Polşa 1918-1939-cu illərdə

Müstəqil Polşa Respublikasının yaranması. 1917-ci ilə qədər Polşa torpaqları parçalanmış halda qalmasına baxmayaraq müstəqil dövlət yaratmaq uğrunda Polşa xalqının milli-azadlıq mübarizəsi davam etmişdi. Üç hissəyə parçalanmış Polşanın vahid dövlət halında birləşdirilməsinə ilk addım Rusiyada Fevral inqilabından sonra atıldı. 1917-ci il martın 27-də Petroqrad Fəhlə və əsgər deputatları soveti “Polşa xalqına” müraciət qəbul edərək bildirdi ki, Polşa müstəqil dövlət yaratmaq hüququna malikdir. Rusiyanın Müvəqqəti hökuməti də 1917-ci il martın 29-da “Polyaklara” müraciət qəbul edərək polyakların müstəqil dövlət yaratmaq hüququnu göstərdi. 1917-ci ilin iyununda Fransanın prezidenti R.Puankare Fransada Polşa muxtar ordusunun yaradılması haqqında sənəd imzaladı. 1918-ci ilin yanvarında ABŞ-nın prezidenti V.Vilson da Polşa ərazisində müstəqil Polşa dövlətinin yaradılmasının vacibliyini bəyan etmişdi.

Qərbdə və ABŞ-da yaşayan polyakların fəallığı sayəsində 1917-ci il avqustun 15-də R.Dmovski başda olmaqla Polşa Milli Komitəsi yaradıldı və bu Komitəni Fransa, Böyük Britaniya, İtaliya, ABŞ hökumətləri tanıdılar. 1917-ci ilin sentyabrında Almaniya və Avstriya-Macarıstanın imperatorları Regent şurası təsis etdilər və ona Polşa torpaqlarının kral və ya regent hakimiyyəti altına keçməsinə qədər qanuni və icraedici səlahiyyətlər verdilər.

1917- ci ilin oktyabrında Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər də 1917-ci il noyabrın 2(15)-də imzalanmış “Rusiya xalqlarının hüquq Bəyannaməsi”ndə elan etdi ki, Rusiya xalqları öz müqəddəratını azad surətdə təyin etmək və hətta ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malikdirlər.

Brest-Litovskdə gedən sülh danışıqları zamanı Almaniya və Avstriya-Macarıstan Ukrayna Mərkəzi Radası ilə 1918-ci il fevralın 9-da imzalanmış sazişlə Polşa torpağı — Xelm-şinanın və Qalitsiyanın bir hissəsini Ukraynaya verdilər. Bu Polşa cəmiyyətində böyük etirazla qarşılandı və Alman-Avstriya — Ukrayna müqaviləsi satqınlıq kimi qiymətləndirildi. 1918-ci il martın 3-də Brest müqaviləsi imzalandı və Sovet Rusiyası Polşa çarlığının mərkəzi dövlətlər tərəfindən işğal edildiyini qəbul etdi. 1918-ci il avqustun 29-da Rusiya Xalq Komissarları Soveti keçmiş Rusiya imperiyası tərəfindən Polşanın bölüşdürülməsi haqqında Prussiya və Avstriya ilə bağladığı bütün müqavilələrdən imtina etmək haqqında dekret elan etdi.

1918- ci ilin yayında Almaniyanın qərb cəbhəsində ardıcıl məğlubiyyətlərindən sonra Dördlər ittifaqının məğlubiyyəti labüd idi. Belə bir şəraitdə Polşa torpaqlarında hakimiyyət məsələsi önə çıxdı. Almaniya və Avstriya-Macarıstan tərəfindən yaradılmış Regent (naiblər) şurası və Antanta tərəfindən tanınan Parisdə yerləşmiş Polşa Milli Komitəsi hakimiyyətə sahib olmaq üçün fəaliyyətini gücləndirdi. 1918-ci il oktyabrın əvvəllərində Naiblər şurası parlament seçkilərinə hazırlıq elan etdi. Əvvəllər almanlardan asılı olan orduya rəhbərlik Naiblər şurasının əlinə keçdi.

1918-ci il oktyabrın 28-də Avstriya-Macarıstanın hərbi əməliyyatlarını dayandırılması haqqında Antanta ölkələrinə müraciətindən sonra polyak xalqının mübarizəsi gücləndi. Sol partiyalar tərəfindən ümumpolşa hökumətinin yaradılmasına başlandı. 1918-ci il noyabrın 7-də Lüblində Qalitsiya sosialistlərinin lideri İqnasi Daşinski başda olmaqla Polşa Respublikasının Müvəqqəti xalq hökuməti yaradıldı. Hökumət geniş demokratik azadlıqlar və sosial hüquqlar, meşələrin və iri torpaq mülkiyyətinin milliləşdirilməsini elan etdi, gələcəkdə sənayenin bir sıra sahələrinin milliləşdirilməsi, aqrar islahatın aparılması vəd olundu.

1918-ci il noyabrın 10-da həbsdən azad edilmiş Yuzef Pilsudski Varşavaya qayıtdı. Naiblər şurası və İqnasi Daşinskinin Lüblin hökuməti Y.Pilsudskinin hakimiyyətini qəbul etdi. Noyabrın 14-də Naiblər şurası ölkədə bütün hakimiyyətin Y.Pilsudskiyə verildiyini elan edərək özünü buraxdı.Y.Pilsudski xalq dairələrində çarizmin düşməni kimi məşhur idi. O, siyasi fəaliyyəti ərzində Polşa xalqı içərisində ruslar əleyhinə millətçilik hissi oyatmağa və Polşa xalqını Almaniya və Avstriya-Macarıstanla əməkdaşlıq etməyə sövq edirdi.

Birinci Dünya müharibəsi dövründə Pilsudski Avstriya-macar və alman orduları tərəfindən döyüşlərdə iştirak edən Polşa könüllü dəstələrinə — “Polşa legionuna” komandanlıq edirdi. Keçmişdə Polşa Sosialist partiyası -“inqilabi fraksiya”nın (PSP-“fraksiya”) görkəmli xadimi olmuş Pilsudski sosializmin düşməni idi və çar hakimiyyətini Polşa hakim siniflərinin Almaniya və Avstriya-Macarıstana arxalanan hissəsinin hakimiyyəti ilə əvəz etmək məqsədi ilə Polşada sosialist hərəkatından istifadə etməyi qarşısına məqsəd qoymuşdur. Y.Pilsudskinin göstərişi ilə polyak legionerləri alman və avstriya-macar ordularına sədaqət andı içməyə etiraz etdikləri üçün Y.Pilsudski alman hökumət orqanları tərəfindən Maqdeburqda həbsxanaya salınmışdır.

Naiblər şurası 1918-ci il noyabrında hakimiyyəti Y.Pilsudskiyə təhvil verdikdən sonra Pilsudski Endjey Moraçevski başqa olmaqla noyabrın 18-də Varşavada yeni hökumət yaratdı. Hökumət fəaliyyət proqramına sosialist islahatlar, o cümlədən 8 saatlıq iş günü, xəstəliyə görə sığorta, dövlət müəssisələrində minimal əmək haqqının saxlanması, mənzil hüququnun qorunması, əmək birjası təşkili və b.tədbirlər daxil etdi. Antanta ölkələri və ABŞ bu hökuməti tanımaqdan imtina edir və 1917-ci il avqustun 15-də R.Dmovskinin başçılığı altında yaradılmış Polşa Milli Komitəsi ilə əməkdaşlıq edirdilər.

1918-ci il noyabrın 22-də Pilsudski dövlətin müvəqqəti rəisi təyin edildikdən sonra milli demokratlarla fəal əməkdaşlığa çalışırdı. 1919-cu ilin yanvarında Y.Pilsudski E.Moraçevski hökumətini istifeya göndərdi və yeni hökumətin təşkilini Polşa Milli Komitəsinə daxil olan İ.Paderevskiyə tapşırdı.Yeni Baş nazirin siyasi fəaliyyət sahəsində təcrübəsi olmasa da, ölkədə və onun hüdudlarından kənarda görkəmli musiqişünas və qızğın vətənpərvər kimi çox məşhur idi, prezident V.Vilsonla və digər Qərb siyasi xadimləri ilə sıx əlaqə saxlayırdı. Bir baş nazir kimi İqnasi Paderevski Polşanın bütün əsas siyasi qüvvələri və müttəfiq dövlətləri qane edirdi. Nəticədə Polşanın yeni hökumətini Antanta rəsmən 1919-cu ilin yanvar-fevral aylarındatanıdı. Yeni hökuməti ilktanıyan 1919-cu il yanvarın 30-da ABŞ oldu.

Müstəqil Polşa dövlətinin yaradılması bütün Avropada demokratik və inqilabi şəraitin fəallaşması zəminində baş verirdi. Məhz bu amil Polşada monarxiya yaradılmasına imkan vermədi, baxmayaraq ki, mühafizəkar qüvvələr buna tərəfdar idi. 1919-cu il yanvarın 26-da Polşada Qanunverici Seymə demokratik prinsiplərə əsaslanan — birbaşa, ümumi, bərabər, gizli və proporsional seçkilər keçirildi. Bununla da yenidən dirçələn Polşanın demokratik dövlət kimi müstəqilliyinin təşəkkül tapmasının birinci mərhələsi başa çatdı. 1919-cu il fevralında 10-da azad Polşada birinci Seym çağrıldı. Dövlət başçısı YuzefPilsudski deputatlar qarşısında çıxış edərək “yüz əlli il davam edən mübarizədən” sonra əldə edilən müstəqillik zəfərinin əhəmiyyətinə vurğu etdi.

Polşa Konstitusiyasının hazırlanması üzərində iş iki il davam etdi. Bütün bu müddət ərzində seymdə və mətbuatda dövlət quruluşunun forması, hakimiyyətin ayrı-ayrı qollarının səlahiyyətləri, seçki hüququnun prinsipləri haqqında qızğın müzakirələr oldu. 1921-ci il martın 17-də seym Konstitusiyanı qəbul etdi və bu “mart konstitutsiyası” adını aldı. Bu konstitusiya o dövrdə dünyada ən demokratik konstitusiyalardan biri olaraq ölkənin bərpa olunmasının birinci mərhələsini başa çatdırdı.

Konstitusiya Polşanı respublika elan etdi, ali hakimiyyət isə xalqa məxsus idi. Qanunverici hakimiyyət seym və senatdan ibarət olan parlamentə məxsus idi. İcraedici hakimiyyət prezidentə və hökumətə, məhkəmə hakimiyyəti isə müstəqil hakimlərə məxsus idi. İcra hakimiyyətinin başçısı, 7 il müddətinə hər iki palata tərəfindən birgə seçilən prezident idi. Prezident parlament tərəfindən təsdiq olunan hökuməti təyin edir, daxili siyasətə rəhbərlik edir, həmçinin dövləti beynəlxalq miqyasda təmsil etmək hüququna malik idi. Konstitusiya vətəndaşların əsas vəzifələrini və onların hüquqlarını təsbit etdi.

Yeni yaradılmış dövlətin qarşısında duran mürəkkəb məsələlərdən biri sərhədlər məsələsi idi. 1918-ci il dekabrın sonunda Poznanda Voysex Korfant və general Yuzef Dovbur-Musniskinin başçılığı altında Böyük Polşa üsyanı başladı. 1918-ci ilin dekabrında bu ərazilərdə başlanan üsyan 1919-cu ilin fevralına qədər davam etdi və demək olar bu ərazilər almanlardan azad edildi.

Polşa-Almaniya sərhədləri məsələsi Parisdə həll edildi. Polşa nümayəndələri Yuxarı Sileziya, Şərqi Pomorye, Qdansk (Dansiq), Şərqi Prussiyanın bir hissəsinin (üç rayon) Polşaya qaytarılmasına nail oldular. Bu məsələdə Polşanı Fransa müdafiə edirdi, çünki Fransa Almaniyanın maksimum zəiflədilməsinə çalışırdı. Faktiki olaraq Versal sülhünə görə Polşaya Böyük Polşadan başqa, Şərqi Pomoryenin yalnız bir hissəsi keçdi. Qnadsk sərbəst şəhər olaraq qalır, Yuxarı Sileziya və Şərqi Prussiyanın üç rayonunun Varmiya, Mazur və Povis-lenin hansı ölkəyə mənsub olması rəy sorğusu ilə həll edilməli idi. Şərqi Prussiyada 1920-ci il iyunun 11-də keçirilən plebisitdə Polşa uduzdu, Almaniya qələbə çaldı. 1921-ci ilin oktyabrında Yuxarı Sileziyanın 46% əhalisinin yaşadığı ərazi, o cümlədən Katovitse və Xojuv şəhərləri də daxil olmaqla zəngin kömür hövzələri rayonları Polşaya birləşdirildi. 1922-ci ilin iyulunda bu ərazi muxtariyyət hüququ alaraq Polşanın idarəçiliyinə verildi. Polşa-Çexoslovakiya sərhədləri isə mübahisəli ərazilər olaraq qalmaqda davam edirdi ki, buraya da Zaolzyenin torpaqları daxil idi (Çeşin Sileziyası).

Şərq sərhədlərinin müəyyənləşdirilməsi müəyyən çətinlik yaradırdı. Y.Pilsudski Polşa üçün başlıca təhlükənin Rusiya olduğunu bildirdi. 1920-ci il aprelin 26-da Polşa qoşunları Petlyuranın komandanlığı altında olan dəstə ilə birlikdə Ukraynaya hücum etdilər və mayın 7-də Kiyev şəhərini ələ keçirdilər. Ancaq birinci vəzifəni — Qırmızı Ordunun əsas qüvvələrini darmadağın etmək kimi işi həll edə bilmədilər. Ukrayna xalqının Simon Petlyuranı müdafiə edəcəyi haqqında ümidlər də özünü doğrultmadı. 1920-ci il mayın 10-da Qırmızı Ordunun Belarusiyaya, mayın 26-da isə Ukraynaya hücumu başlandı. İyunun 10-da Polşa qoşunları Kiyevi tərk edərək bütün cəbhə boyu geri çəkilməyə başladı. Həm də qarşıdakı döyüşlərə qüvvələrini saxlamaq üçün polyaklar çox sürətlə geri çəkilirdilər. Mixail Tuxaçevskinin komandanlığı altında sovet qoşunları 1920-ci ilin iyulunda Polşa sərhədlərini keçərək Varşavaya doğru irəliləyirdi.

Gənc Polşa dövləti 1920-ci il iyulda Belçikanın Spa şəhərində konfransa toplanmış böyük dövlətlərin rəhbərlərindən yardım tələb etdi. Britaniyanın xarici işlər naziri lord Kerzon xətti Polşanın etnoqrafik sərhədlərinə uyğun gəlirdi və Sovet-Polşa dövlət sərhədi üçün əsas ola bilərdi. Lakin Qırmızı Ordu Polşanın içərilərinə hücumunu davam etdirir və tutmuş olduğu ərazilərdə sovet hakimiyyəti orqanları yaradırdı. İyunun 28-də Qırmızı Ordu hissələri böyük sənaye mərkəzi olan Belostok şəhərini azad etdi. İyulun 30-da burada Polşa inqilabı hərəkatının görkəmli xadimi Yulian Marxlevski başda olmaqla müvəqqəti Polşa İnqilab Komitəsi — ilk fəhlə-kəndli hökuməti yaradıldı. Onun tərkibinə F.Dzerjinski, F.Kon, Y.Pruxn-yak və Y.Unşlixt daxil idilər. Bu komitə fabriklərin, mədənlərin, mülklərin milliləşdirildiyini, kilsənin dövlətdən və məktəbin kilsədən ayrıldığını elan etdi. Ən yaxın siyasi vəzifə kimi Polşa Sovet Sosialist Respublikasının yaradılmasını irəli sürdü. Lakin Müvəqqəti Polşa İnqilabı Komitəsi (“Polrevkom”) tezliklə öz fəaliyyətini dayandırmağa məcbur oldu.

Qırmızı Ordunun etnik Polşa torpaqlarına daxil olması polyaklarda güclü vətənpərvərlik hissələrinin artmasına səbəb oldu. Belə bir şəraitdə Qrabskinin hökuməti istefa verdi və “Pyast” Polşa Kəndli partiyasının lideri Vinsent Vitos (1874-1945) və İqnasi Daşinski başda olmaqla Milli müdafiə koalisyon hökuməti yaradıldı. Könüllülərdən ibarət 100 minlik ordu yaradıldı, general Yuzef Qaller isə komandan təyin edildi. Avqustun 12-18-də Varşava uğrunda həlledici döyüş baş verdi,1920-ci il avqustun 14-də Qırmızı Ordunun hücumu dayandırıldı, sonra polyak qoşunları onları tələsik geri çəkilməyə məcbur etdi. Cəbhə xətti yenidən şərqə tərəf çəkildi. Əks hücumun gedişində Pilsudskinin əmri ilə Litva-belarus diviziyasının komandanı general Lyusian Jeliqovski 1920-ci il oktyabrın 9-da Vilnonu tutdu, bu ərazidə Orta Litva dövləti yaradıldı və 1923-cü ildə Vilno seyminin qərarına əsasən Polşaya birləşdirildi.

1920-ci il avqustun 16-17-də öz arxasından çox irəli getmiş Qırmızı Ordu hissələri Varşava yaxınlığında məğlub olmağa və geri çəkilməyə başladılar. Qələbələrə baxmayaraq, Polşa hökumətinin müharibəni davam etdirmək gücü yox idi, Sovet hökuməti ilə avqustda başlanmış danışıqlara yenidən getməyə məcbur oldu. Polşa-Sovet müharibəsi 1921-ci il martın 18-də Riqada sülh müqaviləsinin bağlanılması ilə başa çatdı. Bu müqaviləyə əsasən Qərbi Ukrayna və Qərbi Belarusiya Polşanın tərkibinə qatıldı. Polşa müharibənin əvvəllərində tutulmuş sağsahil Ukraynasının və Belarusiyanın bir sıra ərazilərinə olan iddialarından əl çəkdi.

Polşanın Latviya və Rumıniya ilə münasibətləri ayrıca müqavilələrlə nizama salındı. Litva Polşanın tutmuş olduğu Vilnüsü ona güzəştə getməyə razı ola bilməzdi və 1938-ci ilə qədər bu dövlətlər arasında diplomatik münasibətlər olmamışdır. Bununla yanaşı, qərbi Polşa torpaqlarının xeyli hissəsi Polşanın dövlət sərhədlərindən kənarda, Almaniyanın hakimiyyəti altında qaldı. Antanta dövlətləri, Millətlər Cəmiyyəti Polşanın şərq sərhədlərini tamamilə

1923-cü ildə tanıdılar. Şərq sərhədlərinin müəyyən edilməsilə Polşanın müstəqil, suveren, beynəlxalq münasibətlərinin fəal iştirakçısı kimi dünyanın siyasi xəritəsinə qaytarılması prosesi başa çatdı. Diplomatik və hərbi səylər nəticəsində Polşa çoxmillətli dövlət kimi yaradılmış oldu. İkinci Reç Pospolitanın ərazisi 388 min kv. km-dən çox idi, bu da Avropda 6-cı ölkə demək idi. 1921-ci il siyahıyaalmasına görə ölkənin əhalisi 27 milyon nəfərə çatırdı. Polşa əhalisinin təqribən üçdə bir hissəsin ukraynalılar, belaruslar, yəhudilər, litvalılar və almanlar təşkil ediridi. Əhalinin 14,3 faizi ukraynalılar, 7,8 faizi yəhudilər, 4,7 faizi almanlar və 3,9 faizi belaruslardan ibarət idi.

1922-1939-cu illərdə Polşanın siyasi inkişafı.Rusiya ilə müharibə başa çatdıqdan sonra Mart Konstitusiyasına əsasən, Qanunverici seym buraxıldı, parlamentə yeni seçkilər keçirildi. 1922-ci il noyabrın 5-də parlamentə keçirilən seçkilər nəticəsində yeni seym və senat ölkədə fəaliyyət göstərən 200 siyasi partiyaları təmsil edən deputatlardan və milli azlıqların nümayəndələrindən ibarət formalaşdı. 1922-1926-ci illər Polşa parlament sisteminin ən zəif yeri böyük səlahiyyətlərə malik olan seymin siyasi parçalanması idi. Siyasi partiyalardan heç biri nəzərəçarpacaq üstünlük qazana bilmədi. Qalitsiyanın ukraynalı əhalisinin əsas hissəsi bu regionun polyaklar tərəfindən işğalına etiraz əlaməti olaraq seçkini boykot etdi. Pilsudskinin cəbhəsi də məğlubiyyətə uğradı, onunla əlaqəli olan qruplar seymdə bir dənə də olsun yer ala bilmədilər.

1922-ci il dekabrın 9-da müstəqil Polşada ilk prezident seçkiləri keçirildi. Yeni seymlə senatın müvəqqəti “dövlət rəisi” əvəzinə prezident seçmək üçün birgə iclası oldu. Pilsudski özünün namizədliyini irəli sürməkən imtina etdi. Beş dəfə səsvermədən sonra qalibi müəyyən etmək mümkün oldu. Bu Polşa kəndli partiyasının nümayəndəsi Qabriel Narutoviç idi. Onun namizədliyini sollar, mərkəzçi qruplar və milli azlıqlar müdafiə etdi. Sağçı partiyalar milli demokratlar ətrafında birləşərək güclü antiprezident kampaniyasına başladılar.

1922-ci il dekabrın 11-də Q.Narutoviçin andiçmə günündə küçə nümayişləri təşkil edildi. Dekabrın 16-da prezident Q.Narutoviç nasional-demokratların tərəfdarı, rəssam E.Nevyadomski tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu cinayət geniş xalq kütlələrinin hiddətinə səbəb oldu, lakin prezident öldürülən günü hakimiyyətə gəlmiş general V.Sikor-skinin başçılıq etdiyi hökumət hərbi vəziyyət elan etdi. Dekabrın 20-də PSP-nin keçmiş üzvü, kooperativ hərəkatının xadimi, 1918-ci ildə PKP “Pyasta” daxil olan Stanislav Voysexovski Polşanın yeni prezidenti seçildi.

Polşa parlamentində siyasi pərakəndəlik hökm sürürdü. 1923-cü ildə seymdə 17, 1926-cı ildə isə 26 fraksiya var idi. 1922-1923-cü illərdə Vladislav Sikorskinin hökumətin sollar və mərkəzçi partiyalar müdafiə edirdi, 1923-cü ildəki V.Vitosun hökuməti sağlar və mərkəz qrupuna arxalanırdı, Vladislav Qrabskinin 1923-1925-ci illər kabinetini parlamentdə təmsil olunmayan qüvvələr müdafiə edirdi, Aleksandr Skşinskinin 1925-1926-cı illərdə hökuməti sağlardan, mərkəzçilərdən və sollardan təşkil olunmuşdu. 1926-cı il mayın 10-da yenidən V.Vitos başda olmaqla sağmərkəzçi hökumət təşkil edildi. Bu hökumətin hakimiyyətə gəlməsi Polşada iqtisadi vəziyyətin yenidən pisləşməsi dövrünə təsadüf etdi. Ölkədə inflyasiya hökm sürürdü. Maliyyə böhranın səbəblərindən biri iqtisadiyyatın hiperinflyasiyaya, yəni pulun dəyərdən düşməsinə məruz qalması idi. Yalnız Vladislav Qrabski başda olmaqla iki ilə yaxın fəaliyyət göstərən hökumət 1924-cü ilin aprelində pul islahatı keçirdi, yeni milli valyutanı — Polşa zlotısın dövriyəyə buraxdı.

Qanunverici hakimiyətin hesabına idarəedici hakimiyyətin möhkəmlənməsi məqsədilə konstitusiyada dəyişiklik aparılması zərurəti getdikcə daha çox hiss olunurdu. Bu şəraitdə 1926-cı il mayın əvvəlində növbəti hökumət böhranından sonra prezident Stanislav Voy-sexovski sağ mərkəzçi partiyaların nümayəndələrindən ibarət Vinsenti Vitos başda olmaqla Xyeno-Pyast adlanan hökumət təşkil etdi.Bundan istifadə edən pilsudskçilər, açıq irtica hökuməti ilə mübarizə adı altında çevriliş etmək və ölkədə öz diktaturalarını qurmaq üçün vaxtı əlverişli hesab etdilər. Hökumət qüvvələri Vitosun hökumətini müdafiə etmək üçün paytaxta doğru hərəkətə başladılar. Mayın 14-də dəmiryolçuların tətillərinin başlanması ilə əlaqədar hökumət qüvvələri paytaxta girə bilmədilər. Eyni zamanda Pilsudskinin köməyinə gələn qüvvələr heç bir maneəyə rast gəlmədən paytaxta daxil oldu. Ölkə vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Belə bir şəraitdə prezident Voysexovski və hökumət istefa verdi. Bu Pilsudskinin qələbəsi, dövlət çevrilişi demək idi.

Dövlət çevrilişi edən müstəqil Polşanın ilk marşalı Pilsudski formal olaraq özünü dik-taror elan etmədi, həm də parlamenti buraxmadı. 1926-cı il mayın 31-də parlament Pilsud-skini prezident seçdi. Konstitutsiyanın prezidentə az səlahiyyətlər verməsini əsas tutaraq o, bu vəzifədən imtina etdi. İyunun 1-də Pilsudskinin silahdaşı, Lvov Politexnik institutunun kimya elmləri üzrə professoru İqnasi Mostitski Polşanın prezidenti vəzifəsinə seçildi. Real hakimiyyət əslində Pilsudskinin əlində cəmləşmişdi. 1926-cı ilin avqustunda ölkə prezidentinin dekreti ilə Pilsudski silahlı qüvvələrin Baş müfəttişi təyin edildi ki, bu da ona orduya tam nəzarəti həyata keçirməyə imkan verirdi. Parlament demokratiyasının və parlamentçiliyin zahiri atributlarını saxlamaqla Pilsudski ölkədə dayaqları ordu və dövlət aparatına söykənən avtoritar diktatura yaratdı. Lvov Politexnik institutunun professoru Kazımej Bartel hökuməti “sanasiya” proqramını təqdim etdi. Polşada «sanasiya» (latın dilində sağlamlaşdıma) rejimi -ölkənin siyasi və ictimai həyatını sağlamlaşdırma şüarı altında dövlət çevrilişi həyata keçirildi. Çevrilişi leqallaşdırmaq və demokratiyanın saxlanıldığını nümayiş etdirmək məqsədilə Pilsudski parlamenti buraxmadı və 1921-ci il Konstitusiyasını ləğv etmədi. 1926-cı ilin avqustunda Konstitusiyada bir sıra əsaslı dəyişikliklər edildi. Pilsudski deputatlarla məsləhətləşmədən seymi və senatı vaxtından əvvəl buraxmaq, yeni seçkilər təyin etmək, parlamentin təsdiq edib etməməsindən asılı olmayaraq qanun qüvvəsinə malik dekretlər vermək hüququ aldı. K.Bartel hökuməti yeni sənaye müəssisələri açdı, Qdnask limanının tikintisini başa çatdırdı, ölkənin milli valyutasını dəyərə mindirdi, aqrar islahatları davam etdirdi.

1927- ci ilin martında Müstəqil Kəndli partiyasının, Belarusiya fəhlə-kəndli qromada-sının, Ukrayna inqilabi-demokrat «Solrob» təşkilatının fəaliyyəti qadağan edildi, onların liderləri deputat toxunulmazlığından məhrum edilərək həbsə alınırdılar. Bunun səbəbi isə onların qeyri-leqal Polşa Kommunist partiyası ilə əlaqə saxlaması idi.

1928- ci ildə keçirilən parlament seçkilərindən sonra, solçu partiyaların müəyyən qədər mandat əldə etməsi ilə əlaqədar parlament demokratiyasının tərəfdarları ilə rejim arasında toqquşma artıq qaçılmaz idi. 1929-cu ildə 6 solçu partiyaları və mərkəzi partiya arasında bağlanmış sazişlə əlaqədar mərkəzçi solu adlanan blok yaradıldı. Nasional-demokratlar və kommunistlər bu bloka daxil olmadılar. Polşada demokratiyanın müdafiəsi şüarları altında mitinqlər və nümayişlər başladı. Bu hadisələr əsasən 1926-ci ildə Roman Dmovski tərəfindən əsası qoyulmuş Böyük Polşa Düşərgəsi — parlamentdən kənar təşkilat tərəfindən idarə olunurdu.

Seymdə «sanasiyaya» qarşı mübarizədə əhəmiyyətli uğurlar qazana bilməyən Mərkəzçi solu 1930-cu ilin iyununda diktaturanın devrilməsi və Polşada demokratiyanın bərpa edilməsi şüarları altında Krakovda xalqın hüquqlarının müdafiəsi və azadlığına dair konqres keçirdi. Konqres 30 minlik nümayişlə başa çatdı. Xalqı hərəkətə gətirmək üçün bu cür konqresləri 1930-cu ilin sentyabrında daha 21 şəhərdə keçirmək qərara alındı. Ölkədə tətil hərəkatı geniş vüsət aldı. Tətillərin sayı və müddətinə, tətilçilərin miqdarına görə Polşa kapitalist ölkələri içərisində birinci yerlərdən birini tuturdu. 1931-ci ilin mayında tətil hərəkatı surətlə artmağa başladı. Lodz və Belostok toxucularının, Dombrovsk şaxtaçılarının tətilləri oldu. 1932-ci il martın 16-da 300 minə qədər fəhlənin iştirak etdiyi birgünlük tətili oldu. Polşada 1932-ci ildə 48, 1933-cü ildə isə 108 belə tətil keçirilmişdi. Tətillərin bu növü beynəlxalq fəhlə hərəkatında “Polşa tətilləri” adını aldı.

Müxalifətin fəaliyyətinin fəallaşması ilə əlaqədar seym buaxıldı, müxalifətin rəhbərləri, o cümlədən keçmiş baş nazir Vinsenti Vitos həbs edildi. Repressiya dalğası bütün ölkəni bürümüşdü, həbs edilənlərin sayı 5 min nəfərdən çox idi. Aksiyanın gedişində 30 keçmiş deputat və 100 görkəmli ukraynalı siyasi və ictimai xadimlər həbs edildi və Brest qalasına salındı. 1930-cu ilin noyabrında parlamentə keçirilmiş seçkilər «Brest» seçkiləri adını aldı, «sanasiya» nəhayət qələbə qazandı, seym və senatda yerlərin yarıdan çoxunu qazandı. Ölkədə repressiyalar artdı. 1934-cü ildə daxili işlər naziri B.Peratskiyə qarşı sui-qəsddən sonra Qərbi Belarusiyada Bereze-Kartuskda həbs düşərgəsi təşkil edildi və istintaqsız-məhkəməsiz inzibati qaydada rejimin siyasi əleyhidarlarını buraya göndərirdilər.

1935-ci il aprelin 23-də «sanasiya» rejimini daha da möhkəmlədən yeni Konstitusiya qəbul edildi. 1935-ci il Konstitusiyası dövlət başçısının şəxsi diktaturası quruluşunu yaratdı ki, bununla da dövlət başçısı yalnız “Allah və tarix” qarşısında məsul elan edilirdi. 7 il müddətinə hakim düşərgənin təklif etdiyi iki namizəd arasından ümumi səsvermə yolu ilə seçilən prezident baş naziri və nazirləri vəzifəyə təyin edə, həm də geri çağıra bilər, parlamentin hər iki palatasını həm çağıra, həm də buraxa bilərdi. O, silahlı qüvvələrin həm də ali baş komandanı idi.

1935-ci il mayın 12-də marşal Yuzef Pilsudski vəfat etdi, «sanasiya» öz liderini itirdi. Marşalın tabutu Vaveldə baş kilsədə Polşa krallarının məqbərələri ilə yanaşı yerləşdirildi, ürəyi isə Vilnonun Rossa qəbiristanlığında anasının yanında dəfn edildi. Millətlər Cəmiyyəti Avropanın gözündə qəhrəmanlıq simvolu olan YuzefPilsudskinin xatirəsini xüsusi iclasla yad etdi. 1935-ci ildə parlamentdə keçirilən seçkilər göstərdi ki, ictimaiyyətin «sanasiyaya» etimadı xeyli azalmışdı. Rəsmi məlumata əsasən müxalifət partiyalarının seçkiləri bayokt etdiyindən səsvermədə seçicilərin cəmi 46,5 faizi iştirak etmiş, səslərin isə yalnız 35,5 faizi etibarlı hesab edilmişdir.

Y.Pilsudskinin ölmündən sonra hakim düşərgənin içərisində parçalanma baş verdi, prezident Valeri Slavek siyasətdən uzaqlaşdı. General Edvard Rıdz-Smıqlov Marşal seçildi və silahlı qüvvələrin Baş müfəttişi vəzifəsinə təyin edildi. 1937-ci ildə hakim düşərgəsinin tərəfdarları onun ətrafında birləşərək Milli Birlik düşərgəsi (OZON), yeni siyasi qrupun yaratdılar. 1936-cı ilin ortalarında hökumətin sədri vəzifəsini general Felisian Slava Skladkovski tutdu, baş nazirin müavini və maliyyə naziri vəzifələrini birlikdə görkəmli iqtisadçı Eyqeniuş Kvyatkovski aldı.

Yuzef Klemens Pilsudski 1867-ci il dekabrın 5-də Litvanın Şvençyenski rayonunun Zalavas kəndində anadan olmuşdur. Vilnoda rus gimnaziyasında təhsil almışdır. 1885-ci ildə Xarkov Universitetində tibb elmini öyrənərkən xalqçılara qoşulmuşdur. 1887-ci il martın 22-də böyük qardaşı Bronislovla birlikdə çar III Aleksandra sui-qəsd hazırlanmasına görə həbs olunaraq 5 il müddətinə Sibirə sürgünə göndərilmişdir. Fransız, alman, litva, rus və polyak dillərini bilən Y.Pilsudski 1892-ci ildə sürgündən qayıdaraq 1893-cü ildə Polşa Sosialist partiyasının sıralarına daxil olmuşdur. Tezliklə, o, polyak millətçisinə çevrilmişdir. Gizli “Fəhlə” qəzetini Lodzda evindəki mətbəəsində hazırladığı üçün 1900-cü ilin fevralında Rusiyanın hakimiyyət orqanları onu Varşavada yenidən həbsxanaya salmışdır. Lakin psixi xəstəlik diaqnozu ilə psixiatriya xəstəxanasına göndərilmiş, xəstəxanadan isə polyak həkimin köməyilə Qalitsiyaya qaçmağa müvəffəq olmuşdur. Bütün partiyalar Polşanın muxtariyyəti uğrunda mübarizə apardığı halda yeganə Y.Pilsudski Rus imperiyası ilə Polşanın müstəqilliyi uğrunda amansız mübarizə aparmışdır.

1904-1905-ci illərdə rus-yapon müharibəsi başladıqda Y.Pilsudski Tokioya səfər edərək Polşada üsyan təşkil etmək məqsədilə Yaponiyadan kömək almaq istəsə də buna tam nail ola bilməmişdir. Nəticədə Polşa Sosialist partiyasının hərbi qanadını yaratmaq üçün silah-sursat almaqla kifayətlənməli olmuşdur. Onun silahlı hərbi təşkilatı Rusiyanın hakimiyyət orqanlarına qarşı mübarizdə Polşa fəhlələrinin çıxışlarında fəal iştirak etmişdir. Birinci Dünya müharibəsi zamanı o, Rusiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmək məqsədilə “Polşa legionun” yaratmışdır. Mərkəzi dövlətlərin Antanta qüvvələri qarşısında məğlub olması bəlli olduqdan sonra Y.Pilsudski polyak əsgərlərinə Mərkəzi dövlətlərə sədaqət andı içməyi qadağan etdiyi üçün həbs edilərək Maqdeburq həbsxanasına salınmışdır. 1918-ci il noyabrın 8-də həbsdən azad edilən Y.Pilsudski noyabrın 11-də Varşavaya gəlmiş və Regent Şurası tərəfindən polyak ordusunun komandanı təyin edilmişdir. Eyni zamanda ona yeni müstəqil ölkənin milli hökumətini təşkil etmək tapşırılmışdır. Həmin gün, o, Polşa dövlətinin müstəqilliyini elan etmişdir. Noyabrın 22-də, o, rəsmi olaraq Endjey Moraçevski hökumətindən Dirçələn Polşa dövlətinin müvəqqəti başçısı rütbəsini alır. 1920-ci ilin martından Yuzef Pilsudski “Polşanın Birinci Marşalıdır”. 1920-1921-ci illərdəki Polşa-Rusiya müharibəsi 1921-ci ilin martındakı Riqa sülhünə əsasən Belarusiya və Ukraynanın bölünməsi ilə yekunlaşdı. 1919-cu ildə kiçik Konstitusiyanın qəbul edilməsilə Seym öz işini bərpa etdi, o,dövlətin başçısı vəzifəsindən azad olaraq istefaya getdi. 1926-cı il mayın 12-14-də dövlət çevrilişi nəticəsində Y.Pilsudski yenidən hakimiyyətə qayıtdı. Çevriliş zamanı 215 nəfər əsgər, 164 nəfər dinc vətəndaş öldü, 900 nəfərdən çox adam yaralandı. Mayın 31-də Seym onu prezident seçsə də, o, dövlət başçısının məhdud səlahiyyətlərinə görə bunu qəbul etmədi. Prezident seçilən Mostitski onu silahlı qüvvələrin Baş müfəttişi, eyni zamanda Hərbi Şuranın sədri təyin etdi. Beləliklə Polşada 1926-1939-cu illəri əhatə edən sanasiya dövrü başladı. İctimai həyatın sağlamlaşdırılması pərdəsi altında Y.Pilsudskinin diktatura siyasəti tətbiq olundu. 1930-cu ildə onun rəhbərliyi ilə siyasi rəqiblərin Brest qalasına salındığı “Brest” seçkiləri oldu. 1935-ci ilin aprelində güclü prezident hakimiyyətini nəzərdə tutan yeni Konstitusiya qəbul olundu. Lakin 1935-ci il mayın 12-də o vəfat etdi.

Polşanın iqtisadiyyatı

Polşaya birləşdirilmiş ərazilər uzun müddət müxtəlif dövlətlərin tərkibinə daxil olduğu üçün iqtisadi cəhətdən qeyri-bərabər inkişaf etmişdir. Əhalinin əksəriyyəti polyak olduğu qərb torpaqları, qismən almanların yaşadığı Sileziya və Pomorye torpaqları iqtisadi cəhətdən daha çox inkişaf etmişdi. Burada Almaniyanın mərkəzi vilayətlərinə gedən dəmir və şosse yollarının sıx şəbəkəsi yerləşirdi. Bu yerlərdə sənaye ilə bərabər kənd təsərrüfatı və ticarət də inkişaf edirdi. Ən kasıb yerlər ölkənin şərq rayonları hesab olunurdu. Şərq torpaqlarında əsasən slavyan milli azlıqları və yəhudilər yaşayırdılar. Bu ərazilərin vahid bir tam kimi birləşdirilməsi dövlətin qarşısında duran birinci dərəcəli vəzifə idi. İqtisadiyatın ayrı-ayrı sahələrini nəinki sadəcə olaraq birləşdirmək, həm də onu ölkənin tələbatına uyğun yenidən qurmaq lazım idi. Müharibədən əvvəl satış bazarı çox hallarda Polşa müəssisələrinin malları üçün bağlı idi. Ona görə də, geniş daxili bazar yaratmaq, həmçinin xarici bazara yol tapmaq əsas vəzifə kimi qarşıda dururdu.

Polşa aqrar ölkə idi, belə ki, 1927-ci il siyahıyaalmasına görə iş qabiliyyətli əhalinin 64 faizindən çoxu kənd təsərrüfatında və yalnız 9,2 faizi sənaye sahəsində çalışırdı. 1921-ci ildə kəndli təsərrüfatının üçdə ikisi, yəni 64,6 faiz yoxsul təsərrüfatı idi və bütün torpaq sahələrinin yalnız 14,8 faizi onlara məxsus idi. 5 hektardan 10 hektara qədər torpağı olan ortabab təsərrüfatları bütün təsərrüfatların 22,5 faizini təşkil edirdi və kənd təsərrüfatı sahəsinin 17 faizinə sahib idi. 1921-ci il siyahıyaalmasının tam olmayan məlumatına görə, ölkədə 1 milyon 300 mindən çox kənd təsərrüfatı fəhləsi var idi. Həmçinin torpaq sahiblərinin 0,6 faizini təşkil edən 19 min iri mülkədar torpağın 44,8 faizinin sahibi idi. Dövlət və kilsənin də çoxlu torpaq sahəsi mövcud idi. Polşa kəndlilərinin vəziyyəti xüsusilə ağır idi. Bir neçə il dalbadal üz vermiş qıtlıq, hökumətin vergi siyasəti, mülkədarların özbaşınalığı kəndlilərin vəziyyətinin olduqca pisləşməsinə səbəb oldu. Varşava, Kelets, Belostok voyevodalıqlarında qarətçi vergilər əleyhinə kəndli çıxışları baş verdi. Kəndli hərəkatının yüksəlişi 1924-cü ilin iyulunda yeni təşkilatın — Müstəqil Kəndli partiyasının əmələ gəlməsinə səbəb oldu.

Kənddə əmələ gəlmiş gərgin vəziyyəti yüngülləşdirməyə cəhd edən hökumət iri torpaq sahiblərinin torpaqlarının bir hissəsini icbari satınalma haqqındakı qanun layihəsi ilə çıxış etdi. Alınan torpaqlar əzəli Polşa torpaqlarında 15, «ucqarlarda» isə 26 hektar miqdarında satılmalı idi. Bu islahat vasitəsilə hakim siniflər kənddə öz dayaqlarını möhkəmlətmək istə-

yirdilər. Öz torpaqlarının bir hissəsini satmağa razılıq verən mülkədarlar isə öz təsərrüfatını daha səmərəli qurmaq üçün əlavə vəsait əldə etmək niyyətində idi. Sol partiyalar aqrar islahatın burjua-mülkədar layihəsinə qarşı çıxış etdilər. Kommunist partiyası və Kəndli partiyası aqrar islahatın fərqli layihəsini irəli sürdülər. Bu layihə 30 hektardan çox olan bütün mülkədar və kilsə torpaqlarının canlı və cansız inventarı ilə birlikdə dəyəri ödənilmədən alınmasını, onun kəndlilər və kənd təsərrüfatı fəhlələri arasında bölüşdürülməsini nəzərdə tuturdu. Lakin bu layihə 1925-ci il iyulun 15-də seymdə müzakirə zamanı seymin burjua-mülkədar çoxluğu tərəfindən rədd edildi. Polşa sosialist partiyası (PSP)-da bunun əleyhinə çıxdı. Seym radikal islahat əvəzinə 1925-ci ilin dekabrında «Torpaq bölgüsü və torpaq zolaqlarının ləğvi haqqında» qanun qəbul etdi. Bu qanuna görə hər il 200 min hektara qədər mülkədar torpağı satılmalı idi. Həm də kəndlilər torpağı bazar qiymətinə satın almalı idi. Kəndliləri isə dövət uzunmüddətli kreditlər almaq imkanı ilə təmin edirdi. Mərkəzi Polşada 180 ha-dan artıq torpaq mülkiyyəti, ölkənin şərqində 300 ha-dan artıq olan torpaqlar kiçik hissələrə bölünməli idi. İki il ərzində öz torpağını bölən mülk sahibi dövlətdən əmlakının əvəzini ala bilərdi. Müharibələrarası dövrdə Polşada 2,654 min hektar torpaq satılmışdı. Əkinə yararlı torpaqların 25,8 % yenə də 50 hektardan artıq torpağa malik olan sahibkarların əlində qalırdı. Kəndli kütlələrinin əsas hissəsini aztorpaqlı və ortabab kəndlilər təşkil edirdi ki, ortababların da sayı aztorpaqlı kəndlilərin hesabına azalırdı.

Polşa sənayesi birtərəfli inkişaf edirdi. Daş kömür hasilatı, koks, elektrik enerjisi istehsalı müharibədən əvvəlki səviyyəni ötüb keçdiyi halda, çuqun və polad əridilməsi, pambıq parça istehsalı əvvəlki səviyyəyə gəlib çatmamışdı. Dəmir filizi istehsalı 1920-ci ildə müharibədən əvvəlki səviyyənin yalnız 36, çuqun əridilməsinin ancaq 10, polad əridilməsinin 12 faizini təşkil edirdi. Sənaye başlıca olaraq Dombrovsk hövzəsində, Yuxarı Sileziyada, Varşavada, Lodz rayonlarında yerləşmişdir. Şərqdəki Qərbi Ukrayna, Qərbi Belarusiya, Vilno torpaqları ölkənin yarımmüstəmləkəsi, satış bazarı, habelə sənaye üçün xammal bazası rolunu oynayırdı. Polşa iqtisadiyyatı kapitalı kartellərdə və sindikatlarda birləşmiş bir ovuc yerli və xarici inhisarçıların əllərində yüksək dərəcədə mərkəzləşməsi və təmərküzləşməsi ilə fərqlənirdi. Dövlətin iştirakı ilə 1920-30-cu illərdə mühüm dəmir yol magistralları, Qdanskda böyük dəniz limanı, müdafiə, kimya və digər müəssisələr inşa edildi. 1928-ci ilin sonunda Polşada başlanmaqda olan iqtisadi böhranın əlamətləri artıq 1929-cu ildə əsl böhrana çevrildi. Polşada kapitalizmin zəif inkişafı, onun xarici kapitaldan asılılığı nəticəsində böhranın əlamətləri, bir çox kapitalist ölkələrinə nisbətən daha kəskin təzahür edirdi. Xarici kapital (amerikan, alman və fransız) iqtisadi böhranın ağır zərbə vurduğu Polşa iqtisadiyyatında yeni-yeni mövqeylər ələ keçirirdi. Polşa səhmdar cəmiyyətlərində xarici kapitalın payı 1929-cu ildəki 33,9-dan 1933-cü ildə 44,2 faizə qədər artmışdır, sənayenin əsas sahələrində isə bu rəqəm 70-90 faiz idi. Ümumiyyətlə, sənayenin bir sıra əsas sahələri üzrə istehsal edilən məhsul 1913-cü il səviyyəsi ilə müqayisədə 1938-ci ildə aşağı idi. Bütün dünyada olduğu kimi Polşada da 1929-cu ildə başlayan və 1935-ci ilə kimi davam edən böhran və durğunluq sənaye, maliyyə, ticarət və kənd təsərrüfatına ağır zərbə vurdu.

Polşa tədricən iqtisadi böhranın nəticələrini aradan qaldırmağa başladı. Ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlət bir sıra tikintilərə kapital qoyuluşunu artırdı.

1937-ci ildə Baş nazirin müavini və maliyyə naziri Eyqeniuş Kvyatkovski Visla və San çayları arasındakı ərazidə Mərkəzi sənaye dairəsi adlanan tikinti layihəsini təqdim etdi (MSD). Yeni layihə ölkənin qərb torpaqlarını cənub-şərqi ərazilərlə birləşdirməli idi. Yüksək texniki tələblərə cavab verən bir çox iri müəssisə, o cümlədən Rojnovda elektrik stansiyası, Staleva-Volya şəhərində metallurgiya kombinatı, Sanokda hərbi zavod, Melsdə aviasiya zavodu işə salındı. 1931-ci ildə Raşin yaxınlığında fəaliyyət radiusu təxminən bütün ölkəni əhatə edən radiostansiya açıldı, 1937-ci ildə yeni telemərkəz işə başladı. Varşava əsl Avropa paytaxtı oldu. Ölkənin başqa sahələri Krakov, Poznan, Vilno və Lvov da getdikcə abadlaşırdı. Yeni müasir mehmanxanalar tikilir, xəstəxanalar açılır, su və elektik təchizatı sistemi yenidən qurulurdu. Ümumən 1930-cu illərin axırında ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli şərait yaranmağa başladı.

Polşanın xarici siyasəti

Birinci Dünya müharibəsi nəticəsində Avropada Böyük Britaniya və Fransanın ardınca çoxu demokratik idarə üsulunu seçən yeni dövlətlər yarandı. Onlardan biri də 123 ildən sonra, 1918-ci ilin noyabrında dünyanın siyasi xəritəsində yenidən öz yerini almış Polşa dövləti idi. 1918-1939-cu illərdə Polşa dövlətinin xarici siyasəti mürəkkəb və qeyri-sabit olmuşdur. Onun qonşu dövlətlərlə, birinci növbədə güclü SSRİ və Almaniya ilə münasibətləri gərginliyi ilə seçilir. Müstəqilliyin ilk illərində Polşa diplomatiyası Mərkəzi və Cənub-Şərqi Avropada SSRİ və Almaniyaya qarşı ittifaq arayışında olan Fransa ilə yaxınlaşmağa başladı. Lakin qərb dövlətləri Fransanın təşəbbüsü ilə öz təhlükəsizliklərini təmin etmək məqsədilə 1925-ci ilin oktyabrında Lokarno sazişini imzaladıqdan sonra Poşla onun marağını nəzərə almadığı üçün Fransadan uzaqlaşmağa başladı. Qərb ölkələrinin Almaniya ilə imzaladıqları Lokarno sazişində Alman-Polşa sərhədlərinin toxunulmazlığı təminatı yer almamışdır, məqsəd ondan ibarət idi ki, Almaniya SSRİ əleyhinə azad hərəkət imkanı qazansın. Polyak xalqını sakitləşdirmək məqsədilə 1925-ci il oktyabrın 25-də Fransa Polşa ilə təminat müqaviləsi imzaladı. Fransa Kiçik Antanta ilə Polşa arasında ittifaq yaratmağa çalışırdı. 1926-cı il martın 26-da Polşa ilə Rumıniya arasında ittifaq müqaviləsi və qarşılıqlı hərbi yardım nəzərdə tutan gizli saziş imzalandı.

1920-ci illərin axırlarında Qərb dövlətləri SSRİ ilə Polşa arasında münaqişə yaratmaq məqsədilə bir çox fitnəkarlıqlara imza atdılar. 1927-ci il iyunun 7-də SSRİ-nin Polşadakı səlahiyyətli nümayəndəsi P.L.Voykov Varşavada rus ağqvardiyaçısı tərəfindən qətlə yetirildi. Sovet hökuməti iyunun 9-da elan etdiyi rəsmi məlumatda bu qətlin təşkilatçılarının fransız və ingilis mürtəce qüvvələri olduğu açıq bildirildi.

1930-cu illərdə Polşa dövlətinin xarici siyasəti güclü qonşuları Almaniya və SSRİ ilə əlaqələrdə tarazlılıq xəttini saxlamağa yönəldilmişdir. Polşanın Xarici işlər naziri polkovnik Yuzef Век tarazlaşdırılmış siyasət yeridərək 1932-ci ildə SSRİ ilə, 1934-cü ildə isə Almaniya ilə hücum etməmək haqqında müqavilə imzaladı. Lakin qərb ölkələrinin A.Hitlerə qarşı qarışmamaq və güzəşt siyasəti Polşanın mənafeyini zərbə altına qoydu. 1935-ci ildə A.Hitler Almaniyada ümumi hərbi mükəlləfiyyət elan edərək Versal sülh müqaviləsini kobudcasına pozdu, 1936-cı ildə hitlerçilər Reyn hərbsizləşdirilmiş zonasına daxil oldu, 1938-ci ildə onlar Avstriyanı işğal etdi. 1938-ci il sentyabrın 29-30-da Münhendə Fransa, Böyük Britaniya və İtaliya Almaniya ilə ona alman azlıqlarının məskunlaşdığı Çexoslovakiyanın Sudet vilayətini tutmağa imkan verən müqavilə bağladılar. Cərəyan edən hadisələr açıq şəkildə göstərdi ki, növbədə Polşa məsələsi üzrə Versal sülh şərtlərinin pozulması durur. Polşa diplomatiyası yaxın qonşuları arasında özünə müttəfiq axtarmağa başladı. 1938-ci ilin yazında Polşa ilə Litva arasında diplomatik əlaqələr bərpa edildi, noyabr ayında Litva hökuməti qatı antipolyak təşkilatı Vilnüsün azadlığı ittifaqını buraxdı, dekabr ayında iki ölkə arasında iqtisadi saziş imzalandı, hər iki dövlət arasında sərhəd açıldı. Tezliklə, Almaniyanın xarici işlər naziri İoaxim fon Ribbentrop Polşadan Dansiqin (Qdansk) üçüncü reyxə birləşdirilməsini və Almaniyanı Şərqi Prussiya ilə brləşdirən eksterretorial, yəni Polşanın yurisdiksiyasına aid olmayan dəmir yol xəttinin və avtomagistralın salınmasını tələb etdi.

1939-cu il mayın 5-də Polşanın xarici işlər naziri Y.Bek öz çıxışında suverən dövlətin keçə bilməyəcəyi qırmızı xətti göstərərək bildirdi ki, “Polşa özünün Baltikdən sıxışdırılıb çıxarılmasına imkan verməyəcək!” Polşa dövləti hərbi potensialının üçüncü reyxinkindən orta hesabla dörd dəfə az olmasına baxmayaraq müharibəyə hazırlaşmağa başladı.

Fransa və Böyük Britaniya ilə danışıqlar aparan İ.V.Stalin danışıqlar pozulduğundan bir gün sonra 1939-cu il avqustun 23-də Almaniya ilə hücum etməmək haqqında iki hissədən ibarət müqavilə imzalanmasına qərar verdi. SSRİ və Almaniyanın xarici işlər nazirləri Vya-çeslav Molotov və İoaxim fon Ribbontropun imzaladıqları müqavilənin ikincisi gizli idi və Polşa, Şərqi və Mərkəzi Avropanın başqa dövlətlərinin bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilə sovet-alman sərhəddinin Narva, Visla və San çayları boyunca müəyyən edilməsini, Finlandiyanın, Estoniyanın, Latviyanın və Bessarabiyanın SSRİ-nin nüfuz dairəsinə daxil olmasını, Litvanın Almaniyaya keçməsini nəzərdə tuturdu. Ribbentrop-Molotov müqaviləsi hitler Almaniyasının Polşaya hücumu üçün yolunu açdı. 1939-cu il avqustun sonunda polyak hərbi forması geymiş bir qrup esesçi sərhəddə yerləşən Qlivisdəki alman radiostansiyasına basqın təşkil edərək Almaniyanın Polşaya hücumuna bəraət qazandırmaq niyyətində idilər.

Polşa mədəniyyəti, elm və təhsil.Müstəqil dövətin yaradılması Polşada mədəniyyətin, elm və təhsilin inkişafına səmərəli təsir göstərmişdir. Şəhər əhalisi, o cümlədən kənd sakinləri ənənəvi mədəniyyətlə əlaqəni itirərək ziyalıların xarici ölkələrdən əxz etdiyi yeniliklərdən faydalanırdılar. Bu geyimdə, məişətdə, ailədə, istirahət vaxtlarının təşkilində özünü büruzə verirdi. Şəhər həyatı və mədəni stereotiplər kəndi, xüsusilə kənddəki gəncləri bürümüşdür. Şəhər ətraflarının müasir tələblərə cavab verən tikililəri onların görünüşünü dəyişdi. Küçələrin qazla işıqlandırılmasını elektrik lampaları əvəz etdi, su və kanalizasiya sistemləri çəkildi. İnsanların həyatında idman ön plana çıxdı, xüsusilə fəhlə idman klublarının sayı durmadan artmışdır. Kəndli gənclər ittifaqları sağlam həyat tərzi və idmanın fəal təbliğatçıları idi. Polyak idmançıları beynəlxalq miqyasda fərqləndilər. Polşalı qaçış ustası Yanuş Kusoçinski 1932-ci ildə Los-Anceles olimpiyadasında qızıl medala layiq görüldü. Şöhrətli təyyarəçi idmançılar Fransişek Jvirqa və Stanislav Viqura xalqın məhəbbətini qazanmışdılar.

Müstəqilliyin ilk illərindən başlayaraq xalq maarifinə diqqət artmışdır. 1919-cu ilin fevralında 7-14 yaş arası uşaqları əhatə edən yeddiillik təhsil haqqında dekret verildi. Nəticədə 10 yaşından yuxarı uşaqlar arasında savadsızlıq 1921-ci ildəki 33,1 faizdən 1931-ci ildə 22,1 faizə düşmüşdür. Polşada yaşayan ukrayna, belarus, alman uşaqlarının təhsil səviyyəsi isə aşağı olaraq qalırdı. Müstəqillik qazandıqdan sonra fəaliyyət göstərən ali məktəblərlə yanaşı ölkədə yeni universitetlər, o cümlədən Poznandakı Vilno akademiyasının ənənələrini davam etdirən Stefan Batori adına Vilno Universiteti açıldı. 1918-ci ildə şəxsi bağışlar hesabın Lyublin Katolik Universiteti (KUL) açıldı.

Ümumilikdə iki müharibəarası illərdə Polşada 16 dövlət, 11 xüsusi ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, buranı da 83 min nəfər tələbə bitirmişdir. 1938-ci ildə ölkədə 32 ali məktəb var idi. 26 min kitabxana, 900 xalq evi (o cümlədən 625 kənd), 175 muzey, onlarla mədəni-maarif cəmiyyətləri və s. geniş maarifçilik işi görürdü. 1925-ci ildə birinci polşa radiostansiyası işə başladı. 1937-ci ildə Polşada müxəlif adda 2700-ə yaxın jurnal və qəzet buraxılırdı.

Ədəbiyyat sahəsində yazıçılar Mariya Dombrovskaya, Zofya Nalkovskaya, Zofya Kossak-Şuska, Yeva Şelburq-Zarembina, Yulian Kaden-Bandrovski, Stanislav Vitkeviç (Vit-kası) məşhurlaşdı. Gənc şairlər Kazımej Vejinski, Yulian Tuvim, Antoni Slonişski, Yan Le-xon, Yaroslav İvaşkeviç, Konstanti Qalçinski və başqalarının yaradıcılığı parladı. 1924-cü ildə Vladislav Reymont “Kişilər” (Mujiki) romanına görə Nobel mükafatına layiq görülmüşdür.

Elmin inkişafı üçün şərait yarandı. Riyaziyyat sahəsində S.Banax, V.Serpinski, sosiologiyada F.Znanetski, fəlsəfədə K.Tvardovski, V.Tatarkeviç, fizikada S.Penkovski, tarix elmində V.Konopçinski, M.Kukel, A.Pruxnik, Y.Rutkovski, V.Sobeskiy, O.Xaletskiy fərqlənmişdir. 1928-ci ildə alimlərə kömək məqsədilə Elmi mədəniyyət fondu yaradıldı.

1938-ci ildə Belqraddakı təyyarəçilik sərgisində polyak konstruktorların yaratdığı “Los” bombardmançı təyyarəsi ingilis, alman, italyanları qabaqlayaraq birinci yeri tutmuşdur. Almaniyanın gizli şifrələrin açmağa qadir olan “Eniqma” (“ Tapmaca”) maşınının kodunu polyak alim və mühəndisləri tapmışdır ki, bu da hərbi kəşfiyyata böyük töhfə idi. Müharibə vaxtı bu kodu öz Qərb müttəfiqlərinə verən Polşa tərəfi düşmən üzərində qələbəyə öz töhvəsini vermiş oldu.

Müstəqil Polşanın incəsənəti və musiqisi yüksək səviyyəyə çatmışdı. Bəstəkar Karol Şimanvski, pianoçular İqnasi Paderevski, Artur Rubunşteyn dünya şöhrəti qazanmışdılar. Teatr və kino sənəti geniş pərəstişkar kütləsi toplamışdı. Öncül teatr qruplarına Yuliuş Osterva və Leon Şiller rəhbərlik edirdi. Polyak aktrisası Pola Neqri (Apoloniya Xalupes) dünya səviyyəsində şöhrətlənmişdir. Müstəqil Polşada yeni estrada teatrları və kabaryelər geniş yayılmışdır.

Müstəqil Polşanın polyak əhalisinin 91 faizdən çoxu Roma katolik kilsəsinə tərəfdar olduğunu bildirmişdir. Ölkədə yaşayan ukraynalıların böyük əksəriyyəti yunan katolikləri idi.

Polşada məskunlaşan ruslar, eyni zamanda belaruslar və ukraynalıların bir hissəsi pravoslav idilər. Lüteranlar içərisində isə ölkədə məskunlaşan alman azlıqları çoxluq təşkil edirdilər. Polşa yəhudilərinin böyük əksəriyyəti iudaizm dininə etiqad bəsləyirdilər. Polşada, o cümlədən Vilenşinada islam dininə etiqad edən tatarlar yaşayırdılar. Konfesiyaların çox olması ölkə əhalisinin çoxmillətli tərkibindən irəli gəlirdi. Qeyd etmək yerinə düşərdi ki, Polşada dini azadlıq şəraiti mövcud idi və ayrı-ayrı xalqların mədəniyyəti azad inkişaf edə bilərdi. Qanun qarşısında bərabər olan bütün dinlər arasında 1926-cı ildən Polşanın priması kardinal Avqust Xlondun rəhbərlik etdiyi Roma katolik kilsəsi xüsusi əhəmiyyətə malikdir. Bir il əvvəl İkinci Reç Pospolita hökuməti Roma taxt-tacı ilə konkordat, yəni dövlətlə kilsə arasındakı münasibətləri tənzimləyən xüsusi müqavilə bağladılar. Cəmiyyətdə böyük nüfuza malik olan katolik kilsəsi ölkənin birləşməsində önəmli rol oynadı. Belə ki, dini icmaların həyatı dövlət strukturları ilə sıx bağlı şəkildə davam ediridi. Polşa məktəblərində Tanrı Qanunu dərsi keçilirdi. Qadın monastrların öz xəstəxanaları, qocalar və uşaq evləri mövcud idi. Rahiblərin əhali arasında nüfuz qazanmış şəxsi məktəbləri fəaliyyət göstərirdi. Müharibələrarası iyirmi ildə Polşa katolikliyi əhalinin böyük əksəriyyətinin dindarlığı sayəsində milli adət və ənənələrini qoruyub saxlamağa müvəffəq olmuşdur.

Polşa ikinci Dünya müharibəsi illərində

Müharibənin başlanması.1939-cu il sentyabrın 1-də Almaniya müharibə elan etmədən şimaldan, qərbdən, cənub-qərbdən Polşaya hücum etdi. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər və beləliklə İkinci Dünya müharibəsi başlandı. Üstünlük Almaniya tərəfində idi. Belə ki, müasir ordusu, inkişaf etmiş iqtisadi və hərbi potensialı olan üçüncü reyx Polşaya qarşı müharibəyə 1,8 milyon əsgər, 11 min top, 2,8 min tank, 2,6 min təyyarə səfərbər etdi.

Polşada ümumi səfərbərlik 30 avqustda elan olunmuşdu, lakin tam həyata keçirilməmişdi. Polşanın ordusunun sərəncamında 1,2 milyon əsgər, 3 min top, 600 tank və 400 təyyarə var idi. Polşa baş qərargahının planına əsasən hərbi əməliyyatların əsas hissəsi Böyük Polşada baş verməli idi. Polşa qoşunları tədricən Visla xəttinə qədər çəkilməli, burada mövqe müharibəsinə keçməli idilər. Bu vaxta qədər Fransa və Böyük Britaniya Almaniyaya qarşı fəal hərbi əməliyyatlara başlaya bilərdilər. 1939-cu ilin mayında bağlanmış Polşa-Fransa razılaşmasına əsasən Fransa səfərbərlik elan etdikdən 15 gün sonra əsas qüvvələrlə Almaniyaya qarşı hücuma keçməyi öhdəsinə götürmüşdür.

Lakin hadisələr başqa cür inkişaf etməyə başladı. Alman qoşunları əsas zərbəni Pomeraniya, Şərqi Prussiya, Sileziya, Çexiya və Slovakiyadan vurdu. Güclü tank birləşmələri və aviasiyanın zərbələri altında sərhəddi qoruyan Polşa qoşunları düşmənə amansız müqavimət göstərsə də hitlerçilər tez bir zamanda Varşavaya yaxınladılar. Şəhərin ordu və əhali tərəfindən qəhrəman müdafiəsi 27 sentyabra qədər davam etdi. Dansiq ətrafında Ves-terplatte hərbi bazasının əsgərləri bir həftə ərzində mərdliklə qurudan və sudan düşmənin üstün qüvvələrinin hücumlarını dəf etdilər. Sentyabrın 29-da Modlinin müdafiəçiləri, oktyabrın 2-də isə Xel yarmadasındakı hissələr öz silahlarını yerə qoydular. «Polesye» operativ qruplaşması oktyabrın 2-4-də almanlara qarşı xüsusi qəhrəmanlıqla vuruşdular, amma hərbi sürsat olmaması üzündən oktyabrın 5-də təslim olmağa məcbur oldular.

Senytabrın ortalarında aydın oldu ki, Polşa təkbaşına Almaniyaya qarşı dura bilməz. İngilislər və fransızlar fəal hərbi əməliyyatlara başlamaqdansa «qəribə müharibə»yə üstünlük verirdilər. Bu şəraitdə SSRİ-nin mövqeyi fəallaşdı. Sentyabrın 17-də Moskvadakı Polşa səfirliyinə bildirildi ki, Polşa dövləti və hökuməti faktiki olaraq fəaliyyətini dayandırıb, odur ki, SSRİ-nin Polşa ilə bağladığı müqavilələr də qüvvədən düşüb. Belə bir vaxtda SSRİ Polşada yaşayan ukraynalıların və belarusların mənafeyini qorumağa borcludur. Sovet hökuməti Polşada yaşayan ukraynalıları və belarusları müddafiə etmək adı altında sentyabrın 17-də Qızıl Ordu hissələrinə Polşa sərhəddini keçmək və Pisa, Narva, Visla və San çaylarının sahillərinə qədər hərəkət etmək haqqında göstəriş verdi. Polşaya daxil olan Ukrayna və Belarusiya cəbhələri ordularına izah edildi ki, onlar Qərbi Belarusiya və Qərbi Ukrayna ərazisini tutmalı və onların müdafiəsini öz əllərinə almalıdılar. Qızıl Ordu Qərbi Ukrayna və Qərbi Belarusiya əhalisini və əmlakını öz nəzarəti altına götürmək əmrini aldı. 1939-cu il sentyabrın 17-də Varşava hələ müdafiə olunduqda, Lvov ətrafında, Xel yarmadasında və Lyublinşinada qanlı döyüşlər davam edən zaman sovet qoşunları Almaniya ilə bağladığı gizli

1939-cu il avqustun 23-dəki müqaviləyə uyğun olaraq şərq istiqamətində Polşaya hücum etdi. Şərqdə Polşa qoşununun müdafiəsi güclü xarakter daşımırdı. Şəhəri almanlardan inadla müdafiə edən Lvov qarnizonu şəhəri mübarizəsiz Qızıl Ordu hissələrinə təslim etdi.

Sentyabrın ortalarından müharibənin sonluğu heç kəsdə şübhə doğurmurdu. Sentyabrın 17-dən 18-nə keçən gecə hərbi və mülki komandanlıq, o cümlədən prezident, hökumət və baş komandan E.Rıdz-Smiqla Rumıniyaya keçdilər və Almaniyanın tələbi ilə orada tərksilah edilib ölkə daxilində saxlanıldılar. Polşa müharibəni uduzdu, lakin təslim olmadı. Hərbi əməliyytalarda Polşa qoşunu 65 min əsgər itirdi, 400 min nəfər əsir düşdü, 240 min nəfər Qızıl Ordu tərəfinə keçdi, 90 min nəfər bitərəf ölkələrə gedə bildi. Amma nə Polşa ordusunun komandanlığı, nə də Polşa xalqı silahlarını yerə qoymadı.

1939-cu il sentyabrın 28-də Moskvada dostluq və sərhədlər haqqında sovet-alman müqaviləsi bağlandı. Bu müqavilə Polşanın bölünməsi haqqında avqust müqaviləsinin gizli protokolunda dəyişiklik etdi. Litvanı öz təsir dairəsinə salmağın əvəzində SSRİ Lüben voye-vodalığından və Varşava voyevodalığının bir hissəsindən imtina etdi. Stalin həm də Hitlerin almanların işğal etdiyi torpaqlarda kiçik Polşa dövləti yaratmaq təklifinə etiraz etdi. O, hesab edirdi ki, Polşanın taleyi qəti şəkildə yalnız müharibədən sonra həll edilə bilər, lakin müharibə yenicə başlamışdı və tam 6 il uzandı. Hitler işğal olunmuş Polşa torpaqlarının 92 min kv km ərazisi və 10 milyon nəfərdən çox əhalisi olan qərb, mərkəzi və şimal rayonlarının bir hissəsini Almaniyanın tərkibinə daxil etdi. Bu ərazilərdə polyaklar üstünlük təşkil etdiyi üçün onlara qarşı amansız terror başlandı. İlk növbədə, ziyalı təbəqəsi, 1918-1921-ci illər milli-azadlıq hərəkatının iştirakçıları, siyasi partiyaların fəalları repressiyaya məruz qaldılar. Polyakları mülkiyyətdən məhrum edir, evlərindən qovur, düşərgələrə və Almaniyaya işləməyə göndərir, reyxə daxil olmayan ərazilərə sürgün edirdilər. Onların yerinə almanlar, Baltikyanı və Ukrayna repatriantları yəni, əsirlikdən və mühacirətdən vətəninə qayıdanlar yerləşdirilirdi.

A.Hitlerin planına əsasən Almaniyaya birləşdirilən torpaqlar 10 il müddətində alman-laşdırılmalı idi. Bəzi insan irqlərinin başqaları üzərindəki bioloji, əqli və s. üstünlüklərini bəyan edən A.Hitler irqçi qanunların fəaliyyətinə rəvac verdi. Almanlar məcburi surətdə polyakların, əsasən də, yüzilliklər ərzində iki mədəniyyətin qovuşuğunda yaşayan silezlilərin, kaşubuların və mazurların soyadlarının salındığı Alman milli siyahısı, başqa sözlə Volks-listeni tərtib etdilər. Alman soyadı daşıyan poıyak vətəndaşlarının çox hissəsi “ağların irqinə” mənsub olmaq istəmədikləri üçün cəza tədbirlərinə məruz qalırdılar. Almaniyanın tərkibinə birləşdirilən ərazilərdə katolik kilsəsi xüsusilə təqib edilirdi. İşğalçılar kilsələri qarət edir, keşiş və yepiskopları öldürür, din xadimlərini həbs düşərgələrinə göndərirdilər.

Qalan rayonlarda mərkəzi Krakov olan Hans Frankın başçılığı altında general-qubernatorluq yaradıldı. Bu ərazi işğalçılar tərəfindən ucuz işçi qüvvəsi və Almaniyanın arxa cəbhəsi kimi qiymətləndirilirdi. Polyaklar bu ərazidə almanlar tərəfindən idarə olunan cüzi istehsal vasitələri, ibtidai və peşə məktəblərinə sahib ola bilərdi. 1941-ci ildə Polşanın yerli təsərrüfat özünüidarə orqanları təşkil olundu, Polşa polisi də öz fəaliyyətini davam etdirirdi. Şəhərlərdə əmək mükəlləfiyyətləri tətbiq edilirdi. General-qubernatorluqda da əhali repressiyalara və təqiblərə məruz qalırdı. Hitlerçilər yəhudilərə qarşı xüsusilə amansız idilər. Onlar kütləvi məhv edilir, əmlakları əllərindən alınır, yəhudilər üçün nəzərdə tutumuş şəhər məhəllələrinə, gettolara köçürülür, Polşa ərazisindəki Osventsim, Treblink və Maydanek düşərgələrinə salınırdı. Qeyri-insani yaşam şəraiti ilə seçilən bu həbs düşərgələrinə əvvəl yəhudi və qaraçıları, sonra polyakları, 1941-ci ildən sonra Sovetvətəndaşlarını salırdılar.

1939-cu ilin noyabrında SSRİ-nin tərkibinə qatılmış Qərbi Ukrayna və Qərbi Belarusiyanın polyak əhalisinin də vəziyyəti ağır idi. Vilnüs və ətraf ərazi 1939-cu ilin oktyabrında Litvaya verildi və onunla birlikdə 1940-cı ildə SSRİ-nin tərkibinə qatıldı. Polyaklara və burada yaşayan başqa milli qruplara münasibətdə sinfi yanaşma tətbiq olunurdu. Burjuaziya, sənayeçilər, varlı kəndlilər, tacirlər, dövlət qulluqçuları, 1920-ci il Polşa-Sovet müharibəsinin bəzi iştirakçıları, siyasi partiyaların üzvləri, trotskiçilər və digər qruplar “sinfi yad elementlər” adı altında SSRİ-nin şərq və şimal rayonlarına sürgün edilir, həbsxanalara salınırdılar. Bütünlükdə 400 mindən çox polyak deportasiyaya məruz qaldı. SSRİ XDİK-in xüsusi üçlüyünün qərarına əsasən 1940-cı ildə Qərbi Ukrayna və Qərbi Belarusiyanın Ostaş-kov, Starobelsk, Medno və b. həbs düşərgələrində və həbsxanalarında tərksilah edilərək saxlanılan polyak ordu zabitləri, polis əməkdaşları, mülkədarlar və əsrlərdən 21857 nəfəri güllələndi. Həbsxanalarda, o cümlədən Lvovdakı “Briqidkidə” bütün məhbuslara yer çatışmırdı.

Repressiyaslardan canlarını qurtarmış polyakalra isə 1940-cı ildən başlayaraq Sovet dövləti xoş niyyət göstərməklə öz tərəfinə çəkməyə səy göstərirdi. Bir sıra məşhur siyasətçilər 1926-cı il çevrilişindən sonra bir neçə dəfə Polşanın baş naziri olmuş Lvov Politexnik İnstitutunun professoru K.Bartel, mədəniyyət xadimi, məşhur şair, tərcüməçi, teatr və ədəbi tənqidçi T.Boy-Jelenski, Lvov ali məktəblərinin professorları azadlıqda qaldılar. Lakin onların hamısı 1941-ci ildə Lvovu tutan almanlar tərəfindən güllələndi. Polşa müharibə illərində 6 milyon adam itirdi, 664 min nəfəri, o cümlədən 123 min hərbi qulluqçu hərbi əməliyyatların gedişində həlak oldu. İnsan itkisinə görə Polşa Almaniyanın işğal etdiyi Avropa dövlətləri içərisində birinci yeri tuturdu, hər min nəfər əhalidən 220 nəfəri həlak olmuşdu.

Müqavimət hərəkatı.Üçüncü reyxin qələbəsi Polşa xalqının öz müstəqilliyi uğrunda təcavüzkarlara qarşı mübarizə ruhunu qıra bilmədi. İlk növbədə, qarşıda duran vəzifə dövlət hakimiyyətinin varisliyini təmin etmək idi. Rumıniyada olan prezident İ.Mosçitski öz vəzifəsini yerinə yetirmək imkanı olmadığına görə hakimiyyəti konstitusiya hüququndan istifadə edərək pilsudskiçi Vladislav Raçkeviçə verdi. Liberal qüvvələrin nümayəndəsi general Vladislav Sikorski (1881-1943) Baş nazir və silahlı qüvvələrin Baş komandanı oldu. Beləliklə, 1939-cu il sentyabrın 30-da Parisdə mühacir Polşa hökuməti yaradıldı. Bu hökumətdə aparıcı mövqeləri dörd antisanasiya partiyaların, kəndli, sosialist, milli-demokrat və əmək partiyalarının nümayəndələri tutmuşdu (PSP, SL, SN, SP). Əvvəlcə İqnasi Paderevskinin sonra isə Stanislav Qrabskinin başçılıq etdiyi məşvərətçi orqan Milli Şura təsis edildi.

1940-cı ildə, Fransa təslim olduqdan sonra hökumət Böyük Briyaniyaya köçdü. Fransada və Yaxın Şərqdə 1940-cı ildə sayı 84 mindən artıq olan hərbçilərdən Polşa ordusu formalaşdırıldı. İşğal edilmiş yerlərdə müqavimət dəstələri də yaradılmağa başlandı. 1939-cu ilin sentyabrında baş komandanın əmri ilə yüksək rütbəli zabitlərin bir qrupu gizli hərbi təşkilat-Polşanın qələbəsi naminə xidməti yaratdılar. 1939-cu ilin dekabrında Polşa mühacir hökumətinin razılığı ilə bu gizli təşkilat ləğv olundu və onun yerinə isə gizli təşkilatlardan ən böyüyü Silahlı Mübarizə İttifaqı (ZVZ) yarandı, xaricdə olan general Kazımej Sosnkovski, daxildə polkovnik Stefan Rovetski onun rəhbəri oldu. Nümayəndəlik orqanları da təşkil olunurdu. Qərbdə — Siyasi Şura, işğal olunmuş Polşada isə Siyasi Razılaşdırma Komitəsi yaradıldı. 1940-ci ilin əvvəlində Polşada gizli parlament yaradıldı. Müharibənin sonuna yaxın bu parlament Kazımej Pujakın sədrliyi ilə Milli Birlik Şurası adı altında çıxış edirdi. Mühacir hökumətlə gizli Polşa dövləti arasında bağlayıcı vəsilə olan Polşa hökumətinin nümayəndəliyi - Deleqatura yaradıldı. Senzuradan kənar nəşriyyat genişləndirildi, gizli orta və ali təhsil müəssisələri, mədəni-maarif işi ilə məşğul olan təşkilatlar yaradıldı. Satqınlara və vətən xainlərinə qarşı gizli məhkəmə orqanları fəaliyyət göstərirdi.

Polşa dövləti gizli formada fəaliyyət göstərir, polyakların həyatında katolik kilsəsi və pravoslav kilsəsi mühüm yer tuturdu. 1942-ci ildə ZVZ “Krayevo ordusu” (KO) adı ilə yenidən təşkil edildikdən sonra Krayovo Ordusu Polşanı müttəfiqlər və Polşa ordusu azad edənə qədər ümumi silahlı üsyan qaldırmaq üçün hazırlıq görməli və qüvvələr toplamalı idi. Təxribatlar törətmək, qisas almaq üçün xüsusi struktur yaradılmışdı. İşğalın sonuna yaxın Krayovo Ordusunda 200 minə yaxın döyüşçü var idi, onların sırasında həm müharibəyə qədərki Polşa ordusunun, həm də siyasi partiyaların hərbi birləşmələrinin üzvləri var idi. Öz fəaliyyəti ilə Krayovo Ordusu sentyabra qədərki bütün Polşa ərazisini əhatə edirdi. 1942-

1943-cü illərdə onun fəaliyyətində təxribatlar üstün yer tuturdu. 1942-ci ilin sonunda almanlar 150 min polyakı Zamoyşinadan məcburi işlərə Almaniyaya köçürməyə başlayanda Krayovo Ordusu burada fəal partizan əməliyyatları aparmağa başladı, hitlerçilər Stalinqrad altında darmadağın edildikdən sonra partizan hərəkatı daha da artdı.

Müqavimət hərəkatında kommunistlər tərəfindən idarə olunan cərəyan — hissə müstəqil idi, mühacir hökuməti və deliqaturadan — nümayəndəlikdən asılı deyildi. Polşa Kommunist partiyasının buraxılması və Komminternin icazəsi olmadan onun bərpasının qadağan olunması ona gətirib çıxartdı ki, müharibənin əvvəlində kommunistlərin öz partiyası yox idi.

1941-ci ilin sonlarına qədər işğal olunmuş Polşada bir neçə lokal kommunist təşkilatları -SSRİ dostları cəmiyyəti, Azadlıq mübarizəsi ittifaqı, Bizim və sizin azadlığınız uğrunda Mübarizə cəbhəsi zəif və dağınıq halda fəaliyyət göstərirdi.

1941-ci il dekabrın sonunda Varşava ətrafına paraşütlə bir dəstə polyak kommunisti təşəbbüs qrupu endirildi. Həmin qrup, Kominternin İcariyyə komitəsindən partiyanı bərpa etmək səlahiyyəti almışdı. 1942-ci il yanvarın 5-də Polşa Fəhlə Partiyası (PFP) yaradıldı. O, bütün vətənpərvər qüvvələri düşmənə qarşə mübarizədə geniş antifaşist demokratik cəbhədə birləşməyə çağırdı. PFP mühacir hökumətini tanımağa, Krayovo Ordusu və Deleqatura — gizli hökumət, nümayəndəlik ilə hüquq bərabərliyi şəraitində əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. 1943-cü ilin payızına qədər kommunistlər Polşanın müharibədən sonrakı inqilabi dəyişikliklər proqramını irəli sürmürdülər. Onlar belə hesab edirdilər ki, vətəni azad etmək üçün bütün vətənpərvər qüvvələr hitlerçilərə qarşı silahlı mübarizə aparmaq məqsədilə birləş-məlidilər. 1943-cü ildə Deleqatura gizli — hökumət-nümayəndəlik ilə başlanmış danışıqlar heç bir nəticə vermədi.

PFP özünün xüsusi hərbi təşkilatını — Qvardiya Lyudovonı (QL) yaratdı, 1944-cu ildən Lyudovo Ordusu adını aldı. Onun tərkibində polyaklarla yanaşı əsirlikdən qaçmış sovet hərbçiləri də vuruşurdu. İlk əvvəl əsas diqqət partizan müharibəsinin aparılmasına yönəlmişdi. Qvardiya Lyudovanın ilk partizan dəstəsi hələ 1942-ci ilin mayında təşkil edilmişdi. Sayına görə Lyudovo Ordusu Krayovo Ordusundan az idi, işğalın axırına yaxın onun sıralarında 60 min döyüşçü vuruşurdu. 1944-cü ildə Lyudovo Ordusu xeyli fəallaşdı, çünki onun dəstələri SSRİ-də yaradılmış Polşa partizan qərargahından silah almağa başlamışdı.

1939-cu ilin sentyabrında Sovet hökumətinin atdığı addımları Polşa hökuməti təcavüz hesab etdiyindən 1941-ci il iyulun sonlarına qədər SSRİ ilə dipolmatik münasibətlər saxlamırdı, o Almaniya kimi Polşanın düşməni hesab olunurdu. Almaniya ilə imzalanmış 1939-cu il sentyabr müqaviləsi ilə sovet dövləti polyakların hər hansı milli-azadlıq cəhdinə imkan verməmək haqqında öhdəlik götürmüşdü. Lakin 1940-cı ilin sonlarından başlayaraq polyaklara qarşı repressiyaları azaltdılar və onların tərkisilah edilmiş zabitlərinə Sovet Ordusu daxilində hərbi hissələr təşkil etməyə icazə verdilər.

Polşa-Sovet münasibətlərində dönüş Almaniyanın SSRİ-yə hücumundan sonra başlandı. İngiltərəyə arxalanan V.Sikorski, hökumətin və siyasi qüvvələrin SSRİ ilə qarşılıqlı əməkdaşlığa razılığını ala bildi. 1941-ci il iyulun 30-da bağlanan müqavilədə diplomatik münasibətlərin bərpa edilməsi, SSRi-də məhkum olunmuş bütün polyaklara amnistiya verilməsi, Polşanın ərazi dəyişikliklərini nəzərdə tutan Almaniya ilə bağlanmış bütün müqavilələrin ləğv edilməsi, SSRİ-də sovet komandanlığına tabe olan Polşa ordusunun yaradılması nəzərdə tutulurdu. Polşa-Sovet sərhədləri məsələsində mövqelər üst-üstə düşmədiyindən onun həlli sonraya saxlanıldı. Lublyankadakı Moskva həbsxanasından azad edilən general Vladislav Andersin SSRİ-dəki Polşa ordusu əsasən keçmiş hərbçilərdən təşkil olunmuşdu. Lakin onlar sovet-alman cəbhəsində gedən döyüşlərdə iştirak etmədilər. 1942-ci ildə Polşa və Böyük Britaniyanın təkidinə əsasən bu qoşunlar Yaxın Şərqə göndərildi. SSRİ-ni 113 min hərbiçi və onların 31 min nəfər ailə üüzvləri tərk edərək İrana köçürüldü. Almanların Stalinqrada və Qafqaza can atdığı ağır bir vaxtda atılan bu addım Polşa-Sovet münasibətlərini həddən artıq gərginləşdirdi. Sərhədlər məsələsində, Polşanın şərq torpaqlarında qeyri-polyak əhalisinin vətəndaşlığı, Şərq cəbhəsində polyak ordusundan istifadə məsələsində ziddiyyətlər meydana çıxdı.

1943- cü ilin aprelində almanlar Xatında XDİK-in güllələdiyi Polşa zabitlərinin qəbristanlığının tapıldığını bütün dünyada elan etdilər. Sovet rəhbərliyi bu ittihamı rədd etdi və bu işi almanların boynuna atdı. V.Sikorski hökuməti Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məkanı tədqiq etməyi xahiş etdi. Sovet hökuməti polyakların Antihitler koalisiyasını dağıtmaq cəhdinə və Hitlerlə gizli danışıqlarda günahlandıraraq 1943-cü il aprelin 25-də birtərəfli qaydada Polşa Mühacir hökuməti ilə bütün əlaqələri kəsdi. Faktlar təsdiq edir ki, Smolensk ətrafındakı Xatın meşəsində 4,5 min polyak zabit və əsgəri öldürülüb. Müharibədə dönüş və Polşanın işğalından azad olunması real xarakter almağa başlayanda SSRİ-nin müttəfiqi Polşa sol qüvvələri oldu. Bu sol qüvvələr 1943-cü ildə SSRİ-də təşkil edilmiş Polşa vətənpərvərlərinin İttifaqı və onun təsiri altında yaranan hərbi hissələr, diviziya, korpus və ordu idi. Polşada isə bu qüvvələr sırasında Vladislav Qomulka başda olmaqla Polşa Fəhlə Partiyası (PFP), onun təşəbbüsü ilə yaradılmış gizli parlament və hakimiyyət orqanı Krayova Rada Narodova daxil idi ki, onun da tərkibinə digər sol qüvvələrin nümayəndələri sol sosialistlər, sol kəndli xadimləri, müharibədən əvvəlki demokratik klubların nümayəndələri, gizli həmkarlar ittifaqları və s. həmçinin Lyudovo Ordusu daxil idi. KRN-ya Kominternin müharibədən əvvəlki agenti Boleslav Berut başçılıq edirdi. 1944-cü ilin ilk yığıncağında KRN SSRİ və antihitler koalisiyasına daxil olan digər ölkələrlə sıx əlaqə yaradacaq azad və demokratik Polşa uğrunda mübarizə aparacağını elan etdi. KRN-in yaradılması ilə Polşa Müqavimət hərəkatını Polşanın müharibədən sonrakı daxili və xarici siyasəti problemlərinə fərqli yanaşan bir-birinə zidd iki qrupa parçalanmış oldu. PFP və onun müttəfiqləri xalq-demokratik dövləti konsepsiyasına üstünlük verir və burada siyasi hakimiyyətin fəhlə sinfinə və zəhmətkeşlərin qeyri-proletar təbəqəsinə — kəndlilərə, şəhər xırda burjuaziyasına məxsus olmasını nəzərdə tuturdular. Əsas müttəfiq kimi onlar SSRİ-ni görür, sərhədlərin isə etnik prinsip üzrə müəyyən olunmasını irəli sürürdülər.

Sol qüvvələr London cəbhəsinə — Mühacir hökumətinə nisbətən zəif idilər, lakin Polşanın Qızıl Ordu tərəfindən azad olunması, həmçinin qərb müttəfiqlərinin Mərkəzi və Cənub-Şərqi Avropada SSRİ-yə üstünlük verməsi, onların xeyrinə olan amil idi. Polşa kommunistləri PSP və sovet partizanları ilə sıx əlaqə saxlayırdılar. Belarusiyanın azad edilməsi uğrunda həyata keçirilən “Baqration” əməliyyatı gedişində Qızıl Ordu və onunla birgə fəaliyyət göstərən Polşa hərbi hissələri 1944-cü ilin iyulunda 1941-ci ilin dövlət sərhəddinə çıxdılar,1944-cü ilin mayından iyuluna qədər Moskvada işğal olunmuş Polşadan gələn KRN nümmayəndələri, Polşa vətənpərvərləri ittifaqı və Sovet rəhbərliyi arasında danışıqlar getdi. İyulun 21-də Qızıl Ordu və Polşa Ordusu hissələri Buq çayını keçib Polşa ərazisinə girdilər. Elə həmin gün Moskvada Polşa Milli Azadlıq Komitəsi (PMAK) yaradıldı, Edvard Osubka-Moravski onun başçısı oldu. Krayova Rada Narodova isə Polşa parlamenti elan olundu. İyulun 21-də KRN Polşa ordusu ilə Lyudovo Ordusunun birləşdirilərək vahid Polşa Ordusu yaradılması haqqında dekret verdi. Beləliklə, Polşanın azad olunması ərəfəsində sol qüvvələrin dövlət hakimiyyəti orqanları, silahlı qüvvələri, PMAK-in de-fakto tanımış SSRİ-nin simasında güclü müttəfiqi var idi.

1944- cü il iyulun 22-də PMAK Moskva radiosu ilə Manifestlə xalqa müraciət etdi, yeni hökumətin proqramı elan olundu. Mühacir hökuməti və onun deleqaturası xalqın etimad göstərmədiyi 1935-ci il Konstitusiyasına istinad etdiyi qeyri-qanuni hakimiyyət elan olundu. Demokratik düşərgə ölkənin talehi və mühüm sosial-siyasi dəyişikliklərin həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürərək xalqı alman işğalçılarına qarşı birgə mübarizəyə çağırırdı. 1921-ci il Konstitusiyasına əsasən islahatlar nəzərdə tutulurdu. Əvvəlki əsrlərdə almanlar tərəfindən Polşanın qərbdə və şərqdə işğal olunmuş əzəli torpaqlarının geri qaytarılması tələbləri irəli sürüldü. Manifestdə Polşada demokratik azadlıqlar elan olunur, almanların və vətən xainlərinin əmlakı dövlətin idarəçiliyinə verilir, bütün qüvvələr hitler Almaniyasının qəti darmadağın edilməsi üçün səfərbərliyə alınırdı.

Polşada təşəbbüsün sol qüvvələrin əlinə keçməsi London mühacir hökumətini narahat edirdi. Mühacir hökumətinin “Tufan” (“Буря”) əməliyyatlarının köməyi ilə keçmiş şərq torpaqlarına Polşanın qanuni iddiasını SSRİ-yə qəbul etdirmək cəhdi uğursuzluqla nəticələndi. Bu plana əsasən Krayovo ordusunun hissələri Qızıl Ordunun hücum əməliyyatlarında iştirak edərək bir sıra şəhərlərin, o cümlədən Vilnüs və Lvov kimi iri şəhərlərin azad edilməsində iştirak etdi. Gizli fəaliyyətdən çıxmış deleqaturanın şöbələri özünü burada ərazilərin sahibi kimi aparmağa cəhd edirdi. Sovet tərəfi bu cəhdi qeyri-qanuni hesab etdi. Krayovo Ordusu hissələrinə Polşa Ordusunun tərkibinə daxil olmaları təklif edildi, rədd cavabı alındıqda onlar tərksilah edilir və mühacirətə göndərilirdi. İçdikləri anda sadiq qalan Krayovo ordusu hissələrinin çoxu gizli fəaliyyətlərini davam etdirməyi üstün tutdular.

Polşada iyul hücumunun gedişində Qızıl Ordu hissələri Varşavadan cənubda Visla xəttinə çıxdılar və hətta onun sol sahilində bir neçə məntəqəni də tutdular. Varşavadan alman idarə və müəssisələrinin köçürülməsi başlandı. Şərqdə darmadağın edilmiş və şəhərdən köçən almanlar arasında narahatlıq duyulurdu. Lakin iyulun sonunda vəziyyət normallaşdı. Almaniyanın tank birləşmələri hissələri rus qoşunlarının hücumunu saxlayıb, onları Varşavadan geri atdılar. Sovet komandanlığı yaxın aylarda Varşava istiqamətində yeni qüvvələr cəmləşdirməyi planlaşdırmırdı. Avqust ayında Balkanlarda strateji hücum planlaşdırıldığından canlı qüvvə və texnika ora atılırdı. Sovet qoşunları Rumıniyaya, sonra Bolqarıstana və kommunist meylli müqavimət hərəkatının fəaliyyət göstərdiyi Yuqoslaviyaya daxil oldu. Qızıl ordunun növbəti hədəfi Macarıstan oldu. Beləliklə, Balkanlar tədricən sovet təsiri altına düşərək kommunistlərin əsas yer aldığı yeni hökumətlərin yaranmasına səhnə oldu.

Varşava üsyanı.1943-cü ilin iyulunda Polşanın Baş naziri və hərbi qüvvələrin ali baş komandanı Vladislav Sikorskinin səbəbi indiyə kimi məlum olmayan təyyarə qəzasındakı ölümündən sonra ölkənin yeni Baş naziri Stanislav Mikolayçik, Ali baş komandanı isə general Kazımej Sosnkovski oldu. Tehran konfransında Polşa-Sovet sərhəddinin Kerzon xətti boyunca, yəni Lvov istiqamətində Belostok torpaqları, Buq çayı boyunca keçməsi haqqında qərar qəbul edilmişdir. Tehran konfransı gizli xarakter daşıyırdı və qəbul edilmiş qərarlar haqqında Polşa tərəfinin məlumatı yox idi. Belə bir şəraitdə baş nazir S.Mikolayçik paytaxt Varşavada baş tutacaq üsyandan Polşanın sərhədləri və dövlət müstəqilliyi uğrunda müqavilədə bir vasitə kimi istifadə etməyi düşünürdü. Odur ki, hökumətin başçısı Polşanın mənafeyi naminə Varşavada üsyan qaldırmaq qərarına tərəfdar idi. Ali baş komandan general K.Sosnkovski onunla razı deyildi və belə hesab edirdi ki, İ.Stalin zor gücünə Polşa hökumətini ölkənin siyasi müstəqilliyini məhdudlaşdırılması ilə bağlı güzəştlərə məcbur edəcəkdir. Yekdil fikirə gələ bilməyən Polşanın mühacir hökuməti qərar qəbul etməyi gizli dövlətin rəhbərliyinə həvalə etdi. Varşava əhalisi beşillik işğalın, 1939-cu il bombardmanın, kütləvi qatillərin cavabının nə zaman veriləcəyini səbirsizliklə gözləyirdilər. İyul ayında alman işğalçıları şəhərin mərkəzi küçələri ilə qərbə doğru çəkilir, solsahil Varşavası tərəfdən isə yaxınlaşan cəbhənin gurultusu eşidilirdi.

1944-cü il iyulun 31-də Varşavanın baş komendatı T.Komorovski Vislanın qarşı tərəfinə Qızıl Ordunun desant çıxaracağı xəbərini eşidər-eşitməz üsyana başlamaq qərarı verdi. Krayevo ordusunun 40 min döyüşçüsü var idi, lakin onların çoxunun silahı belə yox idi, əsasən yandırıcı maddə ilə dolu şüşələrlə təyyarələri, tankları, ağır artilleriyası olan almanların üzərinə yeridilər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq polyak üsyançılar mərdliklə döyüşərək ilk dörd gün müddətində şəhərin bir çox mərkəzi rayonlarını tuta bildilər. Üsyanın beşinci günü hitlerçilər və xüsusi SS dəstələri qərb istiqamətində Volya rayonunda hücuma keçdilər. Bir neçə gündə alman işğalçıları Volyada 40 minə yaxın dinc insanı öldürdü. Avqustun 12-də ağır döyüşlər artıq köhnə şəhərdə gedirdi. Köhnə şəhəri alan almanlar Po-vislya tərəfə istiqamət alaraq sentyabrın 5-də üsyançıların elektrostansiyasını tutdu, Varşava qaranlığa qərq oldu. Sentyabrın sonunda Varşavanın cənubunda Mokotov alman aviasiyası tərəfindən bombalandı, çoxlu dinc əhali tələf oldu. Sentyabr ayının 30-da Krayevo Ordusu (KO) komandanlığı şəhəri tərk etmək şərti ilə almanlarla danışığa başladı.

63 gün ərzində davam edən Varşava üsyanı ancaq barrikadalardakı döyüşlərdən ibarət deyildir. Bu vaxt ərzində Varşavada demokratik Polşa dövləti fəaliyyətini davam etdirdi. Buna baxmayaraq, Varşava üsyanının nəticəsi ağır oldu, 150 min nəfər adam, o cümlədən çoxlu vətənsevər gənclər həyatını itirdi. Siyasi cəhətdən də üsyan məqsədinə çatmadı, İ.Stalin və Sovet totalitar rejimi Polşa xalqına kömək etməkdən imtina edərək PMAK-la birlikdə xalqın faciəsinə tamaşa etməyi üstün tutdular.

Varşava üsyanı yatırıldıqdan sonra alman işğalçıları solsahil Varşavasın dağıtdılar, mülkü əhalini şəhərdən qovdular. S.Mikolayçik Moskvaya səfər etsə də heç bir nəticə əldə edə bilmədən Londona döndü və istefaya çıxdı. Yeni mühacir Polşa hökumətinə sosialist Tomas Artsişevski başçılıq etməyə başladı. Polyak xalqının böyük əksəriyyətinin şücaətinə baxmayaraq Londondakı mühacir Polşa hökuməti Polşa dövlətinin müharibədən sonrakı talehinə təsir etmək gücünə malik deyildir. Çünki qərb dövlətləri Cənub-Şərqi Avropanı İ.Stalinin və totalitar dövlətin rəmzi olan SSRİ-nin ixtiyarına vermişdir.

1945-ci ilin yanvarında sovet qoşunlarının Polşada yeni hücumu başladı və ölkənin bütün ərazisi işğalçılardan azad edildi. Sovet ordusu ilə birlikdə Polşa qoşunları da bu döyüşlərdə ön cərgədə yer aldı. Qızıl Ordu Polşa torpaqlarında 600 min nəfərdən çox əsgər və zabit itirdi. 1945-ci ilin fevralında üç müttəfiq dövlətin Krım konfransında Londondakı Polşa mühacir hökumətinin hüquqlarını müdafiə edən Uinston Çörçillə, Lyublin hökuməti ilə əlaqə saxlayan İossiv Stalin arasında əslində Polşa ərazisindəki hakimiyyətin kommunistlərin əlində alət olan Müvəqqəti hökumətə verilməsi haqqında saxta kompromis əldə olundu. Belə ki, daxili və xarici demokratik qüvvələrin iştirakı ilə Polşa Milli Birliyinin müvəqqəti hökumətinin (MBMH) təşkili irəli sürüldü. Polşanın şərq sərhədlərinin Kerzon xətti boyunca keçməsi müəyyən edildi. Qərb sərhədləri məsələsi isə növbəti konfransda həll edilməli idi. Gizli Polşa dövlətinin rəhbərliyi, o cümlədən Milli bərabərlik şurasının sədri Kazımej Pujak

1945-ci ilin martında danışıqlara başlamaq adı altında (cəmi 16 nəfər) həbs edilərək Moskvadakı Lyublyanka həbsxanasına göndərildilər.

1945-ci il mayın 8-də Almaniya müharibədə təslim olmaq haqqındakı sənədi imzaladı, 6 il davam edən İkinci Dünya müharibəsi başa çatdı. Berlindəki Brandenburq darvazasının üzərində sovet bayrağı ilə bərabər Polşa bayrağı da dalğalandı, bu isə o demək idi ki, hitlerçilərlə mübarizəyə birinci başlayan polyak xalqı onu axırıncı başa vurdu.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh