“Yenidənqurma”. 1985-1991

1985-ci il martın 10-da K.U.Çernenkonun ölümündən sonra M.S.Qorbaçov Sov.İKP MK-nın Baş Katibi seçildi. Qorbaçov Mixail Sergeyeviç 1931-ci ildə Stavropol diyarının Privolno stanitsasında (kazak kəndi) anadan olmuşdur. Orta məktəb illərində əmək fəaliyyətinə başlayan M.Qorbaçov MDU-nin Hüquq fakültəsini və Kənd Təsərrüfatı institutunu bitirmişdir. Mərkəzi komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışan M.Qorbaçov Sov.İKP MK-da aqrar siyasət üzrə işə cəlb edilmişdir. 1980-ci ildən Siyasi Büronun tərkibinə daxil olan M.S.Qorbaçov K.U.Çernenkonun ölümündən sonra A.A.Qromıkonun təşəbbüsü ilə gənc, dinamik lider kimi Baş Katib seçildi. Ölkə tarixində onun üzərinə çətin islahatçı rolu düşdü. Onun bütün fəaliyyəti ardıcıl və qabaqgörən olmasa da məhz M.Qorbaçov mövcud hakimiyyət strukturuna savaş açdı. Onun kosmetik xarakterli yarımçıq islahatları köhnə sistemin dağılmasını daha da sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra M.S.Qorbaçov istefaya gedərək özünün qurduğu Fond vasitəsilə fəal ictimai-siyasi iş aparırdı.

SSRİ-də geniş islahatların başlanmasını adətən M.S.Qorbaçovun partiya və faktiki olaraq dövlətə rəhbərlik etdiyi 1985-ci illə bağlayırlar. Lakin bəzi tarixçilər Y.V.Andropovu “yenidənqurmanın atası” adlandırırdılar, başqaları isə 1980-ci illərin birinci yarısında SSRİ-nin tədricən islahatlar mərhələsinə daxil olması məntiqinə əsaslanaraq 1983-1985-ci illəri yenidənqurmanın “rüşeym” (embrion) dövrü” hesab edirlər.

Sov.İKP MK-nın yeni Baş Katibi 1985-ci il aprelin 23-də Plenumda çıxış edərək cəmiyyətin hərtərəfli yenilənməsi, “ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi” əsasında geniş islahatlar keçirəcəyini bəyan etdi. İqtisadi dəyişikliklərin yeni investisiyaların və yeni obyektlərin tikilməsi yerinə mövcud müəssisələrin modernləşdirilməsi hesabına aparılması nəzərdə tutulurdu. Başlıca olaraq maşınquraşdırmanın sürətli inkişaf etdirilməsi irəli sürüldü. İslahata əsasən maşın və avadanlığın istehsalı sənayenin başqa sahələrini 1,7 dəfə ötüb keçirdi. İntizamın möhkəmləndirilməsi və maddi maraq prinsipinin artırılması vasitəsilə “insan faktorunun” fəallaşdırılmasına xüsusi diqqət ayrılırdı. Bütün bu dəyişikliklər təbii olaraq sosializm çərçivəsində həyata vəsiqə qazanmalı idi.

M.S.Qorbaçovun islahatı hər şeydən əvvəl yuxarıdan başlanmışdı və “aşkarlıq” (“qlasnost”), “sürətləndirmə” (“uskorenie”), “yenidənqurma” (“perestroyka”) adlanan üç şüarla səciyyələndirilir. “Aşkarlıq” sovet sisteminin mövcud olduğu dövrdə gizli saxladıqlarının xalqa bildirilməsi demək idi. Başqa sözlə hazırki dövrə kimi sistemin ört-basdır etdiyi iqtisadi böhrandan, heç bir siyasi islahat irəli sürməyə qabil olmayan və iqtisadi aparatın bir hissəsinə çevrilən partiyadakı böhrandan, nəhayət söz yığımından başqa bir şey olmayan ideoloji sistemin böhranından açıq-aşkar bəhs edilməyə başlandı. Yeni rəhbərlik öz çıxışlarında senzuranı yumşaltmaq və vətəndaşların azad məlumat əldə etmələrinə şərait yaratmağı vəd edirdi.

1980-ci illərin ortalarında SSRİ-də sosial böhran dərinləşdiyi üçün M.S.Qorbaçovun islahatları xalqın böyük əkəsriyyəti tərəfindən dəstəkləndiyi halda, onun islahatlara çağırışı yeni hər bir şeyə qarşı olan təbəqələrin ciddi müqaviməti ilə üzləşdi. Odur ki, M.S.Qorbaçov daim yaranmış mürəkkəb şəraitə uyğun olaraq öz çıxış və fəaliyyət proqramını zaman-zaman dəyişdirərək islahatların tərəfdarları ilə əleyhdarları arasında ortaq nöqtə tapmağa səy göstərirdi. Partiya və dövlət rəhbərliyinin az bir hissəsi başa düşürdü ki, iqtisadi sistemi dəyişdirib, mərkəzləşdirilmiş idarəetmədən imtina edərək təsərrüfathesabı tədbiq etməklə müəssisələrin hüququnu genişləndirmək vacibdir. Partiya və dövlət aparatını təmsil edənlərin böyük əksəriyyəti belə hesab edirdi ki, ümumiyyətlə heç bir islahat lazım deyil, yalnız güc metodu ilə intizamı möhkəmlətməklə vəziyyəti normallaşdırmaq olar.

İqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan yenidənqurma və islahatın ilk konkret addımı 1985-ci il mayın 7-də Sov.İKP MK-nın qəbul etdiyi “Sərxoşluq və alkoqolizmin aradan qaldırılması tədbirləri haqqında” qətnaməsi və ölkədə antialkoqol kampaniyasının başlanmasıdır. Düzdür sərxoşluq ölkədə dözülməz həddə çatmışdır, amma onun aradan qaldırılması üçün tədbiq edilən tədbirlər də təsirsiz və son dərəcə ağır nəticələr doğurduğundan məqsədə çatmadı. İnzibati metodlarla həyata keçirilən kampaniya çərçivəsində üzüm bağları, şərab istehsal edən müəssisələr ləğv olundu. Şərab mağazaları kəskin azaldıldığına görə kütləvi araq növbələri yarandı. Antialkoqol kampaniyası ölkədə narkomaniya, toksikomaniya, spirt surroqatlarından istifadənin geniş yayılmasına səbəb oldu. Dövlət büdcəsi spirtli içkilərdən gələn külli miqdarda gəlirdən məhrum oldu. Belə ki, 1985-1986-cı illərdə Sovet İttifaqında alkoqol içkilərinin iki dəfə azalması hesabına dövlət büdcəsi 1985-ci ildən 1988-ci ilə qədər 67 milyard manat vəsait itirdi. Bu məlumatı N.İ.Rıjkov vermişdir, M.S.Qorbaçov isə bunun 37, V.S.Pavlov 200 milyard olduğunu iddia etmişdir. Nəticədə 1988-ci ildə antialkoqol kampaniyası baş tutmayaraq dayandı.

Yenidənqurma islahatı sahəsində növbəti inzibati tədbir 1986-cı ilin mayında “Dövlət qəbulu haqqında” (“O qospriemke”) Qanun oldu. Qanuna əsasən sənaye məhsulunun keyfiyyətinə nəzarət etmək məqsədilə dövlət müfəttişləri qulluğu yaradıldı. 1987-ci il yanvarın 1-də SSRİ-nin bütün iri müəssisələrində bu sistem fəaliyyət göstərirdi. Müəssisələrin texniki nəzarət şöbələrinin (OTK) nəzarətçilərindən fərqli olaraq dövlətqəbulu müfəttişləri müəssisənin rəhbərliyindən asılı deyildirlər və planın yerinə yetirilməsində maddi maraqları yox idi. Lakin işin inzibati tərəfini önə çəkən bu tədbirin də nəticəsi gözlənildiyindən çox aşağı oldu. Planın yerinə yetirilməsi və bunun birbaşa nəticəsi olaraq əmək haqqı aşağı düşdü. Müəssisə rəhbərləri tez-tələsik onların partiya qeydiyyatında olan müfəttişləri ilə dil tapmağa çalışırdı. Böyük bir səmərə verməyən dövlət qəbulu yalnız iki il mövcud oldu.

1986-cı ilin may ayında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Zəhmətsiz gəlirlə mübarizənin gücləndirilməsi tədbirləri haqqında” qətnaməsi dərc olundu. Formal olaraq bu sənəd kölgə iqtisadiyyatının iri işbazlarına qarşı yönəlsə də praktik olaraq bundan ən çox xırda sənətkarlar və ticarətçilər, satmaq üçün meyvə və tərəvəz yetişdirən kolxozçu və şəhərlilər əziyyət çəkdilər.

1986-cı ilin fevral-martında Sov.İKP-nin XXVII qurultayı partiya Proqramını dəyişərək köhnə kommunizm quruculuğu yerinə sosializmi təkmilləşdirmək kursun elan etdi. Partiya 2000-ci ilə doğru ölkənin iqtisadi potensialını iki qatına çıxarmağı və hər ailəyə ayrı mənzil təmin etməyi vəd etdi. Qurultay eyni zamanda müəssisələrdə rəhbərləri seçmək hüququ olan, əmək haqqını və sosial ehtiyaclara ayrılan vəsaiti qaydaya salan sənaye müəssisələrində əmək kollektivləri şuraları yaratmağı nəzərdə tutan əmək kollektivləri haqqında Qanunu bəyəndi. Bununla da hakimiyyət sanki xalqa müraciət edərək onların dəstəyinə arxalanmaq istəyirdi. Lakin praktik olaraq qanunun həyata keçirilməsi istehsalatın işinin pozulmasına və müəssisələrin inzibatı rəhbərliyinin fəaliyyətinin iflic olmasına gətirib çıxardı.

1986-cı ilin yazından başlayaraq məlum oldu ki, sürətləndirmə kursu səmərəsizdir və ciddi iqtisadi dəyişikliklər olmadan vəziyyəti xilas etmək mümkün deyildir. Ölkənin dövlət büdcəsinin kəsiri 1985-ci illə müqayisədə üç dəfə artdı. SSRİ-nin xarici dövlət borcu 1985-ci ildəki 27,2 milyard dollardan artaraq 1986-cı ildə 39,4 milyard dollara çatdı,1986-cı ilin yayından partiya sənədlərində “sürətləndirmə” termini itdi, daha çox “yenidənqurma” siyasəti önə çıxdı. “Sürətləndirmə” xəttinin boşa çıxması, ilk növbədə, ölkənin dövlət büdcəsinə əhəmiyyətli qatqısı olan neft və neft məhsullarının qiymətinin dünya bazarında aşağı düşməsi ilə əlaqədardır. Büdcəyə daxil olan neft dollarlarının xarici istiqrazlarla əvəz edilməsi Sovet İttifaqını borc bataqlığına sürüklədi. 1990-cı ilə doğru SSRİ-nin borcu 57,6 milyard dollara çatırdı. Borcların faizi ilə birlikdə ödənməsi zərurəti isə iqtisadiyyata ağır yük idi.

Yuxarıda da qeyd etdiyimiz kimi antialkoqol kampaniyası üzüm bağlarının 30 faizə qədərinin kəsilməsinə, dövlət büdcəsinin isə ildə 40-50 milyard manat itirməsinə gətirib çıxardı. Gizli olaraq araqçəkmə geniş yayıldığına görə mağazalardan şəkər, ucuz konfetlər və s.yoxa çıxdı. Bayram, toy şənlikləri və yas mərasimində spirtli içki əldə etmək məqsədilə mağazalrın önündə adamların uzun növbələri əmələ gəldi ki, bu da ölkə əhalisini son dərəcə qıcıqlandırırdı.

Planı yerinə yetirmək məqsədilə kölgə iqtisadiyyatından müəssisə və regionlar arasında mal mübadiləsindən istifadə etməyə alışan müəssisə rəhbərləri normativ prinsiplərin pozulmasının ciddi təqibindən ehtiyat edərək normadan artıq fondların inkişaf etdirilməsinə marağı dayandırdılar. Bu isə normadan artıq fondların tədricən yox olması demək idi. 1986-cı ildə isə onların qiyməti 80 milyard manat təşkil edirdi.

1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəza ölkənin dövlət büdcəsinə ağır zərbə vurdu. Bu qəzanın özü birbaşa sürətləndirmə siyasətinin nəticəsində yaranmışdı. Belə ki, atom elektrik stansiyasının əməkdaşları reaktorların məhsuldarlığını artırmaqla qəza törətdilər. M.S.Qorbaçov hakimiyyəti faciənin miqyasını tez bir zamanda elan etmədiyi üçün on milyonlarla adam bundan ziyan çəkdi. Partlayışın reaktiv buludu Şərqi Slavyan torpaqları Ukrayna, Belarusiya, Rusiyanın bir çox rayonlarının zərər görməsinə səbəb oldu.10,9 milyon hektar yararlı kənd təsərrüfatı əkin sahəsi radioaktiv çirklənməyə məruz qaldı.SSRİ-nin əraziləri ilə yanaşı Rumıniya, Polşa, Bolqarıstan, Yuqoslaviya, hətta Kanada belə radioaktiv çirklənmədən öz nəsibini aldılar. Sovet İtitfaqının partiya və dövlət rəhbərliyi adamların 1 may bayramını “korlamamaq” niyyəti ilə faciənin miqyası barədə susmağa üstünlük verdilər. Təkcə 1986-cı ildə qəzanın ləğv edilməsi ölkəyə 14 milyard manata başa gəlmişdir. Bütün bunların nəticəsində sürətləndirmə xətti uğursuzluqla nəticələndi. Ölkənin iqtisadiyyatında yaranmış əlverişsiz vəziyyət M.S.Qorbaçov hakimiyyətini yeni yollar axtarıb tapmağa məcbur etdi. Cəmiyyətdə mövcud iqtisadi sistemdə islahatlar aparılmasının yolları haqqında geniş müzakirələr açıldı. Müzakirələrdə görkəmli alimlər L.İ.Abalkin, O.T.Boqomolov, T.İ.Zas-lavskaya, N.Y.Petrakov, R.A.Belousov, A.Q.Aqanbeqyan, Q.A.Yavlinski, Q.X.Popov, S.S.Şatalin və b. iştirak edirdi. Müzakirələrin gedişində ictimai-iqtisadi, sosial və mədəni inkişaf məsələlərini yenidənqurma konteksində həll etməyin zəruriliyi irəli sürüldü. İqtisadiyyat sahəsində yenidənqurma dövlət müəssisələrinin müstəqilliyini və bazaar münasibətlərinin elementlərini artırmağı nəzərdə tuturdu. Hesab edilirdi ki, yenidənqurma islahatı müəssisələrin yeni texnologiyasının tədbiqinə maraq oyadaraq, əmək məhsuldarlığının artırılmasına stimulu təmin edərək, kölgə iqtisadiyyatını leqallaşdıraraq ona dövlətin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməyə imkan yaradacaq. Bu məqsədlə 1987-ci il iyunun 30-da “Dövlət müəssisələri (birlikləri) haqqında Qanun” qəbul edildi. Qanun müəssisələri idarə etməyin yeni prinsipləri olan təsərrüfathesabın və özünümaliyyələşdirməni elan etdi. Belə ki, əvvəllər yuxarının müəyyən etdiyi plan tapşırıqlarının yerinə yetirilməsi müəssisənin əsas göstəricisi olduğu halda Qanun müəssisələrə müvafiq nazirliyin təklif etdiyi planın göstəricilərin “üfüqi” əlaqə saxladığı müəssisələrin sifarişin nəzərə almaqla müstəqil yerinə yetirib istehlakçıya çatdıra bilmək hüququ verirdi. Yəni müəssisənin maraqları və müstəqilliyi ön plana keçir, hətta xarici firmalarla belə, onlar birbaşa əlaqəyə girə bilərdi.

Əsl həqiqətdə isə mərkəzi nazirliklər bürokratiyası öz mövqeyindən və əvvəlki vərdişlərindən əl çəkmək istəmirdilər. Dövlət sənayenin əsas sifarişçisi olduğu üçün müəssisələrin əsas istehsal məhsulu onun payına düşür, müəssisələr üçün isə məhdud kommersiya imkanları qalırdı. Məhsulun qiymətinin və verginin müəyyən edilməsi dövlətə məxsus olduğundan nazirliklər müəssisələrin gəlirinin qaymağın toplayaraq sözdə müəssisələrin maliyyə müstəqilliyindən ağız dolusu danışırdılar.

Başqa bir tərəfdən müəssisələr istehsal etdikləri məhsulu sata biləcəkləri topdansatış bazarları olmadığı üçün bağladıqları müqavilə şərtlərini yerinə yetirməkdə çətinlik çəkirdilər. Mərkəzləşmiş qaydada dövlət sifarişin yerinə yetirənlər isə daha əlverişli vəziyyətdə idilər, çünki onlar hazır məhsul üçün bazar axtarıb tapmağa məcbur deyildilər. Belə bir şəraitdə müəssisələrin “özünüidarə”, “özünümaliyyələşdirmə” hay-küyünə baxmayaraq işçilər başa düşürdü ki, bütün qərarlar yenə də bürokratik mərkəzdən və ya sonradan elan edilən “anti-yenidənqurma qüvvələrindən” daxil olur. Əvvəlki idarəetmə strukturunun ciddi himayəsi altında olan müəssisələr özünümaliyyələşdirmə prinsipinin elan edilməsinə baxmayaraq dövlətdən çox böyük subsidiyalar olaraq bankrot olmaqdan və şişən şəxsi heyətin işdən azad olmasından xilas olurdular. Ümumən iqtisadi islahatlarla bağlı nazirlik və başqa idarəetmə orqanlarının yenidən qurulması nəticəsində altı il müddətində bir milyona kimi qulluqçu sənaye sahələrindən ixtisar edilmişdir.

İqtisadi islahatın mühüm tərkib hissəsindən biri xüsusi təşəbbüsün fəaliyyət dairəsinin genişləndirilməsindən ibartədir,1986-cı il noyabrın 19-da qəbul edilən, 1988-ci il mayın 26-da əlavələr olunan qanunla 30-dan artıq istehsal məhsulu və xidmət sahəsi üzrə xüsusi fəaliyyət leqallaşdırıldı. Öz işini açmaq istəyən hər bir şəxs qeydiyyatdan keçməli və çox yüksək 65 faizə çatan vergi ödəməli idi. 1991-ci ilin yazına olan məlumata əsasən iş qabiliyyəti olan, ölkə əhalisinin 5 faizini təşkil edən 7 milyon nəfərdən çox adam sürətlə artan kooperativ bölməsində çalışırdı. Bundan başqa bir milyon nəfər adam fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat icazəsi almışdır. M.S.Qorbaçov hakimiyyətinin yenidənqurma dövründə xüsusi təşəbbüskarlığı müdafiə vədlərinə baxmayaraq yerli hakimiyyət orqanları müxtəlif vasitələrlə kooperativlərin fəaliyyətini məhdudlaşdırırdı. Sovet adamlarının böyük əksəriyyəti siyasət və ideologiya sahəsində azadlıqları təqdir etdikləri halda sahibkarlıq fəaliyyətinə şübhə ilə yanaşırdılar. Birdən-birə islahat nəticəsində dövlət, müqavilə, kooperativ və qara bazar qiymətləri ilə üzləşən sovet adamı iqtisadi azadlıqları özlərinin həyat səviyyəsinin düşməsinin səbəbi kimi görməyə başladılar. Onlar qiymətlərin sabit dövlət təminatına üstünlük verərək sahibkarlarla iş birliyindən qaçırdılar.

Əhalinin belə əhval-ruhiyyəsi hökumətin kənd təsərrüfatı sahəsində xüsusi təşəbbüskarlığı yaymasına da mane olurdu. 1988-ci ildə rəsmən qəbul edilən “icarə müqaviləsinə” əsasən bir və ya bir neçə ailə torpağı 50 il müddətinə kimi icarəyə götürərək becərdiyi məhsulun tam sahibi olurdu. Həm də 1988-ci ilin martında kolxozlara dair qəbul edilən yeni əsasnamədə elan edildi ki, şəxsi təsərrüfatlarda fərdi əkin sahələrinin həcmini və mal-qaranın sayını hər bir kolxozun kollektivi “onun üzvlərinin ümumi əməkdə iştirakından asılı olaraq” müəyyən edir. Lakin əsl həqiqətdə isə bu tədbirlər simvolik səciyyə daşıyırdı.Belə ki, kooperativ təşkilatlara çevrilməsi nəzərdə tutulan kolxozlar əsl müstəqillik əldə edə bilməyərək yenə rayon hakimiyyətinin nəzarətində qalaraq dövlətə təhvil verilən məhsulun miqdarı, şəxsi sahələrin həcmi və s. onlar tərəfindən müəyyən edirdi. Ölkədə icarə hərəkatı geniş yayılmadı, 1991-ci ilin yayına doğru torpaqların yalnız 2 faizi, mal-qaranın isə 3 faizi icarədarlara məxsus idi. Azad surətdə torpağı icarəyə götürərək əkib-biçmək kəndlilər arasında geniş yayılmamasının əsl səbəbi o idi ki, onlar kənd təsərrüfatının texnikasından və kolxozların başqa infrastrukturlarından məhrum olduqları üçün istehsal etdikləri məhsulu hazır vəziyyətdə gətirib sata bilmirdilər. Odur ki, sahibkarlıq kəndlilər arasında ləng inkişaf edir, onların ən fəalları isə şəhərlərə üz tuturdu. Nəhayət, kənddə yaşayan əhalinin böyük əksəriyyəti keçmiş illərin acı təcrübəsindən, “yeni qolçomaqların” meydana gəlməsindən ehtiyat edirdilər. Baxmayaraq ki, kənd əhalisi kolxozlardan çıxıb fermer təsərrüfatı yaratmaq hüququ almışdı, lakin onlar bundan istifadə etməyə tələsmirdi. Fermerlərə torpaqları kolxoz rəhbərləri və yerli hakimiyyətin nümayəndələri icarə haqqında müqavilə əsasında ayırırdı. Fermerlər çox halda əlverişsiz əkin sahələri ilə təmin olunur, onlara texniki və gübrə almağa maneəçilik törədilirdi. Fermerlərə arzuolunmaz rəqib kimi öz həmkəndliləri belə düşməncəsinə yanaşırdı.

Yekunda M.S.Qorbaçovun elan etdiyi islahat ondan gözlənilən nəticəni vermədi,1988-ci ildə aqrar, 1990-cı ildən isə sənaye istehsalı azaldı. Ölkənin istehsal sahəsində ümumi milli gəlir 11 faiz aşağı düşdü,1989-cu ilə doğru büdcə kəsiri 10 faiz təşkil edirdi. SSRİ-nin daxili və xarici dövlət borcu ümumi milli gəlirin üçdə iki hissəsinə çatdı.Planlı iqtisadiyyatın mövcud olduğu tarixdə ilk dəfə olaraq rəsmi aşağı çəkilərək il ərzində pulun 2-4 faizi dəyərdən düşdüyü, yəni inflyasiyaya uğradığı elan olundu. Əsl həqiqət odur ki, əvvəldən iqtisadi islahat konsepsiyası bir tam olaraq alınmadı. Bir çox partiya rəhbəri və ideoloqu əmin idi ki, dəyişikliklər əksinqilabi xarakter daşıyır, “real sosializmin” prinsiplərinə ziddir və onun nailiyyətlərini itirir. Onlar onilliklər boyu “ölməkdə” və “çürüməkdə” olan kapitalizmlə birlikdə adı çəkilən “bazar”, “gəlir”, “sahibkarlıq” terminlərindən müsbət mənada bəhs edilmədən qəzəblənirdi. Nəticədə icazə verilən təsərrüfat təşəbbüskarlığı məhdudlaşdırılır və ona görə də müəssisələrin real müstəqilliyi təmin olunmurdu. Dövlət sifarişi məhsuluna qiymət əvvəllər olduğu kimi yuxarı orqanlar tərəfindən diqtə edilirdi. Sözün əsl mənasında müəssisələrin təsərrüfat müstəqilliyi, təşəbbüskarlığı təmin edilməmişdi, müəssisələrin idarə olunmasında mərkəzçilik, amirlik metodları üstünlük təşkil edirdi. Qiymət, kredit, gəlir kimi iqtisadi amillər vasitəsilə stimullaşdırma ləng həyata keçirilirdi.

Xarici investisiyaya bəslənən ümidlər də özünü doğrultmadı. SSRİ-yə borc istiqrazları verilsə də 1920-ci illərdə olduğu kimi Qərb sabit olmayan sovet iqtisadiyyatına vəsait qoymaq istəmirdi. Arxasında istehlak malları durmayan çoxlu pul kütləsi əhalinin əlində qalmışdır ki, bu da yerlərdə təsərrüfat siyasətini daha da kəskinləşdirirdi. Əmək kolektivlərinin seçdiyi və yuxarıdan nəzarət edilən müəssisə rəhbərləri çıxılmaz vəziyyətdə idi. Onların çoxu əmək haqqı və sosial məqsədlər üçün vəsaiti artırmaq vədləri sahəsində rəhbər seçilmişdilər. Çox halda bu vədlər istehsalın inkişafı investisiyası üçün ayrılan vəsaiti və əsas fondların xərcləri hesabına yerinə yetirilirdi,1989-cu ildə isə əmək haqqı fonduna gəlir vergisi tətbiq edilməklə buna son qoyuldu. Ancaq müəssisə rəhbərləri vəziyyətdən çıxış yolu kimi öz işçilərinə dövlət vəsaiti qeydiyyatında olmayan kölgə iqtisadiyyatından əlavə əmək haqqı ayırırdı. Belə ki, kölgə bazarlarının yalnız bir hissəsi leqallaşdığına görə onlar fəaliyyət göstərməkdə davam edirdi. Müəssisələr məhdud iqtisadi müstəqillik alsa da ölkədə əsas fondların azad bazar ticarəti infrastrukturu formalaşmamışdır. Kortəbii yaranan məhsul birjalarının fəaliyyətini tənzimləyən və onlara dövlət nəzarətini təmin edən qanunlar yox idi. Ara strukturlarına isə çox halda kriminallar nəzarət edirdi. Müəssisələr dövlət mülkiyyəti olaraq qalırdı və çıxılmaz vəziyyətdə dövlətin köməyinə arxalana bilərdi.

Ölkədə tam məsuliyyətsizlik və islahatın davam etdirilməsinə heç bir təminat olmadığı üçün bir çox müəssisə rəhbərləri yaranmış qarışıqlıqdan şəxsi varlanmaq məqsədilə istifadə edirdi. Müəssisələrin gəliri direktorluq tərəfindən yaradılmış kooperativlərin hesabına köçürülürdü ki, burada da real məhsul istehsalı ilə deyil, aztapılan malların və istehsal fondlarının ticarəti ilə məşğul olurdular. Kooperativ məhsulları adı ilə kütləvi tələbat malları alınıb-satılırdı. Qiymətlər sürətlə artır, pul dəyərdən düşürdü. Yeni texnikanın tədbiqi və əmək məhsuldarlığının artırılmasına maraq isə durduğu yerdə sayırdı. Bir sözlə, köhnə inzibati idarəçilik sistemi dağıdılmış, yeni bazar ağırlıqlı sistem isə M.S.Qorbaçov hakimiyyətinin qətiyyətsizliyi üzündən yaradılmamışdır. 1989-1990-cı illərdə SSRİ-nin iqtisadi vəziyyəti sürətlə ağırlaşmaqda davam edirdi. Yerli əhalini başqa şəhərlərin alıcılarından qorumaq məqsədilə istehlakçı kartoçkaları tətbiq edildi. 1991-ci ildə Moskvada şəkər, tütün və arağı yalnız talonla almaq olardı.

1990-cı ildə N.İ.Rıjkov hökuməti akademik L.İ.Abalkinin rəhbərliyi ilə bir qrup alimin hazırladığı böhrandan çıxmaq proqramını təklif etdi. Proqrama görə 1991-1992-ci illər ərzində üç mərhələdə tədricən bazar iqtisadiyyatına keçmək nəzərdə tutulurdu. Proqramın müəllifləri bazar iqtisadiyyatına keçməyin əsas şərti olaraq iqtisadi sabitləşməni nəzərdə tuturdular. Proqramın çatışmayan cəhəti ondan ibarət idi ki, bazar elementlərinə tədricən mövcud dövlət mexanizminin nəzaərti ilə keçilirdi. Lakin məhz bu cəhət iqtisadiyyatı dağılmaq həddinə salmışdır.

N.İ.Rıjkov-L.İ.Abalkin proqramı ilə yanaşı bir qrup gənc iqtisadçı Q.A.Yavlinskinin rəhbərliyi ilə “500 gün” proqramını hazırladı. Bu müddətdə ölkə iqtisadiyyatını əsaslı surətdə yenidən quraraq dövlət əmlakını özəlləşdirib, dövlətin qiymət siyasətindən imtina edilməli idi. Hər iki proqramı birləşdirmək mümkün olmadı. 1990-cı ilin martında SSRİ-nin Prezidenti seçilən M.S.Qorbaçov həmin ilin oktyabrında N.Rıjkov-L.Abalkin proqramını müdafiə edərək Q.Yavlinskinin proqramını rədd etdi. Əsas səbəb isə siyasi faktorlarla bağlı idi. Belə ki, “500 gün” proqramın B.N.Yeltsinin başçılıq etdiyi Rusiya rəhbərliyi müdafiə edirdi, onlar isə M.S.Qorbaçov başda olmaqla ittifaq mərkəzi ilə münaqişə aparırdı. Həm də bu proqram mərkəzlə respublikalar arasında səlahiyyətlərin yenidən bölünməsini tələb edirdi ki, buna da M. Qorbaçov razı ola bilməzdi.

1990-cı ilin dekabrında hökumətin başçısı N.İ.Rıjkov yenidənqurma siyasətinin iflasını qəbul edərək istefaya getdi. Hökumətə başçılıq edən V.S.Pavlov pul islahatı keçirərək 100 və 50 manatlıqları yeniləri ilə əvəz etdi. Üç gün ərzində dəyişdirilməsi nəzərdə tutulan məbləğ çox məhdud idi. Formal olaraq bu kampaniya kölgə işbazlarına qarşı yönəlsə də praktik olaraq yalnız mövcud artıq pul kütləsinin 5 faizi toplana bildi. Lakin pul islahatı iqtisadiyyatı düzəltmək əvəzinə əhalinin narazılığını daha da artırdı,1991-ci ildə V.S. Pavlov hökuməti ticarət, nəqliyyat, məişət xidməti sahəsindəki dövlət qiymətlərini iki dəfə artırdı. Qiymətlərin mexaniki artımı iqtisadiyyatı sağlamlaşdırmaq yerinə gizli davam edən inflyasiyanı daha da dərinləşdirdi. Dövlət büdcəsi kəsrinin həcmi və işsizlərin sayı daha da artdı. Rəsmi məlumata əsasən 1990-cı ilin əvvəllərində SSRİ-də 6 milyon nəfər işsiz var idi.

İctimai-siyasi vəziyyət

M.S.Qorbaçov və onun yaxın ətrafının iqtisadi islahatlar sahəsindəki uğursuzluğu yeni siyasi anlayışların “aşkarlıq”, “plüralizm” və s. irəli sürülməsi ilə nəticələndi. Aşkarlıq o demək idi ki, ölkə rəhbərliyi bundan sonra xalqdan heç bir şeyi gizlətməməlidir. Plüralizm isə tənqidetmə azadlığını elan edirdi. 1986-cı il fevralın 25-dən martın 6-dək davam edən Sov.İKP -nin XXVII qurultayında M.S.Qorbaçov yeni ideya olaraq aşkarlığı elan etməklə bərabər partiya və sovet orqanlarının əvəzçilik yolu ilə birləşdirilməsinin yolverilməz olduğunu bildirdi. Qurultaydan sonra M.Qorbaçov və onun komandası partiya və dövlət aparatı heyətinin ciddi müqaviməti ilə üzləşdi. Yenidənqurma və aşkarlığın elan edilməsi partiya aparatının təmizlənməsi, kadrların əvəzlənməsi və M.Qorbaçovun yeni komandasının möhkəmlənməsi üçün şərait yaratdı. Birinci növbədə əvvəlki Brejnev hakimiyyəti ilə bağlı olan kadrlar partiya və dövlət vəzifələrindən uzaqlaşdırıldı. 1985-ci ilin iyulunda Q.Romanov, oktyabrıda N.Tixonov, 1986-cı ilin fevralında V.Qrişin, 1987-ci ilin yanvarında D.Kunayev, 1987-ci ilin oktyabrında H.Ə.Əliyev, 1988-ci ilin sentyabrında M.Solomentsev, A.Qromıko tutduqları yüksək partiya və dövlət rəhbərliyindən kənar edildi. Bu uzun illər təcrübə toplayan, partiya və dövlət xadimləri M.S.Qorbaçov komandasının yeni üzvləri N. Rıjkov, E.Şevardnadze, V.Çebrikov, A.Yakovlev və b. əvəz olundu. 1985-ci ilin sentyabrında N.Rıjkov SSRİ Nazirlər Soveti sədri vəzifəsində L.Brejnevin məsləkdaşı N.Tixo-novu əvəz etdi. E.Şevarnadze isə SSRİ Xarici İşlər naziri təyin olundu. 1987-ci ilin əvvəlinə doğru Siyasi Büro üzvlərinin 70, Sov.İKP MK üzvlərinin 40, vilayət partiya təşkilat katiblərinin 60 faizi dəyişdirilərək əvəz edildi. 1986-1988-ci illərdə şəhərvə rayon partiya komitəsi katiblərinin 70 %-i dəyişdirildi. 1985-ci ilə kimi SSRİ Nazirlər Sovetinin vəzifəyə təyin edilmiş 115 nəfər işçisindən 1989-cu ildə yalnız 10 nəfəri qalmışdır. 1986-cı ilin fevralında Sov.İKP Moskva şəhər komitəsinin birinci katibi V.Qrişin vəzifəsindən azad edilərək onun yerinə Sverdlovsk (Yekaterinburg) şəhər partiya komitəsinin birinci katibi B.N.Yeltsin seçildi. Demək olar ki, yeni Baş katib M.S.Qorbaçov bir il ərzində əvvəlki hakimiyyətin dayağı olan bütün partiya aparatı işçilərini dəyişdi,1985-1987-ci illərdəki dəyişikliklər yerli partokratların ciddi müqaviməti ilə qarşılaşdı ki, onların da ideya rəhbəri “Brejnev” qvardiyasının mühafizəkar qanadını təmsil edənlərdən Siyasi Büronun üzvü Y.K.Liqaçov idi. Yerli partiya başçıları aşkarlıq şəraitində öz imtiyaz və toxunulmazlıqlarını itirməkdən qorxurdular. Partiya və dövlər aparatının mühafizəkar hissəsinin müqaviməti M.S.Qorbaçovu təhrik etdi ki, aşağılarda, xüsusilə ziyalılar arasında müdafiəçilər axtarsın.

1986- cı ildə aşkarlığın ilk əlamətləri görünməyə başladı, icitmai həyatda səs salan T.E.Abuladzenin “Tövbə” (“Pokayanie”) filmi göstərildi. Kütləvi informasiya vasitələrində “dissident”, “fərqli düşünən” terminləri yoxa çıxdı, akademik A.D.Saxarov 1986-cı ilin dekabrında Qorkidəki sürgündən qayıtdı. E.V.Yakovlevin baş redaktoru olduğu “Moskovskie novosti”, V.A.Korotiçin baş redaktoru olduğu “Oqonek”jurnallarının səhifələrində kəskin publisist yazılar dərc olunmağa başlandı. Ölkədəki problemlərdən bəhs edən yazılara üstünlük verdiyindən “Mosksovskie novosti”, “Oqonek”, “Literatumaya qazeta” nəşrləri xalq arasında geniş şöhrət qazanmışdır və onların çapı 5 milyon nüsxəyə çatırdı. Əgər əvvəllər kütləvi informasiya vasitələri mərkəzdə təsdiq edilmiş bir rəsmi mövqedən çıxış etmək imkanına malik idisə, aşkarlıq şəraitində onlar cəmiyyətdə mövcud olan çoxtərəfli maraqları nəzərə almaqla siyasi plüralizmə geniş yer vermək şəraiti əldə etdilər. Stalinin şəxsiyyətinə pərəstişin səbəbləri və nəticələri, kütləvi repressiyalar, cəmiyyətin mərkəzləşmiş idarəetmə sisteminin yaranması, 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında ölkənin iqtisadi və elmi-texniki inkişafının dayanması kimi məsələlər aşkarlıq şəraitində yeni düşüncə tərzi ilə işıqlandırıldı və öz haqlı qiymətini aldı. 1987-ci ildə siyasi repressiya qurbanlarının əfv edilməsi üzrə Sov.İKP MK-nın katibləri əvvəlcə M.S.Solomentsevin, sonra isə yenidənqurmanın ardıcıl tərəfdarlarından biri olan A.N.Yakovlevin sədrliyi ilə Komissiya yaradıldı. Komissiyanın təşəbbüsü ilə 1930-1950-ci illərdəki siyasi repressiya qurbanlarına hətta “mülayimləşmə” dövründə belə olduğundan çox geniş əfv kompaniyası başlandı. İ.V.Stalin rejiminin müxalifət liderləri L.B.Kamenev, Q.E. Zinovyev, N.İ.Buxarin, A.İ.Rıkov və b. ağlandı. Əvvəllər çap edilməsinə qadağan qoyulan arxiv sənədləri nəşr edilərək sovet tarixinin qaranlıq səhifələrinə işıq saldı. Böyük Vətən müharibəsi ərəfəsində Molotov-Ribbentrop paktı kimi tanınan sovet-alman müqaviləsi nəşr edilərək işıq üzü gördü. N.İ.Buxarin və L.D.Trotskinin əsərləri çap olundu.

1987- ci ilin yanvarında Sov.İKP MK-nın Plenumunda M.Qorbaçov bəyan etdi ki, yenidənqurma yalnız demokratiya əsasında mümkündür, odur ki, aşkarlığı genişləndirmək lazımdı. Yanvar Plenumundan sonra mətbuatdakı tənqidi məqalələr daha kəskin xarakter aldı. Mühacirətə və repressiyaya məruz qalan yazıçılar D.S.Merejkovski, V.V.Nabokov, V.F.Xo-daseviç, A.P.Platonov, B.A.Pilnyak, V.T.Şalamov və b. əsərləri çap edilərək sovet oxucusuna çatdırıldı. 1987-1988-ci illərdə stalinizm və sovet rejimini amansız tənqid etdiyi üçün senzura tərəfindən nəşri qadağan edilən əsərlər, o cümlədən D.A.Qraninin “Zubr”, V.D.Dudintsevin “Ağ paltar” (“Belie odejdı”), A.N.Rıbakovun “Arbat uşaqları” (“Deti Arbata”) romanları işıq üzü görərək çap edildi.A.A.Axmatovanın “Rekviyem”, M.F.Şatrovun “Brest sülhü” (“Bret-skiy mir”), E.İ.Zamyatinin “Biz” (“Mı”), V.S.Qrossmanın “Həyatlar və talelər” (“Jizn i sud-ba”) və b. əsərlər nəşr olundu. Mühacirətdə olan bir çox şair, yazıçı və ziyalı Rusiyaya qayıtdı. Bu əsərlər “aşkarlığın lokomativi” kimi totalitarizmi ifşa etməyin təqibi qorxusundan azad olmağa kömək etdi. Cəmiyyət tədricən tarixinin “ağ ləkələrindən” azad olmaq zərurətini dərk etməyə başladı. Yeni şəraitdə köhnə yanaşma metodu yararsız olduğundan 1988-ci ildə məktəblərdə tarix imtahanları ləğv edildi.

1988- ci ilin martında “Sovetskaya Rossiya” qəzetində Leninqraddan olan müəllimə N.A.Andreeva “Prinsiplərimdə güzəştə gedə bilmərəm” (“Ne moqu postupitsya prinsipami”) məqaləsini dərc etdirdi. Məqalənin müəllifi yenidənqurmanın liderlərini sinfi yanaşmanı itirdikləri üçün tənqid edirdi, İ.V.Stalini isə tərifləyirdi. N.Andreevanın məqaləsi çox güman ki, Siyasi Büroda ideoloji məsələlərə rəhbərlik edən MK-nın katibi Y.K.Liqaçovun tapşırığı ilə çoxlu yerli qəzetlərdə çap edilərək yayıldı.Yalnız bir həftədən sonra M.Qorbaçov xarici səfərdən qayıtdıqdan sonra “Pravda” qəzeti Siyasi Büronun üzvü A.N.Yakovlevin hazırladığı “Yenidənqurmanın prinsipləri: fikrin və hərəkətin inqilabçılığı” (“Prinsipi prerstroyki: revol-yutsionnost mışleniye i deystviy”) məqaləsini dərc etdi. N.Andreevanın məqaləsi “antiyeni-dənqurma qüvvələrinin manifesti” adlandırıldı. Kütləvi informasiya vasitələri İ.Stalinin ifşa edilməsindən bəhs sedən məqalələri daha çox çap etməyə başladılar. Hətta V.İ.Leninin ünvanına belə əvvəllər ağıla gəlməyən tənqidlər səslənməyə başlandı. Xüsusilə silahlı üsyanın ilk illərində bolşeviklər partiyasının qırmızı terror, din xadimlərinə və başqa cür düşünən ziyalılara qarşı repressiyalar tədbiq etmələri daha çox tənqid olunurdu.

1988- ci il iyunun 28-dən iyulun 11-dək olan XIX Ümumittifaq partiya konfransında yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin gələcək inkişafı ilə bağlı kəskin fikir mübadiləsi oldu. Konfrans nümayəndələrinin çoxu ölkənin iqtisadi islahatları və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi ilə bağlı M.S.Qorbaçovun nöqteyi-nəzərini müdafiə etdi. Konfrans ölkədə hüquqi dövlət yaratmaq kursunu təstiq etdi. Hüquqi dövlətin yaradılmasının əsas yolu isə siyasi islahatların keçirilməsi idi. Siyasi islahatın mahiyyəti isə partiya orqanları və sovetlərin səlahiyyətlərini dəqiq müəyyən edib hakimiyyətin Kommunist partiyasından Sovetlərə keçməsini təmin etməkdən ibarət idi. Əslində konfransın qərarı ilə partiya orqanları dövlət funksiyasını yerinə yetirməkdən məhrum edilir, respublikaların hüquqları genişləndirilirdi. Konfransın mühüm yekun qərarı SSRİ xalq deputatları qurultayının çağırılması oldu. Qurultay 2250 nəfər deputatdan ibarət olmalı, deputatlar isə öz aralarında daimi fəaliyyət göstərən Ali Soveti seçməli idi. Deputatların üçdə iki hissəsi birmandatlı dairələrdən, üçdə biri ictimai təşkilatlardan seçilirdi. Ən çox deputat, yəni 100 nəfər Sov.İKP-nı təmsil edirdi. Onlarla adam komsomol, həmkarlar, Elmlər Akademiyasını, hər biri on nəfərdən ibarət olmaq etibarı ilə böyük yaradıcılıq ittifaqlarını təmsil edirdi. Ölkə tarixində ilk dəfə real səsvermə hüququ əldə edən seçicilər son dərəcə fəallıq göstərərək çox halda mövcud hakimiyyətin əleyhinə səs verirdilər. Odur ki, ərazi dairələri üzrə namizədliyini irəli sürən bir çox paykom və obkom katibləri məğlub oldular. Leninqraddan bir nəfər də olsa partiya rəhbəri deputat seçilə bilmədi. Başqa sözlə, 1989-cu ilin martında keçirilən seçkilər partiya aparatına qarşı öznəməxsus inqilab səciyyəsi daşıyırdı. Seçkilər ərəfəsində Moskvada kütləvi mitinqlər oldu. Moskva dairəsində səslərin demək olar 90 faizini B.N.Yeltsin qazandı. Hələ 1987-ci ildə Moskva şəhər partiya komitəsinin birinci katibi olarkən B.Yeltsin yenidənqurmanın sürətin-dəki nöqsanları tənqid edərək istefaya göndərilmişdi. Moskva şəhər partiya komitəsinin plenumunda M.Qorbaçov və Y.Liqaçov tərəfindən təşkil edilmiş kampaniyada B.Yeltsin volün-tarizmdə, hətta partiyaya arxadan xəncər vurmaqda sərt ittihamlarla üz-üzə qaldı. B.Yeltsin XIX partiya konfransında “siyasi əfv” istəsə də rədd edildi və SSRİ Dövlət Tikinti Komitəsinin sədri kimi işini davam etdirdi. Bununla Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsindən və Siyasi Büro üzvlüyünə namizədlikdən azad edilən B.N.Yeltsinin partiya karyerası başa çatdı, lakin onun qarşısında yeni bir yol, yenidənqurmanın xalq tribunası yolu açıldı.

Yeltsin Boris Nikolayeviç 1931-ci ildə Ural vilayətinin Butka kəndində anadan olub. Ural Politexnik İnstitutunu bitirdikdən sonra tikinti mühəndisi işləyib. Bu işdə onun kütləni böyük işlərə səfərbər etmək, təşkilatçılıq, liderlik bacarığı üzə çıxıb. 32 yaşında olarkən B.Yeltsin nəhəng evtikmə kombinatının başçısı olub,1968-ci ildə partiya işinə keçərək, 1976-cı ildən Sov.İKP-nın Sverdlovsk vilayət komitəsinin birinci katibi seçilib. 1985-ci ildə mərkəzi partiya-dövlət aparatının yenilənməsi ilə əlaqədar olaraq B.N.Yeltsin Sov.İKP Moskva şəhər komitəsinin birinci katibi seçilib. 1987-ci ildə istefaya göndərildikdən sonra 1989-cu ilin əvvəllərindən B.Yeltsin fəal siyasi mübarizəyə qoşulub.

1989- cu ildə SSRİ xalq deputatları Qurultayına alternativ seçki əsasında keçən seçkilərdə Leninqraddan Qurultayın gələcək “demokratik fraksiya” liderləri A.Sobçak, Y.Bol-dırev, A.Denisov deputat seçildi. İctimai təşkilatlardan deputat seçilənlər arasında A.Saxarov, P.Saqdeev, P.Buniç, A.Yakovlev, V.Qinzburq, N.Şmelev, V.İvanov, S.Averentsev və b. var idi. Ümumən 2250 deputat seçilmişdi.

1989-cu il mayın 25-də SSRİ xalq deputatlarının I Qurultayı açıldı. Qurultay M.Qor-baçovu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, A.Lukyanovu isə onun müavini seçdi. 542 nəfər deputatdan ibarət SSRİ Ali Soveti seçildi. Qurultay N.Rıjkovu Nazirlər Sovetinin sədri, E.Smolentsevi Ali məhkəmənin sədri, A.Suxarevi Baş prokuror, Y.Matveevi Baş dövlət arbitri təsdiq etdi. Qurultayda gedən siyasi müzakirələrdə radikal əhval-ruhiyyəli deputatlar N.Rıjkov hökumətinin iqtisadi siyasətini kəskin tənqid edərək sürətlə bazar iqtisadiyyatına keçməyi tələb etdilər. Demokratik istiqamətli deputatlar mövcud hakimiyyətə qarşı müxalifətə keçərək Regionlararası deputat qrupunda birləşdilər (MDQ). B.N.Yeltsin, A.D.Saxarov, Y.N.Afanasyev, Q.X.Popov qrupun həmsədrləri seçildi. Beləliklə, Qurultay M.S.Qorbaçov başda olmaqla yenidənqurma islahatının mötədil və Regionlararası deputat qrupunun rəhbərləri akademik A.Saxarov, B.Yeltsin, Y.Afanasyev, Q.Popov, A.Sobçak, Y.Çerniçenko başda olmaqla radikal tərəfdarlarını təsbit etdi.

1989-cu ilin payızında Şərqi Avropa ölkələrində baş verən “dinc” və “məxməri inqilab” demokratik müxalifətin daha qəti addım atması ilə müşayiət olundu,1989-cu ilin dekabrında 2-ci xalq deputatları Qurultayında Regionlararası deputat qrupunun üzvləri Sov.İKP-nı “sovet cəmiyyətinin aparıcı və istiqamətverici qüvvəsi, onun siyasi sisteminin nüvəsi” elan edən 1977-ci il Konstitusiyasının 6-cı maddəsini ləğv etməyi tələb etdi. Deputatların bu tələbini bir çox mətbuat orqanı, xüsusilə tətil edən mədənçilər müdafiə etdi. Keçirilən sorğuya əsasən cəmiyyətdə mövcud ictimai rəyə görə 50 faizdən çox əhalinin bu tələbi müdafiə etməsinə baxmayaraq qurultay səs çoxluğu ilə onu rədd etdi.

RSFSR xalq deputatları Qurultayına seçkilər yaxınlaşırdı. İttifaq rəhbərliyində və Qurultayda çoxluq əldə edə bilməyən radikallar Rusiyada qələbə qazanaraq onun müstəqilliyini elan etməklə mərkəzi hakimiyyətin real gücündən xilas olmaq niyyəti ilə 1990-cı il yanvarın 21-22-də “Demokratik Rossiya” blokunu yaratdılar. Blokun özəyini Regionlararası deputat qrupunun nümayəndələri təşkil edirdi. Onlar öz platformalarına Konstitusiyanın 6-cı maddəsinin ləğv edilməsini, istehsal və dövlət idarələrində partiya orqanlarının işinə xitam verilməsini, Ali Sovetin daimi fəaliyyət gösətərən orqana çevrilməsini daxil etmişdilər. Eyni zamanda Moskva ali partiya məktəbinin rektoru V.Şostakovski və elmi kommunizm müəllimi V.Lısenko “Sov. İKP-də Demokratik platforma”nı yaradaraq Sov.İKP-nı parlament tipli partiyaya çevirmək məqsədi daşıyırdılar.

Demokratik qüvvələrin məqsədyönlü fəaliyyəti, real sosializmin total tənqidi sayəsində partiyanın daxilində ziddiyyətlər getdikcə dərinləşir, onun liderləri hakimiyyətdən və xalqdan uzaqlaşırdı. M.S.Qorbaçovun mövqeyindəki tərəddüdlər onun həm sağdan, həm də soldan tənqidini gücləndirdi. İctimai rəyin sorğusuna əsasən 1989-cu ilin dekabrında rəyi soruşulan-ların 52, 1990-cı ilin oktyabrında isə yalnız 21 faizi M.Qorbaçovu müdafiə edirdi. Bu isə o demək idi ki, kommunist partiyasının və onun lideri M.Qorbaçovun nüfuzu gündən-günə aşağı düşürdü. Cərəyan edən gərginlik Litva kommunist partiyasının parçalanmasına səbəb oldu. Litva Kommunist partiyası MK-nın birinci katibi A.Brazauskas başda olmaqla kommunistlərin böyük əksəriyyəti Sov.İKP-dən çıxdıqlarını elan etdilər. Azlığı təmsil edən ikinci qrup Sov.İKP platformasında qaldığını bəyan etdi. Belə şəraitdə, M.Qorbaçov təşəbbüsü ələ almağa çalışaraq 1990-cı ilin fevralında Mərkəzi Komitənin Plenumunda 6-cı maddədən imtina etmək haqqında qərarı keçirə bildi. 1990-cı il martın ortalarında 3-cü Xalq deputatları qurultayında SSRİ Konstitusiyasının 6-cı maddəsi ləğv edildi. Ümumxalq səsverməsi ilə deyil, qurultay nümayəndələrinin 60 faizinin səsi ilə M.S.Qorbaçov SSRİ-nin ilk və son prezidenti seçildi. Beləliklə, SSRİ-də çoxpartiyalı sistemin əsası qoyuldu. 1990-cı ilin iyulunda Sov.İKP -nın XXVIII qurultayı partiyanın yeni proqramını qəbul edərək onun məqsədinin demokratik sosializm quruculuğu olduğunu elan etdi. Bu əslində M.S.Qorbaçov və onun tərəfdarlarının qərbi Avropa sosial-demokratları ilə yaxınlaşması demək idi. Lakin Sov.İKP-ni parlament tipli demokratik partiyaya çevirmərk mümkün olmadı. B.N.Yeltsin 1990-cı ildə Sov.İKP sıralarını tərk etdiyini bildirdi. Sov.İKP-nın XXVIII qurultayından sonra bir il ərzində 4 milyon adam Kommunist partiyasının sıralarını tərk etdi. Sov.İKP parçalanması nəticəsində

1990-cı il iyunun 19-da İ.K.Polozkov birinci katib olmaqla Sov.İKP-nin tərkib hissəsi kimi Rusiya Kommunist Partiyası (RKP) yarandı. Onun fəal rəhbərlərindən biri G.Züqanov oldu.

1990-cı ilin mayında 1-ci Rusiya Xalq deputatları qurultayı oldu. B.N.Yeltsin Ali Sovetin sədri seçildi. Regionlararası qrupun liderləri Q.X.Popov Moskva şəhər sovetinin,

A. A.Sobçak isə Leninqrad şəhər Sovetinin sədrləri seçildi. 1990-cı il iyunun 12-də deputatlar Rusiyanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdilər. 1990-cı ildə demək olar ki, bütün respublikalar müstəqillik haqqında bəyannamə qəbul etmişdi.

1990- cı ilin dekabrında 4-cü SSRİ Xalq deputatları qurultayında mühafizəkarların köməyi ilə M.S.Qorbaçov prezident kimi yeni adı Nazirlər Kabineti olan hökumətə bilavasitə rəhbərlik etmək səlahiyyəti aldı. İstefaya gedən N.İ.Rıjkovun yerinə maliyyə naziri V.S.Pav-lov Nazirlər Kabinetinin sədri oldu.Yeni təsis edilən vitse-prezident vəzifəsinə M.Qorbaçovun təkidi ilə keçmiş komsomol və partiya işçisi G.İ.Yanaev təyin olundu. Mühafizəkarların nifrət etdikləri Xarici İşlərNaziri E.A.Şevardnadze diktaturanın təhlükəsini xəbərdar edərək istefaya getdi.

1991- ci il martın 17-də SSRİ-nin qalması ilə bağlı referendum keçirildi. Ölkə əhalisinin böyük əksəriyyəti, yəni 71,3 faizi Sovet İittifaqına səs verdi. Martın 28-də RSFSR Xalq Deputatlarının fövqəladə qurultayı toplandı. Qurultayda kommunist deputatlar arasında parçalanma baş verdi, A.Rutskoy “Kommunistlər demokratiya uğrunda” fraksiyasın yaratdı və B. N.Yeltsini müdafiə etdiyini bildirdi. Qurultay R.Xasbulatovun köməyi ilə 1991-ci ilin iyununda Rusiyanın Prezidentini seçməyi qərara aldı.

B.N.Yeltsin 1991-ci il iyunun12-də ümumxalq səsverməsində səslərin 57 faizini alaraq Rusiya Federasiyasının prezidenti seçildi. Prezidentliyə namizəd N.Rıjkov səslərin yalnız 17 faizini qazana bildi. A.V.Rutskoy vitse-prezident seçildi. 1991-ci il iyulun 20-də B.Yeltsin müəssisə və idarələrdə partiya komitələrinin fəaliyyətinin qadağan edilməsi haqqında fərman imzaladı. Bu sayları 21-dən 15 milyon nəfərə düşən Sov.İKP-nin dağılması daha da sürətləndirdi.

SSRİ-nin dağılması. MDB-nin yaranması

Ölkədəki mürəkkəb iqtisadi şəraitdə aşkarlıq və kütlələrin müstəqil siyasi fəaliyyətinin artmasl millətlər arasında münasibətlərin kəskinləşməsi ilə müşayiət olundu. Mərkəzi partiya-dövlət aparatının zəifləməsi şəraitində yerli hakimiyyət milli burjuaziya ilə dil taparaq öz mövqeyini möhkəmlətmək istəyirdi. Yenidənqurmanın ilk illərindən SSRİ xalqları arasında baş qaldıran ziddiyyətlər getdikcə kəskinləşdi. 1986-cı ilin mart-aprel aylarında Yakutiyada yakut və rus tələbələr arasında ilk toqquşma baş verdi. 1986-cı il dekbarın 17-19-da Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə D.A.Kunayevin yerinə milliyyətcə rus olan G.V.Kolbin təyin edildikdə minlərlə qazax gənci etiraz əlaməti olaraq küçələrə çıxdı. Çıxışların qarşısını almaq məqsədilə mərkəzi hakimiyyət ordu qüvvələrindən istifadə etdi. Ölənlər və minlərlə yaralananlar oldu.

Sovet respublikalarında suverenlik, müstəqillik uğrunda hərəkat genişlənirdi. Elan edilən hüquq bərabərliyi, azad inkişaf faktiki olaraq formal xarakter daşıyırdı. Siyasətdə, iqtisadi inkişafda, mənəvi həyatda mərkəzin göstərişləri əsas rol oynayırdı. Regionların iqtisadi inkişaf səviyyələri, adət və ənələləri, milli xüsusiyyətləri kommunist ideologiyasına tabe edilmişdi. Kommunist ideologiyasına qarşı milli respublikalarda demokratiya və müstəqillik uğrunda hərəkatlar genişlənirdi.

Azərbaycan və Gürcüstan bir çox çətinliklərlə, mərkəzi hakimiyyətin onlara qarşı yeritdiyi siyasi-hərbi avantürist xətti ilə qarşılaşmışdı,1987-ci ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində məskunlaşan ermənilər qədim Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbilə çıxış etdilər. Stepanakert və Yerevanda millətçilər mitinq təşkil edərək Azərbaycana qarşı əsli olmayan erməni təxəyyüllü şüarları səsləndirdilər. Ermənistanda yaşayan və lap qədimdən bu torpaqların sakinləri hesab edilən azərbaycanlılar basqı və fiziki cəhətdən məhvedilmə təhlükəsi altında yaşadıqları torpaqları tərk edərək Azərbaycana qaçmağa məcbur oldular. Ermənistandan Azərbaycana 165 min, Azərbaycandan Ermənistana 140 min nəfər adam qaçmışdı. Beləliklə, qədim Azərbaycan torpqaları üstündə başlayan qanlı münaqişə tezliklə tərəflər arasında sonu görünməyən müharibəyə çevrildi. 1988-ci il sentyabrın 18-21-də Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında silahlı toqquşma baş verdi. Mərkəzi M.S.Qorbaçov hakimiyyəti Azərbaycana təzyiqi artıraraq noyabrın 24-də Bakı, Naxçıvan və Kirovabadda (Gəncə) xüsusi vəziyyət elan etdi. Dekabrın 5-də sovet ordusu Bakının mərkəzi Lenin meydanını zor tədbiq edərək mitinqçilərdən təmizlədi. 1990-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət daha da kəskinləşdi. 31 dekabr — 2 yanvar tarixlərində Naxçıvan MSSR-də mərkəzi hakimiyyətin siyasətinə və erməni separatçılarının hərəkətlərinə qarşı mitinqlər başladı, etiraz əlaməti olaraq Sovet-İran sərhəd qurğularının bir hissəsi dağıdıldı. Ermənistanda “Qarabağ” komitəsi səfərbərlik elan etdi. M.Qorbaçov hakimiyyətinin hər iki tərəfi razı salamq məqsədilə yeritdiyi yarımçıq və qeyri peşəkar siyasət və ermənilərin təcavüzkar çıxışlarının artması Bakıda vəziyyəti kəskinləşdirdi, şəhəri etiraz mitinqləri bürüdü. 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tədbiq edilməsi haqqında” fərman verdi. Yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunları Bakıya hücum edib, ağır və yüngül silahlardan atəş açmaqla sakinləri qətlə yetirdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, bu hadisə “Qanlı yanvar” kimi tarixə həkk olundu. Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti, zorla onun torpaqlarının zəbt edilməsi, 1990-cı ilin qanlı yanvar qırğını xalqı M.Qorbaçov hakimiyyətinin siyasətinə qarşı fəal mübarizəyə qaldırdı.

1989-cü ilin aprelində Gürcüstanın paytaxtı Tiflisdə kütləvi nümayişlər başladı və onlar Gürcüstanın SSRİ-nin tərkibindən çıxıb müstəqil elan edilməsi tələbini irəli sürdülər. Aprelin 9-da dinc nümayiş ordu qüvvələri tərəfindən dağıdıldı, 19 nəfər öldürüldü, yüzlərlə adam yaralandı. Bu hadisə Gürcüstanın müstəqilliyi uğrunda milli hərəkatın artmasına güclü təkan verdi. Gürcüstan Respublikasının Ali Sovetinə seçkilərdə müstəqillik uğrunda mübarizə aparan “Dəyirmi stol -Azad Gürcüstan” üstünlük qazandı.

1989-1990-cı illərdə Orta Asiya respublikalarında, xüsusilə Əndican, Fərqanə, Oş, Düşənbə və b. yerlərdə millətlər arasında qırğınlar törədildi. Özbəkistanda Məhsəti türklərinə qarşı silahlı basqınlar, təqib və özbaşınalıq daha kəskin xarakter almışdı. 1989-cu ildə Kişinyov, Suxumi, 1990-cı ildə Sxinvalidə milli-etnik zəmində qanlı toqquşmalar nəticəsində ölən və ölkəsində qaçqın vəziyyətinə düşən adamların sayı dahada artmışdır. 1989-cu ildə milli toqquşmalarda 221 nəfər öldüyü halda, təkçə 1990-cı ilin 6 ayı ərzində 632 nəfər ölmüşdür. 4648 talan qeydə alınmış, 600 min qaçqın olmuşdur.

SSRİ-də milli-etnik zəmində baş verən toqquşmalar, onlara qarşı M.Qorbaçov hakimiyyətinin qoşun işlətməklə gördüyü səbatsız tədbirlər Sovetlər ittifaqının dağılmasını daha da sürətləndirdi. SSRİ-nin dağılmasının qarşısını almağa çalışan M.Qorbaçov yeni ittifaq müqaviləsi bağlamağı təklif etdi və 1990-ci ilin noyabrında onun müzakirəsinə başlandı.Yeni dövləti güclü mərkəz olmaqla federasiya formasında yartmaq nəzərdə tutulurdu. Gürcüstan və Baltikyanı respublikaları müstəqillik uğrunda mübarizə kursun qəbul etdiklərinə görə bu müzakirələrdə iştirak etmirdi. Mərkəzi hakimiyyət əvvəllər olduğu kimi güc tətbiq etməklə məsələni həll etmək niyyətində idi. 1991-ci ilin yanvarında Litvanın müstəqilliyinin əleyhdarları olan ictimai xilasetmə Komitəsi V.Landsberqin başçılığı ilə Respublika Ali Sovetində qələbə çalan xalq cəbhəsini devirmək üçün hərəkətə keçdi. Sovet ordusu və DTK-nin qüvvələri Vilnüsda televiziya mərkəzini silah tətbiq etməklə tutdu. Əməliyyatın gedişində 14 nəfər öldürüldü. Vilnüs əhalisi Litva Ali Sovetinin ətrafında barrikadalar qurdu. Qanuni seçilən Litva parlamentini zor gücünə devirmək mümkün olmadı. Eyni hadisələr Riqada da təkrar olundu. M.Qorbaçov formal olaraq Baltikyanı respublikalardakı hadisələrə onun deyil müstəqillik elan edən yerli hökumətlərin cavabdeh olduğunu bildirdi. Eyni zamanda aşkarlığı elan edən M.Qorbaçov söz azadlığını məhdudlaşdıraraq mətbuat haqqında Qanunun fəaliyyətini dayandırdı. 1991-ci ilin fevralında Litvada respublikanın SSRİ tərkibində qalıb-qalmaması referendumu keçirildi. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyə səs verdi. M.Qorbaçov əvvəlcədən bu referendumu qanunsuz elan etdi.

Baltikyanı dövlətlərdəki hadisələr Rusiya hakimiyyətində narazılığa səbəb oldu, M.Qorbaçovun demokratik baxışlı qüvvələr içərisində qəti olaraq nüfuzdan düşməsinə şərait yaratdı. B.N.Yeltsin açıq şəkildə Baltikyanı respublikalarının müstəqillik mübarizəsini müdafiə etdi və M.Qorbaçovu SSRİ prezidenti kimi istefaya dəvət etdi. B.Yeltsin RSFSR prezidenti seçildikdən sonra onun ümumittifaq orqanlarına, Sov.İKP-yə və M.Qorbaçovun siyasətinə qarşı amansız çıxışları daha da artmışdı.

1991-ci ilin aprelində M.S.Qorbaçov respublika liderlərinin razılığını alaraq Novo-Oqaryovda prezident iqamətgahında görüşdən sonra iqtisadiyyat və siyasi vəziyyəti sabitləşdirmək üzrə birgə tədbirlər və yeni ittifaq müqaviləsinin hazırlanmasına dair onların (doqquz respublika + SSRİ Prezidenti) bəyanatı ilə çıxış etdi. 1991-ci il iyulun 23-24-də Novo-Oqar-yovda müttəfiq respublika rəhbərlərinin yığıncağında 26 maddə və 4 hissədən ibarət “Suveren Dövlətlərin İttifaqı haqqında müqavilə”nin mətni razılaşdırıldı. Müqavilə iştirakçısı olan hər bir respublika suveren dövlət elan edilir, sosializmdən isə söhbət belə getmirdi. Hakimiyyət orqanları strukturunda, idarəetmədə, yeni Konstitusiyanın qəbulu və seçki sistemində dəyişikliklər tətbiq edilməsi nəzərdə tutulurdu. Müqavilənin təsdiq edilməsi 1991-ci il avqustun 20-nə təyin edilmişdir.

Lakin yeni İttifaq müqaviləsi mətn layihəsinin müzakirəsi və mətnin çap edilməsi cəmiyyəti parçaladı. M.S.Qorbaçovun tərəfdarları müqaviləyə qarşıdurmanın azalması və ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması kimi baxırdı. “Demokratik Rusiya” hərəkatının rəhbərləri bir il müddətinə müvəqqəti müqavilə imzalamağı təklif edirdi. Bu vaxtda Müəssislər Məclisinə seçkilər keçirib ümumittifaq hakimiyyət orqanlarını formalaşdırmaq sistemin müəyyən edilməsini həll etmək nəzərdə tutulurdu. Bir qrup ictimaiyyətçi alim müqavilə layihəsinə qarşı çıxış edərək belə bir sənədi mərkəzi respublikların milli-separatçı qüvvələri qarşısında təslim olmaq aktı kimi qiymətləndirdilər. Yeni müqavilənin əleyhdarları belə düşünürdülər ki, SSRİ-nin demontaj edilməsi mövcud xalq təsərrüfatı kompleksinin dağılmasına və iqtisadi böhranın dərinləşməsinə gətirib çıxarar.

Yeni müqavilənin imzalanmasına bir neçə gün qalmış müxalif qüvvələri islahat siyasətinə son qoymaq və dövlətin dağılmasının qarşısını almağa cəhd etdilər. SSRİ-nin bir qrup yüksək rütbəli dövlət rəhbəri, o cümlədən güc strukturlarının başçıları 1991-ci il avqustun 19-na keçən gecə Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar, “səhhəti ilə bağlı SSRİ prezidenti vəzifəsini icra edə bilmədiyinə görə M.S.Qorbaçovun istefaya göndərildiyi, SSRİ Konstitusiyasının 127-ci maddəsinə müvafiq olaraq SSRİ İttifaqı prezidentinin səlahiyyətlərinin SSRİ-nin vitse-prezidenti Gennadi İvanoviç Yanayevə keçdiyi” bildirildi. Ölkədə 6 aylıq fövqəladə vəziyyət rejimini səmərəli həyata keçirmək məqsədilə SSRİ Müdafiə Şurasının birinci müavini O.D.Baklanov, SSRİ DTK-nin sədri V.A.Kryuçkov, SSRİ-nin Baş naziri V.S.Pavlov, SSRİ Daxili İşlər naziri B.K.Puqo, SSRİ Müdafiə naziri D.T.Yazovdan ibarət Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradıldı. DFVK iqtisadi və siyasi böhranı, millətlər və vətəndaşlar arasındakı qarşıdurmanı və anarxiyanı aradan qaldırmağı özünün vəzifəsi elan etdi. Bu isə o demək idi ki, SSRİ-də 1985-ci ilə kimi olan qayda-qanunu təmin etmək əsas məqsəd daşıyırdı.

Avqust hadisələrinin mərkəzi SSRİ-nin paytaxtı Moskva şəhəri oldu. Şəhərə ordu hissələri yeridildi və komendant saatı müəyyən olundu. 1991-ci il avqust qiyamının baş tutmama-sında Rusiyanın Prezidenti B.N.Yeltsin və demokratik qüvvələr həlledici rol oynadı. B.Yeltsin fərman imzalayaraq DFVK-nin fəaliyyətini konstitusiyaya zidd dövlət çevrilişi cəhdi kimi qiymətləndirdi. Avqustun 21-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DFVK-nin fəaliyyəti qanundan kənar elan edildi. SSRİ Konstitusiyasına nəzarət Komissiyası da onların fəaliyyətini müdafiə etmədi. İctimaiyyət də DFVK-nin siyasətini müdafiə etmədi. Rusiya hökumətin və parlamentini qiyamçılardan qorumaq üçün minlərlər moskvalı Ağ evi canlı mühasirəyə aldı. Avqustun 21-də Sovetlər evinin ətrafında DFVK-nin tərəfdarları ilə B.N.Yeltsin hakimiyyətinin tərəfdarları arasında toqquşma baş verdi, üç nəfər gənc adam həlak oldu. Avqustun 21-də DFVK-nin üzvləri Krımdakı prezidentin Foros iqamətgahına uçdular, eyni vaxtda RSFSR-in vitse-prezidenti A.V.Rutskoy da M.S.Qorbaçovla görüşmək məqsədilə başqa təyyarədə ora uçdu. M.S.Qorbaçov DFVK-nin üzvlərini qəbul etməyərək Rusiya rəhbərli-

yinin nümayəndələri ilə Moskvaya qayıtdı. 1991-ci il avqustun 22-də DFVK-nin üzvləri dövlət çevrilişinə cəhd maddəsi ilə həbs edilərək sonradan əfv olundular. Ölkə dövlət çevrilişi və onun totalitar nəticələrindən xilas oldu.

Avqustun 19-21-də dövlət çevrilişi cəhdindən sonra B.Yeltsinin fərmanı ilə RSFSR Kommunist partiyasının fəaliyyəti dayandırıldı. M.S.Qorbaçov Sov.İKP MK-nin Baş Katibi vəzifəsini buraxdı və partiyanı özünü buraxmağa çağırdı. Sov.İKP-nin fəaliyyəti bütün SSRİ ərazisində dayandırıldı. Bütün partiya əmlakı dövlət mülkiyyəti elan edildi. 10 gün ərzində keçmiş sovet respublikaları, o cümlədən, Estoniya, Latviya, Ukrayna, Moldova, Azərbaycan, Özbəkistan və Qırğızıstan öz mütəqilliyini elan etdi. Litva və Gürcüstan isə hələ avqust qiyamına kimi öz müstəqilliyini elan etmişdi.

1991-ci il sentyabrın 2-dən SSRİ Xalq deputatlarının V qurultayı keçirildi, qurultay keçid dövründə hakimiyyət haqqında, Konstitusiya qanunu qəbul edərək öz funksiyalarını SSRİ Dövlət Şurasına verdi. 1991-ci il noyabrın 14-də M.S.Qorbaçov Novo-Oqoryovda Dövlət Şurasının iclasında 7 respublikanın nümayəndələri ilə yeni siyasi ittifaqın yaradılamsı haqqında razılığa gəlsə də, uğur qazana bilmədi. Gündən-günə dərinləşən iqtisadi böhran şəraitində ayrı-ayrı respubliklar belə hesab edirdilər ki, təkbaşına onlar əhalini ərzaq və gündəlik tələbat malları ilə daha asan təmin edə bilərlər. Dekabrın 1-də Ukraynada ölkənin statusu ilə bağlı referendum keçirildi. Səsvermədə iştirak edənlərin 90,32 faizi Ukraynanın dövlət müstəqilliyinə səs verdi. Ukraynanın prezidenti seçilən L.M.Kravçuk 1991-ci il dekabrın 5-də respublikanın 1922-ci il ittifaq müqaviləsindən çıxdığını bəyan etdi. SSRİ-nin sakit dağılması prosesi başladı. 1991-ci il dekabrın 8-də Rusiyanın prezidenti B.N.Yeltsin, Ukraynanın prezidenti L.M.Kravçuk və Belarusiya Ali Sovetinin sədri S.İ.Şuşkeviç Minskin yaxınlığındakı “Belaya Veja” adlı yerdə SSRİ İttifaqının dayandırılması və üç respublikanın daxil olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında müqavilə imzaladılar. Dekabrın 10-da müqaviləni Ukrayna və Belarusiya parlamentləri, dekabrın 12-də isə Rusiya Ali Soveti təstiq edib, parafladı. 1991-ci il dekabrın 21-də Baltikyanı respublikaları və Gürcüstandan başqa 11 respublika, o cümlədən Azərbaycan, Belarus, Ukrayna, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldova Alma-Ata Bəyannaməsini qəbul edərək MDB-yə daxil oldu. Bəyannamədə qeyd olunurdu ki, MDB-yə daxil olan ölkələr demokratik hüquqi dövlət qurmağı, müstəqilliyi, qarşılıqlı hörməti, bir-birinin daxili işinə qarışmamağı, bir-birinə qarşı zor işlətməməyi, azlıqların problemlərini sülh yolu ilə həll etməyi və s. kimi öhdəlikləri üzərlərinə götürmüşlər. Sənəddə göstərilirdi ki, MDB-nin yaranması ilə SSRİ öz varlığına xitam verir. 1991-ci il dekabrın 25-də Moskva vaxtı ilə saat 19.00-da M.S.Qorbaçov televiziya ilə çıxış edərək elan etdi ki, “Müstəqil Dövlətlər Birliyinin yaranması ilə bağlı şəraitə uyğun olaraq SSRİ-nin Prezidenti vəzifəsindən öz fəaliyyətimi dayandırıram”. Saat 19.38-də Kreml üzərindəki SSRİ-nin qırmızı bayrağı üç rəngli Rusiya bayrağı ilə əvəz olundu. 1991-ci ilin dekabrın 25-də RSFSR-in Ali Soveti respublikanın yeni-Rusiya Federasiyası (Rusiya) adın qəbul etdi. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin buraxılması faktını təstiq edib öz fəaliyyətini dayandırdı.

SSRİ-nin 1985-1991-ci illərdə xarici siyasəti

1985-ci ilin martında M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə sovet xarici siyasətində radikal dəyişikliklər başlandı. 1985-ci ilin iyulunda bir neçə onillik boyu SSRİ-nin xarici siyasət xəttini müəyyən edən, görkəmli sovet diplomatı və siyasi xadimi A.A.Qromıkonu Xarici İşlər naziri vəzifəsində Gürcüstan KP MK-nın keçmiş birinci katibi, Siyasi Büronun üzvü E.A.Şeverdnadze əvəz etdi. A.Qromıko fəxri vəzifə hesab olunun SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri təyin edildi və 1989-cu ilə kimi bu vəzifədə qaldı. E.Şeverdnadze ilk iş olaraq demək olar ki, nazirliyin bütün işçilərini, özünün 12 müavinindən 10-nu, idarə rəislərinin böyük əksəriyyətini dəyişdirdi. M.Qorbaçov xarici siyasət məsələləri üzrə özünün yaxın silahdaşları E.Şevardnadze, A.Yakovlev, G.Arbatovla birlikdə dövlət xarici siyasətinin 3 əsas istiqamətini müəyyən etdi: Birincisi, ABŞ-la tərkisilah məsələsinə dair danışıqlar vasitəsilə Şərqlə Qərb arasında gərginliyi yumşaltmaq; ikincisi, Əfqanıstandan başlayaraq regional münaqişələri nizamlamaq; üçüncüsü, mövcud dünya nizamını qəbul edərək marksist-leninçi istiqamətli dövlətlərə üstünlük vermədən bütün dövlətlərlə iqtisadi əlaqələri genişləndirmək.

1985-ci ilin noyabrında Cenevrədə M.Qorbaçov R.Reyqanla görüşərək tərkisilahı sürətləndirmək məsələsini müzakirə etdi. 1986-cı ilin oktyabrında Reykyavikdə M.Qorbaçovla R.Reyqanın növbəti görüşündə Avropada orta mənzilli raketlərin ləğv edilməsi, “Strateji müdafiə təşəbbüsü”nə dair işlərin dayandırılması və s. məsələlər müzakirə edilərək tərəflərin mövqelərində xeyli yaxınlaşmaya nail olundu. 1987-ci il dekabrın 8-də Vaşinqtonda M.Qor-baçovun səfəri vaxtı yüksək səviyyəli Sovet-Amerika görüşü zamanı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilə imzalandı. Müqaviləyə əsasən SSRİ 826 ədəd orta mənzilli, 926 ədəd yaxın mənzilli, ABŞ 683 orta mənzilli, 170 yaxın mənzilli raket ləğv etməli idi. Orta mənzilli raketlərin 3 il, yaxın mənzilli raketlərin 1,5 il müddətində ləğv edilməsi nəzərdə tutulurdu. 1988-ci iin mayında ABŞ Senatı, ertəsi gün isə SSRİ Ali Soveti bu müqaviləni təstiq etdi. 1988-ci ilin may-iyun aylarında ABŞ-ın prezidenti R.Reyqan Sovet İttifaqına səfərə gəldikdə yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin paraflanmış sənədləri mübadilə edilərək qüvvəyə mindi. Yüksək səviyyəli Sovet-Amerika görüşləri və konkret nəticə SSRİ-ABŞ qarşıdurmasını xeyli zəiflətdi. Fakt isə ondan ibarətdir ki, hərbi nöqteyi-nəzərdən yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqaviləni imzalamaqla M.S.Qorbaçov rəhbərliyi birtərəfli olaraq ABŞ-a əhəmiyyətli dərəcədə güzəştə getmişdi.

1987-ci ildə M.S.Qorbaçov “Bizim ölkə və bütün dünya üçün yenidənqurma və yeni təfəkkür” kitabını çap etdirdi. “Yeni təfəkkürün” beynəlxalq məsələlərdə mahiyyəti ondan ibarətdir ki, bütün bəşəriyyət sivilizasiyası bir-biri ilə sıx bağlıdır, müasir dünyada məqsədə güc vasitəsilə çatmaq qeyri-mümkündür, odur ki, ideoloji müxtəlifliyə əsaslanan qarşıdurmadan əl çəkib, bəşəriyyətin qarşısında duran qlobal problemlərin birlikdə həllinə səy göstərməliyik. Praktik olaraq “yeni təfəkkür” sovet iqtisadiyyatını hərbi yükdən azad etməyə şərait yaratmaqla bərabər iqtisadi islahatların həyata keçirilməsi məqsədilə qərbdən kredit almağı da təmin etməli idi.

“Yeni təfəkkür” siyasətinə uyğun olaraq SSRİ-nin beynəlxalq aləmdə öz müttəfiqlərinə qarşı münasibəti dəyişdirməsini tələb edirdi. İkili standart yanaşmasından Sovet İttifaqı əl çəkərək hər bir xalqın öz talehini həll etmək hüququnu sözdə deyil əməli fəaliyyətdə nümayiş etdirdi. Hələ 1986-cı ilin noyabrın 13-də Siyasi Büronun iclasında etiraf edildi ki, Əfqanıstana daxil olan sovet ordusu xalqın daxili köməyinə arxalanmır və hərbi qələbənin qazanılması prespektivi yoxdur. Qərara alındı ki, 1-2 il ərzində müharibəyə son qoyulsun. Uzun və gərgin danışıqlardan sonra SSRİ, ABŞ, Əfqanıstan və Pakistan nümayəndələri 1988-ci ilin aprelində Əfqanıstanda siyasi vəziyyəti normallaşdırmaq haqqında saziş imzaladılar. 1988-ci il mayın 15-dən sovet qoşunları Əfqanıstandan çıxarılmağa başlandı və bu proses 1989-cu il fevralın 15-də başa çatdı. 1989-cu ilin dekabrında 2-ci SSRİ Xalq Deputatları qurultayı Sovet qoşunlarının Əfqanıstana yeridilməsini siyasi səhv kimi qiymətləndirdi.

SSRİ M.Qorbaçov hakimiyyətinin elan etdiyi xarici siyasət doktrinasına əsaslanaraq Qərblə münasibətləri yaxşılaşdırmaq, iqtisadi çətinlikləri yüngülləşdirmək məqsədilə 80-ci illərin ikinci yarısında Anqola, Mozambik, Efiopiya, Nikaraqua kimi ölkələrdəki münaqişlərə hərbi kömək göstərməkdən imtina etdi. İnkişaf etməkdə olan ölkələrə iqtisadi və hərbi kömək göstərilməsi kəskin azaldıldı.

Sovet qoşunlarının Əfqanıstandan çıxarılması, orta və yaxınmənzilli raketlərin Asiyada yerləşdirilməsindən imtina edilməsi, SSRİ Çin sərhədində sovet qoşunlarının azaldılması, Kambocada Vyetnama hərbi köməyin dayandırılması Sovet-Çin münasibətlərini normallaşdırdı. 1989-cu ilin mayında SSRİ-nin rəhbəri M.S.Qorbaçov Çinə səfər edərək Pekində ölkənin liderləri Den Syaopin və Çjao Tszıyan ilə görüşdü. Yüksək səviyyədə keçən Sovet-Çin görüşündə hər iki tərəf dövlətlər arasındakı fikir ayrılığını aradan qaldırmaq əzmini nümayiş etdirdi.

SSRİ-də meydana gələn inzibati-amirlik sistemli sovet modelli sosializm quruculuğunun ilk illərində bütün sosialist ölkələri üçün məqbul sayılsa da sonralar sovet təcrübəsi sosialist ölkələri üçün bir buxova çevrildi. Ləngimə mexanizmi, iqtisadi böhranın dərinləşməsi sosializm sisteminin iflasını sürtələndirdi. Xalq təsərrüfatının müxtəlif sahələri intensiv inkişaf mərhələsinə keçirilmədi, elmi-texniki tərəqqinin böyük imkanları lazımınca qiymətləndirilmədi, onun nailiyyətlərinin istehsalata tətbiq edilməsində inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmadı. Sənaye və kənd təsərrüfatında əmək məhsuldarlığının aşağı düşməsi sosial gərginliyin yaranmasına səbəb olur, əhalinin rifahına mənfi təsir göstərirdi. İqtisadi tərəqqi dinamikasının pozulması, xarici ölkələrə olan dövlət borclarının artması bir çox sosialist ölkələrində vəziyyəti mürəkkəbləşdirdi. Sosializmin demokratiyanın yüksək tipi olması haqqında iddia real həyatla ayaqlaşmırdı. İnsan hüquqlarının qorunması həm daxildə, həm də xaricdə əsaslı tənqid edilirdi. Demokratik prinsiplərin, aşkarlığın pozulması Kommunist partiyasının nüfuzdan düşməsinə səbəb oldu. SSRİ-də M.S.Qorbaçovun elan etdiyi yenidənqurma siyasəti, yeni siyasi təfəkkür fəlsəfəsi sosialist ölkələrində tədbiq edilə bilməzdi. Beləliklə, Şərqi Avropanın sosialist ölkələri çətin sınaq və dəyişikliklər dövrünə daxil oldular, 1980-ci illərin sonu-90-cı illərin əvvəllərində sosializm sistemi dağıldı.

1980-ci illərdə sosialist ölkələrini bürümüş böhran Macarıstanı da əhatə etmişdi. Macarıstan Sosialist Fəhlə Partiyası (MSFP) xalq içərisində nüfuzunu itirmiş, köhnə totalitar üsullarla ölkəni idarə edə bilmirdi. 1989-cu ilin oktyabrında MSFP-nın qurultayı proletariat diktaturası, bir sinfin hakimiyyəti konsepsiyasından imtina edərək çoxpartiyalı sistemə keçilməsinə səs verdi. Partiyanın yeni adı Macarıstan Sosialist Partiyası oldu. Macarıstan mülkiyyət formalarının müxtəlifliyinə, bazar iqtisadiyyatının inkişafına əsaslanan yola keçdi.

Sovet İttifaqında elan edilən yenidənqurma islahatları sosialist ölkələri liderlərinin müqavimətilə qarşılandı. Onlar öz ölkələrində totalitar metodlu iş üslubunu davam etdirməkdə idi. Polşadakı daxili gərgin vəziyyət 1989-cu ildə “Həmrəylik” müstəqil həmkarlar təşkilatını leqallaşdırmağa, müxalifətin siyasi fəaliyyət hüququnu tanımaqla “dəyirmi stol” təşkil etməyə səbəb oldu. Seymin və senatın birgə iclasında general V.Yaruzelski prezident seçildi, tezliklə onu bu vəzifədə “Həmrəyliy”in tanınmış lideri L.Valensa əvəz etdi. 1990-cı ilin yanvarında PBFP-nın qurultayı çağırıldı və partiyanın yeni adı Polşa Respublikası Sosial Demokratiyası oldu. Polşa parlament demokratiyası və çoxpartiyalı sistemə keçdiyini bəyan etdi.

Rumıniyada 1965-ci ildən hakimiyyətdə olan N.Çauşeskunun amirlik sisteminə qarşı ölkədə narazılıq get-gedə artırdı. 1987-ci ildə Rumıniyanı rejimə qarşı nümayişlər bürüdü. 1989-cu ilin dekabrında Timişoara şəhərində kütləvi iğtişaşlar baş verdi. Dekabrın 22-də Buxarestin mərkəzi meydanında N.Çauşesku siyasətini müdafiə edən mitinqdə birdən-birə “Rədd olsun Çauşesku!” sədaları ucaldı.Çaxnaşma başladı, ordunun bir hissəsi xalqın tərəfinə keçdi. Rumıniya yeganə Avropa ölkəsi idi ki, azadlıq mübarizəsində qan töküldü, 1200 nəfər öldü, minlərlə insan yaralandı. İnqilab qalib gəldi, N.Çauşeskunun diktaturası devrildi. N.Çauşesku və arvadı həbs edilərək hərbi məhkəmənin hökmü ilə dərhal güllələndilər,1990-cı ilin mayında parlament seçkilərində Milli Qurtuluş Cəbhəsi (MQC) aşağı palatada və senatda yerlərin mütləq çoxluğunu qazandı. Səslərin 87 faizini qazanan İ.İlieski Rumıniyanın yeni prezidenti seçildi. 1989-cu il dekabr inqilabından sonra Rumıniya hüquqi dövlət kimi inkişaf edir, xarici siyasət sahəsində sülh və xalqların təhlükəsizliyini, əməkdaşlıq və qarşılıqlı yardım, Avropa və NATO ölkələrinə inteqrasiya yolunu müəyyən etmişdir.

Şərqi Avropanın bütün sosialist ölkələrində olduğu kimi 1989-cu ilin yayında Bolqarıstanda iqtisadi, sosial-siyasi vəziyyət kəskinləşdi. Teodor Jivkovun hakimiyyəti dövründə məhsul çatışmazlığı, inflyasiyasnın artması ilə bərabər milli münasibətlər sahəsində də vəziyyət gərginləşdi. Xüsusilə, türklərə qarşı ayrı-seçkilik, onların hüquqlarının tapdalanması daxili vəziyyətin nəzarətdən çıxmasına təkan verdi. 1989-cu il noyabrın 10-da BKP MK plenumu Y.Jivkovu baş katib vəzifəsindən azad etdi. 1990-ci ildə keçirilmiş BKP-nin XIV qurultayı T.Jivkov rejiminin daxili və xarici siyasi xəttini ifşa edərək, partiyanın adını dəyişib Bolqarıstan Sosialist Partiyası qoydu. Ölkədə prezident vəzifəsi təsis edildi və P.Mladenov Bolqarıstanın ilk prezidenti seçildi. Bolqarıstan köklü siyasi və iqtisadi dəyişikliklər yoluna qədəm qoydu.

SSRİ aşkarlıq və yenidənqurma dövrünə qədəm qoyduqdan sonra M.S.Qorbaçovun Çexoslovakiyaya səfəri və 1987-ci ilin sonunda M.Yakeşin ÇKP MK-nın birinci katibi seçilməsi ölkədə siyasi həyatın demokratikləşməsinə ümidləri artırdı. Lakin mühafizəkar ölkə rəhbərliyinin mövqeyi üzündən bu baş tutmadı,1968-ci ildə Sovet ordusunun Çexoslovakiyaya müdaxiləsinin 20 illiyi və 1918-ci ilin oktyabrın 28-də ölkənin müstəqillik günü münasibətilə Praqanın mərkəzində icazəsiz nümayişlər başlandı. 1989-cu ilin noyabrın 17-də tələbə nümayişinin hökumət qüvvələri tərəfindən dağıdılması cəmiyyəti qəzəbləndirdi və kütləvi nümayişlər başlandı. 1989-cu il noyabrın 19-da qeyri-formal təşkilatlar əsasında V.Qavelin başçılığı ilə “Vətəndaş forumu” (VF) hərəkatı yarandı. Hakimiyyət orqanları ilə danışıqlar nəticəsində noyabrın 24-də ÇKP MK-nın birinci katibi M.Yakeş, dekabrın 3-də isə ölkə prezidenti Q.Qusak istefa verdi. 1989-cu ilin dekabrın 29-da Federal yığıncaq V.Qaveli respublikanın prezidenti seçdi. 1993-cü ilin yanvarın 1-dən Avropanın xəritəsində Çexoslovakiya federasiyası yerinə iki müstəqil dövlət olan Çexiya və Slovakiya Respublikaları meydana gəldi.

Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrində baş verən redikal dəyişikliklər ADR-in iqtisadi və siyasi həyatına ciddi təsir etdi. Rejimdən narazı olan almanlar 1989-cu ildə Çexoslovakiya ilə sərhədi keçib Avstriya və AFR-ə köç edirdi.Ağır iqtisadi və siyasi vəziyyət Almaniya Vahid Sosialist Partiyasının (AVSP) nüfuzdan düşməsinə gətirib çıxardı, 1989-cu il oktyabrın 18-də AVSP-nın IX plenumunda Erix Honekker vəzifədən azad edildi, onu Eqon Krens əvəz etdisə də bu vəziyyəti xilas etmədi.Alman xalqı mövcud rejimə qarşı ayağa qalxaraq 1961-ci ildə çəkilmiş Berlin divarını dağıtdı, Konstitusiyada AVSP-nin rəhbər rolu haqqında maddə ləğv edildi. 1989-cu ilin dekabrında olan fövqəladə qurultayda partiya Demokratik Sosialist Partiyası adlandırıldı. İki alman dövlətinin birləşdirilməsi uğrunda mübarizə genişləndi. Bu məsələnin müzakirəsi 1990-ci ilin fevralında keçirilən “2+4”, yəni AFR, ADR və İkinci Dünya müharibəsinin qalib dövlətləri ABŞ, SSRİ, İngiltərə, Fransa formulu əsasında baş tutdu. 1990-cı ilin iyulunda M.S.Qorbaçovla AFR-in kansleri Q.Kolun görüşündə SSRİ rəhbəri xərclərin AFR tərəfindən ödənilməsi şərti ilə ADR ərazisindəki 500 minlik sovet hərbi hissələrini çıxarmağa razılıq verdi. Sentyabr ayının 12-də danışıqların iştirakçısı olan dövlətlər Almaniya məsələsinin tənzimlənməsinə dair sənədi imzaladılar. 1990-cı il avqustun 31-də ADR dövlət katibi Krauzen və AFR-in daxili işlər naziri Şoyble Almaniynaın birləşdirilməsi haqqında müqaviləni imzaladılar, müqavilə sentyabrın 29-da hər iki dövlətin parlamenti tərəfindən təstiq edildi və oktyabrın 3-də qüvvəyə mindi. 1990-cı ilin noyabr ayında SSRİ ilə AFR arasında qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.

Beləliklə, 1980-ci illərin sonu — 90-cı illərin əvvəllərində sosialist ölkələrinin idarə edilməsini təmin edən kommunist partiyasının hakimiyyətinə xitam verildi, Cənubi Şərqi Avropa ölkələrində çoxpartiyalı sistem meydana gəldi, ADR AFR-lə vahid Almaniya dövlətində birləşdi, Macarıstan, Polşa, Rumıniya, Bolqarıstan, Çexoslovakiya kimi ölkələr də bazar iqtisadiyyatına və demokratik prinsiplərə söykənən cəmiyyət qurmağa başladı,1990-ci ildən başlayaraq sovet ordusu Şərqi Avropadan çıxarılmağa başlandı. 1991-ci il aprelin 1-də Varşava Müqaviləsi Təşkilatının (VMT) hərbi strukturunun buraxıldığı elan olundu. İyulun 1-də isə blokun siyasi strukturu ləğv edildi. Həmin gün sovet ordusu Macarıstan və Çexoslovakiyadan çıxarıldı,1991-ci il iyunun 29-da Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) buraxıldı.Bununla da, sosialist əməkdaşlığına son qoyuldu.

1990-cı ilin avqustunda İraq Küveyt ərazisinin tarixən ona məxsus olduğunu irəli sürərək bu ölkəni işğal etdi. Təhlükəsizlik Şurası işğalçı qoşunları Küveytdən çıxarmaq məqsədilə silahlı qüvvələrdən istifadə etməyə dair qərar qəbul etdi,1991-ci ilin yanvarında “səhrada fırtına” əməliyyatı başlandı, əsasən ABŞ-ın hərbi qüvvələri İraq ordusunu məğlub edərək Küveyti azad etdi. SSRİ ilə İraq arasında 1972-ci ildə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmasına baxmayaraq Sovet diplomatiyası öz ənənəvi dostunu müdafiə etmədi və işğalçı dövlət kimi İraqa qarşı keçirilən əməliyyata razılıq verdi. Bu antihitler koalisiyasından sonra birinci hadisə idi ki, SSRİ ABŞ-ın üçüncü dövlətə qarşı müdaxiləsini dəstəkləyirdi. Dİgər bir tərəfdən SSRİ ilə İraq arasında mövcud iqtisadi əməkdaşlıq və İraqın SSRİ-yə olan bir neçə milyard dollar həcmindəki dövlət borcları ona qarşı tətbiq edilən iqtisadi embarqo ilə Sovet İttifaqının iqtisadiyyatına zərbə oldu. Bununla belə, təsadüfi deyil ki, 1990-cı ilin noyabrında SSRİ-nin prezidenti M.S.Qorbaçov Sülh uğrunda Nobel mükafatına layiq görüldü. SSRİ-nin yeni xarici siyasət kursu “soyuq müharibə”nin nəticələrini aradan qaldırdı və dövlətlər arasındakı etimadsızlığa son qoydu.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

 

0 şərh