sayılan uğurlarla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi 1950-ci illərin sonlarından başlayaraq SSRİ-də sənayenin inkişafında neqativ meyllər ön plana çıxdı. İstehsalın artım sürəti aşağı düşdü. Əvvəllər olduğu kimi ikinci dərəcəli hesab edilən yüngül sınaye vətəndaşların gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilmirdi. Ölkədə istehsal edilən məhsulun texniki səviyyəsi və keyfiyyəti xarici ölkələrlə müqaisədə çox geri qalırdı. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalata ləng tədbiq olunurdu. Bütün bunlar direktiv planlaşdırma əsasında fəaliyyət göstərən mərkəzləşdirilmiş sistemin yarasız iqtisadi mexanizm təcrübəsinin nəticəsi idi.

1959-cu ildə Sov.İKP-nın XXI qurultayı 1959-1965-ci illəri əhatə edən yeddiillik plan tapşırıqlarını təsdiq etdi.Plana əsasən yeddi ildə ağır sənaye məhsulu istehsalı 85, yüngül sənaye 62, kənd təsərrüfatı 70 faiz artmalı idi. Milli gəlirin 70, real əmək haqqının 40 faiz artırılması nəzərdə tutulurdu. Nəticədə SSRİ əhalinin hər birinə düşən məhsul istehsalına görə dünyada birinci yerə çıxamalı idi. Lakin yeddiillik plan direktivləri real həyatdan çox uzaq olduğu üçün 1964-cü ildə onun yerinə yetirilməsinin mümkün olmadığı aşkar oldu. Odur ki, bu uğursuzluğu ört-basdır etmək məqsədilə N.S.Xruşşov 1964-cü ilin yayında səkkizillik planlaşdırmaya keçməyi təklif etdi.

SSRİ-nin xarici siyasəti

İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasəti əhəmiyyətli dərəcədə dəyişərək mülayimləşmə xəttinə istiqamət aldı,1953-cü ilin iyulunda Koreyada atəşin dayandırılmasına dair saziş imzalandı.İsraillə 1953-cü ilin fevralından kəsilən diplomatik münasibətlər bərpa olundu. Sovet İttifaqı Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkərək onunla münasibətləri normallaşdırdı.

N.S.Xruşşovun xarici siyasət strategiyası sosialist ölkələri cəbhəsi üçün daha çox müstəqillik, kapitalist dövlətləri ilə dinc yanaşı yaşamağın mümkün olmasını, üçüncü dünya ölkələri nümunəsində isə “sülh cığırı” yaratmağı elan etdi. Bu isə o demək anlamına gəlirdi ki, sovet xarici siyasət doktrinası müdafiə xarakteri almışdır. Ordu və hərbi-dəniz flotunun canlı qüvvə və hərbi texnikasının N.Xruşşovun təşəbbüsü ilə azaldılması bunu təstiq edir.

1953-cü il iyun ayının 17-də ADR-də xalqın sosialist quruluşuna qarşı ilk açıq çıxışları başladı və bu bütün Şərqi Avropa ölkələrin həyəcanlandırdı. Kənd təsərrüfatının kollektivləşdirilməsi ilə bağlı hökumətin tədbirləri, ikiyə bölünmüş ölkənin xarici dövlətlərlə iqtisadi əlaqələrinin zəifləməsi sayəsində əhalinin güzaranının pisləşməsi, fəhlələrin əmək normalarının artırılması hökumət əleyhinə tətil və çıxışları şiddətləndirdi ki, onlarında sayı 100 min nəfərdən çox idi. Belə çıxışlar bütün Şərqi Avropanın sosialist ölkələrində yayılırdı ki, onların da qarşısı sovet ordu qüvvələri tərəfindən alındı. Gərginliyi azaltmaq məqsədilə 1954-cü ilin yanvarından SSRİ ADR-dən daha təzminat almadı və ona kredit verdi.

AFR-in silahlanması, İtaliya və AFR-in NATO-ya qəbul edilməsi sosialist ölkələrinin özlərinin müdafiə ehtiyaclarını ön plana çıxardı,1955-ci ilin may ayında Bolqarıstan, Macarıstan, Rumıniya, Albaniya, Polşa, ADR, Çexoslovakiya və SSRİ-nin səlahiyyətli nümayəndələri Polşanın paytaxtı Varşavada Avropada sülh və təhlükəsizlik məsələlərinə aid müşavirə keçirdilər. Avropanın 8 sosialist dövləti 1955-ci il mayın 14-də dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzaladılar və Varşava Müqaviləsi Təşkilatını (VMT) yaratdılar. VMT-nın üzvləri beynəlxalq hüququn prinsiplərinə əməl etməyi, sülh və təhlükəsizlik naminə beynəlxalq əməkdaşlıqda iştirak etməyi və hərbi müdaxilə təhlükəsi zamanı məsləhətləşməyi öz öhdələrinə götürdülər. Təşkilatın siyasi Məsləhət Komitəsi, Silahlı qüvvələrin Birləşmiş komandanlığı, onun Qərargahı yaradıldı. 20 il müddətinə imzalanan Müqavilənin 4-cü maddəsinə əsasən təşkilat üzvlərindən hər hansl biri hücuma məruz qalarsa o biri iştirakçılar dərhal ona kömək etməli idi.

1954- cü ilin yayında Xarici İşlər naziri V.Molotovun müqavimətinə baxmayaraq N.S.Xruşşov Yuqoslaviya ilə 1948-ci ildən kəsilən münasibətləri qaydaya salmağa başladı.

1955-ci il mayın 23-dən iyunun 3-dək N.S.Xruşşov, N.A.Bulqanin və A.İ.Mikoyan Yuqoslaviyaya səfər edərkən N.Xruşşov əvvəllər kəsilmiş münasibətlərə görə “səmimi təəssüfünü” ifadə edərək bu hadisənin məsuliyyətini Yuqoslaviya rəhbərliyinə qarşı saxta dəlillər hazırlayan və xalq düşməni kimi Sovet İttifaqında ittiham edilən L.Beriya, V.Abakumov və başqalarının üzərinə yıxdı. İ.B.Tito ilə aparılan danışıqlar müsbət nəticə verdi, iyunun 2-də birgə bəyannamə yayıldı. Bəyannamədə qey edilirdi ki, hərbi bloklar siyasəti beynəlxalq gərginliyi gücləndirir, dinc yanaşı yaşamaq prinsipi isə ictimai-siyasi quruluşlarından asılı olmayaraq bütün dövlətlərin əməkdaşlıq etməsini nəzərdə tutur. Yuqoslaviya əhəmiyyətli iqtisadi kömək almasına baxmayaraq, öz bitərəfliyini qorudu və QİYŞ, VMT-na üzv olmadı. 1956-cı ilin aprelində Avropanın kommunist və fəhlə partiyalarının Məlumat Bürosu öz fəaliyyətini dayandırdı, dünya birliyinin parçalanması xeyli zəiflədi.

50-ci illərin ikinci yarısında N.S.Xruşşovun xarici siyasət sahəsində yeritdiyi mülayimləşmə siyasəti davam edirdi. 1955-ci il mayın 15-də Avstriya ilə Vyanada dövlət müqaviləsi imzalandı. Müqaviləyə əsasən Avstriyanın suverenliyi 1938-ci ilin yanvarın 1-nə olan sərhədlər daxilində bərpa edilir, Avstriya Almaniya ilə iqtisadi və siyasi ittifaq yaratmamağı öz öhdəsinə götürürdü. 1955-ci il dekabrın 31-dək bütün xarici qoşunlar, o cümlədən, sovet əsgərləri Avstriyadan çıxmalı idi. SSRİ, ABŞ, İngiltərə və Fransa 1955-ci il dekabr ayının 6-da Avstriyanın bitərəfliyini tanıdılar.

1955- ci ilin sentyabrında AFR-in kansleri K.Adenauer Sovet İttifaqına rəsmi səfər etdi, ayın 13-də SSRİ ilə AFR arasında diplomatik münasibətlər yaradılması haqqında razılıq əldə edildi. İmzalanmış yekun bəyannaməsində elan edildi ki, SSRİ ilə AFR arasında normal münasibətlərin yaradılması Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinin, Almaniyanın birləşməsi probleminin həllinə kömək edəcək. Lakin AFR və ADR-in qarşı-qarşıya duran hərbi bloklara daxil olması vahid alman dövlətinin yaranmasını uzun illər ləngitdi.

Qalib dövlətlər Qərbi Berlinin azad şəhər elan edilməsində razılığa gələ bilmədikdən sonra VMT-nın dövlət rəhbərləri müşavirəsinin təklifi ilə 1961-ci il avqustun 12-dən 13-nə keçən gecə Şərqi və Qərbi Berlin arasında əvvəlcə tikanllı məftil, sonra beton divar çəkildi. “Soyuq müharibə”nin simvolu olan divar 1990-cı il oktyabrın 3-də söküldü.

Sov.İKP-nin XX qurultayından (fevral 1956-cı il) sonra Şərqi Avropanın sosialist ölkələrində stalinizm metodundan imtinaya (destalinizatsii) meyil artdı,1956-cı ilin iyununda Polşanın Poznan şəhərində nümayişlər başladı, onlar azadlıq, kommunist siyasi rejiminin ləğvini, sovet ordusunun Polşadan çıxarılmasını tələb edirdilər. Nümyaiş ordu və təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldı. N.Xruşşov güzəştə gedərək 1945-ci ildən Polşanın müdafiə naziri olan K.K.Rokossovskini geri çağırmağa razı oldu, V.Qomulkanın yeni rəhbər seçildiyi Polşa Varşava Müqaviləsi Təşkilatının üzvlüyündə qaldı.

1956- cı il oktyabrın 23-24-də Macarıstanın paytaxtı Budapeştdə demokratik quruluşun bərqərar olması, sovet ordularının Macarıstandan çıxarılması, Stalinin davamçısı M.Rakoşinin istefaya göndərdiyi İ.Nadın hökumət başçısı təyin edilməsi tələbləri ilə nümayişlər başladı. Xalqın nümayiş və çıxışları sovet ordu birliklərinin iştirakı ilə macar qoşunları və təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldı. A.İ.Mikoyan və M.A.Suslov Macarıstana gələrək rəhbərliklə danışıqlara başladılar. Nəticədə oktyabrın 27-də Y.Kadr Macarıstan Zəhmətkeşlər Partiyası MK-nın Birinci katibi, İ.Nad hökumətin başçısı oldu. Kompromisin əldə olunduğu və sovet qoşunlarının ölkəni tərk etməyə hazırlaşdığı bir vaxtda çox güman ki, Yaxın Şərqdə müharibənin başlanması ilə əlaqədar olaraq N.S.Xruşşov və ona yaxın olan partiya rəhbərləri fikrini dəyişdirdi, noyabrın 1-də Macarıstana əlavə sovet qoşunları yeridildi. Buna cavab olaraq İ.Nad Macarıstanın VMT-dan çıxaraq bitərəfliyini elan etdi. Noyabrın 4-7-də sovet qoşunları macar üsyançılarının şiddətli müqavimətini qıraraq etiraz çıxışlarını qan içində boğdu. Hökumətin başçısı İ.Nad həbs edilərək güllələndi. Çıxışlar yatırılarkən 2,5 min nəfər macar öldürüldü, 20 min nəfər adam yaralandı. Sovet tərəfinin itkisi 720 nəfər ölü, 1,5 min nəfər yaralı oldu. 200 minə yaxın macar öz vətənindən didərgin düşdü. Macarıstanın işğalı göstərdi ki, Sovet İttifaqı və onun rəhbərliyi Şərqi Avropa ölkələrinin müstəqilliyi ilə barışmaq fikrindən uzaqdırlar. BMT-nin Baş Məclisi sovet işğalını pisləsə də Qərb ölkələri Süveyş kanalı böhranı ilə əlaqədar olaraq heç bir qəti tədbir görə bilmədi.

Misirdə milli-azadlıq hərəkatı gücləndi, kral ölkədən qovuldu və 1953-cü il iyun ayının 18-də monarxiya ləğv edildi, “Azad zabitlər” ittifaqına başçılıq edən C.Nasir Misirin baş naziri, sonra isə prezidenti seçildi. 1956-cı ilin iyununda İngiltərə öz qoşunlarını tamamilə Misirdən çıxardı,1956-cı il iyulun sonunda Misir hökuməti Süveyş kanalı kompaniyasını milliləşdirdi. Kompaniyanın səhmlərinin çoxu İngiltərə və Fransaya məxsus idi ki, onlar da kanalın istismarından ildə 35 milyon funt sterlinq gəlir əldə edir, ancaq Misirə cəmi 1 milyon funt sterlinq pul ödəyirdilər. Odur ki, İngiltərə, Fransa, İsrail və Qərb dövlətləri milliləşdirməyə etiraz edərək Misirə qarşı hərbi müdaxiləyə hazırlaşmağa başladılar. 1956-cı ilin oktyabrın 29-dan 30-a keçən gecə İsrail ordusu Fələstin partizanlarına qarşı mübarizə bəhanəsi ilə Sinay yarımadasında hərbi əməliyyatlara başladı. Oktyabrın 31-də isə İngiltərə və Fransa Misirə qarşı hərbi əməliyyatlara başladı. Əhalinin müqaviməti, müharibə əleyhdarlarının çıxışları, SSRİ və sosialist ölkələrinin mövqeyi müdaxiləçilərin planlarını pozdu. Dekabrın 22-də İngiltərə və Fransa qoşunlarını Misirdən çıxardı. 1957-ci ilin martında İsrail qoşunlarını 1949-cu ildə təsbit olunmuş barışıq xəttinin arxasına çəkməyə məcbur oldu. Misirə qarşı üç dövlətin təcavüzünün başa çıxması nəticəsində SSRİ və Şərqi Avropanın sosialist ölkələrinin Yaxın və Orta Şərq ölkələri ilə əməkdaşlığı artdı.

Sov. İKP-nın XX qurultayından sonra Sovet-Çin münasibətləri böhran vəziyyətinə düşdü. Мао Tszedunun başçılıq etdiyi Çin rəhbərliyi İ.Stalinin tənqid edilməsinə bütün kommunist hərəkatına ziyan vuracağı fikri ilə mənfi münasibət bildirdilər. Onlar eyni zamanda XX qurultayın dinc yanaşı yaşamaq kursuna qarşı çıxaraq belə hesab edirdilər ki, üçüncü dünya müharibəsi nəticəsində imperializm məhv olacaq, sosializm isə güclənəcək. 1960-cı ildə ÇXR-nın rəhbərliyi SSRİ-nin partiya liderlərini təftişçilikdə və dünya proletariatının maraqlarına xəyanətdə təqsirləndirirdilər. Buna cavab olaraq Sovet İttifaqı Çinə göndərdiyi iqtisadi köməyi dayandırdı və sovet mütəxəssislərini geri çağırdı. 1961-ci ildə iqtisadi və elmi-texniki əməkdaşlığa aid Sovet İttifaqı ilə bağlanmış bir çox sazişləri Çin tərəfi ləğv etdi.

1962-ci ildə SSRİ ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 1959-cu ilə nisbətən 60 faiz aşağı düşdü. SSRİ-Çin sərhəddində münaqişələrin sayı artaraq 1963-cü ildə 4 mindən çox olmuşdur,1964-cü ilin iyulunda Çin rəsmi şəkildə SSRİ-yə qarşı ərazi iddiası ilə çıxış edərək iddia etdi ki, Primorye, Xabarovsk diyarı, Saxalin, Baykal gölünədək Şərqi Sibir, Balxaş gölünə kimi Mərkəzi Asiya daxil olmaqla 1,5 milyon kvadrat km ərazi ona qaytarılmalıdır. Sovet-Çin münasibətləri pisləşməkdə davam edirdi.

1957-ci ildən başlayaraq SSRİ-də qitələrarası ballistik raketlərin hazırlanması, ilk peykin buraxılması sovet rəhbərliyi, ilk növbədə N.S.Xruşşovun xarici siyasət xəttini sərt-ləşdirməsinə şərait yaratdı. Baxmayaraq ki, 1959-cu ildə ilk sovet rəhbəri kimi ABŞ-a səfər edən N.S.Xruşşov tez-tez öz çıxışlarında dinc yanaşı yaşamağın əhəmiyyətindən bəhs edir və hətta bunun sayəsində onların nəvələrinin kommunizmdə yaşayacaqlarını iddia edirdi. Lakin

1960-cı il mayın 1-də Sverdlovsk (Yekaterinburq) səmasında amerikan U-2 cəsus təyyarəsinin sovet hərbi qüvvələri tərəfindən vurulması SSRİ-ABŞ münasibətlərini kəskinləşdirdi. Təyyarəçi F.Pauers sağ ələ keçdi və sonra sovet kəşfiyyatçısı R.İ.Abellə dəyişdirildi. Sovet-Amerika münasibətləri 1962-ci ilin payızında olan Karib böhranı dövründə daha da kəskinləşdi.

1959-cu ildə Kubada F.Batistanın rejimi devrildi və hakimiyyətə üsyançıların rəhbəri F.Kastro gəldi. Kubaya latin Amerikasında özünün strateji müttəfiqi kimi baxan SSRİ 1962-ci ilin yayında orada gizli şəkildə 42 ədəd orta mənzilli raketlər yerləşdirdi. ABŞ-ın prezidenti C.Kennedi dərhal həmin raketlərin Kubadan çıxarılmasını tələb etdi və Kubanı oktyabrın 22-də dənizdən və havadan mühasirəyə alaraq, onun sahillərinə 85 min dəniz piyadası ilə dolu olan 183 hərbi gəmi göndərdi. SSRİ ilə ABŞ arasında yaranmış hərbi qarşıdurma nüvə müharibəsinə çevrilə bilərdi. 1962-ci il oktyabrın 24-də Karib hövzəsindəki vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə edilərək tərəflərə problemin həlli məqsədilə dinc danışıqlara başlamağı məsləhət bildilər,1962-ci il noyabrın 1-də əldə edilən razılığa əsasən ABŞ hökuməti 1962-ci il noyabrın 21-də Kubanın hərbi mühasirəsini ləğv etdi, SSRİ isə öz raketlərini Kubadan çıxartdı, böhran siyasi-diplomatik yollarla həll edildi. Ancaq SSRİ siyasi cəhətdən məğlub oldu, belə ki, onun gizli şəraitdə raketləri yerləşdirməsi avantüra idisə, onların sökülməsi Sovet İttifaqının zəifliyi demək idi.

Karib hövzəsindəki böhran nüvə müharibəsi təhlükəsini bir daha gündəmə gətirdi.

1963-cü il iyulun 15-dən 25-dək Moskvada SSRİ, ABŞ və İngiltərə arasında havada, kosmosda və suda nüvə sınaqlarının dayandırılması haqqında aparılan danışıqlar avqustun 5-də müqavilə imzalanması ilə başa çatdı. Giriş və 5 maddədən ibarət olan bu müqavilə 1963-cü il oktyabrın 10-da qüvvəyə mindi.

1964-cü ildə N.S.Xruşşovun həyata keçirdiyi islahatlar siyasəti başa çatdı. Bu müddət ərzində onun islahatlarının əleyhinə olanların sayı durmadan artdı. Mərkəzi partiya dövlət aparatında N.S.Xruşşova qarşı yaranan müxalifət möhkəmləndi. Xalq təsərrüfatı sahəsində ölçülüb-biçilmədən, tez-tələsik tədbiq edilən yenidənqurmalar yerlərdə ona qarşı olanların sayının artmasına səbəb oldu. Çinlə münasibətlərin kəsilməsi, amerikan kəşfiyyat təyyarəsinin vurulması N.S.Xruşşovun ünvanına deyilən tənqidlərin xarici siyasət xəttinə aid edilməsi demək idi. Onun ordunu tərxis etmək planı Baş Qərargahın ciddi narazılığına şərait yaratdı. N.S.Xruşşovun dövründəki dəyişikliklər əslində sovet cəmiyyətinin islah edilməsi yolunda atılan ilk əhəmiyyətli cəhd hesab edilə bilər. N.S.Xruşşov başda olmaqla ölkə rəhbərliyi Stalin irsindən imtina edərək cəmiyyətin sosial və siyasi quruluşunu dəyişdirməyə ancaq qismən nail ola bildi. İqtisadi vəziyyətin pisləşməsi və xarici siyasət xəttinin uğursuzluqları 1964-cü ildə N.S.Xruşşova qarşı Sov.İKP-nin üst qatlarında qəsd hazırlanması ilə bitdi.Burada aparıcı rol Sov.İKP MK Rəyasət Heyətinin üzvləri L.İ.Brejnev, A.N.Şelepin, N.V.Podqornı və RSFSR Nazirlər sovetinin sədri D.S.Polyanski, DTK-nın sədri B.Y.Semiçastnı oynadı. A.Şelepin 1962-ci ildə yaradılan partiya dövlət nəzarəti komitəsinin sədri kimi DTK, DİN və orduya nəzarət edirdi. N.P.Podqornı və L.Brejnev isə Sov.İKP MK-nın katibləri idi,1964-cü ilin oktyabrın 13-də N.S.Xruşşov Pitsundadan istirahətdən qayıtdıqdan sonra MK-nin təcili Rəyasət Heyətinin iclası çağırıldı. N.S.Xruşşov MK Rəyasət Heyətinin iclasına dəvət edilərək onun vəzifələrə təyin etdiyi şəxslər tərəfindən kəskin tənqid edildi və istefası tələb olundu. Özünün dayaqları hesab etdiyi adamların ona qarşı birləşdiyini görən N.S.Xruşşov təslim oldu və 1964-cü il oktyabrın 15-də qəzetlərdə belə bir məlumat dərc edildi ki, MK-nın Plenumu N.S.Xruşşovun xahişini nəzərə alaraq yaşının çox olması və səhhəti ilə bağlı onu Sov.İKP MK-nin Birinci katibi, Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Sovetinin Sədri vəzifəsindən azad etmişdir. L.İ.Brejnev Sov.İKP MK-nin Birinci katibi, A.N.Kosıqin SSRİ Nazirlər Sovetinin sədri seçildi. N.V.Podqornı isə 1965-ci il dekabrın 9-da A.İ.Mikoyanı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində əvəz etdi. Beləliklə, Nikita Serqeyeviç Xruşşovun partiya və dövlət rəhbərliyi dövrü başa çatdı.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh