SSRİ 1960-cı illərin ikinci yarısı - 80-ci illərin ortalarında

N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın Birinci katibi (1966-cı ildən Baş Katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur. Qazaxıstan KP MK-nın birinci katibi kimi xam torpaqların mənimsənilməsində iştirak etmiş, 1960-cı ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdir. N.S.Xruşşovun istefasının təşkilatçılarından biri olan L.İ.Brejnev 1964-cü ilin oktyabrın 14-də Sov.İKP MK-nın Birinci katibi seçildi. Yeni birinci katib yumşaq, təvazökar, protokol qaydalarına ciddi əməl edən partiya rəhbəri kimi tarixə düşmüşdür. Xüsusilə, ömrünün son illərində təntənəyə, təltiflərə, tərifə alüdə olan L.Brejnevin dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Müdafiə Şurasının sədri adları və vəzifələrinə sahib olmuşdur. Onun ünvanına yağan tərif və təltifləri uzun müddət sovet cəmiyyətində isteza və rişxəndlə qarşılanmışdır. Eyni zamanda çox ehtiyatlı və mühafizəkar bir şəxs olan L.İ.Brejnev cəmiyyətdə sabitliyin təmin edilməsinə xüsusi önəm verirdi.

SSRİ Nazirlər Sovetinin sədri təyin edilən A.Kosiqin, Xarkov vilayət partiya komitəsinin sabiq katibi, Mərkəzi Komitənin kadr məsələsi üzrə katibi olan N.Podqornı, Rəyasət Heyətinin tərkibinə daxil edilən P.Şelest, MK-nın katibi, Partiya Nəzarət komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini N.Şelepin və Rəyasət Heyətinin üzvü, ideologiya sahəsində məsul şəxs M.Suslov yeni hakimiyyətin nüvəsini təşkil edirdilər. 1964-cü ildəki noyabr Plenumu N.S.Xruşşovun dövründə sənaye və kənd partiya təşkilatlarına bölünən orqanları bütün səviyyələrdə, o cümlədən sovet, həmkarlar, komsomol təşkilatlarının vahid bir təşkilatlarda birləşmələrini qərara aldı. 1964-cü ilin dekabrından başlayaraq diyar, vilayət və rayon komitələri bərpa edildi. 1965-ci ildə xalq təsərrüfatı şuraları ləğv olundu və iqtisadiyyatın sahələr üzrə idarə edilməsi prinsipi bərpa edildi. 1966-cı ildə Sov. İKP-nin XXIII qurultayında N.S.Xruşşovun şəxsi təşəbbüsü ilə partiyanın nizamnaməsinə daxil edilən seçkili partiya orqanları rəhbərlərinin vaxtaşırı məcburi dəyişdirilməsi qaydası nizamnamədən çıxarıldı. İ.Stalin dövrünün qorxusu və N.Xruşşov dövrünün saysız-hesabsız yenilikləri ilə ümidsizliyə qapanan partiya aparatı yeni hakimiyyətin partnomenklaturanı şəriksiz hakimiyyətə qovuşdurmasını sevinclə qarşıladı. L.İ.Brejnev XXIII qurultayda Baş Katib seçildi, Mərkəzi Komitənin Rəyasət Heyəti yenidən Siyasi Büro adlandırıldı. Mərkəzi Komitənin üzvlərinin sayı 1966-cı ildəki 300 nəfərdən 10 il ərzində 40 faiz artaraq 420 nəfərə çatdı. Şəxsi sədaqətin və başda duran rəhbərə danışıqsız tabe olmaq vərdişlərinin işçinin qabiliyyətindən ön plana keçdiyi 70-ci illərdə özünəməxsus “sovet feodalizmin” xatırladan partiya ailəçiliyi yüksək həddə çatmışdır. Buna qarşı İ.Satlin dövlət terroru, N.S.Xruşşov isə qanuni vasitələrlə uzun müddət mübarizə aparmışdır.

Ölkənin yeni rəhbərləri Sov.İKP MK-nın Birinci katibi L.Brejnev ilə SSRİ Nazirlər Sovetinin sədri A.Kosiqin arasında iqtisadi strategiyanın müəyyən edilməsində fikir ayrılığı mövcud idi. L.Brejnev ilk olaraq kənd təsərrüfatı, ağır sənaye, müdafiənin, 1972-ci ildən isə “Sibirin mənimsənilməsinin” tərəfdarı idi. Hökumətin başçısı A.Kosiqin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinin əsası olan yüngül sənayeni ön plana çəkirdi. Kosiqin Aleksey Nikolayeviç (1904-1980) Peterburqda fəhlə ailəsində doğulmuşdur. Vətəndaş müharibəsi illərində Qızıl Ordu sıralarında xidmət etmiş, Leninqrad Toxuculuq İnstitutunu bitirmişdir. 1940-1946-cı illərdə SSRİ XKS sədrinin müavini kimi müəssisələrin şərqə köçürülməsi və orada ölkənin sənaye bazasının yaradılması işinə rəhbərlik etmişdir. Maliyyə, yüngül və ərzaq sənayesi nazirləri, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1964-1980-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur.

İqtisadi srategiyanın müəyyən edilməsində olduğu kimi siyasi məsələlərin həlli yolunda da partiya rəhbərliyi arasında fikir ayrılığı və çəkişmələr qalırdı. Siyasi məsələlərin həllinə mühafizəkar münasibətin tərəfdarları L.Brejnev və özünü partiyalılıq prinsipinə söykənən təmiz sovet ideologiyasının qoruyucusu kimi təqdim edən M.Suslov idi. Onların belə mühafizəkar mövqeyi 70-ci illərin ikinci yarısında daha da güclənərək A.Kosiqinin texnokrat istiqamətli tədbirlərinin məhdudlaşdırılmasına, bəzi partiya liderlərinin mövqelərinin zəiflədilməsinə yönəlmişdir. Partiya və dövlətin üst qatlarında yerləşən rəhbər kadrların iddia və vəzifə çəkişmələri 1965-ci ilin sonuna doğru N.Xruşşovun istefaya göndərilməsinin təşkilatçılarından olan N.Podqornı və A.Şelepinin mövqeyinin xeyli zəifləməsi ilə müşayiət olundu. A.Şelepin Mərkəzi Həmkarlar Şurasının sədri təyin edilərək əslində dövlət hakimiyyətindən uzaqlaşdırılmış oldu. N.Podqornı isə fəxri kürsü hesab edilən SSRİ Ali Sovetinin sədri seçildi. A.N.Şelepinin dostu, onu DTK-nin başçısı vəzifəsində əvəz etmiş V.S.Semiçastnı 1967-ci ilin martında Stalinin qızı S.Alliluyevanın daimi yaşamaq məqsədi ilə Qərbdə qaldığı səbəbi ilə vəzifəsini itirdi.

1966-cı ilin aprelində Sov.İKP-nin XXIII qurultayında Baş katib seçildikdən sonra L.İ.Brejnev müharibəyə kimi siyasi fəaliyyətə başladığı Dnepropetrovskidən olan kadrları öz ətrafına yığmağa başladı,1966-cı ildə N.Podqomını Mərkəzi Komitənin katibi vəzifəsində “dnepropetrovski qruplaşmasına” daxil olan A.Kirilenko əvəz etdi. L.Brejnevə yaxın olan K.U.Çernenko, V.V.Şerbitski, D.A.Kunayev, N.A.Şelokov mühüm vəzifələrə təyin edildi.

Ağır sənaye, hərbi sənaye kompleksi və müdafiənin inkişafına üstünlük verən L.Brej-nevin həyata keçirdiyi tədbirləri hərbçilər müdafiə edirdi. 1966-cı ilin əvvəllərində hərbçilər elan edilən azalan hərbi xərclərin yenidən baxılmasına nail oldular. Müdafiə sənayesinə rəhbərlik edən general D.F.Ustinov Mərkəzi Komitə Siyasi Bürosunun üzv namizədliyinə və Katibliyin tərkibinə daxil edildi,1967-ci ilin martında Müdafiə Naziri P.Y.Malinovski vəfat etdikdən sonra bu vəzifəyə hərbçilərin təkidi ilə A.A.Qreçko təyin olundu.Yalnız onun ölümündən sonra 1976-cı ilin aprelində D.Ustinov Müdafiə Naziri təyin edildi,1976-cı il mayın 7-də L.İ.Brejnev Sovet İttifaqı Marşalı oldu.Əslində bu partiya liderinin hərbçilərin rəhbəri ilə işbirliyinin nəticəsi idi. İki gün keçdikdən sonra Dnepropetrovsk əhalisi öz həmyerlilərinin əzəmətli heykəlinin açılışında iştirak etdilər.

70-ci illərdə tamamilə aydın oldu ki, 1961-ci ildə Sov.İKP Proqramında elan edilən kommunizm quruculuğu konsepsiyası həqiqətdən çox uzaq olub daha çox mifə bənzəyir. Odur ki, sovet rəhbərliyi kommunizm quruculuğu və dövlətin ölüb getməsi yerinə marksizm-leninizm klassiklərinin əsərlərində belə olmayan inkişaf etmiş sosializm konsepsiyası irəli sürdü. 1966-cı ilin dekabrın 21-də F.M.Burlatski “Pravda” qəzetində “İnkişaf etmiş sosializm cəmiyyəti quruculuğuna dair” məqalə çap etdirmişdir. 1967-ci ildə Oktyabr inqilabının 50 iliyi ilə əlaqədar nitqində L.İ.Brejnev elan etdi ki, SSRİ-də artıq inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur. Bu yeni anlayış nəzəriyyə ilə həyat arasındakı uçurumu xeyli azaldaraq uzun bir tarixi mərhələni əhatə etməklə kommunizm quruculuğun, dövlətin ölüb getməsin sonu bəlli olmayan uzaq gələcəyə istiqamətləndirirdi. 1977-ci il oktyabrın 7-də qəbul edilən Sovet Sosialist Respublikalar İttifaqının Konstitusiyası (Əsas Qanunu) SSRİ-də inkişaf etmiş sosializmin qurulduğun təsbit etdi,1977-ci il L.İ.Brejnev Konstitusiyası girişdən, 9 bölmədən, 21 fəsildən, 174 maddədən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 1936-cı il Konstitusiyasının yalnız 13 fəsli, 146 maddəsi var idi.

Yeni sovet Konstitusiyası elan etdi ki, SSRİ artıq proletariat diktaturası dövləti olmayıb “fəhlələrin, kəndlilərin və ziyalıların, ölkənin bütün millət və xalqlarının zəhmətkeşlərinin iradəsini və mənafeyini ifadə edən sosialist ümumxalq dövlətidir”. Sovet dövlətinin ümumxalq xarakteri Sovetlərin yeni xalq deputları sovetləri adında öz əksini tapmışdır. Bütün hakimiyyətin SSRİ-nin siyasi əsasını təşkil edən xalq deputatları sovetlərinə məxsus olması təsbit edilsə də real olaraq bütün səviyyələrdə sovetlərin əslində heç bir hakimiyyət yox idi, onlar yalnız partiya orqanlarının göstəriş və qərarlarını yerinə yetirirdilər. Seçki bülleteninə “kommunistlər və bitərəflərin sarsılmaz blokundan” namizədin vahid soyadının daxil edilməsinin sovetlərə seçkilərin fiksiya olunduğunu göstərirdi. Konstitusiyanın 6-cı maddəsində inkişaf etmiş sosializm cəmiyyətinin siyasi sisteminin özəyi olan Kommunist partiyasının rəhbər və istiqamətverici rolu rəsmi olaraq qanunvericilik yolu ilə təsbit edilmişdir. Bu rəsmi təsbit əslində ictimai həyatın bütün sahələrində hakim rol oynayan partiya aparatının mövqeyinin formal olaraq möhkəmlənməsi idi.

N.S.Xruşşovun istefasından sonra şəxsiyyətə pərəstiş siyasətinin tənqidi demək olar ki, başa çatdı. Həbs düşərgələri və repressiyaya məruz qalan şəxslər haqqında dərc edilən məqalələr mətbuat səhifələrindən yoxa çıxdı. Rəsmi tənqid sovet tarixinə qara ləkə yaxanlara qarşı sipər aldı. Eyni zamanda mətbuatda İ.V.Stalinin Böyük Vətən müharibəsi dövründə Ali Baş komandan kimi xidmətlərindən bəhs edən məqalələr dərc edilirdi.Hətta Sov.İKP-nin XXIII qurultayı ərəfəsində İ.Stalinə rəsmi olaraq bəraət verilməsi nəzərdə tutulduğu halda rəhbərlik açıq olaraq XX qurultayın qərarlarına yenidən baxılmasına yol verməyərək bu məsələnin tədricən səs-küysüz həll etməyə üstünlük verdi. Çox güman ki, İ.V.Stalinin bəraəti ilə bağlı görkəmli elm və mədəniyyət xadimlərinin Mərkəzi Komitəyə yazdıqları etiraz məktubları və ziyalıların bu məsələyə mənfi münasibəti partiya və dövlət rəhbərliyini belə bir addım atmağa sövq etmişdir. 1969-cu ildə İ.V.Stalinin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq XX qurultayın kursunun dəyişdirilməsinə Sov.İKP-nin ali hakimiyyət nümayəndələri Q.İ.Voronov, K.T.Mazurov, P.M.Maşerov, D.S.Polyanski, A.N.Şelepin yenidən cəhd etsə də ziyalıların və xarici kommunist partiyaları liderlərinin kəskin etirazı buna mane oldu. Sovet rəhbərliyi “Pravda” qəzetində İ.Stalinin fəaliyyəti haqqında ehtiyatla, ölçülü bir məlumat dərc etdirməklə kifayətləndi. Rəsmi senzura G.K.Jukovun xatirələrindən ibarət olan kitabından İ.Stalin haqqındakı tənqidi fikirləri çıxardı. Tədricən İ.Stalinin obrazı kino ekranlarında, xüsusilə Böyük Vətən müharibəsindən bəhs edən filmlərdə göründü.

L.İ.Brejnevin başçılıq etdiyi partiya elitasının İ.V.Stalinin bəraitinə cəhd etməsi A.T.Tvardovskinin başında durduğu “Yeni dünya” (“Novıy mir”) jurnalının təmsil etdiyi cəmiyyətin liberal əhval-ruhiyyəli hissəsinin müqaviməti ilə üzləşdi. “Yeni dünya” jurnalının tənqidçi yazarları V.Y.Lakşin, İ.T.Vinoqradov, A.İ.Kondratoviç ədəbiyyatda Stalin ənənələrinə qarşı barışmaz mübarizə aparırdılar. “Yeni dünya” jurnalının əsas opponentləri ehkamçı stalinçi mövqeyi müdafiə edən “Oktyabr” və “Molodaya qvardiya” jurnalları idi,1969-cu ildə “Oktyabr” jurnalının baş redaktoru V.A.Koçetov “Sən nə istəyirsən” (Çeqo je tı xoçeş”) romanın çap etdirdi ki, bu da cəmiyyətdə ziyalılara həcv kimi qəbul edildi. “Pravda” qəzeti “Yeni dünya” jurnalın düzgün olmayan ideya mövqeyinə, “Oktyabr” jurnalın çap edilən əsərlərin keyfiyyətinə aşağı tələbkarlığa görə tənqid etdi. “Molodaya qvardiya” jurnalı 60-cı illərin ortalarından milli əsaslara söykənən mövqedən çıxış edirdi. Onun müəllifləri M.Lo-banov, S.Semanov, V.Çalmaev Rusiyanın özünəməxsus inkişafını önə çəkərək mədəniyyətin amerikalılaşdırılmasına etiraz edir, Rusiyanı qəti olaraq Qərbə, ziyalıları isə xalqa qarşı qoyaraq açıq millətçiliyə meyl edirdilər.

60-cı illərin axırlarında A.T.Tvardovskinin “Gizli Nəşr”də, sonra Qərbdə çap etdirdiyi “Yaddaş haqlılığı” (“Po pravu pamyati”) şəxsiyyətə pərəstişin dirçəldilməsinə qarşı yönəldilmiş antistalinçi poeması “Yeni dünya” jurnalı üzərinə hücumları gücləndirdi. Jurnalı kosmo-politizmdə təqsirləndirən Yazıçılar İttifaqının katibliyi A.Tvardovskinin bir sıra əməkdaşın redaksiya heyətindən uzaqlaşdırdı və baş redaktor da istefa verməyə məcbur oldu. Artıq əvvəlki “Yeni dünya” mövcud deyildi. Bu bir daha təstiq etdi ki, inzibati vasitələrlə öz qələbəsin təmin edən partiya aparatı və onun rəhbərləri cəmiyyətdə açıq müzakirə aparmaq qabiliyyətindən çox uzaqdırlar. Odur ki, ictimai problemlərin həllinin müzakirələri rəsmi orqanlardan fərqli olaraq “Gizli Nəşr”lərə keçdi.

SSRİ-də partiya və dövlətin müəyyən etdiyi rəsmi mədəniyyətin mühafizəkar xarakteri artdıqca rəsmi olmayan, alternativ mədəniyyət geniş miqyas aldı. Daha çox əhəmiyyət kəsb edən bədii ədəbiyyat əsərləri “Gizli Nəşr”lər vasitəsilə çap olunurdu. A.Q.Bitovun, F.A.İskən-dərin, Vikt.V.Yerofeyevin əsərləri yalnız Qərbdə çap edilirdi. V.P.Aksenov, A.D.Sinyavski, V.N.Voynoviç, S.D.Dovlatov və b. yazıçılar xarici ölkələrə mühacirətə getməyə məcbur oldular.

B.Ş.Okucava, Y.İ.Vizbor və V.S.Vısotskinin müəllif mahnıları millionları coşduraraq əsl şəhər folkloruna çevrilmişdir. V.Vısotskinin azadolmayan hissləri tərənnüm edən mahnıları cəmiyyətin müxtəlif təbəqələri arasında eyni dərəcədə şöhrət qazanmışdır. Ziyalılar arasında təqiblər nəticəsində Yazıçılar İttifaqı və Kinomatoqrafçılar İttifaqının üzvlüyündən azad edilən və xaricə mühacirətə getməyə məcbur olan A.A.Qaliçin bədii yaradıcılığı geniş şöhrət qazanmışdır. Liberal ziyalıların hakimiyyətlə olan əlaqələrinin gündən-günə pisləşməsi onların başqa cür düşünənlər hərəkatını müdafiə etməsinə səbəb oldu.

Hakimiyyətin yeritdiyi rəsmi siyasətə qarşı öz etirazlarını açıq və mərdliklə bildirən dissident hərəkatı meydana gəldi. 1968-ci il avqustun 25-də Qızıl meydanda sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsinə etiraz əlaməti olaraq səkkiz nəfər, o cümlədən tələbə T.Baeva, linqvist K.Babitski, filoloq L.Boqoraz, şair V.Delone, fəhlə V.Dremlüq, fizik P.Lit-vinov, sənətşünas V.Faynberq və şairə N.Qorbanevskaya aksiya təşkil etdilər. Onların hamısı həbs edilərək həbs düşərgələrinə, sürgün və ya məcburi psixi müalicəxanaya göndərildi.

Yeni hakimiyyətin baş ideoloqu rolunu icra edən M.A.Suslov ilk gündən N.S.Xruşşov dövrünün mədəni mülayimləşmə mərhələsinə qarşı olduğunu açıq bildirdi. 1965-ci ildə yazıçılar A.D.Sinyavski “Məhkəmə gedir” (“Sud idyot”), “Lyubimov”, Y.M.Daniel “Danışır Moskva” (“Qovorit Moskva”), “Bağışlanma” (“İskuplenie”) adlı totalitazmin sosial və psixoloji mahiyyətindən bəhs edən əsərlərin xaricdə və şair V.Y.Tarsisin “Sfinks” “Gizli Nəşr” jurnalında çap etdirdikləri üçün həbs edildilər. “Sovet dövlətini və ictimai quruluşunu ləkələdikləri” üçün A.Sinyavski yeddi, Y.Daniel beş il azadlıqdan məhrum edildilər. Bu XX qurultaydan sonra SSRİ-də keçirilən birinci açıq siyasi məhkəmə prosessi kimi tarixdə öz yerini aldı,1966-cı ildə Sov.İKP-nin XXIII qurultayının ünvanına görkəmli mədəniyyət xadimləri K.İ.Çukovski, İ.Q.Erenburq, V.B.Şklovski, P.Q.Antokolski, V.A.Kaverin və b. imzası ilə yazıçılar A.Sinyavski və Y.Danielin müdafiəsi məqsədilə məktubla müraciət etdilər. Eyni zamanda yaradıcı ziyalıların bir çoxu hakim partiyanın kursunu müdafiə edirdi. Onlar arasında L.S.Sobolev, S.P.Antonov, K.A.Fedin, N.S.Tixonov, K.M.Simonov, A.A.Sur-kov, S.V.Mixalkov və b.var idi. 1968-ci ilin aprelindən dissident hərəkatı iki-üç aydan bir gizli surətdə çap etdirdiyi “Cari hadisələrin xronikası” (“Xroniki tekuşiy sobıtiy”) nəşrini buraxdı ki, burada da hakimiyyətin azadlıq üzərinə hücumları öz əksini tapırdı.

1960-cı illərin axırlarından dissident cərəyanları “Demokratik hərəkatda” birləşərək üç ideologiya istiqaməti müəyyən etdi. Bunlar öz hərəkat proqramlarına uyğun olaraq Roe və lores Medvedevin təmsil etdikləri “əsl marksizm-leninizm”, A.Saxarovun liberalizm və A.Soljenitsinin müdafiə etdiyi “xristian ideologiyası” istiqamətləridir. Birinci proqramın ideyası ondan ibarətdir ki, İ.Stalin marksizm-leninizm ideologiyasını təhrif etdiyi üçün onun köklərinə qayıtmaqla cəmiyyəti sağlamlaşdırmaq mümkündür. İkinci proqram tədricən qərb tipli demokratiyaya ictimai mülkiyyəti qorumaq şərtilə keçməyi nəzərdə tuturdu. A.Soljenitsinin müdafiə etdiyi üçüncü proqram xristian əxlaqı dəyərini cəmiyyətin həyatının əsası kimi irəli sürərək Slavyanofıllər kimi Rusiyanın özünəməxsus ənənəsini önə çəkirdi. Xüsusilə iki görkəmli tarixi şəxsiyyət A.Soljenitsin və A.Saxarov dissident hərəkatının simvolları kimi öz ölkələrində təcrid edilməklərinə baxmayaraq bütün dünyada şöhrət qazanırdılar. 1968-ci ildə Qərbdə A.İ.Soljenitsinin “Dairədə birinci” (“V kruqe pervom”) romanı dərc edildi ki, müəllif öz həbsinin son illərini keçirdiyi Moskva altındakı Baş Düşərgə İdarəsi sisteminə daxil olan elmi institut və konstruktor bürolarında çalışan məhbusların həyatının bir hissəsindən bəhs edir. Buna cavab olaraq hakimiyyəti təmsil edənlər onu Yazıçılar İttifaqının sıralarından xaric etdilər. 1970-ci ildə A.İ.Soljenitsin ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1973-cü ildə yazıçının Qərbdə “Arxipelaq QULAQ” romanının birinci cildi çapdan çıxdı. 1974-cü ilin fevralında A.Soljenitsin dövlətə xəyanət maddəsilə sovet vətəndaşlığından məhrum edilərək SSRİ-dən sürgün edildi.

1970-ci ildə Sovet İttifaqında görkəmli fizik və riyaziyyatçı alim, hidrogen bombasının yaradıcılarından biri A.D.Saxarov və məhşur riyaziyyatçı İ.R.Şafareviçin iştirakı ilə İnsan hüquqlarının müdafiə Komitəsi yaradıldı. 1973-cü ildə “Beynəlxalq əfv” təşkilatının rus bölməsi meydana gəldi. Onun üzvləri hakimiyyət orqanlarının təqibinə məruz qalan fərqli düşünənlər haqqında məlumat toplayır, onlara hüquqi və maddi yardım edir, onların fəaliyyətinə dair məlumatları beynəlxalq mərkəzlərə ötürürdülər. Xüsusilə hakimiyyəti orduya da sirayət edən fərqli düşünənlərin fəaliyyəti bərk narahat etdi. 1969-cu ildə Baltik flotu zabitlərinin yaratdığı “Demokratik hüquqlar uğrunda mübarizə ittifaqı” darmadağın edildi. 1975-ci ildə Baltik flotunun “Storojevoy” gəmisində üsyan başladı, heyət xalqı mövcud rejimə qarşı çıxış etməyə çağırdı. Gəmi havadan hücuma məruz qaldı, səbəbkarlar güllələndi. Təqib, təzyiq və həbslərə baxmayaraq hüquq müdafiəçiləri hərəkatı artmaqda davam edirdi. Onun önəmli liderlərindən biri məhz akademik A.D.Saxarov idi. 1975-ci ildə ona hüquq müdafiəsi fəaliyyətinə görə Nobel sülh mükafatı təqdim edildi. Buna cavab kimi sovet hakimiyyəti mətbuat səhifələrində akademikə qarşı ittiham dolu məqalələr çap edilməsini təşkil etdi. 1980-ci ildə isə A.Saxarov xaricilərin gedə bilmədiyi Qorki şəhərinə sürgün edildi.

1975-ci ildə SSRİ-Helsinki Yekun Aktına qol çəkdi ki, bu bir tərəfdən Avropanın müharibədən sonrakı sərhədlərinin təsdiq edildiyi üçün sovet diplomatiyasının uğuru idi, digər bir tərəfdən isə Sovet İttifaqı insan hüququna hörmət etməyi öz öhdəsinə götürdüyü üçün açıq repressiyalar artıq mümkün deyildir. Yekun aktının humanitar maddələrinin pozulmasına dair məlumat toplamaq məqsədilə Y.F.Orlovun rəhbərliyi altında sovet hüquq müdafiəçiləri Moskva Helsinki qrupunu yaratdılar. MHQ dissident hərəkatının başqa qrupları ilə sıx əməkdaşlıq edərək 1982-ci ilə kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçiləri hərəkatının fəal üzvlərinin sayı çox deyildi. 1975-ci ildə “siyasi ziyankar əməlinə” görə 20 min nəfərə yaxın adam DTK-nin “profilaktik tədbirlərinə” məruz qalmışdır. Ancaq “Gizli Nəşr” və xarici verlişlər nəticəsində onların fəaliyyəti ölkədə geniş əks-səda doğururdu. Hüquq müdafiəçiləri mənəvi azadlıq axtaran intellektual elita ilə qarşılıqlı əlaqə saxlayırdı.

1966-1988-ci illərdə “SSRİ vətəndaşı” yüksək adını ləkələdiyi, SSRİ dövlətinin nüfuzu və təhlükəsizliyinə zərər verdiyi üçün 100 nəfərə kimi adam, o cümlədən M.S.Voslenski (1976), P.Q.Qriqorenko (1978), V.P.Aksenov (1980), V.N.Voynoviç (1986) vətəndaşlıqdan məhrum edilmişdir.

L.İ.Brejnev və onun yaxın ətrafı sovet cəmiyyətində, hətta hakimiyyət aparatında müxalifətin meydana gəlməsini görməməzlikdən gələrək ölkədəki vəziyyət və onun perspektivləri haqqında açıq müzakirə açmağı qət etmədilər.

Ölkənin sosial-iqtisadi vəziyyəti

60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdır. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tədbiq olunan eksperimentlər 1953-1958-ci illərdə əldə edilən nailiyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu.Yeni hakimiyyətin qarşısında duran əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.

1965-ci ilin martında keçirilən Sov.İKP MK-nın Plenumunda L.İ.Brejnev aqrar siyasətin yeni hədəflərin elan etdi. Sovxoz və kolxozların məhsulunun satınalma qiyməti artırıldı, dövlətə məhsul tədarükünün sabit planı müəyyən edildi, kolxozların pul gəlirlərindən tutulan verginin miqdarı azaldıldı. Buğda və arpanın əkin sahələri yenidən artrıldı. Kolxozlarda əməkgünü yerinə sabit pul məvacibi təyin edildi ki, bu da kəndlilərin həyat səviyyəsini yüksəltdi. Şəxsi həyətyanı təsərrüfata qoyulan qadağa ləğv olundu. Ət, süd, yumurta, yunun 25-dən 30 faizinə kimi verən xüsusi bölməyə diqqət artırıldı. Ev mal-qarasının sayına qoyulan məhdudiyyət ləğv edildi, kolxozçulara öz təsərrüfatlarını abadlaşdırmaq məqsədilə banklardan kredit götürməyə icazə verildi. L.İ.Brejnevin təşəbbüsü ilə ilk dəfə olaraq kənd təsərrüfatına böyük miqdarda kapital qoyuluşu müəyyən edildi ki, bu da bütün investisiyanın beşdə bir hissəsindən çox idi. Bunun sayəsində aqrar bölmə ilk dəfə xalq təsərrüfatı sahələri arasında önə çıxaraq hətta yüngül sənayeni belə ötüb keçdi. Baxmayaraq ki, L.Brejnevin dövründə xalq təsərrüfatı üçün ayrılan investisiyanın 20 faizi aqrar bölmənin payına düşürdü (ABŞ-da bu 7-8 faizə çatırdı) xaricdən ərzaq, xüsusilə də taxıl idxalı getdikcə artırdı. Şəhərlərin kənd təsərrüfatı malları ilə təmin edilməsində çətinliklər yarandığı üçün ilk vəzifə olaraq bu məhsulların emal edilib saxlanılması irəli sürüldü. Doğrudan da, taxıl, kartof, tərəvəz, meyvənin 20-30 faizi kolxoz-sovxoz sahələrindən istehlakçıya çatana kimi zay olurdu. Məhz bu itkinin qarşısını almaq məqsədilə nəhəng ərzaq proqramı işlənib hazırlansa da Brejnev epoxasının başqa kənd təsərrüfatı proqramları kimi bu da səmərəsiz oldu.

30-cu illərdə, stalinizmin dövründə kolxozçulara kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olmaq qadağan edildiyi üçün bu işi yerinə yetirən müəssisələr böyük şəhərlərdə tikildiyinə görə tez xarab olan məhsul müəssisəyə çatdıralana kimi ya yollarda, ya anbarlarda və yaxud da sahələrdə zay olub gedirdi. Odur ki, 1977-1978-ci illərdən başlayaraq kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan ixtisaslaşdırılmış “istehsalat birlikləri” yaradıldı. Onlar kolxozları, sovxozları, yeyinti sənayesi müəssisələrini və imkan daxilində elmi-tədqiqat laboratoriyalarını birləşdirirdi. 1982-ci ildə aqrar bölmədəki ağır vəziyyət daha qəti addım kimi aqrosənaye komplekslərinin (ASK) yaradılmasına gətirib çıxardı. Eyni ərazidə yerləşən kolxozlar, sovxozlar, kənd təsərrüfatının ehtiyaclarını təmin edən maşınquraşdırma və kimya istehsalı müəssisələri, kənd təsərrüfatı üçün xammal emal edən müəssisələr regional ASK-də birləşdilər. Bu yenidənqurma əslində kənd təsərrüfatının inteqrasiyasını təmin edərək işlərin daha operativ həllinə şərait yaratmalı idi. Lakin mövcud olduğu illər ərzində aqrosənaye kompleksləri hər şeydən əvvəl inzibati birlik olaraq qaldı və həyatın tələblərinə cavab verən iqtisadi təşkilata çevrilə bilmədi. İslahat nəticəsində yeni yaranan inzibati strukturlar kənd təsərrüfatın idarə etmə sistemini bürokratik aparata çevirdi. Bunun qarşısını almaq və kolxozçuların öz əməyinə marağı artırmaq məqsədilə kollektiv müqavilə əsasında işləyən briqadalar yaradıldı. Briqada üzvləri onlara ayrılmış sahədə əkilən bütün mədəni bitkilərin becərilməsinə cavabdeh olub, əldə etdikləri nəticəyə görə əmək haqqı alırdılar. Briqada metodu aqrosənaye rəhbərliyi tərəfindən kolxoz qruculuğunda ailə təsərrüfatının bərpası qorxusu ilə tənqidi qarşılandı. Xüsusilə 30-cu illərin kolxoz qruculuğu təcrübəsi hər iki tərəfin bir-birinə etimad göstərməməsi ilə diqqəti cəlb edir. L.Brejnev rəhbərliyinin aqrar bölmənin inkişafına maliyyə dəstəyinin artırmasına baxmayaraq kənddəki başlıca daxili ziddiyyət hesab edilən kolxozçunun torpağa yadlaşmasının qarşısını ala bilmədi. Bəhs edilən dövrdə aqrar siyasət yalnız xərclərin artması və ayrılan vəsaitin israf edilməsi ilə xarakterizə edilirdi.

Ölkənin kənd təsərrüfatı ağır vəziyyətdə qalmaqda davam edir və belə çətinliklər getdikcə dərinləşirdi. SSRİ hər il ABŞ, Kanada, Argentinadan taxıl alırdı.Ölkənin çox rayonlarında ət və süd məhsulları çatışmırdı, tərəvəz, yarma hətta çörək belə fasilələrlə verilirdi. Ərzaq məhsullarının bir ələ buraxılması norması talon sistemi ilə müəyyən olundu. Moskvadan çox da uzaq olmayan əyalətlərdə yaşayan əhali mütəmadi olaraq paytaxta ərzaq almaq üçün “kolbasa elektrik qatarları” ilə gəlirdilər.

1982-ci ilin may ayında Sov.İKP MK-nın Plenumunun əsas məqsədi on il ərzində ərzaq bolluğu yaratmaq olan ərzaq Proqramın qəbul etdi. Bu məqsədə iki yolla çatmaq planlaşdırılır ki, bu da aqrosənayenin inteqarsiyasının gücləndirilməsi və şəxsi təsərrüfatların inkişaf etdirilməsindən ibarət idi. Ərzaq proqramın həyata keçirmək məqsədilə beş kənd təsərrüfatı nazirliyi Dövlətaqrosənaye mərkəzində birləşdi, yerlərdə isə vilayət və rayon aqrosənaye birlikləri (RASB) yaradıldı. Faktiki olaraq külli miqdarda maliyyə vəsaitinə nəzarət edən yeni bir bürokratik mərkəz meydana gəldi. Digər bir tərəfdən kolxozçuların şəxsi təsərrüfatlarının inkişaf etdirilməsi real olaraq kolxoz sədrləri və RASB rəhbərlərinin müqavimətinə rast gəldi. Belə ki, şəxsi təsərrüfatla yalnız əsas iş vaxtı başa çatdıqdan sonra məşğul olmaq olardı. Əslində ərzaq proqramı ölü doğulmuş uşaq təsiri bağışlayan sənəddən başqa bir şey deyildi, çünki kənd təsərrüfatı məhsullarının artırılmasını təmin edə bilmədi.

Xalq təsərrüfatının sənaye sahəsindəki islahatlar SSRİ Nazirlər Sovetinin sədri A.N.Ko-siqinin adı ilə bağlıdır. 1965-ci ildən onun təşəbbüsü ilə başlanan islahatın əsas qayəsi müəssisələrə iqtisadi müstəqillik verilməsidir. Təsərrüfat hesabına keçildi. Bu isə o demək idi ki, müəssisələr öz xərcini ödəmə, özünümaliyyələşdirmə və özünüidarəetmə prinsipi əsasında təsərrüfat hesabına keçirdilər. Belə ki, müəssisələr qazandığı gəlirin müəyyən hissəsin büdcəyə ödədikdən sonra yerdə qalan vəsait onun sərəncamına keçirdi. Müəssisələr qazandıqları gəlir əsasında istehsalın inkişafı fondu, mədəni-məişət obyektlərinin tikintisi fondu, maddi həvəsləndirmə fondu yaratdılar. Qəbul edilən tədbirlərin məqsədi müəssisələrin və onların əmək kollektivlərinin plan tapşırıqlarının yerinə yetirilməsində maraq prinsipini artırmaq, insan, maddi və maliyyə ehtiyatlarından daha səmərəli istifadə edərək məhsulun keyfiyyətini yüksəltməyə nail olmaqdan ibarət idi.

Sovet İttifaqında islahata kimi müəssisələrin əsas göstəricisi istehsal edilən məhsulun ümumi həcmi hesab olunduğu üçün, məhsulun maya dəyəri yuxarı olur, az tələb edilən, aşağı keyfiyyətli məhsul buraxılırdı. İslahat nəticəsində məhsulun ümumi həcmi yerinə ona tələbatın olması, gəlir gətirməsi, çəkilən xərci çıxarması, qoyulan pul vəsaitinin dəyərinin artırması önə çıxdı. Planlaşdırma daha da təkmilləşdirilərək çəkilən xərci çıxara bilməyən sahə və istehsalın müdafiəsinə yönəldildi.

1966-cı ilin yanvarında ilk dəfə ölkədə 43 müəssisə yeni-təsərrüfat hesabına keçdi. 1966-cı ilin martında olan Sov.İKP-nin XXIII qurultayında xalq təsərrüfatının idarə edilməsinin inzibati metodlarının iqtisadi vasitələrlə əvəz edilməsi kursu elan edildi. Növbəti 1966-1970-ci illərdəki səkkizinci beşillik planda müharibədən sonrakı dövrdə birinci dəfə xalq təsərrüfatının “A” bölməsinə kapital qoyuluşu azaldıldı, “B” bölməsinə isə kapital qoyuluşu 4,8 faizdən 5,2 faizə qalxdı.

Səkkizinci beşilliyin ilk illərində islahatlar məhsul istehsalının artmasına səbəb oldu. Yeni təsərrüfat hesabı ilə işləyən müəssisələr 15 faizə çatdı ki, onlar da ümumi məhsulun 37 faizini istehsal edirdi. 1968-ci ildən başlayaraq topdan satınalma qiymətinin qaydaya salınması sayəsində sənaye sahələri gəlirlə işləyirdi. Düzdü əmək məhsuldarlığının artması üzrə plan tapşırıqları yerinə yetirilməsə də sənaye məhsulu istehsalının inkişaf sürəti xeyli artdı. Səkkizinci beşilliyin sonunda ölkənin 49 min müəssisənin 41 mini yeni təsərrüfat hesabı metodu ilə işləyirdi ki, onlar da sənaye məhsulunun 93 faizini istehsal edirdi. SSRİ-də 2 min yeni sənaye müəssisəsi işə salındı. Ümumiyyətlə, 1960-70-ci illər geniş sənaye tikintiləri ilə müşayiət olunur. Krasnoyarsk HES, Qərbi-Sibir və Karaqanda metallurgiya kombinatları, Tü-men neft-qaz kompleksi, Tolyattidə VAZ, Naberejnı Çelnıdə KamAZ zavodları, Volqadonda Atommaş tikilib istifadəyə verildi. 1967-ci ildə dünyada ən yüksəklikdən biri hesab edilən Ostankino tele-radio verlişləri mərkəzi fəaliyyətə başladı. Sibir və Uzaq Şərqin iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə 1974-cu ildə hələ Böyük Vətən müharibəsi ərəfəsində tikilməsinə cəhd edilən nəhəng tikililərdən biri Baykal-Amur (BAM) magistral yolun tikintisi təzələndi. 3 min km-dən çox uzunluğu olan BAM-ın tikintisi 1984-cü ildə başa çatdı. Bu yol iqtisadi məqsədlərdən daha çox hərbi-strateji önəm daşıyırdı.Çinin sərhəd boyu ərazilərinin yaxınlığından keçən bu magistral Transsibir yoluna əvəzləyici kimi inşa edilirdi. Külli miqdarda vəsait sərf edilərək inşa edilən ВАМ əslində iqtisadi nöqteyi-nəzərdən özünü doğrultmadı.

1960-cı illərdə Sovet İttifaqı kömürdən neft-qaz mərhələsinə daxil oldu. 1968-ci ildən başlayaraq ölkənin yanacaq-energetika bazasında balans dəyişikliyi baş verərək neft birinci yerə çıxdı. Ölkənin ayrı-ayrı rayonlarında təbii qaz əsas yanacaq oldu. Neft və qazın önə keçməsi ölkə təsərrüfatına böyük iqtisadi üstünlük qazandırdı, çünkü kömür emalındakı əmək məhsuldarlığı neft və qaza nisbətən 5 və 10 dəfə aşağı idi. 1969-cu ildə Sovet İttifaqı qaz ehtiyatına görə ABŞ-ı ötüb keçdi. 1983-cü ildə isə SSRİ dünyada qaz çıxarılmasına görə birinci yerə çıxdı. 70-ci illərin əvvəllərində SSRİ yeganə ölkə idi ki, yanacaq-energetika bazası ilə özünün xalq təsərrüfatının inkişafını tam təmin edirdi. Əgər 1960-cı ildə ölkədə çıxarılan neft və qaz SSRİ-nin Avropa hissəsinin payına düşürdüsə, 80-ci illərin ortalarında ölkə neftinin üçdə ikisi, qazın isə 60 faizindən çoxu Qərbi Sibirin payına düşürdü. 1960-1985-ci illərdə SSRİ-nin neft və qaz ixracatı 16,2-dən 54,4 faizə çatdı,1973-cü ildə dünya bazarında neft bahalaşdıqdan sonra 1975-1985-ci illərdə ölkə neft ixracından 180 milyard dollar qazandı. 1970-ci ildə 60 min km-dən çox qaz kəmərləri çəkilərək qaz mədənləri arasında əlaqə yaradılması başa çatdı. Ölkədə yanacaq sənayesi sürətlə inkişaf etdiyi üçün bütün iqtisadiyyat təbiət faktorundan asılı olmağa başladı. Bu isə 1976-1985-ci illərdə yanacaq-xammal sahəsində vəziyyətin pisləşməsi ilə bağlı olaraq ümumən iqtisadi inkişafı ləngitdi,1984-cü ildə neft çıxarılması ilk dəfə azaldı,1980-ci illərin ortalarında dünyada neftin qiymətinin aşağı düşməsi ölkə büdcəsinə daxil olan “neftdollarlarının” azalmasına gətirib çıxardı. Bu isə on birinci beşillikdə (1981-1985-ci illər) milli gəlirin aşağı düşməsinə və sovet iqtisadiyyatının ağır zərbə almasına şərait yaratdı, plan tapşırıqları heç bir sahə üzrə yerinə yetirilmədi.

Bir-birini əvəz edən islahatlara baxmayaraq SSRİ-nin iqtisadiyyatında meydana gələn böhran haqqında 1983-cü ildə akademik T.İ.Zaslavskaya “Novosibir məruzəsində” Akademiyanın qapalı yığıncağında, sonra isə partiya müşavirəsində məlumat vermişdi. T.Zaslavskaya və Novosibirsk iqtisadiyyat və sənaye istehsalının təşkili institunun nəşr etdirdiyi “Eko” jurnalı əməkdaşlarının fikrinə görə ölkədəki böhranın başlıca səbəbi mövcud sistemin insan ehtiyatlarından və cəmiyyətin intellektual potensialından səmərəli istifadə etməyə qabil olmaması idi. Belə ki, mövcud sistem İ.Stalinin ölümündən sonra islahatlara məruz qalsa da əslində 30-cu illərdə yaranmış iş metodundan heç də fərqli deyildi. Son dərəcə mərkəzləşdirmə, direktiv planlaşdırma ilə bərabər azad bazar qiymətlərinin olmaması, əmək adamlarının maddi maraq prinsipinin təmin edilməsinə mərkəzdən nəzarət edilməsi, istehsal, xidmət, ticarətdə əhalinin bütün fərdi əmək fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan edilməsi bu sistemin səciyyəvi xüsusiyyətləri idi. Başqa sözlə, zəhmət adamları yalnız ictimai bölmənin fəaliyyətinə arxalana bilərdilər. Hətta səmərə belə verən hər hansı bir şəxsi təşəbbüs leqal olmayan kölgə iqtisadiyyatına aid edilirdi. Nəzəri cəhətdən hər bir əmək adamının təşəbbüskarlığı alqışlansa da onların müəssisələrin idarə edilməsində iştirakı müəssisənin özü tərəfindən məhdudlaşdırılırdı. Nümunəvi işçilər ən yaxşı halda əlavə əmək haqqları alırdılar ki, bu da çox zaman real vəziyyətə uyğun gəlmirdi. Maddi maraq prinsipinə mane olan başqa bir səbəb mütəmadi müxtəlif çeşidli mal qıtlığı idi ki, əmanət kassalarında əhalinin külli miqdarda pul vəsaiti yığıldığı halda onların tələbatını ödəmək üçün istehlak malları çatışmırdı. 1980-ci illərin əvvəllərində Sovet ittifaqının çox rayonlarında aqrar məhsulların bölüşdürülməsinin kartoçka sistemi tədbiq edildi. Ticarət rəflərindən birinci dərəcəli ehtiyac duyulan mallar yoxa çıxdı.

1966-1970-ci illərdəki səkkizinci, 1971-1975-ci illərdəki doqquzuncu, 1976-1980-ci illərdəki onuncu və 1981-1985-ci illərdəki on birinci beşilliklər ərzində SSRİ-nin iqtisadi və sosial inkişaf göstəricilərinin aşağı düşməsi ölkə xalq təsərrüfatının ağır vəziyyətinn sözə ehtiyacı olmayan rəqəmləridir. Belə ki, milli gəlir 1966-1970-ci illərdə 7,2, 1971-1975-ci illərdə 5,1, 1976-1980-ci illərdə 3,8 1981-1985-ci illərdə 3,1, sənaye məhsulu istehsalı müvafiq olaraq 8,5; 7,4; 4,4; 3,4;, kənd təsərrüfatı məhsulu istehsalı 3,9; 2,5; 1,7; 1,1, ictimai əməyin məhsuldarlığı 6,8; 4,5; 3,3; 3,1, əhalinin hər nəfərinə düşən real gəlir 5,9; 4,4; 3,4; 2,1 faiz təşkil etmişdir.

Faktlar təstiq edir ki, 70-80-ci illərin hüdudlarında SSRİ iqtisadiyyatı “durğunluq” vəziyyətindən böhrana daxil olmuşdur. Bunun isə səbəbləri çoxşaxəli idi. Hər şeydən əvvəl müəssisələrin yeni texnikanı mənimsəməsi, əmək məhsuldarlığını artırılması və məhsulun keyfiyyətini yaxşılaşdırılması üçün marağı təmin edilmədi. Mövcud idarəetmə sistemi daxilində müəssisələrin plan tapşırıqları ümumi istehsalın artım həcminin 5-8 faizini nəzərdə tuturdu. Plan tapşırıqlarının yerinə yetirilməməsi inzibati və təsərrüfat cəza tədbirləri olaraq rəhbərlərə töhmət verilməsi, müəssisənin sərəncamında sosial ehtiyaclar üçün saxlanılan vəsaitin azaldılması müəyyən edilirdi. Odur ki, bir çox müəssisə rəhbəri istehsalın inkişafını azaldaraq planı yerinə yetirməyə əlavə ehtiyat saxlayırdı. Buraxılan məhsulun kağız üzərində saxta rəqəmlərlə artıq göstərilməsi geniş miqyas almışdır. Bir çox məhsulun çatışmaması, rəqabətin olmaması məhsulun keyfiyyətini yaxşılaşdırmağa və onun çeşidlərini artırmağa maraq oyatmırdı. Bu təcrübə həm istehlakçıya, həm də təsərrüfatın fəaliyyətinə ziyan vururdu. Məsələn, zavodlar kolxoz və sovxozların tələb etdiyi kiçik mexanizm vasitələri yerinə bahalı ağır traktor və kombaynlar istehsal edirdi.

Əmək məhsuldarlığının artmasını təmin edən yeni texnikanın tətbiqi yuxarıdan müəyyən olunan əmək haqqının artmasına deyil, hazır məhsula qoyulan qiymətin aşağı salınmasına səbəb olurdu ki, bu da sıravi işçilərə sərf etmirdi. Bundan əlavə mövcud əmək haqqı sisteminə əsasən yeni texnikaya qulluq edən mühəndis, operator, proqramçılar fiziki əmək işçilərindən az əmək haqqı alırdılar. Təbii olaraq onlar yeni peşələrini mənimsəməkdə maraqlı deyildilər.

İşçi qüvvəsindən çox halda səmərəli istifadə edilmirdi. Yüksək intellektual səviyyəli işçilər, tələbələr tez-tez kolxoz və sovxozların mövsümi tədarük işlərinə, tərəvəzin yığılmasına cəlb edirilirdi. Ölkənin ali təhsil sistemində hazırlanan kadrlar istehsalatın tələbatına cavab vermədiyi üçün məzunlar öz ixtisası üzrə iş tapa bilmirdilər. Çox halda mühəndis-texniki kadrlar öz diplomlarını gizlədərək müəssisələrdə fəhlə kimi işə düzəlirdilər.

Dövlət büdcəsinin 10 faizə kimi böyük bir hissəsi gündən-günə şişən idarəçilik aparatının saxlanılmasına sərf edirdi. 1980-ci illərin ortalarına doğru onlar təqribən əmək qabiliyyətli əhalinin yeddidə bir hissəsini təşkil edərək 18 milyon nəfərə çatırdı. Keçmişdən miras qalan və gündən-günə artan ölkə problemlərinin həlli dünyadakı real inkişafı nəzərə almaqla onlara yeni yanaşma tələb edirdi ki, L.İ.Brejnev və onun əhatəsi buna hazır deyildir.

Həqiqətən, 1965-1985-ci illərdə sovet cəmiyyəti dərin dəyişikliyə məruz qaldı. 1939-cu ildən 1980-ci ilə qədər şəhər əhalisi 56-dan 180 milyon nəfərə çatdı. 1979-cu ildəki siyahıyaalma məlumatına əsasən ölkənin şəhər əhalisi 62 faiz təşkil edirdi. Beləliklə, Sovet İttifaqında şəhərləşmiş cəmiyyət formalaşdı. Ölkənin kənd əhalisi 12 faizə düşdü. SSRİ-nin slavyan olmayan əhalisi, xüsusilə müsəlmanlar daha çox artdı. Məsələn, ölkənin müsəlman əhalisi 1959-cu ildəki 22,5 milyon nəfərdən (ümumi əhalinin 10,7 %-i) artaraq 1979-cu ildə 42 milyon nəfərə (ümumi əhalinin 16%-i) çatdı.

Sənayenin, ticarət və xidmət sahələrinin, dövlət aparatının inkişafı mütəxəssislərə tələbatı artırırdı. 1980-ci ilin əvvəllərində 40 faizə qədər şəhər əhalisinin ali təhsili var idi. 80-ci illərin ortalarına doğru SSRİ-də 5 milyon tələbə ali məktəblərdə yarım milyon nəfərlik müəllim ordusundan dərs alırdı. Beləliklə, dünən sosial elita hesab edilən ziyalılar bu gün bir çox sosial qrup və kateqoriyalara, mühəndis, inzibati-idarəçi heyət, alim, artist, müəllim, siyasətçi və s. bölünmüşdür. Düzdür, 80-ci illərin ortalarına doğru SSRİ əhalisinin 70 faizi qədə-rinin ali və orta ixtisas təhsili olsa da mütəxəssislərin hazırlıq səviyyəsi cəmiyyətin tələblərinə cavab vermirdi.

Ölkə ehtiyatlarının böyük bir hissəsinin ağır sənayeyə, xüsusilə hərbi-sənaye kompleksi sahələrinə yönəldilməsi istehlak sahəsində vəsaitin çatışmazlığına gətirib çıxardı. Pul qiymətdən düşürdü. Baxmayaraq ki, rəqəmlərlə ifadə etdikdə 1960-cı ildə fəhlə və qulluqçuların orta əmək haqqı 80,6, 1970-ci ildə 122, 1980-ci ildə isə 168,9 manat olmuşdur. 1967-ci ildə ölkə beş günlük iş həftəsinə keçdi, məzuniyyət günlərinin sayı artdı. L.Brejnev dövründə bərabərləşdirici əmək haqqı ödənilməsi tətbiq edildi. Artıq 1985-ci ildə mühəndis -texniki işçilərlə fəhlələrin əmək haqqı arasındakı fərq minimuma endirildi. Əhalinin əmanət kassa-larındakı pul vəsaiti artaraq 1960-cı ildəki 10,9 milyarddan 1980-ci ildə 156,9 milyard manata çıxdı. Lakin praktik olaraq əhalinin əmanətləri əmtəə ilə təmin edilmədiyi üçün heç bir dəyəri yox idi. 80-ci illərin əvvəllərində Sovet dövləti milli gəlirin yalnız dörd faizini səhiyyə sahəsinə, yeddi faizini isə təhsilə sərf edirdi ki, bu da inkişaf etmiş ölkələrdə ki, 10-12 faizlik göstəricidən geri qalırdı. Məhz bu səbəbdən ölkədə uşaq ölümü, alkoqolizm artır, orta yaş həddi aşağı düşürdü. Bütün bunlar onu göstərir ki, SSRİ 80-ci illərin ortalarına doğru kəskin sosial-iqtisadi böhranla üz-üzə idi.

SSRİ beynəlxalq aləmdə.1960-cı illərin ortaları “soyuq müharibənin” davamı kimi səciyyələndirilə bilər. İki fövqəl dövlət SSRİ və ABŞ-ın hərbi potensialı tədricən bərabərləşdi. Hərbi-strateji paritet yarandı. 1964-cü ilin oktyabrında sovet dövlətinin sükanı arxasına keçən yeni hakimiyyət xarici siyasət sahəsində üç prioritet vəzifə qarşıya qoydu. Birincisi, sosialist cəbhəsinin dağılması təhlükəsinin qarşısını alaraq onların siyasi, hərbi və iqtisadi birliyini daha da möhkəmlətmək; ikincisi, Şərqlə və Qərb arasında münasibətləri “dinc yanaşı yaşamaq” prinsipi əsasında normallaşdırmaq; üçüncüsü, bütün dünyada “tərəqqipərvər” hərəkat və rejimləri müdafiə edən siyasət yeritmək. L.İ.Brejnev və onun ətrafının təmsil etdiyi yeni hakimiyyət 1956-cı ildəki Macarıstan hadisələrinin nəticələrini aradan qaldıraraq Şərqi Avropada vəziyyəti sabitləşdirdi. Siyasi vəziyyət Sov.İKP-nın nəzarəti altında qalmaqla mədəniyyət sahəsindəki azadlıqlar və Y.Kadrın iqtisadi siyasəti Macarıstanda xalqın həyat səviyyəsinin yüksəlməsinə, daxili vəziyyətin normallaşmasına səbəb oldu.

Bunun əksinə olaraq müharibə ərəfəsində Şərqi Avropanın ən inkişaf etmiş dövləti olan Çexoslovakiyada sərt siyasi rejim, iqtisadi çətinliklər ölkədə müqavimətin dirçəlməsinə, hətta partiyaya belə sirayət etməsinə gətirib çıxardı. 1967-ci ilin iyununda yazıçı-kommunistlər açıq surətdə Yazıçılar qurultayının partiya rəhbərliyinə qarşı çıxış etdilər. Payıza doğru kütləvi tələbə tətillərindən sonra hakimiyyətə qarşı müxalifət daha da gücləndi.1968-ci ilin yanvarında A.Novotnı partiya rəhbərliyini Aleksandr Dubçekə (1921-1992) verməyə məcbur oldu. Yeni partiya rəhbərliyi öz mövqeyini möhkəmlətmək məqsədilə bir sıra islahatlar, o cümlədən müəssisələrə iqtisadi müstəqillik vermək, demokratik siyasi sistem bərqərar etmək, senzuranı aradan qaldırmaq, çoxpartiyalılıq əsasında seçki keçirmək tədbirlərini həyata keçirdi. A.Dubçekin başçılıq etdiyi Çexoslovakiya partiya rəhbərliyi demokratik dəyərlərə söykənən “insan sifətli sosializm” qurmaq niyyətində idi. Bu dəyişikliklər dövrü azadlıq və demokratiyanın ölkənin ab-havasını yumşaltdığı “Praqa baharı” adını aldı. Mosvada A.Dubçekin yeritdiyi siyasətə kommunist partiyasının inhisarının itməsi və Varşava müqaviləsi Təşkilatının dağılması təhlükəsi prizmasından baxmağa başladılar. Rumıniya istisna olmaqla digər sosialist ölkələrinin rəhbərləri də məsələyə daha sərt müdaxilə tələb edirdi. 1968-ci il avqustun 3-də Bratislavada L.Brejnev, A.Dubçek, O.Çernikin görüşü də heç bir nəticə vermədi, Çexoslovakiya kommunistləri islahatdan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirdilər. 1968-ci il avqustun 20-dən 21-nə keçən gecə uzun tərəddüddən sonra sovet rəhbərliyi ADR-in partiya liderlərinin təzyiqi ilə Varşava Müqaviləsi Təşkilatının yarım milyonluq ordusunu “qardaş köməyi” adı altında ÇSSR-na yeritdi. SSRİ ilə yanaşı Bolqarıstan, Macarıstan, Polşa və Almaniya Demokratik Respublikasının orduları Çexoslovakiya müdaxiləsində iştirak etdilər. Çexoslovakiya KP MK-nın birinci katibi A.Dubçek, hökumətin sədri O.Çernik və başqaları sovet təhlükəsizlik orqanları nümayəndələri tərəfindən həbs edilərək Moskvaya aparıldı. Moskvaya deportasiya edilən ölkə rəhbərliyi ilə avqustun 23-dən 26-na kimi aparılan danışıqlar nəticəsində vəziyyətin normallaşdırılmasından bəhs edən basqı altında protokol imzalandı. 1969-cu il aprelin 17-də A.Dubçeki ÇKP-nın Birinci katibi vəzifəsində Q.Qusak əvəz etdi ki, o da noyabr ayından avqusta qədərki dövrdə həyata keçirilən islahatları tənqid edən qətnamə qəbul edilməsinə nail oldu.

Çexoslovakiya Sovet Sosialist Respublikasına müdaxilə edilməsi nümayiş etdirdi ki, yeni sovet rəhbərliyi yalnız Şərqi Avropa ölkələrinin məhdud müstəqillik prinsipindən çıxış edir. Odur ki, Qərbdə “Brejnev doktorinası” deyilən anlayış meydana gəldi. Onun mahiyyəti isə belə idi ki, hər bir sosialist dövlətinin müstəqilliyi sosializmin möhkəmləndirilməsi məqsədinə tabe tutulmalıdır. Hər bir ölkədə sosialist quruluşunun müdafiəsi bütün sosialist dövlətlərinin ümumi işidir. Bu isə praktik olaraq SSRİ-nin bütün Şərqi Avropanın sosialist dövlətlərinin daxili işinə qarışmağa şərait yaradırdı.

Çexoslovakiyaya müdaxilə nəticəsində Şərqi Avropa xalqları SSRİ-yə milli azadlığı boğan təcavüzkar bir dövlət kimi baxmağa başladı. SSRİ-nin müdaxiləni müdafiə etməyən Yuqoslaviya, Albaniya, Rumıniya, Çin kimi sosialist ölkələri ilə münasibətləri kəskinləşdi. SSRİ-nin maraqları da ciddi zərbə aldı, Sovet sistemi isə daxilən çat verərək iki onillik ərzində dağılmağa məhkum oldu.

1970-ci ildə qiymətlərin bahalaşması ilə əlaqədar olaraq Polşanın Baltik sahilboyu şəhərlərinin fəhlələri kütləvi tətilə başladı. Toqquşmalarda 44 nəfər öldü, 1164 nəfər isə yaralandı. 1971-ci ilin martında qiymətlər aşağı salındıqdan sonra vəziyyət nisbətən sabitləşdi. V.Qomulka PBFP MK-nın birinci katibi vəzifəsindən azad edilərək onun yerinə Edvard Gerek (1919-2001) təyin olundu. 70-ci illərin ortalarından başlayaraq Polşada iqtisadi çətinliklər və ölkənin xarici borcları kəskin artdı,1976-cı ilin iyununda hökumət vəziyyətdən çıxmaq üçün əmək haqqının qismən artırılması müqabilində ərzaq mallarının qiymətini kəskin artırdı. Bu isə fəhlələrin müqaviməti ilə üzləşdi. Təşəbbüs müxalifətin əlinə keçdi. 1980-ci ilin noyabrında müxalifəti təmsil edən müstəqil “Həmrəylik” (“Solidarnost”) təşkilatı rəsmi qeydiyyatdan keçdi ki, onun da üzvlərinin sayı 8 milyon nəfərə çatırdı. 1981-ci ildə general Voytsex Yaruzelski PBFP MK-nın birinci katibi, Nazirlər Sovetinin sədri, Milli müdafiə naziri oldu. O, 1981-ci il dekabrın 13-də ölkədə hərbi vəziyyət elan edərək müvəqqəti də olsa açıq siyasi qarşıdurmanın qarşısını aldı.

SSRİ ilə Çin Xalq Respublikası arasında münasibətlər gərgin olaraq qalırdı,1969-cu ilin yazında sərhəd çayı Ussuri rayonunun Damansk adasında sovet və çin hərbi hissələrinin toqquşması oldu. Damansk adasının statusu iki dövlət arasında dəqiq müəyyən edilmədiyi üçün hər iki tərəf adaya sahib olmaq iddiası ilə münaqişəyə başladılar və bu az qala sovet-çin müharibəsinə səbəb olurdu. İlk zərbəni sərhədçilər öz üzərinə götürdükdən sonra sovet tərəfi ağır “Qrad” qurğularını işə saldı və düşmən geri çəkilməyə məcbur oldu. Bu hadisədən sonra Damansk adasında Çinlə sərhəddin möhkəmləndirilməsi tədbirləri görüldü, yeni hərbi dairə təşkil edildi. Çin Xalq Respublikası isə bu hadisədən sonra ABŞ və onun müttəfiqləri ilə münasibətlərini normallaşdırdı ki, bu da Sovet İttifaqının əlavə narahatlığı demək idi. Yalnız 1976-cı ildə Mao Tszedun və 1982-ci ildə L.Brejnev öldükdən sonra Sovet-Çin münasibətlərin normallaşdırmaq mümkün oldu.

1960-cı illərin ikinci yarısında SSRİ iki, Vyetnam və yaxın şərq münaqişəsində iştirak etdi.1965-ci ildə ABŞ Cənubi Vyetnama birləşdirmək məqsədilə Şimalı təmsil edən Vyetnam Demokratik Respublikasına qarşı müharibəyə başladı. Uzun və qanlı müharibə yalnız 1973-cü ildə başa çatdı,1975-ci ildə Vyetnam Şimali Vyetnam kommunistlərinin hakimiyyəti altında birləşdi. SSRİ müharibə illərində Vyetnam Demokratik Respublikasının partizanlarına silah, hərbi ləvazimat, tibbi avadanlıq, hərbi mütəxəssislərlə köməklik göstərdi ki, bu da SSRİ ABŞ münasibətlərini xeyli kəskinləşdirdi.

1967-ci ilin iyun ayında “altıgünlük müharibə” nəticəsində İsrail, Misir, Suriya, İordaniya ordularını məğlub edərək Sinay yarımadasını, Qolan təpələrini, İordan çayının sağ sahilini və Şərqi Yerusəlimi işğal etdi. SSRİ ərəb dövlətlərini müdafiə edərək İsraillə diplomatik münasibətləri kəsdi.1973-cü ildə SSRİ-nin köməyi ilə Misir və Suriya itirdiyi əraziləri qaytarmağa cəhd etsə də buna nail olmadı. Məğlubiyyətdən sonra Misir prezidenti A.Sadat 1979-cu ildə Kemp-Devid sülh müqaviləsini İsraillə imzaladı. Bundan sonra SSRİ-nin Yaxın Şərqdə müttəfiqi Suriya və Fələstin Azadlıq Təşkilatı oldu,1980-ci ilin iyulunda İsrail Yerusəlimi “vahid və bölünməz” paytaxtı elan etdi. Eyni zamanda İsrail parlamenti Qolan təpələrini özünə birləşdirilməsi haqqında qərar qəbul etdi.1982-ci ilin aprelində İsrail işğal etdiyi Sinay yarımadasının qalan hissəsini Misirə qaytardı.

1970-ci il avqustun 12-də SSRİ ilə AFR, 1970-ci il dekabrın 7-də AFR ilə Polşa arasında müqavilələrin bağlanması, 1971-ci ilin sentyabrın 3-də SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə aid dördtərəfli sazişin imzalanması, 1972-ci il dekabrın 21-də AFR ilə ADR arasında münasibətlərin yaradılmasına dair müqavilənin imzalanması Avropada beynəlxalq vəziyyətin normallaşmasına gətirib çıxardı.

1972-ci il noyabrın 22-də Finlandiya dövlətinin təklifi ilə 33 Avropa dövləti, ABŞ və Kanadanın nümayəndələri Helsinkidə ümumavropa müşavirəsilə bağlı yeddi aya kimi davam edən məsləhətləşmələrə başladılar. Bunun nəticəsində 1973-cü ilin iyununda “Mavi kitab” adını alan yekun tövsiyələri hazırlandı. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müşavirənin birinci mərhələsi 1973-cü il iyulun 3-dən 7-nə kimi Helsinkidə, ikinci mərhələ 1973-cü il sentyabrın 21-dən 1975-ci il iyulun 21-nə kimi Cenevrədə, üçüncü, yekun mərhələsi isə 1975-ci il iyulun 30-da Helsinkidə oldu. 1975-ci il avqust ayının 1-də 33 Avropa dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müqavilənin Yekun aktın imzaladılar. Müşavirənin iştirakçısı olan dövlətlər aşağıdakı 10 əsas prinsipi qarşılıqlı münasibətlərində rəhbər tutmağı öz öhtələrinə götürdülər: suveren bərbərlik; zor işlətməmək və ya zor işlətməklə hədələməmək; sərhədlərin toxunulmazlığı; dövlətin ərazi bütövlüyü; müharibənin dinc yolla nizama salınması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlarına hörmət; bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhtəliklərin vicdanla yerinə yetirilməsi.

Yekun Aktının imzalanmasının tarixi əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif ictimai quruluşa malik olan dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq beynəlxalq gərginliyin azaldılmasına kömək etdi. SSRİ-nin isə ən böyük nailiyyəti müharibədən sonrakı sərhədlərin tanınması oldu. Bunun naminə sovet rəhbərliyi söz, mətbuat, hərəkat azadlığı, məlumat alış-verişinə və s. razı oldu.

1972-ci ilin may ayında ABŞ prezidenti R.Nikson Sovet ittifaqına səfərə gələrək ölkə rəhbəri L.Brejnevlə görüşdü, mayın 28-də isə “SSRİ ilə ABŞ arasında qarşılıqlı münasibətlərin əsasları” haqqında sənəd imzalandı. 1972-ci il mayın 26-da Moskvada SSRİ ilə ABŞ arasında “Raketlərdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müddətsiz müqavilə” və “Strateji hücum silahlarının məhdudlaşdırılması sahəsində bəzi tədbirlər” haqqında müvəqqəti saziş bağlandı (SSM-1). 1973-cu ilin iyun ayında L.İ.Brejnev ABŞ-a səfər etdi və iyunun 22-də Vaşinqtonda SSRİ ABŞ arasında “Nüvə müharibəsinin qarşısının alınması” haqqında müddətsiz saziş imzalandı. 1974-cü ilin yayında ABŞ prezidenti R.Niksonun SSRİ-yə növbəti, səfəri 1974-cü ilin dekabrında Vladivostokda növbəti yüksək səviyyəli Sovet-Amerikan görüşü hər iki ölkə arasında əməkdaşlığın artdığını nümayiş etdirirdi. SSRİ ilə ABŞ arasında elmi-texniki, kənd təsərrüfatı, ətraf mühitin qorunması sahəsində əməkdaşlıq genişləndi. 1976-cı ildə SSRİ — ABŞ ticarətinin həcmi 2,2 milyard manata çatdı.

1979-cu il iyunun 18-də Vyanada yüksək səviyyəli dövlət başçılarının iştirakı ilə Sovet-Amerika görüşündə strateji hücum silahlarının məhdudlaşdırılması haqqında ikinci müqavilə bağlandı. Lakin SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra konqres SSM-2 müqaviləsini təsdiq etmədi. ABŞ SSRİ ilə ticarəti dayandırdı və 1980-ci ildə Moskva olimpiadasını boykot etdi. 1980-ci ildə R.Reyqan ABŞ prezidenti seçildikdən sonra hər iki ölkə arasında sərt qarşıdurma müşayiət olundu. Xüsusilə, 1983-cü ildə avqust ayının sonunda Sovet İttifaqı səmasında Cənubi Koreyanın sərnişin təyyarəsinin hərbçilər tərəfindən vurulması SSRİ — ABŞ münasibətlərini daha da gərginləşdirdi və ABŞ Avropada xüsusi ilə AFR, Böyük Britaniya və İtaliyada yeni nüvə raketləri yerləşdirdi.

1973-cü ilin iyulunda Əfqanıstanda monarxiya rejimi devrildi və ölkə respublika elan edildi. 1978-ci il aprelin 27-də ƏXDP-nın tərəfdarı olan ordu hissələri çevriliş etdi və aprelin 28-də M.Təraki başda olmaqla İnqilabi Şura yaradıldı. Pakistan və İranın yardımı ilə 1979-cu ilin sentyabrında H.Əmin hakimiyyəti ələ keçirdi. 1979-cu il dekabrın 27-də sovet hərbi dəstəsi Kabulda prezident sarayını tutaraq H.Əmini öldürdü. ƏXDP-nin başçısı B.Karməl Əfqanıstanın yeni rəhbəri təyin edildi, formal olaraq onun xahişi ilə Sovet qoşunları ölkəyə müdaxilə etdi. Əfqanıstanda SSRİ-nin müdaxiləsi ilə vətəndaş müharibəsi dövrü başladı, 5 milyon əfqan ölkəni tərk edərək İran və Pakistana sığındı. ABŞ, İngiltərə, AFR, Yaponiya hər il əfqan mücahidlərinə 100 milyon dollar hacmində kömək göndərirdi.1987-ci ilin yanvarında B.Karməli başqa bir sovetlər tərəfdarı Nəcibulla ölkə rəhbərliyində əvəz etdi. O, 1987-ci il yanvarın 15-də hərbi əməliyyatları dayandırdığını və koalisyon hökumət qurmağa razı olduğunu bəyan etdi.1988-ci il aprelin 14-də Əfqanıstana dair Cenevrə sazişləri imzalandı, SSRİ 1988-ci il mayın 15-də Əfqanıstandan qoşunlarını çıxarmağa başladı və 1989-cu il fevralın 15-də bu başa çatdı. Əfqan xalqına “beynəlmiləl kömək” 10 il uzandı və hər ili SSRİ-yə 3-4 milyard dollara başa gəldi. 620 min nəfər sovet hərbiçisi bü müharəbədən keçmişdir. Müdaxilə sayəsində 14,5 min nəfər sovet əsgəri öldü, 35 min nəfər yaralandı, 300 nəfərdən çox itkin və əsir düşdü. Beləliklə, Sovet İttifaqının L.Brejnev dövründə Əfqanıstana uğursuz müdaxiləsi onun beynəlxalq mövqeyini sarsıtdı, ABŞ və onun müttəfiqləri ilə SSRİ-nin münasibətləri daha da kəskinləşdi. Digər bir tərəfdən bu müharibə onsuz da ağır vəziyyətdə olan sovet iqtisadiyyatına ağır yük olaraq cəmiyyətdə Sov.İKP liderlərinin yeritdiyi siyasətdən narazılığın artmasına şərait yaratdı.

1983-1985-ci illərdə daxili vəziyyət.1982-ci il noyabrın 12 də L.İ.Brejnevin ölümündən iki gün sonra Y.V.Andropov Sov.İKP MK-nın Baş Katibi, 1983-cü ilin iyunundan isə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçildi. 1962-1967-ci illərdə Sov.İKP MK-nın katibi işləmiş Y.V.Andropov 1982-ci ilin fevralından A.Suslovun ölümündən sonra ideologiya sahəsindəki yerinə katib seçildiyi üçün L.Brejnev dövrünün 6 ay müddətinə olsa da ideoloqu hesab edilirdi. 1967-1982-ci illərdə isə o 15 il müddətində Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmişdir. Ümumən Y.V.Andropov intellektual səviyyəsi ilə fərqlənən, ölkənin daxili vəziyyətindən xəbərdar olan, iqtisadi məsələlərdən baş çıxarmağı bacaran və əsası ölkədə qayda-qanun yaratmaq tərəfdarı kimi şöhrət qazanmışdır. Hakimiyyətə gəldiyi ilk aylardan etibarən Y.Andropov bir sıra tədbirlər, o cümlədən partiyanın üst təbəqələrinin əxlaqi tərəfdən təmizlənməsinə, iqtisadi islahatlara başladı. Lakin cəmi 15 ay hakimiyyətdə qalan Y.V.Andropov nəzərdə tutulan dəyişiklikləri yerinə yetirməyə fiziki cəhətdən imkan tapmadı. Hakimiyyətdə olduğu qısa müddətdə korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan edən yeni partiya və dövlət rəhbəri ölkədə bir sıra qaranlıq işlərin üstünün açılmasına şərait yaratdı. Krasnodar vilayət partiya komitəsinin sabiq birinci katibi S.F.Medunov və L.Brejnevin kürəkəni, Daxili İşlər Nazirinin müavini Y.M.Çurbanov həbs edildi. SSRİ Daxili İşlər Naziri N.A.Şelokov vəzifədən uzaqlaşdırıldı və o, özünə qəsd etdi. L.Brejnevin dəfn mərasimində onun qızı Qalina Brejneva DTK-sı işçilərinin müşayəti ilə iştirak etdi. Çünki onun məşhur Yeliseyev qastronomunun müdiri ilə cinayət əlaqələri aşkar edilmişdir. Qərb mətbuatı Siyasi Büronun üzvü Q.Romanovun qızının toy məclisi üçün II Yekaterinanın Ermitajdan son dərəcə yüksək dəyəri olan servizini prokata götürməsini qalmaqal kimi qələmə verdi. Gürcüstan KP MK-nın birinci katibi, Siyasi Büronun üzvü E.Şevardnadze “Pravda” qəzetində məqalə ilə çıxış edərək Gürcüstanda korrupsiyaya qurşanmış 300 nəfər məsul şəxsin vəzifədən uzaqlaşdırdığını vurğuladı. Y.V.Andropov dövründə DİN-nin 100 min əməkdaşı işdən azad edildi, onların yerini DTK-nın əməkdaşları tutdu. 18 nəfər nazir, 37 nəfər L.Brejnev dövrünün vilayət partiya komitəsinin birinci katibi öz vəzifəsin itirdi. Özbəkistanda çoxmilyardlıq pambıq pripiskası aşkar edildi, yeyintinin miqyası son dərəcə yüksək idi. Özbəkistan KP MK-nın birinci katibi Ş.R.Rəşidov bu faktlar aşkar edildikdən sonra özünü öldürdü.

“Qayda-qanun” yaratmağın digər yolu istehsalat intizamını möhkəmlətmək oldu. İş buraxanlara və işə gecikənlərə sərt cəzalar müəyyən olundu. Küçələrdə, ictimai yerlərdə milis əməkdaşları vətəndaşların sənədlərini yoxlayırdı ki, niyə onlar işdə deyil. Hətta hamamlarda belə yoxlamalar aparılırdı. Beləliklə, Y.V.Andropov hakimiyyətdə olduğu müddətdə əsas diqqəti inzibati tədbirlərə yönəltmişdir. Bu isə o demək idi ki, partiya və dövlət rəhbərliyi ölkəni bürüyən böhranın nə qədər təhlükəli olduğundan xəbərsiz idilər. 1983-cü ilin ikinci yarısından ağır xəstə olan Y.V.Andropov 1984-cü ilin fevralın 9-da vəfat etdi. Sov.İKP MK-nın Baş Katibi vəzifəsini 73 yaşlı xəstə K.U.Çernenko tutdu. O, bu vəzifəni cəmi 13 ay icra edə bildi. Yeni partiya lideri onun üçün yazılmış mətnləri belə çətinliklə oxuyurdu. Y.An-dropovun başlatdığı əmək intizamını möhkəmlətmək, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, rəhbər kadrlara tələbkarlıq kursundan imtina edildi. Bunun yerinə isə heç bir təşəbbüs irəli sürülmədi. Hətta yaranmış şəraitdə Sov.İKP-nın sıravi üzvləri belə yeni dəyişikliyin zəruri olduğuna inanırdılar. Başqa sözlə yalnız bürokratik kağız işləri ilə 18 yaşından məşğul olan xəstə və ya yaşlı K.U.Çernenko və onun ətrafı kommunist rejiminin sosialist cəmiyyətinin böhranının qarşısını almağa qadir deyildir.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh